Məhkəmə qərarları › İş №2-1(107)-162/2024

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-162/2024

16.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-162/2024 16.04.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Məcidov Ələddin Tofiq oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “Çernobıl qəzasının nəticələrinin aradan qaldırılması zamanı səhhətinə dəymiş ziyana görə birdəfəlik kompensasiyanın hesablanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli 2-1(116)-1473/2022 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “Çernobıl qəzasının nəticələrinin aradan qaldırılması zamanı səhətinə dəymiş ziyana görə birdəfəlik kompensasiyanın hesablanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Daha sonra iddiaçı ərizəsini dəyişərək cavabdeh qismində Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialını qeyd etmişdir.

3. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(116)-1473/2022 nömrəli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi icraata qəbul edilmişdir.

4. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı, Çernobıl qəzasının nəticələrinin aradan qaldırılmasında iştirak zamanı əlil olduğunu, 2-ci qrup əlilliyinin müəyyən edilərək müvafiq vəsiqə verildiyini bildirərək “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 14-cü maddəsinə uyğun olaraq birdəfəlik maddi yardımın ödənilməsi məqsədilə cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan qeyd olunan maddədə göstərilən kompensasiyaların (birdəfəlik maddi yardım, hər il müalicə üçün birdəfəlik müavinət) verilməsi qaydalarının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 28 noyabr tarixli 406 nömrəli Qərarı ilə təsdiq edilmiş “Çernobıl nəticələrinin ləğvində iştirak etmiş və həmjn qəzadan zərər çəkmiş vətəndaşlara pul kompensasiyalarının verilməsi Qaydaları” ilə müəyyən edilməsini və Qərarın qüvvədə olduğu 13 sentyabr 2006-cı ilədək həmin Qaydalarla tənzimlənməsini, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununun qüvvəyə minməsi ilə əlaqədar sözügedən Qərar “Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavə və dəyişikliklər edilməsi və bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi barədə” 2006cı il 13 sentyabr tarixli 204 nömrəli Qərarı ilə qüvvədən düşmüş hesab edilməsini, Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununa əsasən Çernobıl AES-də qəzanın nəticələri ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə yalnız hər il müalicə üçün birdəfəlik müavinətin ödənilməsi müəyyən olunmasını bildirərək müraciətin təmin olunmasından imtina etmişdir. buna görə də hazırkı inzibati mübahisə yaranmışdır.

5. Cavabdeh orqan iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, hal-hazırda qüvvədə olan qanunvericiliklə Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə (Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmamışdırsa) aşağıdakı ödənişlər həyata keçirilə bilər: - Pensiya (yaşa görə, əlilliyə görə və ailə başçısını itirməyə görə pensiya). - Sosial müavinət (aylıq: dövlət qulluqçularına ömürlük müavinət, yaşa görə, əlilliyə görə və ailə başçısını itirməyə görə müavinət, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş Joəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət və s.; birdəfəlik: radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün müavinət, uşağın anadan olmasına görə müavinət, dəfn üçün müavinət.). - Prezident təqaüdü: (Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü, şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü və müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü və s.).

6. Pensiyanın növləri, təyin edilməsi şərtləri və qaydaları “Əmək pensiyaları haqqında” Qanun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 175 №li Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” ilə, sosial müavinətlərin növləri, təyin edilməsi şərtləri və qaydaları ‘‘Sosial müavinətlər haqqında” Qanun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli. 311 №li Qərarı ilə təsdiq edilmiş “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması yə saxlanılması Qaydaları” ilə tənzimlənir. İddiaçı B.G Nurməmmədova xx.xx.2011-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Zərdab rayon şöbəsi tərəfindən müddətsiz olmaqla əlilliyə görə əmək pensiyası təyin edilmişdir.

7. İddiaçı B.G Nurməmmədova xx.xx.2022-ci il tarixdə Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filial tərəfindən radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün birdəfəlik müavinət (237 manat məbləğində) təyin edilmişdir. İddiaçı B.G Nurməmmədova xx.xx.2011-ci il tarixdə Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filial tərəfindən radiasiya qəzası nəticəsində Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirməklə əlaqədar müharibə əlillərinə İİ qrup aylıq təqaüd təyin edilmişdir. Hal-hazırda hər hansı növ sosial müavinətlərin, kompensasiyaların və bu kimi maddi yardımların verilməsi “Sosial müavinətlər haqqında” Qanunda nəzərdə tutulan normalarla tənzimlənir.

8. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavələr və dəyişikliklər edilməsi və bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi barədə” xx.xx.2006-cı il tarixli 204 №li qərar ilə “Çernobıl qəzasının nəticələrinin ləğvində iştirak etmiş və həmin qəzadan zərər çəkmiş vətəndaşlara pul kompensasiyalarının verilməsi qaydalarının təsdiqi barədə” Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli 406 №li qərarı qüvvədən düşmüş hesab edilmişdir. Belə ki, iddiaçı B.G Nurməmmədov ona “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Qanuna və “Çernobıl qəzasının nəticələrinin ləğvində iştirak etmiş və həmin qəzadan zərər çəkmiş vətəndaşlara pul kompensasiyalarının verilməsi qaydalarının təsdiqi barədə” Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli 406 №-li qərarına müvafiq olaraq birdəfəlik kompensasiyanın, maddi yardımın verilməsini iddia etməsinə baxmayaraq, “Sosial müavinətlər haqqında” Qanuna müvafiq olaraq Çernobıl AES-də qəzanın nəticələri ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə yalnız hər il müalicə üçün birdəfəlik müavinətin ödənilməsi nəzərdə tutulmuşdur.

9. Əlavə olaraq qeyd edilməlidir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1077 №li fərmanı ilə təsdiq edilmiş Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərində hər hansı bir maddi yardımın verilməsi nəzərdə tutulmamışdır. İşin faktiki hallarından göründüyü kimi iddiaçı B.G Nurməmmədova hər hansı subyektiv hüququ cavabdeh orqan tərəfindən pozulmamış, ona Qanunvericiliklə nəzərdə tutulan ödənişlər (pensiya, sosial müavinət və prezident təqaüdü) təyin edilmişdir. Belə olan halda iddiaçı B.G Nurməmmədova “birdəfəlik kompensasiyanın ödənilməsi” tələbinə dair iddia tələbi təmin edilməməlidir. Göstərilənlər nəzərə alınaraq iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

10. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir.

11. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

12. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 25 noyabr 2022-ci il tarixli 2- 1(116)-1473/2022 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir.

13. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı həmin qərardan apellyasiya şikayəti vermişdir.

14. Şəki Apellyasiya Məhkəməsinin 12 iyul 2023-cü il tarixli 2-1(107)-177/2023 nömrəli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti qismən təmin edilmiş, Şəki İnzibati Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli 2-1(116)-1473/2022 nömrəli qərarının ləğv edilməsi və İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “Çernobıl qəzasının nəticələrinin aradan qaldırılması zamanı səhhətinə dəymiş ziyana görə birdəfəlik kompensasiyanın hesablanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının mümkün sayılmaması qərara alınmışdır.

15. İddiaçı və vəkili Vəkil həmin qərardan kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2621/2023-cü nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 iyul 2023-cü il tarixli 2-1(107)-177/2023 nömrəli qərardadı ləğv edilmiş və iş təkrar baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

16. Cavabdeh orqan apellyasiya şikayətini iddia ərizəsinə etirazın dəlillərinə uyğun əsaslandırmış, apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli 2-1(116)-1473/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli 2-1(116)-1473/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etdi.

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli 2-1(116)- 1473/2022 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

19. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. - cavabdeh orqanın iddia tələbinə etiraza əlavə etdiyi pensiya alt sistemindən çıxarışlardan görünür ki, iddiaçıya xx.xx.2011-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Zərdab rayon şöbəsi tərəfindən müddətsiz olmaqla əlilliyə görə əmək pensiyası, xx.xx.2022-ci il tarixdə Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filial tərəfindən radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün birdəfəlik müavinət (237 manat məbləğində), xx.xx.2011-ci il tarixdə Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filial tərəfindən radiasiya qəzası nəticəsində Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirməklə əlaqədar müharibə əlillərinə İİ qrup aylıq təqaüd təyin edilmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

20. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

21. “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 5. Vətəndaşların kateqoriyaları Bu Qanun aşağıdakı vətəndaşlara şamil olunur: 1.Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə tutulmuş və ya bu xəstəliyi keçirmiş, habelə əlilliyi müəyyən edilmiş şəxslər ... Maddə 14. Əlilliyi olan şəxslərin səhhətinə və başçısını itirmiş ailələrə vurulmuş ziyana görə kompensasiya Bu Qanunun 5-ci maddəsinin 1-ci bəndində göstərilən əlilliyi olan şəxslərin səhhətinin pozulmasına səbəb olmuş ziyana görə onlara aşağıdakı məbləğlərdə birdəfəlik maddi yardım göstərilir: orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə —minimum əmək haqqının 30 misli məbləğində; orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə —minimum əmək haqqının 20 misli məbləğində; orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə —minimum əmək haqqının 15 misli məbləğində. Onlara habelə hər il müalicə ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan məbləğlərdə birdəfəlik müavinətlər verilir. Səhhətinə vurulmuş ziyana görə əlilliyi olan şəxslərə və başçısını itirmiş ailələrə birdəfəlik kompensasiya Azərbaycan Respublikasının büdcəsi hesabına verilir.

22. Çernobıl qəzasının nəticələrinin ləğvində iştirak etmiş və həmin qəzadan zərər çəkmiş vətəndaşlara pul kompensasiyalarının verilməsi qaydalarının təsdiqi barədə Qərar. № 406 Bakı şəhəri, 28 noyabr 1994-cü il. «Çernobıl qəzasının ləğvinda iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabineti qərara alır:

1. Çernobıl AES qəzası nəticələrinin ləğvinin iştirakçılarına pul kompensasiyalarının verilməsi qaydaları təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikası Maliyya Nazirliyinə tapşırılsın ki, kompensasiyaların ödənilməsi üçün vəsait ayrılmasını təmin etsin.

3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılsın ki, kompensasiyaların ödənilməsi üçün zəruri olan təşkilati işləri görsün.

23. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

24. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyildir və Şəki İnzibati Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli 2-1(116)-1473/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2621/2023-cü nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 iyul 2023-cü il tarixli 2-1(107)- 177/2023 nömrəli qərardadı ləğv edilmiş və iş təkrar baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir.

26. Ali Məhkəmə hazırkı iş üzrə 2-1(102)-2621/2023-cü nömrəli, xx.xx.2023-cü il tarixli qərarında qeyd etmişdir ki, apellyasiya məhkəməsi tərəfindən iddianın mümkünlüyü yoxlanılan zaman işin hallarının araşdırılması prinsipi pozulmuşdur. Bununla bağlı ilk öncə qeyd olunmalıdır ki, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur və bununla yanaşı məhkəmə iddianın növünü düzgün müəyyən etməlidir.

27. Ali Məhkəmənin həmin göstərişini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, ilk olaraq Ali Məhkəmənin qərarında qeyd edilən məsələlər araşdırılmalıdır.

28. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

29. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər.

30. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

31. Beləliklə məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, hazırki iddia öhdəliyin icrası iddia növünə aiddir. Qeyd olunmalıdır ki, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.

32. Nəzərə almaq lazımdır ki, “Çernobıl qəzasının nəticələrinin ləğvində iştirak etmiş və həmin qəzadan zərər çəkmiş vətəndaşlara pul kompensasiyalarının verilməsi Qaydaları Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli 406 №li qərarı ilə təsdiq edilmişdir. Sözügedən qərarın “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qəbul edilməsi istinad olunan qərarın giriş hissəsindən aydın şəkildə görünür.

33. İşin hallarından (işə əlavə edilmiş əlillik şəhadətnaməsindən səh 22) müəyyən olunur ki, iddiaçıya əlillik ilkin olaraq 1991-ci il tarixdə təyin olunmuş və Nazirlər Kabinetinin adı çəkilən qərarı qüvvədən düşənədək iddiaçıda əlillik statusu mövcud olmuşdur.

34. “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Qanunun 14-cü maddəsi “Çernobıl qəzasının nəticələrinin ləğvində iştirak etmiş və həmin qəzadan zərər çəkmiş vətəndaşlara pul kompensasiyalarının verilməsinin birbaşa hüquqi əsasını təşkil edir və həmin hüququn həyata keçirilməsini tənzimləyən Qaydaların sonradan qüvvədən düşməsi iddiaçının həmin Qanunda göstərilən birdəfəlik yardımı almaq hüququnu aradan qaldırmır.

35. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır.

36. Cavabdeh orqanın dəlili - “Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavələr və dəyişikliklər edilməsi və bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi barədə” xx.xx.2006-cı il tarixli 204 №li qərar ilə “Çernobıl qəzasının nəticələrinin ləğvində iştirak etmiş və həmin qəzadan zərər çəkmiş vətəndaşlara pul kompensasiyalarının verilməsi Qaydalarının təsdiqi barədə” Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli 406 №li qərarı qüvvədən düşməsi, “Sosial müavinətlər haqqında” Qanuna müvafiq olaraq Çernobıl AES-də qəzanın nəticələri ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə yalnız hər il müalicə üçün birdəfəlik müavinətin ödənilməsi nəzərdə tutulması və iddiaçıya həmin vəsaitin ödənilməsi ilə bağlıdır.

37. Məhkəmə kollegiyası cavabdeh orqanın həmin dəlillərini əsassız hesab edir. Belə ki, “Çernobıl qəzasının nəticələrinin ləğvində iştirak etmiş və həmin qəzadan zərər çəkmiş vətəndaşlara pul kompensasiyalarının verilməsi Qaydaları Nazirlər Kabinetinin xx.xx.1994cü il tarixli 406 №li qərarı ilə təsdiq edilmişdir. Sözügedən qərarın «Çernobıl qəzasının ləğvinda iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq qəbul edilməsi istinad olunan qərarın giriş hissəsindən aydın şəkildə görünür

38. Beləliklə, “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Qanunun 14-cü maddəsi “Çernobıl qəzasının nəticələrinin ləğvində iştirak etmiş və həmin qəzadan zərər çəkmiş vətəndaşlara pul kompensasiyalarının verilməsinin birbaşa hüquqi əsasını təşkil edir və həmin hüququn həyata keçirilməsini tənzimləyən Qaydaların sonradan qüvvədən düşməsi iddiaçının həmin Qanunda göstərilən birdəfəlik yardımı almaq hüququnu aradan qaldırmır.

39. Yəni, “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Qanunun 14-cü maddəsi tələbdə qeyd edilmiş hüququn yaranmasını, “Çernobıl qəzasının nəticələrinin ləğvində iştirak etmiş və həmin qəzadan zərər çəkmiş vətəndaşlara pul kompensasiyalarının verilməsi Qaydaları isə yaranmış hüququn realizəsini tənzimləyir (hazırda qüvvədə deyil). Cavabdeh orqanın hüququn realizəsi qaydalarının qüvvədən düşməsinə istinad etməklə, iddiaçının istinad olunan Qanunun 14-cü maddəsinə əsasən birdəfəlik yardım almaq hüququnun olmamasını bildirməsi qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olmamışdır.

40. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsinin xx.xx.2020-ci il tarixli qərarı ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu və 20-ci maddələri üzrə təyin edilən əmək pensiyaları, habelə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlər istisna olmaqla, əhaliyə digər əmək pensiyalarının təyinatı, yenidən hesablanması və bir növdən başqa növə keçirilməsi, sosial müavinətlərin, Azərbaycan Respublikası Prezidentinin təsis etdiyi təqaüdlərin, həmçinin kompensasiyaların təyinatının həyata keçirilməsi məqsədilə Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı yaradılmışdır. Cavabdeh orqanın təqdim etdiyi sənədlərlə müəyyən olunur ki, hazırda iddiaçıya müddətsiz olmaqla əlilliyə görə əmək pensiyası və hər il müalicə üçün birdəfəlik müavinət cavabdeh orqan tərəfindən faktiki olaraq ödənilir.

41. Odur ki, Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların sosial müdafiəsinin tərkib hissəsi olaraq sözügedən Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə minimum əmək haqqının 20 misli məbləğində birdəfəlik maddi yardımın ödənilməsi də cavabdeh orqan tərəfindən həyata keçirilməlidir.

42. Məhkəmə kollegiyası tərəfindən müəyyən edilən işin hallarını, tərəflərin məhkəmə kollegiyasının iclasında verdikləri izahatları nəzərə alan kollegiyanın qənaətinə görə cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır.

43. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

44. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası QƏRАRА АLDİ:

Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli 2-1(116)-1473/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar