Məhkəmə qərarları › İş №2-1(107)-158/2020

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-158/2020

28.04.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-158/2020 28.04.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Hüseynov Mübariz Rahil oğlundan ibarət tərkibdə, İslamova Türkay Abdurəhim qızının katibliyi ilə, İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə (bundan sonra cavabdeh və ya DSMF-in İsmayıllı rayon şöbəsi) qarşı “xx.xx.1971-ci il tarixdən xx.xx.1976-cı il tarixinə qədər Azərbaycan Dövlət İnstitutunda əyani təhsil aldığı illərin sosial sığorta stajına daxil edilməsi və xx.xx.2017-ci il tarixindən pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi barədə inzibatiiş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-290/2020 nömrəli qərarından DSMF-in İsmayıllı rayon şöbəsi tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı 1971-1976-cı illərdə Azərbaycan Dövlət Universitetinin kitabxanaşünaslıq və biblioqrafiya fakultəsinin əyani şöbəsini oxuyub bitirmişdir. xx xxxx 2017-ci ildə yaşa görə əmək pensiyasına çıxmışdır. Lakin onun 1971-1976-cı illərdə Azərbaycan Dövlət Universitetində əyani təhsil aldığı müddət əmək kitabçasında əks olunmasına baxmayaraq cavabdeh DSMF-in İsmayıllı rayon şöbəsi tərəfindən sosial sığorta stajına daxil edilməmişdir. İddiaçı həmin təhsil müddətinin sosial sığorta stajına daxil edilərək pensiyanın yenidən hesablanıb verilməsi barədə ərizə ilə cavabdeh təşkilata müraciət etsə də, bundan rəsmən imtina edilmişdir. İddiaçının nümayəndəsi X2 birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “iddiaçının xx.xx.1971-ci il tarixdən xx.xx.1976-cı il tarixinə qədər Azərbaycan Dövlət İnstitutunda əyani təhsil aldığı illərin sosial sığorta stajına daxil edilməsi və xx.xx.2017-ci il tarixindən pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin protokol qərardadına əsasən ərizə icraata qəbul edilmişdir. Cavabdeh inzibati orqan xx.xx.2019-cu il tarixli məktubla iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı xx.xx.2017-ci il tarixdən yaşa görə əmək pensiyası təyin olunaraq ödənilir. Vətəndaş 1971-1976-cı illərdə əyani təhsil aldığı dövrün sığorta stajına daxil edilməsi və pensiyanın yenidən hesablanması ilə əlaqədar xx.xx.2019-cu il tarixdə şöbəyə ərizə ilə müraciət etmişdir. Vətəndaşın müraciətinə pensiya təyin edən komissiyanın xx xxxxxxx 2019-cu il tarixdə keçirilən iclasında baxılarkən xx.xx.2006-cı il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda təhsil dövrünün sığorta sıtajına daxil edilməsinin nəzərdə tutulmaması səbəbindən 1971-1976-cı illərdə əyani təhsil aldığı dövrlərin ümumi iş stajının tərkibinə daxil edilməsi və pensiyanın yenidən hesablanması mümkün sayılmamışdır. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi X1 təmin edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) xx xxxxxx 2020-ci il tarixli 2- 1(116)-290/2020 nömrəli qərarı ilə iddia təmin edilərək DSMF-in İsmayıllı rayon şöbəsinin üzərinə İddiaçı xx.xx.1971-ci il tarixdən xx.xx.1976-cı il tarixinə qədər Azərbaycan Dövlət İnstitutunda əyani təhsil aldığı illərin sosial sığorta stajına daxil edilməsi və xx.xx.2017-ci il tarixindən pensiyasının yenidən hesablanması öhdəliyinin qoyulması qərara alınmışdır. DSMF-in İsmayıllı rayon şöbəsi həmin qərardan apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri Cavabdehin apelyasiya şikayəti belə əsaslandırılmışdır ki, xx xxxxxx 2006-cı il tarixdən Azərbaycan Respublikasında vətəndaşların pensiya təminatı “Əmək pensiyaları haqqında“ Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsində; qanununvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi əsasında işləyənlərin, hərbi qulluqçular eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1.1-ci bəndinə əsasən Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Həmin Qaydaların 3.4-cü bəndinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda sığortaolunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Qanunvericilikdə iş stajının götürülməsində başqa hallar həzərdə tutulmamışdır.Yuxarıda qeyd olunanlara baxmayaraq İddiaçı ərizəsi təmin edilmiş və Şəki İnzibati Məhkəməsi cavabdehin üzərinə iddiaçının xx xxxxxxxx 1971-ci il tarixdən xx xxxx 1976-cı il tarixədək Azərbaycan Dövlət Universitetində əyani təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsi və xx.xx.2017-ci il tarixdən pensiyanın yenidən hesablanması öhdəliyinin qoyulması barədə qərar qəbul etmişdir.Məhkəmə qərar qəbul edərkən xx.xx.1992-ci il tarixədək qüvvədə olmuş “Dövlət pensiya təminatı” haqqında SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə və “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 67-ci maddəsininğ) bəndinə əsaslanmışdır ki, həmin Qanunların pensiya təminatı sahəsində yeni qanunvericiliyin qüvvəyə minməsi ilə əlaqədar müvafiq olaraq xx.xx.1993-cü il və xx.xx.2006-cı il tarixlərdən qüvvədən düşməsini nəzərə almamışdır.Hesab etmişlər ki, Şəki İnzibati Məhkəməsinin gəldiyi nəticə səhvdir. Ona görə ki, “Dövlət pensiya təminatı” haqqında SSRİ Qanununun xx.xx.1993-cü il tarixdən, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun isə xx.xx.2006-cı il qüvvədən düşdüyü, əmək pensiyalarının xx.xx.2006-ci il tarixdən etibarən “Əmək pensiyaları haqqında”Azərbaycan Respublikası Qanununun müddəalarına əsasən təyin olunması və hüquq münasibətləri xx.xx.2017-ci il tarixdən sonrakı dövrü əhatə etdiyindən göstərilən hüquq normalarının tətbiqi yolverilməzdir. Ona görə də Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-290/2020 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh DSMFin İsmayıllı rayon şöbəsi nümayəndəsinin iştirakını təmin etməmişdir. DSMF-in İsmayıllı rayon şöbəsi məhkəmə kollegiyasına xx.xx.2020-ci il tarixli məktub göndərərək onların iştirakı olmadan işə baxılmasına etiraz etmədiklərini bildirmişlər. “Azərbaycan Respublikasında Koronavirus (Covid-19) infeksiyasının yayılması təhlükəsinn qarşısının alınması məqsədi ilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan tədbirlər haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2020ci il tarixli 06 nömrəli qərarının 1.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının bütün məhkəmələrinə Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 16-cı maddəsinin tələbləri nəzərə alınmaqla inzibati məhkəmə icraatı qaydasında baxılan işlərə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılması imkanlarından istifadə edilməsi tövsiyə edilmişdir. Qeyd edilən qərarı nəzərə alan məhkəmə kollegiyası tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir və həmin sənədlərin məzmununa istinad edilir: Onlara AZE seriyalı 0******* nömrəli Şəxsiyyət Vəsiqənin surəti, DSMF-in İsmayıllı rayon şöbəsinin xx.xx.2019-cu il tarixli **********9 nömrəli imtina məktubu, Vİ-ЖГ seriyalı 339600 nömrəli doğum haqqında şəhadətnamənin surəti, Б-İ seriyalı 005241 nömrəli diplomun təsdiqlənmiş surəti, İ-ЖГ seriyalı 253301 nömrəli adın, ata adının və soyadın dəyişilməsi haqqında şəhadətnamənin təsdiqlənmiş surəti, DSMF-in İsmayıllı rayon şöbəsinin xx.xx.2019-cu il tarixli **********3 nömrəli etiraz məktubu və xx.xx.2019-cu il tarixli **********0 nömrəli məktubu aiddir. Əsaslandırma hissəsi Cavabdehin apelyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-290/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçılar onların müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onların hüquqlarını pozduğunu iddia edə bilərlər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Birinci instansiya məhkəməsi iddianı təmin edərək DSMF-in İsmayıllı rayon şöbəsinin üzərinə İddiaçı xx.xx.1971-ci il tarixdən xx.xx.1976-cı il tarixinə qədər Azərbaycan Dövlət İnstitutunda əyani təhsil aldığı illərin sosial sığorta stajına daxil edilməsi və xx.xx.2017-ci il tarixindən pensiyasının yenidən hesablanması öhdəliyini cavabdehin üzərinə qoymuşdur. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş iş materiallarından müəyyən edilir ki, iddiaçının xx.xx.1971-ci il tarixdən xx.xx.1976-cı il tarixinə qədər Azərbaycan Dövlət İnstitutunda əyani təhsil alması Б-İ seriyalı 005241 nömrəli diplomu ilə öz təsdiqini tapır və bu işin mübahisələndirilməyən halıdır. xx xxxx 2017-ci ildə yaşa görə əmək pensiyasına çıxmışdır. Lakin onun 1971-1976-cı illərdə Azərbaycan Dövlət Universitetində əyani təhsil aldığı müddət əmək kitabçasında əks olunmasına baxmayaraq cavabdeh DSMF-in İsmayıllı rayon şöbəsi tərəfindən sosial sığorta stajına daxil edilməmişdir. İddiaçı həmin təhsil müddətinin sosial sığorta stajına daxil edilərək pensiyanın yenidən hesablanıb verilməsi barədə ərizə ilə cavabdeh təşkilata müraciət etsə də, bundan rəsmən imtina edilmişdir. İddiaçının nümayəndəsi X2 birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “iddiaçının xx.xx.1971-ci il tarixdən xx.xx.1976-cı il tarixinə qədər Azərbaycan Dövlət İnstitutunda əyani təhsil aldığı illərin sosial sığorta stajına daxil edilməsi və xx.xx.2017-ci il tarixindən pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin protokol qərardadına əsasən ərizə icraata qəbul edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 149.7-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. xx.xx.1956-cı ildə qanuni qüvvəyə minmiş və xx.xx.1992-ci il tarixədək qüvvədə olmuş “Dövlət pensiya təminatı” haqqında SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə görə, ali məktəblərdə, orta ixtisas məktəblərində, sənət məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar əmək pensiyası almaq hüququna malikdirlər. Həmin Qanunun 109-cu maddəsinin i) yarımbəndində qeyd olunur ki, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti iş stajına daxil edilir. İddiaçının təhsil aldığı dövrdə qüvvədə olmuş SSRİ Nazirlər Sovetinin xx xxxxxx 1956-cı il tarixli 1044 saylı Qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 109-cu bəndində ali və orta ixtisas təhsili məktəblərində təhsil dövrü iş stajına daxil edilirdi. xx xxxxxxxx 1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin ğ) bəndinə əsasən, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. İstinad olunan maddi hüquq normalarının tələbindən görünür ki, ali, orta ixtisas, texniki peşə məktəblərində təhsil müddəti iş stajına daxil edilməlidir. Qanunvericilikdə qeyd edilən dövrün əmək stajına daxil edilməsi barədə konkret göstəriş olduğundan o, bu hüquqdan məhrum edilə bilməz. Habelə, şəxsin təhsil aldığı dövrün qanunvericiliyinə görə həmin dövr artıq onun əmək stajı hesab edilir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinə əsasən, hazırda qüvvədə olan qanunvericiliyi həmin dövrə tətbiq etmək mümkün deyildir. Çünki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Göründüyü kimi, cavabdehin ağırlaşdırıcı hallara istinad edərək təhsil müddətini sosial sığorta stajına daxil etməməsi konstitusion normanın pozulmasıdır. Bundan başqa, iddiaçının təhsil aldığı müddət onun artıq qazanılmış hüququdur. Ona görə də “təhsil müddətinin əmək stajına daxil edilməsi” məsələsi həmin təhsil alınan vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənir. Apelyasiya şikayətinin xx xxxxxx 2006-cı il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda əyani təhsil müddətinin sığorta stajına daxil edilməsinin nəzərdə tutulmaması ilə bağlı dəlilinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı pensiyaya çıxmaq hüququnu 2006-cı il tarixdən sonra əldə etsə də, təhsil müddətinin sığorta stajına daxil edilməsi ilə bağlı hüquqlarını “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu qüvvədə olduğu dövrdə yox, 1971-1976-cı illərdə əldə etdiyindən və bu hüquq onun qazanılmış hüququ olduğundan yuxarıda qeyd olunan maddi hüquq norması hazırkı mübahisəyə tətbiq oluna bilməz. Odur ki, apelyasiya şikayətinin həmin dəlili əsassızdır. Bundan başqa, DSMF-in İsmayıllı rayon şöbəsinin xx.xx.2019-cu il tarixli **********0 nömrəli məktubunda görünür ki, iddiaçının təhsil dövrü nəzərə alınmadan xx.xx.2006-cı il tarixədək qazanılmış sığorta stajı 30 il 6 gün təşkil edir. İddiaçıya xx.xx.2017-ci il tarixdən yaşa görə əmək pensiyası təyin olunaraq ödənilir. İddiaçı təhsil aldığı illər onun sosial stajına daxil ediləcəyi təqdirdə pensiya artımına səbəb olacaqdır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqan imtina məktubunda qeyd etmişdir ki, iddiaçıya pensiya təyin edilərkən “Əmək pensiyaları haqqında” Qanunun 21-ci maddəsinə əsasən, 1971-1976-cı illərdə əyani təhsil aldığı dövr onun sosial sığorta stajına daxil edilməmişdir. Belə olan halda məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, İddiaçı təhsil aldığı illər onun sosial stajına daxil ediləcəyi təqdirdə pensiya artımına səbəb olacağından birinci instansiya məhkəməsi həmin illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyini cavabdehin üzərinə qoymaqda haqlı olmuşdur. Həmçinin, iddiaçının pensiya hüququnun yarandığı vaxt qüvvədə olan Qanunun 31.1-ci maddəsinin redaksiyasına əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Yuxarıda qeyd olunan işin hallarını, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddia təmin edilməli, cavabdehin üzərinə iddiaçının xx.xx.1971-ci il tarixdən xx.xx.1976-cı il tarixinə qədər Azərbaycan Dövlət İnstitutunda əyani təhsil aldığı illərin sosial sığorta stajına daxil edilməsi və xx.xx.2017-ci il tarixindən pensiyasının yenidən hesablanması öhdəliyi qoyulmalıdır. Ona görə də apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya verilmiş xx.xx.2019-cu il tarixli **********9 nömrəli imtina məktubunda inzibati orqan tərəfindən vətəndaşa həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələrinin istifadə müddətini və həmçinin də şəxsin şikayət və ya iddia verəcəyi orqanlara, o cümlədən məhkəməyə şikayət verilməsi haqqında izahat verilməmişdir. Bununla bağlı məhkəmə kollegiyası DSMF-in İsmayıllı rayon şöbəsi rəhbərliyinin nəzərinə çatdırır ki, maraqlı şəxs hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə hər hansı bir inzibati orqanın qərarından, hərəkət və hərəkətsizliyindən yuxarı inzibati orqana yazılı müraciət formasında şikayət və ya məhkəməyə şikayət edə bilər. AR Konstitusiyasının 57-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə yazılı cavab verilməlidir. AR Konstitusiyasının 60-cı maddəsində deyilir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Bundan başqa «Vətəndaşların hüquq və azadlıqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) məhkəməyə şikayət edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən dövlət orqanlarının və yerli özünüidarə orqanlarının, müəssisələrin, idarələrin və təşkilatların, ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətləri (hərəkətsizliyi) nəticəsində öz hüquq və azadlıqlarını pozulmuş hesab edən Azərbaycan Respublikasının hər bir vətəndaşının məhkəməyə müraciət etmək hüququ vardır. Həmin Qanunun 2-ci maddəsinə əsasən vətəndaş onun hüquq və azadlıqlarını pozan qərarlar və hərəkətlər (hərəkətsizlik) barəsində birbaşa məhkəməyə və ya tabelik qaydasında yuxarı dövlət orqanlarına və yerli özünüidarə orqanlarına, müəssisələrə, idarələrə və təşkilatlara, ictimai birliklərə, vəzifəli şəxslərə şikayətlə müraciət edə bilər. “İnzibati icraat haqqında” Qanunun 57.1-ci maddəsinə əsasən başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir. Həmin Qanunun 59.1.5-ci maddəsinə əsaəsn həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bunula bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cumlədən məhkəmə) haqqında məlumat. Həmin Qanunun 90.1-ci maddəsinə görə inzibati orqanların vəzifəli şəxsləri bu Qanunun müddəalarının pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada intizam, inzibati və ya cinayət məsuliyyəti daşıyırlar. Göründüyü kimi dövlət orqanları vətəndaşlarla münasibətləri dəqiq və aydın şəkildə “İnzibati icraat haqqında” Qanuna əsasən qurmalıdır. Belə ki, hüquqi və demokratik dövlətdə dövlət idarəçilik orqanları ilə vətəndaşlar arasında münasibətlərin bütün prosedur qaydaları inzibati icraat haqqında qanunlarla müəyyən olunur. Heç bir dövlət orqanı, özünüidarə orqanı və ya onların vəzifəli şəxsləri bu və ya digər məsələni qanunla müəyən edilmiş qaydalardan kənar, özünün şəxsi mülahizələri ilə həll edə bilməz. Qanunun müddəalarının pozulmasına görə inzibati orqanların vəzifəli şəxsləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada intizam, inzibati və ya cinayət məsuliyyəti daşıyırlar. İPM-in 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki,DSMF-in İsmayıllı rayon şöbəsinin iddiaçının xx.xx.1971-ci il tarixdən xx.xx.1976-cı il tarixinə qədər Azərbaycan Dövlət İnstitutunda əyani təhsil aldığı illərin sosial sığorta stajına daxil edilməsi və xx.xx.2017-ci il tarixindən pensiyasının yenidən hesablanmasından imtinası qanuni və əsaslı olmamışdır. Ona görə də İPM-in 87.6-cı maddəsinə əsasən Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-290/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apelyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə əsasən və İPM-in 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-290/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar