Məhkəmə qərarları › İş №2-1(107)-157/2022

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-157/2022

04.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-157/2022 04.08.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Şükürov İmanverdi Həşimxan oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin X6 Filialına qarşı “22 sentyabr 2021-ci il tarixli **********8 saylı imtinasının əsassız hesab olunması və onun 1973-1976-1978-ci illərdə Ağsu rayon Gəgəli kəndi “P. Kommunası” adına kolxozda işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və ona yaşa görə əmək pensiyası təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 5 aprel 2022-ci il tarixli, 2-1(116)-632/2022 nömrəli qərarından cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin X6 Filialın nümayəndəsi X4 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin X6 Filialına qarşı Bakı İnzibati Məhkəməsin iddia ərizəsi ilə müraciət edərək “22 sentyabr 2021-ci il tarixli **********8 saylı imtinasının əsassız hesab olunması və onun 1973-1976-1978-ci illərdə Ağsu rayon Gəgəli kəndi “P. Kommunası” adına kolxozda işlədiyi illərin sosial sığorta stajına daxil edilməsini və ona yaşa görə əmək pensiyası təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)11507/2021 nömrəli qərardadı ilə inzibati iş baxılması üçün aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı xx.xx.1978-xx.xx.2000-ci il illərdə Ağsu qaz istismar kontorunda, 1973, 1976, 1977 və 1978-ci illərdə Ağdaş rayonu Gəgəli kəndi “P.Kommunası” kolxozunda əmək fəaliyyəti ilə məşğul olmuş, həmçinin xx.xx.1974xx.xx.1976-cı illərdə hərbi xidmətdə olmuşdur. İddiaçının 65 yaşı xx.xx.2021-ci il tarixdə tamam olmuş və o, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etmişdir. Cavabdeh, iddiaçının əmək stajının 24 il 3 ay olmasını, Ağdaş rayonu Gəgəli kəndi “P.Kommunası” kolxozunda işlədiyi müddətin əmək kitabçasında qeyd olunmamasını, xx.xx.2006-cı il tarixdən - xx.xx.2018-ci il tarixinədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalının qeydə alınmadığını bildirərək müraciətin təmin olunmasından imtina etmişdir. Odur ki, hazırkı inzibati mübahisə yaranmışdır. İddiaçı, birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi müraciətin təmin olunmasınan imtina cavabı ilə eyni məzmunlu izahat verərək birinci instansiya məhkəməsindən iddianın təmin edilməməsini xahiş etmişdir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: cavabdehin xx.xx.2021-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı anoloji tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh inzibati orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Ağsu rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli 30 №-li, xx.xx.2021-ci il tarixli 53 №-li arayışlarından və həmin arayışların verilməsinə əsas olmuş kolxozun şəxsi hesab kitablarından çıxarışlardan görünür ki, iddiaçı Ağdaş rayonu Gəgəli kəndi “P.Kommunası” kolxozunda 1973-cü ildə 247 adam günü, 1976-cı ildə 42 adam günü, 1977-ci ildə 55 adam günü 1978-ci ildə 21 adam günü işləyərək əmək haqqı almışdır.Həmin kolxozda kişilər üçün minimum 240 adam gün norması müəyyən edilmişdir. “Azəriqaz” X3 regional Qaz İstismar İdarəsinin xx.xx.2021-ci il tarixli arayışından və Ağsu rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 27 nömrəli arayışından görünür ki, iddiaçı xx.xx.1978-ci ildə 54№-li əmrlə Ağsu qaz istismar kontoruna ikinci dərəcəli nəzarətçi çilingə peşəsinə işə qəbul edilib, xx.xx.2000-ci il tarixdə 18 №-li əmrlə işdən azad edilmişdir. xx.xx.1977-ci il tarixdə tərtib edilmiş iddiaçıya məxsus əmək kitabçasından görünür ki, iddiaçının əmək fəaliyyəti xx.xx.1977-xx.xx.1977 və xx.xx.1978-xx.xx.2000-ci illəri əhatə edir. H3 ******* №-li hərbi biletdən görünür ki, iddiaçı xx.xx.1974-xx.xx.1976-cı illərdə hərbi xidmətdə olmuşdur. DSMF-nun 11 saylı Regional Ərazi Filialı tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli aktdan görünür ki, iddiaçının sığorta stajına daxil edilən əmək stajı yerində qarşılıqlı yoxlanmış, Ağdaş rayonu Gəgəli kəndi “P.Kommunası” kolxozunda 1973, 1976, 1977 və 1978-ci illərdə işləyərək əmək haqqı alması, kolxozda adam günü normasının 240 gün olması, həmçinin Ağsu qaz istismar kontorunda xx.xx.1978- xx.xx.2000-ci illərdə işləyərək əmək haqqı alması müəyyən edilmişdir. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 5 aprel 2022-ci il tarixli, 2- 1(116)-632/2022 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı 1973,1976-1978-ci illərdə Ağsu rayon Gəgəli kəndi “P. Kommunası” adına kolxozda işlədiyi illər sosial sığorta stajına daxil edilməklə ona hüququnun yarandığı vaxtdan - xx.xx.2021-ci il tarixdən - yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial ödənişlərin X6 Filialının üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin X6 Filialın nümayəndəsi X4 apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 5 aprel 2022-ci il tarixli, 2-1(116)-632/2022 nömrəli qərarının ləğv edilməsi və tələbinin təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, İddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı öz iddiasında Dövlət Arxivi arayışı və əmək kitabçasına əsaslanaraq iddianın təmin edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-632/2022 nömrəli qərarı ilə İddiaçı “1973, 1976-1978-ci illərdə Ağsu rayon Gəgəli kəndi “P.Kommunası” adına kolxozda işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və ona yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmişdir. Hesab edirik ki, Şəki İnzibati Məhkəməsi hüququn tətbiqində və təfsirində səhvə yol verdiyindən, hazırki iş üzrə düzgün olmayan qərar qəbul etmiş və qanunvericilikdə nəzərdə tutulan normaları düzgün tətbiq etməmişdir. Ərizəçi xx.xx.1956-cı il təvəllüdlü İddiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün xx.xx.2021-ci il tarixdə Fondun 11 saylı regional ərazi filialına müraciət etmişdir. Ərizəçi müraciət zamanı mövcud olan sosial sığorta stajını təsdiq edən sənəd kimi əmək kitabçası və arxiv arayışı əlavə etmişdir. Müraciətə Fondun Sosial ödənişlərin X6 filialı tərəfindən baxılmış və xx.xx.2021-ci il tarixli **********8 nömrəli məktub ilə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunmuşdur. İmtina məktubuna istinadən təqdim olunan xx.xx.1977-ci il tarixli əmək kitabçasına və H3 ******* nömrəli hərbi biletə əsasən ərizəçinin xx.xx.2006-ci il tarixədək ümumi sosial sığorta stajı 24 il 3 av təşkil etməklə tələb olunan 25 il sosial sığorta stajından azdır. Həmçinin, 01.01,2006-cı il tarixdən sonra fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Əlavə olaraq, ərizəçinin Ağsu rayon Gəgəli kəndi “P.Kommunası” adına kolxozda işlədiyi dövr (1973, 1976-1978-ci illər) əmək kitabçasında öz təsdiqini tapmadığına görə həmin dövrlərin sosial sığorta stajına daxil edilməsi qanunvericiliyin tələblərinə uyğun olmamışdır. İddiaçı onun pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməməsi halını mübahisələndirmir. Yəni, iddiaçı birinci deyil, ikinci halın təsir dairəsinə düşdüyünü iddia edir. İkinci halın təsir dairəsinə düşmək üçün isə iddiaçı ən azı 25 illik sığorta stajına malik olduğunu təsdiqləyən sübutları cavabdehə və məhkəməyə təqdim etməli idi. İmtina məktubunda qeyd olunan və məhkəmə qərarı ilə təmin edilən digər Ağsu rayon Gəqəli kəndi “P.Kommunasr adma kolxozda işlədiyi dövr Ağsu rayon Dövlət Arxivi tərəfindən təqdim olunan arxiv arayışında qeyd edilmişdir. Lakin həmin dövr əmək kitabçasında öz əksini tapmadığı üçün sosial sığorta stajına daxil edilməsi mümkün hesab olunmur. Beləliklə, İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 25 il sosial sığorta stajınının olmaması və iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məblqindən az olmayan pensiya təminatına imkan verməməsi səbəbindən ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanuni əsaslar mövcud olmamışdır. Odur ki, İddiaçı “1973, 1976-1978-ci illərdə Ağsu rayon Gəgəli kəndi “P.Kommunası” adına kolxozda işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və ona yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edəsiniz. Tərəflərin izahatları Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin 5 aprel 2022-ci il tarixli, 2-1(116)-632/2022 saylı qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 5 aprel 2022-ci il tarixli, 2-1(116)-632/2022 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma hissəsi Cavabdehin apellyasiya şikayəti uğurlu sayılmır. Belə ki, o, mahiyyət etibarı ilə əsaslı deyildir. Ona görə də, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (AR İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia həmçinin əsaslıdır. Məhkəmə kollegiyası cavabdeh tərəfin apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət etibarilə də əsaslıdır. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş Əmək Pensiyaları haqqında Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1dək hər il 6 ay artırılır. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyən hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İş materiallarından göründüyü kimi iddiaçının yaşa görə əmək pensiyası almaq hüququ “Əmək Pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə müvafiq olaraq 65 yaşda, yəni xx.xx.2021-ci il tarixdə yaranmışdır (iddiaçı xx.xx.1956-cı ildə doğulub). İş materiallarında olan, xx.xx.1977-ci ildə tərtib edilmiş əmək kitabçasında iddiaçının ümumilikdə əmək stajı 22 il 2 ay 16 gün qeyd edilmişdir. H3 ******* №-li hərbi biletdən isə ilə iddiaçının 2 il 23 gün hərbi xidmətdə olması müəyyən edilir. Hər iki müddətin cəmi 24 il 3 ay 17 günə bərabərdir və bu müddət mübahisələndirilmir. İddiaçının Ağsu rayonu Gəgəli kəndi “P.Kommunası” kolxozunda 1973, 1976, 1977 və 1978-ci illərdə işləməsi Zaqatala rayon X7 rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli 30 №-li, xx.xx.2021-ci il tarixli 53 №-li arayışlarından və həmin arayışların verilməsinə əsas olmuş kolxozun şəxsi hesab kitablarından çıxarışlarla öz təsdiqini tapmışdır. Həmin sənədlər iddiaçının iş stajını təsdiq edir. Məhkəmə kollegiyası işin faktiki hallarını nəzərə alaraq və maddi hüquq normalarını rəhbər tutaraq yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, iş üzrə tədqiq olunan sənədlərlə iddiaçının işlədiyi illər arxiv arayışı ilə öz təsdiqini tapdığından, cavabdeh tərəfindən bunun əksi sübuta yetirilmədiyindən, arxiv arayışında qeyd olunanlar mötəbər sübut hesab olunur. Müəyyən olunur ki, iddiaçı 1973-cü ildə minimum adam günü normasını (240 gün) yerinə yetirmişdir və ancaq həmin 1 ilin hesablanması kifayət edir ki, iddiaçının yaşa görə əmək pensiyasının təyin edilməsi üçün zəruri olan 25 il ümumi əmək stajı tamamlansın. Digər əmək normasının tamamlanmadığı illər üzrə isə iddiaçının ümumi adam günü 118 günə bərabərdir ki, bu da 6 ay əmək stajı deməkdir. Beləliklə, yuxarıda qeyd edildiyi kimi iddiaçının mübahisələndirilməyən 24 il 3 ay 17 gün əmək stajı ilə arxiv arayışında qeyd edilən müddətlər (1 il 6 ay) toplandıqda 25 ildən artıq əmək stajının olması müəyyən edilir ki, bu da ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət edir. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi qanuni və əsaslıdır. Apellyasiya şikayətinin dəlilləri isə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərаrа аldı: Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin X6 Filialın nümayəndəsi X4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 05 aprel 2022-ci il tarixli, 2-1(116)-632/2022 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar