Məhkəmə qərarları › İş №2-1(107)-16/2025

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-16/2025

18.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-16/2025 18.02.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X2 (sədrlik edən, məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Əhmədov Fərid Vidadi oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı “cavabdehin xx.xx.2023-cü il tarixli qərarının ona aid hissədə ləğv edilməsi, ona müddətsiz əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(116)-587/2024 nömrəli qərarından iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 187 nömrəli, 13 may 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 6.1-ci (travmaların nəticələri T90) və 6.7-ci (epilepsiya-G40) bəndlərində nəzərdə tutulmuş xəstəlik tibbi sənədlərində iddiaçıya qoyulmuş diaqnoz üzrə xəstəliklərinə (kəllə beyin travması və qıcolma) uyğun gəldiyinə və bu barədə müvafiq məhkəmə tibbi rəyi mövcud olduğuna görə cavabdehin xx.xx.2023-cü il tarixli imtina qərarının ləğv edilməsi, iddiaçıya müddətsiz əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçı iddianın dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 187 nömrəli, 13 may 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 6.1-ci (travmaların nəticələri T90) və 6.7-ci (epilepsiya-G40) bəndlərində nəzərdə tutulmuş xəstəlik tibbi sənədlərində ona qoyulmuş diaqnoz üzrə xəstəliklərinə (kəllə-beyin travması və qıcolma) uyğun gəldiyindən və bu bəndə müvafiq məhkəmə tibbi rəyi mövcud olduğuna görə cavabdehin xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi, ona müddətsiz əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Ərizə icraata qəbul olunmuşdur.

3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1992-ci ildə Şəki Rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmətə başlamışdır. Həmin dövrdə döyüş əməliyyatlarının aparıldığı Ağdərə rayonuna göndərilmiş, Çıldıran yaşayış məntəqəsinin müdafiəsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərkən sol ayağından qəlpə yarası alaraq müalicə olunması üçün Qəbələ rayon hərbi hospitalına, oradan da Şəki rayon xəstəxanasına təxliyyə edilmişdir. Müalicəsini başa vurduqdan sonra təkrar hərbi xidmətə qaytarılmış və 1993-cü ilin mart ayında Ağdam rayonunun Canyataq və Gülyataq yaşayış məntəqələrinin müdafiəsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərkən başında, sağ kürək nahiyyəsində və sol qulağında qəlpə yarası və kontuziya alması nəticəsində müalicə olunması üçün Yevlax rayon Mərkəzi Xəstəxanasına göndərilmiş və orada ixtisaslı müayinə və müalicə olunduqdan sonra yenidən hərbi xidmətə geri qaytarılmışdır. 1996-cı ilin avqust ayının 11-də həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Hərbi xidmətdə olarkən başının müxtəlif nahiyyələrindən aldığı qəlpə yaraları nəticəsində ağrıları şiddətlənməyə başlamış və qıcolmaları artmışdır. Bununla əlaqədar etdiyi müraciət nəticəsində 2002-ci ilin aprel ayının 10-da Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən müayinə edilərək iddiaçıya 3-cü qrup əlillik dərəcəsi təyin edilmişdir. 2002-ci ilin aprel ayından iddiaçıya 3-cü qrup əlillik dərəcəsi təyin edildikdən sonra vaxtaşırı olaraq qanunvericiliklə nəzərdə tutulmuş qaydada Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən müayinə edilərək 3-cü dərəcəli əlillik dərəcəsi təyin edilməkdə davam etmişdir. İddiaçıya təyin edilmiş 3-cü dərəcə əlillik dərəcəsi heç bir qanuni əsas olmadan 2021-ci ilin aprel ayında kəsilmişdir.

4. Cavabdehin iddia ərizəsinə etirazı onunla əsaslandırılmışdır ki, Şəki şəhər sakini, xx.xx.1973-cü il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti DTSERA-da xx.xx.2022-ci il tarixli göndəriş əsasında əyani müayinə zamanı qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. (ESDAS: **********6). Tibb müəssisəsi tərəfindən göndəriş rəsmiləşdirilməmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.1999-cu il tarixli 10 nömrəli arayış verilmişdir. Həmin arayışda “Sol sağrı nahiyyəsində dəlib-keçən qəlpə yarası. Başın, sağ kürək nahiyəsinin və sol qulağın kontuziyadan sonrakı nevriti" diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Vətəndaş xx.xx.2022-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, “müayinə zamanı baş ağrılarından və seyrək, 10 dəqiqə davam edən “qıcolma” tutmalarından şikayətlənmişdir. Nevroloji statusda ocaqlı patologiya aşkarlanmamış, ətraflarda reflekslər canlı, hərəkətlər sərbəst saxlanılmışdır" kimi qeyd olunmuş, diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstə hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı başağrıları, yuxusuzluq, qıcolmalardan şikayətlənmişdir. Baxış zamanı sağ təpə nahiyəsində və sol sağrıda çapıqlar izlənmişdir. Anamnestik məlumatlarında dili qatlandığını və qıcolma tutmalarının olduğunu, gündə 1 dəfə Depakin 500 mg qəbul etdiyini ifadə etmişdir. Psixi statusunda adekvat, verilən suallara normal cavablar vermiş, bələdliliyi qorunmuş, intellektual anamnestik sferası dünya görüşünə, sosial mühitinə, təhsilinə uyğun olmuş, davranış və şəxsiyyət pozuntusu əlamətləri, psixoproduktiv simptomatika qeyd edilməmişdir. Nevroloji müayinə zamanı əlillik təyinatına əsas verə biləcək ocaqlı simptomatika aşkar edilməmişdir. Qıcolma tutmalarından şikayətlənsə də, buna dair tibbi sənəd, ekspertiza üçün əhəmiyyətli olan EEQ müayinəsinin nəticəsi təqdim edilməmişdir. Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının xx.xx.2021-ci il tarixli Kranial KT müayinəsinin nəticəsi “Baş beyin parenximasında həcmli proses izlənmir. Səğ təpə nahiyyəsində dərialtı hiperdens ocaqlar-yad cisim (qəlpələr). Alın-təpə nahiyyəsində subaraxnoidal sahədə genişlənmə. Yan mədəciklərdə genişlənmə izlənir-minimal intrakranial hipertenziyaya xarakter. Sağ maxillyar sinusda retension kista" kimi müəyyənləşdirilmiş, klinik olaraq əlillik təyinatına əsas verməmişdir. Şəki rayon Psixiatriya Xəstəxanasının xx.xx.2021-xx.xx.2021-ci il tarixli Çıxarışında diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozuntusu. Dekompensasiya halında” kimi qeyd edilmiş, obyektiv müayinə zamanı öz təsdiqini tapmamışdır. Anamnestik məlumatlarda və obyektiv müayinə nəticələrində əlillik təyinatına əsas verə biləcək patofunksional pozuntular aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.

5. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - TSEK-da sonuncu müayinəyə dair məlumatın verilməsi barədə sənəddən görünür ki, xx.xx.2023-cü il tarixdə iddiaçının əlillik dərəcəsi qiymətləndirilmiş, ona “kəllədaxili travmaların nəticələri, baş beyinin travmatik xəstəliyi (1992) ensefalomatiya. Üzvi mənşəli şəxsiyyət pozğunluğu. Sol sağrı nahiyyəsində dəlib keçən qəlpə yarası. Başın, sağ kürək nahiyyəsinin və sol qulağın kontuziyadan sonrakı nevriti” diaqnozu qoyulmuş, diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbindən ona əlillik dərəcəsinin təyin edilməsindən imtina olunmuşdur. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-sosial ekspert komissiyasının 11 avqust 2023-cü il tarixli 3-17-4/3-3-16883/2023 nömrəli qərarından görünür ki, 02 avqust 2023-cü il tarixdə iddiaçının əyani müayinəsi həyata keçirilmiş, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. - Məhkəmənin iş üzrə xx.xx.2023-cü il tarixli, 2-1(116)-2901/2023 nömrəli qərardadı ilə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, ekspertizanın aparılması “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X9-Təcrübi və Tədris Birliyi”nin ekspertlərinə həvalə edilmiş, ekspertin rəy verə bilməsi üçün 2-1(116)-2901/2023 nömrəli iş materialları ekspertizaya təqdim edilmişdir. Sözügedən qərardadın surətləri proses iştirakçılarına göndərilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5 publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli, 1200 nömrəli məktubundan müəyyən olunur ki, iddiaçı müayinəyə getməmişdir. Belə ki, iddiaçıya müayinə tarixi və keçirilmə yeri barədə məlumat verilmiş, lakin İddiaçı müayinə olunması üçün getməmişdir. - Məhkəmə tərəfindən ekspertizanın təyin edilməsi barədə qərardadın Məhkəmə- Tibbi Ekspertiza və X4 göndərilməsi barədə məktuba iddiaçının rekvizitləri daxil edilmiş, həmçinin məhkəmə tərəfindən iddiaçıya ekspertizanın keçirilməsi üçün müayinə tarixi və keçirilmə yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçı müayinə olunmaq üçün getməkdən imtina etmişdir. - Məhkəmənin əvvəllər icraatında olmuş, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “cavabdehin xx.xx.2022-ci il tarixli imtinasının əsassız hesab edilərək ona əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Şəki İnzibati Məhkəməsi tərəfindən baxılmış, həmin iş üzrə məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(116)-329/2023 nömrəli qərarı ilə iddia qismən təmin edilərək, cavabdehin xx.xx.2022-ci il tarixli (müayinə tarixi xx.xx.2022-ci il) imtina qərarı ləğv edilməklə onun üzərinə xx.xx.1973-cü il təvəllüdlü İddiaçı aid 0344003AAK8W nömrəli göndərişə məhkəmənin bu qərarda ifadə olunan hüquqi mövqeyini nəzərə almaqla yenidən baxılması öhdəliyi qoyulmuş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. - 2-1(116)-329/2023 nömrəli inzibati işdən təsdiq olunmuş surəti əldə olunaraq hazırkı işə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5” publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli 553 nömrəli məktubuna əlavə olunmuş T40/2023 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, 1973-cü il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara cavab olaraq “X1: XİX Sinif - travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri - T90-T98 - travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri - T90 - Başın sol təpə nahiyəsində dərialtı ocaqlar yad cisim qəlpələr (xx.xx.2021-ci il KT müayinəsi əsasında); Diaqnozun mətni: Kəllədə travmaların nəticələri, baş beyinin travmatik xəstəliyi (1992) ensefalopatiya. Üzvi mənşəli şəxsiyyət pozğunluğu. Sol sağrı nahiyyəsində dəlib-keçən qəlpə yarası. Başın sağ kürək nahiyyəsinin və sol qulağın kontuziyadan sonrakı nevriti” onun stasionarlarda müayinə və müalicələri zamanı anamnestik, klinik, laborat instrumental müayinələrin əsasında düzgün müəyyən edilmişdir. - Həmin iş üzrə cavabdeh xx.xx.2023-cü il tarixli, 3-17-4/2-8033/2023 nömrəli məktubunda qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi Qaydasına uyğun olaraq vətəndaşların əlillik, vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Məlumat üçün bildirilmişdir ki, İddiaçı “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” səbəbindən əlillik vəziyyəti Şəki Rayon Mərkəzi Xəstəxanasının 0344003AAK8W nömrəli göndərişi və müraciəti əsasında X7-sosial ekspert komissiyasında xx.xx.2022-ci ildə əyani müayinədə qiymətləndirilmiş və diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Belə ki, müayinə zamanı məlum olmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.1999-cu il tarixli 10 nömrəli Arayış verilmişdir. Həmin arayışda “Sol sağrı nahiyəsində dəlib-keçən qəlpə yarası. Başın, sağ kürək nahiyəsinin və sol qulağın kontuziyadan sonrakı nevriti” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi müəyyənləşdirilmişdir. Xəstənin sağlamlıq vəziyyətinin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş “Kəllədaxili travmaların nəticələri. Baş beyinin travmatik xəstəliyi (1992) ensefalopatiya. Üzvi mənşəli şəxsiyyət pozuntusu. Kompleks parsial tutmalarla müşahidə olunan epilepsiya” diaqnozu anamnestik məlumatlar və obyektiv müayinələrdə öz təsdiqini tapmamışdır. Nevroloji statusda ocaqlı patologiya aşkarlanmamış, ətraflarda reflekslər canlı, hərəkətlər sərbəst saxlanılmışdır. Qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları"nın 6-cı bəndinə əsasən, orqanizmin sinir sisteminin xəstəliklərdən, zədə və çatışmazlıqlardan irəli gələn davamlı pozuntularının ağırlıq dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi hərəkət və hissiyat pozuntularının təzahüretmə dərəcəsinin (gedişatın forması və ağırlığı, prosesin aktivliyi, kəskinləşmələrin olması və tezliyi, patoloji prosesin yayılması, hədəf orqanların qoşulması, fəsadların olması) nəzərə alınması ilə, hərəkət funksiyası pozuntusunun təzahüretmə dərəcəsinin qiymətləndirilməsinə (sadə və mürəkkəb hərəkətləri icra etmək qabiliyyəti) əsaslanır. - Cavabdeh həmin iş üzrə məhkəmənin qərarının icrasına dair təqdim etdiyi xx.xx.2023-cü il tarixli məktubunda qeyd etmişdir ki, İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə xx.xx.2023-cü il tarixində Agentlikdə qəbulda olmuşdur. Keçirilən qəbulda təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkar olunmadığından, həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə, həm də hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir.

6. Şəki İnzibati Məhkəməsinin (hakim Fərid İsmayılzadə) 22 aprel 2024-cü il tarixli 2- 1(116)-587/2024 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 187 nömrəli, 13 may 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 6.1-ci (travmaların nəticələri T90) və 6.7-ci (epilepsiya-G40) bəndlərində nəzərdə tutulmuş xəstəlik tibbi sənədlərində ona qoyulmuş diaqnoz üzrə xəstəliklərinə (kəllə-beyin travması və qıcolma) uyğun gəldiyindən və bu bəndə müvafiq tibbi rəy mövcud olduğuna görə cavabdehin xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi, ona müddətsiz əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməmişdir.

7. Məhkəmə qeyd etmişdir ki, iddiaçının cavabdehə ilkin müraciət etdiyi tarixdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin 1.5-ci bəndinə əsasən tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunurdu. Əsasnamənin tələblərinə müvafiq olaraq nə ilkin məhkəmə icraatı zamanı, nə də hazırkı iddia tələbi çərçivəsində cavabdehin qərarının qanuniliyinin yoxlanılması zamanı iddiaçıya münasibətdə əlilliyin təyin edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Eyni zamanda cavabdeh tərəfindən iddiaçının əyani müayinəsi zamanı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş, hazırda qüvvədə olan “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq da diaqnozun əlillik əlaməti təyin etmədiyi müəyyən edilmişdir. İddiaçı tələbində göstərilən halların araşdırılması ilə bağlı iş üzrə təyin edilmiş məhkəmə ekspertizasından keçməkdən imtina etdiyindən, məhkəmə yuxarıda göstərilən əsasdan çıxış edərək hesab edir ki, iş üzrə iddia tələbinin təmin olunmasını istisna edən faktiki hallar öz təsdiqini tapır.

8. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 22 aprel 2024-cü il tarixli 2-1(116)-587/2024 nömrəli qərarının ləğv edilərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

9. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(116)-587/2024 saylı qərarını aşağıdakılara görə qanunsuz və əsassız hesab edir. Belə ki, birinci instansiya məhkəməsi işdə olan ziddiyyətli məqamlara aydınlıq gətirməmiş və yalnız iddiaçının iş üzrə təyin edilmiş məhkəmə ekspertizasından keçməkdən imtina edilməsini əsas gətirərək iddianı təmin etməmişdir. Halbuki 2-1(116)-329/2023 nömrəli inzibati işdən təsdiq olunmuş surəti əlavə olunaraq hazırkı işə əlavə edilmiş Azərbaycan Respublikaaı Səhiyyə Nazirliyinin "Məhkəmə-Tibbi Eksperiza və X5" PHŞ-nin xx.xx.2023-cü il tarixli 553 nömrəli məktubuna əlavə olunmuş T40 (2023 nömrəli ekspert rəyində) diaqnozun əlilliyin əlaməti təyin etməsi öz təsdiqini tapmışdır. - Bundan başqa 10 aprel 2002-ci il tarixindən ona İİİ qrup əlillik dərəcəsi təyin edilmiş, həmin vaxtdan da vaxtaşırı olaraq qanunvericiliklə nəzərdə tutulmuş qaydada Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən müayinə edilərək iddiaçıya İİİ dərəcəli əlillik təyin edilmişdir. Lakin məhkəmə tərəfindən inzibati orqanın əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı şübhələrin mövcud olub-olmaması yoxlanılmamış, hüquqi qiymət verilməmişdir. Birinci instansiyası tərəfindən həmin halın aydınlaşdırılmasına yönəlmiş lazımi araşdırma aparılmamışdır. Qeyd etmək istəyir ki, hazırkı iş üzrə inzibati icraatla bağlı tələblərə riayət edilməsinin qiymətləndirilməsi baxımından yoxlanılmalı olan məsələlərdən biri və ən əsası "Əlilliyin qiymətləndirilməsi Qaydası"nın 3.7-ci bəndində göstərilmiş əlilliyin qiymətləndirilməsi barədə TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcud olub-olmadığı ilə bağlıdır. Qanunvericiliyin tələblərinə görə cavabdeh istənilən hər bir halda deyil, yalnız əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında qüvvədə olan əlilliklə bağlı qərarı sonradan təftiş etmək imkanına sahibdir. Ona görə də, "Əlilliyin qiymətləndirilməsi Qaydası"nın 3.7-ci bəndinə istinad etdiyi hallarda cavabdeh "əvvəlki qərarının düzgünlüyünün şübhə altına alan əsaslı sübutların mövcudluğunu" müəyyən etməli, icraatı məhz bu sübutlara əsaslanmaqla başlamalı, yalnız bundan sonra şəxsi əyani müayinəyə cəlb etməklə qərar verməlidir. Qanunvericiliyin bu tələbləri hüquqi müəyyənlik və səmərəli idarəçilik prinsiplərinin təmin edilməsinə yönəlmişdir. - Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətində yaradılmış komissiyasının təkrar qiymətləndirmə protokolu əsasında Dövlət Sosial Müdafiə Fondundan daxil olan daxili audit yoxlaması aparılmalıdır. Prinsipcə daxili audit yoxlaması ilə bağlı materiallar "əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar" kimi qəbul edilə bilər. Lakin həmin daxili audit yoxlaması həm də iddiaçı ilə bağlı hallara aid olmalıdır. Yəni daxili audit yoxlaması iddiaçıya təyin edilmiş əlilliklə bağlı əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq əsasları ortaya çıxarmış olmalıdır. Başqa sözlə cavabdeh ümumi qaydada daxili audit yoxlamasına istinad edə bilməz, həmin yoxlama həm də iddiaçıya aid hallarla bağlı olmalı, ona təyin edilmiş əlilliklə bağlı əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq əsaslar müəyyən edilmiş olmalıdır. - Araşdırmanın nətcəsindən asılı olaraq cavabdeh qurumun şəxsə təyin etdiyi əlillik dərəcəsinin dəyişdirilməsi ilə bağlı icraatın lazımi qaydada aparıldığı müəyyən olunduğu təqdirdə mübahisə mahiyyəti üzrə həll olunmalıdır. Bunun üçün məhkəmə işdəki və zərurət olduqda əlavə toplanılacaq sübutları tədqiq etməklə cavabdehin əlilliyin ləğv edilməsinə dair qərarının qanuniliyinə və əsaslığına qiymət verməlidir (Çox acınacaqlı bir haldır ki, inzibati orqan tərəfindən 2002-ci ildən ona İİİ qrup əlillik dərəcəsi təyin edilmiş, 19 ildən sonra isə əlilliyi ilə bağlı qəbul edilmiş qərarın düzgün olmaması əsası ilə ləğv edilmişdir).

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Cavabdeh orqan apellyasiya şikayətə qarşı etirazında göstərmişdir ki, vətəndaşın sağlamlıq vəziyyətindən və iş üzrə olan tibb müəssisələrinin sənədlərdən də məlum olduğu kimi hazırki hal vətəndaş üçün əlillik təyin edilməsinə imkan vermir. Bu səbəbdən də məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddiaçının iddiası təmin edilməməlidir. Məhkəmə öz müvafiq qərarında qeyd etmişdir ki, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5 publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli, 1200 nömrəli məktubundan müəyyən olunur ki, iddiaçı müayinəyə getməmişdir. Belə ki, iddiaçıya müayinə tarixi və keçirilmə yeri barədə məlumat verilmiş, lakin İddiaçı müayinə olunması üçün getməmişdir. Belə hesab edirik ki, iddiaçının təyin edilmiş ekspertizaya getməməsi onun sağlamlıq vəziyyətinin qiymətləndirilməsindən şüurlu şəkildə yayınması və məhkəmə araşdırmasının aparılmasına maneə törətməsi hesab edilir. Vətəndaşın müraciətlərindən, məhkəmə sənədlərindən o cümlədən müvafiq tibb müəssisələrinin arayışlarından da açıq-aşkar şəkildə görünür ki, iddiaçı qüvvədə olan qanunvericiliyin müddəalarına məhəl qoymamışdır. İnzibati aktın rəsmiləşdirilməsi üçün yetərli hallar yoxdursa və yaxud vətəndaşın özü tərəfindən zəruri addımlar atılmamışdırsa bu zaman inzibati orqanın vətəndaşın hansısa bir hüququnu pozmasından söhbət gedə bilməz. “İnzibati icraat haqqında” Qanunun 22-ci maddəsinə əsasən İnzibati orqanlar öz səlahiyyətlərini qərəzsiz olaraq həyata keçirməyə borcludurlar. Həmçinin işin tərkibindəki sənədlər inzibati orqanın haqlılığına dəlalət edən bariz sübutlardır, iddiaçı tərəf öz apellyasiya şikayətində həmçinin ona edilmiş əlavələrdə bu sübutların təkzib edilməsinə dair hər hansı bir arqument gətirməmişdir. İnzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi QAYDASİ”-nın 1.6-cı bəndinə görə: Bu Qaydanın 1.5ci bəndində göstərilən əsas şərtlər mövcud olmadıqda, habelə şəxs bu Qaydanın 2.2-ci bəndində nəzərdə tutulan hallarda zəruri diaqnostik müayinələrdən keçməkdən imtina etdikdə Komissiya göndəriş verməkdən imtina edir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq İddiaçı tərəfindən Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(116)-587/2024 nömrəli qərarına qarşı verilmiş apellyasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Tərəflərin izahatları

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək iddia tələbinin “cavabdehin xx.xx.2023-cü il tarixli qərarının ona aid hissədə ləğv edilməsi, ona orqanizmin funksiyalarının pozulmasının 31- 60 faiz dərəcəsi müəyyən edilməklə müddətsiz əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qəbul edilməsini xahiş etdi. Əlavə olaraq Şəki İnzibati Məhkəməsinin 22 aprel 2024-cü il tarixli 2-1(116)-587/2024 nömrəli qərarının ləğv edilərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

12. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 fevral 2025-ci il tarixli, 2-1(107)-16/2025 nömrəli qərardadı ilə İddiaçı tərəfindən verilmiş iddia tələbinin dəyişdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir.

13. Məhkəmə kollegiyasının hazırki iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.

15. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 33.2. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”: Bənd 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Bənd 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Bənd 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Bənd 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Bənd 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Bənd 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. (-). Bənd 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Bənd 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. Bənd 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz.

18. “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə

6. Sinir sistemi xəstəlikləri, Orqanizmin sinir sisteminin xəstəliklərdən, zədə və çatışmazlıqlardan irəli gələn davamlı pozuntularının ağırlıq dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi hərəkət və hissiyyat pozuntularının təzahüretmə dərəcəsinin nəzərə alınması ilə, hərəkət funksiyası pozuntusunun təzahüretmə dərəcəsinin qiymətləndirilməsinə (sadə və mürəkkəb hərəkətləri icra etmək qabiliyyəti) əsaslanır. Patoloji prosesin digər amilləri də nəzərə alınır: gedişatın forması və ağırlığı, prosesin aktivliyi, kəskinləşmələrin olması və tezliyi, patoloji prosesin yayılması, hədəf orqanların qoşulması, immunitetin zəiflədilməsi zərurəti, fəsadların olması. 6.1.3. Başın travmalarının nəticələri, T90, baş beynin əzilməsi, kontuziyası, orqanizmin funksiyalarının pozulması faizi – 35-60, orqanizmin funksiyalarının pozulması müddəti – 1 il kimi qeyd edilmişdir. 6.7.1. Epilepsiya, G40, Qiymətləndirmə - epilepsiya seyrək tutmalarla (ayda iki dəfədən az olmamaqla) təzahür edən, həyat fəaliyyətinin əsas sferalarına adaptasiyanın çətinləşməsi ilə nəticələnən orta dərəcəli psixopatoloji simptomatika (18 yaşınadək şəxslərdə psixopatoloji simptomatika müşahidə edilmədən), orqanizmin funksiyalarının pozulması faizi – 35-60, orqanizmin funksiyalarının pozulması müddəti – 1 il kimi qeyd edilmişdir. 13.6. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi, mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətləri – başın travmalarının nəticələri, orqanizmin funksiyalarının pozulması faizi – 40, orqanizmin funksiyalarının pozulması müddəti – müddətsiz. kimi qeyd edilmişdir.

18. 2022-ci il iyulun 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin:- - 1.1-ci bəndinə əsasən əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. Tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilir. - 1.2-ci bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. - 1.3 Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilir. - 1.5-ci bəndinə əsasən Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. - 2.1-ci bəndinə əsasən birinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, sosial uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əməkfəaliyyəti) elə kəskin məhdudlaşması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna daimi ehtiyacı olsun. Qüsurların və ya funksiya pozuntularının xüsusi vasitələrlə kompensasiya olunduğu hallarda əlil şəxs xüsusi əmək şəraiti yaradılmış istehsalatda, yaxud evdə müxtəlif növ işlərdə işləyə bilər. Həmin bənddə birinci dərəcə əlilliyin təyin edilməsi üçün 16 hal sadalanmışdır. - 2.2-ci bəndinə görə ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. Həmin bənddə ikinci dərəcə əlilliyin təyin edilməsi üçün 15 hal sadalanmışdır. - 2.3-cü bəndinə əsasən isə üçüncü dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (ünsiyyət, sosial uyğunlaşma, hərəkət, əmək fəaliyyəti) məhdudlaşması hallarında təyin edilir. Əmək fəaliyyətinin məhdudlaşması məfhumunda görüləcək işin həcmi ilə bərabər, ixtisasın enməsi, anatomik qüsur nəticəsində professional əməyin çətinləşməsi də nəzərdə tutulur. Qeyd olunan bənddə üçüncü dərəcə əlilliyin təyin edilməsi üçün 9 hal sadalanmışdır.

19. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.

20. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 25.1. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Maddə 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır.

Apellyasiya şikayətinin mümkünlüyü

21. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır, İddiaçı apellyasiya şikayətinin və iddia ərizəsinin dəlillərini əsaslı hesab edir və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

23. Apellyasiya məhkəməsi araşdırması zamanı İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi PHŞ-nin üzərinə “cavabdeh orqanın xx.xx.2023-cü il tarixli qərarının ona aid hissədə ləğv edilməsi və ona həmin tarixdən müddətsiz orqanizmin funksiyalarının pozulmasının 31-60 faiz dərəcəsi müəyyən edilməsi öhdəliyinin qoyulması”-nı xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 fevral 2025-ci il tarixli, 2-1(107)-16/2025 nömrəli qərardadı ilə iddiaçı tərəfindən verilmiş iddia tələbinin dəyişdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir.

24. Cavabdeh orqanın etirazının dəlilləri ondan ibarətdir ki, cavabdeh orqan sonuncu, yəni xx.xx.2023-cü il tarixli qərarında iddiaçıya əlilliyin təyin edilməsindən “diaqnozun əlillik əlaməti təyin etməməsi” səbəbi ilə imtina etmişdir.

25. Bundan sonra iddiaçı həmin imtina cavabını aldıqdan sonra hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

26. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya qoyulan diaqnozun doğruluğunu müəyyən etmək məqsədilə iş üzrə canlı şəxsin məhkəmə-tibbi ekspertizası təyin edilmiş, ekspertizanın aparılması “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X9-Təcrübi və Tədris Birliyi”-nin həvalə edilmişdir. İddiaçı isə ekspertizaya getməkdən imtina etmişdir.

27. Birinci instansiya məhkəməsi isə iddia tələbini rədd edərkən ona əsaslanmışdır ki, iddiaçı tələbində göstərilən halların araşdırılması ilə bağlı iş üzrə təyin edilmiş məhkəmə ekspertizasından keçməkdən imtina etdiyindən iddia rədd olunmalıdır.

28. Apellyasiya araşdırması zamanı yenidən məhkəmə tibbi ekspertizası təyin edilmişdir. Məhkəmə kollegiyasına təqdim edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5 publik hüquqi şəxsinin xx.xx.2025-ci il tarixli, 292 nömrəli məktubuna qoşma kimi əlavə edilmiş ekspert rəyindən görünür ki, 1973-cü il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: 1. Vətəndaş İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı “X1: XİX Sinif - travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri - T90- T98 - travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri - T90 - Başın sol təpə nahiyəsində dərialtı ocaqlar- yad cisim qəlpələr (xx.xx.2021-ci il KT müayinəsi əsasında); Diaqnozun mətni: Kəllədaxili travmaların nəticələri, baş beyinin travmatik xəstəliyi (1992) ensefalopatiya. Üzvi mənşəli şəxsiyyət pozğunluğu. Sol sağrı nahiyyəsində dəlib-keçən qəlpə yarası. Başın sağ kürək nahiyyəsinin və sol qulağın kontuziyadan sonrakı nevriti” onun stasionarlarda müayinə və müalicələri zamanı anamnestik, klinik, laborator- instrumental müayinələrin əsasında düzgün müəyyən edilsə də, xx.xx.2023-cü il tarixdə DTSERA-da əyani müayinəsi zamanı əlillik təyinatına əsas verə biləcək patofunksional pozuntular aşkar edilməmişdir. 2.5. İddiaçı düçar olduğu yuxarıda qeyd edilən xəstəliklərin tam sağalma ehtimalı yoxdur, xəstəliklər kəskinləşdikdə şəxs stasionar və ya ambulator müalicəyə cəlb edilə bilər. 3.4. Əlilliyin təyini ilə əlaqədar suallar məhkəmə-tibb ekspertləri tərəfindən deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”-nın 1-ci bəndinə görə bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmış və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimlədiyindən Azərbaycan Respublikasında əlilliyin qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlillik dərəcəsinin təyin edilməsi tibbisosial ekspert komissiyaları tərəfindən həyata keçirillir.

29. Məhkəmə kollegiyasının sorğusuna əsasən Şəki Rayon Mərkəzi X6 Şəxsinin xx.xx.2024-cü il tarixli 18-1-71/2-1285/2024 nömrəli məktubundan görünür ki, 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş ’’Əlilliyin müəyyən olunmaş meyarları’nda İddiaçı qoyulmuş ”Sol sağrı nahiyyəsində dəlib-keçən qəlpə yarası. Başın, sağ kürək nahiyyəsinin və sol qulağının kontuziyadan sonrakı nevriti" diaqnozu əlillik təyin etmir və meyarlara uyğun deyildir.

30. Bundan başqa, məhkəmə kollegiyasının sorğusuna əsasən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 19 sentyabr 2024-cü il tarixli “vətəndaşın əlillik vəziyyəti haqqında” məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq olunmuş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar səbəbindən əlillik vəziyyəti Şəki Rayon Mərkəzi Xəstəxanasının 0344003AAK8W nömrəli göndərişi və müraciəti əsasında X7-sosial ekspert komissiyasında xx.xx.2022-ci ildə əyani müayinədə qiymətləndirilmiş və diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Sonuncu dəfə vətəndaş müraciəti əsasında xx.xx.2023-cü il tarixində yenidən Agentlikdə komissiya tərəfindən əyani müayinə olunmuşdur. İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.1999-cu il tarixli, 10 nömrəli Arayış verilmişdir. Həmin arayışda “Sol sağrı nahiyəsində dəlib-keçən qəlpə yarası. Başın, sağ kürək nahiyəsinin və sol qulağın kontuziyadan sonrakı nevriti” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin sağlamlıq vəziyyətinin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş “Kəllədaxili travmaların nəticələri. Baş beyinin travmatik xəstəliyi (1992) ensefalopatiya. Üzvi mənşəli şəxsiyyət pozuntusu. Kompleks parsial tutmalarla müşahidə olunan epilepsiya” diaqnozu anamnestik məlumatlar və obyektiv müayinələrdə öz təsdiqini tapmamışdır. Nevroloji statusda ocaqlı patologiya aşkarlanmamış, ətraflarda reflekslər canlı, hərəkətlər sərbəst saxlanılmışdır. Psixi statusunda adekvat, verilən suallara normal cavablar vermiş, bələdliliyi qorunmuş, intellektual mnestik sferası dünya görüşünə, sosial mühitinə, təhsilinə uyğun olmuş, davranış və şəxsiyyət pozuntusu əlamətləri, psixoproduktiv simptomatika qeyd edilməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına müvafiq olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə əsaslı və düzgün qərar qəbul edilmişdir. - Nəzərinizə çatdırırıq ki, İddiaçı ilkin olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbilə 2002-ci il tarixindən bir il müddətinə üçüncü dərəcə əlillik təyinatı aparılmışdır. Sonuncu dəfə isə vətəndaşın üçüncü dərəcə əlilliyi göndəriş tərtib olunmadan, TSEK-də müayinə edilmədən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 4.2-ci bəndinə, həmçinin hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 4.2-ci bəndinə əsasən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemi tərəfindən xx.xx.2016-cı il tarixindən 5 il müddətinə avtomatlaşdırılmış qaydada uzadılmışdır. Əlillik müddətinin bitdiyi xx.xx.2021-ci il tarixindən sonra şəxsə müəyyən olunmuş dövr ərzində müvafiq qaydada əlillik təyinatı aparılacağı təqdirdə, onda əlilliyin müddəti “müddətsiz” kimi müəyyən ediləcəkdir. - Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarlarının 6-cı bəndinə əsasən, orqanizmin sinir sisteminin xəstəliklərdən, zədə və çatışmazlıqlardan irəli gələn davamlı pozuntularının ağırlıq dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi hərəkət və hissiyyat pozuntularının təzahüretmə dərəcəsinin (gedişatın forması və ağırlığı, prosesin aktivliyi, kəskinləşmələrin olması və tezliyi, patoloji prosesin yayılması, hədəf orqanların qoşulması, fəsadların olması) nəzərə alınması ilə, hərəkət funksiyası pozuntusunun təzahüretmə dərəcəsinin qiymətləndirilməsinə (sadə və mürəkkəb hərəkətləri icra etmək qabiliyyəti) əsaslanır.

31. Məhkəmə kollegiyası işdə olan sənədləri, iddiaçının sağlamlıq vəziyyətini, cavabdeh orqanın əlillik təyinatından əsassız imtina cavabları verməsi ilə bağlı praktikasının mövcudluğunu nəzərə alaraq hesab edir ki, Əlilliyin qiymətləndirilməsi Qaydalarının müddəalarına görə müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il müddətində müəyyən olunduğu halda növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir.

32. Belə ki, iş materiallarından da görünür ki, İddiaçı ilkin olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbilə 2002-ci il tarixindən bir il müddətinə üçüncü dərəcə əlillik təyinatı aparılmışdır. Sonuncu dəfə isə vətəndaşın üçüncü dərəcə əlilliyi göndəriş tərtib olunmadan, TSEK-də müayinə edilmədən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 4.2-ci bəndinə, həmçinin hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 4.2-ci bəndinə əsasən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemi tərəfindən xx.xx.2016cı il tarixindən 5 il müddətinə avtomatlaşdırılmış qaydada uzadılmışdır. Əlillik müddəti xx.xx.2021-ci il tarixində bitmişdir. Göründüyü kimi, iddiaçıya münasibətdə orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 19 il müddətində müəyyən olunmuşdur. Bu da ona əlillik dərəcəsinin müddətsiz olmaqla, birinci dərəcəli məhdudlaşması halının (iddiaçının tələbi “orqanizmin funksiyalarının pozulmasının 31-60 faiz dərəcəsi müəyyən edilməsi”) müəyyən edilməsi üçün əsas verir.

33. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”-nın 3-cü bəndində (orqanizmin funksiyalarının pozulması faizləri) anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz (3.1.3) olmaqla müəyyən edilmişdir. İddiaçıya münasibətdə sözügedən diaqnozlar T90 və G40 kodu ilə “Əlilliyin müəyyən olunması meyarları”na Əlavədə “başın travmalarının nəticələri” və “Epilepsiya” olaraq 6.1.3 və 6.7.1-ci bəndlərdə nəzərdə tutulmuş və orqanizmin funksiyalarının pozulması 1 il müddətinə 35-60 faiz müəyyən edilmişdir. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqan iddiaçıya əlilliyin təyin edilməsindən imtina etməkdə haqlı olmamışdır.

34. Eyni zamanda cavabdeh orqan apellyasiya şikayətinə etiraz ərizəsində iddiaçının ekspertizaya getməkdən imtina etməsi əsas gətirilərək iddianın rədd olunması xahiş olunmuşdur. Halbuki apellyasiya araşdırması zamanı iddiaçı barəsində canlı şəxsin eksperizası təyin olunmuş, iddiaçı ekspertizada iştirak etmiş, onun barəsində rəy tərtib edilərək məhkəməyə göndərilmişdir.

35. Məhkəmə kollegiyası daha sonra iddia tələbinin cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi PHŞ-nin üzərinə “cavabdeh orqanın xx.xx.2023-cü il tarixli qərarının iddiaçıya aid hissədə ləğv edilməsi” hissəsi ilə bağlı qeyd edir ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçıya təyin edilmiş əlilliyin müddəti bitdikdən sonra sonuncu dəfə 11 avqust 2023-cü il tarixdə əlilliyin təyin edilməsindən imtina edilməsi barədə inzibati orqan tərəfindən qərar qəbul edilmişdir.

36. Həmin cavabdehin imtina qərarı bir inzibati aktdır və bu inzibati akt mübahisələndirilə bilmək kimi xüsusiyyətə malikdir. Hazırda da iddiaçı ərizə ilə qeyd edilən inzibati aktı mübahisələndirmişdir.

37. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi” Qaydasının 4.9-cu bəndinə əsasən TSEK-in qərarlarından "İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və məhkəməyə şikayət verilə bilər.

38. "İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsinə görə, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır (64.1). İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (64.2).

39. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, 11 avqust 2023-cü tarixli inzibati aktın (qərar) iddiaçıya aid hissəsi mübahisələndirildiyindən iddiaçının tələbi həmin hissədə də təmin edilməli, cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi PHŞnin üzərinə cavabdeh orqanın xx.xx.2023-cü il tarixli qərarının iddiaçıya aid hissədə ləğv edilməsi öhdəliyi qoyulmalıdır.

40. Bundan başqa, iş materialları ilə müəyyən edilir ki, cavabdeh orqan xx.xx.2023cü il tarixli imtina cavabında iddiaçıya əlilliyin təyin edilməsindən “diaqnozun əlillik əlaməti təyin etməməsi” səbəbi ilə imtina etmişdir.

41. İş materiallarına əlavə edilmiş “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X9-Təcrübi və Tədris Birliyi”-nin 22 yanvar 2025-ci il tarixli ekspert rəyində qeyd edilmişdir ki, Vətəndaş İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı “X1: XİX Sinif - travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri - T90-T98 - travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri - T90 - Başın sol təpə nahiyəsində dərialtı ocaqlar- yad cisim qəlpələr (xx.xx.2021-ci il KT müayinəsi əsasında); Diaqnozun mətni: Kəllədaxili travmaların nəticələri, baş beyinin travmatik xəstəliyi (1992) ensefalopatiya. Üzvi mənşəli şəxsiyyət pozğunluğu. Sol sağrı nahiyyəsində dəlib-keçən qəlpə yarası. Başın sağ kürək nahiyyəsinin və sol qulağın kontuziyadan sonrakı nevriti” onun stasionarlarda müayinə və müalicələri zamanı anamnestik, klinik, laborator- instrumental müayinələrin əsasında düzgün müəyyən edilsə də, xx.xx.2023-cü il tarixdə DTSERA-da əyani müayinəsi zamanı əlillik təyinatına əsas verə biləcək patofunksional pozuntular aşkar edilməmişdir. 2.5. İddiaçı düçar olduğu yuxarıda qeyd edilən xəstəliklərin tam sağalma ehtimalı yoxdur, xəstəliklər kəskinləşdikdə şəxs stasionar və ya ambulator müalicəyə cəlb edilə bilər.

42. Odur ki, kollegiya hesab edir ki, AR Səhiyyə Nazirliyi tərəfindən də qəbul edilmiş "Xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatı” əsas götürülməklə iddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə və diaqnozun mətnində qeyd edilən "T90-T98 Kəllədaxili travmaların nəticələri, baş beyinin travmatik xəstəliyi (1992) ensefalopatiya. Üzvi mənşəli şəxsiyyət pozuntusu. Kompleks parsial tutmalarla müşahidə olunan epilepsiya” diaqnozu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına Əlavənin 6.1.3-cü bəndində Başın travmalarının nəticələri, T90, 6.7.1-ci bəndində Epilepsiya, G40 kimi öz əksini tapmışdır.

43. Belə ki, iddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən “Kəllədaxili travmaların nəticələri. Baş beyinin travmatik xəstəliyi (1992) ensefalopatiya. Üzvi mənşəli şəxsiyyət pozuntusu. Kompleks parsial tutmalarla müşahidə olunan epilepsiya” diaqnozları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavədə aşağıdakı kimi öz əksini tapmışdır: Əlavənin 6.1.3-cü bəndinə əsasən başın travmalarının nəticələri, T90, Qiymətləndirmə - baş beynin əzilməsi, kontuziyası, orqanizmin funksiyalarının pozulması faizi – 35-60, orqanizmin funksiyalarının pozulması müddəti – 1 il kimi qeyd edilmişdir. 6.7.1-ci bəndinə əsasən Epilepsiya, G40, Qiymətləndirmə - epilepsiya seyrək tutmalarla (ayda iki dəfədən az olmamaqla) təzahür edən, həyat fəaliyyətinin əsas sferalarına adaptasiyanın çətinləşməsi ilə nəticələnən orta dərəcəli psixopatoloji simptomatika (18 yaşınadək şəxslərdə psixopatoloji simptomatika müşahidə edilmədən), orqanizmin funksiyalarının pozulması faizi – 35-60, orqanizmin funksiyalarının pozulması müddəti – 1 il kimi qeyd edilmişdir.

44. Odur ki, iddiaçıda olan diaqnozların ona əlillik təyin edilməsi üçün əsas verməməsi ilə bağlı cavabdehin arqumenti əsaslı sayıla və qəbul edilə bilməz.

45. Məhkəmə kollegiyası cavabdehin dəlillərinin iddianın rədd edilməsinin əsası kimi qəbul etmir. Belə ki, İPM-in 74-cü maddəsinin tələbinə görə, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır.

46. "İnzibati icraat haqqında” Qanunun 14-cü maddəsinin müddəalarına əsasən, diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır (14.2). Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz (14.3).

47. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh iddiaçının xeyrinə olan və onun üçün əlverişli inzibati aktın qəbulunu şərtləndirən halları nəzərə almamış, bununla da qanunla ona verilmiş diskresion səlahiyyətlərdən onun məqsədinə uyğun istifadə etməmiş, həmin səlahiyyətlərin həyata keçirilməsi zamanı iddiaçının hüquqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərar qəbul etmişdir.

48. Göründüyü kimi, İddiaçı xəstə olması iş materialları ilə öz təsdiqini tapdığından və ona qoyulmuş həmin diaqnozlar əlillik dərəcəsinin təyin edilməsi üçün meyarlara uyğun olduğundan cavabdeh inzibati orqan tərəfindən əlilliyin təyin olunmasından imtina edilməsi onun qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla onun vəziyyətinə mütənasib olmamışdır.

49. Göstərilənlərə əsasən, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Cavabdehin imtinası qanunauyğun olmamış, imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır.

50. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin “iddiaçıya qoyulmuş diaqnozun əlillik əlaməti təyin etməməsi barədə” hərəkətləri qanunauyğun olmamışdır. Odur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı “cavabdehin xx.xx.2023-cü il tarixli qərarının ona aid hissədə ləğv edilməsi, ona orqanizmin funksiyalarının pozulmasının 31-60 faiz dərəcəsi müəyyən edilməklə müddətsiz əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməlidir.

51. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçının apellyasiya şikayəti əsaslıdır. Birinci instansiya məhkəməsi iddiaçının hüquqi marağına uyğun olmayan səhv nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən ləğv edilməli, iddia təmin edilməlidir.

52. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası

qərara aldı

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-587/2024 nömrəli qərarı ləğv edilsin. İnzibati iş üzrə yeni qərar çıxarılaraq iddia təmin edilsin. Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi PHŞ-nin üzərinə “cavabdeh orqanın xx.xx.2023-cü il tarixli qərarının iddiaçıya aid hissədə ləğv edilməsi və İddiaçı xx.xx.2023-cü il tarixdən “orqanizmin funksiyalarının pozulmasının müddətsiz, birinci dərəcəli məhdudlaşması halının müəyyən edilməsi” öhdəliyi qoyulsun. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar