Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-160/2021 03.05.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Kərimli İsmayıl Aslan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “”Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə İddiaçı tərəfindən apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “”Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı 1-ci Qarabağ müharibəsi zamanı işğalçılara qarşı aparılan döyüş əməliyyatlarında iştirak etmiş, lakin ona məxsus hərbi biletdə müvafiq qeydlər aparılmamışdır. Bu səbəblə iddiaçı Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, döyüş əməliyyatlarında iştirak etməsi və hərbi hissədən tərxis olunması barədə hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqda qətnamə qəbul edilməsini xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-677/2018 nömrəli 20 aprel 2018-ci il tarixli və 2(051)-491/2019 nömrəli 31 yanvar 2019-cu il tarixli Qətnamələrində müvafiq olaraq iddiaçının 30 mart 1993-cü il tarixdən 29 aprel 1993-cü ilədək N saylı hərbi hissənin tərkibində, N yanvar 1994-cü ildən 29 mart 1994-cü ilədək N saylı hərbi hissənin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etməsi, iddiaçının 29 mart 1994-cü il tarixdə N saylı hərbi hissədən tərxis olunması faktları müəyyən edilmişdir. Qətnamələr qanuni qüvvəsini aldıqdan sonra iddiaçı cavabdeh orqana müraciət edərək, ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsini xahiş etmişdir. Lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Cavabdeh orqan etirazında qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.1995-ci il tarixli 216 №-li Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən: “1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək döyüs əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin hərbi qulluqçulara 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara — müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idaretmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. İddiaçıda isə yuxarıda sadalanmış sənədlərin heç biri yoxdur. İddiaçının hərbi biletində də xidməti barədə məlumat yoxdur. Həmçinin iddiaçının N saylı hərbi hissəyə daxil olması ona “Müharibə veteranı” adının verilməsi üçün əsas ola bilməz, çünki həmin hərbi hissə döyüş əməliyyatlarında iştirak etməmişdir. Eləcə də İddiaçı ehtiyata buraxılması barədə məlumat yoxdur. Şəki İnzibati Məhkəməsinin 27.01.2021-ci il tarixli, 2-1(116)-302/2021 nömrəli qərarı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan İddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Bildirmişdir ki, işə baxan İ instansiya məhkəməsi iddia tələbini rədd etməkdə qanuni qüvvəsini almış məhkəmə qərarlarının baxılan iş üçün yeterli sübut olmadığını bildirmişdir. Hesab edirəm aşağıda qeyd edilənlərə əsasən məhkəmənin gəldiyi nəticə əsassızdır. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə görə müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir.Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir.Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə görə “Müharibə veteranı» adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Yuxarıda qeyd olunanlara əsasən Şəki İnzibati Məhkəməsinin 27.01.2021-ci il tarixli, 2- 1(116)-302/2021 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində tərəflər məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Əsaslandırma hissəsi İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşə əlavə edilmiş və kollegiyanın iclasında tədqiq edilmiş: Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-677/2018 nömrəli 20 aprel 2018-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçının 30 mart 1993-cü il tarixdən 29 aprel 1993-cü ilədək N saylı hərbi hissənin tərkibində, N yanvar 1994-cü ildən 29 mart 1994-cü ilədək N saylı hərbi hissənin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etməsi faktı müəyyən edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-491/2019 nömrəli 31 yanvar 2019-cu il tarixli qətnaməsindən görünür ki, iddiaçının 29 mart 1994-cü il tarixdə N saylı hərbi hissədən tərxis olunması faktı müəyyən edilmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər şöbəsinin 18.07.2017-ci il tarixli 602 nömrəli məktubunda qeyd edilir ki, iddiaçı 17.03.1993-cü il tarixdə Mingəçevir şəhər Hərbi komissarlığı tərəfindən hərbi xidmətə səfərbər olunmuş, 18.01.1994-cü ildə təkrarən səfərbər olunaraq Pirəküşkül toplanış məntəqəsinə təhvil verilmişdir. DİN Şəki “Asan xidmət” mərkəzi tərəfindən verilən 01.09.2020-ci il tarixli A-851 nömrəli arayışda qeyd edilir ki, xx xxxxxxxx 1967-ci ildə Azərbaycan Respublikası, Mingəçevir şəhərində anadan olmuş İddiaçı məhkumluğu yoxdur. Müdafiə Nazirliyinin İşlər İdarəsi Mərkəzi Arxivinin N nömrəli hərbi hissə komandirinin N nömrəli 18.03.1993-cü il tarixli əmrindən 25.02.2020- ci il tarixli arxiv çıxarışından müəyyən edilir ki, iddiaçı hərbi hissənin tərkibinə gəlmiş, ona hər cür təminatlardan istifadə etmək hüququ verilmiş və 5-ci moto-atıcı batalyona təyin edilmişdir. Çıxarışın “Qeyd” hissəsində göstərilir ki, əmr hərbi hissə komandiri və ya qərargah rəisi tərəfindən imza və ya möhürlə təsdiq edilməmiş, əmrin verilmə tarixində olan “3” rəqəmi qaralanmışdır. Müdafiə Nazirliyinin İşlər İdarəsi Mərkəzi Arxivinin N nömrəli hərbi hissə komandirinin N nömrəli 13.01.1994-cü il tarixli əmrindən 25.02.2020- ci il tarixli arxiv çıxarışından müəyyən edilir ki, N nömrəli hərbi hissədən 13.01.1994-cü il tarixdə göndərilmiş əsgər heyəti N nömrəli hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmiş, tabor və əlahiddə bölüklərin tərkibində ştata təyin olunmaqla bütün növ təminatlarla təmin edilmişlər. Çıxarışın “Qeyd” hissəsində göstərilir ki, əmr hərbi hissə komandiri və ya qərargah rəisi tərəfindən imza və ya möhürlə təsdiq edilməmişdir. Müdafiə Nazirliyi Mərkəzi Arxivinin 29.03.2018-ci il tarixli 9/2-4862 nömrəli arxiv arayışında qeyd edilir ki, N nömrəli hərbi hissə komandirinin iyun 1993-cü il, aprel 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində, əlifba qeydiyyatı kitablarında, N nömrəli hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında İddiaçı Abdulhəmid oğlunun xidməti və yaralanması barədə məlumat aşkar olunmamışdır. İddiaçıya məxsus ******* nömrəli hərbi biletin təsdiq edilmiş surətində onun 1-ci Qarabağ müharibəsində iştirakı barədə müvafiq qeydlər yoxdur. Biletin 20-ci səhifəsində qeyd edilir ki, ******* nömrəli hərbi biletini itirdiyinə görə İXM 607 maddəsi ilə xəbərdar olunub, təkrar hərbi bilet verilmişdir. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin maddənin qeyd hissəsində deyilir ki, bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri” haqqında Əsasnamənin 1-ci bölməsinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1991-ci il oktyabrın 9dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 10 may 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara-müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı qanuni əsaslarla tərxis olunmamışdır. Belə Kİ, Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Bu normanın tələbləri baxımından iddiaçı müharibə veteranı statusunu almaq üçün hərbi xidmətdən qanuni əsaslarla tərxis olunduğunu sübut etməlidir. Çünki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 3cü maddəsinə əsasən, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. (7 oktyabr 1997-ci il tarixli 378-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə bu maddədə “qoşun hissəsinin siyahılarından” sözləri “hərbi hissənin siyahılarından” sözləri ilə əvəz edilmişdir). “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən, hərbi qulluqçunun həqiqi hərbi xidmətinin sonu hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün sayılır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 14-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr nəzərə almalıdırlar ki, müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də, hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Lakin qeyd edilməlidir ki, hərbi xidmət dövründə döyüşlərdə yaralanma, müalicədə olma və s. barədə hərbi hissələr, hərbi komissarlıqlar, hospitallar tərəfindən verilmiş arayışların, bildirişlərin və digər sənədlərin şəxsə məxsus olması faktı məhkəmələr tərəfindən xüsusi icraat qaydasında müəyyən oluna bilər. Qeyd edilməlidir ki, müharibə veteranı adı və vəsiqəsinin verilməsi məhkəmə qətnaməsi ilə deyil, aidiyyəti dövlət orqanının əmri və arxiv arayışı əsasında verildiyindən birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası həmçinin formalaşmış məhkəmə təcrübəsinə istinad edərək qeyd edir ki, oxşar işlər üzrə kollegiyanın 2-1(102)-331/2020 saylı 4 fevral 2020-ci il tarixli və 2- 1(102)- 555/2020 saylı 24 iyun 2020-ci il tarixli qərarları ilə də iddiaçıların qanuni əsaslarla hərbi xidmətdən tərxis olunması aidiyyəti dövlət orqanının arayışı və əmri ilə birgə təsdiq olunmaması səbəbi ilə onların kassasiya şikayətləri təmin edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hərbi hissədən qanuni əsaslarla tərxis olunması və siyahılardan çıxarılması barədə sübut olmadığından inzibati orqan tərəfindən iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina olunması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 8.1.3-cü maddəsinə əsasən, inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmış, iddia tələbini təmin etməməklə maddi və prossesual hüquq normalarının tətbiqində səhvə yol verməyərək inzibati iş üzrə düzgün nəticəyə gəlmişdir. Belə olan halda, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən, apellyasiya şikayətinin dəlilləri isə əsaslı olmadığından təmin edilməməlidir. İPM-in 87.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə,inzibati işin hallarını, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Şəki İnzibati Məhkəməsi İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasını təmin etməməkdə haqlı olmuşdur. Ona görə də birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 27.01.2021-ci il tarixli, 2-1(116)-302/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(107)-160/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-160/2021
03.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver