Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-161/2022 17.11.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və X1 ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “Yevlax şəhəri C.Cabbarlı küçəsində yerləşən 51,0 kv.m torpaq sahəsi üzərində yerləşən sahibkarlıq fəaliyyəti üçün tikilmiş 51,0 kv.m mağaza binasının özünə və onun altında yerləşən torpaq sahəsinə mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavadehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 6 aprel 2022-ci il tarixli, 2-1(116)-130/2022 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Yevlax şəhəri C.Cabbarlı küçəsində yerləşən 51,0 kv.m torpaq sahəsi üzərində yerləşən sahibkarlıq fəaliyyəti üçün tikilmiş 51,0 kv.m mağaza binasının özünə və onun altında yerləşən torpaq sahəsinə mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavadehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, Yevlax bələdiyyəsinin xx.xx.2008-ci il tarixli 35 nömrəli qərarı ilə Yevlax şəhəri C.Cabbarlı küçəsində boş və istifadəsiz qalan ərazidən 51,0 kv.m torpaq sahəsi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün iddiaçının mülkiyyətinə verilmiş, iddiaçı ilə torpaq sahəsinə dair alqı-satqı aktı tərtib edilmiş, müvafiq orqanların rəyləri alınmışdır. İddiaçı tərəfindən torpaq sahəsinin dəyəri Yevlax bələdiyyəsinin bank hesabına ödənmişdir. İddiaçı Yevlax Şəhər İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək bələdiyyə tərəfindən ona satılmış torpaq sahəsində mağaza binasının tikintisinə razılıq verilməsini xahiş etmişdir. Yevlax ŞİH həmin torpaq sahəsində təqdim olunmuş layihə əsasında mağaza binasının tikintisinə icazə vermişdir. İddiaçı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması üçün cavabdeh orqana müraciət etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Cavabdeh orqan xx.xx.2021-ci il tarixli imtina məktubunda qeyd etmişdir ki, təqdim edilən sənədlər araşdırılarkən məlum olmuşdur ki, torpaq sahəsi iddiaçıya Yevlax bələdiyyəsinin xx.xx.2008-ci il tarixli 35 nömrəli qərarı ilə ayrılmışdır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununn 9.1-ci maddəsinə əsasən Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respunlikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Həmçinin həmin Qanunun 9.3-cü və 9.6-cı maddələrinə əsasən Bələdiyyənin ehtiyat fondunun özəlləşdirilən torpaqları barədə alqı-satqı əqdləri, yerli normativlər nəzərə alınmaqla aşkarlıq şəraitində bağlanılır və onun özgəninkiləşdirilməsi, istifadəyə və icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. Yevlax bələdiyyəsi tərəfindən 2008-ci ildə iddiaçıya satılmış olan torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnu tanıtmadan birbaşa satılması qanuna uyğun deyil. Birinci instansiya məhkəməsinin sərəncamının icrasının təmin edilməsi məqsədilə cavabdeh tərəfindən ünvanlanmış xx.xx.2021-ci il tarixli etiraz məktubunda iddiaçıya ünvanlanmış imtina məktubunda qeyd edilənlər göstərilmiş və iddia tələbinin təmin olunmaması xahiş edilmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-130/2022 nömrəli qərardadı ilə Yevlax bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Üçüncü şəxs Yevlax bələdiyyəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə üçüncü şəxs Yevlax bələdiyyəsinin nümayəndəsinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi etiraz məktubunun məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. İşdə olan Yevlax bələdiyyəsinin xx.xx.2008-ci il tarixli 35 nömrəli qərarından görünür ki, həmin qərarla İddiaçı sahibkarlıq fəaliyyəti üçün torpaq sahəsinin ayrılması barədə ərizəsi, Yevlax ŞİH başçısı aparatının xx.xx.2008-ci il tarixli 133 nömrəli məktubu nəzərə alınmış, Yevlax bələdiyyəsinin torpaqların aid olan, şəhərin C.Cabbarlı küçəsində boş istifadəsiz qalan ərazidən 51,0 kv.m torpaq sahəsi sahibkarlıq fəaliyyəti üçün İddiaçı xüsusi mülkiyyətinə verilmiş və buna dair alqı-satqı aktı bağlanılmışdır. İşdə olan DTXK Yevlax rayon şöbəsinin rəyindən görünür ki, Şöbə 51,0 kv. torpaq sahəsinin sahibkarlıq məqsədilə iddiaçıya satılmasına etiraz etməmişdir. İşdə olan xx.xx.2008-ci il tarixli qəbzdən görünür ki, iddiaçı torpaq sahəsinin dəyərini bələdiyyənin bank hesabına ödəmişdir. İşdə olan “Torpaqların alqı-satqısına dair” aktdan görünür ki, iddiaçı, Yevlax bələdiyyəsinin sədri və DTXDK-nın Yevlax rayon şöbəsinin müdirinin iştirakı ilə Yevlax bələdiyyəsinin xx.xx.2008-ci il tarixli 35 nömrəli qərarı ilə 0,51 kv.m torpaq sahəsinin satılmasına dair akt tərtib edilmiş, akt müvafiq imza və möhürlərlə təsdiq edilmiş, həmçinin DTXK-nın Yevlax rayon şöbəsində xx.xx.2008-ci il tarixdə 132 nömrə ilə uçota alınmışdır. X3 filialının xx.xx.2021-ci il tarixli 43/10 nömrəli məktubunda qeyd olunmuşdur ki, Yevlax şəhəri C.Cabbarlı küçəsində İddiaçı adına mağaza binası üçün ayrılmış torpaq sahəsini müəyyən etmək mümkün olmamışdır. Yevlax Bələdiyyəsi Məhkəmənin sorğusuna cavab olaraq bildirmişdir ki, İddiaçı şəhərin C.Cabbarlı küçəsində 51,0 kv.m torpaq sahəsinin ayrılmasına dair heç bir sənəd qalmamışdır. İşdə olan Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2021-ci il tarixli **********94 nömrəli məktubuna əlavə edilmiş xx.xx.2021-ci il tarixli arayışda qeyd edilmişdir ki, “İddiaçı adına Yevlax bələdiyyəsi tərəfindən tərtib olunmuş yerquruluşu planında göstərilən 51 kv.m torpaq sahəsinin yerini naturada müəyyən etmək mümkün olmadı. Bu səbəbdən mütəxəssis qarşısında qoyulmuş sualların cavablandırılması mümkün deyil”. Şəki İnzibati Məhkəməsinin (hakim Fərid İsmayılzadə) 6 aprel 2022-ci il tarixli, 2- 1(116)-130/2022 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “Yevlax şəhəri C.Cabbarlı küçəsində yerləşən 51,0 kv.m torpaq sahəsi üzərində yerləşən sahibkarlıq fəaliyyəti üçün tikilmiş 51,0 kv.m mağaza binasının özünə və onun altında yerləşən torpaq sahəsinə mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavadehin üzərinə qoyulması” tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. İddiaçı apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 06 aprel 2022-ci il tarixli, 2-1(116)-130/2022 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, vaxtı ilə Yevlax şəhəri, Heydər Əliyev prospektində özünə məxsus olan obyekt Yeni Azərbaycan Partiyasının inzibati binasının tikintisi üçün ondan alınaraq əvəzində Yevlax şəhəri, Cəfər Cabbarlı küçəsində yerləşən 51 kv.m torpaq sahəsi ilə əvəzləşdirilmişdir. O, öz növbəsin də dövlətimizin mənafəyi üçün yerdə olan dövlət məmurlarına inanaraq bu addıma imza atmışdır. Belə ki, onun mülkiyyətində olan qeyri-yaşayış binasını sökərək yerində dövlət əhəmiyyətli binanın inşası üçün əlverişli məkanın seçilməsi, eləcədə əvəzində ona başqa ərazidən yerin verilməsi ilk öncə müsbət fikirlər oyatdı. Lakin uzun müddət keçdikdən sonra anladı ki, rayon rəhbərinin tapşırığını yerinə yetirən dövlət məmurları onu aldatmışlar. Yəni Yevlax şəhəri, C.Cabbarlı küçəsində sahibkarlıq məqsədi ilə ayrılan torpaq sahəsi qanunvericiliyin ziddinə gedilərək tərtib edilmişdir. Rayon rəhbərinin tapşırığına əsasən Yevlax Bələdiyyəsi 2008-ci ildə onu başından edərək “Bələdiyə torpaqlarının idarə edilmıəsi haqqında Azərbaycan Respublikasının Qanununun” tələblərini pozmuş və nəticədə saxta sənəd hazırlayaraq onu başından etmişdir. Bu onu həmin istifadəsində olan torpaq sahəsinin üzərində mülkiyyət hüquqlarımın qeydiyyata alınması günüdə məlum olmuşdur. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesti İdarəsi ona torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyatından imtina etmişdir. Ondan aidiyyatı qaydada Azərbaycan Respublikasında müstəqil hakimiyyət qurumu olan məhkəmə orqanına gətirərək yuxarıda sadalanan halları qeyd etməklə iddia tələbi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etdi. Məhkəmədə bütün hallar araşdırıldı və ümid etdi ki, müstəsna hall kimi torpaq sahənin üzərində mülkiyyət hüquqlarının qeydiyyatı ilə bağlı Şəki İnzibati Məhkəməsi cavabdehin üzərinə öhdəlik qoyacaqdır. Lakin düşündüklərinin tam əksi olaraq iddia tələbi təmin edilməmişdir. Məhkəmə tədqiqatı zamanı əsassız olan sübutlara istinad edərək iddia tələbinin təmin etmədi. Hal bu ki, faktiki olaraq sənədləri qaydasında olduğu halda, iddia tələbinə qanuni yanaşmalı və beləliklə iddia tələbi təmin etməli idi. Çünki ekspertin torpaq sahəmin yerində müəyyən etməsi, eləcədə iş üzrə üçüncü şəxs tərəfindən torpaq sahəmə dair ilkin sənədlərin əsassız yoxa çıxarması işin nəticəsinə təsir edəcək hall deyildir. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini Şəki İnzibati Məhkəməsinin 06 aprel 2022-ci il tarixli, 2-1(116)-130/2022 saylı qərarının ləğv edilməsini, iddianın təmin edilməsinə dair yeni məhkəmə qərar qəbul edilməsini xahiş etdi. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin 06 aprel 2022-ci il tarixli, 2-1(116)-130/2022 saylı qərarının ləğv edilməsini, iddianın təmin edilməsinə dair yeni məhkəmə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının xx.xx.2022, xx.xx.2022 və xx.xx.2022-ci il tarixli iclaslarında iştirak edən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin 06 aprel 2022-ci il tarixli, 2- 1(116)-130/2022 saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndəsinin məhkəmə kollegiyasının hazırkı iclasına gəlməmişdir. Məhkəmə kollegiyası işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi İddiaçının apellyasiya şikayəti qismən uğurlu sayılır. Belə ki, o, mahiyyət etibarı ilə qismən əsaslıdır. Ona görə də, birinci instansiya məhkəməsinin qərarı qismən ləğv edilməlidir. Məhkəmə kollegiyası işdə olan sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdeh inzibati orqanın hərəkətləri qanunsuzdur. İddia mümkün iddia olduğuna görə birinci instansiya məhkəməsi iddiaya mahiyyət üzrə baxmışdır. Belə ki, baxılan işdə söhbət Azərbaycan Respublikası İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı Azərbaycan Respublikası İPM-in 2.2.3 və 34.1-ci maddələrinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Həmin iddia növü üçün qanunda nəzərdə tutulmuş xüsusi mümkünlük şərti təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməsi, sonuncu tərəfindən müraciətinin qanunla müəyyən edilmiş müddət ərzində cavablandırılmaması və ya müraciətinin təmin edilməməsidir. İddiaçı hazırkı tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Apellyasiya şikayəti vaxtında, birinci instansiya məhkəməsinin qərarı iddiaçıya təqdim olundugu gündən İPM-in 85.1-ci maddəsində müəyyən edilmiş 30 gün müddətində verilmiş, İPM-in 85.1-ci, 85.2 -ci və 85.3-cü maddələrinə uyğun olaraq şikayət formal baxımından lazımi qaydada əsaslandırılmış, əsaslandırma hissəsində iddiaçının tələbi göstərilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ondan ibarətdir ki, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”nin Yevlax bələdiyyəsinin müvafiq qərarının qəbul edildiyi xx.xx.2008-ci il tarixdə qüvvədə olan redaksiyasına əsasən Bələdiyyə tərəfindən torpaq sahəsinin özgəninkiləşdirilməsi Əsasnamə ilə nəzərdə tutulmuş qaydalarla aparılmalı, alqısatqı aktı ilə deyil, qanunvericiliyin tələblərinə müvafiq olaraq notariat qaydada təsdiq edilmiş müqavilə ilə rəsmiləşdirilməli idi. Həmçinin bələdiyyə mübahisəli torpaq sahəsinin özgəninkiləşdirilməsinə qədər olan mərhələdə torpaq sahəsi üzərində özünün mülkiyyət hüququnu qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldıraraq, məhz bundan sonra iddiaçıya münasibətdə özgəninkiləşdirməni hərrac və ya müsabiqə qaydasında həyata keçirməli olduğu halda, iş üzrə bu prosedur qaydalarına əməl edilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə görə, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.4-cü maddəsinə əsasən, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun: 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Məhkəmə kollegiyası cavabdeh orqanın hazırkı iş üzrə torpaq sahəsinin bələdiyyə tərəfindən özəlləşdirmədən İddiaçı satılması dəlilləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri sayır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən təqdim olunmuş xx.xx.2022-ci il tarixli, **********43 nömrəli mütəxəssis rəyi ilə müəyyən olunur ki, İddiaçı bələdiyyə qərarı ilə satılmış torpaq sahəsi Yevlax bələdiyyəsinin mülkiyyətindədir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 19 noyabr 2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. O da göstərilməlidir ki, inzibati orqan (məhkəmə) inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan (məhkəmə) maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir (“İnzibati icraat haqqında” Qanunun 24.1-24.3-cü maddələri). Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. İnzibati ədliyyə mərhələsində isə məhkəmələr inzibati aktın məqsəd və xarakterini, inzibati icraat mərhələsində yol verilmiş pozuntuların bu aktın qəbul edilibedilməməsinə göstərəcəyi təsiri nəzərə alaraq, şəxsin qanuni gözləntiləri ilə publik maraqların nisbətinin qorunması və Konstitusiyanın müdafiə etdiyi dəyərlər arasında ədalətli tarazlığın təmin edilməsi məqsədi ilə işdə olan bütün sübutları qiymətləndirməklə və bütün prosessual imkanlardan istifadə etməklə şəxsin hüquqlarının qeydiyyata alınması vəzifəsinin müvafiq inzibati orqanın üzərinə qoyulub-qoyulmaması barəsində ədalətli qərar qəbul etməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsində də dövlət qeydiyyatının əsası kimi məhz bələdiyyə orqanları tərəfindən qəbul edilmiş akt nəzərdə tutulmuşdur. Cavabdehin şikayətinin əsas dəlili ondan ibarətdir ki, məhkəmə kollegiyası "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsinə istinad etməklə göstərmişdir ki, bələdiyyə torpaqlarına mülkiyyət hüququnun qeydə alınması üçün hüquqi nəticə mənbəyi kimi alğı-satqı müqaviləsinə deyil, bələdiyyənin qərarına üstünlük verir. Bununla yanaşı, məhkəmə kollegiyası həm də “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun və "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin tələblərinə istinad etmişdir. Məhkəmə kollegiyası qeyd olunan maddədə göstərilən qəbul olunmuş aktlar anlayışını geniş təfsir etməklə bələdiyyə qərarları kimi qəbul etməklə yanlış qərar qəbul etmişdir. Halbuki, məhkəmənin istinad etdiyi qanun və əsasnamədə söhbət alğı-satqı aktından, habelə alğı-satqı müqaviləsindən gedir. Məhkəmə kollegiyası cavabdehin həmin dəlilini əsassız hesab edir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsində dövlət qeydiyyatının əsası kimi bələdiyyə orqanları tərəfindən qəbul edilmiş akt dedikdə, inzibati aktlar – qərarlar, sərəncamlar və s. nəzərdə tutulur. Şikayətin digər dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 2016-cı il 9 fevral tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 2016-cı il 4 oktyabr qərarında aşağıdakılar təsbit olunmuşdur: “Mülki Məcəllənin 139.1-ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1.1-ci maddəsində göstərilmişdir ki, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Bu qayda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsində də nəzərdə tutulmuşdur. Həmin normaya görə, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və onlara xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Yuxarıda göstərilən Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8- ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil. ... “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İddiaçı tərəfindən cavabdehə təqdim edilən aktın “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit olunmuş qüvvədən düşmə halları da iş üzrə müəyyən edilməmişdir.” Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin tələbi baxımından mübahisə predmeti olan torpaq sahəsi iddiaçıya qanunla müəyyən edilmiş qaydada verildiyində ona dair şəhadətnamənin hüquqların dövlət qeydiyyatı üçün əsas hesab edildiyindən iddiaçının həmin torpaq sahəsi üzərində hüquqları dövlət qeydiyyatına alınmalıdır. Birinci instansiya məhkəməsi ümumi iddia tələbinin iddiaçıya məxsus 51 kv.m torpaq sahəsi üzərində tikilmiş mağaza binası üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması hissəsini təmin etməməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.3-ci maddəsinə əsasən, özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli, **********43 nömrəli mütəxəssis rəyi ilə müəyyən olunmuşdur ki, İddiaçı istifadəsində olan 55,19 kv.m torpaq sahəsi onun mülkiyyətində olsa da üzərindən yüksək gərginlikli hava elektrik xətləri keçir ki, həmin torpaq sahəsi yüksək gərginlikli hava elektrik xəttinin qorunma zolağında yerləşir. Bu isə göstərir ki, iddiaçının torpaq sahəsi üzərində tikilən mağaza binası fəaliyyət göstərərsə yüksək gərginlikli hava elektrik xətlərinin insanların sağlamlığına zərər vurması istisna edilmir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 101.1 -ci maddəsinin tələblərinə görə tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir. Həmin Məcəllənin 102.2-ci maddəsinin tələblərinə görə obyekt şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyi halda müvafiq icra hakimiyyəti orqanı və ya miivafıq icra hakimiyyəti orqanının yaratdığı qurum (reklam qurğularına münasibətdə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum) tərəfindən tikinti obyektinin istismarına icazə verilir. İstismara icazə tikinti obyekti müayinə edildikdən (tikinti obyektinə baxış keçirildikdən) və onun müəyyən edilmiş tələblərə uyğunluğu təsbit edildikdən sonra verilir. Həmin Məcəllənin 102.7- ci maddəsinin tələblərinə görə tikinti obyektlərinin istismarına icazə verildiyi gündən, habelə məlumatlandırma icraatının tətbiq olunduğu tikinti obyektlərinin tikintisinin başa çatması barədə sifarişçi tərəfindən məlumat verildikdən sonra, müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum (reklam qurğularına münasibətdə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum) 5 iş günü müddətində bu barədə vahid informasiya təminatı sisteminin tərkib hissəsi olan Tikintilərin Dövlət reyestrinə məlumat təqdim etməlidir. Həmin məlumatlar 3 iş günü müddətində Tikintilərin Dövlət reyestrinin internet səhifəsində yerləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.9.2-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın l-dək) inşa edilmiş qeyri-yaşayış binalarına münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı hüquqların qeydiyyata alınması üçün əsas kimi müəyyən edilmişdir. Həmin Qanunun 8.0.10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən və tikintisinə icazə tələb olunan tikinti obyektləri tiçün -torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə hüquqların qeydiyyata alınması üçün əsas kimi müəyyən edilmişdir. Tikinti obyektinin istismarına icazədə nəzərdə tutulan məlumatlar Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 103-cü maddəsində öz əksini tapmışdır. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 101.1-ci maddəsinə əsasən tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyini və ondan təyinatı üzrə istifadəsinin mümkünlüyünün təsdiq edilməsidir. Həmin Məcəllənin 101.4- cü maddəsinə əsasən tikinti obyektinin istismarına icazənin vahid forması Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Tikinti obyektinin istismarına icazənin vahid forması Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli, 302 nömrəli qərarı ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 240.1 -ci maddəsində göstərilir ki, torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər. Həmin məcəllənin 240.2-ci maddəsində göstərilir ki, torpaq sahəsinin mülkiyyətçisi özünə mənsub sahədə ucaldılmış və ya yaradılmış binaya, qurğuya və digər daşınmaz əmlaka mülkiyyət hüququ əldə edir. Göründüyü kimi, bu norma da şəhərsalma və tikinti normalarını və qaydalarını tələblərin gözlənilməsi şərti ilə torpaq sahəsində binalar və qurğuların ucaldılmasını nəzərdə tutur. Odur ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Şəki İnzibati Məhkəməsinin 6 aprel 2022-ci il tarixli, 2-1(116)-130/2022 nömrəli qərarı qismən-yəni ümumi iddianın İddiaçı "Yevlax şəhəri C.Cabbarlı küçəsində yerləşən 51,0 kv.m torpaq sahəsinə müliyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavadeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinin üzərinə qoyulması” tələbinin təmin edilməməsi hissəsində ləğv edilməli, həmin hissədə yeni qərar qəbul edilməli, iddia tələbi həmin hissədə təmin edilməli, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı İnzibаti Prosessuаl Məcəlləsinin 87.6-cı mаddəsinə əsаsən iddiaçının apellyasiya şikayəti qismən təmin edilərək, birinci instаnsiyа məhkəməsinin qərаrı ləğv edilməli, yeni qərar qəbul edilərək iddia qismən təmin edilməlidir. Nəticəvi hissə: Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 6 aprel 2022-ci il tarixli, 2-1(116)-130/2022 nömrəli qərarı qismən-yəni ümumi iddianın İddiaçı "Yevlax şəhəri C.Cabbarlı küçəsində yerləşən 51,0 kv.m torpaq sahəsinə müliyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavadeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinin üzərinə qoyulması” tələbinin təmin edilməməsi hissəsində ləğv edilsin. Həmin hissədə yeni qərar qəbul edilsin. İddia tələbi həmin hissədə təmin edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(107)-161/2022
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-161/2022
17.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver