Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-165/2023 23.02.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin Cavabdeh qarşı "cavabdehin xx.xx.2022 tarixə qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 1090.41 manat məbləğində borcun ödənilməsi təmin edilməsi məqsədi ilə 1100 manat məbləğində siyahıya alınmış əmlakının ticarət şəbəkəsində satılması" tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 27 dekabr 2022-ci il tarixli, 2-1(116)-2685/2022 nömrəli qərarından Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə müraciət edərək cavabdehin borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 1090.41 manat məbləğində borcun ödənilməsi təmin edilməsi məqsədi ilə 1100 manat məbləğində siyahıya alınmış əmlakının ticarət şəbəkəsində satılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinə əsasən müəyyən edilir ki, vergi ödəyicisi olan Cavabdeh Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müdətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun Dövlət Sosial Müdafiə Fonduna borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində müvafiq fonda ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx.xx.2022-ci il tarixli qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin xx.xx.2022-ci il tarixə yaranan 1090.41 manat borcuna görə 1100 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə xx.xx.2022-ci il tarixli **********4 saylı Protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın vərəqədən ibarət siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc müvafiq fonda ödənilmədiyi halda siyahıya alınmış əmlakın satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixə yuxarıda qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna 1090,41 manat ödənilməmiş borcu qalmışdır. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmişdir. Birinci instansiya məhkəməsinin iclasının yeri və vaxtı barədə iddiaçı və cavabdeh lazımi qaydada xəbərdar edilmişdir. Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İddiaçı işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Aşağıdakı sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. - İddiaçı tərəfindən “Əmlakın siyahıya alınması haqqında” xx.xx.2022-ci il tarixli qərar qəbul edilmişdir. - “Əmlakın siyahıya alınması haqqında” xx.xx.2022-ci il tarixli protokola əlavədən görünür ki, cavabdehə məxsus (qiyməti 500 manat olan “Media” 1 ədəd kondisioner 80 m2 qiyməti 600 manat olan 1 ədəd “Uğur” qırmızı rəngdə soyuducu) iddiaçı tərəfindən siyahıya alınmışdır. - “Vergi ödəyicisinin siyahıya alınmış əmlakının məsul saxlanmaya verilməsi haqqında haqqında” xx.xx.2022-ci il tarixli aktdan görünür ki, siyahıya alınmış əmlak saxlanılması üçün cavabdehə təhvil verilmişdir. “Fiziki şəxs haqqında məlumat”dan görünür ki, cavabdeh ( VÖEN **********) Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyatdadır. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 27 dekabr 2022-ci il tarixli, 2- 1(116)-2685/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, Cavabdeh iddia ərizəsi verilən tarixə Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 1090,41 manat məbləğində borcunun ödənilməsini təmin edilməsi məqsədi ilə cəmi 1100 manat (qiyməti 500 manat olan “Media” 1 ədəd kondisioner 80 m2 qiyməti 600 manat olan 1 ədəd “Uğur” qırmızı rəngdə soyuducu) əmlakın ticarət şəbəkələrində satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək öhdəliyinin iddiaçının üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 27 dekabr 2022-ci il tarixli, 2-1(116)-2685/2022 nömrəli qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, Şəki İnzibati Məhkəməsinin qərarı əsassızdır. Belə ki, məhkəmə iddianı təmin edərkən iddiaçı tərəfindən qəbul edilmiş "Əmlakın siyahıya alınması haqqında" xx.xx.2022-ci il tarixli qərarı, "Əmlakın siyahıya alınması haqqında" xx.xx.2022-ci il tarixli protokola əlavəni (cavabdehə məxsus qiyməti 500 manat olan "Media" 1 ədəd kondisioner 80 m2, qiyməti 600 manat olan 1 ədəd "Uğur" qırmızı rəngdə soyuducusu iddiaçı tərəfindən siyahıya alınmışdır) və "Vergi ödəyicisinin siyahıya alınmış əmlakının məsul saxlanmaya verilməsi haqqında" xx.xx.2022-ci il tarixli aktını əsassız olaraq mötəbər sübut kimi qəbul etmişdir. 29 dekabr 2021-ci il tarixli icarə müqaviləsi ilə X2 mülkiyyətində olan, Şəki şəhəri, S.Rəhman küçəsində yerləşən, sahəsi 167, 75 kv m olan qeyri-yaşayış sahəsini (yeməkxana "Fantan 1" kafesi) sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün ona 5 il müddətinə icarəyə vermişdir. Göründüyü kimi həmin kafe və içərisindəki bütün əşyalar qeyri-yaşayış binasının mülkiyyətçisi X1 məxsusdur və onun əmlaklarıdır. Belə olduqda başqasının əmlakı ona məxsus əmlak kimi siyahıya alına bilməz, satışa çıxarıla bilməz. Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi ödəyicisi vergi öhdəliyini yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablabnmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək məqsədilə vergi ödəyicisinin əmlakı siyahıya alına bilər və həmin əmlakların ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün vergi orqanı məhkəməyə müraciət edə bilər. Hazırkı halda isə vergi orqanı tərəfindən vergi ödəyicisinə, yəni ona məxsus olmayan əmlaklar vergi orqanı tərəfindən siyahıya alınmış, həmin əmlakların satılması haqqında məhkəmə qərar qəbul etmişdir. Göründüyü kimi məhkəmə tərəfindən işin faktiki halları tam araşdırılmamış, siyahıya alınmış əmlakların kimə məxsus olması aydınlaşdırılmamış, işin tam, obyektiv və hərtərəfli araşdırılaraq həqiqətin üzə çıxarılması məqsədilə siyahıya alınmış əmlakların həqiqi sahibi işə cəlb edilməmiş, dəlilləri məhkəmə tərəfindən nəzərə alınmamış, hüquqi qiymət verilməmiş (icarə müqaviləsi, əmlakların kimə məxsus olması), nəticədə qanunsuz və əssız qərar qəbul edilmişdir. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini Şəki İnzibati Məhkəməsinin 27 dekabr 2022-ci il tarixli, 2-1(116)-2685/2022 nömrəli qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının hazırkı iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər iştirak etməmişdir. Məhkəmə kollegiyası tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Lakin cavabdehin apellyasiya şikayəti uğurlu sayılmır. Belə ki, o, mahiyyət etibarı ilə əsaslı deyildir. Ona görə də, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 1.4-cü maddəsinə əsasən bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Həmin Məcəllənin 16.1.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək - vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 23.1.15-1-ci maddəsinə əsasən hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması (əmlak satışı ilə bağlı olmayan ümumi qaydada iddia), yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış dövlət əmlakının, habelə digər daşınmaz əmlakının və dəyəri 5000 manatdan artıq olan daşınar əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakının isə ticarət şəbəkələrində satılması barədə məhkəmədə iddia qaldırmaq və məhkəmə qərarları üzrə həmin əmlakların satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. Həmin Məcəllənin 90.1-ci maddəsinə əsasən, vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Cavabvdeh Cavabdeh apellyasiya şikayətində qeyd etdiyi vergi orqanı tərəfindən siyahıya alınmış 1 ədəd “Media” markalı kondisionerin və 1 ədəd “Uğur” markalı soyuducunun onun əmlakı olmaması dəlili ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Halbuki, iş materiallarından görünür ki, o xidmət göstərdiyi kafedə həmin daşınar əmlaklara sahiblik etmiş və həmin daşınar əmlaklar onun istifadəsində olmuşdur. Məhkəmə kollegiyası inzibati mübahisə üzrə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır. İPM-in 87.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Apellyasiya şikayətinin dəlilləri isə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 27 dekabr 2022-ci il tarixli, 2-1(116)-2685/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(107)-165/2023
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-165/2023
23.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver