Məhkəmə qərarları › İş №2-1(107)-153/2025

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-153/2025

16.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-153/2025 16.04.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), X10 və X4 ibarət tərkibdə, Məmmədli Aqil Bəxtiyar oğlunun katibliyi ilə, İddiaçının prossesual hüquqi varisi X1 Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X12 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “ünvan 1 ünvanda yerləşən 799.45 kv metr həyatyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum İddiaçı, həmin ünvanda yerləşən fərdi yaşayış evi və 1976-cı il tarixli 1108 nömrəli texniki pasportda qeyd edilmiş qalan 703.25 kv.metr həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X6 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 24 oktyabr 2024-cü il tarixli 2-1(116)-16/2024 nömrəli qərarından iş üzrə iddiaçının prossesual hüquqi varisi X1 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “389541A nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi, ünvan 1 ünvanda yerləşən evə və həmin evin yerləşdiyi 1502,7 kv. metr torpaq sahəsinə vahid daşınmaz əmlak kimi mülkiyyət hüququnu qeydiyyata alaraq mərhum atası X5 adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsini öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir.

2. İddiaçı xx.xx.2023-cü il tarixdə vəfat etmiş, Birinci instansiya məhkəməsinin 2- 1(116)-152/2023 nömrəli, xx.xx.2023-ci il tarixli qərardadı ilə iş üzrə icraat, iddiaçının prossesual hüquq varisi müəyyən edilənədək dayandırılmışdır.

3. Birinci instansiya məhkəmənin 2-1(116)-16/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı ilə 2- 1(116)-16/2024 nömrəli inzibati iş üzrə icraat təzələnmişdir.

4. Birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-16/2024 nömrəli qərardadı ilə iddiaçı mərhum İddiaçı prossesual hüquqi varisi X2 ilə əvəz edilmişdir.

5. Birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(116)-16/2024 nömrəli qərardadı ilə Oğuz bələdiyyəsi hazırki iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb edilmişdir.

6. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının hüquqi prossesual varisinin vəkili (nümayəndəsi), iddia tələbini dəqiqləşdirərək, “ünvan 1 ünvanda yerləşən 799.45 kv metr həyatyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum İddiaçı, həmin ünvanda yerləşən fərdi yaşayış evi və 1976-cı il tarixli 1108 nömrəli texniki pasportda qeyd edilmiş qalan 703.25 kv.metr həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X6 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. Birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.

8. Birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(116)-16/2024 nömrəli qərardadı ilə iddia tələbinin “ünvan 1 ünvanda yerləşən 799.45 kv metr həyatyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum İddiaçı məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsi mümkün sayılmamışdır.

9. İddia ərizəsi aşağıdakı kimi əsaslandırmışdır: - mərhum İddiaçı valideyinlərindən miras qalmış, ünvan 1 ünvanda yerləşən evdə yaşamışdır. Həmin evin avqust 1987- ci il tarixli Texniki Pasportunda həyətyanı torpaq sahəsi 1502,7 kv.metr qeyd edilmişdir. Mərhum iddiaçının atası X8 xx.xx.1997-ci il tarixdə, anası X3 xx.xx.1999-cu il tarixdə vəfat etmişdir. Lakin Oğuz şəhərində həyətyanı torpaq sahələrinə sənəd hazırlanan zaman “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə hazırlanmamışdır. xx.xx.2012-ci il tarixdə həmin həyətyanı torpaq sahəsinin 799,45 kv.metr hissəsinə İddiaçı adına 389541A nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi hazırlanmış və Dövlət Torpaq kadastrı kitabında 9452 nömrə ilə uçota alınmışdır. İddiaçı hazırkı tələblə cavabdeh orqana müraciət etsə də, müraciəti təmin edilməmişdir.

10. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - 389541A nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi ilə bağlı tələbi 9 saylı Qəbələ Ərazi İdarəsinin səlahiyyətləri daxilində deyil. ünvan 2 ünvanında yerləşən tərdi yaşayış evinə və həmin evin yerləşdiyi 1502,7 kv.m torpaq sahəsinin 703.25 kv m hissəsinə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün əsas olan hüquq müəyyənedici sənədlər təqdim etməmişdir. Qeyd olunan səbəbə görə də müraciətinin icrası mümkün olmamışdır. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X12 9 saylı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Cavabdeh orqan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55, 66, 67, 111.1, 111.2, “Torpaq islahatı haqqında” Qanunun 10-cu, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 11.1, 12.1-ci maddələrinə istinad edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

11. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının prossesual hüquq varisinin vəkili (nümayəndəsi) iddia tələbi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

12. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 24 oktyabr 2024-cü il tarixli 2-1(116)-16/2024 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir.

13. İddiaçının prossesual hüquqi varisi X1 nümayəndəsi və vəkili Vəkil həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə tərəflərin hüquq və vəzifələrinin müəyyən edilməsi üçün mühüm əhəmiyyət kəsb edən halların dəqiqləşdirilməsi ilə bağlı tədbirlər görülməmişdir. Məhkəmədə onların gətirdiyi dəlillərə diqqət yetirilməmişdir. Məhkəmə qanunun yuxarıda qeyd olunmuş tələblərinə əməl etməmiş, bu da işin mühüm hallarının birtərəfli araşdırılmasına gətirib çıxarmışdır. Halbuki “İnsan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə, Azərbaycan Respublikası Konstitusiyasının 60 və 71-ci maddələrinə əsasən hər kəs qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə yalnız cavabdehin etirazına və mülahizələrinə əsaslanaraq hazırda şikayət etdiyi qanunsuz və əsassız qərarı qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə Məhkəmənin Qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Cavabdehin yanlış imtinası və məhkəmənin əsassız qərarı nəticəsində bizim ailə üzvlərimizlə birlikdə mülkiyyət hüququmuz pozulmuş və biz öz mülkiyyətimizdən məhrum olmuşuq. Son ümid yeri kimi müraciət etdiyimiz məhkəmə isə onların pozulmuş hüquqlarımızı bərpa etmək əvəzinə bizim üçün ümidsiz olan və qeyri-müəyyən bir qərar qəbul etmişdir.X15 Məhkəməsi iş materiallarında olan və hazırki şikayətə əlavə olunan çox sayda sübutları nəzərə almamış, araşdırmamış və qiymətləndirilməmişdir. Məhkəmə qərarında onların mülkiyyətində olan evin və torpaq sahəsinin onlara verilməsinə əsas olmuş sənədləri sübut kimi qiymətləndirməmiş, digər faktiki halları, o cümlədən mübahisələndirilən 0.15 ha torpaq sahəsinin hələ islahatdan əvvəl, kolxoz vaxtında onlara verildiyi faktını araşdırmadan şikayət etdikləri qanunsuz və əsassız qərarı qəbul etmişdir. Məhkəmə cavabdeh inzibati orqanın etirazında və mütəxəssis rəylərində qeyd etdiyi fərqli mövqeləri araşdırmadan birtərəfli qərar qəbul etmişdir. Birinci instansiya Məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsinə dair dəlillər 1. Qərarın əsaslandırıcı hissəsində məhkəmə cavabdeh inzibati orqanın verdiyi mütəxəssis rəyinə istinad edərək mübahisələndirilən torpaq sahəsinin Oğuz rayon Oğuz Bələdiyyəsinin mülkiyyətinə aid olmasını qeyd etsə də bunu əsaslandıra bilməmişdir. Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsinə dair dəlillər: Qərarın əsaslandırıcı hissəsində məhkəmə onun faktiki istifadəsində olan torpaq sahəsinin ölçüsünün 0.15 ha olduğunu, həmin torpaq sahəsinin iddia edilən torpaq sahəsindən artıq olduğunu qeyd etsə də islahat sənədlərində onun adına həmin torpaq sahəsinin yazıldığını, iddia tələbində 0.15 ha qeyd edildiyini, 799,45 kv metr torpaq sahəsinə sənəd hazırlandığını nəzərə almamış və heç bir araşdırma aparmamışdır. Məhkəməyə sübutların alınması üçün sorğu verilməsi barədə xahiş etsə də onun vəsatəti təmin olunmamışdır. Ona görə də mövcud sənədlərin alınması üçün DƏDKR PHŞ-nə sorğu verilməsini və müvafiq ekspertiza keçirilməsini məhkəmədən xahiş edir. Eyni zamanda ekspertiza üçün rəyin verilməsinin cavabdehə həvalə edilməməsini məhkəmədən xahiş edir. Odur ki, Şəki İnzibati Məhkəməsinin 24 oktyabr 2024-cü il tarixli 2-1(116)-16/2024 nömrəli qərarının tam ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edəsiniz.

TƏRƏFLƏRİN İZAHATLARİ

15. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçının prossesual hüquqi varisi X2 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 24 oktyabr 2024-cü il tarixli 2-1(116)-16/2024 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etdilər.

16. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçının vəkili məhkəmə iclasında iştirak edə bilmiyəcətini apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirakını təmin etməmişdir.

17. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi).

18. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - iddiaçının xx.xx.2022-ci il tarixli ilkin müraciət ərizəsi və cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubu, - A№389541 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi, - İV-ЖГ 430150-li və AZ-İİ 327792 №-li Ölüm haqqında Şəhadətnamələri, - Oğuz rayonu Oğuz şəhəri üzrə həyətyanı torpaq sahəsinə dair subyektlərin siyahısından çıxarışı, - Cavabdehin xx.xx.2022-ci il tarixli, xx.xx.2024-cu il tarixli məktubları və onlara əlavə olunmuş mütəxəssis rəyləri, - Avqust 1987-ci il tarixli, 1125 inventar nömrəli fərdi yaşayış evinə aid texniki pasport.

TƏTBİQ EDİLƏN HÜQUQ

19. İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 48. Məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. 48.2. İnzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. 48.3. Yazılı vəsatətlərə, etirazlara, izahatlara onlarda istinad olunan sənədlərin əsli və ya surəti tam və ya çıxarışlar şəklində əlavə edilməlidir. Həmin sənədlər qarşı tərəfə məlum olduğu və ya həcmcə çox böyük olduğu hallarda, onların əlamətlərini dəqiq göstərməklə, qarşı tərəfin həmin sənədlərlə məhkəmədə tanış olmasının mümkünlüyünü qeyd etmək kifayətdir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

20. Azərbaycan Respublikasının Mülki Məcəllə: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; Maddə 139-1.1.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 21.“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Maddə 10.2. Hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd.

22. xx.xx.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 48-ci maddəsində nəzərdə tutulurdu ki, dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır.

23. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

24. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPMin 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür və əsaslıdır, ona görə də apellyasiya şikayəti uğurlu olacaqdır.

25. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

26. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.

27. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

28. Birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

29. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməyərək mövqeyini onunla əsaslandırmışdır ki, hazırkı inzibati mübahisə ilə bağlı cavabdeh orqana qarşı irəli sürülən tələblər aşağıdakılardır: ünvan 1 ünvanda yerləşən 799.45 kv metr həyatyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum İddiaçı məxsus olması barədə arayışın verilməsi, həmin ünvanda yerləşən fərdi yaşayış evi və 1976-cı il tarixli 1108 nömrəli texniki pasportda qeyd edilmiş qalan 703.25 kv.metr həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X6 məxsus olması barədə arayışın verilməsi. İddia tələbinin birinci hissəsi Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(116)-16/2024 nömrəli qərardadı ilə mümkün sayılmadığından, hazırkı məhkəmə araşdırmasında iddia tələbinin ikinci hissəsinin əsaslılığına hüquqi qiymət verilmişdir. Belə ki, iddiaçı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi və 703.25 kv.metr həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X6 məxsus olmasını bildirərkən hüquq müəyyənedici sənəd qismində avqust 1987-ci il tarixli, 1125 inventar nömrəli texniki pasporta istinad edir. Təqdim edilmiş mütəxəssis rəyi ilə müəyyən edilir ki, sözügedən torpaq sahəsi 0,15 hektar olmaqla Oğuz şəhərinin inzibati sərhədləri daxilində yaşayış məntəqəsi torpaqlarına aiddir, Oğuz bələdiyyəsinin mülkiyyətinə aid ərazidə yerləşir. Sözügedən texniki pasportda torpaq sahəsinin ölçüsü göstərilsə də, fərdi yaşayış evi üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmamışdır. Həmçinin avqust 1987-ci il tarixli, 1125 inventar nömrəli texniki pasportun üzərinə vurulmuş möhür əksinin Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin yerli şöbəsinə aid olması da, vəziyyəti iddiaçının xeyrinə dəyişmir. Belə ki, yuxarıda istinad olunan normanın məzmunundan göründüyü kimi Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş bütün sənədlər yox, yalnız “şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar” hüquq müəyyənedici sənəd qismində nəzərə alınmışdır. İstinad olunan sənəd (avqust 1987-ci il tarixli, 1125 inventar nömrəli texniki pasport) aid olduğu daşınmaz əmlak obyektinin texniki parametrlərini və ölçülərini göstərməklə texniki sənəd kimi qiymətləndirildiyindən, iddia olunan fərdi yaşayış evi və torpaq sahəsi üzərində üzərində mülkiyyət hüququnun mərhuma məxsusluğunu sübut etmir. Buna görə də, həmin sənəd mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün əsas qismində qəbul edilə bilməz. Buna görə də, birinci instansiya məhkəməsi hesab edir ki, cavabdeh orqan haqlı olaraq müraciətin təmin edilməsindən imtina etmişdir.

30. Cavabdeh inzibati orqan imtina məktubunda göstərmişdir ki, Azərbaycan Respublikasında qanunvericiliyə müvafiq olaraq torpaq islahatı dövlət, rayon və yerli aqrar islahat komissiyalarının müvafiq qərarları əsasında aparılmışdır Vətəndaşların mülkiyyətinə verilmiş kənd təsərrüfatı təyinatlı pay torpaqları və qanuni həyətyanı torpaq sahələri mülkiyyətə rayon aqrar islahat komissiyasının qərarı əsasında verilmişdir və mərhum atanıza məxsus həyətyanı torpaq sahəsinə adınına Oğuz rayon Aqrar İslahat Komissiyasının 05 noyabr 1998-ci il tarixli 75 nömrəli qərarına əsasən 799,45 kv.m həyətyanı torpaq sahəsi verilməsinə dair AN:389541 nömrəli torpaq sahəsinin planı və ölçüsü İşlənmişdir. Qeyd olunan sənədin ilkin nüsxəsini digər qanunvericiliklə tələb olunan sənədlərlə birgə Ərazi İdarəsinin Oğuz rayon şöbəsinə təqdim etməklə daşınmaz əmlak üzərində hüquqlarınızı dövlət qeydiyyatına aldıra bilərsiniz.

31. Məhkəmə kollegiyasınin iclasında iştirak edən iddiaçının vəkili Vəkil tərəfindən təqdim edilmiş Şəxsi mülkiyyət hüquqi ilə evlərin texniki inventazasiya və qiymətləndirilməsinə dair 1125 inventar nömrəli Texniki Pasportan görünür ki, X6 Səmdə Vurğun küçəsi dalan 9 ev 7 ünvanına dair texniki pasport verilmişdir. Səməd Vurğun küçəsi dalan 9 ev 7 ünvanının tikinti sahəsi 179.50 kv.m meydançasının sahəsi 1502.7 kv metrdir.

32. “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”nın və “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 319 nömrəli Qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”na əsasən: 4.1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əmlaka dair texniki sənəd mərzçəkmə və inventarlaşdırma işləri hüquqların dövlət qeydiyyatı ilə bağlı verilən ərizəyə əsasən ərazi idarəsinin mərzçəkmə və texniki inventarlaşdırılmasını həyata keçirən şöbəsi tərəfindən ərizələrin qəbul edilməsi ardıcıllığı və icra müddətləri nəzərə alınmaqla ən geci 5 (beş) gün müddətində icra edilir. 4.2. Mərzçəkmə və texniki inventarlaşdırma işlərinin nəticəsində torpaq sahələrinə münasibətdə torpaq sahəsinin planı və ölçüsü, onlar üzərindəki daşınmaz əmlak obyektlərinə münasibətdə texniki pasport, plan-cizgi tərtib edilir, sonra bu sənədlər ərazi idarəsinin qeydiyyat şöbəsinə təqdim olunur.

33. Göründüyü kimi, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur, cavabdehin imtinası əsassız olmuşdur, iddianın təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. Cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla iddiaçının hüquqlarını pozmuşdur.

34. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən normaların tələblərini hazırkı iddia tələbi üzrə işin hallarına tətbiq edərək belə hesab edir ki, birinci instansiya məhkəməsi İnzibati Prosessual Məcəllənin 12 və 48-ci maddələrində müəyyən edilmiş “İşin hallarının araşdırılması prinsipi”, “Məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri”nin tələbləri pozulmuşdur.

35. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən ləğv edilməli, inzibati iş üzrə yeni qərar çıxarılaraq iddia tələbi təmin edilməli, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X12in 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi və 1976-cı il tarixli 1125 nömrəli texniki pasportda qeyd edilmiş 703.25 kv.metr həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X6 məxsus olması barədə arayışın verilməsi öhdəliyi qoyulmalı, apellyasiya şikayəti təmin edilməlidir.

36. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:

İddiaçının prossesual hüquqi varisi X1 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 24 oktyabr 2024-cü il tarixli 2-1(116)-16/2024 nömrəli qərarı ləğv edilsin. İnzibati iş üzrə yeni qərar çıxarılaraq iddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X12in 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi və 1976-cı il tarixli 1125 inventar nömrəli Texniki Pasporta qeyd edilmiş 703.25 kv.metr həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X6 məxsus olması barədə arayışın verilməsi öhdəliyi qoyulsun. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar