Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-165/2022 28.07.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi X4 və cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki ərazi idarəsinin nümayəndəsi Hacı-X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki ərazi idarəsinə qarşı “cavabdehin xx.xx.2021-ci il tarixli **********93 nömrəli imtinasının qanunsuz hesab edilməsi və Şəki rayonu Oxud kəndində yerləşən 109,6 kv.m torpaq sahəsinə verilmiş A 342128 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi və qanuni istifadəsində olan 0,09 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 20 aprel 2022ci il tarixli, 2-1(116)-78/2022 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2021-ci il tarixli **********93 nömrəli imtinasının qanunsuz hesab edilməsi və Şəki rayonu Oxud kəndində yerləşən 109,6 kv.m torpaq sahəsinə verilmiş A 342128 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi və qanuni istifadəsində olan 0,09 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, Şəki rayonu Oxud kəndində aqrar islahat aparılmamışdan əvvəl iddiaçının qanuni istifadəsində 0,23 ha torpaq sahəsi olmuş və halhazıradək iddiaçı həmin torpaq sahəsini istifadə edir. Həmin 0,23 ha torpaq sahəsi 4 müxtəlif yerlərdə yerləşir və islahat aparılan zaman iddiaçı və ailə üzvlərinə 399,46 kv.m həyətyanı sahəyə A342126 saylı, 410,88 kv.m həyətyanı torpaq sahəsinə A342127 saylı, 578,9 kv.m həyətyanı sahəyə A342125 saylı və 109, 6 kv.m həyətyanı sahəyə A342128 saylı plan-ölçü sənədi verilmişdir. Lakin sonuncu qeyd edilən torpaq sahəsi 0,09 ha olmasına baxmayaraq torpaq sahəsinin planı və ölçüsü sənədində 109,6 kv.m qeyd edilmişdir. İddiaçı hesab edir ki, belə olduğu halda onun torpaq sahəsi əskik gəlir. Belə ki, 4 yerdə yerləşən torpaq sahələrinin cəmi 1498,84 kv.m edir ki, bu halda 0,08 ha torpaq sahəsi əskik gəlir. İddiaçı A342128 nömrəli plan-ölçü sənədinin ləğv edilməsi və həmin həyətdə yerləşən 0,09 ha həyətyanı torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün cavabdeh orqana müraciət etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli imtina məktubunda, həmçinin xx.xx.2021-ci il tarixli “iddiaya qarşı rəsmi münasibət bildirilməsi barədə” məktubunda qeyd etmişdir ki, ərazi idarəsinin arxiv məlumatlarında İddiaçıa adına 399,46 kv.m həyətyanı sahəyə A342126 saylı, 410,88 kv.m həyətyanı torpaq sahəsinə A342127 saylı, 578,9 kv.m həyətyanı sahəyə A342125 saylı və 109, 6 kv.m həyətyanı sahəyə A342128 saylı planölçü sənədlərinin, 0,86 ha kənd təsərrüfatı təyinatlı təyinatlı torpaq sahəsinə dövlət aktının verilməsi barədə məlumat mövcuddur. Şəki rayonu Oxud kəndində yerləşən 109,6 kv.m torpaq sahəsinə ləğv edilmiş DTXK-nın Şəki rayon şöbəsi tərəfindən verilmiş A342128 nömrəli plan-ölçü sənədinin ləğv edilməsi ərazi idarəsinin salahiyyətlərinə aid deyildir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını, cavabdehin nümayəndəsi isə etiraz məktubunun məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. İş materiallarında olan: Dövlət arxivinin Şəki filialı tərəfindən məhkəməyə təqdim edilən 17 nömrəli təsərrüfatbaşına kitabının təsdiq edilmiş surətindən görünür ki, iddiaçı və ailə üzvlərinin istifadəsində 0,23 ha torpaq sahəsi vardır. A342126 nömrəli plan-ölçü sənədinin təsdiq edilmiş surətindən görünür ki, Şəki rayon AİK-nın xx.xx.1998-ci il tarixli 46 nömrəli qərarı ilə 399,46 kv.m həyətyanı torpaq sahəsi İddiaçı verilmişdir. A342125 nömrəli plan-ölçü sənədinin təsdiq edilmiş surətindən görünür ki, Şəki rayon AİK-nın xx.xx.1998-ci il tarixli 46 nömrəli qərarı ilə 578,9 kv.m həyətyanı torpaq sahəsi İddiaçı verilmişdir. A342127 nömrəli plan-ölçü sənədinin təsdiq edilmiş surətindən görünür ki, Şəki rayon AİK-nın xx.xx.1998-ci il tarixli 46 nömrəli qərarı ilə 410,88 kv.m həyətyanı torpaq sahəsi İddiaçı verilmişdir. A342128 nömrəli plan-ölçü sənədinin təsdiq edilmiş surətindən görünür ki, Şəki rayon AİK-nın xx.xx.1998-ci il tarixli 46 nömrəli qərarı ilə 109,6 kv.m həyətyanı torpaq sahəsi İddiaçı verilmişdir. A334044 nömrəli plan-ölçü sənədinin təsdiq edilmiş surətindən görünür ki, Şəki rayon AİK-nın xx.xx.1998-ci il tarixli 46 nömrəli qərarı ilə 5145 kv.m kənd təsərüfatı təyinatlı torpaq sahəsi İddiaçı verilmişdir. JN-0048 kod 40400058 nömrəli Dövlət aktının təsdiq edilmiş surətindən görünür ki, Şəki rayon AİK-nın xx.xx.1998-ci il tarixli 46 nömrəli qərarı ilə 0,86 ha kənd təsərüfatı təyinatlı torpaq sahəsi İddiaçı və ailə üzvlərinə verilmişdir. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli məktubuna əlavə edilmiş arayışda qeyd edilir ki, faktiki istifadədə olan torpaq sahələri ilə plan-ölçü sənədləri üzrə göstərilən cizgilər arasında konfiqurasiya fərqi var. İddiaçı və ailə üzvlərinə aid plan-ölçü sənədlərinə əsasən torpaq sahələri yaşayış məntəqələri torpaqları kateqoriyasına aid fərdi yaşayış evinin tikilməsi üçün nəzərdə tutulmuş əraziyə aiddir. Plan-ölçü sənədlərində qeyd edilən torpaq sahələri iddiaçı və onun ailə üzvlərinin mülkiyyətindədir. Cavabdehin xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyində qeyd edilir ki, İddiaçı iddiasında qeyd etdiyi torpaq sahəsi faktiki olaraq 670 kv.m olub döngə nöqtələri, koordinatları, iddiaçının faktiki və sənəd üzrə olan torpaq sahəsi tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Həmin torpaq sahəsi yaşayış məntəqəsi torpaqları kateqoriyasına aid, uqodiyası əkin olmaqla, fərdi yaşayış evlərinin tikilməsi üçün nəzərdə tutulmuşdur. Mütəxəssis rəyinə əlavə edilmiş mübahisəli torpaq sahəsinin yerquruluşu planına əsasən müəyyən edilir ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi ilə ona məxsus A342128 nömrəli plan ölçü sənədində göstərilən torpaq sahələrinin konfiqurasiyaları fərqli olmaqla müxtəlif ərazilərdir. Şəki İnzibati Məhkəməsinin (hakim Fərid İsmayılzadə) 20 aprel 2022-ci il tarixli, 2- 1(116)-78/2022 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki ərazi idarəsinə qarşı “cavabdehin xx.xx.2021ci il tarixli **********93 nömrəli imtinasının qanunsuz hesab edilməsi və Şəki rayonu Oxud kəndində yerləşən 109,6 kv.m torpaq sahəsinə verilmiş A 342128 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi və qanuni istifadəsində olan 0,09 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. İddiaçı apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 20 aprel 2022-ci il tarixli, 2- 1(116)-78/2022 nömrəli qərarının ləğv edilmısini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətinin təmin edilməsini Şəki İnzibati Məhkəməsinin 20 aprel 2022-ci il tarixli, 2-1(116)-78/2022 nömrəli qərarının ləğv edilmısini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin 20 aprel 2022-ci il tarixli, 2-1(116)-78/2022 saylı qərarının ləğv edilməsini, iddianın təmin edilməsinə dair yeni məhkəmə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki ərazi idarəsinin nümayəndəsi X2 oğlu apellyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin 20 aprel 2022-ci il tarixli, 2-1(116)-78/2022 saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia tələbi əsassızdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139.3-cü maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli 713-İİQ nömrəli Qanununa əsasən, qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1). Qanunun 8.0-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunan halları müəyyən edilmiş, 15-ci maddəsində isə hüquqların qeydə alınmasından imtina oluna bilən hallar öz təsbitini tapmışdır. Belə ki, Qanununun 8.0.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qanunun 10.2-ci maddəsinə görə, hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Həmin Qanunun 11.1-ci maddəsinə görə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər; 23.2-ci maddəsinə görə isə daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı iə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlər hesab olunur: 2.1. şəhər və rayon xalq deputatları sovetləri tərəfindən 1992-ci il yanvarın 24-dən 1995-ci il dekabrın 19-dək verilmiş torpağa mülkiyyət, sahiblik, daimi istifadə hüququna dair dövlət aktı və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə; 2.2. şəhər və rayon xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9-dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş qərar; 2.3. kəndlərdə, o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış; 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda); 2.5. Yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri; 2.6. fərdi mənzil, habelə kooperativ evlərin və bağların tikilməsi üçün mənzil-tikinti və bağ-tikinti kooperativlərinə, çoxmənzilli yaşayış evlərinin tikintisi üçün fərdi evtikdirənlərin mənzil-tikinti kollektivlərinə torpaq sahələrinin ayrılması barədə müvafiq olaraq şəhər, qəsəbə və kənd xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən 1991-ci il noyabrın 9-dək qəbul edilmiş qərarlar. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 12.4-cü maddəsinə əsasən kənd təsərrüfatı yerləri (uqodiyaları) xüsusi olaraq qorunur. Bu torpaqların qeyri-kənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsinə müstəsna hallarda bu Məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada, müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı ilə yol verilir; 13.1-ci maddəsinə əsasən kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir; 12.3-cü maddəsinə əsasən kənd təsərrüfatı təyinatlı torpaqlardan başqa məqsədlər üçün istifadə edilməsi bu Məcəllənin 9-cu maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş qaydada həyata keçirilir; 66.1-ci maddəsinə əsasən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur; 67.1-ci maddəsinə görə torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır; 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur; 111.2-ci maddəsinə görə özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Birinci instansiya məhkəməsinin araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçı iddia tələbində adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını tələb etdiyi 0,09 ha torpaq sahəsinə dair hər-hansı hüquqmüəyyənedici sənədə malik deyildir. Eyni zamanda birinci instansiya məhkəməsinin araşdırması nəticəsində və mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi 670 kv.m ölçüdə olmaqla adına Torpaq sahəsinin planı və ölçüsü sənədi rəsmiləşdirilmiş torpaq sahəsindən fərqli ərazidə və konfiqurasiyada yerləşir. Eyni zamanda iş materiallarına əlavə edilmiş Şəki rayon AİK sıdri tərəfindən 1999cu ildə təsdiq edilmiş Şəki rayonunun Oxud kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahəsinə aid cədvəlin 6-cı bəndinə əsasən müəyyən edilir ki, iddiaçının və ailə üzvlərinin qanuni istifadəsində 0,08 ha həyətyanı torpaq sahəsi olmuşdur. Bununla yanaşı iş materiallarına əlavə edilmiş iddiaçıya münasibətdə tərtib edilmiş Torpaq sahəsinin planı və ölçüsü sənədləri əsasında müəyyən edilmişdir ki, Şəki rayon AİK-in xx.xx.1998-ci il tarixli qərarı ilə iddiaçıya ümumilikdə 0,14 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. İşin faktiki hallarına qeyd olunan normaların tələblərinin tətbiqi baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Belə ki, iddiaçının öz tələbini əsaslandırmaq üçün gətirdiyi dəlillər, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır. İddiaçı adına rəsmiləşdirilərək daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsini tələb etdiyi torpaq sahəsinə dair hər-hansı hüquqmüəyyənedici sənədə malik deyildir. Məhkəmə kollegiyası inzibati mübahisə üzrə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır. Habelə iddiaçı apellyasiya məhkəməsinin iclasında apellyasiya şikayətində irəli sürdüyü dəlillərini təsdiq edəcək heç bir sübut təqdim edə bilmədi. İPM-in 87.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Apellyasiya şikayətinin dəlilləri isə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 20 aprel 2022-ci il tarixli, 2-1(116)-78/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(107)-165/2022
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-165/2022
28.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver