Məhkəmə qərarları › İş №2-1(107)-163/2024

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-163/2024

28.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-163/2024 28.02.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Akif Məhərləm oğlu (sədrlik edən və məruzəçi), Şükürov İmanverdi Həşimxan oğlu və X4 ibarət tərkibdə, İsrafilov Elçin Əvəz oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “Yevlax şəhəri C.Mustafayev küçəsi ev 106A mənzil 3-də yerləşən mənzilin iddiaçının adına özəlləşdirilərək həmin mənzilə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli 2-1(116)-101/2023 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehə qarşı birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Yevlax şəhəri C.Mustafayev küçəsi ev 106A mənzil 3-də yerləşən mənzilin adına özəlləşdirilərək həmin mənzilə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

2. İddianın əsaslarına görə, Yevlax şəhəri, C.Mustafayev küçəsi 106A nömrəli evin 3 nömrəli, iki otaqlı ümumi sahəsi 81,75 kv.m, faydalı sahəsi 42,5 kv.m ibarət mənzili xx.xx.1992-ci il tarixində iddiaçının şəhid olmuş əmisi X2 onun ölümündən sonra ailəsinin yaşaması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2011-ci il tarixli 11/7- 115 nömrəli əmri ilə yaradılmış komissiyanın xx.xx.2011-ci il tarixli iclas protokolundan çıxarışına əsasən şəhidin 5 nəfərdən ibarət ailə üzvünə verilmişdir. Həmin ailə üzvləri X15, X6, X11, İddiaçı və X12r. İddiaçının nənəsi Ayna Sabitova xx.xx.2019-cu il tarixində vəfat etmişdir. Bundan sonra həmin evdə şəhidin digər ailə üzvləri iddiaçı, atası, anası və bacısı yaşayır. İddiaçı cavabdehə müraciət edərək, mənzilin özəlləşdirilərək adına dövlət reyestrindən çıxarış verilməsini xahiş etmiş, lakin onun müraciəti təmin olunmamışdır.

3. Cavabdeh xx.xx.2022-ci il tarixli **********18 nömrəli imtina məktubunda qeyd etmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi hüquqların qeydiyyatı üçün əsas hesab edilir. Ərizəyə əlavə edilmiş sənədlər toplusundan göründüyü kimi Yevlax şəhəri, C.Mustafayev küçəsi 106A nömrəli evin 3 nömrəli mənzili 5 nəfər ailə üzvündən ibarət olmuş X13 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2011-ci il tarixli, 11/7-115 nömrəli əmri ilə yaradılmış komissiyanın xx.xx.2011-ci il tarixli iclas protokolundan çıxarış əsasında verilmişdir. İclas protokolundan çıxarış isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəalarında mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas kimi müəyyən edilməmişdir. Belə ki, həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanunu bu Məcəllə qanuni qüvvəyə mindikdən sonra vətəndaşlara bu Məcəllənin İİİ-İV bölmələrinə əsasən verilən sosial və xüsusi təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrinə şamil edilmir.

4. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********47 nömrəli etiraz məktubunda iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənləri qeyd etmiş və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

5. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-1101/2022 nömrəli qərardadı ilə X15, X6 və X11 iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına zəruri cəlb olunmuşlar.

6. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi, həmçinin iş üzrə məhkəmə icraatına zəruri cəlb olunmuş üçüncü şəxs X6 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

7. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz məktubunun məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

8. Şəki İnzibati Məhkəməsinin (hakim Fərid İsmayılzadə) 17 yanvar 2023-cü il tarixli 2-1(116)-101/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir.

9. İddiaçı apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli 2-1(116)-101/2023 nömrəli qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

10. Şəki Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 18 may 2023-cü il tarixli 2- 1(107)-242/2023 nömrəli qərarı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli 2-1(116)-101/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

11. İddiaçı həmin qərardan kassasiya şikayəti vermişdir.

12. Azərbaycan Respublikası Ali Məhkəməsinin 21 noyabr 2023-cü il tarixli 2-1(102)- 2190/2023 nömrəli qərarı ilə Şəki Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2-1(107)- 242/2023 nömrəli iş üzrə 18 may 2023-cü il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin apellyasiya instansiyası məhkəməsinə göndərilmiş, İddiaçı kassasiya şikayəti qismən təmin edilmişdir.

apellyasiya şikayətinin dəlilləri:

13. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən 36 mənzilli yaşayış binası Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə 2011-ci ildə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün inşa edilmişdir və 2012-ci ildə Yevlax şəhəri İcra Hakimiyyətinin balansına verilmişdir. ünvan 1 nömrəli binanın 3 nömrəli mənzili Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün Yevlax şəhərində inşa olunmuş 36 mənzilli yaşayış binasındakı mənzillərin bölgüsünün həyata keçirilməsi məqsədilə 18 iyun 2011-ci il tarixli 11/7-115 nömrəli əmrlə yaradılmış Komissiyanın 21 dekabr 2011-ci il tarixli iclasının Qərarı ilə mərhumə X13 şəhid anası statusuna əsasən verilmişdir. Azərbaycan Respublikasında dövlət mənzil fondunun özəlləşdirilməsi şərtlərini və qaydasını, habelə ictimai mənzil fondunun özəlləşdirilməsinə dair əsas müddəaları “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunu müəyyən edir. Qanunun əsas prinsiplərindən biri də mənzillərin özəlləşdirilməsinin tam və könüllüyə əsaslanması və yaşadıqları mənzilin həmin qanunda müəyyən edilmiş şərtlərlə və qaydalarla mülkiyyətə verilməsini tələb etmək barəsində vətəndaşların hüquqlarının təmin olunmasından ibarətdir. Qanun müəyyən edir ki, dövlət və ictimai mənzil fondunun mülkiyyətçisi ilə kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikası vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) həmin qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli 2- 1(116)-101/2023 nömrəli qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

tərəflərin izahatları:

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi, eyni zamanda üçüncü şəxs X6 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli 2-1(116)-101/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etdi.

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndəsi X16 apellyasiya şikayətinin təmin olunmamasını və Şəki İnzibati Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli 2-1(116)-101/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

16. Məhkəmə kollegiyasının hazırkı iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı və üçüncü şəxslər X15 və X11 məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər.

17. Məhkəmə kollegiyası iddiaçının və üçüncü şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

18. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - “Qanun üzrə vərəsəlik hüququ haqqında” xx.xx.2019-cu il tarixli şəhadətnamənin surətindən görünür ki, xx.xx.1992-ci ildə ölmüş, şəhid X1 vərəsəsi onun qardaşı X3r. - Notariat qaydada cavabdehə ünvanlanmış ərizələrdən görünür ki, İddiaçı iddiada göstərilən mənzilin onun adına, həmçinin digər ailə üzvləri Qabil Sabitov, Arzu Sabitova və Ayna Sabitova həmin mənzilin İddiaçı adına özəlləşdirilməsinə etiraz etməmişlər. - 3 saylı Mənzil-Təmir İstismar Sahəsinin xx.xx.2022-ci il tarixli 64 nömrəli arayışından görünür ki, İddiaçı C.Mustafayev ev 106A mənzil 3-də yaşayır. Həmin mənzil mərhum X9 məxsusdur. Mənzildə X5, X10 və X14 qeydiyyatdadırlar. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2022-ci il tarixli, **********3 nömrəli məktubunda qeyd olunmuşdur ki, vətəndaş İddiaçı mənzil təminatı ilə əlaqədar sənədlərin surəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində mövcud deyil. - Yevlax Şəhər İcra Hakimiyyəti başçısının aparatının xx.xx.2022-ci il tarixli 2539 nömrəli məktubunda qeyd olunmuşdur ki, tərəfimizdən Yevlax şəhəri 3 saylı Mənzil Təmir İstismar sahəsinə rəsmi müraciət olunmuşdur. Müraciətlə bağlı bildirilmişdir ki, qeyd edilən mənzil 3 saylı Mənzil Təmir İstismar sahəsinin balansındadır, dövlət mənzil fonduna aiddir, mənzilə dair heç bir hüquqi sənədin olmadığı və hazırda mənzildə yaşayış olmadığı bildirilmişdir. - İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün Yevlax rayonunda inşa olunmuş 36 mənzilli yaşayış binasındakı mənzillərin bölgüsünün həyata keçirilməsi məqsədilə xx.xx.2011-ci il tarixli 11/7-115 nömrəli əmrlə yaradılmış komissiyanın xx.xx.2011-ci il tarixli iclasının qərarından çıxarışa əsasən, xx.xx.2010-cu ildə 126 nömrə növbəyə dayanmış X13 (Nəsimi küçəsi ev 6) şəhid anası kimi 5 nəfər ailə tərkibi ilə (özü, oğlu, gəlini və 2 nəvəsi) oğluna məxsus 1 otaqlı, yaşayış sahəsi 30 kv.m olan fərdi yaşayış evində 5 nəfər qeydiyyatda olmaqla yaşadığından, evin şəraiti qeyri-qənaətbəxş olduğundan, mənzillə təmin olunması barədə Azərbaycan Respublikasının Milli Məclisinin deputatının məktubuna əsasən ümumi sahəsi 81,75 kv.m, faydalı sahəsi 42,5 kv.m olan, 2 otaqlı mənzil ayrılmışdır. Mənzilin ünvanı bina 106A (sonradan qələmlə əlavə edilmişdir) 1ci mərtəbə mənzil nömrə 3 kimi qeyd edilmişdir. Çıxarışın kserosurəti iş materiallarına əlavə edilmiş, əsli təqdim olunmamış, məhkəmə tərəfindən aşkar edilməmişdir. - İddia ərizəsinə surəti əlavə edilmiş AZ-İİ 006617 nömrəli xx.xx.2019-cu il tarixli Ölüm haqqında şəhadətnamənin surətinə əsasən müəyyən edilmişdir ki, X17 xx.xx.2019cu il tarixdə ölmüşdür. Nə onunla, nə də digər ailə üzvləri ilə sosial kirayə müqaviləsinin bağlanması və ya mənzilin mülkiyyətə verilməsinə dair hüquqi akt aşkar edilməmişdir.

tətbiq edilən hüquq:

19. İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 48. Məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. 48.2. İnzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. 48.3. Yazılı vəsatətlərə, etirazlara, izahatlara onlarda istinad olunan sənədlərin əsli və ya surəti tam və ya çıxarışlar şəklində əlavə edilməlidir. Həmin sənədlər qarşı tərəfə məlum olduğu və ya həcmcə çox böyük olduğu hallarda, onların əlamətlərini dəqiq göstərməklə, qarşı tərəfin həmin sənədlərlə məhkəmədə tanış olmasının mümkünlüyünü qeyd etmək kifayətdir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

20. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Maddə 2. Bu Qanun Azərbaycan Respublikasında dövlət mənzil fondunun özəlləşdirilməsi şərtlərini və qaydasını, habelə ictimai mənzil fondunun özəlləşdirilməsinə dair əsas müddəaları müəyyən edir. Maddə 7. Dövlət və yaxud ictimai mənzil fondu mənzillərini əvəzsiz özəlləşdirmək hüququndan yalnız bir dəfə istifadə edilə bilər.

21. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə 17.1. Mənzil fondu – Azərbaycan Respublikasının ərazisində yerləşən bütün yaşayış sahələrinin məcmusudur. 17.2. Mülkiyyət formasına görə mənzil fondu aşağıdakılara bölünür: 17.2.1. xüsusi mənzil fondu – fiziki və hüquqi şəxslərin mülkiyyətində olan yaşayış sahələrinin məcmusu; 17.2.2. dövlət mənzil fondu – mülkiyyət hüququ əsasında Azərbaycan Respublikasına məxsus olan yaşayış sahələrinin məcmusu; 17.2.3. bələdiyyə mənzil fondu – bələdiyyələrə mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahələrinin məcmusu. Maddə 146.1. Bu Məcəllə qanuni qüvvəyə minən günədək“Azərbaycan Respublik

22. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

23. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur; Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur; Maddə 13.4. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.

apellyasiya şikayətinin mümkünlüyü:

24. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür və qismən əsaslıdır.

25. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

26. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

27. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

apellyasiya instansiyasi məhkəməsinin mövqeyi:

28. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və möqeyini onunla əsaslandırmışdır ki, iddiaçı tələbinin hüquqi əsası kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün Yevlax rayonunda inşa olunmuş 36 mənzilli yaşayış binasındakı mənzillərin bölgüsünün həyata keçirilməsi məqsədilə xx.xx.2011-ci il tarixli 11/7-115 nömrəli əmrlə yaradılmış komissiyanın xx.xx.2011-ci il tarixli iclasının qərarından çıxarışa istinad edir ki, həmin sənəd daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin və qeydə alınmasının əsası kimi çıxış edə bilməz. Odur ki, iş üzrə prosedur qaydalarına əməl edilməsi ilə bağlı digər tələblərin yoxlanılması zərurəti də aradan qalxmış olur. Belə olan halda, məhkəmə iş üzrə cavabdehin hərəkətlərinə və imtinasına hüquqi qiymət verilməsinin üçüncü şəxslərin mübahisəli mənzilin iddiaçının adına qeydə alınmasına razılıqlarının olub-olmaması ilə bağlı olmadığı qənaətindədir. İddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmaması ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan, habelə həmin mənzilin iddiaçının mülkiyyəti kimi dövlət qeydiyyatına alınması üçün "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 10-cu maddələrində nəzərdə tutulmuş qanuni əsas olmadığından iddia tələbi rədd edilməlidir.

29. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

30. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2023-cü il tarixli qərarını ləğv edərək təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərən Azərbaycan Respublikası Ali Məhkəməsi 21 noyabr 2023-cü il tarixli qərarında göstərmişdir ki, X13 mənzilin ayrılmasının hər hansı tələblə və ya müqavilənin bağlanılması ilə, eləcə də hər hansı öhdəliklə şərtləndirildiyi görünmür. Başqa sözlə, mübahisəli mənzil qeydşərtsiz ayrılmış və bu baxımdan əvvəl X7, sonuncu 2019-cu ildə öldükdən sonra isə iddiaçıda mənzilin onların mülkiyyətinə verilməsinə dair qanuni gözləntilər yaranmışdır. Belə hallarda şəxsin etimad hüququ nəzərə alınmalı və qorunmalıdır. Bu yanaşma hüquqi müəyyənlik prinsipinin tələblərindən də irəli gəlir. Belə ki, hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından, inzibati orqanın mənzilin şəhid ailəsinin mülkiyyətinə deyil, daimi istifadəsinə ayırmaq niyyəti olduğu hallarda, həmin orqan bu niyyəti barədə ən azından şəxsə məlumat verməli və bununla bağlı iradəsini mənzilin ayrılması barədə inzibati aktda əks etdirməli, bu barədə inzibati aktda qanunvericiliyin tələblərindən irəli gələn müvafiq müddəalar, o cümlədən mülkiyyətçi ilə sosial kirayə müqaviləsinin bağlanılması barədə müddəa nəzərdə tutulmalı idi. Hazırkı mübahisəyə münasibətdə hüquqi müəyyənlik prinsipindən irəli gələn həmin tələblərə əməl olunduğu müəyyən edilmir. Cavabdeh tərəfindən də bununla bağlı məhkəməyə hər hansı sübut təqdim olunmamışdır. Nəzərə alınmalıdır ki, ayrılmış mənzilin yerləşdiyi bina Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin mənzil ehtiyaclarının və mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə inşa edilmişdir və onların sosial müdafiəsinin gücləndirilməsi tədbiri kimi qiymətləndirilməlidir.

31. Azərbaycan Respublikası Ali Məhkəməsinin 21 noyabr 2023-cü il tarixli qərarındakı göstərişləri nəzərə alan məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi Yevlax şəhəri C.Mustafayev küçəsi ev 106A-da yerləşən 3 saylı mənzilin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına nail olmaqdan ibarətdir.

32. Mübahisəyə dair iş üzrə materiallardan görünür ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün Yevlax rayonunda inşa olunmuş 36 mənzilli yaşayış binasındakı mənzillərin bölgüsünün həyata keçirilməsi məqsədilə xx.xx.2011-ci il tarixli 11/7-115 nömrəli əmrlə yaradılmış komissiyanın xx.xx.2011-ci il tarixli iclasının qərarından çıxarışa əsasən, xx.xx.2010-cu ildə 126 nömrə ilə növbəyə dayanmış X13 (iddiaçının nənəsinə) şəhid anası kimi, ev şəraiti qeyri-qənaətbəxş olduğundan, mənzillə təmin olunması məqsədilə ayrılmışdır.

33. Birinci instansiya məhkəməsi iş üzrə iddiaçı xx.xx.2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəllənin 146.1-ci maddəsinin tələblərinə əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan və öz hüquqlarını saxlayan şəxs olmaması əsası ilə iddia tələbini təmin etməmişdir.

34. Həmin mövqe ilə bağlı məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 48-ci maddəsində nəzərdə tutulurdu ki, dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin İcraiyyə komitəsi tərəfindən vətəndaşa order verilir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır.

35. Nəzərə almaq lazımdır ki, nəinki iddiaçıya, ümumiyyətlə şəxsə müvafiq icra hakimiyyəti orqanı tərəfindən mənzilin ayrılması və bununla bağlı müvafiq sənədləşdirmənin aparılması həmin orqanın səlahiyyət sferasına aiddir. Sənədləşmə ilə bağlı qüsurlar, sənədləşdirmə zamanı yol verilən prosedur pozuntular şəxsin təqsirkar davranışından irəli gəlmədiyi hallarda onun ziyanına təfsir oluna bilməz.

36. Mübahisəyə dair iş üzrə materiallardan görünür ki, X13 mənzilin ayrılmasının hər hansı tələblə və ya müqavilənin bağlanılması ilə, eləcə də hər hansı öhdəliklə şərtləndirildiyi görünmür. Başqa sözlə, mübahisəli mənzil qeyd-şərtsiz ayrılmış və bu baxımdan əvvəl X7, sonuncu 2019-cu ildə öldükdən sonra isə iddiaçıda mənzilin onların mülkiyyətinə verilməsinə dair qanuni gözləntilər yaranmışdır. Belə hallarda iddiaçının etimad hüququ nəzərə alınmalı və qorunmalıdır. Bu yanaşma hüquqi müəyyənlik prinsipinin tələblərindən də irəli gəlir.

37. Belə ki, hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından, müvafiq icra hakimiyyəti orqanının mənzilin iddiaçının mülkiyyətinə deyil, daimi istifadəsinə ayırmaq niyyətinin olduğu hallarda, həmin orqan bu niyyəti barədə ən azından iddiaçıya məlumat verməli və bununla bağlı iradəsini mənzilin ayrılması barədə inzibati aktda əks etdirməli, qərarda qanunvericiliyin tələblərindən irəli gələn müvafiq müddəalar, o cümlədən mülkiyyətçi ilə sosial kirayə müqaviləsinin bağlanılması barədə müddəa nəzərdə tutulmalı idi.

38. Hazırkı mübahisəyə münasibətdə hüquqi müəyyənlik prinsipindən irəli gələn həmin tələblərə əməl olunduğu müəyyən olunmur. Cavabdeh tərəfindən də bununla bağlı məhkəməyə hər hansı sübut təqdim olunmamışdır.

39. Nəzərə alınmalıdır ki, iddiaçıya ayrılmış mənzilin də yerləşdiyi bina Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin mənzil ehtiyaclarının və mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə inşa edilmişdir və onların sosial müdafiəsinin gücləndirilməsi tədbiri kimi qiymətləndirilməlidir. Belə ki, Qarabağ müharibəsi əlili kimi qeydiyyatda olmuş X8 (iddiaçının nənəsi) da aid olduğu vətəndaşların sosial rifahının, mənzil şəraitinin yaxşılaşdırılması dövlətin öncül prinsiplərindəndir və sözügedən qərar da məhz həmin məqsədlərə xidmət edir.

40. Nəzərə alınmalıdır ki, cavabdeh səlahiyyətli icra hakimiyyəti orqanı tərəfindən qəbul edilmiş həmin qərara bağlıdır və həmin qərarın məzmununa uyğun davranmağa borcludur. Həmçinin nəzərə almaq lazımdır ki, cavabdeh tərəfindən həmin qərar məzmun baxımından təftiş edilə və qüvvədə olduğu müddətdə həmin qərarın icrasından imtina oluna bilməz.

41. Hazırkı mübahisəyə münasibətdə qeyd edilən qərarın qüvvədə olduğu nəzərə alınmalı, iddiaçının sözügedən mənzilə mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün əsas qismində qiymətləndirilməli və yetərli sayılmalıdır. Bu baxımdan həmin mənzilin qeydiyyata alınmasına münasibətdə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsi tətbiq olunmalı və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün Yevlax rayonunda inşa olunmuş 36 mənzilli yaşayış binasındakı mənzillərin bölgüsünün həyata keçirilməsi məqsədilə xx.xx.2011-ci il tarixli 11/7-115 nömrəli əmrlə yaradılmış komissiyanın xx.xx.2011-ci il tarixli iclasının qərarı istinad olunmuş maddədə nəzərdə tutulmuş əsas qismində qəbul edilməlidir.

42. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, inzibati iş üzrə birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası İPM-in 12 və 48-ci maddələrində müəyyən edilmiş “İşin hallarının araşdırılması prinsipi”, “Məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri”nin tələbləri pozulmuşdur.

43. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən normaların tələblərini hazırkı iddia tələbi üzrə işin hallarına tətbiq edərək belə hesab edir ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edən inzibati orqanın hərəkətləri əsassız olmuş, işə baxan birinci instansiya məhkəməsi tam araşdırma aparmamış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermiş və bu səbəbdən də iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlməmişdir.

44. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən ləğv edilməli, apellyasiya şikayəti təmin edilməli, iddia təmin edilərək cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin üzərinə Yevlax şəhəri C.Mustafayev küçəsi ev 106A mənzil 3-də yerləşən mənzilin iddiaçının adına özəlləşdirilərək həmin mənzilə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi qoyulmalıdır.

45. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli 2-1(116)-101/2023 nömrəli qərarı ləğv edilsin. İnzibati iş üzrə yeni qərar çıxarılaraq iddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin üzərinə Yevlax şəhəri C.Mustafayev küçəsi ev 106A mənzil 3-də yerləşən mənzilin iddiaçının adına özəlləşdirilərək həmin mənzilə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi qoyulsun. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar