Məhkəmə qərarları › İş №2-1(107)-154/2023

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-154/2023

30.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-154/2023 30.05.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və X1 ibarət tərkibdə, Mustafayev Elvin Ağalar oğlunun katibliyi, İddiaçı nümayəndəsi(eyni zamanda üçüncü şəxs) X2 iştirakı ilə, İddiaçı(bundan sonra- iddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (hazırda Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs) 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı(üçüncü şəxslər X5, X6, X8 və Əmlak Məsələləri Dövlət Xidməti) “torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 15 fevral 2021-ci il tarixli, 2-1(116)-109/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq şifahi məhkəmə baxışı iclasında baxılmışdır. İşin halları JN-119A kodlu, 40608018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 29 noyabr 1997-ci il tarixli, 26 saylı qərarı ilə 0,70 ha həyətyanı torpaq sahəsi iddiaçı və onun ailə üzvlərinin (X5, X6, X8) mülkiyyətinə verilmişdir. Şəhadətnamə kitabda qeydə alınmamışdır. JN-119F kodlu, 40608018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 29 noyabr 1997-ci il tarixli, 26 saylı qərarı ilə 0,26 ha həyətyanı torpaq sahəsi iddiaçı və onun ailə üzvlərinin (X5, X6, X8) mülkiyyətinə verilmişdir. Şəhadətnamədə kitabda 6861 nömrə ilə qeydə alınmışdır. JN-0518 kodlu, 40608018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 26 aprel 2002-ci il tarixli, 03 saylı qərarı ilə 1,05 ha həyətyanı kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iddiaçı və onun ailə üzvlərinin (X5, X9, X6, X8) mülkiyyətinə verilmişdir. Şəhadətnamədə kitabda 9746 nömrə ilə qeydə alınmışdır. İddiaçı ərizə ilə cavabdeh inzibati orqana müraciət edərək, JN-119A kodlu, 40608018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında 0,70 ha torpaq sahəsinin Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh inzibati orqan 12 dekabr 2019-cu il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmiş və imtinasını belə əsaslandırmışdır ki, sənədlərin ekspertizası zamanı məlum olmuşdur ki, JN-119A kodlu, 40608018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin arxiv nüsxəsi, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qəbələ rayon şöbəsi tərəfindən Ərazi İdarəsinə təhvil verilmiş arxiv materiallarında mövcud deyildir. Həmçinin torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin qeydiyyat kitabında müvafiq qeydiyyatının olması barədə məlumat mövcud deyil. Torpaq sahəsinin faktiki istifadə vəziyyəti ilə müvafiq sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılması məsələsinə “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli, 818 nömrəli Fərmanına uyğun olaraq dövlət və bələdiyyə mülkiyyətində olan bütün kateqoriyalı torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal xəritəsinin tərtib edilməsi prosesinin gedişində baxıla bilər. Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2020-ci il tarixli, **********98 nömrəli məktubuna əlavə edilən “Qəbələ rayonu Zarağan kənd vətəndaşlarının istifadəsində olan qanuni həyətyanı və normadan artıq torpaq sahələrinin Siyahısı” ilə müəyyən olunur ki, iddiaçının adı həmin siyahıda 518 nömrəli aktla qeydə alınmış, ailə üzvü 5 nəfər, sahə 0,10 ha, zəbt 0,44 ha göstərilmişdir. Həmin məktuba əlavə edilmiş “Qəbələ rayon Zarağan kənd inzibati ərazisində torpaq payı almaq hüququ olan subyektlərin Siyahısı” ilə müəyyən edilir ki, iddiaçı və onun ailə üzvlərinin (X5, X9, X6, X8) adları siyahıda 232-ci sırada göstərilmiş, qaytanlanmış kitabda həyətyanı sahə 0,10 ha, faktiki torpaq sahəsi 0,26 ha qeyd edilmişdir. Həmin məktuba əlavə edilmiş “Qəbələ rayon Zarağan kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid Cədvəl” ilə müəyyən edilir ki, iddiaçı və onun ailə üzvlərinin(X5, X9, X6, X8) adları cədvəldə 119-cu sırada qeyd edilmiş, qanuni istifadəsində olan torpaq sahəsinin 0,10 ha olduğu göstərilmişdir. Həmçinin iddiaçının ailə üzvü olan oğlu Orxan Nəbiyevin adının qarşısında ailə üzvü 1 nəfər olmaqla qanuni istifadəsində 0,12 ha torpaq sahəsinin olduğu qeyd edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh inzibati orqana qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Qəbələ rayon Aqrar İslahat Komissiyasının 29 noyabr 1997-ci il tarixli, 26 saylı qərarı ilə mülkiyyətinə verilmiş 0,70 ha torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 29 noyabr 1997-ci il tarixli, 26 saylı qərarı ilə 0,70 ha həyətyanı torpaq sahəsi iddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmişdir. İddiaçı cavabdeh orqana müraciət edərək, həmin torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim olunmuş iddia tələbinə dair yazılı etiraz onun imtina məktubu eynilik təşkil edir. Etiraz ərizəsində əlavə olaraq qeyd edilmişdir ki, şəhadətnamədə torpaq sahəsinin sənəd üzrə ölçüsü 0,70 ha, faktiki torpaq sahəsi 0,68 ha təşkil edir. Ərazi İdarəsində mövcud olan elektron baza məlumatlarında torpaq sahəsinin 0,40 ha hissəsi kənd təsərrüfatı təyinatlı kolluq ərazi, 0.10 ha hissəsi kənd təsərrüfatı təyinatlı ərazi, 0,18 ha hissəsi isə yol yeri kimi öz əksini tapmışdır. Şəki İnzibati Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2-1(116)- 109/2019 nömrəli iş üzrə qəbul etdiyi 15 fevral 2021-ci il tarixli qərarı ilə (hakim İ.Cabbarov) iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, mütəxəssis rəyinə əsasən faktiki naturada ölçülmüş torpaq sahəsi Qəbələ rayonu, Zarağan kənd İnzibati Ərazi Dairəsinin sərhədləri daxilində kənd təsərrüfatı təyinatlı, bələdiyyə mülkiyyətinə aid torpaqlarda yerləşir. Belə ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilən JN-119F nömrəli X7 və Xəritəçəkmə Komitəsinin Qəbələ rayon şöbəsinin müdiri “T.Məmmədov” tərəfindən imza edildiyi halda, eyni tarixli və nömrəli qərara əsasən verilən 0,70 ha torpaq sahəsinə dair tərtib edilmiş və iddiaçı tərəfindən təqdim edilən JN-119A nömrəli Şəhadətnamə digər şəxs, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qəbələ rayon şöbəsinin müdiri “İ.Hacıyev” və Dövlət Yerquruluşu və Layihə İnstitutunun əməkdaşı “H.Əlisoltanov” tərəfindən imzalanmışdır. İddiaçının məhkəməyə təqdim etdiyi şəhadətnamədə tərtib olunma (hazırlanma) tarixi qeyd olunmamışdır. Həmin şəhadətnamənin nə zaman verildiyini müəyyən etmək mümkün deyil. Həmçinin həyətyanı torpaq sahələrinə aid cədvəldə iddiaçı və onun ailə üzvlərinin qanuni istifadəsində 0.10 ha, faktiki istifadəsində 0.26 ha həyətyanı torpaq sahəsinin olduğu qeyd edilmişdir. İddiaçının JN-119A nömrəli Şəhadətnamə əsasında 0,70 ha həyətyanı torpaq sahəsinə malik olması öz təsdiqini tapmır. Bundan başqa, cavabdeh orqanın etiraz məktubuna əsasən müəyyən edilir ki, iddiaçı tərəfindən təqdim edilən JN- 119A saylı Şəhadətnamənin arxiv nüsxəsi Ərazi İdarəsində olan arxiv materiallarında mövcud deyil və İdarəyə təhvil verilmiş Şəhadətnamələrin qeydiyyat kitabında müvafiq qeydlər aparılmamışdır. İddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmaması ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan, habelə həmin torpaq sahəsinin iddiaçının mülkiyyəti kimi dövlət qeydiyyatına alınması üçün "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 10-cu maddələrində nəzərdə tutulmuş qanuni əsas olmadığından iddia tələbi rədd edilməlidir. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi eyni zamanda hazırki işdə cinayətin əlamətlərinin mövcud olduğu barədə 15 fevral 2021-ci il tarixli xüsusi qərardad qəbul edərək Azərbaycan Respublikası Baş Prokurorluğuna məlumat vermişdir. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-221/2021 nömrəli iş üzrə qəbul etdiyi 21 may 2021-ci il tarixli qərarı ilə (hakimlər – V.Məlikov (sədrlik edən və məruzəçi), R.Rəfiyev və İ.Şükürov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 15 fevral 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını və işin yeni apellyasiya baxışına qaytarılması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 2-1(102)- 1609/2021 nömrəli iş üzrə qəbul etdiyi 22 sentyabr 2021-ci il tarixli qərarı ilə (hakimlər – Z.Quliyev (sədrlik edən və məruzəçi), İ.Şəfiyev və R.Nəbizadə) kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ləğv olunmuş və iş təkrar apellyasiya baxışına göndərilmişdir. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, sözügedən torpaq sahəsi iddiaçı ilə bərabər daha 3 nəfərin (onun ailə üzvlərinin) birgə mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 222.1-ci maddəsinə müvafiq olaraq birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən, birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. Lakin qanunun həmin tələblərinə baxmayaraq, sözügedən 0.70 hektar torpaq sahəsi ilə bağlı yalnız bir şəxs, yəni hazırkı işdə iddiaçı olan İddiaçı məhkəmədə iddia qaldırmış, digər 3 şəxsin isə bu məsələyə münasibəti araşdırılmamışdır. Belə ki, işdə onların adından çıxış etmək üçün nə iddiaçıya, nə də ki, tələbin güzəşti barədə hər hansı bir rəsmi sənəd mövcud deyildir. Lakin istər birinci instansiya, istərsə də apellyasiya instansiyası məhkəməsi həmin məsələyə diqqət verməmiş, onu aydınlaşdırmamışdır. Buna görə də apellyasiya məhkəməsində işə təkrar baxıldığı zaman sözügedən məsələ tam və hərtərəfli araşdırılmalı, nəticəsindən asılı olaraq iddianın mümkün olubolmamasına münasibət bildirilməlidir. İddiaçının əsaslandığı JN-119A KOD-40608018 saylı şəhadətnamədə Qəbələ rayon Aqrar İslahat Komissiyasının 29 noyabr 1997-ci il tarixli, 26 saylı qərarına və cavabdehin təqdim etdiyi JN-518 KOD 40608018 saylı şəhadətnamədə Qəbələ rayon Aqrar İslahat Komissiyasının 26 aprel 2002-ci il tarixli, 03 saylı qərarına istinad edilsə də, sözügedən qərarlar iş materiallarında mövcud deyildir, halbuki məhz bu qərarlar adıçəkilən şəhadətnamələrin verilməsinə səbəb olmuşdur. Bu da İPM-nin 12.1-ci maddəsinin tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Eyni zamanda işin hallarının apellyasiya məhkəməsi tərəfindən tam və hərtərəfli araşdırılmamasının daha bir faktı ondan ibarətdir ki, apelyasiya məhkəməsi 21 may 2021-ci il tarixli qərarında “İş materiallarında olan mütəxəssis rəyində qeyd edilir ki, faktiki naturada ölçülmüş torpaq sahəsi Qəbələ rayonu, Zarağan kənd İnzibati Ərazi Dairəsinin sərhədi daxilində kənd təsərrüfatı təyinatlı, bələdiyyə mülkiyyətinə aid torpaqlarda yerləşir. Belə ki, cavabdeh tərəfindən surətləri təsdiq edilərək məhkəməyə təqdim edilən JN-119F nömrəli X7 və Xəritəçəkmə Komitəsinin Qəbələ rayon şöbəsinin müdiri “T.Məmmədov” tərəfindən imza edildiyi halda, eyni tarixli və nömrəli qərara əsasən verilən 0,70 ha torpaq sahəsinə dair tərtib edilmiş və iddiaçı tərəfindən iş materiallarına əlavə edilən JN-119A nömrəli Şəhadətnamə digər şəxs, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qəbələ rayon şöbəsinin müdiri “İ.Hacıyev” və Dövlət Yerquruluşu və Layihə İnstitutunun əməkdaşı “H.Əlisoltanov” tərəfindən imzalanmışdır. İddiaçının məhkəməyə təqdim etdiyi şəhadətnamədə tərtib olunma (hazırlanma) tarixi qeyd olunmamışdır. Həmin şəhadətnamənin nə zaman verildiyini müəyyən etmək mümkün deyil. Həmçinin həyətyanı torpaq sahələrinə aid Cədvəlin təsdiq edilmiş surətindən müəyyən edilir ki, iddiaçı və onun ailə üzvlərinin qanuni istifadəsində 0.10 ha, faktiki istifadəsində 0.26 ha həyətyanı torpaq sahəsinin olduğu qeyd olunmuşdur. İddiaçının JN119A nömrəli Şəhadətnamə əsasında 0,70 ha həyətyanı torpaq sahəsinə malik olması öz təsdiqini tapmır” qeyd etməsinə rəğmən, sözügedən ziddiyyətlərin və uyğunsuzluqların aradan qaldırması istiqamətində hər hansı hərəkət etməmişdir. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-37/2022 nömrəli iş üzrə qəbul etdiyi 17 may 2022-ci il tarixli qərarı ilə (hakimlər – E.Hüseynov (sədrlik edən və məruzəçi), A.Mahmudov və Ə.Məcidov) Şəki İnzibati Məhkəməsinin 15 fevral 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, iş materiallarında olan Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2020-ci il tarixli, **********09 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyinin təsdiq edilmiş surətində qeyd edilir ki, İddiaçı nümayəndəsi X6 tərəfindən göstəriliən, faktiki naturada ölçülmüş torpaq sahəsi Qəbələ rayonu Zarağan kənd İnzibati Ərazi Dairəsinin sərhədi daxilində kənd təsərrüfatı təyinatlı, bələdiyyə mülkiyyətinə aid torpaqlarda yerləşir. Faktiki naturada ölçülmüş 0,657 ha torpaq sahəsinin koordinatları sxem üzrə göstərilmişdir, İddiaçı nümayəndəsi X2 bildirdiyinə görə, sözügedən torpaq sahəsi İddiaçı istifadəsindədir. Sözügedən ziddiyyətlərin və uyğunsuzluqların aradan qaldırılması məqsədi ilə məhkəmə kollegiyasının qərardadı ilə Azərbaycan Respublikası İqtisаdiyyаt Nаzirliyi yаnındа Əmlаk Məsələləri Dövlət Xidməti məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmiş, iddiaçı və onun ailə üzvlərinə verilmiş torpağa mülkiyyət hüququna dair şəhadətnamələrlə bağlı ziddiyyətli məqamların araşdırılması üçün həmin orqana sorğu göndərilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 02 fevral 2022-ci il tarixli, **********52 saylı məlumatın təqdim olunmasına dair məktubundan məlum olur ki, Daşınmaz Əmlakin Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi idarəsinin arxivində JN-119A saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin arxiv nüsxəsi mövcud deyildir. Həmçinin ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ərazi şöbəsi tərəfindən təhvil verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”lərin qeydiyyat kitabında müvafiq qeydiyyat aparılmamışdır. Mövcud olan elektron kadastr baza məlumatlarında sözügedən həmin şəhadətnamə öz əksini tapmamışdır. Göründüyü kimi, iddiaçının JN-119A nömrəli Şəhadətnamə əsasında 0,70 ha həyətyanı torpaq sahəsinə malik olması öz təsdiqini tapmır. İddiaçı tərəfindən iş materiallarına əlavə edilən JN-119A saylı Şəhadətnamənin arxiv nüsxəsi Ərazi İdarəsində olan arxiv materiallarında mövcud deyildir və İdarəyə təhvil verilmiş Şəhadətnamələrin qeydiyyat kitabında müvafiq qeydlər aparılmamışdır. Qeyd olunanlar onu deməyə əsas verir ki, iddiaçının özünün və onun ailə üzvlərinin qanuni istifadəsində 0,70 həyətyanı torpaq sahəsinin olması barədə bəyanı əsassız olmaqla toplanmış sübutlarla təkzib olunur. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərarın çıxarılmasını xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 2-1(102)- 1698/2022 nömrəli iş üzrə qəbul etdiyi 24 noyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər – S.Kərimov (sədrlik edən və məruzəçi), B.Məmmədli və B.Qəribov) kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ləğv olunmuş və iş təkrar apellyasiya baxışına göndərilmişdir. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi Ali Məhkəmənin göstərişlərini natamam icra etmiş, obyektiv araşdırma prinsipinin tələblərinə uyğun olaraq iş üzrə tam və hərtərəfli araşdırma aparmamışdır. Belə ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 29 noyabr 1997-ci il tarixli, 26 saylı qərarı iş üzrə materiallara əlavə edilsə də, həmin qərarla təsdiq olunmuş 28 noyabr 1997-ci il tarixli, 15 saylı qərarın, həmçinin Qəbələ rayon Aqrar İslahat Komissiyasının 26 aprel 2002-ci il tarixli, 03 saylı qərarı ilə təsdiq olunmuş 25 aprel 2002-ci il tarixli, 13 saylı qərarın tələb edilərək məhkəməyə təqdim olunması və qeyd edilən qərarların tədqiq olunması təmin edilməmişdir. Bundan başqa, Ali Məhkəmə öz qərarında həmçinin qeyd etmişdir ki, cavabdeh tərəfindən surətləri təsdiq edilərək məhkəməyə təqdim olunan JN-119F nömrəli X7 və Xəritəçəkmə Komitəsinin Qəbələ rayon şöbəsinin müdiri “T.Məmmədov” tərəfindən imza edildiyi halda, eyni tarixli və nömrəli qərara əsasən verilən 0,70 ha torpaq sahəsinə dair tərtib edilmiş və iddiaçı tərəfindən təqdim olunmuş JN-119A nömrəli Şəhadətnamə digər şəxs, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qəbələ rayon şöbəsinin müdiri “İ.Hacıyev” və Dövlət Yerquruluşu və Layihə İnstitutunun əməkdaşı “H.Əlisoltanov” tərəfindən imzalanmışdır. Apelyasiya məhkəməsi həmin göstərişlərin icrası məqsədi ilə lazımi prosessual hərəkətləri həyata keçirməmiş, həmin şəhadətnamələrə imza etmiş adıçəkilən şəxslərin həmin dövrdə həmin qurumda işlədikləri və imza yetgisinə malik olduqları yoxlanılmamışdır. Bu məqsədlə aidiyyəti qurumlara sorğu göndərilməmiş, qeyd olunan dövrə və quruma aid arxiv sənədləri tələb olunaraq araşdırılmamışdır. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 96.11 Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası (bundan sonra- Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və Ali Məhkəmənin hazırki iş üzrə hüquqi mövqeyini nəzərə almaqla qeyd edir ki, hazırki inzibati mübahisəyə mahiyyəti üzrə tam həcmdə baxılmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh inzibati orqan torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını qeydiyyata almaqdan imtina edərkən onu əsas tutmuşdur ki, torpaq sahəsinin mülkiyyətə verilməsinə dair şəhadətnamələrin qeydiyyat kitabında müvafiq qeyd yoxdur. Eyni zamanda bildirilmişdir ki, həmin torpaq sahəsinin 0,40 ha hissəsi kənd təsərrüfatı təyinatlı kolluq ərazi, 0,10 ha hissəsi kənd təsərrüfatı təyinatlı ərazi, 0,18 ha hissəsi yol ərazisi kimi baza məlumatlarında göstərilmişdir. Məhkəmə cavabdehin etirazı ilə razılaşmış, "Daşınmaz əmlakın dövlət reyesteri haqqında" Azərbaycan Respublikası Qanunun 8 və 10-cu maddələrində nəzərdə tutulmuş "qanuni əsas olmamasını əsas tutaraq iddianı təmin etməkdən imtina etmişdir. O, cümlədən məhkəməyə təqdim edilmiş sənədlərdəki uyğunsuzluq JN-119F nömrəli şəhadətnamədə Dövlət torpaq və xəritəçəkmə komitəsi Qəbələ rayon şöbəsinin müdiri "T.Məmmədov", JN-119A nömrəli şəhadətnamədə Dövlət torpaq və xəritəçəkmə komitəsi Qəbələ rayon şöbəsinin müdiri "İ.Hacıyev", və Dövlət Yerquruluşu və Layihə İnstitutunun əməkdaşı "H.Əlisultanov" imzalarını əsas tutmuş, şəhadətnamənin nə vaxt verildiyinin mümkünsüzlüyünü vurğulamışdır. Məhkəmənin gəldiyi nəticə düzgün sayıla bilməz. İş materiallarından və barəsində şikayət verilən məhkəmə aktından da göründüyü kimi cavabdeh imtinanın bütün əsas və səbəblərini sadalamamış, yalnız məhkəmədə bildirmişdir ki, sənəddə uyğunzuluq vardır. Zarağan bələdiyyəsinin mülkiyyətində hesab edilən torpaq sahəsi 1997-ci ildən, daha doğrusu mülkiyyətinə verildiyi gündən onun faktiki mülkiyyətinə verilib və oradan hər hansı yol keçmir. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri Cavabdeh inzibati orqan tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz Məhkəməyə təqdim olunmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi(eyni zamanda üçüncü şəxs) X6 iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermişdir Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq üçüncü şəxslər X5, X8 məhkəmə iclasına gəlməmişlər, üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidməti və cavabdeh inzibati orqan nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 3.1. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativ-hüquqi aktlardan ibarətdir. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına şikayət verilə bilər. Maddə 90.2. Apellyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Maddə 90.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin kassasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Azərbaycan Respublikası Ali Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi xx.xx.2022ci il tarixli qərarında qeyd edilən göstərişlərə uyğun olaraq, Məhkəmə, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 29 noyabr 1997-ci il tarixli, 26 saylı qərarı ilə təsdiq olunmuş 28 noyabr 1997-ci il tarixli, 15 saylı qərarını, həmçinin Qəbələ rayon Aqrar İslahat Komissiyasının 26 aprel 2002-ci il tarixli, 03 saylı qərarı ilə təsdiq olunmuş 25 aprel 2002ci il tarixli, 13 saylı qərarını 01 mart 2023-cü il tarixdə sorğu edərək tələb etmiş və tədqiq etmişdir. Belə ki, Qəbələ rayon Zarağan kəndi T.İsmayılov adına kolxozun X18 Komissiyasının 28 noyabr 1997-ci il tarixli, 15 saylı iclas protokolu ilə Qəbələ rayonu T.İsmayılov adına kolxozun ərazisində aparılan torpaq islahatı ilə əlaqədar olaraq işlənib hazırlanmış kompleks yerquruluşu layihəsinin təsdiq edilməsi(bənd 1.), T.İsmayılov adına kolxozun ərazisində olan Zarağan, Aydınqışlaq və Daşlıca kəndlərində yaşayan torpaq payı alacaq subyektlərin 4912 nəfərdən ibarət siyahısının təsdiq edilməsi(bənd 2.) və sair məsələlərə dair qərar qəbul edilmişdir. Qəbələ rayonu T.İsmayılov adına kolxozun X18 Komissiyasının 25 aprel 2002-ci il tarixli, 13 saylı iclasının qərarı ilə təsərrüfatın Zarağan və Daşça kəndlərinin ərazisindən torpaq payı almış və sonradan torpaqların mülkiyyətə verilməsinə dair dövlət aktlarını itirmiş vətəndaşlar barəsində təqdim edilmiş arayışın nəzərə alınması(bənd 3.) və sair məsələrə dair qərar qəbul edilmişdir. Bundan başqa Məhkəmə tərəfindən JN-119F nömrəli Şəhadətnamə və JN-119A nömrəli Şəhadətnamələrə imza etmiş şəxslərin səlahiyyətli olmalarını müəyyən etmək üçün Əmlak Məsələləri Dövlət Xidmətinə 01 mart 2023-cü il tarixdə müvafiq sorğu ünvanlanmışdır. Məhkəmənin sorğusuna Əmlak Məsələləri Dövlət Xidməti "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli cavab məktubunda bildirilmişdir ki, JN-119F(kod ********) nömrəli şəhadətnamədə göstərilən T.Məmmədov(X4) ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qəbələ rayon şöbəsində xx.xx.1992 - xx.xx.2005-ci il tarixlərində şöbə müdiri vəzifəsində işləmişdir. JN-119A(kod ********) nömrəli şəhadətnamədə göstərilən İ.Hacıyev(X11) ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qəbələ rayon şöbəsində xx.xx.2005 - xx.xx.2009-cu il tarixlərində şöbə müdiri vəzifəsində çalışmışdır. JN-119A(kod ********) nömrəli şəhadətnamədə göstərilən H.Əlisoltanov(X3) ləğv edilmiş Azərbaycan Dövlət Yerquruluşu Layihə İnstitunun Qəbələ rayonlararası Yerquruluşu Layihə İdarəsində xx.xx.2007 - xx.xx.2012-ci il tarixlərində rəis vəzifəsində işləmişdir. Məhkəmənin 01 mart 2023-cü il tarixli sorğusuna Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Şəki İnzibati Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli xüsusi qərardad əsasında araşdırılma aparılmış və fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. Məhkəmənin 05 aprel 2023-cü il tarixli sorğusuna əsasən Qəbələ rayon Polis Şöbəsinin icraatında olan ********* nömrəli cinayət işinin materiallarının təsdiq edilmiş surəti Məhkəməyə göndərilmişdir. Qeyd olunan cinayət işinin materialları öyrənilərkən müəyyən olunmuşdur ki, Şəki İnzibati Məhkəməsinin 15 fevral 2021-ci il tarixli qərardadı əsasında Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsin araşdırılma aparılmış və İddiaçı(hazırki iş üzrə iddiaçı) tərəfindən təqdim edilmiş JN-119A nömrəli Şəhadətnamənin saxtalaşdırıldığı müəyyən edilmiş və bu səbəbdən 27 may 2021ci il tarixdə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. Cinayət işinin 96-98-ci vərəqlərində olan izahatında X11 bildirrmişdir ki, 2004-2009cu illərdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qəbələ rayon Şöbəsinin müdiri vəzifəsində işləmişdir. İddiaçı tərəfindən təqdim edilən JN-119A nömrəli Şəhadətnamadə onun soyadı qarşısındakı imzalar ona məxsus deyildir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 01 noyabr 2021-ci il tarixli, 4/1315 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 29 noyabr 1997-ci il tarixli, 26 saylı qərarı ilə İddiaçı və onun ailə üzvlərinə 0,70 ha torpaq sahəsinin verilməsini təsdiq edən JN-119A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə İ.Hacıyev” soyadı qarşısındakı imzalar X11 tərəfindən yox başqa şəxs tərəfindən imza edilmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, JN-119A kodlu, 40608018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin arxiv nüsxəsi, arxiv materiallarında mövcud deyildir, həmçinin həmin şəhadətnamənin qeydiyyat kitabında müvafiq qeydiyyatı aparılmamışdır. Eyni zamanda JN-119A kodlu, 40608018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında iddiaçıya 0,70 ha həyətyanı torpaq sahəsinin verilməsi öz təsdiqini tapmamış, əksinə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli, 4/1315 nömrəli ekspert rəyi ilə sübut olunur ki, şəhadətnamə saxta yolla tərtib olunmuşdur. Həmin rəy işin məhkəmə tərəfindən müəyyən edilmiş halları ilə zidiyyət təşkil etmədiyindən iş üzrə mötəbər sübut qismində qəbul edilmişdir. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdeh inzibati orqanın imtinası əsaslıdır. Odur ki, iddiaçının və onun ailə üzvlərinin adına tərtib edilmiş JN-119A kodlu, 40608018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə iş üzrə mötəbər sübut kimi qiymətləndirilə və iddiaçının mülkiyyət hüququnun mövcudluğunu sübut edən hüquqi sənəd kimi qəbul edilə bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçıların apellyasiya şikayəti təmin edilməməli, birinci instansiyası məhkəməsinin 15 fevral 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-109/2021 nömrəli iş üzrə qəbul etdiyi 15 fevral 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar