Məhkəmə qərarları › İş №2-1(107)-161/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-161/2021

12.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-161/2021 12.03.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dаir inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 2-1(116)- 303/2021 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “”Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, 1-ci Qarabağ müharibəsi zamanı işğalçılara qarşı aparılan döyüş əməliyyatlarında iştirak etmiş, lakin ona məxsus hərbi biletdə müvafiq qeydlər aparılmamışdır. Bu səbəblə iddiaçı Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, döyüş əməliyyatlarında iştirak etməsi və hərbi hissədən tərxis olunması barədə hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqda qətnamə qəbul edilməsini xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-682/2018 nömrəli xx xxxxx 2018-ci il tarixli və 2(051)-480/2019 nömrəli xx xxxxxx 2019-cu il tarixli qətnamələrində müvafiq olaraq iddiaçının xx xxxxxxx 1992-ci ildən 1994-cü ilin iyun ayınadək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etməsi, iddiaçının 1994-cü ilin iyun ayında N saylı hərbi hissədən tərxis olunması faktları müəyyən edilmişdir. Qətnamələr qanuni qüvvəsini aldıqdan sonra iddiaçı cavabdeh orqana müraciət edərək, ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsini xahiş etmişdir. Lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Cavabdeh orqan etirazında qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 №-li Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən: “1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək döyüs əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin hərbi qulluqçulara 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara — müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idaretmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. İddiaçıda isə yuxarıda sadalanmış sənədlərin heç biri yoxdur. İddiaçının hərbi biletində də xidməti barədə məlumat yoxdur. “Müharibə veteranı” adının verilməsi üçün şəxsin hərbi hissəyə daxil edilməsi kifayət etmir, hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) da şərtdir. Buna görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 №-li qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə “Qeyd” hissəsi əlavə olunmuşdur. Orada göstərilmişdir ki, “Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə “Müharibə veteranı” adı verilə bilməz.” Cavabdeh orqan yuxarıda qeyd olunanlara əsasən bildirir ki, iddiaçı qanuni əsaslarla tərxis olunmadığı üçün onun müraciətinin təmin edilməsi mümkün deyildir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-682/2018 nömrəli xx xxxxx 2018-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçının xx xxxxxxx 1992-ci il tarixdən 1994-cü ilin iyun ayınadək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etməsi faktı müəyyən edilmişdir. İş materiallarında olan Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-480/2019 nömrəli xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən görünür ki, iddiaçının 1994-cü ilin iyun ayında N saylı hərbi hissədən tərxis olunması faktı müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər şöbəsinin xx.xx.2017-ci il tarixli 601 nömrəli məktubunda qeyd edilir ki, iddiaçı xx.xx.1992-ci il tarixdə Mingəçevir şəhər Hərbi komissarlığı tərəfindən hərbi xidmətə səfərbər olunaraq N saylı hərbi hissəyə təhvil verilmişdir. İş materiallarında olan DİN Şəki “Asan xidmət” mərkəzi tərəfindən verilən xx.xx.2020-ci il tarixli A-849 nömrəli arayışda qeyd edilir ki, xx xxxx 1970-ci ildə Azərbaycan Respublikası, Mingəçevir şəhərində anadan olmuş İddiaçı məhkumluğu yoxdur. İş materiallarında olan iddiaçıya məxsus ******* nömrəli hərbi biletin təsdiq edilmiş surətində onun 1-ci Qarabağ müharibəsində iştirakı barədə müvafiq qeydlər yoxdur. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) xx xxxxxx 2021-ci il tarixli 2- 1(116)- 303/2021 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. İddiaçı apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 2-1(116)-303/2021 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-682/2018 saylı xx xxxxx 2018-ci il tarixli qətnaməsi ilə onun xx xxxxxxx 1992-ci il tarixdən 1994-cü ilin iyun ayınadək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış hərbi əməliyyatlarda iştirak etməyi faktı müəyyən edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır. Bundan sonra yenidən məhkəməyə müraciət edərək, döyüşdüyü hərbi hissədən təxris olunması barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsini xahiş etdi. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(051)-491/2019 saylı qətnaməsi ilə xx xxxx 2019-cu il tarixdə N saylı hərbi hissədən tərxis olunma faktı müəyyən edilmişdir. Xüsusilə qeyd etmək istəyir ki, N saylı hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirak etməyi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin verdiyi xx xxxx 2017-ci il tarixli arayışda öz əksini tapır. Lakin ona məxsus hərbi bilet itdiyindən və hərbi bileti sonradan aldığı üçün onun sözügedən hərbi hissələrdə döyüşməyi barədə heç bir məlumat qeyd edilməmişdir. Mingəçevir Şəhər Məhkəməsinin qanuni qüvvəsini almış qətnamələrinin və digər sənədləri Müdafiə Nazirliyinə təqdim etməklə yenidən ona müharibə veteranı adı və vəsiqəsinin verilməsini xahiş etdi. Lakin cavabdeh qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının əsas olmadığını bildirərək, tələbinin təmin edilməsindən imtina etdi. Cavabdehin imtinası ilə razılaşmayaraq Şəki İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etdi. Uzun sürən araşdırmadan sonra və qanuni qüvvəsini almış məhkəmə qətnaməsini məhkəmə nəzərə almadan onun cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı veteran adı və vəsiqəsinin verilməsi tələbinə dair iddiası xx xxxxxx 2021-ci il tarixli, 2-1(116)- 303/2021 saylı qərarla rədd etdi. Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2- 1(116)-303/2021 saylı qərarı, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə və İnzibati İcraat haqqında Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarına zidd olduğundan ləğv edilməli və iddia təmin edilməlidir. İşə baxan birinci instansiya məhkəməsi iddia tələbini rədd etməkdə qanuni qüvvəsini almış məhkəmə qərarlarının baxılan iş üçün yeterli sübut olmadığını bildirmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq Kollegiyadan, Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2-1(116)-303/2021 saylı qərarının ləğv edilməsi və yeni qərar qəbul edilərək iddia tələbinin təmin edilməsini xahiş edir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı və cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyin nümayəndəsinin iştirakını təmin etməmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə kollegiyası onların nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2-1(116)-303/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi dəlilləri ilə razılaşmır. Çünki o, bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin maddənin qeyd hissəsində deyilir ki, bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri” haqqında Əsasnamənin 1-ci bölməsinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Birinci instansiya məhkəməsinin araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının Komissarlıq tərəfindən xx.xx.1992-ci il tarixdə N saylı hərbi hissəyə təhvil verilməsi müəyyən edilsə də, sonradan xidmətin N saylı hərbi hissədə davam etdiyi görünür. İddiaçının hərbi biletində 1-ci Qarabağ müharibəsi dövründəki xidmətinə dair məlumatlar (hərbi hissəyə daxil olması, təminatı, tərxis edilməsi və s.) yoxdur. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Bu normanın tələbləri baxımından iddiaçı müharibə veteranı statusunu almaq üçün hərbi xidmətdən qanuni əsaslarla tərxis olunduğunu sübut etməlidir. Çünki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 3cü maddəsinə əsasən, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. (x xxxxxxx 1997-ci il tarixli 378-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə bu maddədə “qoşun hissəsinin siyahılarından” sözləri “hərbi hissənin siyahılarından” sözləri ilə əvəz edilmişdir). “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən, hərbi qulluqçunun həqiqi hərbi xidmətinin sonu hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün sayılır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı Qərarının 14-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr nəzərə almalıdırlar ki, müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də, hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Lakin qeyd edilməlidir ki, hərbi xidmət dövründə döyüşlərdə yaralanma, müalicədə olma və s. barədə hərbi hissələr, hərbi komissarlıqlar, hospitallar tərəfindən verilmiş arayışların, bildirişlərin və digər sənədlərin şəxsə məxsus olması faktı məhkəmələr tərəfindən xüsusi icraat qaydasında müəyyən oluna bilər. Qeyd edilməlidir ki, müharibə veteranı adı və vəsiqəsinin verilməsi məhkəmə qətnaməsi ilə deyil, aidiyyəti dövlət orqanının əmri və arxiv arayışı əsasında verildiyindən birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası həmçinin formalaşmış məhkəmə təcrübəsinə istinad edərək qeyd edir ki, oxşar işlər üzrə kollegiyanın 2-1(102)-331/2020 saylı x xxxxxx 2020-ci il tarixli və 2- 1(102)555/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarları ilə də iddiaçıların qanuni əsaslarla hərbi xidmətdən tərxis olunması aidiyyəti dövlət orqanının arayışı və əmri ilə birgə təsdiq olunmaması səbəbi ilə onların kassasiya şikayətləri təmin edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hərbi hissədən qanuni əsaslarla tərxis olunması və siyahılardan çıxarılması barədə sübut olmadığından inzibati orqan tərəfindən iddiaçıya müharibə veteranı adının və vəsiqənin verilməsindən imtina olunması qanunvericiliyin tələblərinə uyğun olmuşdur Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası istinad olunan qanunvericilik normalarını və işin hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasını təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 2-1(116)- 303/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar