Məhkəmə qərarları › İş №2-1(107)-162/2023

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-162/2023

01.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-162/2023 01.03.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “hüququnun yarandığı vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, xx.xx.2022-ci il tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli 2-1(116)-1301/2022 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək “hüququnun yarandığı vaxtdan, yəni 60 yaşı tamam olduğu vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Daha sonra iddiaçı xx.xx.2022-ci ildə tələbini dəqiqləşdirərək 57 yaşının bitdiyi vaxtdan, yəni xx.xx.2015-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi iddia tələbini növbəti dəfə dəqiqləşdirərək “hüququnun yarandığı vaxtdan iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, xx.xx.2022-ci il tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə xx.xx.2022-ci il tarixli ərizənin icraata qəbul edilməsindən imtina edilmiş, iddiaçının nümayəndəsi tərəfindən məhkəmə iclasında təqdim edilmiş xx.xx.2022- ci il tarixli ərizə icraata qəbul edilmişdir.

5. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı ümumi və xüsusi əmək stajını nəzərə alaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir.

6. Cavabdeh orqan iddia tələbinə etirazını fərdi hesabının sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalı 39120 manat olmalı olduğu halda, 19333,75 manat olması, ümumi iş stajının 23 il 5 ay 4 gün olmaqla tələb olunan 25 ildən az olması, xx.xx.1984xx.xx.1998-ci illərdə “Akvilon” QTSC-də işlədiyini iddia etdiyi “suvaqçı rəngsaz” vəzifəsinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısında nəzərdə tutulmaması ilə əsaslandırmışdır.

7. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.

8. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

9. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 30 noyabr 2022-ci il tarixli 2- 1(116)-1301/2022 nömrəli qərarı ilə iddia təmin edilmişdir.

10. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

11. Cavabdeh apellyasiya şikayətini iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalı 39120 manat olmalı olduğu halda, 19333,75 manat olması, ümumi iş stajının 23 il 5 ay 4 gün olmaqla tələb olunan 25 ildən az olması, xx.xx.1984- xx.xx.1998-ci illərdə “Akvilon” QTSC-də işlədiyini iddia etdiyi “suvaqçı rəngsaz” vəzifəsinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısında nəzərdə tutulmaması ilə əsaslandırmışdır. Ona görə də Şəki İnzibati Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli 2-1(116)-1301/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli 2-1(116)-1301/2022 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli 2-1(116)-1301/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etdi.

14. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmişdir.

15. Məhkəmə kollegiyası iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi).

16. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. - cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı analoji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - SHXÇDX-nin Mingəçevir şəhər şöbəsinin xx.xx.2022-ci il tarixli 56 №-li arayışından görünür ki, iddiaçı xx.xx.1977-xx.xx.1977-ci illərdə (7 ay 2 gün) müddətli həqiqi hərbi xidmətdə olmuşdur. - AZE ******* №-li əmək kitabçasından görünür ki, iddiaçının əmək fəaliyyəti müddəti aşağıdakı kimi olmuşdur: xx.xx.1979 - xx.xx.1981 – Kəlbəcər rayon “Azərbaycan” kolxozu, xx.xx.1981 – xx.xx.1981 (2 ay), xx.xx.1982 – xx.xx.1983 (1 il 8 ay 1 gün), xx.xx.1984-xx.xx.2004 (20 il 5 ay 1 gün) xx.xx.2008-xx.xx.2009 (6 ay) - AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, iddiaçı xx.xx.1958-ci ildə doğulmuşdur. - Kəlbəcər rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 120 №-li arayışında qeyd edilmişdir ki, Kəlbəcər rayonu 02 aprel 1993-cü il tarixdə Ermənistan Silahlı Birləşmələri tərəfindən işğal edildiyi üçün Kəlbəcər rayonunun idarə, müəssisə və təşkilatlatlarının, eləcə də kolxoz və sovxozlarının Kəlbəcər rayon Dövlət Arxiv İdarəsinə verdiyi bütün sənədlər işğal zonasında qalmışdır. Odur ki, Kəlbəcər rayon Dövlət Arxiv İdarəsində iddiaçının 1971-1981- ci illər Kəlbəcər rayon “Azərbaycan” kolxozunda işləməsi barədə heç bir əsaslı sənəd olmadığı üçün hüquqi sənədin verilməsi mümkün olmamışdır. - Azərbaycan Respublikası Mingəçevir şəhəri “Akvilon” QTSC-nin xx.xx.2022-ci il tarixli işin xarakteri haqqında arayışlarında aşağıdakı məlumatlar qeyd edilmişdir: İddiaçı 11 saylı X1 (hal-hazırki “Akvilon” QTSC adlanır) tikinti sahəsində xx.xx.1984cü il tarixli №5K əmri ilə işə qəbul edilmişdir. xx.xx.1998-ci il tarixə qədər suvaqçı rəngsaz işləmişdir. xx.xx.1998-ci il tarixli 12K əmri ilə idarənin adı dəyişdirilib “Akvilon” X4 Cəmiyyəti olması ilə əlaqədar olaraq tikinti sahəsinə suvaqçı keçirilmişdir. xx.xx.2004-cü il tarixli 6K əmri ilə ərizəsinə əsasən işdən azad olunmuşdur. Tam iş günü ağır və zərərli iş şəraitində işlədiyinə görə vahid tarif cədvəli üzrə əsas əmək haqqında və eyni zamanda əsas əmək məzuniyyətinə (6 gün olmaqla) hesablanmışdır, işlədiyi müddət ərzində çalışdığı tikinti sahəsində inşa olunan çoxmərtəbəli binaların daxili hissəsi olmuşdur. Onun çalışdığı tam iş günü qapalı otaqlarda ağır və zərərli iş şəraitində təhlükəsizliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə suvaqçı rəngsaz işləmişdir. Ağır və zərərli işdə çalışdığı üçün sabun, xüsusi geyim, maska və südlə təmin olunmuşdur. İddiaçı tam iş günü ərzində ağır və zərərli iş şəraitində işləmiş olduğu suvaqçı rəngsaz vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlə yaşagörə əmək pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.1993-cü il tarixli 320 saylı qərarının 2 saylı siyahısının XXVİİ. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri (********) hissəsinin rəngsazlar bölməsində (2290100a-13450), suvaqçılar bölməsində (2290100a—19727) XXXİİİ. Ümumi peşələr (********) hissəsinin təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar (23200000—13450) bölməsində və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərələ yaşa görə əmək pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarının 35. Ümumi peşələr hissəsinin təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar bölməsində bilavasitə nəzərdə tutulmuşdur və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna təminat verir. İddiaçı tam iş gününün ağır və zərərli iş stajı 20 il 5 ay 01 gün təşkil edir. Güzəştli arayış “Akvilon” QTSC-nin arxivində saxlanılan əmr kitablarına əsasən verilir. TƏTBİQ EDİLƏN HÜQUQ

17. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

18. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.

19. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 5.3. Əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.

20. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir.

21. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. 21.2.11-ci maddəsinə əsasən Sığorta stajına daxil edilən müddətlərdən biri də hərbi xidmət müddətidir (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla)

22. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanununun 1.4.1-ci maddəsi ilə sözügedən Qanunun 9.1-ci maddəsi yeni redaksiyada verilmişdir. Göründüyü kimi maddənin yeni redaksiyasında fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi ilə bağlı şərt çıxarılmışdır. 2.1-ci maddəsinə əsasən bu Qanunla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun yeni redaksiyada verilmiş 9.1 – 9.3-cü, 9.6-cı, 9.7-ci və 14.4-cü maddələri əmək pensiyalarının bu Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir.

23. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 13 may tarixli 530- VİQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2006-cı il 6 mart tarixli 377 nömrəli, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 2006-cı il 22 dekabr tarixli 499 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı xx.xx.2022-ci il tarixdə qüvvəyə mindiyindən, istinad olunan dəyişikliklərdən sonra iddiaçıya 2 saylı Siyahı üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 2 element mövcud olmalıdır:

1. bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajına malik olmalıdır.

2. ən azı 12 il 6 ay güzəştli iş stajına malik olmalıdır.

24. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Maddə 46.3. Maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

25. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli 2-1(116)-1301/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

26. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

27. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər.

28. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

29. Məhkəmə kollegiyasının iclasında iş materiallarının tədqiqi və tərəflərin məhkəmə iclasında verdikləri izahatlarla müəyyən edildi ki, iddiaçının ümumi (25 il) və xüsusi (12 il 6 ay) iş stajı xx.xx.2006-cı ildən sonrakı müddətdə tamamlanmalıdır. İddiaçı xx.xx.1958-ci ildə doğulmuş və “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan yaş həddinə çatmışdır. İddiaçının 25 ildən az olmayan (25 il, 4 ay, 4 gün) ümumi iş stajı mövcuddur. Eyni zamanda iddiaçı əmək fəaliyyətinin 14 il 03 ay 01 gün müddətində güzəştli şərtlərələ yaşa görə əmək pensiyası hüququ verən vəzifələrdə çalışmışdır və həmin müddət tələb olunan - 12 il 6 ay müddətdən çoxdur.

30. Cavabdeh orqan iddiaçının sosial sığorta stajının 23 il 5 ay 4 gün olduğunu bildirir və iddiaçının xx.xx.1979 - xx.xx.1981 – Kəlbəcər rayon “Azərbaycan” kolxozunda işlədiyi müddəti sosial sığorta stajına daxil etmir. 1981-ci il üzrə iddiaçının əmək fəaliyyəti müddəti əmək kitabçasında olan digər qeydə əsasən hesablandığından üst-üstə düşən dövrlər (xx.xx.1981 - xx.xx.1981) nəzərə alınmır. Bununla belə iddiaçının 1979 və 1980-ci illər ərzində Kəlbəcər rayon “Azərbaycan” kolxozunda işlədiyi müddət (2 il) onun ümumi sosial sığorta stajına daxil edilməlidir.

31. Belə ki, iddiaçının Kəlbəcər rayon “Azərbaycan” kolxozunda əmək günü norması və yerinə yetirilmiş işin həcmi əmək kitabçasında qeyd edilməsə də, onun xx.xx.1979 və xx.xx.1980-ci illərdə həmin kolxozun üzvü təyin edilərək sözügedən kolxozda işləməsi əmək kitabçasından aşkar görünür. Cavabdeh orqan iddiaçının həmin kolxozda işləməsinə dair qeydlərin düzgün olmaması ilə bağlı hər hansı sübut təqdim etməmişdir.

32. Digər tərəfdən nəzərə alınmalıdır ki, Kəlbəcər rayonu 02 aprel 1993-cü il tarixdə Ermənistan Silahlı Birləşmələri tərəfindən işğal edildiyi və Kəlbəcər rayonunun idarə, müəssisə və təşkilatlatlarının, eləcə də kolxoz və sovxozlarının Kəlbəcər rayon Dövlət Arxiv idarəsinə verdiyi bütün sənədlər işğal zonasında qalaraq məhv edildiyi üçün iddiaçının sözügedən kolxozda işləməsi ilə bağlı arxiv arayışını təqdim etmək imkanı faktiki olaraq yoxdur.

33. Cavabdehin apellyasiya şikayətinin “fərdi hesabın sığorta hissəsində qeyd edilən pensiya kapitalı” ilə bağlı hissəsinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, xx.xx.2022-ci il tarixdən “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində edilmiş dəyişikliyə uyğun olaraq artıq iddiaçıya münasibətdə həmin tələb irəli sürülə bilməz.

34. İddiaçının xx.xx.1984-xx.xx.1998-ci illərdə “Akvilon” QTSC-də işlədiyini iddia etdiyi “suvaqçı rəngsaz” vəzifəsinin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələrə aid olmaması ilə bağlı cavabdeh orqanın apellyasiya şikayətinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının işləmiş olduğu “Akvilon” QTSCnin xx.xx.2022-cı il tarixli güzəştli arayışından görünür ki, iddiaçı 11 saylı X1 (hal-hazırki “Akvilon” QTSC adlanır) tikinti sahəsində xx.xx.1984-cü il tarixli №5K əmri ilə işə qəbul edilmişdir. xx.xx.1998-ci il tarixə qədər suvaqçı rəngsaz işləmişdir. xx.xx.1998-ci il tarixli 12K əmri ilə idarənin adı dəyişdirilib “Akvilon” X4 Cəmiyyəti olması ilə əlaqədar olaraq tikinti sahəsinə suvaqçı keçirilmişdir. xx.xx.2004-cü il tarixli 6K əmri ilə ərizəsinə əsasən işdən azad olunmuşdur.

35. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda Ümumi peşələr adlanan 35-ci bənddə təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar göstərilmişdir. Siyahıdan görünür ki, sıradan rəngsaz peşəsi siyahıda qeyd edilməmişdir. O rəngsazlar güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrə aiddir ki, onlar təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olsunlar. İstinad olunan güzəştli arayışdan da, iddiaçının təhlükəsizliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə suvaqçı rəngsaz işləməsi və ağır və zərərli işdə çalışdığı üçün sabun, xüsusi geyim, maska və südlə təmin olunması aşkar görünür.

36. Həmçinin, iddiaçı tərəfindən təqdim edilmiş güzəştli arayışda onun suvaqçı peşəsində işlədiyi müddət də, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələrə aid edilmiş və XXVİİ. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri (********) hissəsinin rəngsazlar bölməsində (2290100a- 13450), suvaqçılar bölməsində (2290100a—19727) nəzərdə tutulduğu qeyd edilmişdir. Lakin, nəzərə alınmalıdır ki, qeyd edilən peşə 22901000 kodu üzrə 1. Metropoliten, yer qurğularının tikintisi və təmiri üzrə yeraltı işlərdə (1 №-li Siyahıda nəzərdə tutulmuş fəhlə peşələrindən başqa) çalışan şəxslərə münasibətdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınır. İddiaçının isə tikinti sahəsində inşa olunan çoxmərtəbəli binaların daxili hissəsində işləməsi təqdim edilən güzəştli arayışdan aşkar görünür. Bununla belə iddiaçının rəngsaz peşəsində işlədiyi müddət 12 il 6 aydan çox olduğundan birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, hər bir halda iddiaçının xüsusi iş stajı tamamlanır.

37. Yuxarıda qeyd olunan işin hallarını nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır.

38. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddiaçının hüququnun yarandığı vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, xx.xx.2022-ci il tarixdən hesablanaraq ödənilməsindən imtinası qanuni və əsaslı olmamışdır. Birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

39. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası

QƏRАRА АLDİ:

Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli 2-1(116)-1301/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar