Məhkəmə qərarları › İş №2-1(107)-167/2022

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-167/2022

25.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-167/2022 25.08.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil və Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “1 (bir) nəfər ailə tərkibi ilə mənzil növbəsinə alınmasına dair sərəncam verilməsi, sərəncam verildikdən sonra Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 174 nömrəli xx.xx.2012-ci il tarixli Qərarına uyğun müvəqqəti mənzil kirayəsinə görə kompensasiya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 7 aprel 2022-ci il tarixli, 2-1(116)-194/2022 nömrəli qərarından İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1 (bir) nəfər ailə tərkibi ilə mənzil növbəsinə alınmasına dair sərəncam verilməsi, sərəncam verildikdən sonra Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 174 nömrəli xx.xx.2012-ci il tarixli Qərarına uyğun müvəqqəti mənzil kirayəsinə görə kompensasiya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçının iddia tələbinin əsaslarına görə, iddiaçı xx.xx.1993-cü ildən xx.xx.2000-ci il tarixədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçməklə zabit kimi qulluq etmişdir. İddiaçı xx.xx.2000-ci il tarixdə Müdafiə nazirinin əmri ilə xidmət müddəti başa çatdığına görə ehtiyata buraxılmışdır. İddiaçı xx.xx.2020-ci il tarixdə “Səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən səfərbər edilmiş və Qarabağın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak etmiş, xx.xx.2020-ci il tarixdə tərxis olunmuşdur. İddiaçı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 174 nömrəli xx.xx.2012-ci il tarixli Qərarını və “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununu əsas götürərək mənzil kirayəsinə görə kompensasiya ödənilməsinə dair cavabdeh orqana müraciət etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixli imtina məktubudna qeyd etmişdir ki, iddiaçı Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən xx.xx.2000-ci ildə tərxis olunmuş, anasına məxsus 4 otaqlı mənzildə qeydiyyatdadır və orada yaşayır. Mingəçevir ŞİH-də mənzil növbəsinə götürülməmişdir. Bu səbəblə də mənzil kirayəsinə görə kompensasiyanın ödənilməsinə əsas yoxdur. Birinci instansiya məhkəməsinin sərəncamının icrasının təmin edilməsi məqsədilə cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli etiraz məktubunda qeyd edilmişdir ki, iddiaçı xx.xx.2021-ci il tarixdə şəhər icra hakimiyyətinə ərizə ilə müraciət edərək ehtiyatda olan zabit kimi ona Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2012-ci il tarixli 174 nömrəli qərarı ilə nəzərdə tutulmuş qaydada müvəqqəti mənzil kirayə haqqının ödənilməsini xahiş etmişdir. Nazirlər Kabinetinin 174 nömrəli xx.xx.2012-ci il tarixli “Ehtiyata və ya istehfaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Qərarına əsasən yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və istehfaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara seçdikləri yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay kompensasiya ödənilir. İddiaçı xx.xx.1993-cü ildən xx.xx.2000-ci ilədək həqiqi hərbi xidmətdə olmuş zabitdir. O, xidmət müddəti başa çatdığına görə ordudan tərxis olmuşdur. 2000-ci ildən Mingəçevir şəhərində yaşamış, mənzil növbəsinə alınması ilə bağlı şəhər İcra Hakimiyyətinə müraciət etməmişdir. Nazirlər Kabinetinin Qərarında isə mənzil kirayə haqqının ödənilməsinə hüququ olan zabit, gizir və miçmanların dairəsi dəqiq göstərilmişdir. Bunlar yaşa, xəstəliyə, ailə vəziyyətinə görə və 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə istefaya və ya ehtiyata buraxılmış şəxslərdir və həmin şəxslər yerli İcra Hakimiyyətində mənzil uçotuna alınmalıdırlar, yəni həmin şəxslər Mənzil qanunvericilinə görə yaşayış sahəsinə ehtiyacı olan şəxs hesab edilməli və uçota onların götürülmələri üçün əsas olmalıdır. İddiaçı subaydır, anasına məxsus 4 otaqlı, yaşayış sahəsi 59,85 kv.m mənzildə qeydiyyatdadır. Mənzildə ondan başqa anası, iki bacısı və iki bacısı uşağı olmaqla cəmi 6 nəfər yaşayır ki, bu da Mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş adambaşına düşən yaşayış normasına uyğundur. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iştirak edən iddiaçı, iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək tələbin təmin olunmasını xahiş etmişlər. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz məktubunun məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin (hakim Fərid İsmayılzadə) 07 aprel 2022-ci il tarixli, 2- 1(116)-194/2022 nömrəli qərarı ilə İddiaçı Cavabdehnə qarşı “1 (bir) nəfər ailə tərkibi ilə mənzil növbəsinə alınmasına dair sərəncam verilməsi, sərəncam verildikdən sonra Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 174 nömrəli xx.xx.2012-ci il tarixli Qərarına uyğun müvəqqəti mənzil kirayəsinə görə kompensasiya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının təmin edilməməsini qərara alınmışdır. İddiaçı X2 apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 07 aprel 2022-ci il tarixli, 2-1(116)-194/2022 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı X2 apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin 07 aprel 2022-ci il tarixli, 2-1(116)-194/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin 07 aprel 2022-ci il tarixli, 2-1(116)-194/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi X3 apellyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin 07 aprel 2022-ci il tarixli, 2-1(116)-194/2022 nömrəli qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma hissəsi İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 07 aprel 2022-ci il tarixli, 2-1(116)-194/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İşdə olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər şöbəsinin xx.xx.2022-ci il tarixli 14 nömrəli arayışında qeyd edilir ki, iddiaçı həqiqətən xx.xx.1993-cü il tarixdən xx.xx.2000-ci il tarixə kimi Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. Azərbaycan Respublikasının Müdafiə nazirinin xx.xx.2000-ci il tarixli müvafiq əmrinə əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “a” bəndinə əsasən xidmət müddəti başa çatdığına görə ehtiyata buraxılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020ci il tarixli Sərəncamına və “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Qanuna əsasən xx.xx.2020-ci il tarixdə qismən səfərbərliyə cəlb edilmiş, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi həqiqi hərbi xidmətdə olmuşdur. xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi N nömrəli hərbi hissənin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmişdir. Göstərilənlər iş materiallarına surəti əlavə edilmiş və birinci instansiya məhkəməsinin məhkəmə iclasında əsli tədqiq olunmuş iddiaçıya məxsus ZE ******* nömrəli hərbi biletlə də öz təsdiqini tapmışdır. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 12.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri kündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim, ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. Hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar əlilliyi müəyyən edilmiş və bununla əlaqədar hərbi xidmətdən buraxılmış hərbi qulluqçulara seçdikləri yaşayış yerində mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi növbədənkənar verilir. “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 6 avqust tarixli 174 nömrəli Qərarının: 1-ci bəndinə görə, yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir: 1.1. Bakı şəhərində – 150 manat, 1.1-1. Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda – 100 manat, 1.2. başqa şəhər və rayon mərkəzlərində – 75 manat, 1.3. digər yaşayış məntəqələrində –55 manat. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçı SQ-də xx.xx.1993-cü ildən xx.xx.2000-ci ilədək zabit kimi həqiqi hərbi xidmətdə olmuş, Müdafiə nazirinin xx.xx.2000-ci il tarixli müvafiq əmrinə əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “a” bəndinə əsasən xidmət müddəti başa çatdığına görə ehtiyata buraxılmışdır. Sonradan qismən səfərbərliklə əlaqədar xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci ilədək yenidən həqiqi hərbi xidmət olmuşdur. Qeyd edilənlərə əsasən iddiaçının cəmi həqiqi hərbi xidmət müddəti 7 il 11 ay 10 gün təşkil edir. Yuxarıda qeyd edilən hüquqi normalara əsasən iddiaçının yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ o halda mövcud olacaqdır ki, iddiaçı Silahlı Qüvvələrdə 15 təqvim ili və daha çox xidmət etmiş olsun. İddiaçı isə bu tələbə cavab vermir. İddia tələbinin müvəqqəti mənzil kirayəsinə görə kompensasiya ödənilməsi hissəsi ilə bağlı birinci instansiya məhkəməsi qeyd etmişdir ki, yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiya ödənilir. İddiaçının həqiqi xidmət ili qeyd edilən 5 təqvim ilindən çox olsa da o, yuxarıda göstərilən əsaslardan heç birinə görə deyil, Müdafiə nazirinin xx.xx.2000-ci il tarixli müvafiq əmrinə əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “a” bəndinə əsasən xidmət müddəti başa çatdığına görə buraxılmışdır. Belə bir kateqoriyadan olan hərbi qulluqçular ehtiyata və ya istefaya buraxıldıqda mənzil kirayəsinə görə kompensasiyanın ödənilməsi qanunla nəzərdə tutulmamışdır. İddiaçı məhkəmə kollegiyasına Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xx.xx.2022-ci il tarixli, 8/2035 saylı məktubunu təqdim edərək onunla əsaslandırmağa çalışımışdır ki, “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, feldyeger rabitəsi, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 631 nömrəli 23 noyabr 1992-ci il tarixli Qərarının (Azərbaycan Respublikası Prezidentinin 122 nömrəli 13 sentyabr 2004-cü il tarixli Fərmanı qüvvəyə minənədək) qüvvədə olmuş 2-ci hissəsinin “a” bəndinin birinci və ikinci abzaslarının müddəalarına, habelə Azərbaycan Respublikası Müdafiə nazirinin müvafiq əmrlərinə əsasən, sorğuda qeyd etdiyiniz, istefada olan baş leytenant İddiaçı 30 yanvar 1993-cü il tarixdən 27 oktyabr 2000-ci il tarixədək Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində N il N ay N gün həqiqi hərbi xidmət müddətinin bir günü üç gün kimi güzəştli qaydada sayılaraq nəticədə 15 il 05 ay 24 gün təşkil edir. Odur ki, onun 15 ildən artıq xidməti ili olmuş, ona görədə ona məzilə bağlı kompensasiya ödənilməlidir. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki,xidmət illərinin bir günə üç günlə hesablanması Nazirlər Kabinetnin 631 nömrəli, 23 noyabr 1993-cü il qərarı ilə yalnız hərbi qulluqçulara pensiya təyin edilərkən nəzərdə tutulmuşdur.. Lakin “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunun 12.2-ci maddəsi güzəştli şərtlərlə deyil, yalnız təqvim ilinə görə hesablanmış xidmət illərini əsas götürür. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdeh tərəfindən razılığın və ya icazənin verilməsini konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Apellyasiya şikayətinin dəlilləri isə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərаrа аldı: İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 07 aprel 2022-ci il tarixli, 2-1(116)-194/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar