Məhkəmə qərarları › İş №2-1(107)-163/2022

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-163/2022

12.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-163/2022 12.10.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, İslamova Türkay Abdurəhim qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı ünvan 1 ünvanında yerləşən 68.4 m2 qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 4 mart 2022-ci il tarixli 2-1(116)-228/2022 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “Göyçay şəhəri, H.Əliyev prospekti 67 saylı binanın, 2 ünvanında yerləşən 71 m2 qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının vəkili və etibarnamə üzrə nümayəndəsi iddia tələbini dəqiqləşdirərək mülkiyyət hüququnun qeydiyyata alınmasını xahiş etdiyi qeyri-yaşayış obyektinin sahəsini 68.4 kv.m qeyd edərək, həmin qeyri-yaşayış sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə ərizə icraata qəbul edilmişdir.

4. İşin qısa mahiyyəti ondan ibarətdir ki, ünvan 2 ünvanında yerləşən, sahəsi 49 kv.m olan mənzil iddiaçının tam xüsusi mülkiyyətində olmuş, 5 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən həmin mənzilin Göyçay Rayon İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli 48 №-li sərəncamı ilə genişləndirmə işləri aparıldıqdan sonra 71.0 kv.m olan sahə ilə yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə çevrilməsi qərara alınmışdır. Həmçinin Göyçay Rayon İcra Hakimiyyəti layihə üzrə 71.0 kv.m ölçüdə qeyri-yaşayış sahəsinin istismarına icazə vermişdir. Cavabdeh tərəfindən qeyri-yaşayış sahəsində müayinə ölçü işləri aparılarkən qeyri-yaşayış sahəsinin faktiki ölçsünün 68.4 kv.m olması müəyyən edilmişdir. İddiaçı, müvafiq sərəncam əsasında qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün cavabdehə müraciət etmiş, cavabdeh, çıxarış və texniki pasportda mənzilin sahəsi 49 kv.m olsa da, qeyri-yaşayış sahəsinə keçərkən sahənin artaraq 71 kv.m olmasını bildirərək müraciətin təmin edilməsindən imtina etmişdir. Odur ki, hazırkı inzibati mübahisə yaranmışdır.

5. İddiaçı tələb hüququnu həmin yaşayış sahəsinin Göyçay Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi, sərəncamda müvafiq genişlənmə işlərinin aparılmasının nəzərdə tutulması və tikinti obyektinin istismarına icazə verilməsi ilə əsaslandırmışdır.

6. Cavabdeh iddia tələbinə etirazını 49 kv.m yaşayış sahəsi qeyri-yaşayış sahəsinə keçirilərkən sahəsi 71 kv.m-ə artırılsa da, artırma barədə yenidən qurma işləri aparılmaması ilə əsaslandırmışdır.

7. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.

8. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

9. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 4 mart 2022-ci il tarixli 2- 1(116)-228/2022 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir.

10. Cavabdeh inzibati orqan həmin qərardan apellyasiya şikayəti və apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə vermişdir.

11. Şəki Apellyasiya Məhkəməsinin 22 iyun 2022-ci il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsi əsl cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsi ilə əvəz edilmişdir.

12. Şəki Apellyasiya Məhkəməsinin 22 iyun 2022-ci il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən verilmiş Şəki İnzibati Məhkəməsinin 4 mart 2022-ci il tarixli 2- 1(116)-228/2022 nömrəli qərarından apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə təmin edilmişdir.

13. xx.xx.2022-ci il tarixdə İddiaçı tərəfindən məhkəmə tərkibinə etirazla bağlı ərizə daxil olmuş, Şəki Apellyasiya Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli qərardadı ilə məhkəmə tərkibinə etirazla bağlı ərizə baxılmamış saxlanılmışdır.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

14. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən mənzilin sahəsi 49.0 kv.m olmuşdur. Yenidən qurulma və ya yenidən planlaşdırma aparılması prosedurunu müəyyən edən Mənzil Məcəlləsinin müvafiq maddələrinin tələbləri pozulmaqla mənzilin sahəsi artırılmışdır. Bu hal məhkəmə araşdırması zamanı nəzərə alınmamışdır. Birinci instansiya məhkəməsinin qərar qəbul edərkən sübut kimi istinad olunan “Tikinti obyektinin istismarına icazə” sənədində “İstismara hazırlıq barədə rəyin tarixi və qeydiyyat nömrəsi” qrafasının boş olması, bu sənədin müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılmadığını, bu səbəbdən də həmin sənədin mötəbərliyini şübhə altına alır. Üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyetrində qeydiyyata alınması öhdəliyi qoyulan qeyri-yaşayış sahəsi beş mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşir. Birinci instansiya məhkəməsi qərar qəbul edərkən sübut kimi istinad olunan xx.xx.2021-ci il tarixli, 04 saylı Tikinti obyektinin istismarına icazə sənədi isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 2 dekabr tarixli 491 nömrəli qərarı ilə təsdiq edilmiş, 2 nömrəli əlavə ilə müəyyən edilmiş forma ilə tərtib edilmişdir. Həmin forma Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək yerli icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yerli icra hakimiyyəti orqanının qərarı əsasında mülkiyyətində, istifadəsində və ya icarəsində olan torpaq sahəsində tikinti layihəsi ekspertizadan keçirilmədən inşa edilmiş, mərtəbəsinin sayı 1-dən, hündürlüyü 4 metrdən, aşırımlarının uzunluğu 6 metrdən, ümumi sahəsi 500 kv.m-dən çox olmayan, həmçinin, mərtəbələrinin sayı 2-dən, hər mərtəbəsinin hündürlüyü 4 metrdən, aşırımlarının uzunluğu 6 metrdən, ümumi sahəsi 500 kv.m-dən çox olmayan, istismar təyinatı bu qərarın 1 nömrəli əlavəsinə uyğun olan və aparılmış müayinənin nəticələrinə əsasən istismara razılığı barədə rəy verilmiş tikinti obyektinin istismarına icazə üçün nəzərdə tutulmuşdur. Bu cür pozuntu ilə tərtib olunmuş sənəd mötəbər hesab oluna bilməz. Birinci instansiya məhkəməsi tərəfindən xx.xx.2021-ci il tarixli, 04 saylı Tikinti Obyektinin İstismarına icazə sənədinin Göyçay RİH başçısının xx.xx.2021-ci il tarixli, 48 saylı sərəncamından, xx.xx.2021-ci il tarixli yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi haqqında bildirişdən əvvəl tərtib olunması da nəzərə alınmamışdır. Bu hal da məhkəmə qərarının Mənzil Məcəlləsi nəzərə alınmadan qəbul olunmasını sübut edir. Bu pozuntunun mahiyyəti ondan ibarətdir ki, vətəndaş Mənzil Məcəlləsinin 24-cü maddəsinə əməl etmədən yaşayış sahəsində istədiyi kimi yenidən qurulma və ya yenidən planlaşdırma işləri aparmış, sonradan həmin qeyri-yaşayış sahəsinə istismara icazə sənədi əldə olunmuşdur. Mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması zərurəti yarananda məcburiyyətdən sərəncamla bildiriş alınmışdır. İddiaçıya verilmiş xx.xx.2021-ci il tarixli yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi haqqında bildirişin B bəndində sahədə aparılması zəruri olan yenidənqurma və ya yenidən planlaşdırma və digər işlərin siyahısının, belə işlərin aparılmasına dair tələblərin qeyd olunmasına baxmayaraq, qrafa boş qalmasın deyə mənzilin genişləndirilərək 71 kv.m olması qeyd olunmuşdur. Bununla da sadalanan maddələrin tələbi pozulmuşdur. Lakin bu hal məhkəmə tərəfindən diqqətdən kənar qalmışdır. Üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi qoyulan qeyri-yaşayış sahəsi beş mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşir. Buna baxmayaraq sözügedən qeyri-yaşayış sahəsinə tikinti obyektinin istismarına icazə sənədi AR Nazirlər Kabinetinin 2016-cı il 2 dekabr tarixli 491 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli əlavəyə uyğun verilmişdir. Bu da öz növbəsində pozuntu hesab olunur. Məhkəmə tərəfindən bu hal nəzərə alınmamışdır. Üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi qoyulan qeyri-yaşayış sahəsinə dair verilmiş, tikinti obyektinin istismarına icazə sənədi AR Nazirlər Kabinetinin 2014-cü il 11 sentyabr tarixli 302 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyekinin istismarına icazə”nin formasına uyğun tərtib edilmədiyi üçün Tikintilərin dövlət reyestri tərəfindən tikinti obyektinə verilmiş kodun nömrəsi və tikintiyə dövlət nəzarətini həyata keçirən orqan tərəfindən verilən tikintinin istismara hazırlığını təsdiq edən istismara hazırlıq aktının verilmə tarixi və qeydiyyat nömrəsi qarafaları qeyd olunmamışdır. Bu da çoxmənzilli yaşayış binasında yenidənqurma və yenidən planlaşdırma işlərinin yalnız Göyçay RİH-nin “təşəbbüsü” ilə tikintiyə nəzarəti həyata keçirən müvafiq qurumlarla razılaşdırılmadan aparıldığını sübut edir. Bu hal qanun pozuntusu olmaqla yanaşı eyni zamanda insanların həyat və sağlamlığı üçün real təhlükə olması ehtimalını yaradır. Məhkəmə tərəfindən bu xüsusatlar da araşdırılmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən xx.xx.2021-ci il tarixli, 04 saylı Tikinti Obyektinin İstismarına icazə sənədinin Göyçay RİH başçısının xx.xx.2021-ci il tarixli, 48 saylı sərəncamından, xx.xx.2021-ci il tarixli yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi haqqında bildirişdən əvvəl tərtib olunması da nəzərə alınmamışdır. Bu hal da məhkəmə qərarının Mənzil Məcəlləsi nəzərə alınmadan qəbul olunmasını sübut edir. Bu pozuntunun mahiyyəti ondan ibarətdir ki, vətəndaş Mənzil Məcəlləsinin 24-cü maddəsinə əməl etmədən yaşayış sahəsində istədiyi kimi yenidən qurulma və ya yenidən planlaşdırılma işləri aparmış, sonradan həmin qeyri-yaşayış sahəsinə istismara icazə sənədi əldə olunmuşdur. Mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması zərurəti yarananda məcburiyyətdən sərəncamla bildiriş alınmışdır. Göyçay RİH başçısının xx.xx.2021-ci il tarixli 48 saylı sərəncamının, xx.xx.2021-ci il tarixli yaşayış sahəsinin qeyriyaşayış sahəsinə keçirilməsi haqqında bildirişin verilməsinə əsas olmuş iddiaçının ərizəsi və ona əlavə olunmuş sənədləri əldə etmək üçün Göyçay RİH-nə sorğu verilməmişdir. Göyçay RİH-dən məlumatın əldə olunması sözügedən sənədlərin Mənzil Məcəlləsinin və AR-nın Şəhərsalma və Tikinti Məcəlləsinin tələbi gözlənilməklə verilib-verilməməsinə aydınlıq gətirəcəkdir. Araşdırma zamanı Göyçay RİH başçısının xx.xx.2021-ci il tarixli 48 saylı sərəncamında, xx.xx.2021-ci il tarixli yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi haqqında bildirişdə və xx.xx.2021-ci il tarixli 04 saylı Tikinti Obyektinin İstismarına icazə sənədində qeyri-yaşayış sahəsinin ölçüsünün 71 kv.m olması qeyd olunmasına baxmayaraq, faktiki ölçüsünün 68.4 kv.m olması məlum olmuşdur. Həmçinin, sözügedən qeyri-yaşayış sahəsində aparılmış yenidən qurulma və ya yenidən planlaşdırılma işləri tikintiyə nəzarəti həyata keçirən müvafiq qurumlarla razılaşdırılmadan aparıldığı üçün həmin yenidən qurulma və ya yenidən planlaşdırılmanın çoxmənzilli yaşayış binası və insanların həyat və sağlamlığı üçün təhlükə yaradıb-yaratmamasının araşdırılması zərurəti olmasına baxmayaraq məhkəmə hər iki halı nəzərə almamış və iş üzrə ekspertiza təyin etməmişdir. Odur ki, Şəki İnzibati Məhkəməsinin 4 mart 2022-ci il tarixli 2-1(116)-228/2022 nömrəli qərarının ləğv edilərək iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 4 mart 2022-ci il tarixli 2-1(116)-228/2022 nömrəli qərarının ləğv edilərək iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi.

16. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmişdir.

17. Məhkəmə kollegiyası iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi).

18. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən, sahəsi 49 kv.m olan mənzil tam xüsusi mülkiyyət hüququ ilə iddiaçının mülkiyyətindədir. - xx.xx.2020-ci il tarixdə tərtib edilmiş, 408-1/3497 inventar nömrəli daşınmaz əmlakın texniki pasportundan görünür ki, iddiaçının mülkiyyətində olan mənzilin ümumi sahəsi 49 kv.m-dir. Mənzil, 1979-cu ildə tikilmiş, 5 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşir. - ünvan 2 ünvanında yerləşən İddiaçı məxsus qeyri-yaşayış obyektinin eskiz layihəsindən görünür ki, eskiz layihə Göyçay RİH-nin Memarlıq və Tikinti şöbəsi ilə razılaşdırılmış, ümumi otağın sahəsi 68.5 kv.m, ümumi yerləşmə 70.5 kv.m qeyd edilmişdir. - Göyçay Rayon İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli 48 №-li sərəncamından görünür ki, ünvan 2 ünvanında yerləşən İddiaçı mülkiyyətində olan ümumi sahəsi 49 kv.m, genişləndirmə işləri aparıldıqdan sonra 71.0 kv.m olan yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə çevrilməsi qərara alınmışdır. - yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli bildirişdən görünür ki, 49 kv.m ümumi sahəsi olan mənzilin genişləndirmə işləri aparıldıqdan sonra 71.0 kv.m ölçüdə yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi qeyd edilmişdir. - Göyçay RİH-nin xx.xx.2021-ci il tarixli tikinti obyektinin istismarına icazə sənədindən görünür ki, tikilinin təyinatı üzrə istifadənin mümkünlüyü nəzərə alınaraq xx.xx.2021-ci il tarixdən istismarına icazə verilmişdir. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, analoji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - cavabdeh tərəfindən təqdim edilmiş, daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2021-ci il tarixli müayinə aktından görünür ki, qeyri-yaşayış sahəsinin faktiki ümumi sahəsi 68.4 kv.m, əsas sahəsi 66.4 kv.m, köməkçi sahəsi 2.0 kv.m-dir.

TƏTBİQ EDİLƏN HÜQUQ

19. İnzibati Prosessual Məcəllə: Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

20. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: Maddə 21.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – keçirilməni həyata keçirən orqan) qərarı əsasında həyata keçirilir. Maddə 21.5. Sahənin keçirilməsini həyata keçirən orqan bu Məcəllənin 21.4-cü maddəsində göstərilən qərarlardan birini qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq göstərilən qərarlardan birinin qəbul edilməsini təsdiqləyən sənədi ərizəçiyə təqdim edir və ya ərizədə göstərilən ünvana göndərir. Həmin sənədin forma və məzmunu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sahənin keçirilməsini həyata keçirən orqan ərizəçiyə həmin sənədi verməklə və ya göndərməklə yanaşı, qəbul edilmiş qərar barədə barəsində qərar qəbul edilən sahəyə bitişik olan sahələrin mülkiyyətçilərini məlumatlandırır. Maddə 21.6. Keçirilən sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsini təmin etmək üçün həmin sahədə yenidənqurma və (və ya) yenidən planlaşdırma və ya digər işlərin aparılması zəruri olan hallarda bu Məcəllənin 21.5-ci maddəsində göstərilən sənəddə belə işlərin aparılmasına dair tələblər, aparılması zəruri olan digər işlərin siyahısı göstərilməlidir. Madd 21.9. Bu Məcəllənin 21.8-ci maddəsində göstərilən yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin başa çatması sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən yaradılan qəbul komissiyasının aktı ilə təsdiqlənir. Yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin bitməsini (sona çatmasını) təsdiqləyən qəbul komissiyasının aktı sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən dövlət kadastr uçotunun aparılması məqsədi ilə daşınmaz əmlakın dövlət reyestrini aparan orqana göndərilməlidir. Qəbul komissiyasının aktı sahənin keçirilməsinin başa çatmasını təsdiqləyir və keçirilmiş sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün əsasdır. Maddə 24. Yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması 24.1. Yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – razılaşdırmanı həyata keçirən orqan) qərarı əsasında aparılır. 24.2. Yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması üçün yaşayış sahəsinin mülkiyyətçisi və ya mülkiyyətçinin səlahiyyətli nümayəndəsi (bundan sonra bu fəsildə - ərizəçi) yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsinin yerləşdiyi yer üzrə razılaşdırmanı həyata keçirən orqana aşağıdakıları təqdim edir: 24.2.1. yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasına dair ərizə; 24.2.2. yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsinə dair hüquq müəyyənedici sənədlər (sənədlərin əsli və ya notariat qaydasında təsdiq olunmuş surətləri); 24.2.3. yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsinin müəyyən edilmiş qaydada tərtib edilərək hazırlanmış yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi; 24.2.4. yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsinin texniki pasportu; 24.3. Razılaşdırmanı həyata keçirən orqan bu Məcəllənin 24.2-ci maddəsi ilə müəyyən edilən sənədlərdən başqa digər sənədlərin təqdim edilməsini tələb edə bilməz. Ərizəçiyə sənədlərin siyahısı və razılaşdırmanı həyata keçirən orqan tərəfindən qəbuletmə tarixi göstərilməklə qəbz verilir. 24.4. Razılaşdırma və ya razılaşdırmadan imtina haqqında qərar razılaşdırmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 24.2-ci maddəsinə uyğun olaraq təqdim edilmiş müvafiq ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında göstərilən sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz gündən gec olmayaraq qəbul edilməlidir. 24.5. Razılaşdırmanı həyata keçirən orqan razılaşdırma barədə qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi ərizəçiyə təqdim edir və ya ərizədə göstərilən ünvana göndərir. Həmin sənədin forma və məzmunu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 24.6. Bu Məcəllənin 24.5-ci maddəsində nəzərdə tutulmuş sənəd yaşayış sahəsinin yenidən qurulmasının və (və ya) yenidən planlaşdırılmasının aparılması üçün əsasdır.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 2 dekabr tarixli 491 nömrəli qərarı ilə təsdiq edilmiş, 1 nömrəli əlavəyə əsasən, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək yerli icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yerli icra hakimiyyəti orqanının qərarı əsasında mülkiyyətində, istifadəsində və ya icarəsində olan torpaq sahəsində tikinti layihəsi ekspertizadan keçirilmədən inşa edilmiş, mərtəbəsinin sayı 1-dən, hündürlüyü 4 metrdən, aşırımlarının uzunluğu 6 metrdən, ümumi sahəsi 500 kvadratmetrdən çox olmayan, həmçinin mərtəbələrinin sayı 2-dən, hər mərtəbəsinin hündürlüyü 4 metrdən, aşırımlarının uzunluğu 6 metrdən, ümumi sahəsi 500 kvadratmetrdən çox olmayan, istismarına sadələşdirilmiş icazə verilməsi tətbiq olunan qeyri-yaşayış binalarının (tikinti obyektlərinin) istismar təyinatının siyahısı müəyyən edilmişdir.

22. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin: Maddə 75. Tikintiyə icazə verilməsinin ümumi qaydaları 75.1. Barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) (reklam qurğularının tikintisinə istisna olmaqla) tikintiyə icazə verməlidir... (-). Maddə 101. Tikinti obyektinin istismarına icazənin məqsədi: 101.1. Tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir. 101.2. Tikinti obyektinin (tikintisinə icazə tələb olunan reklam qurğuları istisna olmaqla) istismarına icazə müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum, tikintisinə icazə tələb olunan reklam qurğularının istismarına icazə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən verilir. (-).

102. Tikinti obyektinin istismarına icazə verilməsi (-). 102.2. Obyekt şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyi halda müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum (reklam qurğularına münasibətdə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum) tərəfindən tikinti obyektinin istismarına icazə verilir. İstismara icazə tikinti obyekti müayinə edildikdən (tikinti obyektinə baxış keçirildikdən) və onun müəyyən edilmiş tələblərə uyğunluğu təsbit edildikdən sonra verilir. Maddə 103. Tikinti obyektinin istismarına icazədə nəzərdə tutulan məlumatlar 103.1. Tikinti obyektinin istismarına icazədə aşağıdakı məlumatlar nəzərdə tutulur: 103.1.1. tikinti obyektinin ünvanı və onun döngə nöqtələrinin koordinatları; 103.1.2. tikinti obyektinin istismarına icazə verən orqanın (qurumun) adı və ünvanı, eləcə də həmin orqanın vəzifəli şəxsinin adı, soyadı, vəzifəsi və imzası; 103.1.3. tikinti obyektinin istismarına icazənin verildiyi tarix və icazənin nömrəsi; 103.1.4. tikinti obyektinin istismar təyinatı; 103.1.5. tikinti obyektinin əsas texniki göstəriciləri; 103.1.6. Tikintilərin Dövlət reyestri tərəfindən tikinti obyektinə verilmiş kodun nömrəsi. 103.2. Tikintiyə icazə verən müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum (reklam qurğularına münasibətdə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum) tikinti obyektinin istismarına icazədə nəzərdə tutulmuş məlumatları 5 gün müddətində Tikintilərin Dövlət reyestrinə təqdim edir. Bu məlumatlar ən geci 3 iş günü ərzində Tikintilərin Dövlət reyestrinin rəsmi internet səhifəsində yerləşdirilir.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

23. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür və əsaslıdır, ona görə də apellyasiya şikayəti uğurlu olacaqdır.

24. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

25. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər.

26. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərək mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının mülkiyyətində olan yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş qaydada Göyçay Rayon İcra Hakimiyyəti tərəfindən sərəncam, tikinti obyektinin istismarına icazə verilmişdir.

28. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

29. Məhkəmə kollegiyası tərəfindən iş materiallarının tədqiqi zamanı müəyyən edildi ki, ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla ünvan 2 ünvanında yerləşən, sahəsi 49 kv.m olan mənzil tam xüsusi mülkiyyət hüququ ilə iddiaçının mülkiyyətindədir. xx.xx.2020-ci il tarixdə tərtib edilmiş, 408-1/3497 inventar nömrəli daşınmaz əmlakın texniki pasportundan görünür ki, iddiaçının mülkiyyətində olan mənzilin ümumi sahəsi 49 kv.m-dir. Mənzil 1979-cu ildə tikilmiş, 5 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşir. ünvan 2 ünvanında yerləşən İddiaçı məxsus qeyri-yaşayış obyektinin eskiz layihəsindən görünür ki, eskiz layihə Göyçay RİH-nin Memarlıq və Tikinti şöbəsi ilə razılaşdırılmış, ümumi otağın sahəsi 68.5 kv.m, ümumi yerləşmə 70.5 kv.m qeyd edilmişdir. Göyçay Rayon İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli 48 №-li sərəncamına əsasən, ünvan 2 ünvanında yerləşən İddiaçı mülkiyyətində olan ümumi sahəsi 49 kv.m, genişləndirmə işləri aparıldıqdan sonra 71.0 kv.m olan yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə çevrilməsi qərara alınmışdır. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli bildirişə əsasən, 49 kv.m ümumi sahəsi olan mənzilin genişləndirmə işləri aparıldıqdan sonra 71.0 kv.m ölçüdə yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi qeyd edilmişdir. Göyçay RİH-nin xx.xx.2021-ci il tarixli tikinti obyektinin istismarına icazə sənədindən görünür ki, tikilinin təyinatı üzrə istifadənin mümkünlüyü nəzərə alınaraq xx.xx.2021-ci il tarixdən istismarına icazə verilmişdir. Lakin həmin icazə sənədində “Obyektin yerləşdiyi torpaq sahəsinə hüququnun növü” və “İstismara hazırlığı barədə rəyin tarixi və qeydiyyat nömrəsi” qrafaları boş buraxılmışdır. Cavabdeh tərəfindən təqdim edilmiş, daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2021-ci il tarixli müayinə aktından görünür ki, qeyri-yaşayış sahəsinin faktiki ümumi sahəsi 68.4 kv.m, əsas sahəsi 66.4 kv.m, köməkçi sahəsi 2.0 kv.m-dir.

30. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, işdə olan xx.xx.2021-ci il tarixli 4 nömrəli “Tikinti obyektinin istismarına icazə” sənədindən görünür ki, həmin sənəddə “Obyektin yerləşdiyi torpaq sahəsinə hüququnun növü” və “İstismara hazırlıq barədə rəyin tarixi və qeydiyyat nömrəsi” qrafası boş buraxılmışdır. Bu da onu deməyə əsas verir ki, “Tikinti obyektinin istismarına icazə” sənədi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək yerli icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yerli icra hakimiyyəti orqanının qərarı əsasında mülkiyyətində, istifadəsində və ya icarəsində olan torpaq sahəsində tikinti layihəsi ekspertizadan keçirilmədən inşa edilmiş, mərtəbəsinin sayı 1-dən, hündürlüyü 4 metrdən, aşırımlarının uzunluğu 6 metrdən, ümumi sahəsi 500 kvadratmetrdən çox olmayan, həmçinin, mərtəbələrinin sayı 2-dən, hər mərtəbəsinin hündürlüyü 4 metrdən, aşırımlarının uzunluğu 6 metrdən, ümumi sahəsi 500 kvadratmetrdən çox olmayan, istismar təyinatı bu qərarın 1 nömrəli əlavəsinə uyğun olan və aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə rəy verilmiş tikinti obyektinin istismarına icazə sənədinə uyğun tərtib edilməmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə qeyd edilən hal onu deməyə əsas verir ki, iddiaçı tərəfindən qeyri-yaşayış binası yenidən qurulub planlaşdırılarkən müvafiq icra hakimiyyəti orqanının razılığı alınmamışdır. Həmçinin, iş materiallarından görünür ki, “Tikinti obyektinin istismarına icazə” sənədi xx.xx.2021-ci il tarixdə, Göyçay Rayon İcra Hakimiyyətinin yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə çevrilməsi barədə sərəncamı xx.xx.2021-ci il tarixdə, bildiriş isə xx.xx.2021-ci il tarixdə verilmişdir. Göründüyü kimi, Mənzil Məcəlləsinin müddəalarına əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə çevrilməsi barədə Göyçay Rayon İcra Hakimiyyətinin sərəncamı və bildirişi olmadan “Tikinti obyektinin istismarına icazə” sənədi verilmiş, Göyçay Rayon İcra Hakimiyyətinin yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə çevrilməsi barədə sərəncamı və bildiriş isə sonradan verilmişdir.

31. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə çevrilməsi ilə bağlı Fövqəladə Hallar Nazirliyi tərəfindən iddiaçıya məxsus qeyri-yaşayış binasına baxış keçirilmədiyinə görə təqdim olunan eskiz layihəsi əsasında texniki baxışın nəticəsi haqqında müayinə akt tərtib edilməmişdir. Göründüyü kimi, sözügedən qeyri-yaşayış sahəsində aparılmış yenidən qurulma və ya yenidən planlaşdırılma işləri tikintiyə nəzarəti həyata keçirən müvafiq qurumlarla razılaşdırılmadan aparıldığı üçün həmin yenidən qurulma və ya yenidən planlaşdırılmanın çoxmənzilli yaşayış binası və insanların həyat və sağlamlığı üçün təhlükə yaradıb-yaratmamasının araşdırılması üçün zərurət yaranmışdır.

32. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini, tərəflərin məhkəmə kollegiyasının iclasında verdikləri izahatları nəzərə alaraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsaslıdır. Birinci instansiya məhkəməsi inzibati işin faktiki hallarını tam araşdırmadan, sübutların maddi və prossesual normalara uyğun qiymətləndirilməməsi nəticəsində iddia tələbini təmin etməklə səhv nəticəyə gəlmişdir.

33. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi baxılan mübahisə üzrə düzgün nəticəyə gəlməmişdir. Buna görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən ləğv edilməli, iddia təmin edilməməlidir.

34. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:

Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 4 mart 2022-ci il tarixli 2-1(116)-228/2022 nömrəli qərarı ləğv edilsin. İnzibati iş üzrə yeni qərar çıxarılsın. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı ünvan 1 ünvanında yerləşən 68.4 m2 qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar