Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-161/2023 23.02.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu, Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “cavabdehin imtinasının qanunsuz hesab edilməsi və pensiya hüququ yaranan vaxtdan, xx.xx.2010-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli, 2-1(116)-551/2022 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “cavabdehin imtinasının qanunsuz hesab edilməsi və pensiya hüququ yaranan vaxtdan, xx.xx.2010-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı, əmək kitabçasında qeyd edilmiş əmək fəaliyyəti müddətlərini nəzərə alaraq ümumi və xüsusi iş stajı tamamlandığından 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan iddiaçının ümumi və xüsusi iş stajının az olmasını bildirərək müraciətin təmin edilməsindən imtina etmişdir. Buna görə da hazırkı inzibati mübahisə yaranmışdır. Cavabdeh orqan iddia tələbinə etirazını ilkin imtina dəlillərinə uyğun əsaslandırmış, iddiaçının ümumi iş stajının 19 il 5 ay 12 gün, xüsusi iş stajının 7 il 5 ay 18 gün qeyd etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər birinci instansiya məhkəməsinə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2021-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - ИТ-İ ******* №-li, əmək kitabçasına əsasən iddiaçı xx.xx.1979-xx.xx.2006-cı illərdə X1, xx.xx.2004-xx.xx.2005-ci illərdə "xxxx" MMC-də işləmişdir. - AZE 0******* №-li şəxsiyyət vəsiqəsindən görünür ki, iddiaçı xx.xx.1958-ci ildə doğulmuşdur. - X7 Filialının xx.xx.2017-ci il tarixli 244/22 №-li arxiv arayışından görünür ki, X2 xx.xx.1979-cu il tarixli 83/k saylı əmrinə əsasən İddiaçı xx.xx.1979-cu il tarixdən əyirici şagirdi qəbul edilmişdir. X2 xx.xx.1979-cu il tarixli 370/k saylı əmrinə əsasən əyirici şagirdi İddiaçı xx.xx.1979-cu il tarixdən əyirici keçirilmişdir. X2 xx.xx.1983-cü il tarixli 403/k saylı əmrinə əsasən əyirici İddiaçı tesyomşitsa keçirilmişdir. İddiaçı şəxsi vərəqəsində qeyd edilmişdir ki, xx.xx.1985-ci il tarixli 20/k saylı əmrinə əsasən xx.xx.1985-ci ildən əyirici keçirilmişdir. X2 xx.xx.1988-ci il tarixli 226/k saylı əmrinə əsasən əyirici X5 xx.xx.1988-ci il tarixdən təmizləyici keçirilmişdir. X2 xx.xx.2006-cı il tarixli 6/kş saylı əmrinə əsasən əyirici sexinin təmizləyicisiX5 xx.xx.2006-cı il tarixdən öz xahişi ilə işdən azad edilmişdir. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 25 noyabr 2022-ci il tarixli, 2- 1(116)-551/2022 nömrəli qərarı ilə İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “cavabdehin imtinasının qanunsuz hesab edilməsi və pensiya hüququ yaranan vaxtdan, xx.xx.2010-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsinin təmin edilməməsi qərara alınmışdır. İddiaçı apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli, 2-1(116)-551/2022 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, məhkəmə qanunsuz və əsassız qərar qəbul etmişdir. Belə ki, X7 Filialının xx.xx.2017-ci il tarixli 244/22 N-li arxiv arayışından görünür ki, X2 xx.xx.1979-cu il tarixli əmrinə əsasən İddiaçı xx.xx.1979-cu il tarixdən əyirici şagirdi qəbul edilmişdir. X2 xx.xx.1979-cu il tarixli 370/k saylı əmrinə əsasən əyirici şagirdi İddiaçı xx.xx.1979-cu il tarixdən əyirici keçirilmişdir. X3 xx.xx.1983cü il tarixli 403/k saylı əmrinə əsasən əyirici İddiaçı tesyomşitsa keçirilmişdir. Şəxsi vərəqəsində qeyd edilmişdir ki, xx.xx.1985-ci il tarixli 20/k saylı əmrə əsasən xx.xx.1985ci ildən əyirici keçirilmişdir. X3 xx.xx.1988-ci il tarixli 226 k saylı əmrinə əsasən əyirici İddiaçı xx.xx.1988-ci il tarixdən təmizləyici keçirilmişdir. X2 xx.xx.2006-ci il tarixli 6/kş saylı əmrə əsasən xx.xx.2006-ci il tarixdən öz xahişi ilə işdən azad edilmişdir. Məhkəmə qərarında qeyd edir ki, X8 və “Azərxalça" ASC-yə müvafiq sorğular verilsə də, « тесемщица» vəzifəsinin toxuculuq istehsalatında hansı vəzifəni ifadə etməsi və yerinə yetirdiyi əmək funksiyasının xarakterinə dair hər hansı məlumat verilməmişdir. Bu səbəbdən məhkəmə tesmaçı vəzifəsinə uyğun gəlməsi qənaətinə gəlmişdir. Əmək kitabçasından və arxiv sənədlərindən aydın görünür ki. həmin vəzifə toxucu istehsalatına aiddir. Toxucu istehsalatı isə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dəlalət edir. Lakin işə baxan məhkəmə peşənin toxuculuq peşəsinə aid olmadığını bildirərək və onun 27 il iş stajını nəzərə almadan iddia tələbinin təmin edilməsindən imtina etmişdir. Odur ki, Şəki İnzibati Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli, 2-1(116)-551/2022 saylı iş üzrə qərarının ləğv edilərək iddia tələbinin təmin olunmasına dair yeni qərar çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli, 2-1(116)-551/2022 saylı iş üzrə qərarının ləğv edilərək iddia tələbinin təmin olunmasına dair yeni qərar çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X6 apellyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli, 2-1(116)-551/2022 saylı iş üzrə qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma hissəsi İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. İddiaçının apellyasiya şikayəti uğurlu sayılmır. Belə ki, o, mahiyyət etibarı ilə əsaslı deyildir. Ona görə də, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddia ərizəsinə işin yuxarıda göstərilən halları və mübahisənin maddi hüquqi əsasını təşkil edən qanunvericilik normalarının tələblərinə uyğun hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, iddia əsassızdır. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 5.3. Əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Maddə 13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar-45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa... 13 iyun 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. İş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı hüququnun yarandığı gündən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. İddiaçıya, 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün onun 1 yanvar 2006-cı il tarixədək azı 20 il ümumi və 10 il xüsusi iş stajının mövcudluğu sübuta yetirilməlidir. İş materialları ilə müəyyən edilmişdir ki, iddiaçının xx.xx.1979-xx.xx.2006-cı illər üzrə ümumi iş stajı 26 il 10 ay 8 günə bərabərdir. İstinad olunan əmək kitabçasında iddiaçının xx.xx.2004-xx.xx.2005-ci illərdə (6 ay 11 gün) "xxxx" MMC-də işləməsi barədə qeyd öz əksini tapsa da, üst-üstə düşən dövrlərdən biri qəbul edilməli olduğundan və həmin müddət iddiaçının X1 işlədiyi dövr üzrə tam əmək stajı olaraq hesablandığından yenidən ümumi iş stajına hesablanmır. İddiaçının xüsusi iş stajına münasibətdə isə müəyyən edilmişdir ki, həmin müddət tələb olunan 10 ildən azdır. Belə ki, iddiaçının xüsusi iş stajına xx.xx.1979 - xx.xx.1983, xx.xx.1985 -xx.xx.1988-ci illərdə əyirici şagirdi və əyirici olaraq işlədiyi müddətlər daxildir. Həmin müddətlərin cəmi 7 il 11 aya bərabərdir. Əmək kitabçasında iddiaçının vəzifəsi sözügedən illərdə “прядильщица” qeyd edilmişdir ki, qeyd olunan vəzifənin azərbaycan dilinə tərcüməsi işdə olan arxiv arayışında düzgün olaraq “əyirici” qeyd edilmişdir. İddiaçının xx.xx.1983-xx.xx.1985-ci illərdə yerinə yetirdiyi vəzifə isə əmək kitabçasında “тесемщица” və işdə olan arxiv arayışında “tesyomşitsa” qeyd edilmişdir. Həmin vəzifədə iddiaçının işlədiyi müddət 1 il 4 ay 7 gün olmuşdur. X8 və "xxxx" ASC-yə müvafiq sorğular verilsə də, “тесемщица” vəzifəsinin toxuculuq istehsalatında hansı vəzifəni ifadə etməsi və yerinə yetirdiyi əmək funksiyasının xarakterinə dair hər hansı məlumat verilməmişdir. Bununla belə məhkəmə həmin vəzifənin Toxuculuq sahəsinə aid olan fəhlə peşələrinin və işlərin Vahid Tarif-İxtisas Sorğu kitabçasında qeyd edilmiş 174.Tesmaçı vəzifəsinə uyğun gəlməsi qənaətindədir. Belə ki, internet informasiya resurlarına istinad olunmaqla (Единый тарифноквалификационный справочник работ и профессий рабочих (ЕТКС). Выпуск №44 Утвержден Постановлением Минтруда РФ от xx.xx.2003 N 51 Оглавление, Раздел «Общие профессии производства текстиля» Тесемщик. § 235. Тесемщик 2-го разряда http://www.aup.ru/docs/etks/etks-44/) müəyyən edilmişdir ki, sözügedən vəzifə əyirmə və burma maşınlarına texniki qulluqla bağlı vəzifələrin icra edilməsini ifadə edir. Həmçinin «Общие профессии производства текстиля» Тесемщик vəzifəsinin yerinə yetirdiyi işin xüsusiyyətləri ilə (Характеристика работ. Обслуживание прядильных и крутильных машин. Наблюдение за исправностью тесьмы и работой натяжных роликов тесьмы. Предупреждение простоев веретен из-за обрывов тесьмы. Замена на обслуживаемых машинах оборвавшейся или износившейся тесьмы. Склеивание тесьмы. Заготовка тесьмы. Пропитка и вытягивание тесьмы. Чистка швейных машин, смазка трущихся поверхностей и уход за термощипцами. Ведение учета расхода тесьмы.) “tesmaçı” vəzifəsinin yerinə yetirdiyi işin xüsusiyyətlərinin uyğun olması müəyyən edilir. (İşin xüsusiyyəti. Əyirici və burucu maşınlarına xidmət edilməsi. Tesma dartıcı diyircəklərin işini və tesmaların saz, düz işləmə vəziyyətlərini müşahidə etmək. Tesma qırılmalarına görə iylərdə yaranmış boş dayanmaların aradan qaldırılması. Maşınlarda qırılmış və ya sıradan çıxmış, zədələnmiş tesmaların dəyişdirilməsi. Tesmaların yapışdırılması. Tesmaların hazırlanması. Tesmaların hopdurulması və dartılması. Tikiş maşınlarının təmizlənməsi, sürtünən səthlərin yağlanması və termomaşaya qulluq edilməsi. Tesma sərfi hesabının aparılması. Bilməlidir. Xidmət etdiyi maşının quruluşunu, istismar qaydalarını və ona qulluğu; tesmaların böyük düyünsüz yapışdırılması və qalınlaşdırılması qaydalarını; tesma dartıcı diyircəklərin qurulması qaydalarını. Lakin, nəzərə alınmalıdır ki, ümumiyyətlə “Tesmaçı”lar Toxuculuq sənayesində qeyd edilmiş peşələrdə, o cümlədən “Toxuculuq istehsalatı dəzgah və maşınlarında çalışanlara əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların və peşələrin Siyahısı”nda öz əksini tapmadığından həmin müddət iddiaçının xüsusi iş stajına daxil edilə bilməz. İddiaçının xx.xx.1988-ci il tarixdən sonra işlədiyi vəzifə də Toxuculuq sənayesində və “Toxuculuq istehsalatı dəzgah və maşınlarında çalışanlara əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların və peşələrin Siyahısı”nda öz əksini tapmamışdır. Belə ki, xx.xx.1988-ci il tarixdən sonra iddiaçının vəzifəsi arxiv arayışında “təmizləyici”, əmək kitabçasında isə «...чистильщицей вытяжных приборов» qeyd edilmişdir. Sözügedən vəzifənin adı “Toxuculuq sahəsinə aid olan fəhlə peşələrinin və işlərin Vahid Tarif-İxtisas Sorğu kitabçası”nda qeyd edilmiş “Ventilyasiya qurğularını təmizləyən” (İşin xüsusiyyəti. Havanı dəyişən qurğuların, siklonların, süzgəclərin, tozsorucu kameraların, tranşeylərin və müxtəlif tozyığan qurğuların təmizlənməsi. Toza bulanmış liflərin, pərquların-tiftiklərin tozun yığılıb müəyyən edilmiş yerə nəql edilməsi, göndərilməsi. Bilməlidir. Müəyyən edilmiş qaydaları və havanı dəyişən qurğuların təmizlənmə qaydasını və toz yığan qurğuları.) vəzifəsinə uyğun olsa da, yuxarıda qeyd edildiyi kimi həmin vəzifə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşəyə aid deyil. Həmçinin iddiaçının xx.xx.2004-xx.xx.2005-ci illərdə işlədiyi “sap açan” peşəsi də Toxuculuq sənayesində və “Toxuculuq istehsalatı dəzgah və maşınlarında çalışanlara əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların və peşələrin Siyahısı”nda güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşə olaraq qeyd edilməmişdir. Göründüyü kimi iddiaçının xx.xx.2006-cı il tarixədək azı 10 il müddətində xüsusi iş stajı tamamlanmadığından cavabdeh orqanın iddiaçının müraciətini təmin etməkdən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan normaları hazırkı iddia tələbi üzrə tətbiq edərək cavabdehin iddiaçının müraciətini təmin etməməkdə haqlı olduğu barədə düzgün nəticəyə gəlmişdir. Bu səbəbdən də iddia təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası Qərаrа аldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli, 2-1(116)-551/2022 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(107)-161/2023
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-161/2023
23.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver