Məhkəmə qərarları › İş №2-1(107)-166/2023

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-166/2023

23.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-166/2023 23.02.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbəlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı adının və soyadının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhlinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunan müvafiq siyahıya daxil edilməsi tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli, 2-1(116)-2234/2022 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbəlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən adının və soyadının Azərbaycan Respublikasının Əmək və Əhlinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunan siyahıya daxil edilməsi və Azərbaycan Respublikasının Əmək və Əhlinin Sosial Müdafiəsi Nazirliyindən Hərbi xidmət vəzifələrini (xidmət vəzifələri) yerinə yetirərkən alınmış hərbi travma və ömürlük İİ qrup dərəcəsi təyin edilmiş hərbi qulluqçuya məbləğin alınmasına (qan pulunun ödənilməsinə) dair qərar qəbul edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iddia tələbinin dəyişdirilməsi barədə ərizəsi təqdim edərək “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən adının və soyadının Azərbaycan Respublikasının Əmək və Əhlinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunan siyahıya daxil edilməsi” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçının iddianın dəyişdirilməsi barədə ərizəsi təmin edilmişdir. İddia ərizəsinə əsasən iddiaçı xx.xx.1982-ci ildə hərbi xidmət vəzifələrini yerinə yetirərkən aldığı travma əsasında Papanin Hərbi Hospitalından hava nəqliyyatı ilə Moskva şəhərində yerləşən SSRİ Silahlı Qüvvələrinin N.Burdenko adına Baş Hərbi Klinik Hospitalına aparılaraq uzun müddət müalicə olunmuş və sonralar 1990-cı ilə qədər mütəmadi olaraq müalicələri davam etmişdir. 1986-cı ildə müalicəsi başa çatdıqda SSRİ Müdafiə Nazirliyinin Baş Hərbi Həkim Komissiyası tərəfindən tibbi müayinədən keçərək, xx.xx.1986-cı il tarixdə 183 saylı tibbi şəhadətnamə verilmişdir. Ehtiyatda olduğum müddətdən həkim nəzarəti altında yaşayır. Şəki şəhər 19 saylı Ərazi Tibbi Sosial Ekspertiza Komissiyasına 2005-ci ilin yanvar ayında müraciət etmiş və SSRİ Silahlı Qüvvələrindən verilmiş 183 saylı tibbi şəhadətnaməni təqdim edəndə sənədi qəbul etməmişlər. xx.xx.2005-ci ildə 139 saylı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının qərarını alaraq, Şəki 19 saylı Ərazi TSEK-ə təqdim etmişdir. xx.xx.2006-cı ildə ona İİ dərəcə əlillik qrupu təyin olunmuşdur. Əlilliyin səbəbi "Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar". Sığortaya müraciət edərkən izah olunmuşdur ki, "əlillik” ömürlük təyin olunanda müraciət etsin. 2016-cı ildə əlillik ömrülük təyin olunmuş və həmin il dövlət icbari şəxsi sığortası haqqında müraciət etmişdir. Sığorta ödənişi haqqında Milli Məclisin 03 noyabr 2021-ci il tarixli plenar iclasında xidmət vəzifələrini yerinə yetirərkən xəsarət almış və nəticədə əlil olmuş hərbi qulluqçulara müvafiq normativ hüquqi aktın məsələsi müzakirə olunaraq qiymətləndirilmişdir. 03 dekabr 2021-ci il tarixdə Milli Məclis qərar qəbul etmişdir ki, həmin sığorta ödənişi ödənilsin. 2021ci ilin dekabr ayının axırlarında Azərbaycan Respublikası Prezidentinin Fərmanlarına əsasən "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası” sahəsində bütün səlahiyyətlər 2022-ci ilin yanvar ayının 1-dən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilmişdir. Fərmanda qeyd olunan bütün nazirliklər, strukturlar, qurumlar dövlət şəxsi sığortasını hal-hazıra kimi almamış hərbi qulluqçuların siyahılarını Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etməlidir. O da Fərmanla tanış olduqdan sonra xx.xx.2022-ci ildə ərizə ilə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisinə müraciət etmişdir. Təkrarən xx.xx.2022-ci il tarixdə yenidən ərizə ilə müraciət edərək, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə siyahı təqdim olunmalıdır, əgər adı siyahıda qeyd olunmayıbsa, adının və soyadının siyahıya qeyd olunmasını xahiş etmişdir. Cavbdeh tələbin təmin olunmasından imtina etmişdir. Cavabdeh etirazını belə əsaslandırmışdır ki, iddiaçı İsayev X3 rayon hərbi komissarlığında qulluq edərkən xx.xx.1982-ci il tarixdə xidməti ezamiyyətdən qayıdarkən avtomobil qəzasına düşmüş, baş və boğaz nahiyəsindən travmalar almışdır. xx.xx.1986-cı il tarixdə SSRİ Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilmişdir. Sonradan xx.xx.2005-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilmiş, yeni qərar qəbul edilmiş və adıçəkilən xx.xx.1986-cı il tarixli qərar ləğv edilmişdir. Qeyd olunanlardan da görünür ki, İddiaçı travmanı (əlliyini) Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar deyil, xidməti ezamiyyətdən qayıdarkən 1982-ci ildə almış və bu səbəbdən onun adının Fərmanın 7-ci bəndi ilə nəzərdə tutulmuş siyahıya əlavə edilməsi tərəflərindən mümkün olmamışdır. Tərəflərə birinci instansiya məhkəməsinin iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Mübahisənin həlli üçün aşağıdakı sənədlər birinci instansiya məhkəməsinə təqdim olunmuşdur. İş materiallarında olan: Cavadehin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki,iddiaçının inzibati orqana ilkin müraciəti təmin edilməmişdir. e-Sosial arayışdan görünür ki, iddiaçıya müddətsiz İİ dərəcə əlillik verilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2005-ci il tarixli Qərarından görünür ki, İddiaçı “Qırtlağın və traxeyanın boyun hissəsinin qapalı travmasına (xx.xx.1982-ci il) görə aparılmış rekonstruktiv cərrahi əməliyyatlardan sonraki çapıqlaşma nəticəsində səsyaranma və tənəssüf funksiyalarının davamlı çətinləşməsi, boyunun ön nahiyyəsinin bərkimiş dəri çapıqları və transplantatı” daiqnozu qoyulmuşdur. Azərbaycan Respublikası SHXÇDX-nın Şəki rayon şöbəsinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, ehtiyyatda olan polkovnik-leytenant 1954-cü il təvəllüdlü İddiaçı xx.xx.1972-ci il tarixdən xx.xx.1992-ci il tarixədək SSRİ Silahlı Qüvvələrində, xx.xx.1992-ci il tarixdən xx.xx.1999-cu il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmət keçmişdir. xx.xx.2004-cü il tarixdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki rayon şöbəsində hərbi qeydiyyatdadır. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 06 dekabr 2022-ci il tarixli, 2- 1(116)-2234/2022 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbəlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə “cavabdeh tərəfindən adının və soyadının Azərbaycan Respublikasının Əmək və Əhlinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunan siyahıya daxil edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. İddiaçı apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli, 2- 1(116)-2234/2022 nömrəli qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, o, xx.xx.1982-ci ildə hərbi xidməti vəzifələrini yerinə yetirərkən aldığı travma əsasında Papanin Hərbi Hospitalından hava nəqliyyatı ilə Moskva şəhərində yerləşən SSRİ Silahlı Qüvvələrinin N.Burdenko adına Baş Hərbi Klinik Hospitalına aparılaraq uzun müddət müalicə olunmuş və sonralar 1990-cı ilə qədər mütəmadi olaraq müalicələri davam etdirmişdir. 1986-cı ildə müalicəsi başa çatdıqdan sonra SSRİ Müdafiə Nazirliyinin Baş Hərbi Həkim Komissiyası tərəfindən tibbi müayinədən keçirilərək ona xx.xx.1986-cı il tarixdə 183 saylı tibbi şəhadətnamə verilmişdir. Ehtiyatda olduğu müddətdən həkim nəzarəti altında yaşayır. Şəki şəhəri 19 saylı Ərazi Tibbi Sosial Ekspertiza Komissiyasına 2005-ci ilin yanvar ayında müraciət etmiş və SSRİ Silahlı Qüvvələrindən verilmiş 183 saylı tibbi şəhadətnaməni təqdim etmişdir. Həmin vaxt sənədi qəbul etməmişlər. xx.xx.2005-ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 139 saylı qərarını alaraq Şəki 19 saylı Ərazi TSEK-ə təqdim etmişdir. xx.xx.2006-cı ildə ona İİ dərəcə əlillik qrupu təyin olunmuşdur. Əlilliyin səbəbi kimi "Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqar" göstərilmişdir. 2016-cı ildə əlillik ona ömürlük təyin olunmuşdur. Göründüyü kimi o, Azərbaycan Respublikası Silahlı Qüvvələrində xx.xx.1992-xx.xx.1999-cu ilərdə xidmət etmiş, xx.xx.2006-cı ildə ona İİ dərəcəli əlillik təyin edilmişdir. Əlilliyin səbəbi kimi "Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar" göstərilmişdir. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini Şəki İnzibati Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli, 2-1(116)- 2234/2022 nömrəli qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli, 2-1(116)-2234/2022 nömrəli iş üzrə qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının hazırkı iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi). . Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Lakin iddiaçının apellyasiya şikayəti uğurlu sayılmır. Belə ki, o, mahiyyət etibarı ilə əsaslı deyildir. Ona görə də, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının, habelə onların ailə üzvlərinin sosial müdafiəsini gücləndirməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2021-ci il tarixli, 1523 nömrəli Fərmanı (bundan sonra - Fərmanın) ilə təsdiq edilmişdir. Fərmanın 1-ci bəndinə əsasən, 1997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan halların baş verməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə aşağıdakı məbləğlərdə birdəfəlik ödəmələrin (İ dərəcə əlilliyə görə - 8 800 manat; İİ dərəcə əlilliyə görə - 6 600 manat; İİİ dərəcə əlilliyə görə - 4 400 manat) verilməsi nəzərdə tutulmuşdur. Həmin Fərmanın 7-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikası Strateji X2 Agentliyi, Azərbaycan Respublikası Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının siyahısını iki ay müddətində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etsinlər. Fərmanın 4.1-ci bəndinin icrasını təmin etmək məqsədilə “1997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara, daxili işlə orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə birdəfəlik ödəmənin verilməsi Qaydası bundan sonra - Qaydanın) Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il arixli, 271 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Qaydanın 1.2-ci bəndinə əsasən, birdəfəlik ödəmə Fərmanın 1-ci hissəsinə uyğun olaraq aşağıdakı kateqoriyadan olan hərbi qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə (bundan sonra - birdəfəlik ödəmə almaq hüququ olan şəxslər) verilir: 1.2.1. 1997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə; 1.2.2. 1997-ci il avqustun 2-dək olan xidmət dövründə “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan halların baş verməsi nəticəsində əlilliyi müəyyən edilmiş şəxslərə; 1.2.3. 1997-ci il avqustun 2-dək olan xidmət dövründə bu Qaydanın 1.2.1-ci və ya 1.2.2-ci yarımbəndlərində nəzərdə tutulan səbəblərdən əlilliyi müəyyən edilmiş, lakin sonradan təkrar əlilliyi müəyyən edilməmiş şəxslərə; 1.2.4. 1997-ci il avqustun 2-dək olan xidmət dövründə bu Qaydanın 1.2.1-ci və ya 1.2.2-ci yarımbəndlərində nəzərdə tutulan səbəblərdən əlilliyi müəyyən edildiyinə görə bu Qaydanın 3.1-ci bəndi ilə müəyyən edilmiş məbləğdən az sığorta ödənişi almış şəxslərə; 1.2.5. bu Qaydanın 1.2.1-1.2.4-cü yarımbəndlərində nəzərdə tutulan şəxslərin vərəsələrinə. Fərmanın və Qaydanın normalarından görünür ki, birdəfəlik ödəmə 1997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin ç” bəndində nəzərdə tutulan halların baş verməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə verilir. İddiaçının hüquqi marağı adının cavabdeh tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhlinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunan müvafiq əlillik səbəbi ilə birdəfəlik ödəmə verilməli olan şəxslər siyahısına daxil edilməsindən ibarət olmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən işin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı xx.xx.1982-ci il tarixdə xidməti ezamiyyətdən qayıdarkən avtomobil qəzasına düşmüş, müxtəlif travmalar almışdır. Bu baxımdan da o, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının, habelə onların ailə üzvlərinin sosial müdafiəsini gücləndirməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2021-ci il tarixli, 1523 nömrəli Fərmanına və “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanuna əsasən birdəfəlik ödəmə almaq hüququ olan şəxslər kateqoriyasına aid deyildir. Beləliklə yuxarıda şərh olunanlara əsasən birinci instansiya məhkəməsi düzgün hesab etmişdir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Məhkəmə kollegiyası inzibati mübahisə üzrə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır. Habelə iddiaçı apellyasiya məhkəməsinin iclasında apellyasiya şikayətində irəli sürdüyü dəlillərini təsdiq edəcək heç bir sübut təqdim edə bilmədi. İPM-in 87.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Apellyasiya şikayətinin dəlilləri isə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli, 2-1(116)-2234/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar