Məhkəmə qərarları › İş №2-1(107)-163/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-163/2021

05.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-163/2021 05.03.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Şəki Rayonu üzrə İcra və Probasiya Şöbəsinə qarşı "Şəki Rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X6 xx.xx.2020-ci il tarixli "İcra ödənişinin alınması haqqında qərar"ının ləğv edilməsi" tələbinə dаir inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 2-1(116)-472/2021 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Şəki Rayonu üzrə İcra və Probasiya Şöbəsinə qarşı "Şəki Rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X6 xx.xx.2020-ci il tarixli "İcra ödənişinin alınması haqqında qərar"ının ləğv edilməsi" barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Şəki İnzibаti Məhkəməsinin (hakim Vidadi Qasımov) xx xxxxxx 2021-ci il tarixli 2- 1(116)-472/2021 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Şəki Rayonu üzrə İcra və Probasiya Şöbəsinə qarşı "Şəki Rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X6 xx.xx.2020-ci il tarixli "İcra ödənişinin alınması haqqında qərar"ının ləğv edilməsi" tələbinə dair iddiası mümkün sayılmamış, hazırkı işə məhkəmədə baxılanadək cavabdeh Şəki Rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X6 xx.xx.2020-ci il tarixli "İcra ödənişinin alınması haqqında qərar"ının icrasının dayandırılması barədə İddiaçı ərizəvəsatəti təmin edilməmişdir. İddiaçı аpellyаsiyа şikаyəti verərək Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 2-1(116)-472/2021 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, “Hər kəsin məhkəmədə dinlənilmək hüququ var” və “Hər kəsin hüquqlarının məhkəmədə öz hüquqlarını müdafiə etmək hüququ vardır” ,”Dövlət hər kəsin hüquqlarının müdafiəsinə təminat verir”. “İnsan hüquqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur”, “İnsan hüquqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz”. Bundan başqa Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X6 xx.xx.2020-ci il tarixli qərarında qeyd edilməyib hansı məhkəməyə şikayət edə bilər. Bundan başqa o, Probasiya Şöbəsinə də müraciət etmişdi və imtina etmişdilər. X8 Məhkəməsinə xx.xx.2021-ci il tarixli cavab ərizəsinin qoşmasında məhkəməyə göndərilmiş və iddianın dəqiqləşdirilməsi ərizəmdə tələbi dəyişib öhdəliyin İcra və Probasiya Şöbəsinin üzərinə qoyulmağı düşünürdü. Bundan başqa icra məmuru borcu 4 yerə bölüb. Halbuki, borclu 5 nəfərdir, icra məmuru zamin Məmmədi borclular sırasından çıxarıb və məmurun bu qanunsuz hərəkəti qiymətləndirməsi İnzibati Məhkəmənin predmetidir. Çünki, məmur qətnamədə 5 borclu olduğu təqdirdə borcu 4 yerə bölə bilməz. Buna misal olaraq, məmur qətnamədə adı olmayan bir şəxsin maaşından tutulması barədə qərar versəydi, həmin hakim məmurun hərəkətlərindən və həmin qərarın ləğv edilməsini hansı məhkəmədən istəyəsi idi? Bundan başqa “Məhkəmə qərarının icrası ilə bağlı icra məmurlarının qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) verilən şikayətlər tələbinə və məzmununa görə inzibati prosessual xarakter daşıdığından, İnzibati-İqtisadi Məhkəmələrdə mübahisələndirilməlidir” “Qətnaməni qəbul etmiş məhkəmə AR MPM-nin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-332 maddəsində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati məhkəmələr isə AR İPM-nə uyğun olaraq məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar”(AR Kons M-si xx.xx.2015) Bundan başqa hakim X2 Məhkəməsinin xx.xx.2017-ci il qərarında tərəflər icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər” təsfırini əsas götürüb. Onun xahişi icraata xitam verilməsi deyil, icra məmurunun qərarının ləğv edilməsidir. İcra məmuru icraatı iş Ali Məhkəmədə həll edilənədək dayandırmalı idi. Yəni, hərəkətlərindən şikayətdir. Bundan başqa qətnaməni çıxarmış məhkəmə hansı məsələlərə baxa bilər. Birinci qətnamədəki yanlışlıqların 228-ci maddəsi 2-ci əlavə qətnamənin çıxarılması (228-ci m-si), qətnamənin izah edilməsi (230-cu m-si), qətnamənin icrasına möhlət verilməsi və ya onun hiss-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (331.1 və 231.2). Onun xahişində belə tələbi yoxdur tələbim icra məmurunun qərarının edilməsidir. Bundan başqa mən qərarın ləğv edilməsi ilə yanaşı həmin qərarın icraasının da dayandırılması barədə qərardad verilməsini xahiş etmişdim. Lakin hakim qeyd edib ki, hazırkı iddia inzibati məhkəmə icraatı qaydasında baxılmalı olmadığı üçün mümkün sayıla bilməz. Yəqin ki, hesab edib ki, Ali Məhkəmədəki işlə bağlı ehtimalı azdır. Lakin iş Ali Məhkəmədə baxılıb qurtarana qədər icra ödənişinin alınması dayandırılmalıdır. Çünki, təqzib edilməyən faktlar var ki, mirası biz yox, Qafarova İradə qəbul edib “Xalq Sığorta” 10 000 manat pulu ödəməli, habelə Konstitusiya Məhkəməsinin Plenum qərarına əsasən vərəsənin ölənin borcunun həddi qəbul etdiyi mirasdan artıq ola bilməz. Odur ki, Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(116)-472/2021 qərardadını ləğv edib və işi yenidən Şəki İnzibati Məhkəməsinə göndərilməsini xahiş edirəm. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı və Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbdən olması barədə məlumat verilməmişdir. Məhkəmə kollegiyası iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi: Azərbаycаn Respublikаsının İnzibati Prosessual Məcəlləsinin 82-ci mаddəsinə əsаsən, аpellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Həmin Məcəllənin 80-ci mаddəsinə görə, barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqda və ərizə-vəsatəti təmin etməmkdə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Birinci instansiya məhkəməsi iddianı mümkün saymayaraq göstərmişdir ki, “icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən qəbul edilən qərarlar və hərəkətlər (o cümlədən hərəkətsizliklər) inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəlmədiyindən onların inzibati qaydada inzibati məhkəmə icraatında mübahisələndirilməsi mümkün deyildir” “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.1-ci maddəsinə əsasən, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati-iqtisadi məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair 02 sentyabr 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati-iqtisadi məhkəmələr isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair xx xxxxxxx 2017-ci il tarixli qərarında isə göstərilmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. İcra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun icraata xitam verilməsi barədə qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər. Həmin qərarında Konstitusiya Məhkəməsi özünün aşağıdakı hüquqi mövqeyini ifadə etmişdir: “...Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) bir sıra normalarına əsaslanaraq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. Belə ki, “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Mülki Prosessual Məcəllədə olduğu kimi, “İcra haqqında” Qanunda da bu mövqedən çıxış edilərək qətnamənin icrasının təmin edilməsi və icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət məqsədilə icra məmurunun icra sənədini vermiş məhkəməyə müraciət etməsi müəyyən edilmişdir. Məsələn, “İcra haqqında” Qanunun 14.1-ci maddəsinə əsasən, icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir. Konstitusiya Məhkəməsinin Plenumu “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” x xxxxxxxx 2015-ci il tarixli Qərarında da bu mövqedən çıxış edərək qeyd etmişdir ki, məhkəmə aktı üzrə bir neçə borclu olduqda, eləcə də onların yaşadığı ərazi müxtəlif olduqda həmin aktı qəbul etmiş məhkəmə icra sənədini borcluların sayına uyğun və yaşadığı yer üzrə müvafiq icra qurumuna göndərməli və icra məmurunun icraata başlamaq haqqında qərarı vaxtında qəbul etməsinə nəzarət etməlidir. İcra sənədini vermiş məhkəmənin icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət etmək funksiyası, həmçinin “İcra haqqında” Qanunun 20-ci maddəsində nəzərdə tutulan icraata xitam verilməsinin əsasları və qaydalarından da irəli gəlir. İcra icraatının gedişində icra qurumu tərəfindən həyata keçirilən fəaliyyət şərti olaraq iki hissəyə ayrıla bilər: 1) icra sənədinin icra olunmasının təmin edilməsinə yönəlmiş fəaliyyət - bu zaman icra məmuru tərəfindən qəbul edilən qərarların və edilən hərəkətlərin qanuniliyinin və əsaslılığının qiymətləndirilməsi həmin fəaliyyətin icra sənədinin icrasının təmin edilməsi baxımından zəruri olub-olmaması meyarı üzrə aparılır; 2) icra sənədinin icrasının təmin edilməsi zamanı icra orqanı tərəfindən qanunsuz hərəkətlərə yol verilməklə ziyan vurulmasına gətirib çıxarmış hüquqazidd fəaliyyət - bu zaman isə icra sənədinin icrasının təmin edilməsindən kənara çıxan hərəkətlərin qanuniliyi yoxlanılır. “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən icra icraatının tərəfləri olan borclu və tələbkar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn məsələləri mübahisələndirmək hüququna malikdirlər. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi belə mübahisənin predmetini təşkil edir. Tələbkar və borclu icra sənədinin icra olunması ilə bağlı məsələləri mübahisələndirmək hüququna malikdirlər. “İcra haqqında” Qanun icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət verilə biləcəyini təsbit edir. Bununla da, qanunverici hüququn müdafiəsi üçün vasitə kimi ayrıca iddianın qaldırılmasını istisna etmişdir. Burada inzibati iddia olmayan şikayət nəzərdə tutulur. Məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edildiyindən, məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə də məhz icra sənədini vermiş və icraya nəzarət edən məhkəmə tərəfindən baxılmalıdır. Sözügedən şikayətlərə bu qaydada baxılmasının təmin edilməsi ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsi və prosessual qənaətə nail olunması baxımından da olduqca önəmlidir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, “İcra haqqında” Qanun məcəllələşdirilmiş prosessual normativ hüquqi aktlardan fərqli olaraq məhkəmə aidiyyəti qaydalarını müəyyən edə bilməz. Ümumi prinsipə görə işlər üzrə məhkəmə aidiyyəti qaydaları müvafiq sahələrə (mülki prosessual, cinayət-prosessual, inzibati prosessual, habelə inzibati xətalar haqqında qanunvericiliyə) aid prosessual qanunvericiliklə tənzimlənir. Ona görə də, hazırkı halda icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə dair işlərin məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı nəzərə alınmalı olan normativ-hüquqi akt kimi “İcra haqqında” Qanun deyil, Mülki Prosessual və İnzibati Prosessual Məcəllələr çıxış edir. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi ilə bağlı mübahisələrə inzibati iddia kimi baxa bilmək üçün ilk növbədə münasibətlərin inzibati hüquqla bağlı yaranması tələb olunur. Eləcə də, qaldırılmış iddia da İPM-in 2.2-ci maddəsində nəzərdə tutulmuş iddia növlərindən hansısa birinə aid edilməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra Xidməti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 136 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın İİ hissəsinin 2.1.1-ci bəndinə müvafiq olaraq inzibati orqanlara aid edilsə də, bu xidmətin icra məmurlarının icra sənədlərinin icrası ilə əlaqədar həyata keçirdikləri fəaliyyət inzibati hüquq sahəsinə aid fəaliyyət kimi qəbul edilməməli, müvafiq olaraq həmin fəaliyyətin gedişində qəbul etdikləri qərarlar da inzibati akt hesab olunmamalı, eləcə də edilmiş hərəkətlər inzibati orqanın inzibati hüquq münasibəti ilə bağlı faktiki xarakterli hərəkəti kimi qiymətləndirilməməlidir. Sözügedən fəaliyyət zahirən inzibati hüquq sahəsinə aid fəaliyyət kimi görünsə də, belə deyildir. İcra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən həyata keçirilən fəaliyyətə və bu zaman qəbul edilən qərarlara (edilən hərəkət və ya hərəkətsizliyə) məhkəmə müdafiəsi hüququnun reallaşdırılmasının tərkib hissəsi və davamı kimi yanaşılmalıdır. Çünki məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsidir. Qanunvericilik isə icra icraatının gedişində icra sənədinin icrası ilə bağlı yaranan mübahisələrə baxılmasının xüsusi qaydasını müəyyən etmişdir. MPM-in 228-232ci maddələrindəki tənzimləmələr də bunu təsdiq edir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən qəbul edilən qərarlar və hərəkətlər (o cümlədən hərəkətsizliklər) inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəlmədiyindən onların inzibati iddia qaydasında ayrıca iddia verməklə inzibati məhkəmə icraatında mübahisələndirilməsi mümkün deyildir. İşdən görünür ki, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2018-ci il tarixli 2(107)-587/2018 nömrəli qətnaməsinə əsasən, iddiaçı "xxxx" ASC-nin cavabdehlər X1, X3, X4, X5, Mustafayev Məmməd Mövlüd oğluna qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(075)-232/2017 nömrəli qətnaməsi qismən - iddianın Mustafayev Məmməd Mövlüd oğlundan kredit borcunun və dövlət rüsumunun tutulmasının təmin edilməməsi hissəsində ləğv edilməklə həmin hissədə yeni qətnamə qəbul edilmiş, qətnamənin qalan hissəsi isə dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsi tərəfindən həmin xx.xx.2018-ci il tarixli 2(107)-587/2018 nömrəli qətnamə əsasında xx.xx.2019-cu il tarixli icra vərəqəsi verilmiş və icra edilməsi üçün Şəki Rayonu üzrə İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Hazırkı işdə icra məmurunun mübahisələndirilən qərarı həmin icra işi ilə bağlı çıxarılmışdır. Belə olan halda, icra məmurunun göstərilən qərarından şikayət Şəki Rayon Məhkəməsinə verilməlidir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli məktubu ilə hazırkı şikayətlə Şəki Rayon Məhkəməsinə müraciət etməli olduğu İddiaçı diqqətinə çatdırılmış, lakin o, məhkəməyə təqdim etdiyi xx.xx.2021-ci il tarixli cavab ərizəsində bununla razılaşmadığını və işə inzibati icraat qaydasında baxılmalı olduğunu bildirmişdir. Bundan başqa, İddiaçı öz iddia ərizəsində məhkəməyə ərizə-vəsatət verərək, mübahisələndirdiyi xx.xx.2020-ci il tarixli qərarın ləğv edilməsi məsələsinə məhkəmədə baxılanadək həmin qərarın icrasının dayandırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, icra məmurunun icra sənədinin icrasının təmin edilməsindən kənara çıxan qanunsuz qərarları, eləcə də hərəkət və ya hərəkətsizliyi nəticəsində hər hansı bir tərəfə (borclu və ya tələbkara, eləcə də üçüncü şəxslərə) ziyan vurulduğu iddia edilirsə, həmin mübahisələrə İPM-ə müvafiq olaraq inzibati məhkəmədə baxıla bilər.” Azərbаycаn Respublikаsının İPM-in 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göründüyü kimi, qanunverici mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddiaların mümkün sayılması üçün iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmasını mütləq şərt kimi göstərmişdir. Belə olan halda məhkəmə kollegiyasının qənaətinə görə iddiaçı icra məmurunun hərəkətlərindən inzibati məhkəməyə müraciət etməkdə haqlı olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, icra sənədinin icrasının təmin edilməsi ilə bağlı icra məmuru tərəfindən hərəkət və ya hərəkətsizliyə yol verildikdə, onun mübahisələndirilməsi məsələsi icra sənədini vermiş və icra icraatına nəzarət edən məhkəmə tərəfindən həll edilməli məsələdir. Ona görə də, iddiaçı (icra icraatında borclu) müvafiq əsasların mövcudluğunda icra məmurunun hərəkətsizliyi məsələsinə qiymət verilməsi üçün icra icraatına nəzarət edən məhkəməyə müraciət etməlidir. İddiaçı isə bu qaydada icra sənədini vermiş və icraya nəzarət edən məhkəməyə müraciət etməmiş, hazırkı iddianı qaldırmışdır. Eyni zamanda icra məmurunun icra sənədinin icrasının təmin edilməsindən kənara çıxan qanunsuz qərarları, eləcə də hərəkət və ya hərəkətsizliyi nəticəsində hər hansı bir tərəfə (borclu və ya tələbkara, eləcə də üçüncü şəxslərə) ziyan vurulduğu iddia edilirsə, həmin mübahisələrə İPM-ə müvafiq olaraq inzibati məhkəmədə baxıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxx 2015-ci il tarixli “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” qərarına əsasən, hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. Bəzi hallarda qanunvericilik konkret məsələlər üzrə məhz hansı şəxslər dairəsinin müdafiə olunduğunu aydın təsbit edir. Belə tənzimləmənin olmadığı hallarda üçüncü şəxslərin hüquqlarının təminat altına alınıb-alınmadığının aydınlaşdırılması üçün hər bir konkret halın xüsusiyyətlərindən çıxış etməklə qanunvericinin güddüyü məqsəd, ictimai və fərdi maraqların ədalətli balanslaşdırılması və s. meyarlar nəzərə alına bilər. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Hazırkı halda iddiaya baxılması üçün iddianın mümkünlük şərtləri mövcud olmadığından birinci instansiya məhkəməsi düzgün olaraq iddianı mümkün saymamışdır. İPM-in 87.6-cı mаddəsinə əsаsən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla və ərizəvəsatəti təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 2-1(116)- 472/2021 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 2-1(116)-472/2021 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərardadı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar