Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-155/2021 07.05.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Hüseynov Mirbahəddin Mirdamət oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Əliyev Rafail Əyyub oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimli Şükür Sahib oğlunun katibliyi, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “11 saylı Ərazi Vergilər Baş İdarəsinin 25.11.2019-cu il tarixli, **********028400 nömrəli qərarının ləğv edilməsi tələbinə dair” inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 20 may 2020-ci il tarixli, 2-1(116)- 407/2020 nömrəli qərarından iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) 20 may 2020-ci il tarixli, 2-1(116)- 407/2020 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “11 saylı Ərazi Vergilər Baş İdarəsinin 25.11.2019-cu il tarixli, **********028400 nömrəli qərarının ləğv edilməsi tələbinə dair” iddiası təmin edilməmişdir. Şəki İnzibati Məhkəməsinin 20 may 2020-ci il tarixli, 2-1(116)-407/2020 nömrəli qərarından iş üzrə İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 avqust 2020-ci il tarixli, 2- 1(107)-289/2020 nömrəli qərarı ilə İddiaçı аpellyаsiyа şikаyəti təmin edilməmiş, Şəki İnzibаti Məhkəməsinin 20 may 2020-ci il tarixli, 2-1(116)-407/2020 nömrəli qərаrı dəyişdirilmədən qüvvədə sаxlаnılmışdır. İddiaçı və onun vəkili X1 Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 avqust 2020-ci il tarixli, 2-1(107)-289/2020 nömrəli qərarından kassasiya şikayəti vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 noyabr 2020-ci il tarixli, 2-1(102)-2000/2020 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 avqust 2020-ci il tarixli, 2-1(107)- 289/2020 nömrəli qərarı ləğv edilmiş və iş yenidən apellyasiya baxışına qaytarılmışdır. İşin hаllаrı: İddiaçı 2017-2018-ci illərdə kənd təsrüffatı mallarının ixracı ilə məşğul olmuşdur. Onun qənaətincə, kənd təsərüffatı məhsullarının ixrac edilməsində heç bir gəlir vergi nəzərdə tutulmamışdır. Belə ki, Vergi Məcəlləsinin 102.1.11-ci maddəsinə əsasən bilavasitə kənd təsərrüfatı məhsullarının istehsalından alınan gəlirlər gəlir vergisindən azaddır. Yəni vasitəsiz olaraq, kimin tərəfindən istehsalı məlum olmayan, arada heç bir şey (şəxs) iştirak etmədən, istehsal olunan kənd təsərrüfatı mallarının kimin tərəfindən satışı təşkil olunursa-olsun birbaşa və dolayısı yolla kənd təsərrüfatı məhsullarının istehsalından alınan gəlirlər gəlir vergisindən azaddır. Bundan başqa, ixrac zamanı onun tərəfindən hər ixrac olunan maşın üçün 271.40 manat gömrük rüsum və vergiləri və malların göndərilməsi zamanı 100 manat da sertifikat və sənədlərin alınmasına ödənilir. Nəzərə alınsa ki, ixrac zamanı bir maşın üçün 371.40 manat vergi və rüsumlar ödənilir və bu məbləğ gəlirin 20 faizini təşkil edərsə, onda bir maşın kənd təsərrüfatı mallarının ixracından 1857 manat gəlir əldə edilməlidir (371,40 : 20 x 100 = 1857). 1857 manat gəlir kənd təsərrüfatı mallarının ixracında çox yüksək rentabellikdir. Bilindiyi kimi, kənd təsərrüfatı malları yaş mallardır, yəni tez xarab olan mallar hesab olunur. Kənd təsərrüfatı mallarının ixracında məqsəd tez bir zamanda, tez xarab olan malları ixrac etmək və tez xarab olan malların natura formasını dəyişərək valyutaya çevirməkdən ibarətdir. Bu da öz növbəsində ölkəyə valyutanın daxil olması deməkdir. 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən ona analoji üsulla vergi hesablanmışdır. Cavabdehin etirazında bildirilmişdir ki, İddiaçı 01.06.2005-ci il tarixdə fiziki şəxs kimi vergi orqanında qeydiyyatdan keçmiş və əsas fəaliyyət növü saxlama və anbarlara yığma olmuşdur. İddiaçının özünün də etiraf etdiyi kimi, o, 2017-ci ildə kənd təsərrüfatı məhsullarının ixracı ilə məşğul olmuşdur. İddiaçı ərizəsində göstərir ki, kənd təsərrüfatı məhsullarının ixrac edilməsində heç bir gəlir vergisi nəzərdə tutulmamışdır. Öz mövqeyini əsaslandırmaq üçün Vergi Məcəlləsinin 102.1.11-ci maddəsinə istinad edir. Lakin, Vergi Məcəlləsinin 102.1.11-ci maddəsi bilavasitə kənd təsərrüfatı məhsullarının istehsalından alınan gəlirləri gəlir vergisindən azad edir. Bu maddədə əsas məqam “bilavasitə” sözü ilə bağlıdır, hansının ki, mənası “vasitəsiz olaraq, arada heç bir vasitə olmadan” mənasına bərabərdir. Başqa sözlərlə desək, şəxs özünün istehsal etdiyi kənd təsərrüfatı məhsullarından alınan gəlirə görə gəlir vergisindən azaddır. Şəxs başqalarının istehsal etdiyi kənd təsərrüfatı məhsullarını vətəndaşlardan alaraq, həmin məhsulları ixrac edirsə, Vergi Məcəlləsinin 102.1.11-ci maddəsinə əsasən gəlir vergisindən azad edilmir. Digər tərəfdən, İddiaçı (VÖEN: **********) 02.05.2018-ci il tarixdə təqdim etdiyi 2017-ci ilin gəlir vergisi bəyannaməsində dövriyyəsini 4064701,68 manat, xərclərini isə 4056000,0 manat, vergiyə cəlb edilən gəlirini 8701.68 manat, gəlir vergisini 1740.34 manat göstərmişdir. Göründyü kimi, İddiaçı iddia ərizəsində kənd təsərrüfatı məhsullarının ixracına görə gəlir vergisi “nəzərdə tutulmamışdır” yazsa da, 02.05.2018-ci il tarixdə təqdim etdiyi 2017-ci ilin gəlir vergisi bəyannaməsində ödəməli olduğu gəlir vergisinin 1740.34 manat olduğunu göstərmişdir. Göstərilənlərdən belə nəticə çıxarmaq olar ki, iddiaçı kənd təsərrüfatı məhsullarının ixracına görə gəlir vergisinin ödənilməli olduğunu bilir və qəbul edir. Razılaşmadığı məqam isə ödəməli olduğu verginin həqiqi məbləğidir. Kameral vergi yoxlaması başa çatdıqdan sonra iddiaçı xərclərini təsdiq edən “malların alış aktları”nı vergi orqanına təqdim etmişdir. Həmin aktlarla tanış olduqda məlum olmuşdur ki, onlar “xxxx” MMC tərəfindən çap edilmişdir. “xxxx” MMC 2017-ci ilin noyabr ayında İddiaçı üçün HAN seriyalı 001251-001300 nömrələrlə və 2019-cu ilin iyul ayında HAN seriyalı 003901- 004050 nömrələrlə “malların alış aktı” blanklarını çap etmişdir. HAN seriyalı 001251- 001300 saylı malların alış aktları 2017-ci ilin noyabr ayında çap edilsə də, iddiaçının vergi orqanına təqdim etdiyi həmin aktlarda malların alınma tarixi 2017-ci ilin sentyabr və oktyabr ayları qeyd edilmişdir. Həmçinin HAN seriyalı 003901-004050 saylı malların alış aktları 2019-ci ilin iyul ayında çap edilsə də, iddiaçının vergi orqanına təqdim etdiyi həmin aktlarda malların alınma tarixi 2017-ci ilin sentyabr, oktyabr, noyabr və dekabr ayları qeyd edilmişdir. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi iddianın rədd olunmasını xahiş etmişdir. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara 25.11.2019-cu il tarixli **********028400 nömrəli vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərar, AR Vergilər Nazirliyinin 11 saylı ƏVBİ-nin 17.02.2020-ci il tarixli **********59400 nömrəli etirazı, çap edilmiş ciddi hesabat blanklarının uçotu və hərəkəti haqqında aylıq hesabatın və şəxsi hesab vərəqəsinin təsdiqlənmiş surətləri aiddir. Həmin sənədlərin məzmununa istinad olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. İş üzrə yuxаrıdа göstərilən məhkəmə aktları qəbul edilmişdir. Şəki İnzibati Məhkəməsinin 20 may 2020-ci il tarixli, 2-1(116)-407/2020 nömrəli qərarından iş üzrə İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyаsiyа şikаyətinin və işdə iştirak edən şəxsin dəlilləri: Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulduğundan və düzgün tətbiq edilmədiyindən məhkəmənin qeyd edilən qərarı ləğv olunmalıdır. Belə ki, o, 2017-2018-ci illərdə kənd təsrüffatı mallarının ixracı ilə məşğul olmuşdur. Kənd təsərrüfatı mallarının ixrac edilməsində heç bir gəlir vergisi nəzərdə tutulmamışdır. Vergi Məcəlləsinin 102.1.11-ci maddəsinə əsasən bilavasitə kənd təsərrüfatı məhsullarının istehsalından alınan gəlirlər gəlir vergisindən azaddır. Bundan başqa, ixrac zamanı onun tərəfindən hər ixrac olunan maşın üçün 271.40 manat gömrük rüsum və vergiləri və malların göndərilməsi zamanı 100 manat da sertifikat və sənədlərin alınmasına ödənilir. Nəzərə alınsa ki, ixrac zamanı bir maşın üçün 371.40 manat vergi və rüsumlar ödənilir və bu məbləğ gəlirin 20 faizini təşkil edərsə, onda bir maşın kənd təsərrüfatı mallarının ixracından 1857 manat gəlir əldə edilməlidir (371,40 : 20 x 100 = 1857). 1857 manat gəlir kənd təsərrüfatı mallarının ixracında çox yüksək rentabellikdir. Bilindiyi kimi, kənd təsərrüfatı malları yaş mallardır, yəni tez xarab olan mallar hesab olunur. Kənd təsərrüfatı mallarının ixracında məqsəd tez bir zamanda, tez xarab olan malları ixrac etmək və tez xarab olan malların natura formasını dəyişərək valyutaya çevirməkdən ibarətdir. Bu da öz növbəsində ölkəyə valyutanın daxil olması deməkdir. 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən ona analoji üsulla vergi hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 fevral tarixli 51 nömrəli Qərarına əsasən vergi orqanı analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin seçilməsi və əlaqəli məlumatlar əsasında vergiləri hesablaya bilər. Həmin Qərarın 1.2-ci maddəsinə əsasən, bu Qaydanın məqsədləri üçün "əlaqəli məlumat" dedikdə, verginin hesablanması ilə bağlı vergi ödəyicisi və onun fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan digər vergi ödəyiciləri barədə vergi orqanında olan məlumatlar, müvafiq icra hakimiyyəti orqanında olan məlumatlar, müvafiq icra hakimiyyəti orqanlarının rəsmi məlumatları, hüquqi və fiziki şəxslərdən, açıq və qanunvericiliyə uyğun olaraq digər informasiya mənbələrindən alınan və istifadə edilə bilən məlumatlar nəzərdə tutulur. Qərarın 3.1-ci maddəsinə əsasən eyni xüsusiyyətli və eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi ilə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin seçilməsi və verginin hesablanmasında həmin meyyarlardan istifadə olunmalıdır. Qərarın 3.2-ci maddəsinə əsasən hesablanan verginin növündən asılı olaraq analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin, gəlirdən çıxılan xərcləri və rentabellik səviyyəsi istifadə oluna bilər. Ona məlum olmayan səbəbdən gəlir vergisi üzrə külli miqdarda vergi borcu hesablanmışdır. 2017-ci il ərzində 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən analoji üsulla hansı vergi ödəyicisi əsas götürülərək ona gəlir vergisi hesablanması aydın deyil. Sahibkarlığın inkişafı, əlverişli biznes mühitin yaradılması məqsədilə əsaslı şəkildə islahatların aparılması xalqımızın Ümummilli lideri Heydər Əliyev tərəfindən müəyyən edilmiş və hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ardıcıl olaraq həyata keçirilən iqtisadi inkişaf strategiyasının tələblərindən irəli gəlir və onun mərkəzində durur. Ölkə iqtisadiyyatının davamlı və tarazlı inkişafının təmin edilməsi, regionların inkişafının sürətləndirilməsi ölkənin sosial-iqtisadi inkişafının hazırkı mərhələsinin prioritet vəzifələrindəndir və qəbul edilmiş məqsədli dövlət proqramları çərçivəsində uğurla yerinə yetirilməkdədir. Uğurların əldə edilməsində özəl sektor əhəmiyyətli rol oynamaqdadır ki, bu da həyata keçirilən məqsədyönlü siyasət nəticəsində biznes mühitinin əlverişliliyinin artırılması ilə şərtlənmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev müxtəlif dövlət səviyyəli çıxışlarında da bildirmişdir ki, sahibkarlara dövlət dəstəyi artırılmalı və onların işinə əsassız müdaxilələrə son qoyulmalı, icra orqanları sahibkarlara kömək etməli, onların işinə qarışmamalı, dövlət strukturları yersiz yoxlamaları dayandırmalıdır. Hesab edir ki, onun üzərinə hesablanmış yüksək vergi fəaliyyətinin pozulmasına yönəlmişdir. Tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X4 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 20 may 2020-ci il tarixli, 2-1(116)-407/2020 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən İddiaçı və onun vəkili X3 apellyasiya şikayətinin təmin edilməsini, iş üzrə Şəki İnzibati Məhkəməsinin 20 may 2020ci il tarixli, 2-1(116)-407/2020 nömrəli qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etmişlər. Apellyasiya məhkəməsi iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı və onun vəkili X3 hazırkı məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə iddiaçı və onun vəkilinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbаycаn Respublikаsı İnzibаti Prosessuаl Məcəlləsinin 82-ci mаddəsinə görə, аpellyаsiyа instаnsiyаsı məhkəməsi mübаhisə ilə bаğlı işə şikаyət həddində və hüquqi məsələlər, hаbelə sübutlаr və fаktlаr (fаktiki hаllаr) əsаsındа mаhiyyəti üzrə tаm həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin bu Məcəllənin 12-ci mаddəsinin tələblərinə əsаsən yeni təqdim olunmuş sübutlаrı (sübutetmə vаsitələrini) və fаktlаrı (fаktiki hаllаrı) dа nəzərə аlır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə vergi məsuliyyətinə cəlb edilməsi haqqında” 25.11.2019-cu il tarixli **********028400 nömrəli qərarın qanunazidd olduğunu və həqiqəti əks etdirmədiyini sübut və bunu təsdiq edən sübutları təqdim edə bilmədiyindən, habelə məhkəmə araşdırması zamanı sözügedən qərarın qanunverciliyin tələblərinə əməl edilməklə qəbul edilməsi müəyyən edildiyindən iddia tələbi rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.29-cu maddəsinə əsasən, malların ixracı - gömrük qanunvericiliyinə uyğun olaraq ixrac malları hesab edilən malların Azərbaycan Respublikası ərazisindən çıxarılmasıdır. Həmin Məcəllənin 13.2.37-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti - şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətidir. Həmin Məcəllənin 13.2.55-ci maddəsinə əsasən, ticarət fəaliyyəti – istehsalçılar tərəfindən özlərinin istehsal etdiyi malların təqdim edilməsi istisna olmaqla, malların təqdim edilməsi ilə əlaqədar sahibkarlıq fəaliyyətidir. Həmin Məcəllənin 13.2.60-cı maddəsinə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalı - sənaye üsulu (o cümlədən xüsusi broyler təsərrüfatları, avtomatlaşdırılmış tövlə sistemləri və sair) da daxil olmaqla, heyvanların və quşların yetişdirilməsi, bəslənməsi, diri şəkildə olarkən onlardan məhsulların (ilkin formada, yarımfabrikat kimi istifadə olunaraq yeni məhsula çevrilmədən, kimyəvi tərkibi dəyişdirilmədən, konservləşdirilmədən) əldə edilməsi, bitkiçilik məhsullarının becərilməsidir. Həmin Məcəllənin 13.2.61-ci maddəsinə əsasən, kənd təsərrüfatı məhsullarının satışı – bu Məcəllənin məqsədləri üçün aşağıdakı tələblər çərçivəsində kənd təsərrüfatı məhsullarının təqdim edilməsi: - (13.2.61.1) istehsal olunan (o cümlədən sənaye üsulu ilə, xüsusi broyler təsərrüfatlarında, avtomatlaşdırılmış tövlə sistemlərində və digər yerlərdə) canlılar diri şəkildə, habelə onlardan diri şəkildə olarkən əldə edilmiş məhsullar ilkin formada, heç bir kimyəvi təsirə məruz qalmadan təqdim edilməlidir; - (13.2.61.2) bitkiçilik məhsulları və digər kənd təsərrüfatı məhsulları təqdim edilərkən təbiətdə olduğu ilkin formasını saxlamalı, kimyəvi tərkibi dəyişdirilməməli, konservləşdirilməməlidir. Vergi Məcəlləsinin 37.1-ci maddəsinə əsasən, kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.2-ci maddəsinə əsasən, kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Həmin Məcəllənin 37.2-1-ci maddəsinə əsasən, kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. Həmin Məcəllənin 37.3-ci maddəsinə əsasən, kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. Həmin Məcəllənin 37.4-ci maddəsinə əsasən, kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. 37.5-ci maddəsi ilə bu Məcəllənin 15.1.13-cü maddəsinə əsasən vergi ödəyicisindən xronometraj metodu ilə yeni müşahidə keçirilməsi barədə müraciət daxil olan dövrədək (vergi ödəyicisinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada fəaliyyətini dayandırdığı, xronometrajın keçirildiyi dövrü əhatə edən səyyar vergi yoxlamasının keçirildiyi hallar istisna olmaqla) xronometraj metodu ilə sonuncu müşahidənin nəticələri vergilərin hesablanması üçün əsas götürülə bilər. Həmin Məcəllənin 37.6-ci maddəsinə əsasən, kameral vergi yoxlaması zamanı vergi orqanı bu Məcəllənin 37.3-cü və 37.4-ci maddələrində müəyyən edilmiş qaydalara riayət etmədikdə, vergi ödəyicisinin səyyar vergi yoxlaması keçirilən zaman vergi orqanının təklifi əsasında həmin yoxlamanın keçirildiyi vaxta qədər yol verdiyi və kameral yoxlama zamanı müəyyən edilə bilən səhvləri (o cümlədən vergi məbləğlərinin düzgün hesablanmaması, vergi məbləğlərinin azaldılması və sair) 30 gün müddətində düzəltmək (aradan qaldırmaq) hüququ vardır və o, həmin müddət bitənədək, yol verdiyi vergi qanunvericiliyinin pozulmasına görə (faizlərin ödənilməsi istisna olmaqla) məsuliyyət daşımır. Vergi Məcəlləsinin 72.1-ci maddəsinə əsasən, bu Məcəllənin məqsədləri üçün vergi hesabatı vergi bəyannaməsindən ibarətdir. Həmin Məcəllənin 72.2-ci maddəsinə əsasən, bu Məcəlləyə və ona müvafiq olaraq qəbul edilmiş qanunlara uyğun olaraq vergi hesabatını verməyə borclu olan vergi ödəyiciləri vergi hesabatını bu Məcəllədə göstərilən müddətlərdə müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi formada və yerdə vergi orqanına verməlidirlər... Vergi hesabatları vergi ödəyicisi tərəfindən şəxsən və ya hesabatın təqdim edilməsi təsdiq oluna bilən hər hansı digər üsulla (rabitə təşkilatına təhvil verilməsi və ya müvafiq qanunvericiliyə uyğun olaraq elektron sənəd formasında göndərilməsi də daxil olmaqla) təqdim edilə bilər. Həmin Məcəllənin 72.5-ci maddəsinə əsasən, bu Məcəllənin 163-cü maddəsində nəzərdə tutulan hallar istisna olmaqla əvvəlki hesabat dövrləri üzrə təqdim edilmiş hesabatlardakı məlumatlar ilkin uçot sənədləri üzrə məlumatlara uyğun olmadığı hallarda vergi ödəyiciləri tərəfindən həmin hesabat dövrü üçün dəqiqləşdirilmiş hesabat təqdim edilməlidir. Dəqiqləşdirilmiş hesabat üzrə büdcəyə ödənilməli vergi məbləği əvvəl təqdim edilmiş hesabat üzrə büdcəyə ödənilməli vergi məbləğindən çox olduqda, əlavə hesablanmış vergi məbləği faizlərlə birlikdə büdcəyə ödənilir, az olduqda isə hesablanmış vergi və faiz məbləğləri azaldılır. Vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş və ya vaxtında təqdim edilməmiş hesabatlar vergi ödəyicisində səyyar vergi yoxlamasının başlandığı günədək təqdim edilə bilər. Qeyd edildiyi kimi, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsinə dair qərarı apellyasiya kollegiyası tərəfindən dəyişdirilmədən qüvvədə sаxlаnılmış, Ali Məhkəmənin İnzibati Kollegiyası isə iddiaçının kassasiya şikayəti əsasında apellyasiya kollegiyasının qərarını ləğv edərək işi təkrar apellyasiya baxışına qaytarmışdır. İPM-in 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəməsi üçün məcburidir. Hazırkı iş üzrə Ali Məhkəmənin İnzibati Kollegiyasının 18 noyabr 2020-ci il tarixli, 2- 1(102)-2000/2020 nömrəli qərarında qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi işə baxan zaman prosessual hüquq normalarının tələblərinə riayət etməmiş, işin hallarını xidməti vəzifəsinin tələb etdiyi qaydada tam və hərtərəfli araşdırmamışdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi qərarın əsaslandırıcı hisəsində Vergi Məcəlləsinin çoxsaylı normalarını sadalayaraq bildirmişdir ki, yuxarıda sadalanan hüquq normalarının məzmununudan da göründüyü kimi, iddiaçının vergidən azad olunmasını şərtləndirən hallar mövcud deyildir. İddiaçının istinad etdiyi Vergi Məcəlləsinin 102.1.11-ci maddəsini onun hüquq və vəzifələrini yüngülləşdirən formada təfsir etməsi maddənin “ruhunu” onun tətbiq edilmə formasından kənara çıxarmışdır. Əvvəlki apellyasiya baxışında məhkəmə kollegiyası bu qənaətə gəlmişdir ki, iddiaçı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə vergi məsuliyyətinə cəlb edilməsi haqqında” 25.11.2019-cu il tarixli **********028400 nömrəli qərarın qanunazidd olduğunu və həqiqəti əks etdirmədiyini sübut və bunu təsdiq edən sübutları təqdim edə bilmədiyindən, habelə məhkəmə araşdırması zamanı sözügedən qərarın qanunverciliyin tələblərinə əməl edilməklə qəbul edilməsi müəyyən edildiyindən birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbini rədd etmişdir. Məhkəmənin bu əsaslandırması tam olmamaqla yanaşı qanunauyğun deyildir. Çünki, əvvəla məhkəmənin verilmiş iddia tələbi üzrə sübutetmə yükünü iddiaçıya aid etməsi İPMnin 14.1-ci maddəsinin tələblərinə ziddir. Bu normaya əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Azərbaycan Respublikası İPM-in 12-ci maddəsində müəyyən olunmuş işin hallarının araşdırılması prinsipinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Bu prinsip məhkəmədən tələb edirdi ki, mübahisələndirilən qərarın qanuniliyini yalnız iddiaçının irəli sürdüyü dəlillər əsasında deyil, tam yoxlasın. Məhkəmə iddiaçının kənd tətsərrüfatı məhsullarının istehsalı ilə məşğul olduğuna görə vergidən azad edildiyi barədə dəlilini rədd etməkdə haqlı olmuş, lakin sonrakı yoxlamanı tamamlamamışdır. Belə ki, mübahisələndirilən qarardan göründüyü kimi, vergi orqanı tərəfindən iddiaçının 2017-ci ilə dair hesabat dövrü üzrə kameral vergi yoxlaması keçirilmişdir. Buna görə də cavabdehin qərarı, Vergi Məcəlləsinin kameral vergi yoxlamasının əsaslarını və keçirilməsi qaydalarını müəyyən edən 37-ci maddəsinin şərtləri əsasında yoxlanmalıdır. Cavabdehin iddia ərizəsinə qarşı yazılı etirazında gəstərilmişdir ki, kameral vergi yoxlaması üçün əsas - iddiaçının 02.05.2018-ci il tarixdə təqdim etdiyi 2017-ci ilin gəlir vergisi bəyannaməsində ödəməli olduğu gəlir vergisinin az göstərilməsi olmuşdur. Vergi Məcəlləsinin 37.2-ci maddəsinə əsasən bu halda kameral vergi yoxlaması vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilə bilərdi. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Lakin iş materialları ilə vergi orqanının bu tələblərə əməl olunmasını müəyyən etmək mümkün deyildir. İş materiallarına iddiaçıya dəqiqləşdirilmiş hesabatın verilməsinin təklif olunması barədə sənəd əlavə olunmamışdır. Əgər həqiqətən də kameral yoxlama bəyannamənin 02.05.2018-ci il tarixdə təqdim edilməsindən bir ay müddətinə başlanmışsa, qərarın 25.11.20019-cu ildə, yəni 1 il 5 ay sonra qəbul edilməsinin səbəbləri bilinmir. Bundan başqa, iddiaçı kameral qaydada verginin hesablanmasının qanunsuzluğunu təkcə kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşgul olması əsası ilə deyil, həm də şərti rentabellik tətbiq olunmaqla hesablanmasını da mübahisələndirmişdir. İş üzrə Ali Məhkəmənin İnzibati Kollegiyasının 18 noyabr 2020-ci il tarixli, 2-1(102)- 2000/2020 nömrəli qərarından göründüyü kimi, kassasiya instansiyası məhkəməsi iddiaçının kənd tətsərrüfatı məhsullarının istehsalı ilə məşğul olduğuna görə vergidən azad edildiyi barədə dəlilini əsassız, həmin dəlilin qəbuledilməz olması ilə bağlı aşağı instansiya məhkəmələrinin mövqeyini haqlı hesab etmişdir. Ali Məhkəmənin İnzibati Kollegiyasının 18 noyabr 2020-ci il tarixli, 2-1(102)- 2000/2020 nömrəli qərarının göstərişləri kontekstində işi yenidən araşdıran məhkəmə kollegiyası hesab edir ki, iddiaçı kameral qaydada verginin şərti rentabellik tətbiq olunmaqla hesablanmasını mübahisələndirməkdə haqlı deyildir və vergi orqanının iddiaçının üzərinə vergini şərti rentabellik tətbiq etməklə hesablaması qanunvericiliyin tələbinə uyğun olmuşdur. Belə ki, iddiaçı 02.05.2018-ci il tarixdə təqdim etdiyi 2017-ci ilin gəlir vergisi bəyannaməsində dövriyyəsini 4064701,68 manat, xərclərini isə 4056000,0 manat, vergiyə cəlb edilən gəlirini 8701.68 manat, gəlir vergisini 1740.34 manat göstərmişdir. Kameral vergi yoxlaması başa çatdıqdan sonra iddiaçı xərclərini təsdiq edən “malların alış aktları”nı vergi orqanına təqdim etmişdir. Həmin aktlarla tanış olduqda məlum olmuşdur ki, onlar “xxxx” MMC tərəfindən çap edilmişdir. “xxxx” MMC 2017-ci ilin noyabr ayında İddiaçı üçün HAN seriyalı 001251-001300 nömrələrlə (50 ədəd) və 2019-cu ilin iyul ayında HAN seriyalı 003901-004050 nömrələrlə (150 ədəd) “malların alış aktı” blanklarını çap etmişdir. HAN seriyalı 001251-001300 saylı malların alış aktları 2017-ci ilin noyabr ayında çap edilsə də, iddiaçının vergi orqanına təqdim etdiyi həmin aktlarda malların alınma tarixi 2017-ci ilin sentyabr və oktyabr ayları qeyd edilmişdir. Həmçinin HAN seriyalı 003901-004050 saylı malların alış aktları 2019-ci ilin iyul ayında çap edilsə də, iddiaçının vergi orqanına təqdim etdiyi həmin aktlarda malların alınma tarixi 2017-ci ilin sentyabr, oktyabr, noyabr və dekabr ayları qeyd edilmişdir. Göründüyü kimi, malların alış aktları həmin mallar alınan vaxtlarda deyil, sonradan geriyə tarixlərlə tərtib olunmuşdur. Ona görə də vergi orqanı (cavabdeh) haqlı olaraq iddiaçının təqdim etdiyi malların alış aktlarını saxta, qeyri-mötəbər sənədlər hesab etmiş, onları xərcləri təsdiq edən sənədlər kimi qəbul etməmişdir. Kameral qaydada vergi hesablaması aparıldıqdan sonra iddiaçı tərəfindən saxta xərc sənədlərinin hazırlanıb təqdim edilməsi vergi orqanına gəlir vergisini Vergi Məcəlləsinin 37, 67 və 83-cü maddələrinin müddəalarına uyğun olaraq hesablamaq hüququ vermişdir. Vergi Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini bu maddədə göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Həmin Məcəllənin 67.2-ci maddəsinə əsasən, vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün bu maddədə göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: Həmin Məcəllənin 67.9 və 67.14-cü maddələrinə əsasən, əlaqəli məlumatlara əsasən hesablanmış vergilərə dair bəyannamələr vergi orqanına təqdim edildikdən sonra, hesablanmış vergilər bəyannamələr nəzərə alınmaqla yenidən hesablanır. Bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Vergi Məcəlləsinin 83.9-cu maddəsinə görə, vergi ödəyicisinin əldə etdiyi mənfəəti mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. İddiaçı tərəfindən sahibkarlıq fəaliyyəti zamanı çəkilmiş xərclərə dair təqdim olunan sənədlər qəbuledilən (mötəbər) olmadığından cavabdeh Vergi Məcəlləsinin 83.9-cu maddəsinə müvafiq olaraq iddiaçının xərclərini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 55 saylı Qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”na uyğun hesablamışdır. Həmin Qaydaların 6.1-ci bəndinə görə, vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda vergi orqanı şərti rentabellik norması əsasında onun mənfəətini (gəlirini) şərti üsulla müəyyən edir. Bu zaman M1 = G1 : ( 100 + R) x R düsturu tətbiq olunur. Burada: M1 - vergi ödəyicinin mənfəəti; G1 - vergi ödəyicisinin fəaliyyətindən əldə etdiyi gəlir; R - şərti rentabellik normasıdır. Qaydaların 6.1.3-cü bəndinə əsasən, vergi ödəyicisinin mənfəəti şərti üsulla müəyyən edilərkən şərti rentabellik norması (R) 20 faiz səviyyəsində götürülür. İddiaçı vergi orqanına təqdim etdiyi 2017-ci ilin gəlir vergisi bəyannaməsində dövriyyəsini özü 4064701,68 manat məbləğində göstərmişdir. Qeyd edilən düstur əsasında iddiaçının həmin dövriyyədən əldə etdiyi gəlirin 677450,28 manat məbləğində olması, bu gəlirdən isə 20 faizinin (gəlir vergisinin dərəcəsi), yəni 135490,0 manat məbləğin dövlət büdcəsinə ödənilməli olan gəlir vergisini təşkil etməsi müəyyən olunur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, vergi orqanı (cavabdeh) tərəfindən iddiaçının üzərinə hesablanan gəlir vergisinin həcmi və onun hesablanması üsulu qanuni və əsaslı olmuşdur. Qeyd edildiyi kimi, Vergi Məcəlləsinin 37.2-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilə bilər. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Digər tərəfdən, Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən, vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Vergi ödəyicisi tərəfindən bu maddədə göstərilən müddətdə təqdim edilən vergi bəyannaməsi üzrə vergi orqanı tərəfindən vergilərin hesablanması bu Məcəllənin 37.2-ci maddəsində göstərilən müddətdə həyata keçirilir. Həmin Məcəllənin 85.5-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. İstinad edilən normaların mahiyyətindən göründüyü kimi, vergi ödəyicisi vergi orqanına vergi bəyannaməsi təqdim edəndən və həmin bəyannamə üzrə kameral vergi yoxlaması nəticəsində vergi orqanı tərəfindən vergi hesablanandan sonra 3 il ərzində vergi ödəyicisinin sözügedən vergi üzrə dəqiqləşdirilmiş bəyannamə təqdim etmək və verginin yenidən hesablanmasını tələb etmək hüququ vardır. Təqdim edilən dəqiqləşdirilmiş bəyannamə üzrə vergi orqanı tərəfindən vergilərin hesablanması (yenidən hesablanması) bu Məcəllənin 37.2-ci maddəsində göstərilən müddətdə həyata keçirilməlidir. İşdən görünür ki, iddiaçı 02.05.2018-ci il tarixdə təqdim etdiyi 2017-ci ilin gəlir vergisi bəyannaməsində gəlir vergisini 1.740,34 manat göstərmiş, həmin bəyannamə üzrə vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilən verginin məbləği 135.490,05 manat olmuş və “Vergilərin hesablanması barədə” 22.05.2018-ci il tarixli **********895000 nömrəli qərara əsasən iddiaçıya 133.749,71 manat əlavə vergi hesablanmışdır. Bundan sonra, 01.06.2018-ci il tarixdə iddiaçı tərəfindən 2017-ci ilin gəlir vergisinə dair dəqiqləşdirilmiş bəyannamə təqdim olunmuş, bu bəyannamə üzrə vergi orqanı tərəfindən 01.06.2018-ci il tarixli **********528600 nömrəli “Vergilərin hesablanması barədə” yeni qərar qəbul edilmiş, həmin qərarla iddiaçıya 133.749,71 manat əlavə hesablanmış vergi məbləği qüvvəsində saxlanılmış və 22.05.2018-ci il tarixli **********895000 nömrəli əvvəlki qərar ləğv edilmişdir. Bundan sonra, iddiaçı 06.08.2018-ci il tarixdə yenə də 2017-ci ilin gəlir vergisinə dair dəqiqləşdirilmiş bəyannamə təqdim etmiş, bu bəyannamə üzrə vergi orqanı tərəfindən 06.08.2018-ci il tarixli **********017800 nömrəli “Vergilərin hesablanması barədə” yeni qərar qəbul edilmiş, həmin qərarla iddiaçıya 133.749,71 manat əlavə hesablanmış vergi məbləği yenə də qüvvəsində saxlanılmış və 01.06.2018-ci il tarixli **********528600 nömrəli əvvəlki qərar ləğv edilmişdir. Bundan sonra, iddiaçı 17.09.2019-cu il tarixdə yenidən 2017-ci ilin gəlir vergisinə dair dəqiqləşdirilmiş bəyannamə təqdim etmiş, bu bəyannamədə gəlir vergisini 6.275,02 manat göstərmiş, bəyannamə üzrə kameral yoxlama zamanı ödənilməli verginin məbləği yenə də 135.490,05 manat müəyyən olunmuş, ona görə də vergi orqanı 15.10.2019-cu il tarixli **********036000 nömrəli “Vergilərin hesablanması barədə” yeni qərar qəbul edərək iddiaçıya 129.215,03 manat əlavə vergi hesablanmış və 06.08.2018-ci il tarixli **********017800 nömrəli əvvəlki qərarı ləğv etmişdir. Bundan sonra, iddiaçı 08.11.2019-cu il tarixdə yenə də 2017-ci ilin gəlir vergisinə dair dəqiqləşdirilmiş bəyannamə təqdim etmiş, bu bəyannamə üzrə vergi orqanı tərəfindən 25.11.2019-cu il tarixli **********028400 nömrəli “Vergilərin hesablanması barədə” yeni qərar qəbul edilmiş, həmin qərarla iddiaçıya 129.215,03 manat əlavə hesablanmış vergi məbləği qüvvəsində saxlanılmış və 15.10.2019-cu il tarixli **********036000 nömrəli əvvəlki qərar ləğv edilmişdir. Bundan sonra isə iddiaçı tərəfindən 2017-ci ilin gəlir vergisinə dair bəyannamə üzrə vergi orqanının (cavabdehin) 25.11.2019-cu il tarixli **********028400 nömrəli “Vergilərin hesablanması barədə” sonuncu qərarı məhkəmə qaydasında mübahisələndirilmişdir. Göründüyü kimi, iddiaçı 1 il 5 ay ərzində dəfələrlə (5 dəfə) 2017-ci ilin gəlir vergisinə dair dəqiqləşdirilmiş bəyannamələr təqdim etmiş və vergi orqanı hər dəfə yenidən təqdim olunmuş (yenilənmiş) bəyannamə üzrə kameral yoxlama aparıb yeni qərar qəbul etmək məcburiyyətində olmuşdur. Bu hal eyni kameral yoxlamanın 1 il 5 ay ərzində davam etməsi kimi qiymətləndirilə bilməz. İddiaçı tərəfindən dəqiqləşdirilmiş bəyannamələrin təqdim edildiyi vaxtdan vergi orqanı tərəfindən aparılmış kameral yoxlama və vergilərin hesablanması (yenidən hesablanması) Vergi Məcəlləsinin 37.2-ci maddəsində müəyyən olunan müddətə riayət edilməklə həyata keçirilmişdir. Şərh edilənlərə müvafiq olaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı inzibati iş üzrə iddia tələbini təmin etməməklə düzgün hüquqi nəticəyə gəlmiş, apellyasiya şikayətinin dəlilləri isə əsaslı deyildir. Kollegiyanın qənaətincə, vergi orqanının (cavabdehin) iddiaçı tərəfindən mübahisələndirilən qərarı qanuni və əsaslıdır, iddiaçının irəli sürdüyü dəlillər həmin qərarın ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsas müəyyən etməyərək bu qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı İnzibаti Prosessuаl Məcəlləsinin 87, 89, 90, 94-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki İnzibati Məhkəməsinin 20 may 2020-ci il tarixli, 2-1(116)-407/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərаrdаn surəti rəsmi qaydada çatdırıldıqdan sonra 1 аy müddətində Şəki Apellyаsiyа Məhkəməsi vаsitəsilə Azərbаycаn Respublikаsı Ali Məhkəməsinə kassasiya şikаyəti verilə bilər. İş üzrə sədrlik edən hakim: Mirbahəddin Hüseynov
Məhkəmə qərarları › İş №2-1(107)-155/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-155/2021
07.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver