Məhkəmə qərarları › İş №2-1(107)-16/2023

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-16/2023

08.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-16/2023 08.02.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “01 mart 1993-cü ildən 01 oktyabr 2005-ci ilədək "xxxx" İİB-i”-ERA” AzərbaycanRusiya X3 işlədiyim dövrün sosial sığorta stajı kimi hesablanması, 01 mart 1993-cü il tarixdən 01 oktyabr 2005-ci il tarixədək "xxxx" İİB-i "xxxx" Azərbaycan-X1 avadanlıqlarının təmiri üzrə çilingər vəzifəsində işlədiyi dövrün güzəştli iş stajı kimi hesablanması və 57 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 5 avqust 2022-ci il tarixli 2-1(116)- 708/2022 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək “1 mart 1993-cü ildən 1 oktyabr 2005-ci ilədək "xxxx" İİB-i”-ERA” Azərbaycan-Rusiya X3 işlədiyi dövrün sosial sığorta stajı kimi hesablanması, 1 mart 1993-cü il tarixdən 1 oktyabr 2005-ci il tarixədək "xxxx" İİB-i "xxxx" Azərbaycan-X1 avadanlıqlarının təmiri üzrə çilingər vəzifəsində işlədiyi dövrün güzəştli iş stajı kimi hesablanması və 57 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı əmək kitabçasında və hərbi biletində qeyd edilən sosial sığorta stajı müddətlərini, həmçinin, güzəştli arayışını nəzərə alaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir.

3. İddiaçı ümumi və xüsusi iş stajının, həmçinin, işlədiyi vəzifənin güzəştli şərtlərlə pensiya hüququ verən peşələrə aid olmasının təqdim etdiyi sənədlər əsasında sübuta yetirilməsi ilə əsaslandırmışdır.

4. Cavabdeh orqan iddia tələbinə etirazını iddiaçının işlədiyi “Azərbaycan Rusiya "xxxx" birgə müəssisəsinin mövcudluğunu təsdiq edən hər hansı sənədin olmaması ilə əsaslandırmışdır.

5. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.

6. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək, məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

7. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 5 avqust 2022-ci il tarixli 2- 1(116)-708/2022 nömrəli qərarı ilə iddia qismən təmin edilmişdir.

8. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

9. Cavabdehin apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi xx.xx.1981-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasında xx.xx.1993-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" Azərbaycan Rusiya Birgə Müəssisəsində işlədiyi qeyd olunmuşdur. Mərkəzi Filialın aidiyyəti mütəxəssisləri müvafiq məsələ ilə bağlı araşdırma apararaq Mingəçevir şəhərində yerində baxış keçirmiş, nəticədə həmin müəssisənin hüquqi ünvanı müəyyən edilməmiş və həmin müəssisənin mövcud olmasını təsdiq edən hər hansı fakt aşkar edilməmişdir. Buna görə də yuxarıda qeyd olunan dövrü adıçəkilən şəxsin əmək stajına daxil etmək mümkün olmamışdır. Ona görə də Şəki İnzibati Məhkəməsini 5 avqust 2022-ci il tarixli 2-1(116)-708/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 5 avqust 2022-ci il tarixli 2-1(116)-708/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etdi.

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 5 avqust 2022-ci il tarixli 2-1(116)- 708/2022 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.

12. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. - iddiaçının cavabdehə ünvanladığı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə ərizədən və cavabdehin xx.xx.2021-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı xx.xx.2021-ci il tarixdə analoji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - Kommersiya qurumların dövlət reyestri məlumatları haqqında internet vergi idarəsinin məlumatlarından görünür ki, “Azərbaycan Rusiya "xxxx" birgə müəssisəsi (VÖEN: **********) xx.xx.1994-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır. - Bakı şəhəri X8 üzrə Baş İdarənin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, qurumun qeydiyyat qovluğunda xx.xx.1994-cü il tarixdə № 680 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmış Azərbaycan-Rusiya "xxxx" Birgə Müəssisəsinin (VÖEN: **********) əvvəlki adının “Qafqazenerjitəmir" Müəssisəsi olması müəyyən edilməmişdir. Həmçinin bildirilmişdir ki, İdarədə olan reyestrdə Azərbaycan-Rusiya "xxxx" Birgə Müəssisəsinin (VÖEN: **********) hazırda fəaliyyətinin aktiv olması barədə məlumat müəyyən edilmiş, ləğv edilməsi, yenidən təşkil olunması və hüquqi varisi barədə hər hansı məlumat aşkar edilməmişdir. - Azərbaycan İstilik Elektrik Stansiyası MMC-nin xx.xx.2021-ci il tarixli 05-25 №-li arayışında qeyd edilmişdir ki, arayış verilir 1960-cı il təvəllüdlü İddiaçı ondan ötrü ki, o, həqiqətən xx.xx.1981-ci il tarixində Azərbaycan Dövlət Rayon Elektrik Stansiyasının Tikintisinin direksiyasında Mərkəzi Təmir sexinin maşın sexinə avadanlıqların təmiri üzrə 6-cı dərəcəli çilingər vəzifəsinə işə qəbul edilmişdir. (xx.xx.1981 -cı il. Əmr №616). xx.xx.1981-ci ildə Mərkəzi Təmir sexinin qazan sahəsinə avadanlıqların təmiri üzrə 6-cı dərəcəli çilingər vəzifəsinə keçirilmişdir (xx.xx.1982-ci il. Əmr № 10/K). xx.xx.1987-ci ildə Azərbaycan SSR-nin 38-ci maddəsinin 4-cü bəndinə əsasən (əmək və istehsal intizamının pozulması ilə əlaqədar olaraq) işdən azad olunmuşdur (xx.xx.1987-ci il. Əmr № 140). Məlumat üçün bildiririk ki, xx.xx.1981 - ci il tarixində Azərbaycan Dövlət Rayon Elektrik Stansiyasının Tikintisinin direksiyası - Azərbaycan Dövlət Rayon Elektrik Stansiyası adlandırılmışdır (xx.xx.1981 - ci il. Əmr №420). "xxxx" ASC-nin xx.xx.2003-cü il tarixli AÜ/091 saylı əmrinə əsasən İdarəetmə strukturunun təkmilləşdirilməsi ilə əlaqədar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət adlandırılmışdır. ."xxxx" ASC-nin AÜ/002 saylı xx.xx.2006cı il tarixli əmrinə əsasən İdarəetmə strukturunun təkmilləşdirilməsi ilə əlaqədar "xxxx" MMC- Azərbaycan İstilik Elektrik Stansiyası Məhdud Məsuliyyətli Cəmiyyət adlandırılmışdır. - "xxxx" ASC Sumqayıt Elektrik Stansiyası MMC-nin xx.xx.2021-ci il tarixli 20- KS №li arayışında qeyd edilmişdir ki, Verilir, xx.xx.1960-cı il təvəllüdlü İddiaçı ondan ötrü ki, o həqiqətən “Sumqayıt İEM-2”-də xüsusi-zərərli iş şəraitində işləyib: -xx.xx.1978 -ci ildən (Əmr N 152-k) xx.xx.1979 -cu ilə qədər (Əmr N 56-k) QazarTurbin sexində çilingər vəzifəsində; - kod: 2140000a - 18455; xx.xx.1981 -ci ildən (Əmr N 127-k) xx.xx.1981-ci ilə qədər (Əmr N 162-k) Qazan-Turbin sexində çilingər vəzifəsində işləyib. - kod: 2140000a - 18455. 2 №-li siyahının Xİİİ bəndinə uyğun olan vəzifəsi yaşa görə güzəştli şərtlərlə pensiya hüququ keçir. "xxxx" ASC-nin xx.xx.2002-ci il tarixli 13 №-li əmrinə əsasən «Sumqayıt İEM2» hüquqi şəxs kimi ləğv edilmişdir. "xxxx" ASC-nin xx.xx.2002-ci il tarixli 43 №-li əmrinə əsasən yeni hüquqi şəxs yaranmışdı "xxxx" MMC. xx.xx.2004-cü il tarixli 52 №-li əmrinə əsasən "xxxx" MMC - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti adlandırıldı. "xxxx" ASC-nin xx.xx.2006-cı il tarixli AÜ/002 saylı əmrinə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti adlandırıldı. - “Azərbaycan Rusiya "xxxx" birgə müəssisəsinin xx.xx.2005-ci il tarixli 32 №-li güzəştli arayışında qeyd edilmişdir ki, iddiaçı həqiqətən "xxxx" ixtisaslaşdırılmış istehsalat idarəsində xx.xx.1993-cü il tarixdən (ƏMR № 24-KŞ 02.03.93 ) qazan avadanlığının təmiri üzrə çilingər vəzifəsində işləmişdir. xx.xx.2005 - ci ildə ƏM - nin 68-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad edilib. ( ƏMR №61. KŞ xx.xx.2005). Bu vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin Güzəştli şərtlərlə pensiya hüququ verilməsi haqda 320 saylı xx.xx.1993- cü il qərarının 2 saylı siyahısının Xİİİ yarımbölməsinin 1-ci bəndinə əsasən güzəştli sayılır (kod.2140100a-18455). "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı xx.xx.2007- ci i! tarixli Qərarının 24-cü bəndində qeyd edildiyi kimi bu vəzifələr güzəştli şərtlərlə pensiya hüququna malikdir. Əsas : Azərbaycan Respublikası Nazirlər kabinetinin 12 saylı xx.xx.2007 - ci il tarixli qərarı. Arayış DSMF - yə təqdim etmək üçün verilir. Qeyd : "xxxx" Dövlət şirkətinin xx.xx.1994- cü tarixli 61 saylı əmrinə əsasən "xxxx" İİB-i "xxxx" Azərbaycan-X7 Müəssisəsi adlandırılmışdır. - ИТ-İ ******* №-li, xx.xx.1981-ci il tarixli əmək kitabçasına əsasən iddiaçının əmək fəaliyyəti müddəti aşağıdakı kimi olmuşdur: xx.xx.1978 – xx.xx.1979 (7 ay 19 gün), xx.xx.1988-xx.xx.1989 (4 ay 9 gün), xx.xx.1981 – xx.xx.1981 (2 ay, 2 gün), xx.xx.1989xx.xx.1989 (7 ay 10 gün), xx.xx.1981 – xx.xx.1987 (5 il 8 ay 21 gün), xx.xx.1989xx.xx.1991 (1 il 3 ay). xx.xx.1987 – xx.xx.1988 (1 il 3 ay 13 gün), xx.xx.1991-xx.xx.1993 (1 il 11 ay 20 gün). xx.xx.1993-xx.xx.2005 (12 il 7 ay) - 533 və 927 №-li X9 Təhsili Komitəsi tərəfindən verilmiş attestatdalardan görünür ki, iddiaçı xx.xx.1975-xx.xx.1976-cı (11 ay 24 gün) və xx.xx.1977-xx.xx.1978-ci illərdə (9 ay 20 gün) peşə təhsili almışdır. - SHÇÜDX-nin xx.xx.2021-ci il tarixli 612 №-li arayışından görünür ki, iddiaçı xx.xx.1979 – xx.xx.1981-ci il tarixlərdə (2 il 8 gün), müddətli həqiqi hərbi xidmət keçmişdir. - AA ******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, iddiaçı xx.xx.1960-cı ildə doğulmuşdur. - Məhkəmə kollegiyası tərəfindən xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə İddiaçı xx.xx.1993-xx.xx.2005-ci illərdə işlədiyi "xxxx" Azərbaycan X5 həmin illərdə qeydiyyatda olub-olmaması, fəaliyyət göstəribgöstərməməsi və hüquqi ünvanı barədə məlumat verilməsi barədə sorğu edilmişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2022-ci il tarixli sorğuya cavab məktubuna əsasən, xx.xx.1994-cü il tarixdə 680 nömrə ilə dövlət qeydiyyatına alınmış Azərbaycan-Rusiya "xxxx" Birgə Müəssisəsinin hüquqi ünvanı AZ 1114, ünvan 2 207-dir. - Məhkəmə kollegiyası tərəfindən xx.xx.2022-ci il tarixdə Bakı şəhəri X8 üzrə Baş İdarəsinə İddiaçı xx.xx.1993-xx.xx.2005-ci illərdə işlədiyi "xxxx" Azərbaycan X5 həmin illərdə qeydiyyatda olub-olmaması, fəaliyyət göstərib-göstərməməsi barədə məlumat verilməsinə dair sorğu edilmişdir. - Bakı şəhəri X8 üzrə Baş İdarəsinin xx.xx.2022-ci il tarixli sorğuya cavab məktubuna əsasən, vergi orqanının uçot baza məlumatlarına əsasən "xxxx" Azərbaycan-X5 xx.xx.1997-ci il tarixdə ********* nömrəli 9 rəqəmli VÖEN-lə, xx.xx.2005-ci il tarixdə ********** nömrəli 10 rəqəmli VÖEN-lə vergi uçotuna alınması barədə məlumat müəyyən edilmişdir. xx.xx.1993-xx.xx.2005-ci illər ərzində vergi ödəyicisinin fəaliyyətinin dayandırılması ilə bağlı müraciət edilməsi barədə məlumat aşkar edilməmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

13. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətindəinzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

14. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Maddə 149. Vİİ hissə. Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.

15. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.

16. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 5.3. Əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışansığortaolunanların:kişilər -60yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55yaşına çatdıqda, azı 20 ilsığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsavə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.

17. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 67. Ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Maddə 13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar-45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa... 13 iyun 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır

18. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir.

19. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsivəödənilməsi Qaydaları”nın 3.2.6-cı bəndinə görə, sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər təqdim edilməlidir. Eyni zamanda, həmin Qaydalara 2 nömrəli Əlavədə (2.4.1-ci bənd) göstərilir ki, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir.

20. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. 21.2.11-ci maddəsinə əsasən Sığortastajına daxil edilən müddətlərdən biri də hərbi xidmət müddətidir (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla).

21. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.

22. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Maddə 46.3. Maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

23. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 5 avqust 2022-ci il tarixli 2-1(116)-708/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

24. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

25. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər.

26. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Birinci instansiya məhkəməsi iddianı qismən təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

28. İş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı hüququnun yarandığı gündən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir.

29. Cavabdehin apellyasiya şikayətinin başlıca dəlili iddiaçının işlədiyi “Azərbaycan Rusiya "xxxx" Birgə Müəssisəsinin mövcudluğunu təsdiq edən hər hansı sənədin olmaması ilə bağlıdır ki, iş materialları ilə həmin müəssisənin 1994-cü ildən dövlət qeydiyyatına alınması sübuta yetirilir.

30. Belə ki, məhkəmə kollegiyası tərəfindən edilən sorğuya cavab məktubundan göründüyü kimi "xxxx" Azərbaycan-X5 xx.xx.1997-ci il tarixdə ********* nömrəli 9 rəqəmli VÖEN-lə, xx.xx.2005-ci il tarixdə ********** nömrəli 10 rəqəmli VÖEN-lə vergi uçotuna alınması barədə məlumat müəyyən edilmişdir. xx.xx.1993-xx.xx.2005-ci illər ərzində vergi ödəyicisinin fəaliyyətinin dayandırılması ilə bağlı müraciət edilməsi barədə məlumat aşkar edilməmişdir. xx.xx.1994-cü il tarixdə 680 nömrə ilə dövlət qeydiyyatına alınmış Azərbaycan-Rusiya "xxxx" Birgə Müəssisəsinin hüquqi ünvanı AZ 1114, ünvan 2 207-dir. Bundan başqa işə əlavə edilmiş sənədlərdən müəyyən edilmişdir ki, "xxxx" Dövlət şirkətinin xx.xx.1994-cü tarixli 61 saylı əmrinə əsasən "xxxx" İİB-i "xxxx" Azərbaycan-X7 Müəssisəsi adlandırılmışdır.

31. Həmin müəssisənin sənədlərinin mövcud olmamasına gəldikdə isə, müvafiq sənədlərin saxlanılmasını və arxivə təhvil verilməsini təmin etmək iddiaçının vəzifəsi olmadığından, onun pensiya hüququnun pozulmasına səbəb ola bilməz.

32. Həmçinin qeyd olunmalıdır ki, iddiaçının əmək stajı əmək kitabçası ilə müəyyən edilir. Cavabdeh orqan isə əmək kitabçasında icra edilmiş qeydlərin həqiqətə uyğun olmaması və iş stajının qeyd olunduğu əmək kitabçasının mötəbərliyinin şübhəli olması ilə bağlı hər hansı sübut təqdim edə bilmir. İddiaçının əmək stajı işdə olan əmək kitabçası ilə müəyyən edildiyindən və həmin əmək kitabçalarında icra edilmiş qeydlərin həqiqətə uyğun olmaması cavabdeh tərəfindən müəyyən edilmədiyindən müvafiq qeydlərin mötəbərliyini şübhə altına almaq üçün heç bir əsas yoxdur.

33. Odur ki, iddiaçı barəsində tərtib edilmiş əmək kitabçasını məhkəmə iddiaçının əmək stajını təsdiq edən sübut kimi qəbul edir və hesab edir ki, həmin sənədlərin yenidən digər sənədlərlə sübut olunmasına ehtiyac yoxdur.

34. Azərbaycan Respublikası Ali Məhkəməsi xx.xx.2021-ci il tarixli 2-1(102)- 1737/2021 nömrəli qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir.

35. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddələrinə uyğun olaraq iddiaçıya 2 saylı Siyahı üzrə 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 2 element mövcud olmalıdır: 1) xx.xx.2006-cı ilə qədər 25 ildən az olmayan ümumi iş stajının mövcud olması; 2) xx.xx.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması.

36. Göründüyü kimi, iddiaçının hərbi xidmətdə olduğu, peşə təhsili aldığı və xx.xx.2006-cı il tarixədək əmək fəaliyyəti ilə məşğul olduğu müddətin cəmi 28 il 5 ay 25 günə bərabərdir. Yəni, iddiaçının xx.xx.2006-cı ilə qədər 25 ildən az olmayan ümumi iş stajı mövcuddur.

37. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının maşın avadanlıqlarının təmiri üzrə çilingər vəzifəsi və kran maşinisti vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda “Elektrik stansiyaları, enerji qatarları, buxar güc təsərrüfatı” adlanan Xİİİ bölmədə 2140000a - a) fəhlələr - 2140000a-18455 - qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaq ötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri” kodunda nəzərdə tutulmuşdur.

38. Belə ki, "xxxx" ASC "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli, "xxxx" ASC Sumqayıt Elektrik Stansiyası MMC-nin xx.xx.2021-ci il tarixli 20-KS №-li və “Azərbaycan Rusiya "xxxx" birgə müəssisəsinin xx.xx.2005-ci il tarixli 32 №-li güzəştli arayışı ilə iddiaçının 12 il 6 aydan artıq müddətdə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən vəzifələrdə işləməsi sübut olunur.

39. Beləliklə, iddiaçı 12 il 6 aydan artıq xüsusi iş stajına, 25 ildən artıq ümumi iş stajına malik olduğundan, həmçinin, xx.xx.1960-cı il təvəllüdlü olduğundan, tələb olunan yaş həddinə çatdığı müəyyən edilir.

40. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçı xx.xx.1960-cı ildə doğulduğundan, iddiaçının “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə görə 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyası hüququ yaranmışdır. İddiaçı xx.xx.2021-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etdiyindən, müraciət edilən tarixdən əvvəlki üç il müddət, xx.xx.2018-ci il tarixdən hesablanmalıdır.

41. Yuxarıda qeyd olunan işin hallarını, məhkəmə kollegiyasının iclasında işə əlavə edilmiş tədqiq edilən sənədləri nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Bununla bağlı cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. İddiaçının məhkəmə araşdırması zamanı müəyyən edilən əmək stajı ona hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yetərli olduğundan, məhkəmə həmin illərin iddiaçının sığorta stajına daxil edilməsi ilə bağlı tələbinin əsaslı olması qənaətinə gəlir.

42. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçının 1 mart 1993-cü ildən 1 oktyabr 2005-ci ilədək "xxxx" İİB-i”-ERA” AzərbaycanRusiya X3 işlədiyi dövrün sosial sığorta stajı kimi hesablanması, 1 mart 1993-cü il tarixdən 1 oktyabr 2005-ci il tarixədək "xxxx" İİB-i "xxxx" Azərbaycan-X1 avadanlıqlarının təmiri üzrə çilingər vəzifəsində işlədiyi dövrün güzəştli iş stajı kimi hesablanması və 57 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtinası qanuni və əsaslı olmamışdır.

43. Birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

44. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası

QƏRАRА АLDİ:

Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 5 avqust 2022-ci il tarixli 2-1(116)-708/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar