Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-155/2025 14.01.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik еdən və məruzəçi), X4 və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Əhmədov Fərid Vidadi oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “cavabdehin qanunsuz əməlləri nəticəsində ona dəymiş 2700 manat məbləğində maddi və 5000 manat məbləğində mənəvi zərərin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-1481/2022 nömrəli qərardadından iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunma barədə vəsatət vermiş şəxslər Maraqlı şəxs2 və Maraqlı şəxs1 tərəfindən verilmiş apellyasiya şikаyətlərinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh SHXÇDX-nin Zərdab rayon bölməsinə qarşı məhkəmə müraciət edərək “cavabdehin qanunsuz əməlləri nəticəsində ona dəymiş 2700 manat məbləğində maddi və 5000 manat məbləğində mənəvi zərərin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 2-1(116)-1481/2022 saylı, 25 oktyabr 2022-ci il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zərdab rayon bölməsinin üzərinə 2700 (iki min yüz) manat məbləğində maddi ziyan, 1000 (min) manat məbləğində mənəvi ziyanın İddiaçı ödənilməsi öhdəliyinin qoyulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
3. Eyni zamanda məhkəmənin həmin tarixli qərardadı ilə Maraqlı şəxs2 və Maraqlı şəxs1 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi ilə bağlı iddiaçının vəsatəti təmin edilməmişdir.
4. Cavabdeh orqan Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)- 1481/2022 nömrəli qərarından apellyasiya şikayəti vermiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-130/2023 nömrəli, 11 oktyabr 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, iddia tələbi qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı 2700 (iki min yeddi yüz) manat məbləğində maddi ziyan, 1000 (bir min) manat məbləğində mənəvi ziyanın İddiaçı ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zərdab rayon bölməsinin üzərinə qoyulması hissədə dəyişdirilmiş, cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin üzərinə 2700 (iki min yeddi yüz) manat məbləğində maddi ziyan, 1000 (bir min) manat məbləğində mənəvi ziyanın İddiaçı ödənilməsi öhdəliyi qoyulmuşdur.
5. Cavabdeh həmin qərardan kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 14 fevral 2024-cü il tarixli, 2-1(102)-606/2024 nömrəli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-130/2023 nömrəli, 11 oktyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
6. Bundan sonra inzibati iş üzrə yekun məhkəmə aktı qəbul edildikdən sonra Maraqlı şəxs2 və Maraqlı şəxs1 birinci instansiya məhkəməsinə vəsatət təqdim edərək bildirmişlər ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Hüquq İdarəsinin rəisi ədliyyə polkovniki Bəxtiyar Hacıyevin adından 24 iyun 2024-cü il tarixli 3-43-96/2-338/2024 nömrəli məktub onun qeydiyyatda olduğu və yaşadığı ünvana (Zərdab rayonu, Məlikli kəndi) göndərilmişdir.
7. Məktubda İddiaçı 2022-ci ildə iddia ilə məhkəməyə müraciət etdiyi və Şəki inzibati Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli 2-1(116)-1481/2022 nömrəli qərarı ilə iddiasının qismən təmin olunduğu, SHXÇDX-nin Zərdab rayon bölməsi tərəfindən 2700 (iki min yeddi yüz) manat məbləğində maddi ziyan, 1000 (min) manat məbləğində mənəvi ziyanın İddiaçı ödənilməsini qərara alındığı, həmin məbləğin Xidmət tərəfindən ödənildiyi və bu əsaslarla, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114.1-ci maddəsinə görə, başqa şəxsin vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında yuxarıda göstərilən məbləğin Xidmət tərəfindən ondan geriyə tələb olunmuşdur.
8. Birinci instansiya məhkəməsi iclasında üçüncü şəxs qismində cəlb edilmə barədə vəsatət vermiş Maraqlı şəxs2 vəsatətlə eyni məzmunlu izahat verərək bildirmişdir ki, Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(116)-1481/2022 nömrəli iş üzrə qəbul edilmiş məhkəmə aktının onun qanunla qorunan maraqlarına toxunur, buna görə də iş üzrə üçüncü şəxs qismində icraata cəlb olunmaqla iddia tələbinə mahiyyəti üzrə yenidən baxılmasını xahiş etmişdir.
9. Şəki İnzibati Məhkəməsinin 25 oktyabr 2024-cü il tarixli, 2-1(116)-1481/2022 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “cavabdehin qanunsuz əməlləri nəticəsində ona dəymiş 2700 manat məbləğində maddi və 5000 manat məbləğində mənəvi zərərin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Maraqlı şəxs2 və Maraqlı şəxs1 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmələri haqqında vəsatətləri mümkün sayılmamışdır.
10. Üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunma barədə vəsatət vermiş şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 Şəki İnzibati Məhkəməsinin 25 oktyabr 2024-cü il tarixli, 2-1(116)-1481/2022 nömrəli qərardadından ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək Şəki İnzibati Məhkəməsinin 25 oktyabr 2024-cü il tarixli 2-1(116)-1481/2022 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişlər.
Apellyasiya şikayətinin dəlilləri
11. Apellyasiya şikayətləri onunla əsaslandırılmışdır ki, Şəki İnzibati Məhkəməsinin qərardadı ilə onların üçüncü şəxs qismində cəlb edilmələri mümkün sayılmamışdır. Həmin qərardadda qeyd olunub ki, xx.xx.2022-ci il tarixli qərarı onların maraqlarına toxunmur, lakin həmin məhkəmə aktlarına əsasən onlardan pul tutulması ilə bağlı Zərdab Rayon Məhkəməsinə iddia ərizələri ilə müraciət olunmuş, bu hal isə birbaşa onlara aiddir. İddiaçı xeyrinə tutulmuş məbləğ onlardan tutulacaqdır. Məhkəməyə cəlb olunmadığından özlərini müdafiə etmək hüququndan məhrum olmuşlar. Öz sübütlarını dəlillərini məhkəməyə təqdim edə bilməmişlər. Belə olan halda məhkəmə qərardadında iştirakları formal sayıla bilməz, çünki birbaşa onun maddi durumunun dəyişməsinə gətirib çıxaracaqdır.
Tərəflərin izahatları
12. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunma barədə vəsatət vermiş şəxslər məhkəmə iclasına gəlməmişlər, Maraqlı şəxs1 məhkəməyə teleqram göndərərək xəstəliyini və yaşını nəzərə alaraq prosesin iştirakı olmadan qanunamüvafiq qaydada həyata keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllə: Maddə 11.2. Məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Maddə 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 28.1. İş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Maddə 28.2. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). Maddə 28.3. Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb edilməsi barədə məhkəmə qərardadı inzibati prosesin bütün iştirakçılarına təqdim olunmalıdır. Qərardadda məhkəmə tərəfindən baxılan işin halları və cəlbetmənin səbəbləri göstərilməlidir. Maddə 28.4. İnzibati məhkəmə icraatına cəlbetmə barədə məhkəmə qərardadından şikayət verilə bilməz. Maddə 28.5. Məhkəmə tərəfindən xidməti vəzifəsinə əsasən məhkəmə icraatına cəlb olunmamış şəxslər, qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağını güman etdikləri hallarda məhkəmə icraatına cəlbetmə barədə vəsatət qaldıra bilərlər. Məhkəmə həmin vəsatət barəsində 10 gün müddətində qərardad qəbul edir. Vəsatətin təmin edilməsindən imtina haqqında qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 35.1 Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
14. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2017-ci il tarixli qərarı
15. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarı:
Apelyasiya şikayətinin mümkünlüyü
16. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
17. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayətləri təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
18. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətlərində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərardadında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
19. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
20. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərardadın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.
21. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2017-ci il tarixli qərarında qeyd edilmişdir ki, inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxsin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsindən və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsindən irəli gələn məhkəməyə müraciət etmək hüququnun tənzimlənməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin.. Məsələ qanunvericilik qaydasında həll edilənədək Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsində və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxs, hüquqları və qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulduğu hallarda inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilə bilər. Belə cəlbetmə bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.1-ci maddəsinə uyğun həll edilməlidir.
22. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun İPM-in 28-ci maddəsinin şərh edilməsinə dair formalaşdırdığı hüquqi mövqeyinə görə məhkəmə qanuni qüvvəyə minmiş qərarın ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edərkən qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulub-pozulmamasına xüsusi diqqət yetirməlidir.
23. Həmin Qərarda qeyd edilmişdir ki, göründüyü kimi, inzibati prosessual qanunvericiliyin tələblərinə görə, inzibati işə baxan məhkəmə işi hərtərəfli araşdıraraq mübahisənin düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən bütün hallara qiymət verməli və mübahisə üzrə gələcəkdə qəbul ediləcək qərarın digər şəxslərin hüquq və mənafelərinə toxuna biləcəyini araşdırmalıdır.
24. Hazırkı işə baxan birinci instansiya məhkəməsi də həmin mövqeyə uyğun olaraq vəsatətlərə münasibətdə işin hallarını araşdırmış, işi hərtərəfli araşdıraraq mübahisənin düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən bütün hallara qiymət vermiş, mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarının ərizəçilərin hüquq və mənafelərinə toxuna biləcəyini araşdırmış və hesab etmişdir ki, ərizəçilərin hüquqları və qanunla qorunan maraqları pozulmamışdır.
25. Apellyasiya şikayətlərinin dəlillərində məhkəmə qərarının ərizəçilərin hüquqlarına toxunduğu qeyd edilsə də, işin müəyyən edilmiş hallarından da görünür ki, hazırki vəziyyətdə qəbul olunmuş məhkəmə qərarının hansı hissədə onların hüquqlarına və ya qanuni mənafeyinə toxunmasını, yəni hüquqları və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulduğuna dair sübutları məhkəməyə təqdim etməmiş, eləcə də maraqlarına toxunma ehtimalının nədə ifadə olunduğunu göstərməmişlər.
26. Kollegiya daha sonra bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır.
27. İş materialları ilə müəyyən edilir ki, Maraqlı şəxs2 və Maraqlı şəxs1 ilkin iddia ərizəsində iddiaçı, üçüncü şəxslər olaraq qeyd etmiş, onların üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi zərurətini Zərdab rayon Çağırış komissiyasının hərbi həkim komissiyasında tibbi müayinə olunarkən həmin komissiyanın həkim-ftiziatrı Maraqlı şəxs1 “Tibbi şəhadətləndirmə zamanı müayinələrin aparılma metodikası haqqında” Təlimatın 20-ci maddəsinin tələblərini pozması, ElmiTədqiqat X6 İnstitutundan Zərdab rayonuna ezam edilmiş Flüoromobildə xx.xx.2014-cü ildə çəkilmiş İddiaçı flüroqramında onun ağ ciyərlərinin aşağı payında ocaqlı dəyişikliklərin olması göründüyü halda etinasızlıq edərək həmin şəkli düzgün oxumaması və beləliklə də, onda olan “hər iki ağ ciyərin aşağı payının ocaqlı vərəmi, sorulma və bərkimə mərhələsində, KB(-) mənfi” xəstəliyini aşkar etməmələri, onun hərbi xidmətə yararlı olmasına dair yanlış rəy vermələri və Zərdab rayon Çağırış Komissiyasının üzvü -hərbi həkim Komissiyasının sədri Maraqlı şəxs2, həkim-fıtiziatrı Maraqlı şəxs1 intizam məsuliyyətlərinə cəlb olunmaları ilə bağlı 5/358-15 saylı araşdırma materialı üzrə qəbul edilmiş “cinayət işi başlanmasının rədd edilməsi haqqında” 02 iyun 2015-ci il tarixli qərarının qəbul edilməsi ilə əsaslandırmışdır.
28. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq müvafiq qeydi iddiaçının vəsatəti olaraq qəbul etmiş, iş üzrə qəbul ediləcək qərarın həmin şəxslərin maraqlarına toxunulması, onların hüquq və vəzifələrin yaradılması, təsdiq və ya müəyyən olunması, dəyişdirilməsi və ya ləğv edilməsinə səbəb olmadığından (hüquqi statuslarına həmin qərarla birbaşa təsir edilməmişdir), həmin şəxslərin mübahisəyə formal aidiyyətləri nəzərə alınaraq Maraqlı şəxs2 və Maraqlı şəxs1 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi ilə bağlı iddiaçının vəsatətini təmin etməmişdir.
29. Azərbaycan Respublikası Ali Məhkəməsinin 17 fevral 2022-ci il tarixli, 01/2022 №-li Qərardadında qeyd edildiyi kimi mübahisə üzrə əhəmiyyət kəsb edən sırf hansısa halları aydınlaşdırmaq üçün, eləcə də yalnız baxılan məsələyə formal aidiyyətinin olduğuna istinadla üçüncü şəxs qismində cəlbetmə həyata keçirilə bilməz (58).
30. Həmin qərardadda ifadə olunmuş hüquqi mövqe ondan ibarətdir ki: - 38. Cəlbetmə üçün həlledici olan məsələlərdən biri də qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının mübahisə tərəfləri olmayan digər şəxslərin qanunla qorunan maraqlarına toxunma halını yaratmasıdır. Belə olan halda, qanunla qorunan maraqlara nəyin aid edilə biləcəyinə aydınlıq gətirilməlidir. Maraqların maddi hüquqla müəyyən olunduğu nəzərə alındıqda qanunla qorunan maraq kimi maddi hüquq norması əsasında tanınmış maraqlar çıxış edirlər. Başqa sözlə, diqqət yetirilməli olan hal ondan ibarətdir ki, konkret baxılan iş üzrə mübahisənin həlli ilə bağlı tətbiq edilən və ya edilməli olan maddi hüquq normalarından hər hansı biri üçüncü şəxsin mənafeyini bu və ya digər dərəcədə müdafiə edirmi? Bu mənada, mütləq nəzərə almaq lazımdır ki, üçüncü şəxs qismində icraata qoşula bilmək üçün şəxsin hüquqları hüquqi mənada qorunmalıdır, yəni mübahisənin həlli ilə əlaqədar tətbiq edilən və ya edilməli olan konkret maddi-hüquq normalarından hər hansı biri şəxsin mənafeyinin bu və ya digər dərəcədə müdafiəsi məqsədini güdməlidir. Hüquqi maraq müəyyən olunmadan, sırf məhkəmə qərarının çıxarılmasından sonra yaranacaq iqtisadi, sosial, mənəvi və ya başqa faktiki maraqların mövcudluğu cəlbetmə üçün yetərli deyildir. - 42. Zəruri cəlbetmə halının mövcudluğu üçün üçüncü şəxsin mübahisəli hüquq münasibətində bilavasitə iştirakı tələb olunur. Çünki İPM-in 28.2-ci maddəsinin tələblərinə əsasən zəruri cəlbedilən mübahisəli hüquq münasibətinin bilavasitə iştirakçısı olmalıdır. Bundan başqa, çıxarılacaq məhkəmə qərarı həm icraatın tərəflərinə, həm də üçüncü şəxsə münasibətdə vahid qərarın qəbul edilməsini şərtləndirməlidir. Adi cəlbetmə ilə zəruri cəlbetməni fərqləndirmək üçün əsas meyar zəruri cəlbetmədə vahid qərarın qəbul olunmasının vacibliyidir. Burada əsas fərq ondan ibarətdir ki, cəlb edilməsi zəruri olan üçüncü şəxslərin daxil olduğu mübahisəli hüquq münasibəti ilə əlaqədar məhkəmə yalnız belə şəxslər cəlb edildikdən sonra işə baxa və həmin şəxslər daxil olmaqla prosesin bütün tərəflərinə münasibətdə yekun və ədalətli qərar verə bilər. Zəruri cəlbetmə halında üçüncü şəxslər mübahisəli hüquq münasibətinin elə tərəfi olmalıdırlar ki, məhkəmə qərarı prosesin tərəfləri ilə birlikdə üçüncü şəxslərin də mütləq iştirakı ilə bütün tərəflərə münasibətdə vahid formada qəbul edilə bilsin. Bu hal o zaman mövcud olur ki, məhkəmə qərarını birbaşa olaraq üçüncü şəxslərin hüquqlarına müdaxilə etmədən effektiv şəkildə qəbul etmək mümkün olmur. - 43. Vahid qərardan isə o zaman söz edilə bilər ki, çıxarılmış qərar üçüncü şəxsin hüquqi statusuna birbaşa təsir edə bilsin. Əgər məhz məhkəmə qərarının çıxarılması nəticəsində hüquq və vəzifələrin yaradılması, təsdiq və ya müəyyən olunması, dəyişdirilməsi və ya ləğv edilməsi baş verirsə, hüquqi statusa həmin qərarla birbaşa təsir edilmiş olur. Qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının mübahisənin tərəfi olmayan digər şəxslərin hüquqi statuslarına göstərəcəyi mümkün təsirin dərəcəsi və intensivliyi cəlbetmənin adi, yaxud zəruri olduğunun müəyyənləşdirilməsi baxımından önəm kəsb edə bilər. Təsirin yüksək dərəcəsi və müdaxilə intensivliyinin çoxluğu bir qayda olaraq zəruri cəlbetmənin mövcudluğuna işarə edir. Beləliklə, əgər aidiyyəti olan şəxsin hüquqi statusuna birbaşa təsir və ya müdaxilə etmədən məhkəmə qərarını qəbul etmək mümkün deyilsə, o zaman hüququna müdaxilə edilməsi nəzərdə tutulan şəxs zəruri cəlbetmə qaydasında icraatda iştiraka cəlb olunmalıdır. - 48. Beləliklə, adi və ya zəruri cəlbetmə ya prosesə qoşulmaq istəyən, lakin həmin vaxt icraat iştirakçısı statusuna malik olmayan şəxsin özünün vəsatəti əsasında, ya məhkəmə icraatı iştirakçılarından (iddiaçı, cavabdeh və ya artıq cəlb edilmiş digər üçüncü şəxsin) birinin vəsatəti üzrə, yaxud da məhkəmənin özünün təşəbbüsü əsasında həyata keçirilə bilər. Şəxsin özü və ya məhkəmə icraatının iştirakçıları cəlbetmə barədə verdikləri vəsatətlərində hansı qaydada (adi və ya zəruri cəlbetmə) icraata qoşulmanın həyata keçirilməsini istədiklərini dəqiq göstərməli, eləcə də vəsatətlərini lazımi qaydada əsaslandırmalı, yəni qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağına dair dəlil və sübutlarını təqdim etməlidirlər. Əgər vəsatətlər verilərkən bu tələblərə riayət olunmursa, o halda, məhkəmə İPM-in 48-ci maddəsinə uyğun olaraq xidməti vəzifəsinin tələb etdiyi yardım etməni həyata keçirməlidir. Belə yardım etmə vəsatətlə bağlı yuxarıda qeyd edilən halların müəyyənləşdirilməsini təmin etməyə yönəlməlidir. - 53. İPM-in 28.3 və 28.5-ci maddələrinə əsasən istər cəlbetmə, istərsə də cəlbetmədən imtina haqqında məhkəmə ayrıca akt formasında qərardad çıxarmalıdır. Həmin qərardadlarda işin halları, cəlbetmənin və ya cəlbetmədən imtinanın səbəbləri göstərilməli, xüsusən qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunub-toxunmadığına dair məhkəmənin mövqeyi lazımi qaydada əsaslandırılmalıdır. Bundan başqa, məhkəmənin qərardadında həyata keçirilmiş cəlbetmənin adi, yoxsa zəruri cəlbetmə olduğunu mütləq göstərməlidir. Cəlbetmə barədə, eləcə də cəlbetməyə dair vəsatətin təmin edilməsindən imtina edilməsi haqqında qərardad İPM-in 28.3-cü maddəsinə əsasən inzibati prosesin bütün iştirakçılarına lazımi qaydada təqdim olunmalıdır. İPM-in 28.4-cü maddəsinə əsasən inzibati məhkəmə icraatına cəlbetmə barədə qərardaddan şikayət verilə bilməz. Bunun əksinə olaraq, cəlbetməyə dair vəsatətin təmin edilməsindən imtina edilməsi haqqında qərardaddan isə şikayət verilə bilər. - 58. Cəlbetmənin həyata keçirilməsi yalnız qanunvericilikdə təsbit olunmuş müvafiq əsasların mövcudluğu müəyyən olunduğu halda mümkündür. Buna görə, mübahisə üzrə əhəmiyyət kəsb edən sırf hansısa halları aydınlaşdırmaq üçün, eləcə də yalnız baxılan məsələyə formal aidiyyətinin olduğuna istinadla üçüncü şəxs qismində cəlbetmə həyata keçirilə bilməz. Məhkəmələr işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən halların aydınlaşdırılmasını zəruri hesab edirlərsə, bunu, üçüncü şəxs qismində cəlbetmə aparmaqla deyil, prosessual qanunvericilikdə kifayət qədər geniş həcmdə təsbit olunmuş digər müvafiq imkanlardan zəruri sənədləri toplamaq, inzibati orqanlardan və digər təşkilatlardan rəy və mülahizələr almaq, tələb olunan sənədlərin təqdim olunması barədə sərəncam vermək, ekspert və mütəxəssis rəyləri almaq, yerində baxış keçirmək və.s istifadə etməklə həyata keçirməlidirlər. ”
31. Göründüyü kimi, Maraqlı şəxs2 və Maraqlı şəxs1 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi ilə bağlı hazırda qaldırdığı məsələyə artıq məhkəmənin 25 oktyabr 2022-ci il tarixli, 2-1(116)-1481/2022 nömrəli qərardadı ilə hüquqi qiymət verilmiş və vəsatət təmin edilməmişdir.
32. Ərizəçilər apellyasiya şikayətlərini Xidmət tərəfindən ödənilən məbləğin onlardan geriyə tələb olunması ilə əsaslandırmışlar. Məhkəmənin 25 oktyabr 2022-ci il tarixli, 2- 1(116)-1481/2022 nömrəli qərardadı ilə cəlb etmə barədə iddiaçının vəsatəti təmin edilmədiyindən və hazırda da, cəlb etmə barədə irəli sürülmüş vəsatətlərin və şikayətlərin əsaslandırıldığı hallar ərizəçilərin mübahisəyə formal aidiyyəti ilə bağlı olduğundan birinci instansiya məhkəməsi haqlı olaraq həmin vəsatətlərə yenidən baxılmasını mümkün hesab etməmişdir.
33. Ona görə də, işə baxan aşağı instansiya məhkəməsi vəsatətin mümkünlüyü ilə bağlı məsələni işin hallarına uyğun tam, hərtərəfli və obyektiv araşdırmış, nəticə etibarı ilə prosessual hüquq normalarının tələblərinə uyğun nəticəyə gəlmişdir.
34. Yuxarıda qeyd olunan inzibati işin hallarını, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi vəsatətləri mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də, apellyasiya şikayətləri təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-1481/2022 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
35. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 28, 35, 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qərara aldı
Üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunma barədə vəsatət vermiş şəxslər Maraqlı şəxs2 və Maraqlı şəxs1 tərəfindən verilmiş аpellyаsiyа şikаyətləri təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 25 oktyabr 2024-cü il tarixli 2-1(116)-1481/2022 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.