Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-157/2024 06.03.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Zaqatala rayon Mazıx bələdiyyəsinə qarşı “Zaqatala rayon Mazıx bələdiyyəsi tərəfindən 0.68 ha torpaq sahəsinin iddiaçıya verilməməsi ilə əlaqədar iddiaçıya vurduğu 10.404 manat pulun-maddi zərərin əldən çıxmış faydanın Mazıx bələdiyyəsindən alınaraq iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli 2-1(116)-699/2023 nömrəli qərarından iş üzrə iddiaçının hüquqi varisi X19 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Zaqatala rayon Mazıx bələdiyyəsi tərəfindən 0.68 ha torpaq sahəsinin iddiaçıya verilməməsi ilə əlaqədar iddiaçıya vurduğu 10.404 manat pulun-maddi zərərin əldən çıxmış faydanın Mazıx bələdiyyəsindən alınaraq iddiaçıya ödənilməsi barədə öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(116)-699/2023 nömrəli qərardadı ilə İddiaçı hüquq varisi X25 ilə əvəz edilmişdir.
3. İşin qısa mahiyyəti ondan ibarətdir ki, İddiaçı 1941-ci il tarixdə Zaqatala rayonu Qəbizdərə kəndində anadan olmuşdur. İddiaçı torpaq islahatı zamanı Zaqatala rayou Qəbizdərə kəndində yaşamış bacısı X20 və qardaşı X15 Mazıx kəndində hər birinə 0,34 ha olmaqla, cəmi 0,68 ha pay torpağı “Qəbizdərə çölü” adlanan sahədə verildiyini, lakin Zaqatala rayon Mazıx bələdiyyəsi tərəfindən həmin 0.68 ha torpaq sahəsinin onlara verilməməsi ilə əlaqədar hazırkı tələblə bağlı məhkəməyə müraciət etmişdir.
4. İddia ərizəsinə əsasən iddiaçı hesab edir ki, 1999-cu ildə bələdiyyə tərəfindən iddia olunan torpaq sahəsi Zaqatala rayon Qəbizdərə kəndində deyil, Zaqatala rayon Mazıx kəndi ərazisindən verilmişdir. Cavabdehin hərəkəti nəticəsində ona zərər vurduğunu hesab edir. Odur ki, Mazıx bələdiyyəsi tərəfindən 9 il ərzində dəymiş zərərin 10.404 manat maddi zərərlə bağlı əldən çıxmış fayda olaraq 10.404 manat pulun tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl iddiaçı cavabdeh Zaqatala rayon Mazıx bələdiyyəsinə müraciət etmiş, cavabdeh orqan isə iddia tələbinin icrası ilə əlaqədar olaraq imtina məktubu vermişdir.
5. Cavabdeh imtina məktubunda qeyd etmişdir ki, ləğv edilmiş DTXK tərəfindən idarəyə edilmiş elektron məlumatlarda mərhum X11 və mərhum X8 adları Zaqatala rayonu Qəbizdərə kəndi üzrə torpaq payı verilmiş subyektlərin siyahısında qeyd edilmiş, lakin torpaq sahəsinə dair məlumat qrafası boş saxlanılmışdır. Digər tərəfdən ləğv edilmiş DTXK-nın Zaqatala rayon Şöbəsi tərəfindən idarəyə təhvil verilmiş arxiv fondunda onların adlarına işlənmiş torpaq sahələrinə dair sənəd aşkar edilməmişdir. Keçmiş DTİ və MHQ idarələrinin arxiv fondunda mərhum X8 adına intervar uçotuna alınmış Zaqatala rayonu Qəbizdərə kəndində yerləşən fərdi yaşayış evinə dair texniki pasport aşkar edilmişdir.
6. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının vəkili iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
7. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 13 dekabr 2023-cü il tarixli 2- 1(116)-699/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir.
8. İddiaçının hüquqi varisi X19 həmin qərardan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
9. İddiaçının hüquqi varisi apellyasiya şikayətini iddia ərizəsinin dəlilləri ilə əsaslandırmış və Şəki İnzibati Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli 2-1(116)- 699/2023 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli 2-1(116)-699/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
11. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçının hüquqi varisi məhkəmə iclasına gəlməmiş, vəkili Vəkil1 ərizə göndərərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Lakin iştirak edə bilməməsinin üzrlü səbəbi ilə bağlı hər hansı sübut təqdim etməmişdir.
12. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi).
13. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir:
1. AN-İ ******* nömrəli xx.xx.2014-cü il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, X29, X5 qanuni nümayəndəsi X4 və X10 özlərinə məxsus olan 0.04 ha torpaq sahəsini X2.
2. AZ-İİ 348120 seriya nömrəli “Ölüm haqqında şəhadətnamə”nin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.2023-cü il tarixdə vəfat etmişdir.
3. Azərbaycan Respublikası Balakən rayon İcra Hakimiyyəti Katex kənd ərazi nümayəndəsinin 356 nömrəli, xx.xx.2023-cü il tarixli arayışı
4. xx.xx.2017-ci il tarixli “Vərəsəlik hüququ haqqında Şəhadətnamə”dən görünür ki, X17 və X3 Havva Şamil qızının vərəsələridir.
5. xx.xx.2020-ci il tarixli “Vərəsəlik hüququ haqqında Şəhadətnamə”dən görünür ki, İddiaçı X8 vərəsəsidir.
6. xx.xx.2020-ci il tarixli “Vərəsəlik hüququ haqqında Şəhadətnamə”dən görünür ki, İddiaçı X11 vərəsəsidir.
7. ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiqlənmiş surətindən görünür ki, Zaqatala rayonu Mazıx kəndində yerləşən 0.68 ha torpaq sahəsi X23 və X8 ümumi birgə mülkiyyətindədir.
8. ********** qeydiyyat nömrəli xx.xx.2018-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiqlənmiş surətindən görünür ki, Zaqatala rayonu Qəbizdərə kəndində yerləşən 0.4103 ha torpaq sahəsi X5 mülkiyyətindədir.
9. ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiqlənmiş surətindən görünür ki, Zaqatala rayonu Mazıx kəndində yerləşən 0.68 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir.
10. Zaqatala rayonu Mazıx kəndi keçmiş “Şəfəq” Kolxozu ərazisində torpaqdan pay almaq hüququ olan vətəndaşların siyahısı;
11. Zaqatala rayonu İcra Hakimiyyəti başçısının Mazıx kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi xx.xx.2023-cü il tarixli məktubu
12. X23 və X13 aid subyektlər siyahısından çıxarışın surəti;
13. A seriyalı 465244 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təsdiqlənmiş surətindən görünür ki, 5493 kv. metr torpaq sahəsi Zaqatala rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli 110 nömrəli qərarı ilə X22 mülkiyyətinə verilmişdir.
14. RX ******* seriyalı ********** qeydiyyat nömrəli xx.xx.2014-cü il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiqlənmiş surətindən görünür ki, Zaqatala rayonu Qəbizdərə kəndində yerləşən 0.4728 ha torpaq sahəsi X22 mülkiyyətindədir.
15. RX ******* seriyalı ********** qeydiyyat nömrəli xx.xx.2014-cü il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiqlənmiş surətindən görünür ki, Zaqatala rayonu Qəbizdərə kəndində yerləşən 0.2205 ha torpaq sahəsi X29 və ailə üzvlərinin ümumi birgə mülkiyyətindədir.
16. A seriyalı 010003 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təsdiqlənmiş surətindən görünür ki, 2200 kv. metr torpaq sahəsi Zaqatala rayon Mazıx Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 11 nömrəli qərarı ilə X22 mülkiyyətinə verilmişdir.
17. A seriyalı 127394 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təsdiqlənmiş surətindən görünür ki, 2205.24 kv. metr torpaq sahəsi Zaqatala rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli 110 nömrəli qərarı ilə X22 mülkiyyətinə verilmişdir.
18. A seriyalı 448382 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təsdiqlənmiş surətindən görünür ki, 0.68 ha torpaq sahəsi X8 xüsusi mülkiyyətinə verilmişdir.
19. Zaqatala rayonu Mazıx bələdiyyəsinin xx.xx.2019-cu il tarixli 72 nömrəli məktubu;
20. Zaqatala rayonu Mazıx bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 13 nömrəli məktubu;
21. Zaqatala rayonu Mazıx bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 40 nömrəli məktubu;
22. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(033)-54/2016 saylı qətnaməsinə əsasən İddiaçı cavabdeh Azərbaycan Respublikası Zaqatala Rayon Mazıx Bələdiyyəsinə qarşı “Zaqatala rayon Qəbizdərə kəndində yerləşən, mərhum qardaşı Xizri Musayev və mərhum bacısı Havva Musayevadan miras qalmış 0.68 ha torpaq sahəsinin ayrılıb ona verilməsinə dair iddiası təmin edilməmişdir.
23. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(033)-615/2013 saylı qətnaməsinə əsasən İddiaçı xx.xx.1999-cu ildə vəfat etmiş qardaşı X11 və xx.xx.2014-cü il tarixdə vəfat etmiş X6 qanun üzrə vərəsəsi kimi tanınmışdır.
24. Zaqatala Rayon Məhkəməsinin 2(033)-395/2012 saylı qətnaməsinə əsasən İddiaçı 0.68 ha torpaq sahəsi üzərində vərəsə kimi tanınması tələbi təmin edilməmişdir.
25. Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-71/2014 saylı, xx.xx.2014-cü il tarixli qərardadına əsasən, İddiaçı nümayəndəsi X1 təmin edilməmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
26. Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-335/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadına əsasən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-1(84)-724/2018 nömrəli qərardadı ləğv edilmiş və inzibati iş baxılması üçün Şəki İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
14. İnzibati Prosessual Məcəllə: Maddə 2.2.7. İnzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
15. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Maddə 1097.1 mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Maddə 1115. zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur
16. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
17. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPMin 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.
18. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
19. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.
20. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
22. Məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma zamanı müəyyən edildi ki, iddiaçının Zaqatala rayou Qəbizdərə kəndində yaşamış bacısı X20 və qardaşı X15 torpaq islahatı zamanı hər birinə 0,34 ha olmaqla, cəmi 0,68 ha pay torpaq sahəsi verilmişdir. Sözügedən torpaq sahəsi 2003-cü ildən həmin şəxslərə ayrılsa da hüquqmüəyyənedici sənəd verilməmişdir. İddiaçının X20 və qardaşı X14 vərəsəsi kimi tanınması tələbinə dair iddia ərizəsi Zaqatala Rayon Məhkəməsin 2(033)395-2012 nömrəli, xx.xx.2012-ci il tarixli qətnaməsinə əsasən təmin edilməmişdir. Qətnamədə qeyd edilmişdir ki, iddia olunan torpaq sahəsinə dair İddiaçı hüquqmüəyyənedici sənəd verilməmişdir. Yəni, iddiaçının həmin torpaq üzərində mülkiyyət hüququ yaranmamışdır.
23. Bundan başqa, iş materallarına əlavə edilmiş Zaqatala rayon Mazıx bələdiyyəsinin xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, X20 və qardaşı X15 verilmiş 0,68 ha torpaq sahəsi digər vətəndaşlar tərəfindən istifadə edilir. İddiaçının X20 və qardaşı X14 vərəsəsi kimi tanınması tələbinə dair Zaqatala Rayon Məhkəməsinə təqdim etdiyi iddia ərizəsində, eləcə də məhkəmə qərarında hazırda maddi zərərin yaranma əsası kimi bələdiyyədən tələb etdiyi torpaq sahəsinin başqa şəxslərin istifadəsində olduğu müəyyən edilir.
24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq belə qənatə gəlmişdir ki, qeyd olunan dövr müddətində iddia olunan torpaq sahəsindən bələdiyyənin istifadə etdiyi və buna görə maddi ziyan, əldən çıxmış fayda ödənilməsi tələbinə dair iddia əsassızdır.
25. Məhkəmə kollegiyası onu da qeyd edir ki, hazırkı iddia ərizəsində iddiaçı tərəfindən cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya zərər dəydiyi iddia olunur. Lakin, işin müəyyən edilən hallarından görünür ki, tələb olunan kompensasiya məbləği ilə cavabdeh inzibati orqanın hərəkətləri arasında hər hansı səbəbli əlaqə olmamış, iddiaçı tərəfidən 0,68 ha pay torpaq sahəsindən cavabdehin faktiki hərəkətləri nəticəsində istifadə edə bilmədiyini sübuta yetirə bilməmişdir.
26. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən normaların tələblərini hazırkı iddia tələbi üzrə işin hallarına tətbiq edərək və apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək belə qənaətə gəlir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur.
27. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Zaqatala rayon Mazıx bələdiyyəsi tərəfindən 0.68 ha torpaq sahəsinin iddiaçıya verilməməsi ilə əlaqədar iddiaçıya vurduğu 10.404 manat pulun-maddi zərərin əldən çıxmış faydanın Mazıx bələdiyyəsindən alınaraq iddiaçıya ödənilməsindən imtina ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Odur ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilməməlidir.
28. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:
İddiaçının hüquqi varisi X19 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli 2-1(116)-699/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.