Məhkəmə qərarları › İş №2-1(107)-159/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-159/2021

03.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-159/2021 03.05.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Kərimli İsmayıl Aslan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı "90 kv.m torpaq sahəsi üzərində inşa etdiyi stomatoloji kabinetə olan mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 03.11.2020-ci il tarixli, 2-1(116)-1070/2020 saylı qərarından İddiaçı vermiş olduğu apellyasiya şikayətinə məhkəmənin binasında şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə Şəki Bələdiyyəsinin 30.05.2007-ci il tarixli iclasının 07 nömrəli protokol qərarına əsasən, Şəki şəhəri M.Ə.Rəsulzadə prospekti 178/30 nömrəli ünvanda yaşayan İddiaçı stomatoloji kabinet tikmək məqsədilə yaşadığı binanın həyətində özünün uzun müddət bağ kimi istifadə etdiyi 60 kv.metr torpaq sahəsinin ona satılması qərara alınmışdır. Şəki Bələdiyyəsi ilə İddiaçı arasında 60 kv.m torpaq sahəsinin alqı-satqısına dair akt tərtib edilmişdir (tarixi göstərilməmişdir). Akt Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki rayon şöbəsində qeydiyyata alınmamışdır. İddiaçı stomatoloji kabinet tikmək üçün satılmış 60 kv.m torpaq sahəsi ilə bağlı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən onun adına A seriyalı 075433 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" tərtib edilmiş və X2 kitabında 25.08.2008-ci il tarixdə 686 nömrə ilə uçota alınmışdır. "X3" MMC tərəfindən 15.05.2019-cu ildə "xxxx" adlanan sənəd tərtib edilmiş və həmin MMC-nin direktoru M.Xəlilov tərəfindən imzalanmışdır. Göstərilən sənəd Şəki Şəhər İcra Hakimiyyətinin baş memarı Taleh Alxasov tərəfindən imzalanmış və möhürlə təsdiq edilmişdir. Sənəddə baş memarın imzalamasının və möhürlə təsdiq etməsinin tarixi yazılmamışdır. Bundan sonra A-0810420 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, Şəki Bələdiyyəsi 0,003 ha torpaq sahəsini 02.06.2020-ci ildə İddiaçı satmışdır. İddiaçı "Şəki Bələdiyyəsindən aldığı torpaq sahəsində 10 il əvvəl tikdiyi stomatoloji kabinetə dövlət reyestrindən çıxsrış verilməsi barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Bundan sonra o, cavabdehə ərizə ilə müraciət edərək Şəki şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən 178 nömrəli binaya yaxın ərazidə inşa edilən stomatoloji kabinetin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmiş, lakin cavabdeh 03.07.2020-ci il tarixli **********12 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində göstərilən əsaslar - Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş qeyri-yaşayış binalarına münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, mavafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazəsi barədə qərarı, istismara qəbul aktı; Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə və ya qanuni qüvvəyə minmiş məhkəmə qərarı təqdim edilmədiyinə görə ərizənin icrası mümkün olmamışdır. Daha sonra iddiaçı məhkəməyə iddianın dəyişdirilməsi barədə 30.07.2020-ci il tarixli ərizə göndərərək, 90 kv.m torpaq sahəsi üzərində inşa etdiyi stomatoloji kabinetə olan mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. O, iddia tələbini belə əsaslandırmışdır ki, stomatoloji kabinet tikmək üçün 2007-ci ildə Şəki Bələdiyyəsindən 60 kv.m torpaq sahəsi almış və orada 90 kv.m torpaq sahəsində stomatoloji kabinet tikmişdir. Lakin indiyədək həmin tikilini sənədləşdirə bilməmişdir. Cavabdeh iddiaya qarşı 12.08.2020-ci il tarixli yazılı etirazında imtina məktubunun dəlillərinə əsaslanmışdır. Şəki İnzibati Məhkəməsinin 03.11.2020-ci il tarixli, 2-1(116)-1070/2020 saylı qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı "90 kv.m torpaq sahəsi üzərində inşa etdiyi stomatoloji kabinetə olan mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddiası təmin edilməmişdir. Həmin qərardan İddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən qəbul olunmuş qərar qanunsuz və əsassızdır. Belə ki, iş materiallarından göründüyü kimi Şəki Bələdiyyəsinin 30.05.2007-ci il tarixli iclasının 07 nömrəli protokol qərarına əsasən stomatoloji kabinet tikmək məqsədilə ona yaşadığı binanın həyətində özünün uzun müddət bağ kimi istifadə etdiyi 60 kv.metr torpaq sahəsinin satılması qərara alınmışdır.Şəki Bələdiyyəsi ilə aramızda 60 kv.m torpaq sahəsinin alqı-satqısma dair akt tərtib edilmişdir. Mənə satılmış 60 kv.m torpaq sahəsi ilə bağlı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən adıma A seriyalı 075433 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" tərtib edilmiş və X2 kitabında 25.08.2008-ci il tarixdə 686 nömrə ilə uçota alınmışdır. "X3" MMC tərəfindən 15.05.2019-cu ildə "xxxx" adlanan sənəd tərtib edilmiş və həmin MMC-nin rəhbəri tərəfindən imzalanmışdır. Göstərilən sənəd Şəki Şəhər İcra Hakimiyyətinin baş memarı tərəfindən imzalanmış və möhürlə təsdiq edilmişdir. Bundan sonra A-0810420 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, Şəki Bələdiyyəsi 0,003 ha torpaq sahəsini 02.06.2020-ci ildə mənə satmışdır. Şəki Bələdiyyəsindən aldığım torpaq sahəsində 10 il əvvəl tikdiyim stomatoloji kabinetə olan hüquqularımın daşınmaz əmlakm dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişəm. Lakin cavabdeh 03.07.2020-ci il tarixli **********12 nömrəli məktubla imtina edərək "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində göstərilən əsaslar olmadığına görə ərizənin icrasının mümkün olmadığmı bildirmişdir. Ona görə də Şəki İnzibati Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışam. X4 Məhkəməsi də işə birtərəfli baxaraq yalnız cavabdeh tərəfin arqumentlərini əsas götürərək tələbimi təmin etməmişdir. Qeyd etmək istəyirəm ki, işə birinci instansiya məhkəməsində baxılarkən maddi hüquq normaları düzgün tətbiq olunmamış və onun qanunla qorunmalı olan hüquqları pozulmuşdur. Yuxarıda qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 03.11.2020-ci il tarixli, 2-1(116)-1070/2020 saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 03.11.2020-ci il tarixli, 2-1(116)-1070/2020 saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində tərəflər məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Əsaslandırma hissəsi Azərbаycаn Respublikаsının İnzibati Prosessual Məcəlləsinin 82-ci mаddəsinə əsаsən, аpelyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apelyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Həmin Məcəllənin 80-ci mаddəsinə görə, barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Şəki Bələdiyyəsinin 30.05.2007-ci il tarixli iclasının 07 nömrəli protokol qərarından görünür ki, Şəki şəhəri M.Ə.Rəsulzadə prospekti 178/30 nömrəli ünvanda yaşayan İddiaçı stomatoloji kabinet tikmək məqsədilə yaşadığı binanın həyətində özünün uzun müddət bağ kimi istifadə etdiyi 60 kv.metr torpaq sahəsinin ona satılması qərara alınmışdır; Torpaq sahəsinin alqı-satqısına dair aktdan görünür ki, Şəki Bələdiyyəsi ilə İddiaçı arasında 60 kv.m torpaq sahəsinin alqı-satqısına dair akt tərtib edilmişdir (tarixi göstərilməmişdir).Həmin sənəd Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki rayon şöbəsində qeydiyyata alınmamışdır. A seriyalı 075433 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədindən görünür ki, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən İddiaçı adına stomatoloji kabinet tikmək üçün satılmış 60 kv.m torpaq sahəsi ilə bağlı "Torpaq sahəsinin planı və ölçüsü" tərtib edilmiş və X2 kitabında 25.08.2008-ci il tarixdə 686 nömrə ilə uçota alınmışdır. X1 Şəbəkəsi tərəfindən iddiaçıya verilmiş 06.10.2009-cu il tarixli 3/185a nömrəli arayışda deyilir ki, İddiaçı yaşadığı binanın həyətində yerləşən stomatoloji kabinetin elektrik təchizatı üçün 30.09.2009-cu ildə verilmiş 1/281 nömrəli şərtin 2-ci bəndində mövcud şəbəkənin gücləndirilməsi haqqında qoyulmuş tələb tələbatçı tərəfindən yerinə yetirilmişdir; "xxxx" adlanan sənəddən görünür ki, həmin sənəd "X3" MMC tərəfindən 08.04.2019cu ildə tərtib edilmişdir; Şəki Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən iddiaçıya yazılmış 30.10.2019cu il tarixli 364 nömrəli məktubda deyilir ki, Şəki şəhəri M.Ə.Rəsulzadə prospektində inşa etdiyi 0,0074 ha sahədə yerləşən qeyri-yaşayış obyektinə sanitar baxış keçirilmiş, obyekt sanitar-gigiyenik tələblərə uyğun inşa edilib, açılıb istifadəyə verilməsinə Şəki GEM etiraz etmir. A-0810420 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Şəki Bələdiyyəsi 0,003 ha torpaq sahəsini 02.06.2020-ci il tarixdə İddiaçı satmışdır; Cavabdehin 03.07.2020-ci il tarixli **********12 nömrəli imtina məktubundan görünür ki, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8ci maddəsində göstərilən əsaslar - Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş qeyri-yaşayış binalarına münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, mavafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazəsi barədə qərarı, istismara qəbul aktı; Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə və ya qanuni qüvvəyə minmiş məhkəmə qərarı təqdim edilmədiyinə görə ərizənin icrası mümkün olmamışdır. Cavabdehin imtina məktubundan görünür ki, o, xxxxna iddiaçının mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata almaqdan imtinasını aşağıdakı sənədlərin təqdim olunmaması ilə əsaslandırmışdır: xxxx 01.01.2013-cü ilədək inşa edilmişdirsə, torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, mavafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazəsi barədə qərarı, istismara qəbul aktı, 01.01.2013-cü ildən sonra inşa edilmişdirsə, torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə və ya qanuni qüvvəyə minmiş məhkəmə qərarı. İddiaçı qeydiyyata alınmasını tələb etdiyi xxxxnın nə vaxt tikilməsi barədə işdə hər hansı sənəd mövcud deyil, lakin iddiaçının öz iddia ərizəsində yazdığına görə, bina 2007ci ildə, yəni Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək inşa edilmişdir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.9.2-ci maddəsinin mənasına görə, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş qeyri-yaşayış binaları üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:

1. torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd,

2. müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə,

3. müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı,

4. istismara qəbul aktı. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 10.08.2004-cü il tarixli 113 nömrəli Fərmanının 4.2.8-ci bəndində müəyyən edilmişdir ki, həmin Qanunun 8.0.9.2ci maddəsində (hər iki halda) "müvafiq icra hakimiyyəti orqanı" dedikdə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur. Deməli, xxxxna iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün iddiaçı cavabdehə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədi, yerli icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihəni, yerli icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarını və istismara qəbul aktını təqdim etməlidir. İddiaçı Şəki Şəhər İcra Hakimiyyətinin baş memarı tərəfindən imza və möhürlə təsdiq edilmiş layihəni təqdim etsə də, müəyyən edildi ki, tələb olunan digər sənədlərin heç biri mövcud deyil. Məhkəmənin 13.07.2020-ci il tarixli məktubuna cavab olaraq iddiaçı məhkəməyə yazdığı 30.07.2020-ci il tarixli ərizədə də tikilinin inşa edilməsinə müvafiq icra hakimiyyəti orqanından icazə almadığını və istismara qəbul aktı əldə edə bilmədiyini bildirmişdir. Cavabdeh birinci instansiya məhkəməsinə 12.08.2020-ci il tarixli vəsatətlə müraciət edərək, xxxxnın tikinti normalarına uyğun inşa edilməsinin aydınlaşdırılması üçün Şəki ŞİH-in Memarlıq və tikinti şöbəsinin və Fövqəladə Hallar Nazirliyinin yerli qurumunun üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmasını xahiş etmişdir. Həmin vəsatətin həlli ilə əlaqədar olaraq məhkəmə tərəfindən cavabdehə sorğu verilmiş və soruşulmuşdur ki, sözügedən xxxxnın tikinti normalarına uyğun inşa edildiyi müəyyən olunacağı halda, tikilinin inşa edilməsinə icazə barədə qərar və istismara qəbul aktı olmadan da iddiaçının mülkiyyət hüququ cavabdeh tərəfindən qeydiyyata alınacaqmı. Lakin cavabdeh 28.09.2020-ci il tarixli cavab məktubunda bildirmişdir ki, xxxxnın tikinti normalarına uyğun inşa edildiyi müəyyən olunacağı halda, tikilinin inşa edilməsinə icazə barədə qərarının və istismara qəbul aktının ərazi idarəsinə təqdim edilməsi zəruridir, həmin sənədlər təqdim olunmayacağı təqdirdə, qeydiyyatın aparılması mümkün deyil. Göründüyü kimi, xxxxnın tikinti normalarına uyğun inşa edilib-edilməməsinin müəyyən olunması hazırkı işin həlli üçün heç bir əhəmiyyət kəsb etmir. Ona görə də birinci instansiya məhkəməsi haqlı olaraq cavabdehin vəsatətinin təmin edilməsinə zərurət olmadığı qənaətinə gəlmişdir.. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15.1.1-ci maddəsində deyilir ki, dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmış, iddia tələbini təmin etməməklə maddi və prossesual hüquq normalarının tətbiqində səhvə yol verməyərək inzibati iş üzrə düzgün nəticəyə gəlmişdir. İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə haqlıdır. Ona görə də Şəki İnzibati Məhkəməsinin 03.11.2020-ci il tarixli, 2-1(116)-1070/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, İş üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

Nəticəvi hissə

Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı:

İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 03 noyabr 2020-ci il tarixli, 2-1(116)-1070/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun təqdim edildiyi gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar