Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-154/2024 24.04.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “xx.xx.1991-ci ildən xx.xx.1997-ci ilə kimi Yevlax BAD-da yerüstü qurğuların istismarı şöbəsində aparıcı mühəndis vəzifəsində işlədiyi illərin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərə daxil edilməsi və güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli 2-1(116)-840/2023 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək “xx.xx.1991-ci ildən xx.xx.1997-ci ilə kimi Yevlax BAD-da yerüstü qurğuların istismarı şöbəsində aparıcı mühəndis vəzifəsində işlədiyi illərin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərə daxil edilməsi və ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” məhkəmənin xx.xx.2022-ci il tarixli yardım məktubuna uyğun olaraq iddiaçı təkrar iddia ərizəsi təqdim edərək, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı “ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsinə əsasən iddiaçı xx xxxxxxx 1959-cu ildə Yevlax şəhərində anadan olmuşdur. DSMF-in Yevlax rayon şöbəsi tərəfindən ona 2016-cı ildən etibarən güzəştli şərtlərlə əmək pensiyası təyin olunmuşdur. Belə ki, o, 1984-cü ildən 2007-ci ilə kimi Yevlax mülki aviasiya idarəsində işləmişdir. Lakin, 2022-ci ilin sentyabr ayında ona pensiya verilməsi dayandırılmışdır (həmçinin ötən 6 il ərzində ona ödənilən 17799 manat məbləğində pul vəsaitinin geri qaytarılması tapşırılmışdır).
3. Cavabdeh etirazında bildirmişdir ki, İddiaçı xx.xx.2016-cı il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Araşdırma zamanı vaxtilə İddiaçı pensiya təyin edilərkən təqdim olunmuş sənədlərdə onun xx.xx.1984-xx.xx.1997-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" QSC-nin Yevlax "xxxx" Aviaşirkətində yerüstü qurğuların istismarı və tikinti şöbəsində mühəndis və aparıcı mühəndis vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi yerüstü qurğuların istismarı və tikinti sahəsi yuxarıda qeyd olunan mülki aviasiya sahəsinə aid deyil. Bu səbəbdən də İddiaçı güzəştli iş stajı 12 il 6 aydan az (10 il 7 ay 25 gün (xx.xx.1997-xx.xx.2007-ci il tarixləri arasındakı dövr)) təşkil edir. Göstərilən uyğunsuzluğa baxmayaraq, İddiaçı xx.xx.2016-cı il tarixdən Fondun Yevlax rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunduğu aşkar edilmiş və qanunvericiliyə uyğun olaraq əmək pensiyasının ödənilməsi xx.xx.2022-ci il tarixdən etibarən dayandırılmışdır.
4. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia ərizəsinə və iş materiallarına uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
5. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
6. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 28 noyabr 2023-cü il tarixli 2- 1(116)-840/2023 nömrəli qərarı ilə iddia təmin edilmişdir.
7. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı həmin qərardan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
8. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, araşdırma zamanı vaxtilə iddiaçıya pensiya təyin edilərkən təqdim olunmuş sənədlərdə onun xx.xx.1984xx.xx.1997-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" QSC-nin Yevlax "xxxx" Aviaşirkətində yerüstü qurğuların istismarı və tikinti şöbəsində mühəndis və aparıcı mühəndis vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi yerüstü qurğuların istismarı və tikinti sahəsi qeyd olunan mülki aviasiya sahəsinə aid deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (10 il 7 ay 5 gün (xx.xx.1997xx.xx.2007-ci il tarixləri arasındakı dövr)) təşkil edir. Göstərilən uyğunsuzluğa baxmayaraq iddiaçıya xx.xx.2016-cı il tarixdən Fondun Yevlax rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunduğu aşkar edilmiş və qanunvericiliyə uyğun olaraq əmək pensiyasının ödənilməsi xx.xx.2022-ci il tarixdən etibarən dayandırılmışdır. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Ona görə də Şəki İnzibati Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli 2-1(116)-840/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
9. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli 2-1(116)-840/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etdi.
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli 2-1(116)- 840/2023 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.
11. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə X3 pensiyasının yenidən hesablanması haqqında xx.xx.2022-ci il tarixli **********5 nömrəli qərarın surəti;. - ИB seriyalı 027045 nömrəli diplomun surəti; - ИТ-İ seriyalı ******* nömrəli əmək kitabçasının surəti; - НЗ seriyalı ******* nömrəli hərbi biletin surəti; - "xxxx" Yevlax Aviasiya Şirkətinin xx.xx.2023-cü il tarixli 9/10-173, 9/10-174 nömrəli və xx.xx.2023-cü il tarixli 9/10-209 nömrəli Arayışları;
TƏTBİQ EDİLƏN HÜQUQ
12. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
13. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.
14. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 5.3. Əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 9.1 Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.
15. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir.
16. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir.
17. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
18. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli 2-1(116)-840/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
19. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
20. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər.
21. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Birinci instansiya məhkəməsi iddianı təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
23. İşin faktiki hallarına əsasən müəyyən edilir ki, iddiaçıya artıq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, lakin sonradan cavabdeh tərəfindən inzibati icraat aparılmadan, müvafiq qərar qəbul edilmədən dayandırılmışdır.
24. İş materiallarına əsasən iddiaçı xx.xx.1984-xx.xx.1997-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" QSC-nin Yevlax "xxxx" Aviaşirkətində yerüstü qurğuların istismarı və tikinti şöbəsində mühəndis və aparıcı mühəndis vəzifələrində işləmişdir.
25. İş materiallarına əlavə edilmiş "xxxx" Yevlax Aviasiya Şirkətinin xx.xx.2023-cü il tarixli 9/10-173 nömrəli Arayışından görünür ki, İddiaçı 1984-cü il oktyabr ayının 11-dən (əmr №124/İ -11.10.84-cü il) 1989-cu il mart ayının 13-ü daxil olmaqla - X1 yerüstü qurğuların istismarı və tikinti şöbəsində mühəndis, aparıcı mühəndis, 1991-ci ildən "xxxx" Konserni «AZAL» Yevlax Aeroportu yerüstü qurğuların istismarı şöbəsində aparıcı mühəndis (89/İ-xx.xx.1991 -ci il), 1992-ci il - «Azərbaycan Hava Yolları» Konserni «AZAL» Yevlax "xxxx" Aviaşirkəti əsaslı təmir və tikinti sahəsində aparıcı mühəndis (33/İxx.xx.1992-ci il), 1993-cü il - "xxxx" Konserni «AZAL» Yevlax "xxxx" Aviaşirkəti cari və əsaslı təmir sahəsində aparıcı mühəndis (104/İ-xx.xx.1993-cü il), 1994-cü il - "xxxx" Dövlət Konserni «AZAL» Yevlax "xxxx" Aviaşirkəti cari və əsaslı təmir sahəsində aparıcı mühəndis (132/İ-xx.xx.1994-cü il), 1995-ci ildən- "xxxx" Dövlət Konserni «AZAL» Yevlax "xxxx" Aviaşirkəti əsaslı təmir sahəsində aparıcı mühəndis (86/İ-26.071995-ci il), 1996-cı ildən "xxxx" Dövlət Konserni «AZAL» Yevlax "xxxx" Aviaşirkəti əsaslı təmir sahəsində aparıcı mühəndis (126/İ-xx.xx.1996-cı il), 1997-ci ildən- "xxxx" Dövlət Konserni «AZAL» Yevlax "xxxx" Aviaşirkəti yerüstü qurğuların istismarı və tikinti şöbəsində texniki (əmr №43/İ-xx.xx.1997-ci il), 2005-ci il yanvar ayının 01-dən (əmr №14/İ-xx.xx.2005-ci il) 2007ci il dekabr ayının 30-u daxil olmaqla- aerodrom istismarı xidmətinin aerodrom istismarı üzrə mühəndis, 2007-ci il dekabr ayının 30-dan (əmr №112/İ-xx.xx.2007-ci il) öz ərizəsi ilə tutduğu vəzifədən azad olunmuşdur. İş stajının tərkibi: 23 il, 02 ay, 19 gün olmuşdur.
26. Cavabdehin Apellyasiya şikayətinin dəlilləri onadan ibarət olmuşdur ki, iddiaçının xx.xx.1997-xx.xx.2007-ci il tarixləri arasındakı işlədiyi müddət güzəştli dövr kimi nəzərə alınsa da 1991-1997-ci illəri əhatə edən dövr qəbul edilməmişdir.
27. İş materialları ilə müəyyən edilmişdir ki, iddiaçının qəbul edilən və mübahisələndirilən əmək fəaliyyətində və gördüyü işin xüsusiyyətlərində fərq mövcud deyildir. Belə ki, təqdim edilən 28 fevral 2023-cü il tarixli arayışdan görünür ki, iddiaçı xx.xx.1992-ci il tarixindən Aviaşirkətin əsaslı təmir və tikinti sahəsində aparıcı mühəndis, 1997-ci ildən Yerüstü qurğuların istismarı və tikintisi şöbəsində texnik, daha sonra mühəndis vəzifəsində işləmişdir.
28. Bundan başqa işdə olan "xxxx" Yevlax Aviasiya Şirkətinin xx.xx.2023-cü il tarixli 9/10-209 nömrəli şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair arayışa əsasən, Azərbaycan Respublikasının əmək pensiyaları qanunvericiliyinə uyğun olaraq güzəştli şərtlə yaşa görə pensiya hüququ verən mühəndis, aparıcı mühəndis və vəzifələrdə "xxxx" Yevlax Aviasiya Şirkətində 1984-cü ilin oktyabr ayının 11-dən 2007-ci il dekabr ayının 30-u tarixləri arasındakı dövr ərzində işləmişdir. İşlədiyi vəzifə üzrə sosial sığorta stajı 23 il 02 ay 19 gün təşkil edir. İşlədiyi vəzifənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri: aerodrom və yerüstü qurğuların istismarı sahəsinin bütün işlərinə nəzarət edib və aerodromun, uçuş-enmə zolaqlarının təmirini, sazlığının baxışını keçirərək istifadəsini təmin edib Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahının 21-ci bəndinin 21.3-cü yarımbəndində müəyyən edilmiş sahənin və vəzifənin xüsusiyyətləri ilə eynidir.
29. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, iddiaçının əmək funksiyasının xüsusiyyətləri ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasına əsas verir. Belə ki, iş materiallarına əlavə olunmuş arayışlarla da təsdiq olunur ki, iddiaçının işlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda qeyd olunan 21.3-cü bəndinə - bütün adlarda mühəndislər uyğundur.
30. Məhkəmə kollegiyasının qənaətinə görə cavabdeh tərəfindən iddiaçının ümumi iş stajı mübahisələndirilməmişdir. Beləliklə, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə təsbit edilmiş hər üç tələbə cavab verməsi öz təsdiqini tapmışdır.
31. İlkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM-14.3), qanunla cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina mövcud inzibati praktikaya da zidd olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri).
32. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya xx.xx.1991-ci ildən xx.xx.1997-ci ilə kimi Yevlax BAD-da yerüstü qurğuların istismarı şöbəsində aparıcı mühəndis vəzifəsində işlədiyi illərin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərə daxil edilməsi və güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinası qanuni və əsaslı olmamışdır. Birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.
33. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası QƏRАRА АLDİ:
Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli 2-1(116)-840/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.