Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-16/2020 02.07.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı x8 (bundan sonra cavabdeh və ya DƏDRX-in 17 saylı x12) qarşı ““Mingəçevir şəhəri üzrə həyətyanı torpaq sahələrinin sxematik planında və yerquruluşu xəritəsində qeyd edilmiş JN seriyalı A3996 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə göstərilən 1018,06 kv. metr torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması” tələbinə dair inzibatiiş üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinin 15 iyul 2019-cu il tarixli 2-1(84)-598/2019 nömrəli qərarından cavabdeh DƏDRX-in 17 saylı x12 tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə x2 qanuni istifadəsində 0,10 ha həyətyanı torpaq sahəsi olmuş və x10 Hakimiyyəti Başçısının 23.07.2004-cü il tarixli 293 nömrəli sərəncamı ilə həmin torpaq sahəsi mülkiyyətinə verilərək adına JN seriyalı 3996 A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə və A seriyalı 312228 nömrəli Torpaq sahəsinin planı və ölçüsü hazırlanmışdır. x4 04.03.2013-cü il tarixdə ölmüş, 13.09.2013-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən İddiaçı onun vərəsəsidir. İddiaçı mərhum Aydın Şamilovun mülkiyyətinə verilmiş 1018,06 m2 torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatı ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu 24.05.2016-cı il tarixli **********38 nömrəli imtina xarakterli bildiriş və 31.10.2017ci il tarixli **********62 nömrəli məktubla bildirmişdir ki, JN seriyalı 3996 A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə şəhadətnamələrin qeydiyyatı kitabında qeyd edilməmiş və arxiv nüsxəsi mövcud deyil. x2 adına hazırlanmış A seriyalı 312228 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən 1018,06 m2 torpaq sahəsinin koordinatları başqa ərazinin üzərinə düşür. Bundan başqa torpaq sahəsinin şərq sərhəddinin 1,5 m məsafəsindən 6 kv-lıq yüksək gərginlikli elektrik xətti keçir və torpaq sahəsi yüksək gərginlikli hava elektrik xəttinin mühafizə zonasına düşür. Bundan əlavə torpaq sahəsi faktiki olaraq 0,08 ha təşkil edir. Vətəndaşın bildirdiyinə görə 0,02 ha torpaq sahəsi qonşu torpaq mülkiyyətçiləri tərəfindən zəbt edilmişdir. Qeyd olunan səbəblərdən hüquqların dövlət qeydiyyatından imtina edilmişdir. İddiaçı cavabdehin imtinası ilə razılaşmayaraq hazırkı iddia ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. O, iddianı belə əsaslandırmışdır ki, mərhum əri Aydın Şamilovun istifadəsində 1994cü ildən Mingəçevir şəhər Tərəvəzçilik sovxozunda tikinti altında olan 0,10 həyətyanı torpaq sahəsi olmuşdur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunu qəbul ediləndə həmin torpaq sahəsi onun qanuni istifadəsində olmuş və x10 Hakimiyyəti Başçısının 23 iyul 2004-cü il tarixli 293 nömrəli sərəncamına əsasən x2 mülkiyyətinə verilməsi barədə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən JN-3996 A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə hazırlanmış, torpaq islahatı ilə əlaqədar tərtib olunmuş həyətyanı torpaq sahələrinin sxematik planında və yerquruluşu xəritəsində şəhadətnamə ilə bağlı məlumatlar daxil edilmişdir. 18 noyabr 2011-ci ildə istifadələrində olan 1018.05 m2 həyətyanı torpaq sahəsinin planı və ölçüsü tərtib olunmuşdur. 04 mart 2013-cü ildə əri Aydın Şamilov vəfat etmiş və o, 13 sentyabr 2013-cü ildə x2 miras əmlakına qanun üzrə vərəsəlik şəhadətnaməsi almışdır. Bundan sonra əri Aydın Şamilovdan miras qalmış torpaq sahəsinə mülkiyyət hüquqlarını hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmaq üçün müraciət edərkən cavabdeh inzibati orqandan müxtəlif səbəblərdən imtina almışdır. Hesab edir ki, cavabdehin imtinası hüquqlarının məhdudlaşdırılmasına yönəldiyindən qanunsuzdur. Çünki onun əri Aydın Şamilovun mülkiyyət hüquqları Torpağın mülkiyyətə verilməsinə dair JN3996A saylı şəhadətnamə ilə tanındığından onun adına Çıxarış verilməlidir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin (hakim Rüfət Məcidov) 15 iyul 2019-cu il tarixli 2- 1(84)-598/2019 nömrəli qərarı ilə iddia qismən təmin edilərək, DƏDRX-in 17 saylı x6 üzərinə Mingəçevir şəhəri üzrə həyətyanı torpaq sahələrinin sxematik planında və yerquruluşu xəritəsində qeyd edilmiş JN seriyalı 3996 A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə göstərilən 0,10 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin qoyulması qərara alınmış, iddia qalan hissədə rədd edilmişdir. DƏDRX-in 17 saylı x12 apellyasiya şikayəti verərək Şəki İnzibati-İqtisadi Məhkəməsinin 15 iyul 2019-cu il tarixli 2-1(84)-598/2019 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri DƏDRX-in 17 saylı x12 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı Yevlax rayonu Tərəvəzçilik sovxozunun yerləşdiyi ərazidə torpaq islahatı ilə əlaqədar tərtib olunmuş həyətyanı torpaq sahələrinin sxematik planında və yerqurluşu xəritəsində, o cümlədən istifadələrində həyətyanı torpaq sahəsi olan subyektlər siyahısında mərhum əri x2 adının olub-olmaması, adı varsa həmin sənədlərin, o cümlədən onun evinin həyətyanı torpaq sahəsi ilə bağlı torpağın mülkiyyətə verilməsi barədə şəhadətnamə verilib verilmədiyi, verilibsə şəhadətnamənin surətinin məhkəməyə təqdim edilməsi üçün verilməsi barədə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı x8 15.04.2016-cı il və 23.10.2017-ci il tarixlərində ərizə ilə müraciət etmişdir. Onun müraciətində qeyd edilənlərlə bağlı darənin arxiv materiallarına və elektron xəritə bazasına istinad edilmiş, yerində mütəxəssis tərəfindən müayinə edilərək invetarlaşdırma işləri aparılmış və araşdırma zamanı məlum olmuşdur ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim edilmiş adlı siyahıda x2 adına JN-3996 A nömrəli “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ilə 0,10 ha torpaq sahəsinin olması qeyd edilmiş, lakin həmin şəhadətnamə şəhadətnamələrin qeydiyyatı kitabında qeydə alınmamış və onun 2-ci nüsxəsinin də arxiv materiallarında mövcud olmadığı məlum olmuşdur. x2 adına 0,1018 ha torpaq sahəsinə dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Mingəçevir şəhər şöbəsi tərəfindən 18.11.2010-cu il tarixli A seriyalı 312228 nömrəli torpaq sahəsinin planı və ölçüsü tərtib olunmuş və həmin texniki sənəddə qeyd edilən torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının başqa ərazinin üzərinə düşməsi aşkar edilmişdir. Bundan başqa torpaq sahəsi faktiki olaraq 0,08 ha təşkil edir. İddiaçının bildirdiyinə görə 0,02 ha torpaq sahəsi qonşu torpaq mülkiyyətçiləri tərəfindən zəbt edilmişdir. İnventarlaşdırma zamanı torpaq sahəsinin şərq sərhəddinin 1,5 metr məsafəsindən keçən 6 kv-luq yüksək gərginlikli hava elektrik xəttinin mühafizə zonasına düşdüyü məlum olmuşdur. x1 miras qalmış ünvan 1 döngə ünvanında yerləşən 0,1018 hektar torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışla rəsmiləşdirilməsinə münasibət bildirilməsi ilə bağlı “xxxxxxxxxx” ASC-nin Mingəçevir şəhər Elektirik Regional şəbəkəsinə və “xxxxxxxx” ASC-nin x7 x5 və Satışı İdarəsinə **********03 nömrəli sorğu məktubu göndərilmiş və Mərkəzi Aran x5 və Satışı İdarəsi tərəfindən alınmış 20.05.2016-cı il tarixli MA- 552 nömrəli məktubunda “torpaq sahəsinin hasarının 1,5 metr məsafəsindən şəbəkəyə məxsus 6 kv-luq DBM-1 yüksək gərginlikli elektrik hava xəttinin budaqlanması keçir və torpaq sahəsi xəttin qoruq zonasına düşür” qeyd edilmişdir. “Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları” və “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmişdir. Həmin qaydalara əsasən 6 kv-luq hava elektrik ötürücü xətləri boyunca kənar naqillərin meyl etməmiş vəziyyətində hər iki tərəfdən şaquli müstəvilərlə 10 metr məsafədə məhdudlaşan torpaq sahəsi mühafizə zonası sayılır. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı və nümayəndəsi Nümayəndə məhkəmə iclasına gəlməmişlər, DƏDRX-in 17 saylı x12 nümayəndəsinin iştirakını təmin etməmişdir. İddiaçı nümayəndəsi Nümayəndə məhkəməyə teleqram göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi). İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: Mingəçevir şəhərində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəldən çıxarışın surəti; x10 Hakimiyyətinin 23.07.2004-cü il tarixli 293 nömrəli sərəncamının surəti; A seriyalı 312228 nömrəli Torpaq sahəsinin planı və ölçüsünün surəti; Ölüm haqqında şəhadətnamənin surəti; 13.09.2013-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surəti, Cavabdeh inzibati orqanın imtina xarakterli bildirişi, imtina məktubu, Cavabdehin 06.05.2019-cu il tarixli **********86 nömrəli məktubundan görünür ki, mübahisə predmeti olan torpaq sahəsi döngə nöqtələrinin koordinatları və mövcud faktiki ölçülərinə əsasən JN seriyalı 3996 A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə qeyd olunan torpaq sahəsidir. Torpaq sahəsinin cənub və qərb sərhədləri mişar daşı ilə hasarlanmışdır. Torpaq sahəsinin şərq tərəf sərhəddindən 6 kv-lıq elektrik xətti keçir. Arxivdə saxlanılan mülkiyyət şəhadətnamələrinin arasında JN seriyalı 3996 A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ikinci nüsxəsi mövcud olmamasına baxmayaraq, elektron baza xəritəsində, elektron adlı siyahıda öz əksini tapmışdır. Aydın Şamilovun adına hazırlanmış A seriyalı 312228 nömrəli torpaq sahəsinin planı və ölçüsündə göstərilən 1018,06 m2 torpaq sahəsinin koordinatları sözügedən torpaq sahəsi ilə üst-üstə düşmür, fərqli yerlərdə yerləşir. Kollegiyanın sorğusu əsasında alınmış cavabdehin 14.10.2019-cu il tarixli **********37 nömrəli cavab məktubundan görünür ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim edilmiş adlı siyahıda Şamilov x3 adı qeyd olunmuş, lakin JN- 3996 A nömrəli “torpağn mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin ikinci nüsxəsi təhvil verilmədiyi üçün həmin şəhadətnamənin təsdiqlənmiş surətinin göndərilməsi imkan xaricindədir. Əsaslandırma hissəsi Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati-İqtisadi Məhkəməsinin 15 iyul 2019-cu il tarixli 2-1(84)-598/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Hazırkı işdə iddianın mümkünlüyünə dair digər şərtlər də mövcuddur. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmazdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş, yazılı formada imtina cavabı aldıqdan sonra vaxtında məhkəməyə iddia vermişdir (İPM-in 38.2ci maddəsi). Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin gerçək halı ondan ibarətdir ki, x2 qanuni istifadəsində 0,10 ha həyətyanı torpaq sahəsi olmuş və x10 Hakimiyyəti başçısının 23.07.2004-cü il tarixli 293 nömrəli sərəncamı ilə həmin torpaq sahəsi mülkiyyətinə verilərək adına JN seriyalı 3996 A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə və A seriyalı 312228 nömrəli torpaq sahəsinin planı və ölçüsü hazırlanmışdır. x4 04.03.2013-cü il tarixdə ölmüş, 13.09.2013-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən arvadı İddiaçı onun vərəsəsidir. İddiaçı mərhum əri Aydın Şamilovun mülkiyyətinə verilmiş 1018,06 m2 torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatı ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu 24.05.2016-cı il tarixli **********38 nömrəli imtina xarakterli bildiriş və 31.10.2017-ci il tarixli **********62 nömrəli məktubla bildirmişdir ki, JN seriyalı 3996 A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə şəhadətnamələrin qeydiyyatı kitabında qeyd edilməmiş və arxiv nüsxəsi mövcud deyil. x2 adına hazırlanmış A seriyalı 312228 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən 1018,06 m2 torpaq sahəsinin koordinatları başqa ərazinin üzərinə düşür. Bundan başqa torpaq sahəsinin şərq sərhəddinin 1,5 m. məsafəsindən 6 kv-lıq yüksək gərginlikli elektrik xətti keçir və torpaq sahəsi yüksək gərginlikli hava elektrik xəttinin mühafizə zonasına düşür. Bundan əlavə torpaq sahəsi faktiki olaraq 0,08 ha təşkil edir. Vətəndaşın bildirdiyinə görə 0,02 ha torpaq sahəsi qonşu torpaq mülkiyyətçiləri tərəfindən zəbt edilmişdir. Qeyd olunan səbəblərdən hüquqların dövlət qeydiyyatından imtina edilmişdir. Bununla razılaşmayan iddiaçı hazırkı iddianı qaldırmışdır. Məhkəmə kollegiyasının qənaətinə görə, iddiaçı DƏDRX-in 17 saylı x6 üzərinə Mingəçevir şəhəri üzrə həyətyanı torpaq sahələrinin sxematik planında və yerquruluşu xəritəsində qeyd edilmiş JN seriyalı 3996 A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə göstərilən 1018,06 m2 torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi verilməsi haqqında öhdəliyin qoyulmasını tələb etməkdə haqlı olmuşdur. Belə ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 5-ci abzasında göstərilmişdir ki, torpaq üzərində mülkiyyət hüququna dair şəhadətnamə vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında mülkiyyət hüququnun qeydiyyatını həyata keçirən dövlət orqanı tərəfindən verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 4.1-ci maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrıayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 8.0.5-ci maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Göründüyü kimi, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. O cümlədən, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Habelə torpaq üzərində mülkiyyət hüququna dair şəhadətnamə vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında mülkiyyət hüququnun qeydiyyatını həyata keçirən dövlət orqanı tərəfindən verilir. Məhkəmə kollegiyasına görə, bu məsələ ilə bağlı birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, x4 04.03.2013-cü il tarixdə öldüyündən və 13.09.2013-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən İddiaçı onun vərəsəsi olduğundan iddiaçının həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalı və adına çıxarış verilməlidir. Bundan başqa x2 adına hazırlanmış JN seriyalı 3996 A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin şəhadətnamələrin qeydiyyatı kitabında qeyd edilməməsi və arxiv nüsxəsinin mövcud olmaması, habelə A seriyalı 312228 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən 1018,06 m2 torpaq sahəsinin koordinatlarının başqa ərazinin üzərinə düşməsi barədə imtina dəlilinə gəldikdə isə, qeyd olunan hallar iddiaçının deyil, sənədi tərtib edən qurumların təqsirindən baş vermişdir və bu hallara görə iddiaçı məsuliyyət daşımır. Məhkəmə kollegiyasının araşdırması zamanı da müəyyən edildiyi kimi mübahisə predmeti olan torpaq sahəsi elektron adlı siyahılarda göstərilən torpaq sahəsidir. Əldə olan sənədlərlə faktiki torpaq sahəsinin koordinatlarında uyğunsuzluq olduğu təqdirdə cavabdeh bu uyğunsuzluqları aradan qaldırmaq və faktiki vəziyyətə uyğunlaşdırmaq vəzifəsi daşıyır. Belə ki, xidmətin öz fəaliyyətini tənzimləyən “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnamədə qeyd olunur ki, həmin Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq dövlət reyestrində hüquqların dövlət qeydiyyatının dəqiq və vaxtında aparılmasını, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasını təmin etmək (3.0.8-ci bənd), vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək xidmətin vəzifəsidir. Kollegiya mübahisə predmeti olan torpaq sahəsinin şərq sərhəddinin 1,5 m. məsafəsindən 6 kv-lıq yüksək gərginlikli elektrik xəttinin keçməsi və torpaq sahəsinin yüksək gərginlikli hava elektrik xəttinin mühafizə zonasına düşməsi ilə bağlı cavabdeh inzibati orqanın apelyasiya şikayətinin dəlilinə münasibət bildirərək qeyd edir ki, mübahisə predmeti olan torpaq sahəsi iddiaçının qanuni istifadəsində olmaqla 2004-cü ildə adına rəsmiləşdirilmişdir ki, torpaq sahəsi verilən zaman cavabdehin istinad etdiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10.06.2015-ci il tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 vt-dan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi” qaydaları mövcud olmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Göründüyü kimi, cavabdeh təşkilatın Azərbaycan Respublikası Nazirlər Kabinetinin adı çəkilən qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”na istinad etməsi yolverilməzdir. Bununla yanaşı, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsinin əsasları “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində sadalanmış, cavabdeh inzibati orqan həmin əsaslardan birinin mövcud olması barədə məhkəməyə hər hansı sübut təqdim etməmiş, həmin əsaslar mövcud olmadığı halda iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmasından əsassız imtina etmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, cavabdehin istinad etdiyi qaydalarda mühafizə zolağına yaxın ərazilərdə yerləşən torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatına alınmasına hər hansı qadağa mövcud deyildir və qaydalar yalnız mülkiyyətdə və ya istifadədə olan torpaq sahələrindən istifadə qaydalarını müəyyən edir. Belə ki, adı cəkilən qaydaların 2-ci bəndinə əsasən, bu Qaydaların məqsədi gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin qorunmasını təmin etməkdən, qəzaların və bədbəxt hadisələrin baş verməsinin qarşısını almaqdan, habelə elektrik şəbəkələrinin layihələndirilməsini, tikintisini, istismarını, şəbəkənin mühafizə zonasında işlərin aparılmasını müəyyən etməkdən ibarətdir və tətbiqi məcburidir. Kollegiya belə qənaətə gəlir ki, DƏDRX-in 17 saylı x12 iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. Göründüyü kimi cavabdeh inzibati orqan iddiaçının tələbinin təmin olunmasından imtina üçün əsas olan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində göstərilən halların mövcudluğu barədə nə birinci instansiya məhkəməsinə, nə də məhkəmə kollegiyasına sübut təqdim edə bilməmişdir. Cavabdehin apelyasiya şikayətinin dəlilləri əsassızdır. İPM-in 87.6-cı maddəsinə görə, аpellyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instаnsiyа məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi baxılan mübahisə üzrə düzgün nəticəyə gəlmişdir. Buna görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Apelyasiya şikayəti təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası qərara aldı: Şəki İnzibati-İqtisadi Məhkəməsinin 15 iyul 2019-cu il tarixli 2-1(84)-598/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı x12 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(107)-16/2020
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-16/2020
02.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver