Məhkəmə qərarları › İş №2-1(107)-161/2024

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-161/2024

29.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-161/2024 29.08.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və X6 ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X8 iştirak ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “Yevlax rayonu Havarlı Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 458 nömrəli Qərarı ilə satılmış bələdiyyənin mülkiyyətində olmaqla alqı-satqı predmeti olan, Yevlax rayonu Havarlı kəndində yerləşən 0.03 hektar torpaq sahəsinə iddiaçının mülkiyyət hüququnu təsdiq edən Dövlət reyestrindən çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 6 noyabr 2023-cü il tarixli, 2-1(116)-1218/2023 nömrəli qərarından iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək “Yevlax rayonu Havarlı Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 458 nömrəli Qərarı ilə satılmış bələdiyyənin mülkiyyətində olmaqla alqı-satqı predmeti olan, Yevlax rayonu Havarlı kəndində yerləşən 0.03 hektar torpaq sahəsinə iddiaçının mülkiyyət hüququnu təsdiq edən Dövlət reyestrindən çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(116)-1218/2023 nömrəli qərardadı ilə Yevlax rayonu Havarlı Bələdiyyəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində adi qaydada cəlb edilmişdir.

3. İddia ərizəsinin əsaslarına görə, Yevlax rayon Havarlı Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 458 saylı qərarı ilə İddiaçı həyətyanı məqsədilə bələdiyyənin perespektiv inkişaf fondundan 0,03 ha həyətyanı torpaq sahəsi satılmış, sonuncu tərəfindən satılan torpaq sahəsinin dəyəri ödənilmiş və müvafiq torpaq sahəsinin sxemi hazırlanaraq Şəki rayon İHnin memarlıq və Tikinti şöbəsi tərəfindən təsdiqlənmişdir. İddiaçı müvafiq torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması məqsədilə cavabdehə müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Odur ki, hazırkı inzibati mübahisə yaranmışdır.

4. Üçüncü şəxs iddia tələbinə münasibətində qeyd etmişdir ki, iddiaçıya Havarlı bələdiyyəsi tərəfindən xx.xx.2006-cı il tarixli 458 saylı qərarla Havarlı kəndində yaşayış evlərinə qonşuluqda yerləşən 0.03 ha torpaq sahəsi həyətyanı məqsədilə torpaq sahəsi ayrılmışdır.

5. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı və onun iddiaçının vəkili iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

6. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 6 noyabr 2023-cü il tarixli, 2- 1(116)-1218/2023 nömrəli qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır.

7. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

8. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmış. apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 6 noyabr 2023-cü il tarixli, 2-1(116)-1218/2023 nömrəli qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

9. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 6 noyabr 2023-cü il tarixli, 2-1(116)-1218/2023 nömrəli qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etdi.

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X13 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 6 noyabr 2023-cü il tarixli, 2-1(116)-1218/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

11. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə xəbərdar edilsə də üçüncü şəxs nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir.

12. Məhkəmə kollegiyası onların iştirakı olmadan hazırkı işə baxılmasını Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 62.3-cü maddəsinə əsasən mümkün hesab etmişdir.

13. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - cavabdehin xx.xx.2023-cü il tarixli 3-21-3-35/2-1586/2023 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, elektron məlumat bazasında mövcud olan Mingəçevir şəhəri, Mingəçevir bələdiyyəsinin “X5 Uçotu informasiya Sistemindəki xəritəsinə əsasəsn İddiaçı naturada göstərdiyi və iddia etdiyi 0.03 ha torpaq sahəsinin təyinatı kənd təsərrüfatı təyinatı torpaqlar, uqodiyası tikinti altında olaan torpaqlar, mülkiyyətçisi Mingəçevr şəhəri, Mingəçevir bələdiyyəsidir. Torpaq sahəsinin faktiki istifadəçisini müəyyən etmək Ərazi İdarəsinin səlahiyyətinə aid deyil, iddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsinin döngə nöqtələri, koordinatları, sahəsi və yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. - cavabdehin xx.xx.2023-cü il tarixli 3-21-3-35/2-2267/2023 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, elektron məlumat bazasında mövcud olan Mingəçevr şəhəri, Mingəçevir bələdiyyəsinin “X5 Uçotu informasiya Sistemi”ndəki xəritəsinə əsasəsn iddia olunan torpaq sahəsi kənd təsərrüfatına yararlı (təmiz örüş) torpaq sahəsidir. Sözügedən torpaq sahəsi “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X14 tabeliyindəki “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətinin arxivində mövcud olan, 1977-ci ildə tərtib edilmiş Yevlax rayonu Havarlı kəndi Tərəvəzçilik-südçülük sovxozunun Dövlət Aktına əsasən təsərrüfatın ərazisində yerləşir. Eyni zamanda həmin ərazi Azərbaycan X18 Heyətinin 06 iyun 1962-cı il tarixli Fərmanı ilə təsdiq olunmuş xəritəyə əsasən Mingəçevir şəhərinin inzibati sərhədi daxilində yerləşir. Ərazidə torpaq islahatı aparılan zaman Yevlax Rayon Aqrar İslahatı Komissiyasının qərarı ilə təsdiq edilmiş Yevlax rayonu Havarlı kəndi keçmiş Tərəvəzçiliksüdçülük sovxozunun yerquruluşu layihəsinə (Baş sxeminə) əsasən sözügedən torpaq sahəsi təsərrüfatın ərazisindən çıxarılmış, Havarlı bələdiyyəsinin mülkiyyətinə verilməmiş və Mingəçevir şəhərinin hüdudu daxilində saxlanılmışdır. Bundan sonra “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında" Azərbaycan Respiblikası Qanununda dəyişikliklər edilməsi barədə 12 iyun 2012-ci il tarixli 378-İVQD nömrəli Azərbaycan Respiblikası Qanununun 2.13-cü maddəsinə əsasən respublikanın ərazisində rayon bölgüsü olmayan şəhər inzibati ərazi vahidinin inzibati mərkəzi olan ərazi vahidinin ərazisində və şəhər rayonu inzibati ərazi vahidinin ərazisinin inzibati ərazi dairəsi ilə əhatə olunmayan hissəsində yerli dövlət hakimiyyəti orqanları tərəfindən sahə inzibati ərazi dairələri yaradılmışdır. Buna müvafiq olaraq ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 10 fevral tarixli 218 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması Qaydası”na uyğun Mingəçevir şəhərinin 1 və 2 nömrəli sahə inzibati ərazi dairələrinə dair xəritələr hazırlanmış və sözügedən ərazi Mingəçevir şəhərinin inzibati ərazi dairəsinə aid edilmişdir. Sözügedən Qaydaların müddəlarına uyğun Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı qonşu inzibati ərazi vahidi kimi həmin xəritələri təsdiq etmiş və hazırlanmış xəritələr aidiyyəti üzrə təsdiq edildikdən sonra 2012-ci ildə Azərbaycan Respublikası Milli Məclisinə təqdim edilmiş və bununla da mövcud olan torpaq mübahisəsinə son qoyulmuşdur - Yevlax rayon Havarlı bələdiyyəsinin xx.xx.2006-ci il tarixli 458 saylı iclas protokolundan çıxarışdan və xx.xx.2006-cı il tarixli qəbzdən görünür ki, bələdiyyənin perspektiv inkişaf fondu torpaqlarından 0.03 ha torpaq sahəsi həyətyanı məqsədilə İddiaçı satılmış və sonuncu tərəfindən bələdiyyənin hesabına 48 manat pul vəsaiti ödənmişdir. - Kollegiyanın sorğusu əsasında verilmiş cavabdehin xx.xx.2024-cü il tarixli 3-21-3- 35/2-1555/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı Yevlax rayonu, Havarlı bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 458 nömrəli Qərarı ilə 0,03 hektar torpaq sahəsi satılarkən sözügedən torpaq sahəsi Yevlax rayonu, Havarlı bələdiyyəsinin mülkiyyətində olmuşdur. “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında" Azərbaycan Respiblikası Qanununda dəyişikliklər edilməsi barədə 12 iyun 2012-ci il tarixli 378-İVQD nömrəli Azərbaycan Respiblikası Qanununun 2.13-cü maddəsinə əsasən respublikanın ərazisində rayon bölgüsü olmayan şəhər inzibati ərazi vahidinin inzibati mərkəzi olan ərazi vahidinin ərazisində və şəhər rayonu inzibati ərazi vahidinin ərazisinin inzibati ərazi dairəsi ilə əhatə olunmayan hissəsində yerli dövlət hakimiyyəti orqanları tərəfindən sahə inzibati ərazi dairələri yaradılmışdır. Buna müvafiq olaraq Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 10 fevral tarixli 218 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması Qaydasına uyğun Mingəçevir şəhərinin 1 və 2 nömrəli sahə inzibati ərazi dairələrinə dair xəritələr hazırlanmış və sözügedən ərazi Mingəçevir şəhərinin inzibati ərazi dairəsinə aid edilmişdir. Sözügedən Qaydaların müddəlarına uyğun Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı qonşu inzibati ərazi vahidi kimi həmin xəritələri təsdiq etmiş və hazırlanmış xəritələr aidiyyəti üzrə təsdiq edildikdən sonra 2012-ci ildə Azərbaycan Respublikası Milli Məclisinə təqdim edilmişdir. Bununla da sözügedən ərazilər Mingəçevir şəhər inzibati ərazi dairəsinə aid edilmiş və mövcud olan torpaq mübahisəsinə son qoyulmuşdur - Kollegiyanın iclasında təqdim edilmiş: - Azərbaycan Respublikası Milli Məclisinin Aparatının 28 mart 2024-cü il tarixli məktubundan görünür ki, Azərbaycan SSR X19 heyətinin 6 iyun 1962-ci il tarixli Fərmanı ilə Havarlı kəndi Mingəçevir şəhərindən Yevlax rayonunun inzibati tabeliyinə verilmişdir. 1 yanvar 1977-ci il tarixinə olan vəziyyətə görə tərtib edilmiş Azərbaycan SSR inzibati-ərazi bölgüsündə Havarlı kəndi Yevlax rayonunun tərkibində qeyd olunmuşdur. “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda Havarlı bələdiyyəsi Yevlax rayonunun bələdiyyələrindən biri kimi qeyd olunub. Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının 2006-cı il 8 dekabr tarixli 195-İİİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında Əsasnamə”yə və Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Bələdiyyələrin Dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında Əsasnamə”yə əsasən Yevlax rayonunun Havarlı kəndinin və Yevlax rayonunun Havarlı bələdiyyəsinin xəritəsi və şəhadətnaməsi tərtib olunaraq Havarlı kəndi və Havarlı bələdiyyəsi Yevlax rayonunun tərkibində Dövlət reyetsrinə daxil edilmişdir. - Yevlax rayonu Havarlı bələdiyyəsinin xx.xx.2024 tarixli məktubunda qeyd edilmişdir ki, Yevlax rayonu Havarlı bələdiyyəsi tərəfindən İddiaçı verilmiş torpaq sahəsinə dair tərtib olunmuş sənədlər qanunidir və hal-hazırda qüvvədədir. Ona həmin torpaq sahəsinə dair Çıxarışın verilməsinə Yevlax rayonu Havarlı bələdiyyəsinin heç bir etirazı yoxdur.

TƏTBİQ EDİLƏN HÜQUQ

14. İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 48. Məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. 48.2. İnzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. 48.3. Yazılı vəsatətlərə, etirazlara, izahatlara onlarda istinad olunan sənədlərin əsli və ya surəti tam və ya çıxarışlar şəklində əlavə edilməlidir. Həmin sənədlər qarşı tərəfə məlum olduğu və ya həcmcə çox böyük olduğu hallarda, onların əlamətlərini dəqiq göstərməklə, qarşı tərəfin həmin sənədlərlə məhkəmədə tanış olmasının mümkünlüyünü qeyd etmək kifayətdir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

15. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.0.4. qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır. Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 8.0-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunnan halları müəyyən edilmiş, 15-ci maddəsində isə hüquqların qeydə alınmasından imtina oluna bilən hallar öz təsbitini tapmışdır. 8.0.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 11.1-ci maddəsinə görə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər; 23.2-ci maddəsinə görə isə daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. 23.3-cü maddəsinə görə isə dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.

16. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.2-ci maddəsinin mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, tərəflər arasında “torpaqların alqı-satqısına dair” aktın tərtib olunmasını nəzərədə tutsa da, həmin “aktın tərtibi və torpaq ayrırma qaydasında həyata keçirilən bütün digər proseslər (torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması) bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir.

17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1 Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

18. "X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında deyilir ki, "... torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir.

19. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

20. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür və əsaslıdır, ona görə də apellyasiya şikayəti uğurlu olacaqdır.

21. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

22. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.

23. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

25. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Yevlax rayon Havarlı bələdiyyəsinin sözügedən torpaq sahəsinin iddiaçıya satmaq səlahiyyəti olmamışdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Yevlax rayon Havarlı bələdiyyəsinin xx.xx.2006-ci il tarixli 458 saylı qərarı qəbul edilənədək artıq Mingəçevir şəhərinin inzibati ərazi dairəsinə aid edilmişdir. Torpaq islahatı aparılan zaman Yevlax Rayon Aqrar İslahatı Komissiyasının qərarı ilə təsdiq edilmiş Yevlax rayonu Havarlı kəndi keçmiş Tərəvəzçiliksüdçülük sovxozunun yerquruluşu layihəsinə (Baş sxeminə) əsasən sözügedən torpaq sahəsi təsərrüfatın ərazisindən çıxarılmış, Havarlı bələdiyyəsinin mülkiyyətinə verilməmiş və Mingəçevir şəhərinin hüdudu daxilində saxlanılmışdır. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 10 fevral tarixli 218 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması Qaydası”na uyğun Mingəçevir şəhərinin 1 və 2 nömrəli sahə inzibati ərazi dairələrinə dair xəritələr hazırlanmış və sözügedən ərazi Mingəçevir şəhərinin inzibati ərazi dairəsinə aid edilmişdir.

26. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, Yevlax rayon Havarlı bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 458 nömrəli qərarı ilə, Yevlax rayonu Havarlı bələdiyyəsinin mülkiyyətinin alqı-satqı predmeti olan torpaq sahəsindən alqı-satqı qaydasında Yevlax rayonu Ərəbbəsrə kənd sakini İddiaçı həyətyanı məqsədilə 0,03 ha torpaq sahəsi satılması barədə DTXK-nın Yevlax rayon şöbəsi tərəfindən hazırlanmış sənədlər nəzərə alınmış, Yevlax rayonu Havarlı bələdiyyə mülkiyyətinin alqı-satqı predmeti olan 0,03 ha torpaq sahəsinin İddiaçı satılması qərara alınmışdır. Torpaqların alqı-satqısına dair aktla Havarlı bələdiyyəsinin mülkiyyətinə aid olan 0.03 ha torpaq sahəsi iddiaçıya satılmışdır. DTXK-nın Yevlax rayon şöbəsinin xx.xx.2006-cı il tarixli 179/337 nömrəli rəyində qeyd olunur ki, İddiaçı həyətyanı məqsədilə satılması nəzərdə tutulan torpaq sahəsi 0,03 ha olmaqla kənd təsərrüfatına yararlıdır. Havarlı bələdiyyə mülkiyyətinə aiddir və alqı-satqı predmetidir. xx.xx.2006-cı il tarixli kassa mədaxil orderindən görünür ki, iddiaçı tərəfindən torpaq sahəsinin dəyəri olaraq 48 manat Yevlax rayonu Havarlı bələdiyyəsinin hesabına ödənilmişdir.

27. Bundan əlavə məhkəmə kollegiyası cavabdeh inzibati orqanın imtinasının mübahisə predmeti olan torpaq sahəsinin Mingəçevir ərazisinə aid olması ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, kollegiya tərəfindən edilmiş sorğuya cavab olaraq inzibati orqan tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli məktuba əsasən, İddiaçı Yevlax rayonu, Havarlı bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 458 nömrəli Qərarı ilə 0,03 hektar torpaq sahəsi satılarkən sözügedən torpaq sahəsi Yevlax rayonu, Havarlı bələdiyyəsinin mülkiyyətində olmuşdur.

28. Eyni zamanda Havarlı bələdiyyəsi tərəfindən məhkəmə kollegiyasına təqdim edilmiş Azərbaycan Respublikası Milli X11 Quruculuğu, İnzibati və Hərbi Qanunvericilik Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən, Azərbaycan SSR X18 Heyətinin 6 iyun 1962-ci il tarixli Fərmanı ilə Havarlı kəndi Mingəçevir şəhərindən Yevlax rayonunun inzibati tabeliyinə verilmişdir. Bundan başqa 1 yanvar 1977-ci il tarixinə olan vəziyyətə görə tərtib edilmiş Azərbaycan SSR inzibati-ərazi bölgüsündə Havarlı kəndi Yevlax rayonunun bələdiyyələrindən biri kimi qeyd olunmuşdur.

29. Bununla yanaşı Yevlax rayon Havarlı bələdiyyəsinin məhkəmə kollegiyasına ünvanladığı xx.xx.2024-cü il tarixli 40 nömrəli məktubuna əsasən, iddiaçı 2006-cı ildə Havarlı bələdiyyəsinə yazılı müraciət edərək ona Havarlı bələdiyyəsinin mülkiyyətindən həyətyanı məqsədilə torpaq sahəsi ayrılmışdır. Bununla bağlı Havarlı bələdiyyəsi Yevlax rayon Torpaq və Xəritəçəkmə Şöbəsinə müraciət etmişdir. Yevlax rayon Dövlət və Xəritəçəkmə şöbəsi həmin sahənin Yevlax rayon Havarlı bələdiyyəsinin mülkiyyətində olması haqqında rəy təsdiq edərək həmin sahənin cizgisini təsdiq edərək alqı-satqı aktı tərtib etmişdir. Həmin torpaq sahəsi X10 qərarı ilə Havarlı kənd sakinlərinə verdiyi həyətyanı sahələrlə qonşuluqda yerləşir. Yevlax rayon Havarlı bələdiyyəsi iddiaçıya verilmiş torpaq sahəsinə aid tərtib olunmuş sənədlər qanunidir və hal-hazırda qüvvədədir. Ona həmin torpaq sahəsinə çıxarışın verilməsinə Havarlı bələdiyyəsinin heç bir etirazı yoxdur.

30. Göründüyü kimi iş üzrə üçüncü şəxs qismində işə cəlb edilmiş Havarlı bələdiyyəsi iddiaçıya iddia predmeti olan torpaq sahəsinin satılmasını etiraf edir. Həmçinin, həmin torpaq sahəsinin iddiaçıya satılan zaman bələdiyyənin mülkiyyətində olduğunu bildirir. İddiaçıya satılmış torpaq sahəsi başqa mülkiyyətçilərin torpaq sahəsi ilə üst-üstə düşmür və onların hüquqlarını pozmur.

31. Bundan başqa DTXK-nın Yevlax rayon şöbəsinin xx.xx.2006-cı il tarixli 179/337nömrəli rəyində qeyd olunur ki, İddiaçı həyətyanı məqsədilə satılması nəzərdə tutulan torpaq sahəsi 0,03 ha olmaqla kənd təsərrüfatına yararlıdır. xx.xx.2006-cı il tarixli 179/337nömrəli DTXK-nın Yevlax rayon şöbəsinin rəyində İddiaçı həyətyanı məqsədilə verilməsi nəzərədə tutulmasına baxmayaraq torpaq sahəsinin kənd təsərrüfatına yararlı olması qeyd edilsə də, kollegiyanın qənaətinə görə DTXK-nın Yevlax rayon şöbəsi rəy verərkən torpaq sahəsinin kənd təsərrüfatına az yararlı və ya yararsız olmasını nəzərdə tutulmuşdur. Əks halda, DTXK-nın Yevlax rayon şöbəsi torpaq sahəsinin kənd təsərrüfatına yararlı olması barədə rəy verdiyi halda həmin torpaq sahəsini alqı-satqı predmeti hesab etməzdi.

32. Odur ki, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı qaydaları”na əsasən həmin torpaq sahəsinin “Torpaqların yeni normativ qiymətinin müəyyən edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 iyul 1998-ci ıl tarixli 158 saylı qərarına müvafiq olaraq mübahisə predmeti olan torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsini Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yevlax rayon şöbəsi məqsədə müvafiq hesab etmişdir.

33. Bundan başqa Yevlax rayon Havarlı bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 458 nömrəli qərarı ilə, Yevlax rayonu Havarlı bələdiyyəsinin mülkiyyətinin alqı-satqı predmeti olan torpaq sahəsindən alqı-satqı qaydasında Yevlax rayonu Ərəbbəsrə kənd sakini İddiaçı həyətyanı məqsədilə 0,03 ha torpaq sahəsi satılması barədə DTXK-nın Yevlax rayon şöbəsi tərəfindən hazırlanmış sənədlər nəzərə alınmış, Yevlax rayonu Havarlı bələdiyyə mülkiyyətinin alqı-satqı predmeti olan 0,03 ha torpaq sahəsinin İddiaçı satılması qərara alınsa da, bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması barədə ümumi iclas protokolu mövcud olmamışdır.

34. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsində də bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktların daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunması göstərilmişdir.

35. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.2-ci maddəsinin mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, tərəflər arasında “torpaqların alqı-satqısına dair” aktın tərtib olunmasını nəzərədə tutsa da, həmin aktın tərtibi və torpaq ayrırma qaydasında həyata keçirilən bütün digər proseslər (torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması) bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir.

36. İnzibati icraat zamanı inzibati orqan tərəfindən qeyd edilən prosedur pozuntularına yol verilməsi yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır.

37. Odur ki, inzibati orqanın torpaq sahəsinin ayrılması ilə bağlı ümumi iclas protokolunun tərtib edilməməsi kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi).

38. Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir.

39. Azərbaycan Respublikasının Konstitusiyasının 145-ci maddəsinə (bələdiyyələrin qərarları) əsasən bələdiyyənin iclaslarında baxılan məsələlərə dair qərarlar qəbul edilir (İ). Bələdiyyənin qərarları bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir (İİ). Yerli vergilər və ödənişlər ilə bağlı qərarlar bələdiyyə üzvlərinin üçdə iki səs çoxluğu ilə qəbul edilir (İİİ).

40. Həmçinin “Bələdiyyələrin statusu haqqında” Qanunun 1-ci maddəsində (yerli özünüidarə anlayışı) bələdiyyələr ümumi, bərabər, birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilmiş üzvlərindən ibarət nümayəndəli kollegial orqan olaraq təsbit edilmişdir.

41. Həmin Qanunun 16-cı maddəsinin 4-cü və 6-cı bəndlərinə əsasən (Bələdiyyənin iclası) Azərbaycan Respublikası Konstitusiyasının 145-ci maddəsinin İİ hissəsinə uyğun olaraq, bələdiyyə iclaslarında baxılan məsələlərə dair bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qərarlar qəbul edilir. Bələdiyyənin bütün iclasları protokollaşdırılır. Protokol iclasın sədri və katibi tərəfindən imzalanır və bələdiyyənin möhürü ilə təsdiqlənir. İclasın protokolunda onun nömrəsi (hər ilin əvvəlində nömrələr yenilənməlidir), iclasın keçirildiyi yer, tarix, iclasda iştirak edən və etməyən bələdiyyə üzvlərinə və dəvət olunan şəxslərə dair məlumat, iclasın sədri, katibi, iclasın gündəliyi, gündəliyin təsdiqi üçün keçirilən səsvermənin nəticəsi, məruzəçilərin adları, soyadları, məruzənin qısa məzmunu, çıxışların qısa məzmunu, müzakirə olunmuş məsələlərə dair qəbul edilmiş qərar, habelə bununla bağlı keçirilən səsvermənin nəticəsi göstərilməlidir.

42. Göründüyü kimi, vətəndaşın həmin torpaq sahəsinin ayrılması ilə bağlı keçirilməsi nəzərdə tutulmuş iclasda iştirakının onun vəzifə və öhdəliklərinə aid edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır.

43. Eyni zamanda iddiaçı tərəfindən onun üzərinə düşən vəzifələrin yerinə yetirilməsi, yəni, torpaq sahəsinin ayrılmasına dair ərizə ilə bələdiyyəyə müraciət edillməsi, torpaq sahəsinin dəyərinin ödənilməsi, bununla bağlı inzibati orqan tərəfindən qərarın verilməsi, alqı-satqı aktının tərtib edilməsi, DTXK-nin rəyi, DTXK tərəfindən tərfib edilmiş ayrıc aktının mövcüd olması ona əsas verir ki, vətədaşın inzibati orqanın torpaq sahəsinin ayrılması ilə bağlı ümumi iclasın keçirilib-keçirilməməsi və bununla bağlı protokolun tərtib olunmaması vətəndaşın ziyanına şərh edilə bilməz.

44. "X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında deyilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz.

45. Həmçinin, məhkəmə kollegiyası tərəfindən mütəxəssislərin iştirаkı ilə mübahisə predmeti olan torpaq sahəsinə baxış keçirilərkən müəyyən edilmişdir ki, torpaq sahəsi boş ərazidir və torpaq sahəsi ilə eyni cərgədə yerləşən hasarlanmış torpaq sahələri və üzərində tikilmiş yaşayış evləri mövcuddur.

46. İddiaçıya münasibətdə bərabərlik prinsipinin pozulub-pozulmaması barədə qənaətə gələ bilmək üçün kollegiyası tərəfindən mübahisə predmeti olan torpaq sahəsi ilə eyni cərgədə yerləşən torpaq sahələri və üzərində tikilmiş yaşayış evlərinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb-alınmaması barədə edilmiş sorğuya cavab olaraq cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktuba əlavə edilmiş Yevlax rayon Havarlı bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 198 nömrəli qərarı ilə X4 0.09 ha torpaq sahəsinin satılması qərara alınmış, Torpaqların alqı-satqısına dair akta əsasən həmin torpaq sahəsi X1. xx.xx.2014-cü il tarixli ******* nömrəli çıxarışa əsasən Yevlax rayonu Havarlı kəndində yerləşən yaşayış məntəqələrinin torpaqlarına aid olan 0.09 ha torpaq sahəsi üzərində X3 mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Yevlax rayon Havarlı bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 314 nömrəli qərarı ilə X9 0.06 ha torpaq sahəsinin satılması qərara alınmış, Torpaqların alqı-satqısına dair akta əsasən həmin torpaq sahəsi X2. ********** qeydiyyat nömrəli çıxarışa əsasən Yevlax rayonu Havarlı kəndində yerləşən yaşayış məntəqələrinin torpaqlarına aid olan 0.06 ha torpaq sahəsi üzərində X7 mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

47. Hazırkı mübahisənin qanuni və əsaslı həlli baxımından iş üzrə bərabərlik və etimad hüququnun qorunması prinsiplərinin pozulması hallarının mövcudluğu ilə bağlı məsələyə də qiymət verilməlidir. “İnzibati icraat haqqında” Qanunun 13.5-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Belə ki, inzibati orqanın mövcud praktikasına vətəndaşın etimad hüququ qanunla qorunsa da, etimad hüququnun tətbiq edildiyi orqanın praktikası qanunsuz hərəkətlərə əsaslana bilməz.

48. Nəzərə almaq lazımdır ki, Konstitusiyanın 25-ci maddəsinin V hissəsinə əsasən hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. “İnzibati icraat haqqında” Qanunun həmin konstitusion normaya əsaslanan və onu daha da konkretləşdirən 12-ci maddəsinə görə isə, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır. Bu tənzimləmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qarşısının alınmasına xidmət edir. Bərabərlik prinsipi diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı xüsusi əhəmiyyət daşıyır. Belə ki, həmin prinsiplə ehtiva olunan bərabər yanaşma diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin ilkin şərti kimi çıxış edir. Nəzərə almaq lazımdır ki, inzibati orqan diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı vətəndaş qarşısında bərabər yanaşma prinsipini təmin etmək öhdəliyi daşıyır.

49. Konstitusiyada və qanunlarda təsbit olunmuş bərabərlik hüququ həm də onu tələb edir ki, hər kəs dövlət xidmətləri qarşısında bərabərlik hüququna malikdir. Bu hüquq müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə eyni faktiki və hüquqi hallara malik işlər üzrə inzibati orqanlar tərəfindən fərqli qərarların çıxarılmasını qadağan edir. İnzibati orqanlar öz səlahiyyətlərini icra edərkən vətəndaşlar qarşısında bərabər yanaşma və etimadın qorunması prinsiplərini təmin etməli, mövcud inzibati praktikaya uyğun hərəkət etməlidir.

50. Etimadın qorunması prinsipinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur. Nəzərə almaq lazımdır ki, bir tərəfdən inzibati orqan eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı hüquq tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxsin həmin praktikanın ona da tətbiq olunacağına dair əsaslı (legitim) gözləntiləri və həmin praktikaya etimadı yaranır. Qeyd olunmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun olaraq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma, ardıcıl davranma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır.

51. İnzibati orqanlar özlərinin praktikalarında hamıya münasibətdə bərabər yanaşmalı və ardıcıl münasibəti təmin edəcək qaydada davranmalıdırlar. Hər hansı dövlət xidməti müxtəlif səbəblərdən qanunsuz olaraq göstərilmişdirsə, inzibati orqanlar ilk növbədə həmin qanunsuzluğun aradan qaldırmasına yönəlmiş hərəkətlər etməli, eləcə də məsələyə münasibətdə özlərinin sonrakı praktikalarını dəyişdirdiklərini göstərməklə bu halı aşkar nümayiş etdirməlidirlər. Bu qaydada hərəkət etməyərək əvvəlki təcrübəyə uyğun davranmaqda davam etdikdə, inzibati orqanlar eyni hallara əsaslanan sonrakı müraciətləri həll edərkən bərabərlik və etimadın qorunması hüququnun tələblərini nəzərə almalıdır.

52. İnzibati orqanların inzibati praktikası həm də onların özlərinin müstəqil olaraq formalaşdırdığı, yaxud məhkəmə qərarları əsasında formalaşmış hüquq tətbiqi praktikası kimi fərqləndirilə bilər. Əgər hər hansı məsələ üzrə mübahisə məhkəmə çəkişməsi nəticəsində həll edilmişsə, eyni faktiki hallara və hüquqi əsaslara söykənən sonrakı mübahisələrdə inzibati orqan özünün praktikasını həmin qərarın məzmununa uyğunlaşdırmaqla formalaşdırmağa borcludur. Nəzərə alınmalıdır ki, inzibati orqanın məhkəmə qərarına əsaslanan inzibati (hüquq tətbiqi) praktikasının dəyişdirilməsi üçün ya həmin məhkəmə qərarı hüquqi qüvvəsini itirməli və ya sonradan həmin məsələyə münasibətdə yeni məhkəmə təcrübəsi formalaşmalı, yaxud da məhkəmə qərarının əsasında duran maddi-hüquqi əsaslar dəyişməlidir.

53. Yuxarıda göstərilən inzibati işə əlavə edilmiş sənədlərdən, tərəflərin məhkəmə kollegiyasının iclasında verdikləri izahatlardan, mütəxəssis tərəfindən verilmiş arayışdan, mübahisə predmeti olan torpaq sahəsinə keçirilmiş yerli baxışdan, məhkəmə kollegiyası tərəfindən verilmiş sorğularla bağlı cavablardan göründüyü kimi, hazırkı mübahisənin faktiki halları üzrə inzibati orqan tərəfindən torpaq sahəsi ilə eyni cərgədə yerləşən digər torpaq sahələrinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və çıxarış verilməsi ilə əhatə olunan hərəkətləri vətəndaşın bərabərlik və etimad hüququnun qorunması prinsipinin pozulmasına gətirib çıxarmışdır.

54. “İnzibati icraat haqqında” Qanuna əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Lakin hazırkı işdə inzibati orqan tərəfindən lazımi qaydada araşdırılma aparılmadan, mübahisə predmeti olan torpaq sahəsinin Mingəçevir ərazisinə və kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə aid olması səbəbi ilə əsassız olaraq iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir.

55. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən normaların tələblərini hazırkı iddia tələbi üzrə işin hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edən inzibati orqanın hərəkətləri əsassız olmuş, işə baxan birinci instansiya məhkəməsi İnzibati Prosessual Məcəllənin 12 və 48-ci maddələrinin tələblərinə əsasən işin faktiki hallarını tam araşdırmamış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə0 yol vermiş və bu səbəbdən də iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlməmişdir.

56. Beləliklə, inzibati işə əlavə edilmiş sənədləri, tərəflərin məhkəmə kollegiyasının iclasında verdikləri izahatları, mübahisə predmeti olan torpaq sahəsinə keçirilmiş yerli baxışı, məhkəmə kollegiyası tərəfindən verilmiş sorğularla bağlı cavabları və aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilərək iddia təmin edilməli, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X14 17 saylı Yevlax Ərazi İdarəsinin üzərinə Yevlax rayonu Havarlı kəndində yerləşən, Yevlax rayonu Havarlı kənd bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 458 nömrəli qərarı ilə iddiaçıya ayrılmış 0,03 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi qoyulmalıdır.

57. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 6 noyabr 2023-cü il tarixli, 2-1(116)-1218/2023 nömrəli qərarı ləğv edilsin. İnzibati iş üzrə yeni qərar çıxarılaraq iddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X14 17 saylı Yevlax Ərazi İdarəsinin üzərinə Yevlax rayonu Havarlı kəndində yerləşən, Yevlax rayonu Havarlı kənd bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 458 qərarı ilə İddiaçı ayrılmış 0,03 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi qoyulsun. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar