Məhkəmə qərarları › İş №2-1(107)-155/2020

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-155/2020

22.05.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-155/2020 22.05.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, Cavabdeh nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “xx.xx.1976-cı il tarixdən xx.xx.1979-cu il tarixədək və xx.xx.1980-ci il tarixdən xx.xx.1983-cü il tarixədək 3 yaşına çatanadək uşaqlarına qulluq etməklə əlaqədar işləyə bilmədiyi dövrlərin ümumi iş stajına daxil olunması və pensiya hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyası təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibatiiş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-211/2020nömrəli qərarından Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı yaşa görə əmək pensiyası təyin olunması ilə əlaqədar xx.xx.2019-cu il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə ərizə ilə müraciət etmişdir. Lakin Cavabdeh pensiya təyin edən komissiyasının xx.xx.2019-cu il tarixdə keçirilən iclasında baxaraq yaşa görə əmək pensiyası təyin olunmasından imtina etmişdir. İmtinanın səbəbini onunla əsaslandırmışdır ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğındən az olmayan pensiya təminatına imkan vermir və bu pensiya təminatına imkan vermədiyi üçün isə tələb olunan azı 25 il sığorta stajı yoxdur.Odur ki, iddiaçı məhkəməyə müraciət edərək, “pozulmuş pensiya almaq hüququnun bərpa edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsinin izahatı: İddia tələbini müdafiə edərək bildirmişdir ki, iddiaçı yaşa görə əmək pensiyası təyin edilməkdən ötrü cavabdeh orqana ərizə ilə müraciət etmişdir. Cavabdeh DSMF-nin İsmayıllı rayon şöbəsi bildirmişdir ki, əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir və bu pensiya təminatına imkan vermədiyi üçün isə tələb olunan azı 25 il sığorta stajı iddiaçıda yoxdur. Vətəndaşların pensiya təminatı haqqında Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinin e bəndinin tələbinə əsasən işləməyən ananın körpə uşaqlara qulluq etdiyi müddət lakin hər uşaq 3 yaşına çatanadək və üst-üstə 6 ildən çox olmayaraq iş stajına daxil edilir. iddiaçının əmək kitabçası üzrə 19 il 5 ay 13 gün, xx.xx.1976-cı il və xx.xx.1980-cı il tarixdən xx.xx.1983-cü il tarixədək 3 yaşına çatanadək uşaqlarına qulluq etməklə əlaqədar işləyə bilmədiyi illər üzrə 5 il 4 ay 21 gün 2019-cu ilin 4,5,6 cı aylarında fərdi əmək fəaliyyəti ilə məşğul olduğu dövr üzrə isə 3 ay olmaqla ümumilikdə 25 il 1 ay 3 gün sosial sığorta stajı olduğuna görə pensiya hüququ yarandığı xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyası təyin olunmalıdır. Cavabdehin nümayəndəsinin izahatı: İddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçıya Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanunun 21-ci maddəsinin tələbinə zidd olduğu üçün imtina verilmişdir. Belə ki, İddiaçı xx.xx.2019-cu il tarixdə yaşa görə əmək pensiyası təyin olunması üçün şöbəyə ərizə ilə müraciət etmişdir. xx.xx.2006-cı il tarixədək İddiaçı təqdim etdiyi PT-1№ ******* nömrəli əmək kitabçasındakı qeydə əsasən 19 il 5 ay 13 gün sosisl sığorta stajı vardır. Fərdi hesabının sığorta hissəsində 2019-cu ilin Aprel, May, İyun ayları üzrə sosial sığorta stajı 3 ay, pensiya kapitalı isə 58,32 manat olmaqla ümumi iş stajı 19 il 8 ay 13 gün təşkil edir. Vətəndaşın müraciətinə pensiya təyin edən komissiyanın 16.09. 2019-cu il tarixdə keçirilən iclasında baxılarkən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin şərtinə əsasən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyi və azı 25 il sığorta stajı olmadığı yaşa görə əmək pensiyası təyin olunması mümkün hesab edilməmişdir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının tələbinə dair sənədlər birinci instansiya məhkəməsinə təqdim olunmuşdur. Onlara AZE seriyalı, 0******* nömrəli Şəxsiyyət Vəsiqəsinin surəti, Azərbaycan Respublikası İsmayıllı Rayon İcra Hakimiyyəti Başçısının İsmayıllı Şəhər İƏD Üzrə Nümayəndəliyinin xx.xx.2019-cu il 3993 nömrəli arayışı, İİİ ДВ seriyalı 282257 nömrəli və xx.xx.1998-ci il tarixli İ-ИУ seriyalı 304453 nömrəli və xx.xx.1992-ci il tarixli İİİ-uy 652911 nömrəli doğum haqqında şəhadədnamələrin təsdiqlənmiş surətləri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh xx.xx.2019-cu il tarixli **********4 nömrəli imtina məktubu və xx.xx.2019-cu il tarixli **********1 nömrəli məktubu, Azərbaycan Respublikası Vergilər Nazirliyinin 10 saylı X6 xx.xx.2019-cu il tarixli **********500900 nömrəli arayışı, xx.xx.2002-ci il tarixli 95 nömrəli arayış, iddiaçının РТ-İ seriyalı ******* nömrəli əmək kitabçası, xx.xx.2019-cu il tarixli **********1 nömrəli etiraz, İİ-ДБ 31525 nömrəli nikah haqqında şəhadətnamənin surəti aiddir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) xx xxxxxx 2020-ci il tarixli 2- 1(116)-211/2020 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Əməkvə Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun İsmayıllı Şöbəsinin üzərinə İddiaçıa xx.xx.1976-cı il tarixdən xx.xx.1979-cu il tarixədək və xx.xx.1980-ci il tarixdən xx.xx.1983-cü il tarixədək 3 yaşına çatana dək uşaqlarına qulluq etməklə əlaqədar işləyə bilmədiyi dövrlərin ümumi iş stajına daxil olunması və pensiya hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyası təyin olunması öhdəliyin qoyulması qərara alınmışdır. Cavabdeh apelyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-211/2020 nömrəli qərarının ləğv edilməsi və tələbinin təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri Cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Fondun İsmayıllı rayon şöbəsi Şəki İnzibati Məhkəməsinin 2020-ci il 29 yanvar tarixli 2-1(116)-211/2020 nömrəli qərarının ləğv edilməsini zəruri hesab edir.Belə ki, xx xxxxxx 2006-cı il tarixdən Azərbaycan Respublikasında vətəndaşların pensiya təminatı “Əmək pensiyaları haqqında“ Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyasının təyinatı zamanı sığorta stajı hesablanarkən Qanunun 21-ci maddəsi ilə müəyyən edilən iş və ya digər fəaliyyət müddətləri ümumi iş stajının tərkibinə daxil edilir. Qanunun 21.1.- ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindın asılı olmayaraq müəssisə, İdarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcədə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.Yuxarıda qeyd olunanlara baxmayaraq Şəki İnzibati Məhkəməsi cavabdehin üzərinə İddiaçı xx.xx.1976-cı il tarixdən xx.xx.1979-cu il tarixədək və xx.xx.1980-ci il tarixdən xx.xx.1983-cü il tarixədək 3 yaşına çatanadək uşaqlarına qulluq etməklə əlaqədar işləyə bilmədiyi dövrlərin ümumi iş stajına daxil olunması və pensiya hüququnun yarandığı 01,06.2019-cu il tarixdən yaşa görə əmək pensiyası təyin öhdəliyinin qoyulması barədə qərar qəbul etmişdir.Məhkəmə qərar qəbul edərkən xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin e) bəndinə istinad etmişdir ki, həmin Qanunun “Əmək pesiyaları haqqında” Azərbaycan Respublikasının qanununun qüvvəyə minməsi ilə əlaqədar xx xxxxxx 2007-ci il tarixli 40 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə qüvvədən düşməsini nəzərə almamışdır.Hesab edirik ki, Şəki İnzibatidi Məhkəməsinin gəldiyi bu nəticə səhvdir. Ona görə ki, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununu Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci tarixli 40 nömrəli qərarı ilə qüvvədən düşdüyü, xx.xx.2006-cı il tarixdən ölkə ərazisində pensiyalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun şərtlərinə əsasən təyin olunduğundan və hüquq münasibətləri xx xxxx 2019-cu il tarixdən sonrakı dövrü əhatə etdiyindən göstərilən hüquq normalarının tətbiqi yolverilməzdir. Odur ki, yuxarıda qeyd edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385, 386-cı və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81 -ci, 87-ci maddələrini rəhbər tutaraq, Şəki İnzibati Məhkəməsinin 2020-ci il 29 yanvar tarixli 2-1(116)-211/2020 nömrəli qərarını ləğv etməyinizi və iddiaçının tələblərinin təmin olunmaması barədə yeni qərar qəbuledilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi X5 apelyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-211/2020nömrəli iş üzrə qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının keçirilməsi vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı iştirak etməmişdir. Tərəflərin iştirak etməməsinin üzrlü səbəbdən olması haqqında hər hansı sübut daxil olmamışdır. Məhkəmə kollegiyası tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İPM-in 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi Cavabdehin apelyasiya şikayəti uğurlu sayılmır. Belə ki, o, mahiyyət etibarı ilə əsaslı deyildir. Ona görə də, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Həmçinin, iddia əsaslıdır. Bələ ki, Cavabdeh təqdim etdiyi xx xxx 2020-ci il tarixli, **********6 saylı arayışında göstərirlir ki, İddiaçı 06.06 1976-ci ildən 06 06.1979-cu ilədək. 07 10.1980-ci ildən xx.xx.1983-cü ilədək uşaqlara qulluq etməklə əlaqədar işləmədiyi müddət (5 il 4 ay 21 gün) ümumi iş stajının tərkibinə daxil ediləcəyi halda, fərdi hesabının sığorta hissəsində 2019-cu ilin Aprel, May, iyun ayları üzrə 3 ay sosial sığorta stajı və təqdim olunmuş PT-1 № ******* nömrəli əmək kitabçasındakı qeydə əsasən 19 il 5 ay 13 gün sosial sığorta stajı olmaqla ümumi iş stajı 25 il 1 ay 3 gün təşkil edəcəkdir. Belə ki, iddiaçının xx.xx.1976-cı il tarixdən xx.xx.1979-cu il tarixədək və xx.xx.1980ci il tarixdən xx.xx.1983-cü il tarixədəkişləməyərək körpə uşaqlarına qulluq etdiyi illər iş stajına daxil edilməlidir. Belə ki, qeyd olunan illər iddiaçının stajına daxil ediləcəyi təqdirdə onun tələb olunan 25 il stajı tamamlanacaqdır. (mübahisələndirilməyən 19 il 8 ay 13 gün staj+5 il 4 ay 21 gün uşaqlara qulluq müddəti=25 il 1 ay 3 gün). xx xxxxxx 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin “e” bəndinə əsasən işləməyən ananın körpə uşaqlara qulluq etdiyi müddət, lakin hər uşaq 3 yaşına çatanadək və üst-üstə 6 ildən çox olmayaraq iş stajına daxil edilir. İşdə olan doğum haqqında şəhadətnamələrdən görünür ki, X3 xx.xx.1980-ci ildə, X1 xx.xx.1976-cı ildə anadan olmuşlar, ataları X4, anaları isə İddiaçıdır. Bununla bağlı olaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu, körpə uşaqlara qulluq etdiyi və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Bundan başqa, sonrakı tənzimləmələr iddiaçıya münasibətdə onun hüquqi vəziyyətini pisləşdirdiyi üçün də tətbiq edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fizi-ki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ-hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən birini təşkil edir. Hər bir qanun və ya onun hər hansı müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Qanunun aydın olması isə yalnız onun özünün mətni ilə deyil, eləcə də məhkəməm təcrübəsində formalaşan təfsiri ilə şərtləndirilir. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna görə də müvafiq münasibətləri tənzimləyən milli qanunvericilik “anlaşıqlı”, “aydın” və “proqnozlaşdırıla bilən” olmalıdır. Məhkəmənin təşəkkül tapmış presedent hüququna əsasən “qanunla nəzərdə tutulmuş” ifadəsi təkcə onu tələb etmir ki, etiraz edilən tədbir daxili qanunvericilikdə müəyyən əsasa malik olmalıdır, həm də sözügedən qanunun keyfiyyətinə istinad edərək tələb edir ki, həmin Qanunun Konvensiyanın preambulasında aydın şəkildə ifadə olunan qanunun aliliyi prinsipinə uyğun olmalı, eləcədə müvafiq şəxs üçün “çatımlı” olmalı və onun nəticələrini “öncədən görmək” mümkün olmalıdır. Normanın nəticələrini isə o halda, “öncədən görmək” mümkündür ki, o, hər bir fərdin öz davranışını tənzimləməsinə imkan vermək baxımından kifayət qədər dəqiqliklə ifadə edilsin. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət, irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Göründüyü kimi, bərabərlik prinsipinin əsas mahiyyəti ondan ibarətdir ki, hər kəsin bərabər hüquqlara malik olması bəyan edilməklə, onlardan istifadə etmək üçün bərabər imkanlar yaradılmalıdır. Eyni zamanda, bir qrup daxilində hüquq və vəzifələr onun bütün üzvləri üçün eyni olmalıdır. Fərqli rəftar oxşar vəziyyətdə olan fərdlər arasında mövcud olduqda bərabərlik hüququ pozulmuş olur. Fərqli rəftarın obyektiv və ağlabatan əsası, yaxud tətbiq edilən vasitələrlə qarşıya qoyulan qanuni məqsəd arasında ağlabatan mütənasiblik olmadıqda, həmin rəftar ayrı-seçkilik xarakteri daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “O.Gərəkməzlinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının xx xxxx 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2014-cü il tarixli qərarında bərabərlik hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqeyi ondan ibarətdir ki, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunan hüquq bərabərliyi prinsipi Konstitusiyanın 25ci maddəsində əks olunmaqla, məhz dövlət tərəfindən heç bir ayrı-seçkiliyə yol verilmədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur. Pensiya təminatı sahəsində hüquq və azadlıqların həyata keçirilməsində bütün növ ayrı-seçkiliyin aradan qaldırılmasına təminat verən hüquq bərabərliyi prinsipi eyni kateqoriyaya aid olan şəxslərin pensiya hüququnun fərqləndirilməməsinə xidmət edir. Əks halda sosial təminat sahəsində qanunverici tərəfindən müəyyən olunmuş güzəştlərin eyni hüquqi vəziyyətdə olan şəxslərə eyni qaydada tətbiq edilməməsi sosial ədalətin və tarazlığın pozulmasına səbəb ola bilər. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İşin faktiki hallarını nəzərə alaraq və maddi hüquq normalarını rəhbər tutaraq birinci instansiya məhkəməsi düzgün hesab etmişdir ki, iddia təmin edilməli, iddiaçının xx.xx.1976-cı il tarixdən xx.xx.1979-cu il tarixədək və xx.xx.1980-ci il tarixdən xx.xx.1983cü il tarixədək işləməyərək körpə uşaqlarına qulluq etdiyi illərin iş stajına daxil edilməsi və ona xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Həmin Qanunun 19.2-ci maddəsinə görə, təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi qanuni və əsaslıdır. Apelyasiya şikayətinin dəlilləri isə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərаrа аldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-211/2020 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar