Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-162/2022 18.08.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “xx.xx.2021-ci il tarixdən övladının sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 30 mart 2022-ci il tarixli, 2-1(116)-365/2022 nömrəli qərarından cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin nümayəndəsi X10 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “TSEK tərəfindən 0276003AAKX8 saylı göndəriş üzrə verilmiş imtinanın və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, **********3 saylı qərarın ləğv edilməsi, övladı Məmmədzadə Nəzrin İlkin qızının sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı tələbini dəqiqləşdirərək, xx.xx.2021-ci il tarixdən övladının sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə iddianın dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, X15 Xəstəlikləri Dispanseri tərəfindən xx.xx.2021-ci il tarixdə Məmmədzadə Nəzrin İlkin qızına “uşaq autizmi, orta dərəcəli əqli gerilik” diaqnozu qoyulmuş, Göyçay rayon Mərkəzi Xəstəxanası tərəfindən xx.xx.2021-ci il tarixdə iddiaçının övladı barədə 0276003AAKX8 nömrəli “göndəriş” cavabdeh orqana göndərilmiş, cavabdeh orqan xx.xx.2021-ci il tarixdə müayinənin nəticələrinə uyğun olaraq “göndərişə” imtina cavabı vermiş, imtina cavabının verilməsinə əsas olaraq göndərişin natamam doldurulmasını, sənədlərdə qeyd edilməsi vacib olan Respublika Baş Psixiatorun rəyinin qeyd edilməməsini göstərmişdir. İddiaçı, müvafiq imtina cavabını inzibati qaydada mübahisələndirmiş, lakin, cavabdeh orqan xx.xx.2021-ci il tarixli məktubla şikayəti təmin etməmişdir. Buna görə də hazırkı inzibati mübahisə yaranmışdır. İddiaçı, tələb hüququnu övladına müvafiq diaqnozun X15 Xəstəlikləri Dispanseri tərəfindən qoyulması ilə əsaslandırmış, cavabdeh tərəfindən hər hansı qanuni əsas olmadan imtinanın verildiyi bildirilmişdir. Cavabdeh iddia tələbinə etirazında ilkin imtina cavabında qeyd edilən məlumatları sadalamışdır. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək birinci instansiya məhkəməsindən iddianın təmin edilməməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(116)-1537/2021 nömrəli qərardadı ilə iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X7”nə həvalə edilmişdir. (Qərardada yol verilmiş yanlışlıq Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə aradan qaldırılmışdır). Ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: Məmmədzadə Nəzrin İlkin qızına qoyulmuş Uşaq autizmi, Uşaq autizmi Kanner sindromu və orta dərəcə gerilik (F84 və F71) diaqnozu düzgündürmü? Məmmədzadə Nəzrin İlkin qızının hazırkı vəziyyətini əks etdirən diaqnozu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnaməyə uyğundurmu? İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: AZ-İİ 407346 №-li “doğum haqqında” şəhadətnamədən görünür ki, Məmmədzadə Nəzrin İlkin qızı xx.xx.2009-cu ildə doğulmuşdur. Ata haqqında qrafada İddiaçı, ana haqqında qrafada X4 qeyd edilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2010-cu ildə 101 nömrə ilə qeydiyyat aparılmışdır. X15 Xəstəlikləri Dispanserinin xx.xx.2021-ci il tarixli ambulator xəstənin kartasından çıxarışdan görünür ki, Məmmədzadə Nəzrin İlkin qızına uşaq autizmi, orta dərəcəli əqli gerilik diaqnozu qoyulmuş, XBT -üzrə kod F84.0, F71.0 qeyd edilmiş, xəstəxananın baş həkimi tərəfindən imzalanaraq möhürlə təsdiq edilmişdir. Cavabdehin “sonuncu müayinəyə dair məlumatın verilməsi” barədə imtina cavabından görünür ki, yanlış və ya natamam doldurulma, dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndərişin natamam doldurulması, xəstəyə müavinət təyin etmək üçün hal hazırdakı sənədlərdə Respublika Baş Psixiatorun rəyinin qeyd edilməməsi, qeyd edilməsinin vacibliyi göstərilməklə müraciətin təmin edilməsindən imtina edilmişdir. Cavabdehin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, cavabdeh tərəfindən iddiaçının müraciəti təmin edilməmiş, müraciətin təmin edilməsindən imtina əsasları ilkin imtina cavabı ilə eyni məzmunlu olmuşdur. “Göyçay Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin xx.xx.2021-ci il tarixli 5224 nömrəli məktubundan görünür ki, konsultativ poliklinika şöbəsinin müdiri A.Burcalıyevin və həkim psixiatr E.Cavadovun verdiyi xx.xx.2021-ci il tarixli 393 saylı məktuba əsasən ünvan 1 ünvanında yaşayan, 2009-cu il təvəllüdlü, Məmmədzadə Nəzrin İlkin qızı xx.xx.2021-ci il tarixdən “orta dərəcəli əqli gerilik, uşaq autizmi” diaqnozu ilə qeydiyyatdadır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X7” PHŞ-in Təkrari Ekspertizalar şöbəsinin xx.xx.2022-ci il tarixli göndərişindən görünür ki, prof. X8 Nəzrin İlkin qızı barədə “Müayinə Tibbi rəy” verilməsi üçün ekspert Hafiz Kazımov tərəfindən göndəriş verilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixii Sağlamlıq Mərkəzi” PHŞ-in xx.xx.2022-ci il tarixli 271 nömrəli bildirişində (mərkəzin direktoru prof. Fuad İsmayılov tərəfindən imzalanaraq möhürlə təsdiq edilmişdir) qeyd edilmişdir ki, AR Baş Psixiatrı professor Teymur Qafarov Ə.Əliyev adına X1 fəaliyyət göstərir. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən psixi pozuntusu olan şəxslərin əlillik dərəcəsi almaq üçün diaqnozun təyin edilməsi və ya təsdiqlənməsi AR SNnin Baş psixiatrı prof. Teymur Qafarovun səlahiyyətinə aid deyil. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2020-ci il tarixli 88 saylı əmri “Həkim – Psixiatr komissiyası haqqında” Əsasnamə, xx.xx.2020-ci il tarixli xx/xx-3930 saylı, xx.xx.2021-ci il tarixli xx/xx-1574 və xx/xx-1575 saylı məktublarına əsasən bu məsələnin baxılması yaşadığı ərazi üzrə Həkim Psixiatr Komissiyasının səlahiyyətinə aiddir. Azərbaycan Respublikası Səhiyyə nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X7” PHŞ-in xx.xx.2022-ci il tarixli 462 №-li məktubuna əlavə edilmiş T30/2022 saylı ekspert rəyində qeyd edilmişdir ki, azyaşlı N.İ.Məmmədzadənin tibbi sənədlərinə əsasən, ona “Uşaq autizmi kanner sindromu və orta dərəcə gerilik” diaqnozu qoyulmuşdur. Həmin diaqnozda göstərilən xəstəliklərin əlamətləri onun xx.xx.2022-ci il tarixdə əyani müayinəsi zamanı aşkar edilmədi. Odur ki, N.İ.Məmmədzadə ixtisaslaşmış tibb müəssisəsində yenidən müayinə olunub xəstəlikləri dəqiqləşdirildikdən sonra tibb müəssisəsi tərəfindən forma 88 tərtib edilərək TSEK-ə göndərilməklə əlillik dərəcəsinin təyininə baxıla bilər. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 30 mart 2022-ci il tarixli, 2- 1(116)-365/2022 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə Məmmədzadə Nəzrin İlkin qızının xx.xx.2021-ci il tarixdən sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi öhdəliyinin qoyulması qərara alınmışdır. Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin nümayəndəsi X10 apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 30 mart 2022-ci il tarixli, 2-1(116)-365/2022 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, X15 Xəstəlikləri Dispanseri tərəfindən xx.xx.2021-ci il tarixdə Məmmədzadə Nəzrin İlkin qızına “uşaq autizmi, orta dərəcəli əqli gerilik” diaqnozu qoyulmuş, Göyçay rayon Mərkəzi Xəstəxanası tərəfindən xx.xx.2021-ci il tarixdə iddiaçının övladı barədə 0276003AAKX8 nömrəli “göndəriş” cavabdeh orqana göndərilmiş, cavabdeh orqan xx.xx.2021-ci il tarixdə müayinənin nəticələrinə uyğun olaraq “göndərişə” imtina cavabı vermiş, imtina cavabının verilməsinə əsas olaraq göndərişin natamam doldurulmasını, sənədlərdə qeyd edilməsi vacib olan - Respublika Baş Psixiatorun rəyinin qeyd edilməməsini göstərmişdir. İddiaçı müvafiq imtina cavabını inzibati qaydada mübahisələndirmiş lakin cavabdeh orqan xx.xx.2021-ci il tarixli məktubla şikayəti təmin etməmişdir. Buna görə də hazırkı inzibati mübahisə yaranmışdır. İddiaçı tələb hüququnu övladına müvafiq diaqnozun X15 Xəstəlikləri Dispanseri tərəfindən qoyulması ilə əsaslandırmış, cavabdeh tərəfindən hər hansı qanuni əsas olmadan imtinanın verildiyi bildirilmişdir. Nəzərinizə çatdırmaq istəyrik ki, iddiaçının qızı Məmmədzadə Nəzrin İlkin qızının əlillik vəziyyətinə Göyçay Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021 -ci il tarixli 0276003AAKX8 saylı göndərişi əsasında baxılmış və “X2: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F80-F89 - Psixoloji inkişaf pozğunluqları => F84 - Psixoloji inkişafın ümumi pozğunluğu => F84.0 - Uşaq autizmi; Diaqnozun mətni: Uşaq autizmi, Uşaq autizmi Kanner sindromu Ağırlaşma F71.0 Davranış pozğunluğunun olmamasını və ya zəif dərəcədə təzahür etməsini göstərməklə., orta dərəcəli əqli gerilik; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: xəstəyə müavinət təyin etmək üçün hal hazirdakı sənədlərdə Respublika Baş psixiatorun rəyinin qeyd edilməsi vacibdir” səbəbi ilə imtina verilmişdir. Birinci İnstansiya Məhkəməsində icraat zamanı iş üzrə ekspertiza təyin edilmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi- Eksepertiza və X9 publik hüquqi şəxsi tərəfindən verilmiş PFİŞ-in xx.xx.2022-ci il tarixli 462 №-li məktubuna əlavə edilmiş T30/2022 saylı ekspert rəyində qeyd edilmişdir ki, azyaşlı N.İ.Məmmədzadənin tibbi sənədlərinə əsasən, ona “Uşaq autizmi kanner sindromu və orta dərəcə gerilik” diaqnozu qoyulmuşdur. Həmin diaqnozda göstərilən xəstəliklərin əlamətləri onun xx.xx.2022-ci il tarixdə əyani müayinəsi zamanı aşkar edilmədi. Odur ki, N.İ.Məmmədzadə ixtisaslaşmış tibb müəssisəsində yenidən müayinə olunub xəstəlikləri dəqiqləşdirildikdən sonra tibb müəssisəsi tərəfindən forma 88 tərtib edilərək TSEK-ə göndərilməklə əlillik dərəcəsinin təyininə baxıla bilər. Lakin, birinci instansiya məhkəməsi iddianı təmin edərkən məhkəmə ekspertiza rəyinə tənqidi yanaşmış və yalnız iddiaçının təqdim etdiyi sənədlərə əsaslanaraq ondakı xəstəliklərin əlillik meyarlarına uyğun olduğu qənaətinə gəlmişdir. Bu səbəbədən iddia təmin edilmiş, iddiaçıya əlillik dərəcəsi təyin edilməsi öhdəliyi müəyyən edilmişdir. Halbuki, xx.xx.2021 -ci il tarixli, 0276003AAKX8 saylı göndəriş əsasında aparılan qiymətləndirilmə zamanı “xəstəyə müavinət təyin etmək üçün hal hazirdakı sənədlərdə Respublika Baş psixiatorun rəyinin qeyd edilməsi vacibdir” səbəbi ilə əlillik dərəcəsinin təyin olunmasından imtina edilmişdir. Yəni burada göndərilmiş natamam sənədlər əsasında əlillik təyinatının aparılması mümkün olmamış və əsaslı olaraq imtina qərarı verilmişdir. Lakin, nəzərinizə çatdırmaq istəyirəm ki, əlilliyin qiymətləndirilməsinin düzgün həyata keçirilməsi ekspert rəyi ilə də təsdiqlənməsinə baxmayaraq rəy məhkəmə tərəfindən nəzərə alınmamışdır. Göründüyü kimi, iddiaçının qızı Məmmədzadə Nəzrin İlkin qızma sağlamlıq imkanının məhdudluğunun müəyyən edilməsindən imtina edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən ‘İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnaməyə uyğun olaraq qiymətləndirilməsinə baxmayaraq birinci instansiya məhkəməi qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Odur ki, Şəki İnzibati Məhkəməsinin 30 mart 2022-ci il tarixli, 2-1(116)- 365/2022 nömrəli qərarını ləğv edərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin 30 mart 2022-ci il tarixli, 2-1(116)-365/2022 nömrəli iş üzrə qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı X5 və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 30 mart 2022-ci il tarixli, 2-1(116)-365/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Birinci instansiya məhkəməsi mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət etibarilə də əsaslıdır. İddiaçının, qeyd olunan iddianı qaldırmaqda hüququ marağı: övladı Məmmədzadə Nəzrin İlkin qızının sağlamlıq imkanlarının məhdudluğunun xx.xx.2021-ci il tarixdən müəyyən edilməsi ilə bağlı inzibati aktın cavabdeh orqan tərəfindən qəbul edilməsinə nail olmaqdır. İş materialları ilə müəyyən edilir ki, Göyçay rayon Mərkəzi Xəstəxanası tərəfindən xx.xx.2021-ci il tarixdə iddiaçının övladı barədə 0276003AAKX8 nömrəli “göndəriş” cavabdeh orqana göndərilmiş, cavabdeh orqan xx.xx.2021-ci il tarixdə müayinənin nəticələrinə uyğun olaraq göndərişə imtina cavabı vermiş, imtina cavabının verilməsinə əsas olaraq göndərişin natamam doldurulmasını, sənədlərdə qeyd edilməsi vacib olan Respublika Baş Psixiatorun rəyinin qeyd edilməməsini göstərmişdir. X15 Xəstəlikləri Dispanseri tərəfindən xx.xx.2021-ci il tarixdə Məmmədzadə Nəzrin İlkin qızına “uşaq autizmi, orta dərəcəli əqli gerilik” diaqnozu qoyulmuşdur. Qoyulan diaqnozun doğruluğunu müəyyən etmək məqsədilə iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X7”nə həvalə edilmişdir. Ekspert tərəfindən məhkəməyə təqdim edilmiş rəydə - azyaşlı N.İ.Məmmədzadəyə qoyulan “Uşaq autizmi kanner sindromu və orta dərəcə gerilik” diaqnozunda göstərilən xəstəliklərin əlamətlərinin xx.xx.2022-ci il tarixdə əyani müayinəsi zamanı aşkar edilməməsi qeyd edilmişdir. Məhkəmə aşağıda sadalanan əsaslara görə müvafiq ekspert rəyi ilə razılaşmır və onu iş üzrə mötəbər sübut qismində qəbul etmir: Tərtib edilmiş ekspert rəyinin birinci səhifəsindən görünür ki, iş üzrə rəy verilməsində iştirak edən ekspertlərdən biri - X6 – Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi sosial ekspertidir. Yəni, hazırkı iş üzrə cavabdeh orqanda fəaliyyət göstərən tibbi sosial ekspertdir. Bu isə bütövlükdə aparılmış ekspertizanın obyektivliyini şübhə altına qoyur. Belə ki, ekspertin gəldiyi nəticədən də göründüyü kimi məhkəmə tərəfindən ekspert, qarşısında müvafiq sual qoyulmadığı halda cavabdeh orqan tərəfindən əlillik dərəcəsinin təyininə münasibət bildirilir (cavabdeh orqanın imtina cavablarında olduğu kimi). Yəni, cavabdeh orqanın nümayəndəsinin iştirakı ilə tərtib edilmiş ekspert rəyi cavabdeh orqanın maraqlarına uyğunlaşdırılmışdır. İşdə olan xx.xx.2022-ci il tarixli göndərişdən göründüyü kimi ekspert (Hafiz Kazımov) məhkəmə tərəfindən ona qoyulmuş sualları cavablandıra bilmədiyindən prof. X8 Nəzrin İlkin qızı barədə “Müayinə Tibbi rəy” verilməsi üçün “Psixi Sağlamlıq Mərkəzi” PHŞ-ə göndəriş vermişdir. Bu isə o deməkdir ki, müvafiq göndərişin nəticəsinə, yəni verilən tibbi rəyə uyğun olaraq ekspert müəyyən nəticəyə gələ bilər və qoyulmuş sualları cavablandıra bilərdi. Lakin, Psixi Sağlamlıq Mərkəzi” PHŞ xx.xx.2022-ci il tarixli 271 nömrəli bildirişlə rəyin verilməsindən imtina etmişdir (mərkəzin direktoru prof. Fuad İsmayılov tərəfindən imzalanaraq möhürlə təsdiq edilmişdir). “Psixi Sağlamlıq Mərkəzi” PHŞ tibbi rəy verməkdən imtina etdiyindən, ekspert tibbi rəyin əldə edilməsi üçün başqa bir müəssisəyə göndəriş verməli, yaxud məhkəmə tərəfindən qoyulmuş sualların cavablandırılmasının mümkün olmamasını bildirməli idi. Yəni, ekspert tibbi rəyin əldə edilməsi üçün göndəriş verməsinə baxmayaraq, göndərişi verdiyi müəssisədən tibbi rəy ala bilməmişdir. Buna baxmayaraq, sonda azyaşlıya qoyulmuş diaqnozda göstərilən xəstəliklərin əlamətlərinin müəyyən olunmaması nəticəsinə gəlmişdir. Bu isə məhkəmədə ekspert rəyinin əsassız olması və verilən rəyin işin faktiki hallarına uyğun olmaması qənaətini yaradır. Birinci instansiya məhkəməsi təqdim edilmiş ekspert rəyi ilə razılaşmasa da, təkrar ekspertizanın keçirilməsinə lüzum görməmişdir. Belə ki, “Psixi Sağlamlıq Mərkəzi” PHŞ tibbi rəy verməkdən imtina etdiyi bildirişində qeyd etmişdir ki, psixi pozuntusu olan şəxslərin əlillik dərəcəsi almaq üçün diaqnozun təyin edilməsi və ya təsdiqlənməsi AR SNnin Baş psixiatrı prof. Teymur Qafarovun səlahiyyətinə aid deyil. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2020-ci il tarixli 88 saylı əmri “Həkim – Psixiatr komissiyası haqqında” Əsasnamə, xx.xx.2020-ci il tarixli xx/xx-3930 saylı, xx.xx.2021-ci il tarixli xx/xx- 1574 və xx/xx-1575 saylı məktublarına əsasən bu məsələnin baxılması yaşadığı ərazi üzrə Həkim Psixiatr Komissiyasının səlahiyyətinə aiddir. Birinci instansiya məhkəməsi cavabdehin ilkin imtina əsasına hüquqi qiymət verərək hesab etmişdir ki, Baş psixiatrın rəyinin qeyd edilməsinin vacibliyi ilə bağlı cavabdeh orqanın imtina cavabı mahiyyət etibarilə əsassız olmuşdur. Belə ki, iddiaçının yaşadığı ərazi üzrə X15 Xəstəlikləri Dispanseri səlahiyyətli orqan olaraq Məmmədzadə Nəzrin İlkin qızına xx.xx.2021-ci il tarixdə “uşaq autizmi, orta dərəcəli əqli gerilik” diaqnozunu qoymuş və müvafiq diaqnozun düzgün olmamasını sübut edən hər hansı hal cavabdeh orqan tərəfindən məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 3-cü hissəsində uşaqların sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarları öz əksini tapmışdır. 3.1.7. eşitmə, görmə, nitq, dayaq-hərəkət aparatının və digər sistem və ya orqanların nəzərəçarpanpozulmaları ilə və ya davranışın patoloji forması ilə müştərək debillik dərəcəsində ağıl zəifliyi, autizm (F70-F79,F80-F80.9,F84-F84.9,F98.4-F98.9); Göründüyü kimi Məmmədzadə Nəzrin İlkin qızına qoyulmuş “uşaq autizmi, orta dərəcəli əqli gerilik” diaqnozu istinad olunan Əsasnamədə uşaqların sağlamlıq imkanları məhdudluğunun müəyyən olunduğu xəstəliklərin siyahısındadır. Odur ki, cavabdeh orqanın müraciətin təmin edilməsindən imtinası qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Həmçinin iş materialları ilə müəyyən olunur ki, cavabdeh tərəfindən müraciətin təmin olunmasından imtina cavabı xx.xx.2021-ci il tarixdə verilmişdir. Belə olan halda Məmmədzadə Nəzrin İlkin qızının sağlamlıq imkanlarının məhdudluğu da həmin tarixdən müəyyən edilməlidir. Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; (-). 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. (-). 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. (-). 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Məhkəmə kollegiyası həmçinin formalaşmış məhkəmə təcrübəsində istinad edərək qeyd edir ki, oxşar işlər üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-357/2021 saylı 17 fevral 2021-ci il tarixli və 2-1(102)-1158/2021 saylı 07 iyul 2021-ci il tarixli qərarları ilə də iddiaçının iddia tələbi təmin edilmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Apellyasiya şikayətinin dəlilləri isə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərаrа аldı: Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin nümayəndəsi X10 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 30 mart 2022-ci il tarixli, 2-1(116)-365/2022 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(107)-162/2022
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-162/2022
18.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver