Məhkəmə qərarları › İş №2-1(107)-156/2025

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-156/2025

18.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-156/2025 18.02.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən, məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Əhmədov Fərid Vidadi oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-1761/2024 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “ona xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, xx.xx.1958-ci ildə Ağdaş rayonu, Korarx kəndində anadan olmuşdur. xx.xx.1977-ci ildən xx.xx.1979-cu il tarixinədək hərbi xidmətdə olmuşdur (2 il 14 gün). xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixədək SU-33 Tikinti İdarəsndə işləmişdir (1 il 5 ay 17 gün). xx.xx.1982-ci il tarixdən xx.xx.1997-ci il tarixədək Ağdaş Təmir Tikinti sahəsində sürücü işləmişdir (15 il 6 ay 21 gün). xx.xx.1997-ci il tarixdən xx.xx.2003-cü il tarixədək "xxxx" şirkətində işləmişdir. 2006-cı ilə qədər iş stajı 24 il 5 aydır. Yaşa görə əmək pensiya yaşı yəni, 65 yaşı xx.xx.2023-cü il tarixdə tamam olmuşdur. 2019-2023-cü illərdə fərdi hesabında 2 il 9 ay sosial sığorta stajı var. Yaşa görə əmək pensiyası təyin olunması üçün cavabdehə müraciət etmişdir. Lakin ona əmək pensiyası təyin olunmasından imtina olunmuşdur. Hesab edir ki, bu qanunsuz qərardır. Çünki, onun sosial sığorta stajı 25 ildən çoxdur və onu təsdiq edən əmək kitabçası vardır. İmtina məktubunda bildirilir ki, xx.xx.1982-ci il tarixdən xx.xx.1997-ci il tarixədək əmək haqqı almasını təsdiq edən sənədləri və əmrdən çıxarışları təqdim etdikdən sonra həmin dövrün sosial sığorta daxil edilməsinə baxıla bilər. Həmin müəssisə hal-hazırda yoxdur və o, arxiv sənədlərinin harada saxlanıldığını bilmir. Eyni zamanda xx.xx.1997-ci il tarixdən "xxxx" Şirkətində işlədiyi dövr də, sosial sığorta stajına daxil edilməmişdir. Həmin müəssisədən də əmək haqqı və əmrlər tələb olunur. "xxxx" şirkəti həmin dövrlərdə vergi və dsmf orqanlarında qeydiyyatda olmuşdur. Normal müəssisə olmuşdur. Şirkətin rəhbəri və qurucusu vəfat etdikdən sonra arxiv sənədlərinin harada saxlanıldığı məlum deyil. İmtina məktubunda qeyd olunan səbəblər onun pensiya hüququnu məhdudlaşdıra bilməz. Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ona imtina vermək üçün onun həmin müəssislərdə işləmədiyini sübuta yetirməmişdir. Bu gün arxiv sənədlərinin tapılmaması iddiaçının günahı deyildir. Əmək kitabçası şübhə doğurursa ekspertizaya da göndərilə bilər.

3. Cavabdeh orqan məhkəməyə təqdim olunmuş iddia tələbinə etirazı onunla əsaslandırmışdır ki, iddia tələbi üzrə iş materiallarından aydın olur ki, iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Mərkəzi Filiala xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Mərkəzi filial tərəfindən inzibati icraatın nəticəsi olaraq iddiaçıya xx.xx.2024-cü il tarixli 3-17-1/2-İ-5383/2024 nömrəli məktub ünvanlanmışdır. Bundan sonra iddiaçı Mərkəzi Filiala qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hesab edilir ki, iş üzrə iddia tələbi əsassızdır, cavabdeh orqanın müvafiq qərarı qanuna uyğun olmuşdur. - İşin faktiki halları ondan ibarətdir ki, İddiaçı xx.xx.2023-cü il tarixdən yəni, 65 yaşı tamam olan tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət etsə də, onun müraciəti təmin edilməmişdir. Belə ki, iddiaçının ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün və fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından az olduğu üçün ona pensiya təyin edilməsi mümkün olmamışdır. Belə ki, İddiaçı təqdim etdiyi sənədlərə baxış keçirilərkən xx.xx.1982-ci il tarixdən xx.xx.1997-ci il tarixədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (işdən çıxma əmri kiril əlifbası ilə yazılmış möhürlə təsdiq edildiyindən) həmin dövrün sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Həmçinin bildirilir ki, İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixinədək 3 il 6 ay 1 gün sığorta stajına uyğun olaraq 3244,13 manat, xx.xx.2019-cu il tarixindən xx.xx.2023-cü il tarixinədək 1812,57 manat olmaqla ümumilikdə 5056,70 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir. İddiaçının əmək kitabçasına baxış keçirilərkən 7-ci səhifədə qaralama olduğu aşkar görünür. Belə ki, əvvəlcə xx.xx.2003-cü il tarixli işdən çıxma, daha sonra isə xx.xx.1997-ci il tarixli işə qəbul edilmə ilə bağlı məlumatlar qeyd edilmişdir, İddiaçı xx.xx.1997-xx.xx.2003-cü il tarixlərdə "xxxx" şirkətində işlədiyini bildirmişdir. Göründüyü kimi, iddiaçının işə giriş və çıxışı ilə bağlı məlumatlar səhv qeyd edilmişdir ki, bu da sözügedən əmək kitabçasının sonradan doldurulmuş olması ehtimalını artırır. İddiaçı mübahisələndirilməyən sığorta stajı 6 il, 1 gün təşkil edir. Cavabdeh orqan Azərbaycan Respublikası Əmək Məcəlləsinin Maddə 87-ci, “Əmək pensiyaları haqqında” Qanunun 1, 7-ci, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 nömrəli qərarı ilə təsdiqlənmiş “işçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydalarının 1.1, 3.1, 3.2-ci bəndlərinə istinad edərək məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

4. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubu, - Dövlət Vergi Xidməti 9 saylı Vergilər İdarəsinin xx.xx.2024-cü il tarixli məktubu, - НЗ ******* nömrəli hərbi biletin surəti, - ИT-İ № 0773196-li əmək kitabçası, - xx.xx.2024-cü il tarixli iddiaçıya məxsus fərdi şəxsi hesabı haqqında çıxarış, - Ağdaş rayon Statistika İdarəsinin xx.xx.2024-cü il tarixli məktubu, - iddiaçı ilə eyni hüquqi vəziyyətdə olan digər şəxslərə dair pensiya işlərinin təsdiq edilmiş surətləri.

5. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 07 noyabr 2024-cü il tarixli 2- 1(116)-1761/2024 nömrəli qərarı ilə iddia tələbi təmin edilərək cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə İddiaçı xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi qoyulmuşdur.

6. Məhkəmə qeyd etmişdir ki, iş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı - ona yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. İddiaçının yaşa görə əmək pensiyası almaq hüququ “Əmək Pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər yerinə yetiriləcəyi halda müvafiq olaraq 65 yaşda, yəni xx.xx.2023-cü il tarixdə yaranır (iddiaçı xx.xx.1958-ci ildə doğulub). İddiaçının mübahisələndirilməyən sığorta stajı 6 il, 3 ay, 1 günə bərabərdir. Cavabdeh orqan iddiaçının xx.xx.1982-ci il tarixdən xx.xx.1997-ci il tarixədək olan sığorta stajını əmək kitabçasının doldurulma qaydasının pozulması əsası ilə (işdən çıxma əmri kiril əlifbası ilə yazılmış möhürlə təsdiq edildiyindən) qəbul etmir. Eyni zamanda cavabdeh orqan əmək kitabçasının 7-ci səhifəsində qaralama olmasını, əvvəlcə xx.xx.2003-cü il tarixli işdən çıxma daha sonra isə xx.xx.1997-ci il tarixli işə qəbul edilmə ilə bağlı məlumatların qeyd edilməsinə istinad edərək iddiaçının xx.xx.1997-xx.xx.2003-cü il tarixlərdə "xxxx" şirkətində işlədiyi müddəti də, mübahisələndirir. - Məhkəmə cavabdeh orqanın dəlillərini əsassız hesab edir. Belə ki, iddiaçıya məxsus ИТ-İ ******* saylı əmək kitabçasından görünür ki, o, xx.xx.1982-ci il tarixdə Ağdaş təmir tikinti sahəsinə sürücü vəzifəsinə qəbul edilmiş və xx.xx.1997-ci il tarixdə idarənin özəlləşdirilməsi ilə əlaqədar işdən azad edilmişdir. “Əmək kitabçasının 7-ci səhifəsində qaralama olması, əvvəlcə xx.xx.2003-cü il tarixli işdən çıxma daha sonra isə xx.xx.1997-ci il tarixli işə qəbul edilmə ilə bağlı qeydin icrasının sözügedən əmək kitabçasının sonradan doldurulmuş olması ehtimalını yaratması” ilə bağlı cavabdehin etirazının dəlilinə münasibətdə məhkəmə qeyd etmişdir ki, bu zaman əmək kitabçasının sonradan doldurulub-doldurulmaması deyil, düzgün doldurulub-doldurulmaması araşdırılmalı olan mühüm haldır. - Belə ki, yuxarıda qeyd edildiyi kimi əmək kitabçasında yol verilən xətalar formal ola bilər, o cümlədən onu yazan kadrlar şöbəsinin əməkdaşının əlyazma vərdişlərindən irəli gələn subyektiv xətanın nəticəsi kimi də ortaya çıxa bilər. Odur ki, cavabdeh orqan sözügedən müəssisənin faktiki olaraq mövcud olub-olmamasını, həmin müəssisədə çalışmış digər şəxslərə münasibətdə pensiya təyinatı aparılan zaman hansı qaydada davranmasını araşdırmalı, əmək kitabçasında mövcud olan həmin xətalara istinad edərkən iddiaçının sözügedən müəssisədə işləyib işləməməsini işin digər halları ilə kompleks yoxlamaqla icra edilən qeydlərin mötəbərliyinə hüquqi qiymət verməlidir. - Hazırkı işdə isə cavabdeh orqan iddiaçının həmin müəssisədə işləməməsinə dair konkret sübutlara malik olmadan və əmək kitabçasının mötəbərliyinə yaranmış şübhənin yuxarıda qeyd edilmiş qaydada araşdırılmasını təmin etmədən sözügedən dövrün sosial sığorta stajına daxil edilməsindən imtina etmişdir. İş materiallarında olan ИТ-İ ******* saylı əmək kitabçasından görünür ki, iddiaçı, xx.xx.1997-ci ildə "xxxx" şirkətində işə qəbul edilmiş və xx.xx.2003-cü il tarixdən işdən azad edilmişdir (İşdən azad edilmənin əsası "xxxx" şirkətinin fəaliyyətinin olmaması ilə bağlıdır). İş materiallarında olan Ağdaş rayon Statistika İdarəsinin xx.xx.2024-cü il tarixli məktubu ilə "xxxx" şirkətinin xx.xx.1996-cı il tarixdə qeydiyyata alınması müəyyən olunur. İş materiallarında olan 9 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, "xxxx" şirkəti ********* nömrəli VÖEN-lə xx.xx.1999-cu il tarixdə qeydiyyatda olmuş, 2004-cü il tarixdən 10 rəqəmli VÖEN-lə keçid ilə əlaqədar yenidən müraciət etməmiş və hal-hazırkı dövrə qədər vergi ödəyicisi kimi qeydiyyatdan keçməmişdir. Beləliklə yuxarıda qeyd edilən məlumatlar əsasında "xxxx" şirkətinin 1997-2003-cü illər ərzində real olaraq mövcud olması və fəaliyyət göstərməsi müəyyən edilir. - İş üzrə keçirilmiş xx.xx.2024-cü il tarixli məhkəmə iclasında verdiyi izahatında iddiaçı, "xxxx" şirkətində 2003-cü ilədək X9, X12, X16, X10, X2, X7 və X4 ilə birgə işlədiyini bildirmişdir. Məhkəmə tərəfindən adları sadalanan şəxslərdən əmək pensiyası təyin edilmiş subyektlərə dair pensiya işləri cavabdeh orqandan götürülərək tədqiq edilmişdir. Müəyyən edilmişdir ki, X8 məxsus əmək kitabçasında onun xx.xx.1997-ci ildə "xxxx" şirkətində işə qəbul edilməsi və xx.xx.2003-cü il tarixdən işdən azad edilməsi ilə bağlı qeydlər mövcuddur. Bununla belə sözügedən əmək kitabçasında da, əvvəlcə xx.xx.2003-cü il tarixli işdən çıxma barədə qeyd icra edilmiş, daha sonra isə üzərindən çarpaz xətt çəkilərək növbəti qeyddə iddiaçının xx.xx.1997-ci il tarixdə işə qəbul edilməsi, daha sonra isə xx.xx.2003-cü il tarixdən işdən azad edilməsi göstərilmişdir. Cavabdeh orqan Möhlüd Əliyevə yaşa görə əmək pensiyası təyin edərkən hazırda iddiaçıya münasibətdə mübahisələndirdiyi sosial sığorta stajı dövrünü xx.xx.2006-cı il tarixədək mövcud olmuş 30 il 8 ay sosial sığorta stajının tərkib hissəsi olaraq qəbul etmiş və mübahisələndirməmişdir. İddiaçıya məxsus əmək kitabçasında onun işdən çıxma əmrinin tarixi xx.xx.2003-cü il qeyd edilmiş və müvafiq qeydi imzalayan şəxs – "xxxx" şirkətinin direktoru – C.A.Çələbiyev göstərilmişdir. X5 məxsus pensiya işi cavabdeh orqandan götürülərək tədqiq edilmiş və müəyyən edilmişdir ki, o, xx.xx.1997-ci il tarixdə Ağdaş TTSnin özəlləşməsi ilə əlaqədar "xxxx" şirkətinə direktor təyin edilmiş, xx.xx.2003-cü il tarixdən yaşa görə əmək pensiyasına çıxdığı üçün direktor vəzifəsindən azad edilmişdir. Göründüyü kimi iddiaçının işlədiyi Ağdaş təmir tikinti sahəsi xx.xx.1997-ci il tarixdə özəlləşdikdən sonra "xxxx" şirkəti yaranmış və faktiki olaraq müəssisənin direktoruna pensiya təyin edilərkən sözügedən müddət sosial sığorta stajı kimi qəbul edilərək mübahisələndirilməmişdir. X6 məxsus pensiya işində olan sənədlərdə xx.xx.2003-cü il tarixli işdən çıxma barədə qeydlə xx.xx.1997-ci il tarixdə işə qəbul edilmə ilə bağlı qeydin icra edilməsində ardıcıllıq gözlənilmişdir. İşə qəbul edilmə və işdən azad edilmə barədə qeydlərdə əmrlərin tarixi və nömrələri iddiaçıya məxsus əmək kitabçası ilə eynidir. - İddiaçının Ağdaş təmir tikinti sahəsində işlədiyi dövrlə analoji müddətdə həmin müəssisədə əmək fəaliyyəti olmuş X13 münasibətdə cavabdeh orqan işdən çıxma əmrinin kiril əlifbası ilə yazılmış möhürlə təsdiq edilməsini mübahisələndirməmiş və pensiya təyinatını aparmışdır. Məhkəmə yuxarıda sadalanan şəxslərə məxsus pensiya işlərinin təhlilindən o nəticəyə gəlir ki, mübahisələndirilən xx.xx.1997-ci il tarixli qeydə münasibətdə X8 məxsus əmək kitabçasındakı qeydlə iddiaçıya məxsus əmək kitabçasındakı qeydlərin eyni şəxs tərəfindən latın qrafikalı əlifba ilə yazılması, X6 məxsus ardıcıllığın gözlənildiyi əmək kitabçasında isə həmin qeydin kiril əlifbası ilə yazılması, həmçinin 1997-ci ildə 2003cü illə bağlı qeydin icrasının mümkünsüzlüyü nəzərə alınmaqla hər bir halda iddiaçıya məxsus əmək kitabçasının sonradan doldurulması şübhəsizdir. Bununla belə sonradan doldurulmuş əmək kitabçasına daxil edilmiş qeydlərin mötəbərliyi müvafiq qeydlərin icra edilməsi zamanı ardıcıllığın pozulması əsası ilə şübhə altına alına bilməz. Qeyd olunan hal sözügedən dövr üçün iddiaçının əmək stajının mövcudluğunu tamamilə inkar etmək üçün kifayət deyil. Belə ki, ardıcıllığın gözləniləcəyi halda cavabdeh orqan iddiaçının sözügedən sosial sığorta stajını ümumiyyətlə mübahisələndirməyəcəkdi. Cavabdeh orqanın hazırkı mübahisəyə yanaşması əmək kitabçasının sonradan doldurulmaqla saxtalaşdırılmasına işarə edir. Lakin, yuxarıda qeyd edildiyi kimi bu həm də, müvafiq qeydləri icra edən şəxsin əlyazma vərdişlərindən irəli gələn subyektiv xətadan da, qaynaqlana bilər. - Nəzərə alınmalıdır ki, iddiaçıya məxsus əmək kitabçasındakı xətaların onun təqsiri nəticəsində yaranması da, icraat materialları ilə sübut olunmur. Beləliklə cavabdeh orqan tərəfindən mübahisələndirilməyən 6 il, 3 ay, 1 gün (xx.xx.2006-cı il tarixədək 3 il, 6 ay, 1 gün, xx.xx.2019-cu ildən xx.xx.2023-cü il tarixədək 2 il, 9 ay) müddətin üzərinə əsassız olaraq mübahisələndirilən xx.xx.1982-xx.xx.1997 (15 il, 6 ay, 21 gün) və xx.xx.1997xx.xx.2003-cü illər üzrə (6 il, 4 ay, 28 gün) sosial sığorta stajı toplandıqda iddiaçının ümumi sosial sığorta stajı 28 il, 2 ay, 20 günə bərabər olur ki, bu da ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət edir. Buna görə də, məhkəmə hesab etmişdir ki, cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır.

7. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 07 noyabr 2024-cü il tarixli 2-1(116)-1761/2024 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh orqanın apellyasiya şikayəti etiraz ərizəsi ilə eynilik təşkil edərək əlavə olaraq onunla əsaslandırılmışdır ki, işə birinci instansiyası qismində baxmış Şəki İnzibati Məhkəməsi iddiaçının iddia tələbi üzrə işi prosessual maddələrin tələblərinə uyğun olaraq araşdırmamış, proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənmiş, iddia tələbini təmin edərkən sadəcə olaraq cavabdehin dəlillərinin əsassızlığına fokuslanmışdır. İddiaçı məxsus əmək kitabçasında onun xx.xx.1982-ci il tarixdən xx.xx.1997-ci il tarixədək Ağdaş Təmir Tikinti sahəsində işlədiyi qeyd edilsə də, işdən çıxma əmri kiril əlifbası ilə yazılmış möhürlə təsdiq edilmişdir. Bu hal iddiaçının xx.xx.1982-ci il tarixdən xx.xx.1997-ci il tarixədək tarixədək Ağdaş Təmir Tikinti sahəsində əmək fəaliyyətini şübhə altına alır. Qeyd edirik ki, məhkəmə araşdırması zamanı da iddiaçının işlədiyini iddia etdiyi həmin, yəni xx.xx.1982-ci il tarixdən xx.xx.1997-ci il tarixədək olan illərə aid əmək fəaliyyətini təsdiq edən və mötəbərliyi cavabdeh tərəfindən şübhə altına alınan əmək kitabçasından başqa sənədin mövcud olmaması müəyyən edilmişdir. Eyni zamanda, əmək kitabçasında xx.xx.2003-cü il tarixli işdən çıxma, daha sonra isə xx.xx.1997-ci il tarixli işə qəbul edilmə ilə bağlı məlumatlar qeyd edilmişdir. İddiaçı xx.xx.1997-xx.xx.2003-cü il tarixlərdə "xxxx" şirkətində işlədiyini bildirmişdir. Göründüyü kimi iddiaçının işə giriş və çıxışı ilə bağlı məlumatlar səhv qeyd edilmişdir ki, bu da sözügedən əmək kitabçasının mötəbərliyini şübhə altına alır. Yuxarıda qeyd olunanlardan göründüyü kimi müvafiq dövrlərin sosial sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün olmadığı halda məhkəmə tərəfindən əsassız olaraq staja daxil edilmişdir. Bu səbəbdən məhkəmənin mövqeyi əsassızdır. Qanunvericilik aktlarının qarşılıqlı təhlilindən və iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən məlum olduğu kimi işin faktiki halları ilə müəyyən olunur ki, iddiaçının hazırki vəziyyətdə qanunvericilikdə tələb olunan (25 il) ümumi stajı mövcud deyil.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Tərəflərin izahatları

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-1761/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

11. Məhkəmə kollegiyasının iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-1761/2024 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 1 -ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.

13. İnzibati Prosessual Məcəllə: Maddə 14.3 inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

14. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 87.1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.

15. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu (qüvvədən düşmüş): Maddə 67.1. mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Maddə 69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.

16. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: ... 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 3.1 Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 21.2.11. Sığorta stajına daxil edilən müddətlərdən biri də hərbi xidmət müddətidir (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). Maddə 23.2. 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” Bənd 1.1. Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir.

18. “Əmək pensiyaları haqqında” Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları: 3.2-ci bənd. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası;...

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin: Bənd 1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd 3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

20. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır.

Apellyasiya şikayətinin mümkünlüyü

21. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri).

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

23. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

24. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

25. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.

26. Belə ki, apellyasiya şikayətinin ilk dəlili ondan ibarətdir ki, İddiaçı məxsus əmək kitabçasında onun xx.xx.1982-ci il tarixdən xx.xx.1997-ci il tarixədək Ağdaş Təmir Tikinti sahəsində işlədiyi qeyd edilsə də, işdən çıxma əmri kiril əlifbası ilə yazılmış möhürlə təsdiq edilmişdir. Bu hal iddiaçının xx.xx.1982-ci il tarixdən xx.xx.1997-ci il tarixədək tarixədək Ağdaş Təmir Tikinti sahəsində əmək fəaliyyətini şübhə altına alır.

27. Qeyd edilən dəlil ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının əmək fəaliyyəti ilə bağlı daxili əmrlər qəbul etmək, həmin əmrlər barədə qeydləri əmək kitabçasında qeyd etmək və möhürlə təsdiq etmək səlahiyyəti işəgötürən müəssisə rəhbərliyi tərəfindən həll edilməli olan haldır.

28. Məhkəmə kollegiyası onu da qeyd edir ki, əmək kitabçasının doldurulması işəgötürən tərəfindən həyata keçirilən məsələdir. Yəni əmək kitabçasındakı qeydlərin məzmununun kiril əlifbası ilə yazılmış möhürlə təsdiq edilməsi işçinin hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır.

29. Məhkəmə kollegiyası cavabdehin dəlili ilə bağlı aşağı instansiya məhkəməsinin qiymətləndirməsi ilə razılaşır ki, istər hazırda qüvvədə olan və qüvvədən düşmüş pensiya qanunvericiliyinə, istərsə də formalaşmış məhkəmə təcrübəsinə görə vətəndaşın 2006-cı il tarixədək olan sosial sığorta stajı əmək kitabçasında olan qeydlər əsasında yoxlanılır. Nəzərə alınmalıdır ki, hazırki mübahisə üzrə əmək kitabçasında olan qeydlər hər hansı şübhə doğurmamışdır. Belə olan halda, iddiaçının əmək fəaliyyəti ilə bağlı əmək kitabçasında göstərilən qeydlər mötəbər hesab olunur.

30. Məhkəmə kollegiyası qeyd edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.

31. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, cavabdeh orqan tərəfindən mübahisələndirilməyən 6 il, 3 ay, 1 gün (xx.xx.2006-cı il tarixədək 3 il, 6 ay, 1 gün, xx.xx.2019-cu ildən xx.xx.2023-cü il tarixədək 2 il, 9 ay) müddətin üzərinə əsassız olaraq mübahisələndirilən xx.xx.1982-xx.xx.1997 (15 il, 6 ay, 21 gün) və xx.xx.1997-xx.xx.2003-cü illər üzrə (6 il, 4 ay, 28 gün) sosial sığorta stajı toplandıqda iddiaçının ümumi sosial sığorta stajı 28 il, 2 ay, 20 günə bərabər olur ki, bu da ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət edir.

32. Apellyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, iddiaçının işlədiyini iddia etdiyi həmin, yəni xx.xx.1982-ci il tarixdən xx.xx.1997-ci il tarixədək olan illərə aid əmək fəaliyyətini təsdiq edən və mötəbərliyi cavabdeh tərəfindən şübhə altına alınan əmək kitabçasından başqa sənədin mövcud olmaması müəyyən edilmişdir.

33. Kollegiya qeyd edir ki, iddiaçının əmək stajı işdə olan əmək kitabçası ilə müəyyən edildiyindən və həmin əmək kitabçalarında icra edilmiş qeydlərin həqiqətə uyğun olmaması cavabdeh tərəfindən müəyyən edilmədiyindən müvafiq qeydlərin mötəbərliyini şübhə altına almaq üçün heç bir əsas yoxdur. Odur ki, iddiaçı barəsində tərtib edilmiş əmək kitabçasını məhkəmə iddiaçının əmək stajını təsdiq edən sübut kimi qəbul edir və hesab edir ki, həmin sənədlərin yenidən digər sənədlərlə sübut olunmasına ehtiyac yoxdur.

34. Bundan əlavə əmək kitabçasında və ya digər sənəddə göstərilən məlumatların həqiqiliyi ilə bağlı mübahisə cavabdeh tərəfindən qaldırıldığından formalaşmış məhkəmə təcrübəsinə əsasən əmək kitabçasında ya digər sənəddə göstərilən məlumatların həqiqəti əks etdirmədiyinə dair sübutları təqdim etmək vəzifəsi də onun üzərinə düşür. Çünki qanunvericiliyin normaları əmək kitabçasındakı məlumatların həqiqiliyinə dair prezumpsiyanı təsbit edir. Prezumpsiyadan istisnaya istinad edən tərəf isə öz bildirdiklərini sübut etmək yükü daşıyır.

35. Məhkəmə kollegiyası qeyd edir ki, əmək kitabçasında göstərilən məlumatların həqiqəti əks etdirmədiyi qənaətinə gəlmək üçün hər hansı əsaslar da müəyyən edilməmiş, cavabdeh tərəfindən də bu halı təsdiq edə bilən hər hansı mötəbər sübutlar təqdim edilməmişdir.

36. Göründüyü kimi, iş materialları iddiaçının qeyd olunan işlərdə və müddətlərdə işləməsini müəyyən etməyə imkan verir, hazırki araşdırma isə iddiaçının həqiqətən sosial sığorta stajı nəzərə alınmaqla hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsini mötəbər qaydada müəyyən edir.

37. Apellyasiya şikayətinin digər dəlili isə ondan ibarətdir ki, əmək kitabçasında xx.xx.2003-cü il tarixli işdən çıxma, daha sonra isə xx.xx.1997-ci il tarixli işə qəbul edilmə ilə bağlı məlumatlar qeyd edilmişdir. İddiaçı xx.xx.1997-xx.xx.2003-cü il tarixlərdə "xxxx" şirkətində işlədiyini bildirmişdir. Göründüyü kimi iddiaçının işə giriş və çıxışı ilə bağlı məlumatlar səhv qeyd edilmişdir ki, bu da sözügedən əmək kitabçasının mötəbərliyini şübhə altına alır.

38. Məhkəmə kollegiyası qeyd edir ki, əmək kitabçasının doldurulması işəgötürən tərəfindən həyata keçirilən məsələdir. Yəni əmək kitabçasının doldurulma tarixinin, nömrəsinin, möhürünün və imzanın əmək kitabçasında düzgün qeyd edilməməsi işçinin hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır.

39. Həmçinin birinci instansiya məhkəməsi tərəfindən "xxxx" şirkətində 2003-cü ilədək iddiaçı ilə birgə işləmiş, əmək pensiyası təyin edilmiş X9, X12, X16, X10, X2, X7 və X3 dair pensiya işləri cavabdeh orqandan götürülərək tədqiq edilmişdir.

40. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, mübahisələndirilən xx.xx.1997-ci il tarixli qeydə münasibətdə X8 məxsus əmək kitabçasındakı qeydlə iddiaçıya məxsus əmək kitabçasındakı qeydlərin eyni şəxs tərəfindən latın qrafikalı əlifba ilə yazılması, X6 məxsus ardıcıllığın gözlənildiyi əmək kitabçasında isə həmin qeydin kiril əlifbası ilə yazılması, həmçinin 1997-ci ildə 2003-cü illə bağlı qeydin icrasının mümkünsüzlüyü nəzərə alınmaqla hər bir halda iddiaçıya məxsus əmək kitabçasının sonradan doldurulması şübhəsizdir. Bununla belə sonradan doldurulmuş əmək kitabçasına daxil edilmiş qeydlərin mötəbərliyi müvafiq qeydlərin icra edilməsi zamanı ardıcıllığın pozulması əsası ilə şübhə altına alına bilməz. Qeyd olunan hal sözügedən dövr üçün iddiaçının əmək stajının mövcudluğunu tamamilə inkar etmək üçün kifayət deyil. Belə ki, ardıcıllığın gözləniləcəyi halda cavabdeh orqan iddiaçının sözügedən sosial sığorta stajını ümumiyyətlə mübahisələndirməyəcəkdi. Cavabdeh orqanın hazırkı mübahisəyə yanaşması əmək kitabçasının sonradan doldurulmaqla saxtalaşdırılmasına işarə edir. Lakin, yuxarıda qeyd edildiyi kimi bu həm də, müvafiq qeydləri icra edən şəxsin əlyazma vərdişlərindən irəli gələn subyektiv xətadan da, qaynaqlana bilər.

41. O da qeyd olunmalıdır ki, “Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin, habelə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin tələblərinə müvafiq olaraq, inzibati orqan tərəfindən müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qəbul edilməsi yolverilməzdir.

42. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini ümumilikdə əsassız hesab edərək onu da qeyd edir ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM-14.3), qanunla cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina mövcud inzibati praktikaya da zidd olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri).

43. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Ona görə də cavabdehin apellyasiya şikayətinin dəlilləri, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır. Odur ki, iddiaçının tələbinin təmin edilməsini istisna edən hər hansı hal aşkar edilmədiyindən cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamış, bunun da nəticəsi olaraq birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur. Ümumilikdə Kollegiya, cavabdehin dəlillərinin birinci instansiya məhkəməsinin qərarının ləğvinin və iddianın rədd edilməsinin əsası kimi qəbul etmir.

44. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqanın İddiaçı hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinası qanuni və əsaslı olmamışdır. Birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

45. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası

Qərara aldı

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 07 noyabr 2024-cü il tarixli, 2-1(116)-1761/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar