Məhkəmə qərarları › İş №2-1(107)-157/2025

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-157/2025

25.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-157/2025 25.02.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Tahirov Zamin Cəbrayıl oğlundan ibarət tərkibdə, Əhmədov Fərid Vidadi oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və X2 hüquqi şəxsinə qarşı “xx.xx.2023-cü ildən əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-939/2024 nömrəli qərarından iş üzrə cavabdeh “Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” X9 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi PHŞ-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xx.xx.2023-cü ildən əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, xx.xx.1966-cı ildə anadan olmuşdur, Sovet Ordusunda xidmət etmiş, ordudan qayıtdıqdan sonra məlum erməni məsələləri cərəyan etdikdən sonra müharibə vəziyyəti yarandığından vətənin müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak etmək üçün cəbhəyə könüllü olaraq qatılmışdır. Döyüşlərdə iştirak etmiş və döyüşlər zamanı 1994-cü ildə yaralanmışdır. Müayinə və müalicə olmuşdur, lakin yaralanmağının vurduğu zədə tam sağalmamış, Qarabağ əlili kimi İİ qrup pensiya təyin edilmişdir. Həmin vaxtdan 20 ilə yaxındır ki, təkrar komissiyalardan keçir və əlillik pensiyası alır, lakin onun əlillik pensiyası son göndərişdən sonra müayinə zamanı xx.xx.2023-cü ildə qiymətləndirilmiş və ona imtina cavabı verilmişdir. Bu barədə o elektron portal vasitəsilə bu yaxınlarda məlumatlı olmuşdur. Uzun müddət sağlamlığının pozulması nəticəsində ona təyin edilmiş əlillik dərəcəsi xəstəliyinin artmasına və sağlamlığının daha da pozulmasına baxmayaraq, cavabdeh orqan tərəfindən qiymətləndirilərək imtina edilmişdir. O, bu imtina ilə razı deyil, bildirir ki, əlillik dərəcəsi 15 ildən çoxdur ki, davam etməkdədir, Əlillik Meyarlarına dair siyahıda onun əlilliyinin kodunun olmaması onun sağalmağını göstərmir, ona əlillik dərəcəsi daha əvvəlki Meyarlar əsasında təyin edilib və xəstəliyi qalmaqdadır. Ona təyin edilən diaqnoz üzrə 2015-ci ildə qəbul edilmiş Meyarlarda qeyd edilən diaqnozun kodları: M24.5, M84, M19, M86.6, R52, R26.0 və R26.8 olmaqla əlillik dərəcəsi təyini üçün imkan verməkdədir. Bundan əlavə 2023-cü ildə qəbul edilmiş Meyarlarda da ona təyin edilən diaqnoz üzrə xəstəliyin adları mövcuddur (M19 kodu ilə). Meyarlarda kodların dəyişməsi və xəstəliklərin müddətlərə ayrılması onun sağalmağı mənasını vermir. Cavabdeh orqan formal olaraq imtina etmiş, onu müayinə etməmişdir.

3. Cavabdeh orqan məhkəməyə təqdim olunmuş iddia tələbinə etirazı onunla əsaslandırmışdır ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Göyçay Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Daban sümüyünün sınığı, Sol daban nahiyəsinin odlu silah yaralanmasından sonrakı vəziyyət. Daban nahiyyəsinin posttravmatik qüsurlu vəziyyəti.; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir." səbəbi ilə imtina verilmişdir. Bundan əlavə, Ucar rayon sakini xx.xx.1966-cı il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin 0276003AAMRB nömrəli xx.xx.2021-ci il tarixli göndərişi əsasında qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. Yenidən əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin növbəti göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.1994-cü il tarixli 7945 nömrəli Xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Dəlib keçən güllə yaralanması nəticəsində sol pəncənin yaralanması (xx.xx.1994) daban sümüyünün okstozun əmələ gəlməsi. Əhəmiyyətli dərəcədə yerişin çətinləşməsi" diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı sol aşağı ətrafda ağrılardan, sol qolunda hərəki məhdudluqdan şikayətlənmişdir. Baxış zamanı sol dabanda çapıq, sağ bazunun orta 1/3-nin bitişmiş sınığından sonrakı vəziyyət, sağ çiyin oynağında 90 dərəcə hərəkət, hər iki aşağı ətraflarda sərbəst və tam həcmdə hərəkətlər qeyd edilmişdir. Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun PHŞ xx.xx.2023cü il tarixli ********** nömrəli Arayışında diaqnoz “Sol daban nahiyyəsinin odlu silah yaralanmasından sonrakı vəziyyət. Daban nahiyyəsinin postravmatik qusurlu vəziyyəti, daban sümüyünün qeyri düzgün bitişmiş sınığı, kobud osteofiti 3 sm. Xroniki osteomieliti aşıq baldır oynağının artrozu. kontrakturası bükmə 90'. açma 85'. Yerişin pozulması. Sol aşağı ətrafın funksiya pozğunluğu. Sağ bazu sümüyünün orta 1/3-in qeyri düzgün köhnə bitişmiş sınığı. Ağrı sindromu" kimi qeyd olunmuşdur. Anamnestik məlumatlarda və obyektiv müayinə nəticələrində əlillik təyinatına əsas verən dəyişikliklər aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması” meyarlarına müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.

4. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - TSEK-in xx.xx.2023-cü il tarixli imtina qərarı, - Səhiyyə Nazirliyi “Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun xx.xx.2023-cü il tarixli Arayışı, - TSEK-in Qiymətləndirmə nəticələri (xxxxxxx0001, xxxxxxx0002, xxxxxxx0003, xxxxxxx0004, xxxxxxx0005), - Tibbi-Sosial Ekspert Komissiyasının №3-17-4/3-3- 3686/2023-li, xx.xx.2023-cü il tarixli qərarı, - “Məhkəmə-Tibbi Ekspertiza və X3” X8 xx.xx.2024-cü il tarixli məktubuna əlavə olunmuş T369/2024 nömrəli ekspert rəyi, - Ucar Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2024-cü il tarixli məktubu.

5. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 19 noyabr 2024-cü il tarixli 2- 1(116)-939/2024 nömrəli qərarı ilə iddia təmin edilərək cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə İddiaçı xx.xx.2023-cü ildən müddətsiz, orqanizmin funksiyalarının pozulmasının İ dərəcə məhdudlaşması halının müəyyən edilməsi öhdəliyinin qoyulması qərara alınmışdır.

6. Məhkəmə qeyd etmişdir ki, iş materiallarından görünür ki, cavabdeh orqan xx.xx.2023-cü il tarixdə iddiaçıya əlilliyin təyin edilməsindən imtina etmiş, daha sonra iddiaçının müraciəti əsasında onu əyani müayinəyə cəlb edərək növbəti dəfə sağlamlıq vəziyyətini yoxlamış və xx.xx.2023-cü il tarixdə yenidən “diaqnoz əlillik əlaməti təyin etmir” əsası ilə imtina cavabı vermişdir. Hazırkı iddia ərizəsi isə xx.xx.2023-cü il tarixdə məhkəməyə təqdim edilsə də, sonuncu imtina qərarının hansı tarixdə iddiaçıya təqdim edilməsi ilə bağlı cavabdeh orqan tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Buna görə də məhkəmə hesab etmişdir ki, iddia tələbinin irəli sürülməsi üçün prossesual müddət ötürülməmişdir. - Məhkəmə qeyd etmişdir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər. Cavabdeh orqan xx.xx.2023-cü il tarixli və həmin qərarın əyani müayinə ilə yoxlanılması qaydasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli imtina qərarında iddiaçıya əlilliyin təyin edilməsindən “diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə imtina etmişdir. Məhz sonuncu imtina qərarından sonra iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. - Səhiyyə müəssisəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş göndərişdə iddiaçıya qoyulmuş diaqnoz “diaqnoz- “S92.0-daban sümüyünün sınığı, Sol daban nahiyyəsinin odlu silah yaralanmasından sonrakı vəziyyət. Daban nahiyyəsinin posttravmatik qüsurlu vəziyyəti, M25.7-Osteofit, M24.5-Oynaqların kontrakturası, Sol aşıqbaldır oynağının kontrakturası (bükmə 90 dər., açma 85 dər.) Yerişin pozulması, M19-digər artrozlar, Sol aşıq-baldır oynağının artrozu, R52.0-kəskin ağrı, daimi ağrı sindromu, S42yuxarı ətraf qurşağı və bazu səviyyəsində sınıq. Sağ bazu sümüyünün orta 1/3-nin qeyridüzgün bitişmiş köhnə sınığı, M84.0- Sümük sınığının pis bitişməsi, Daban sümüyünün qeyri-düzgün bitişmiş sınığı, kobud defekti 3 sm” olmuşdur. Məhkəmə tərəfindən iddiaçıya qoyulan diaqnozun doğruluğunu müəyyən etmək məqsədilə xx.xx.2024-cü il tarixli 2-1(116)-939/2024 nömrəli qərardadla iş üzrə canlı şəxsin məhkəmə-tibbi ekspertizası təyin edilmiş, təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6-Təcrübi və Tədris Birliyi” PHŞ-nə həvalə edilmişdir. Sonuncunun təqdim etdiyi ekspert rəyinin “məhkəmə-tibbi müayinə” hissəsində qeyd edilmişdir ki, İddiaçı tibbi sənədlərinin təhlilinə əsasən əlillik vəziyyətinin qiymətləndirilməsi ilə əlaqədar müvafiq tibb müəssisəsinin tərtib etdiyi göndərişdə qeyd edilən diaqnoz stasionarda şəxsin müayinə və müalicəsi zamanı anamnestik, klinik və laborator instrumental müayinələrin əsasında müəyyən edilmiş və müalicə tədbirləri vəziyyətinin ağırlığına uyğun aparılmışdır. İstinad olunan rəyin “nəticə” hissəsində isə qeyd edilmişdir ki, SN-nin “MTE və PA Birliyin” PHŞ müalicə müəssisəsi olmadığından hazırda İddiaçı hansı xəstəliklərdən əziyyət çəkməsi barədə fikir söyləmək mümkün olmadı. Lakin, onun iş materiallarında olan adına müvafiq tibb müəssisəsinin tərtib etdiyi göndərişdə qeyd edilən “Daban sümüyünün sınığı, sol daban nahiyəsinin odlu silah yaralanmasından sonrakı vəziyyət. Daban nahiyəsinin posttravmatik qüsurlu vəziyyəti; Ağırlaşmalar:. M24.5-Oynaqların kontrakturası. Sol aşıq-baldır oynağının kontrakturası (bükmə-90dər.; açma- 85dər.) Yerişin pozulması; M19-Digər artrozlar. Sol aşıq-baldır oynağının artrozu; R52.0-kəskin ağrı, daimi ağrı sindromu. S42- yuxarı ətraf qurşağı və bazu səviyyəsində sınıq. Sağ bazu sümüyünün orta 1/3-nin qeyri-düzgün bitişmiş köhnə sınığı. R26.8-Hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları. Yerişin pozulması; M26-Yerişin pozulması. Sol aşağı ətraf funksiyasının pozulması; xroniki osteomielit. Xroniki osteomielit. M84.0-Sümük bitişməsi. Daban sümüyünün qeyri-düzgün bitişmiş sınığı, 3sm)” diaqnoz ona stasionarda müəyyən edilsə də, əyani müayinədə sol dabanda çapıq, sağ bazunun orta 1/3-nin bitişmiş sınığ vəziyyət, sağ çiyin oynağında 90 dər. hərəkət, hər iki aşağı ətraflarda sərbəst və tam hərəkətlər qeyd edilmiş, anamnestik məlumatlarda və obyektiv müayinə nəticələrində əlillik təyinatına əsas verən dəyişikliklər aşkar edilməmişdir. Odur ki, əlillik dərəcəsinin təyini Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na dair əsasnamənin müddələrindən birinə aid etmək mümkün olmadı. Yuxarıda qeyd edilmiş diaqnozdakı xəstəliklər tam reablitasiya olunmurlar və vəziyyətinin ağırlığı ilə əlaqədar istər sərbəst gəzə, istərsə də əsadan istifadə edə bilər. Tədqiq edilən ekspert rəyinin nəticə hissəsində Ucar Şəhər Mərkəzi Xəstəxanası tərəfindən tərtib edilmiş diaqnozun və instrumental müayinələrin nəticələrinin obyektiv müayinə zamanı əlillik təyinatına əsasa verən dəyişikliklərin aşkar edilməməsi qeyd edilsə də, həmin rəyin “məhkəmə tibbi müayinə” hissəsində qeyd edilmişdir ki, iddiaçının tibbi sənədlərinin təhlilinə əsasən əlillik vəziyyətinin qiymətləndirilməsi ilə əlaqədar müvafiq tibb müəssisəsinin tərtib etdiyi göndərişdə qeyd edilən diaqnoz stasionarda şəxsin müayinə və müalicəsi zamanı anamnestik, klinik və laborator instrumental müayinələrin əsasında müəyyən edilmiş və müalicə tədbirləri vəziyyətinin ağırlığına uyğun aparılmışdır. Göründüyü kimi ekspert rəyinin “məhkəmə tibbi müayinə” hissəsi ilə “nəticə” hissəsi uzlaşmır. Odur ki, məhkəmə müvafiq ziddiyyətin olmasını sözügedən rəyin cavabdeh orqanın təsiri altında, cavabdehin xx.xx.2023-cü il tarixli qərarının məzmununa uyğun tərtib edilməsi qənaətinə gəlmişdir. - Hazırkı işdə də, məhkəmə, ekspertin cavabdeh orqanın mövqeyinə uyğunlaşdırmaqla tərəddüd içərisində verdiyi rəyi işin digər halları ilə kompleks şəkildə yoxlayaraq qiymətləndirmə aparmış, rəyin “məhkəmə tibbi müayinə” hissəsi və “diaqnozdakı xəstəliklərin tam reablitasiya olunmaması ilə bağlı” mövqeni - “Ucar Rayon Mərkəzi Xəstəxanası” PHŞ xx.xx.2024-cü il tarixli məktubu və iddiaçının xəstəlik tarixçəsinə aid digər sənədlərlə müqayisəli tədqiq edərək cavabdeh orqanın imtinasının əsassızlığı qənaətinə gəlmişdir. İddiaçı barəsində göndəriş tərtib etmiş səhiyyə müəssisəsi - “Ucar Rayon Mərkəzi Xəstəxanası” PHŞ xx.xx.2024-cü il tarixli məktubunda qeyd etmişdir ki, iddiaçıya təyin edilmiş diaqnoz (Daban sümüyünün sınığı, sol daban nahiyəsinin odlu silah yaralanmasından sonrakı vəziyyət. Daban nahiyəsinin posttravmatik qüsurlu vəziyyəti) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədə qeyd olunmuş 13.4.40. bəndində göstərilən (hər iki aşıqbaldır oynağının ankilozu) xəstəliklərlə eynilik təşkil edir. İstinad olunan 13.4.40-ci bənddə isə orqanizmin funksiyalarının pozulma faizi müddətsiz 50% müəyyən edilmişdir. Nəzərə alınmalıdır ki, cavabdeh orqan iddiaçıya qoyulmuş diaqnozla faktiki olaraq razılaşır, lakin diaqnozun əlillik əlaməti təyin etməməsini bildirir. Şərh olunanları ümumiləşdirərək məhkəmə hesab etmişdir iddiaçıya əlilliyin təyin edilməsi üçün kifayət qədər əsaslar mövcud olduğundan cavabdeh orqanın imtinası əsassız olmuşdur.

7. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2 Hüquqi Şəxsi həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 19 noyabr 2024-cü il tarixli 2- 1(116)-939/2024 nömrəli qərarının ləğv edilərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh orqan apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən işi lazımi qaydada araşdırmayaraq, bir çox qərarlarında olduğu kimi ekspert rəyinə şübhə ilə yanaşaraq və hər hansı sübuta əsaslanmadan ekspert idarələri ilə cavabdehin əlbir olması kimi əsassız mövqedən çıxış etmişdir. Halbuki ekspert rəyi və vətəndaşın Agentlikdəki əyani müayinəsi ilə də sübut edilir ki, anamnestik məlumatlarda və obyektiv müayinə nəticələrində əlillik təyinatına əsas verən dəyişikliklər aşkar edilməmişdir və əlillik dərəcəsinin təyini Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na dair əsasnamənin müddələrindən birinə aid etmək mümkün deyildir. Bundan əlavə bildiririk ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin “Əlilliyin müəyyən edilməsi, dəyişdirilməsi və ləğvi ilə bağlı mübahisələr üzrə 2022-ci ildə inzibati məhkəmələrdə baxılmış işlərin məhkəmə təcrübəsinin ümumiləşdirilməsinin nəticələri üzrə” icmal məktubunun 33-39-cu maddələrində ekspert qarşısında hansı sualların qoyulması məsələsi ətraflı şəkildə qeyd edilmişdir. Belə ki, ekspertiza fəaliyyətinin əsaslarını müəyyən edən qanunvericiliyin, o cümlədən prosessual qanunvericiliyin normaları vəhdətdə nəzərdən keçirilməklə qeyd edilir ki, ekspert yalnız iddiaçının sağlamlıq vəziyyətinin (xəstəlik və ağırlaşmalarının) müəyyən edilməsi ilə bağlı tibbi xarakterli sualları cavablandırmaq vəzifəsini daşımaqla, şəxsin sağlamlıq vəziyyəti, xəstəliklərin diaqnostikası və əlaqəli məsələlərdə məhz hüquqi bilikləri istisna edən, bununla belə, tibbi bilikləri əhatə edən suallar əsasında aparılmış tədqiqatın nəticəsində müəyyənləşdirilir. Həmçinin şəxsin əlilliyi onda mövcud olan xəstəliklərin, zədələrin və çatışmazlıqların, onların ağırlıq dərəcəsi, mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətlərindən asılı olaraq təyin edildiyi üçün, fərqli subyektlərin fəaliyyət sahəsinə aid olan şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi ilə əlilliyin qiymətləndirilməsi (təyin edilməsi) anlayışları (birinci halda tibbi ekspertlərin, ikinci halda inzibati orqanın və ya məhkəmənin) eyniləşdirilməməlidir. Əlilliyin qiymətləndirilməsi tələbi üzrə hüquqi dəyərləndirmə hüquq tətbiqedicinin əlahiddə və müstəsna səlahiyyəti olmaqla, ekspert qarşısına yalnız şəxsin sağlamlıq vəziyyətinin müəyyən edilməsinə dair (göndərişdə qoyulmuş diaqnozun təsdiqini tapıb-tapmadığı, diaqnozun xəstəliklərin beynəlxalq təsnifatına uyğunluğu və sairə) suallar qoyula bilər.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Tərəflərin izahatları

10. Məhkəmə kollegiyasının hazırki iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı və cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə məhkəmənin elektron kabinetinə ərizə göndərərək apellyasiya şikayətinə etiraz etdiyini, apellyasiya şikayətini qəbul etmədiyini, xəstə olduğunu nəzərə alaraq məhkəmə iclasının iştirakı olmadan keçirilməsini, apellyasiya şikayətinin təmin edilməməsini, X4 qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

Tətbiq edilən hüquq

11. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 1 -ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.

12. İnzibati Prosessual Məcəllə: Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 33.2. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

13. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.

14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”: Bənd 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Bənd 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Bənd 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Bənd 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Bənd 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Bənd 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. (-). Bənd 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Bənd 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. Bənd 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra - Meyarlar) "Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 1.2. Bu Meyarların məqsədləri üçün köməkçi texniki vasitələr dedikdə funksionallığın təkmilləşdirilməsinə, fərdin asılılığının aradan qaldırılmasına, sağlamlıq vəziyyətinin ağırlaşmasının və ya xəstəliyin yaratdığı funksiya pozuntusunun azaldılmasına və ya qarşısının alınmasına xidmət edən xüsusi vasitələr (cihazlar, avadanlıqlar, alətlər və ya proqram təminatları) nəzərdə tutulur. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra - xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - "Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında - 31-60 faiz.

16. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2.0.7. diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi; Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; Maddə 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 25.1. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Maddə 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır.

Apellyasiya şikayətinin mümkünlüyü

17. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri).

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

18. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olsa da, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddiaçıya xx.xx.2023-cü il tarixdən əlillik təyin edilməsi öhdəliyi cavabdeh inzibati orqanın üzərinə qoyulmalıdır.

19. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya müddətsiz, orqanizmin funksiyalarının pozulmasının İ dərəcə məhdudlaşması halının müəyyən edilməsinin əsaslarının mövcudluğu ilə bağlı məsələ birinci instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

20. Bununla belə qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi əlilliyin xx.xx.2023cü il tarixdən təyin edilməsi qənaətinə gəlməkdə haqlı olmamışdır. "Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-cü maddəsinin imperativ göstərişinə görə, şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. İş üzrə materiallardan görünür ki, cavabdeh orqan xx.xx.2023-cü il tarixli qərarın əyani müayinə ilə yoxlanılması qaydasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli imtina qərarında iddiaçıya əlilliyin təyin edilməsindən “diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə imtina etmişdir. Məhz sonuncu imtina qərarından sonra iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı barəsində tibb müəssisəsinin sonuncu göndərişi əsasında iddiaçıya əlilliyin təyin olunmasından imtina haqqında cavabdehin sonuncu qərarı xx.xx.2023-cü il tarixdə qəbul olunmuşdur. Bu tarixdən əvvəlki imtinalar isə, iddiaçı tərəfindən mübahisələndirilməmişdir.

21. Oxşar işlər üzrə Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyinə görə də müvafiq əsaslar olduğu hallarda əlillik imtina haqqında sonuncu qərarın qəbulu tarixindən təyin olunmalıdır (bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)-185/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 2- 1(102)-1164/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)3050/2024 nömrəli qərarları). Bu baxımdan hazırkı mübahisəyə münasibətdə də iddiaçıya müvafiq əlillik dərəcəsi xx.xx.2023-cü il tarixdən təyin edilməlidir.

22. Birinci instansiya məhkəməsi isə, qeyd edilən halları nəzərə almamış, iddiaçıya əlillik dərəcəsinin imtina haqqında sonuncu qərarın qəbul edildiyi tarixdən deyil, ona imtina cavabı verildiyi tarixdən təyin edilməsi nəticəsinə gəlmişdir.

23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları da qeyd etməyi zəruri hesab edir.

24. Belə ki, birinci instansiya məhkəməsi cavabdeh orqanın imtinasının əsassızlığı barədə düzgün qənaətə gəlmişdir. Ona görə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”-nın 3-cü bəndində (orqanizmin funksiyalarının pozulması faizləri) anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz (3.1.3) olmaqla müəyyən edilmişdir.

25. İddiaçı barəsində göndəriş tərtib etmiş səhiyyə müəssisəsi - “Ucar Rayon Mərkəzi Xəstəxanası” PHŞ xx.xx.2024-cü il tarixli məktubunda qeyd etmişdir ki, iddiaçıya təyin edilmiş diaqnoz (Daban sümüyünün sınığı, sol daban nahiyəsinin odlu silah yaralanmasından sonrakı vəziyyət. Daban nahiyəsinin posttravmatik qüsurlu vəziyyəti) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədə qeyd olunmuş 13.4.40. bəndində göstərilən (hər iki aşıqbaldır oynağının ankilozu) xəstəliklərlə eynilik təşkil edir. İstinad olunan 13.4.40-ci bənddə isə orqanizmin funksiyalarının pozulma faizi müddətsiz 50% müəyyən edilmişdir. Nəzərə alınmalıdır ki, cavabdeh orqan iddiaçıya qoyulmuş diaqnozla faktiki olaraq razılaşır, lakin diaqnozun əlillik əlaməti təyin etməməsini bildirir.

26. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya qoyulmuş diaqnoz onun barəsində tərtib edilmiş göndərişdə göstərilmiş, göndərişdə göstərilmiş diaqnozlar Əlilliyin müəyyən olunması meyarlarında göstərilən xəstəliklə eynilik təşkil etmiş, həmçinin hazırda onun həmin diaqnozla xəstə olması ekspert rəyi, Ucar Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin məktubu və işdə olan digər sənədlərlə öz təsdiqini tapmışdır.

27. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində qeyd etdiyi “Əlilliyin qiymətləndirilməsi tələbi üzrə hüquqi dəyərləndirmə hüquq tətbiqedicinin əlahiddə və müstəsna səlahiyyəti olmaqla, ekspert qarşısına yalnız şəxsin sağlamlıq vəziyyətinin müəyyən edilməsinə dair (göndərişdə qoyulmuş diaqnozun təsdiqini tapıb-tapmadığı, diaqnozun xəstəliklərin beynəlxalq təsnifatına uyğunluğu və sairə) suallar qoyula bilər.” dəlilinə münasibətdə qeyd edir ki, həmin dəlillər iddiaçıya əlillik təyin edilməməsi üçün əsas hesab edilə bilməz. Ona görə ki, ekspert rəyindən görünür ki, İddiaçı tibbi sənədlərinin təhlilinə əsasən əlillik vəziyyətinin qiymətləndirilməsi ilə əlaqədar müvafiq tibb müəssisəsinin tərtib etdiyi göndərişdə qeyd edilən diaqnoz stasionarda şəxsin müayinə və müalicəsi zamanı anamnestik, klinik və laborator instrumental müayinələrin əsasında müəyyən edilmiş və müalicə tədbirləri vəziyyətinin ağırlığına uyğun aparılmışdır. Göründüyü kimi, göndərişdə qoyulmuş diaqnoz ekspert rəyi ilə də təsdiqini tapmışdır.

28. Əlavə olaraq qeyd olunmalıdır ki, iddiaçıya əlilliyin təyin olunması ilə əlaqədar məsələni həll edərkən, cavabdeh eyni zamanda həm "Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də "İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normalarının tələblərini nəzərə almağa borcludur.

29. Bu mənada əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələri, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur

30. Məhkəmə kollegiyası qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtina olunması məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər.

31. Odur ki, cavabdeh tərəfindən hazırkı mübahisəyə münasibətdə iddiaçıya xx.xx.2023-cü il tarixdən müddətsiz, orqanizmin funksiyalarının İ dərəcə məhdudlaşması halının müəyyən edilməsindən imtina olunması qanunsuz və əsassız sayılmalıdır.

32. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh iddiaçının xeyrinə olan və onun üçün əlverişli inzibati aktın qəbulunu şərtləndirən halları nəzərə almamış, bununla da qanunla ona verilmiş diskresion səlahiyyətlərdən onun məqsədinə uyğun istifadə etməmiş, həmin səlahiyyətlərin həyata keçirilməsi zamanı iddiaçının hüquqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərar qəbul etmişdir.

33. Göründüyü kimi, İddiaçı xəstə olması iş materialları ilə öz təsdiqini tapdığından və ona qoyulmuş həmin diaqnozlar əlillik dərəcəsinin təyin edilməsi üçün meyarlara uyğun olduğundan cavabdeh inzibati orqan tərəfindən əlilliyin təyin olunmasından imtina edilməsi onun qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla onun vəziyyətinə mütənasib olmamışdır.

34. Bundan əlavə, məhkəmə kollegiyası həmçinin qeyd edir ki, məcburetmə haqqında iddialar üzrə məhkəmə tərəfindən inzibati orqanın əvəzinə qərar qəbul olunmur, əksinə, inzibati orqan şəxsin qanuni və əsaslı tələbinin təmin olunmasından imtina etdiyi hallarda, məhkəmə nəzarəti qaydasında məhkəmə tərəfindən həmin inzibati orqanın üzərinə qanunauyğun qərarın qəbul edilməsinə dair öhdəlik qoyulur. Belə yanaşma hakimiyyətlər bölgüsü prinsipinə əsaslanır və həmin prinsipdən irəli gəlir.

35. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edildiyi hazırda mübahisələndirilən qərarından verdiyi apellyasiya şikayətinin ümumilikdə dəlilləri, həmçinin imtinası əsassızdır. Buna görə də iddiaçı, hazırkı tələblə məhkəməyə müraciət etməkdə, birinci instansiya məhkəməsi isə onun iddiasını “ona müddətsiz, orqanizmin funksiyalarının pozulmasının İ dərəcə məhdudlaşması halının müəyyən edilməsi” hissəsində təmin etməkdə haqlı olmuşdur. Ümumilikdə Kollegiya, cavabdehin dəlillərini birinci instansiya məhkəməsinin qərarının ləğvinin və iddianın rədd edilməsinin əsası kimi qəbul etmir.

36. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli və iddia qismən təmin edilməklə cavabdeh "Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” PHŞ-nin üzərinə İddiaçı 09 iyun 2023-cü il tarixdən müddətsiz, orqanizmin funksiyalarının İ dərəcə məhdudlaşması halının müəyyən edilməsi öhdəliyi qoyulmalıdır.

37. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası

Qərara aldı

Cavabdeh “Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” X9 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 19 noyabr 2024-cü il tarixli, 2-1(116)-939/2024 nömrəli qərarı dəyişdirilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə İddiaçı 09 iyun 2023-cü il tarixdən müddətsiz, orqanizmin funksiyalarının İ dərəcə məhdudlaşması halının müəyyən edilməsi öhdəliyi qoyulsun. İddia tələbi qalan hissədə (əlillik dərəcəsinin xx.xx.2023-cü ildən təyin edilməsi hissəsində) təmin edilməsin. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar