Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-167/2024 28.03.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Yevlax rayon Xaldan Bələdiyyəsinə qarşı “Yevlax rayon Quşçu kəndində yerləşən yarımçıq tikilinin və həmin tikilinin yerləşdiyi torpaq sahəsinin mülkiyyətinə verilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 30 noyabr 2023-ci il tarixli, 2-1(116)-1016/2023 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh Yevlax rayon Xaldan Bələdiyyəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Yevlax rayonu Quşçu kəndində yerləşən Xaldan bələdiyyəsinin mülkiyyətində kompleks tikilinin yerləşdiyi məkanın-yarımçıq tikilinin və həmin tikilinin yerləşdiyi yararsız torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı, tələbini dəqiqləşdirərək “Yevlax rayon Quşçu kəndində yerləşən yarımçıq tikilinin və həmin tikilinin yerləşdiyi torpaq sahəsinin mülkiyyətinə verilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
3. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə ərizə icraata qəbul edilmişdir.
4. İddia ərizəsinin əsaslarına görə, Yevlax Rayon Məhkəməsinin 03 sentyabr 2001-ci il tarixli 2-161/2001 saylı qətnaməsinə əsasən Yevlax rayon Quşçu kəndində yerləşən Xaldan Bələdiyyəsinin nəzarətində olan kompleks tikilinin satılarsa əldə olunan məbləğin 4 166 800 manat, yaxud sökülərsə həmin məbləğdə materialın iddiaçı X3 verilməsi qət edilmişdir. İddiaçının atası X7 xx.xx.2014- cü il tarixdə vəfat etmişdir. İddiaçı atasının qanun üzrə yeganə vərəsəsidir. Bu hal Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Mingəçevir Regional "Asan Xidmət" Mərkəzində Notariat Ofisindən əldə etdiyi 06 noyabr 2022- ci il tarixli 2237 nömrəli Arayışla təstiq olunur. Yuxarıda qeyd edilən məhkəmə qətnaməsinə əsasən qət edilmiş, Yevlax rayon Quşçu kəndində yerləşən Xaldan Bələdiyyəsinin nəzarətində olan kompleks tikili sökülmüşdür. İddiaçı X2 vərəsəsi olaraq Yevlax rayon Quşçu kəndində yerləşən Xaldan Bələdiyyəsinin nəzarətində olan kompleksin yerləşdiyi torpaq sahəsini Xaldan Bələdiyyəsindən tələb etmişdir. Belə ki, qəbul edilmiş hər bir qətnamə Azərbaycan Respublikası adından qəbul edilir və hər bir məhkəmə aktının icrası zəruridir. Hazırda kompleks qismən sökülmüşdür və məcburi köçkünlər kompleks avadanlıqlarını mənimsəmişlər, lakin buna baxmayaraq bütün hallarda onun maraqları təmin edilməlidir. Məhkəməyə müraciət etməmişdən öncə, hazırkı tələbimlə bağlı xx.xx.2022- ci il tarixdə Cavabdehnə müraciət etmiş, müraciəti xx.xx.2022ci il tarixdə Xaldan Bələdiyyəsinə çatdırılmasına və bununla bağlı poçt xəbərnaməsi xx.xx.2022- ci il tarixdə ona qaytarılmasına baxmayaraq, hal-hazıradək müraciəti cavablandırılmamışdır.
5. Cavadeh orqan iddia tələbinə qarşı münasibətini aşağıdakı onunla əsaslandırmışdır ki, Yevla Rayon Məhkəməsinin 2-161 saylı 2001-ci il tarixli qətnaməsinə əsasən Quşçu kəndində yerləşən Xaldan Bələdiyyəsinin nəzarətində olan kompleks tikinti satılarsa əldə olunmuş məbləğin 4 166 800, yaxud sökülərsə həmin məbləğdə materialın iddiaçının mərhum atası X4 verilməsi nəzərdə tutulmuşdur. 2001-ci ildən Xaldan Bələdiyyəsinin nəzarətində olan, Quşçu kəndində yerləşən kompleks tikintisi hüquqi və fiziki şəxslərə satılmamış və yaxud sökülüb satılmamışdır. Bunun səbəbi həmin kompleksdə Laçın rayonundan olan məcburi köçkünlər məskunlaşdığından binalar qiymətləndirilməmiş nə də ki, hərraca çıxarılmamışdır. Kompleksdəki məcburi köçkünlər öz torpaqlarına qayıtdıqdan sonra kompleksdəki tikililər və həmin tikililərin yerləşdiyi torpaq sahəsi qiymətləndiriləcək və bələdiyyə tərəfindən satılması üçün hərraca çıxarılacaqdır. Sözügedən kompleks satılarsa əldə olunmuş vəsait 4 166 800 manatın iddiaçıya verilməsi təmin olunacaqdır.
6. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı və iddiaçının vəkili (nümayəndəsi) iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişlər.
7. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi isə etiraza uyğun izahat verərək iddianın təmin olunmamasını xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
8. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 30 noyabr 2023-ci il tarixli, 2- 1(116)-1016/2023 nömrəli nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
9. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
10. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmış, apellyasiya şikayətinin təmin olunmasını, Şəki İnzibati Məhkəməsinin 30 noyabr 2023-ci il tarixli, 2-1(116)-1016/2023 nömrəli nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 30 noyabr 2023-ci il tarixli, 2-1(116)- 1016/2023 nömrəli nömrəli qərarının ləğv edilərək iddia tələbinin təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etdi.
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 30 noyabr 2023-ci il tarixli, 2-1(116)-1016/2023 nömrəli nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
13. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad olunur: - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin xx.xx.2022-ci il 2237 nömrəli arayışdan görünür ki, Ş.Mirzəyev küçəsi, ev 71 ünvanında yaşamış, xx.xx.2014-cü il tarixdə vəfat etmiş atası İddiaçı qalmış mirasa vərəsəlik işi açılması üçün xx.xx.2022-ci il tarixdə Mingəçevir Regional “Asan Xidmət” mərkəzində notariat ofisinə müraciət etmiş və həmin tarixdə bununla bağlı V-524/2022 saylı vərəsəlik işi açılmışdır. X1 miras paydan imtina etmişdir. Mingəçevir Regional “Asan Xidmət” mərkəzində notariat ofisində ünvan 1i ünvanında yerləşən torpaq sahəsinə və ünvan 2 qeyri-yaşayış binasına xx.xx.2022-ci il tarixdə mərhumun vərəsəsi oğlu- İddiaçı 2V-1398 və 2V-1399 reyestr saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələri verilmişdir. Digər vərəsələrin olması barədə notariat ofisinə heç bir məlumat daxil olmamışdır. - Yevlax Rayon Məhkəməsinin 2-161-2001 nömrəli xx.xx.2001-ci il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, Yevlax rayon Quşçu kəndində yerləşən, Xaldan Bələdiyyəsinin nəzarətində olan kompleks tikili satılarsa əldə olunan məbləğin ******* (dörd milyon bir yüz. altmış altı min səkkiz yüz) manatı, yaxud sökülərsə həmin məbləğdə materialın iddiaçı X3 verilməsi qərara alınmışdır. - cavabdehin xx.xx.2023-cü il tarixli məktubuna əlavə olunmuş mütəxəssis rəyindən görünür ki, iddia tələbində qeyd edilən, Yevlax rayon Quşçu kəndində yerləşən yarımçıq tikililər naturada mövcuddur, tikililərin yerləşdiyi və əhatə etdiyi torpaq sahəsi 1,60 hektardır. Elektron məlumat bazasında mövcud olan Xaldan bələdiyyəsinin DWJ (torpaq islahatının nəticələrini özündə əks etdirən kompleks yerquruluşu layihəsi) məlumatlarında və "X5 Uçotu İnformasiya sistemi”ndəki xəritəsinə əsasən İddiaçı naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsinin təyinatı kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, islahat uqodiyası ictimai tikililərin ərazisi (təhsil, səhiyyə, mədəniyyət, nəqliyyat, rabitə və digər sosial və ictimai tikinti altında olan torpaqlar), mülkiyyətçisi Yevlax rayonu, Xaldan bələdiyyəsidir. Torpaq sahəsinin faktiki istifadəçisini müəyyən etmək Ərazi İdarəsinin səlahiyyətinə aid deyil. İddiaçının naturada göstərdiyi və iddia etdiyi tikililərin yerləşdiyi torpaq sahəsinin döngə nöqtələri, koordinatları və yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
14. İnzibati Prosessual Məcəllə: Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.2. Məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
15. "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu: Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 9.1. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Maddə 16.1. Qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) bələdiyyə torpaqları qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətə istifadəyə və icarəyə verilməmiş, habelə rəsmiləşdirilmiş ölçüdən artıq istifadə edilən torpaqlardır. Maddə 16.2. Qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahələri Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyinə uyğun olaraq aidiyyəti üzrə geri qaytarılmalıdır. Maddə 16.3. Bu Qanun qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən bələdiyyə torpaqlarının geri qaytarılması mümkün olmadığı hallarda, bu torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada onları istifadə edən vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə verilir, eyni zamanda torpaq vergisinə cəlb edilir. Maddə 16.4. Torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən sənədlərdə göstərilən ölçüdən artıq istifadə edilən torpaq sahəsinin geri alınması mümkün olmadığı hallarda isə artıq sahələr eyni hüquq əsasında həmin şəxslərin adına rəsmiləşdirilir.
16. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə. 24.1 İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
17. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 30 noyabr 2023-ci il tarixli, 2-1(116)-1016/2023 nömrəli nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
18. İddiaçı tərəfindən qaldırılmış məcburetmə haqqında iddia (İPM-in 33.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
19. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.2 və 33.1-ci maddələri) aid olan məcburetmə haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər.
20. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Hazırkı iş üzrə cavabdeh orqan tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina barədə inzibati aktın iddiaçıya hansı tarixdə verilməsinə dair sübut təqdim edilmədiyindən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsinin verilməsi üçün iddia müddəti ötürülməmişdir.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
22. İş materiallarından görünür ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı Yevlax Rayon Məhkəməsinin 2-161-2001 nömrəli xx.xx.2001-ci il tarixli qətnaməsində qeyd edilmiş Yevlax rayon Quşçu kəndində yerləşən, Xaldan Bələdiyyəsinin nəzarətində olan kompleks tikilinin və onun yerləşdiyi 1.60 ha torpaq sahəsinin onun mülkiyyətinə verilməsi barədə cavabdeh orqan tərəfindən müvafiq qərarın qəbul edilməsinə nail olmaqdır.
23. "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunun yuxarıda istinad edilən normalarının əlaqəli təhlili bu qənaətə gəlməyə əsas verir ki, qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) bələdiyyə torpaqları ilə bağlı ümumi qayda ondan ibarətdir ki, həmin torpaq sahələri Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyinə uyğun olaraq aidiyyəti üzrə geri qaytarılmalıdır. Bu qaydadan istisnaya iki halda yolverilməsi nəzərdə tutulmuşdur. Bu torpaq sahəsi “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün istifadə edilməli (16.3-cü maddə) və ya torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən sənədlərdə göstərilən ölçüdən artıq istifadə edilən sahə olmalıdır (16.4-cü maddə). Lakin hər iki normada ümumi dispozisiya şərti kimi qeyri-qanuni istifadə edilən torpaq sahəsinin geri qaytarılmasının mümkün olmaması nəzərdə tutulmuşdur. Odur ki, qeyri-qanuni istifadə edilən bələdiyyə torpaqlarının qanunvericilikdə nəzərdə tutulmuş aidiyyəti üzrə geri qaytarılması barədə ümumi qaydadan istisnaya yalnız həmin torpaq sahəsinin qaytarılmasının mümkün olmaması müəyyən edildiyi halda yol verilə bilər.
24. İşin kollegiya tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı tərəfindən istinad olunan Yevlax Rayon Məhkəməsinin 2-161-2001 nömrəli xx.xx.2001-ci il tarixli qətnaməsində iddia olunan qeyri-yaşayış sahəsinin və onun yerləşdiyi torpaq sahəsinin iddiaçının atasına verilməsi nəzərdə tutulmamışdır. Belə ki, əgər həmin qətnamədə bununla bağlı müvafiq qeyd olduğu halda ümumiyyətlə hazırkı cavabdeh tərəfindən əlavə olaraq hər hansı qərarın qəbul edilməsinə ehtiyac da qalmazdı. Hər bir halda məhkəmə sözügedən qətnaməni iddia tələbinin irəli sürülməsi üçün iddiaçının subyektiv hüququnun mövcudluğu, qeyri-yaşayış binasının cavabdehin nəzarətində olması və iddianın düzgün cavabdehə qarşı yönəlməsi baxımından iş üzrə sübut olaraq qəbul etmişdir.
25. Birinci instansiya məhkəməsi tərəfindən iddia olunan tikili və yerləşdiyi torpaq sahəsinin xüsusiyyətləri ilə bağlı mütəxəssis rəyi alınmış, müəyyən edilmişdir ki, iddia tələbində qeyd edilən, Yevlax rayon Quşçu kəndində yerləşən yarımçıq tikililər naturada mövcuddur, tikililərin yerləşdiyi və əhatə etdiyi torpaq sahəsi 1,60 hektardır. Torpaq sahəsinin təyinatı kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, mülkiyyətçisi Yevlax rayonu, Xaldan bələdiyyəsidir.
26. "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Qanun qüvvəyə mindiyi günədək hər hansı hüquqi əsas olmadan fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyriqanuni istifadə edilən bələdiyyə torpağının geri qaytarılması mümkün olmadığı hallarda, bu torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada onları istifadə edən vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə verilməsi nəzərdə tutulmuşdur. Yəni torpaq sahəsindən istifadə edən şəxsin ümumiyyətlə hər hansı hüquq müəyyənedici sənədi olmadığı, torpaq sahəsi zəbt edildiyi və zəbt etmə Qanun qüvvəyə minənədək baş verdiyi halda mübahisəyə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 16.3-cü maddəsi tətbiq ediləcəkdir.
27. Cavabdeh orqan iddia tələbinə münasibətində iddia olunan tikilidə Laçın rayonundan olan məcburi köçkünlər məskunlaşdığını bildirir. Yəni, faktiki olaraq iddia olunan tikili və onun yerləşdiyi torpaq sahəsi iddiaçının istifadəsində deyil.
28. Odur ki, sözügedən torpaq sahəsi "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunun 16.3-cü maddəsi anlamında fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən bələdiyyə torpağı kimi nəzərdən keçirilə bilməz.
29. Digər tərəfdən sözügedən torpaq sahəsi "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunun 16.4-cü maddəsi anlamında da torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən sənədlərdə göstərilən ölçüdən artıq istifadə edilən torpaq sahəsi kimi qiymətləndirilə bilməz. Belə ki, Qanunun bu normasına görə mübahisə edilən torpaq sahəsi, torpaq üzərində hüququ təsdiq edən sənəddə göstərilən ölçüdən artıq olduqda və geri alınması mümkün olmadığı halda rəsmiləşə bilər. Burada əsas şərt artıq istifadə edilən torpaq sahəsinin geri alınmasının mümkün olub-olmamasıdır. İddiaçı, sözügedən torpaq sahəsi üzərində yerləşən tikilinin Yevlax Rayon Məhkəməsinin 2-161-2001 nömrəli xx.xx.2001-ci il tarixli qətnaməsi ilə mərhum atasına verildiyini bildirsə də, sözügedən qətnamədə bununla bağlı hər hansı qeyd mövcud deyil. Yəni, iddia olunan torpaq sahəsi iddiaçının sənəddə göstərilən ölçüdən artıq istifadə edilən torpaq sahəsi deyil.
30. Odur ki, iddiaçının faktiki olaraq istifadə etmədiyi mübahisəli torpaq sahəsinin geri qaytarılmasının mümkünlüyü araşdırma predmeti olmamışdır.
31. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqan iddia olunan tikilinin və onun yerləşdiyi torpaq sahəsinin iddiaçıya satılması barədə qərar qəbul etməkdən imtina etməkdə haqlı olmuşdur.
32. Məhkəmə kollegiyası yuxarıda istinad olunan qanunvericilik normalarını və işin hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi İddiaçı cavabdeh Yevlax rayon Xaldan Bələdiyyəsinə qarşı “Yevlax rayon Quşçu kəndində yerləşən yarımçıq tikilinin və həmin tikilinin yerləşdiyi torpaq sahəsinin mülkiyyətinə verilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasını təmin etməməkdə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.
33. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası QƏRАRА АLDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 30 noyabr 2023-ci il tarixli, 2-1(116)-1016/2023 nömrəli nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.