Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-167/2025 13.03.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Tahirov Zamin Cəbrayıl oğlundan ibarət tərkibdə, Əhmədov Fərid Vidadi oğlunun katibliyi, İddiaçı, onun vəkili Vəkil və cavabdehin nümayəndələri X2, X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə qarşı “11 saylı Cəzaçəkmə Müəssisəsinə əvvəlki işlədiyi vəzifəsinə işə bərpa edilməsi və xx.xx.2023-cü il tarixdən başlayaraq işə bərpa olunduğu günə kimi orta aylıq əmək haqqının əmək haqqı cədvəlinə uyğun hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 21 noyabr 2024-cü il tarixli 2-1(116)-2680/2024 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “11 saylı Cəzaçəkmə Müəssisəsinə əvvəlki işlədiyi vəzifəsinə işə bərpa edilməsi və xx.xx.2023-cü il tarixdən başlayaraq işə bərpa olunduğu günə kimi orta aylıq əmək haqqının əmək haqqı cədvəlinə uyğun hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı, 11 saylı Cəzaçəkmə Müəssisəsində xx.xx.2017-ci il tarixdən X9 inspektoru vəzifəsinə işə qəbul olunmuş və 2023-cü ilin iyun ayına kimi orada çalışmışdır. O, xəstəliyi ilə bağlı bülletendə olmuş, büllüten bitdikdən sonra rəsmi olaraq işinə davam etmək üçün müəssisəyə qayıtdıqda 11 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi Şakir Qəniyev ona bildirmişdir ki, işə davamiyyətsizlik səbəbi ilə ona töhmət elan olunur. Belə ki, guya o, əsassız iş buraxıb. Bülleteni təqdim etdikdə isə bülletenin Baş idarədə araşdırılacağı, X6 bu işlə məşğul olacağı və həmin araşdırma bitənə qədər işə gəlməməsi bildirilmişdir. Bundan sonra o, X6 inspektoru, ədliyyə mayoru, Fəxri adlı əməkdaş tərəfindən idarəyə dəvət olunmuş və ondan işə getməməyinin səbəbi soruşulduqda o, bülletendə olduğunu bildirmiş və ona bülleten sənədini təqdim etmişdir. Fəriddən bununla bağlı hər hansı bir izahat alınmamışdır. O da bu məsələyə aydınlıq gətirilməsi ilə bağlı kadrlar Şöbəsinin rəisi Əflatun müəllimlə görüşmək istəmiş, o isə səbəbsiz onu qəbul etməyərək, sözünü X6 əməkdaşları vasitəsi ilə ona göndərərək, Fəridin xidməti vəsiqəsini təqdim etməsini söyləmiş, onun təyinatını başqa bir müəssisəyə dəyişəcəklərini və yeni təyinat zamanı ona yeni vəsiqə təqdim edəcəklərini bildirmişdir. Baş idarədə Fəxri və Nizami adlı əməkdaşların təkidi ilə xidməti vəsiqəsi ondan alınmış və ona təyinat verilənə qədər, gözləməli olduğu bildirilmişdir. O vaxtdan da onların dediyi kimi oturub gözləmiş, lakin hələ də onun təyinatı verilməmişdir. Belə ki, 2023-cu ilin iyun ayından əmək haqqı almadan təyinatını gözləmişdir. Bu məsələ ilə bağlı dəfələrlə Əflatun və Xidmət rəisi Mirsaleh Seyidovun qəbullarına getməyinə baxmayaraq, heç bir vəzifəli şəxs onu qəbul etməmişdir. Hər dəfə cavabsız olaraq Baş idarədən geri qaytarılmış və orada ona demişlər ki, “get gözlə məsələ araşdırılacaq”. O da məcbur qalıb bu işə aydınlıq gətirilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə rəsmi olaraq ərizə ünvanlamışdır. Ərizəni xx.xx.2024-cü il tarixdən rəsmi poçt vasitəsi ilə ünvanlasa da, yenə də heç bir cavab verilməmişdir. Sonda məcbur qalıb idarəyə getmiş və təsadüfən Mirsaleh müəllimlə görüşmüş və ona məsələni bildirdikdə Mirsaleh müəllim onun İdarəyə qəbuluna gəldiyindən xəbərsiz olduğunu bildirmiş və sonra bu məsələ ilə ciddi məşğul olacağını bildirmişdir. Bundan sonra Mirsaleh müəllimin köməyi ilə axır kı, ərizəsinə cavab verilmiş, xidməti davranışlarında yol verdiyi nöqsanlarla əlaqədar xx.xx.2023-cü il tarixdən ədliyyə orqanlarından xaric edilməsi bildirilmişdir. O, uzun müddətdir işsizdir və başqa heç bir yerdən gəliri yoxdur. Ailəlidir, yetkinlik yaşına çatmayan övladı var. O, işdən azad olunarkən əmək müqaviləsinə xitam verilmə barədə əmrlə tanış olmamış, ona heç bir sənəd təqdim edilməmişdir. İddiaçı, Əmək Məcəlləsinin müvafiq bəndlərinə istinad edərək iddianın təmin edilməsini xahiş etmişdir.
3. İddiaçının vəkili məhkəməyə ünvanladığı ərizədə qeyd etmişdir ki, iddiaçı cavabdeh orqana əmək kitabçasının təqdim edilməsi ilə bağlı dəfələrlə müraciət etsə də, ona nə əmək kitabçası, nə də digər sənədlər təqdim edilməmişdir.
4. Cavabdeh orqan birinci instansiya məhkəməsinə ünvanladığı vəsatətində hazırkı iddia tələbinin “mübahisələndirmə haqqında” iddia növünə uyğun olmasını və iddiaçı tərəfindən İPM-nin 38.1-ci maddəsində nəzərdə tutulmuş 30 günlük iddia müddətinə əməl olunmamasını bildirərək iddianın mümkünsüz sayılması xahiş edilmişdir.
5. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 21 noyabr 2024-cü il tarixli 2-1(116)-2680/2024 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə qarşı “11 saylı Cəzaçəkmə Müəssisəsinə əvvəlki işlədiyi vəzifəsinə işə bərpa edilməsi və xx.xx.2023-cü il tarixdən başlayaraq işə bərpa olunduğu günə kimi orta aylıq əmək haqqının əmək haqqı cədvəlinə uyğun hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi mümkün sayılmamışdır.
6. Məhkəmə qeyd etmişdir ki, hazırkı tələblə iddiaçının nail olmaq istədiyi hüquqi nəticə 11 saylı Cəzaçəkmə Müəssisəsinə əvvəlki işlədiyi vəzifəsinə işə bərpa edilməsinə və xx.xx.2023-cü il tarixdən başlayaraq işə bərpa olunduğu günə kimi orta aylıq əmək haqqının əmək haqqı cədvəlinə uyğun hesablanaraq ödənilməsinə nail olmaqdır. Cavabdeh orqan tərəfindən məhkəməyə təqdim edilmiş icraat materialları ilə müəyyən olunur ki, iddiaçı, xx.xx.2013-cü il tarixdə Penitensiar Xidmətdə kiçik rəis heyəti kimi qulluğa qəbul edilmiş, xx.xx.2017-ci il tarixdə isə orta rəis heyətinə keçərək 11 saylı cəzaçəkmə müəssisəsinin Rejim-Nəzarət Şöbəsinin inspektoru vəzifəsinə təyin olunmuşdur. Nəhayət, xx.xx.2023-cü il tarixli 34/i saylı əmrlə ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilmişdir. Bu tarixdən etibarən iddiaçı ilə cavabdeh orqan arasında əmək münasibətləri faktiki olaraq sonlanmışdır. xx.xx.2023-cü il tarixində qəbul edilmiş əlverişsiz inzibati aktın qüvvəyə minməsi ilə iddiaçı artıq ədliyyə orqanlarında qulluq keçən şəxs statusunu itirmiş və əmək funksiyalarının icrası ilə məşğul olmamışdır. Cavabdeh orqan tərəfindən iddiaçının əmək fəaliyyətinin davam etdirilməsi ilə bağlı heç bir tələb irəli sürülməmiş, onun işə davamiyyətinə nəzarət olunmamış və hər hansı xidməti tapşırıq verilməmişdir. Bu hallar onu göstərir ki, xx.xx.2023-cü il tarixli inzibati akt iddiaçı üçün həm hüquqi, həm də faktiki nəticələr doğurmuşdur. - İddiaçı, onun işdən azad olunması ilə bağlı qəbul edilmiş inzibati aktı mübahisələndirmədən birbaşa “işə bərpa və buraxılmış müddət üçün əmək haqqının ödənilməsi” tələblərini irəli sürmüşdür. Lakin, hüquqi baxımdan belə tələblərin irəli sürülməsi üçün ilk növbədə iddiaçının işdən azad edilməsi haqqında inzibati aktın hüquqi qüvvəsini itirməsi zəruridir. Məlum olduğu kimi, işçinin işdən azad edilməsi ilə bağlı əmr hüquqi qüvvədə olduğu müddət ərzində həmin qərarın hüquqi nəticələri qüvvəsini saxlayır. Yalnız bu inzibati aktın məhkəmə qaydasında mübahisələndirilməsi və uğurlu nəticələnməsi halında iddiaçının əvvəlki iş yerinə bərpa edilməsi və buraxılmış müddət üçün əmək haqqının ödənilməsi tələblərinə mahiyyət üzrə baxılması mümkün ola bilər. Əks halda, qüvvədə olan inzibati aktın şərtləri ilə hüquqi statusu müəyyən olunmuş şəxs üçün əmək münasibətlərinin bərpası və ya buraxılmış müddət üçün əmək haqqının ödənilməsi mümkün deyil. Odur ki, hazırkı mübahisə ilə bağlı ilk növbədə irəli sürülməli olan düzgün tələb - “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xx.xx.2023-ci il tarixli, 34/i saylı əmrinin ləğv edilməsi” ilə bağlı olmalıdır. Həmin tələb isə “mübahisələndirmə haqqında” iddia növünə aiddir. “Mübahisələndirmə haqqında” iddia onunla xarakterizə olunur ki, inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. “Mübahisələndirmə haqqında” iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İnzibatı Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibatı aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibatı aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. - İş materialları ilə müəyyən olunur ki, iddiaçı, xx.xx.2023-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 34/i saylı əmri ilə sözügedən qurumun X9 inspektor vəzifəsindən xaric edilmişdir. Yəni, o, artıq həmin tarixdən işdə hesab edilmirdi və faktiki olaraq əmək funksiyalarının icrası ilə məşğul deyildi. İddiaçının xx.xx.2023-cü il tarixindən işdə olmaması və ötən müddət ərzində onun əmək funksiyalarını yerinə yetirməməsi, bu müddətdə cavabdeh tərəfin əmək funksiyalarının icrası ilə bağlı iddiaçıya hər hansı tələb irəli sürməməsi və eyni zamanda işə davamiyyətlə bağlı heç bir əsaslandırılmış izahatın istənilməməsi iddiaçının işdən azad edildiyindən faktiki xəbərdar olduğunu göstərir. İddiaçının vəkilinin məhkəməyə təqdim etdiyi ərizədə onun işdən azad olunması faktından yalnız xx.xx.2024-cü il tarixində cavabdeh orqanın göndərdiyi məktubla xəbərdar olduğunu iddia etməsi məntiqə uyğun deyildir. Çünki işdən azad edildiyi tarixdən etibarən iş yerinə getməməsi, əmək funksiyalarını yerinə yetirməməsi və cavabdeh orqanın da işə davamiyyətlə bağlı onunla heç bir şəkildə əlaqə saxlamaması obyektiv reallıqdan xəbər verir. Bundan əlavə, qanunvericilik və işəgötürənlə işçi arasında əmək münasibətlərində mövcud olan təcrübə belə bir halın məhz işçinin işdən azad edildiyindən məlumatlı olduğunu ehtimal etməyə əsas verir. İddia ərizəsinin 1 il müddət keçdikdən sonra verilməsinin cavabdeh orqandan məlumatın əldə edilə bilinməməsi və heç bir əsas olmadan bu müddəti təyinat almaq ümidi ilə gözləməklə əsaslandırılmasını məhkəmə İPM-nin 38.1-ci maddəsinin tələblərinə uyğun hesab etmir. Belə ki, iddia müddətinə əməl olunması şəxsin iradəsinə bağlıdır və onun məsuliyyət sferasına aid edilməlidir. Bu baxımdan şəxs müddətin ötürülməsinin onun təqsirkar davranışına bağlı hüquqi nəticələrini qəbul etməyə borcludur. Odur ki, ötən bir il müddətində iddiaçının işdən azad edilməsindən məlumatsız olduğunu iddia etməsi ağlabatan deyil və işin faktiki halları ilə uyğunluq təşkil etmir. İşin yuxarıda sadalanan hallarından iddiaçının xx.xx.2023-cü il tarixdən işdən azad edilməsindən məlumatının olması aşkar göründüyündən, həmin əmrlə bağlı məlumatın iddiaçıya xx.xx.2024-cü il tarixdə verilməsi iddia müddətinin axımının həmin tarixdən hesablanmasına səbəb olmur. Buna görə məhkəmə hesab etmişdir ki, hətta iddia tələbi cavabdeh orqanın xx.xx.2023-cü il tarixli əmrinin ləğv edilməsi şəklində ifadə edilsə belə, yenə də, İnzibatı Prosessual Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulmuş 30 günlük iddia müddəti buraxılmış olacaqdır. Bu isə iddia tələbinin qeyri-mümkün sayılması üçün əsasdır. Şərh olunanları ümumiləşdirərək məhkəmə hesab etmişdir ki, cavabdeh orqan tərəfindən qəbul edilmiş əlverişsiz inzibati akt mübahisələndirilmədən işə bərpa tələbi irəli sürüldüyündən, o cümlədən iddiaçının işdən azad edilməsi ilə bağlı inzibati aktın mübahisələndirilməsi imkanı itirildiyindən iddia tələbi mümkün sayılmamalıdır.
7. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 21 noyabr 2024-cü il tarixli 2-1(116)-2680/2024 nömrəli qərardadının ləğv edilməsi xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, aşağıdakı səbəblərə görə hesab edirəm məhkəmə tərəfindən qəbul edilən qərardad düzgün çıxarılmamış və rədd olunmalıdır. İşəgötürən işçinin əmək müqaviləsinə xitam verilməsinə baxmayaraq, ona əmək kitabçası qanunvericiliyin tələbləri pozularaq nə ona verilmiş, nə də ona işdən çıxması barədə hər hansı xəbərdarlıq olunmamışdır. O, yalnız işdən çıxdığı barədə məlumatı xx.xx.2024-cü il tarixdə məktub vasitəsi ilə bilmişdir. İşçinin əmək müqaviləsinə xitam verilsə də, ona son haqq-hesab ödənilməyib. Bu halda işçi bir il müddətində məhkəməyə müraciət edə bilər. Belə halda iddia müddəti bir il hesab edilir. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Əmək kitabçasında işdən azad edilmənin səbəbi tam olaraq əks edilməlidir. Göründüyü kimi, iddiaçının mübahisələndirilən inzibati aktdan ən azı məlumatı olmalı idi. İddiaçıya işdən çıxmağı barədə işə götürən tərəfindən hər-hansı məlumat verilməmiş və hətta son haqq-hesab da ona verilməmişdir. Nə də işə götürən tərəfindən ona qabaqcadan işdən azad olunacağı barədə məlumat verilməmişdir, bununla da işçinin hüququ işə götürən tərəfindən pozulmuşdur. Belə ki, iddiaçıya iş axtarması üçün hər hansı vaxt verəcəkləri barədə xəbərdarlıq olunmadan ona işə gəlməməsi bildirilmiş, o da gedib idarədən soruşduqda ondan xidməti iş vəsiqəsi alınaraq gözləməsini və başqa yerə işini dəyişəcəklərini bildirmişlər. Məhkəmə bəzi məqamları araşdırmadan ədalətsiz qərardad çıxarmışdır. Axı iddiaçının işlədiyi idarə elə bir qurumdur ki, ora xidməti iş vəsiqəsi olmadan daxil olmaq qeyri-mümkündür. Ona görə də, iddiaçı iş yerinə qayıda bilməzdi. Həmçinin ona işdən çıxarılması barədə heç kəs heç nə deməmiş, ona get gözlə iş yerini dəyişəcəyik kimi söz verildiyindən o da bir müddət gözləsə də, idarədən hər hansı xəbər çıxmadıqda məcbur qalıb idarəyə getmiş lakin ona yenə rəsmi, nə də şifahi cavab verən olmamışdır. Axı iddiaçı el arasında deyildiyi kimi görücü deyil sənəd sübut olmadan işdən çıxdığını bilsin. Məhkəmə qarşı tərəfdən hər hansı rəsmi olaraq işdən çıxmağı barədə əmrin surətinin ona verilib-verilməməsi barədə işi araşdırmamış, cavabdeh tərəfdən hər hansı dediklərini sübut edə biləcək rəsmi sənəd almadan iddiaçının iddiasını mümkünsüz olması barədə qərardad qəbul etmişdir. İddiaçı əminliklə qeyd edir ki, onun işdən çıxarılmağından xəbəri olmamışdır. Əgər xəbəri olsa idi vaxtında da məhkəməyə müraciət edərdi. Buradan da görünür ki, məhkəmə qərəzli iddiaçıya qarşı mövqe tutmuşdur. Bu ədalətsiz bir qərardır. Axı iddiaçıya işdən çıxması barədə məlumat xx.xx.2024-cü il tarixdə verilmişdir. Ondan sonra da iddiaçı hüquqlarını müdafiə üçün məhkəməyə müraciət etmişdir. Hətta yenə də ona işdən çıxarılmağı barədə əmrin surəti verilməmişdir. Sadəcə məktub vasitəsi ilə bildirilmişdir. İddiaçının əmək kitabçası, hərbi bileti hal-hazırda da iş yerində saxlanılır. Hakim qərardadında iddiaçının xx.xx.2023-cü il tarixdən işdən azad edilməsindən məlumatının olması aşkar göründüyünü bildirir. Məhkəmə bunu hansı əsasla əsaslandırır ki, iddiaçı bu tarixdə işdən azad olunması barədə məlumatı olub. Axı iddiaçı dəfələrlə idarəyə gedərək işi barədə məlumat almaq istəsə də onu heç kəs qəbul etməmişdir. Sonuncu dəfə də o idarəyə məcbur qalıb ərizə ilə müraciət etməli olmuşdur. Əgər işdən çıxdığı vaxtı bilirdisə niyə idarəyə gedib məlumat almaq istəyirdi. Bu məhkəmə tərəfindən tamamilə yanlış yanaşmadı. Məhkəmə tərəflərin təqdim etdiyi sübutlar əsasında qərar çıxarır. İddiaçı rəsmi olaraq cavabı xx.xx.2024-cü il tarixdə məktub vasitəsi ilə aldığı barədə sübutu məhkəməyə təqdim etmişdir. Cababdeh tərəf hansı sübutu məhkəməyə təqdim edib, işin mümkünsüz sayılmasını tələb etmişdir. Bu barədə hər hansı sübut təqdim etmədən bunu sadəcə tələb etmişlər və məhkəmə də buna göz yumaraq qərardad qəbul etmişdir. - Nəzərə almaq lazımdır ki, müddət məhdudiyyəti konsepsiyası inzibati idarəçilikdə hüquqi təhlükəsizliyin və sabitliyinin təmin edilməsi məqsədlərinə xidmət edir. Belə ki, hüquqi müəyyənlik və hüquqi sabitlik prinsipləri mübahisəli hüquq münasibətlərinə müəyyən müddətlər çərçivəsində aydınlıq gətirilməsini və həmin münasibətlərin sabitləşməsini tələb edir. Müddət məhdudiyyətinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, həmin hüquq institutu hüquq münasibətləri iştirakçılarını məsuliyyətli olmağa pozulmuş hüquqlarının müdafiəsi üçün hüquqi müdafiə vasitələrindən və imkanlarından müəyyən olunmuş zaman kəsiyində istifadə etməyə sövq edir. Həmin tələblərə əməl edilməməsinin riski və bununla bağlı nəticələr hüququnun pozulduğunu iddia edən şəxsin məsuliyyət sferasına aiddir. Qeyd olunmalıdır ki, belə şəxslər qanunla müəyyən olunmuş müddətləri üzrsüz səbəblərdən buraxaraq, uzun zaman kəsiyindən sonra iddia qaldırmaqda, nəticədə mülki dövriyyənin sabitliyini və təhlükəsizliyini təhdid altına almaqda haqlı sayıla bilməzlər. Beləliklə, iddiaçı, aktların mübahisələndirilməsi (ləğv edilməsi) ilə bağlı iddiaların irəli sürülməsi üzrə 30 gün müddəti hesab edirik ki, ötürməmişdir və bu ona cavabdeh tərəfindən verilən cavabın tarixi ilə sübuta yetir.
Tərəflərin izahatları
9. Məhkəmə kollegiyası iclasında iştirak edən İddiaçı və onun vəkili Vəkil apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 21 noyabr 2024-cü il tarixli, 2-1(116)-2680/2024 qərardadının ləğv edilməsini və inzibati işin baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılmasını xahiş etdilər.
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndələri X5 və X8 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 21 noyabr 2024-cü il tarixli, 2-1(116)-2680/2024 nömrəli qərardadını dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdilər.
Tətbiq edilən hüquq
11. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Maddə 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. 38.2. Məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Maddə 51.1. İddiaçı inzibati icraat zamanı müəyyən faktların nəzərə alınması və ya alınmaması nəticəsində hüquqlarının pozulduğunu bildirdiyi hallarda, sədrlik edən hakim həmin faktların məhkəməyə təqdim olunması və ya bu barədə məlumat verilməsi üçün iddiaçıya müddət təyin edə bilər. Maddə 51.2. Sədrlik edən hakim proses iştirakçısından müəyyən hadisələrə dair faktlar barədə məlumat verməyi və ya sübutetmə vasitələrini göstərməyi, onun sərəncamında olan sübutları təqdim etməyi tələb edə bilər. Hakim tərəfindən bu məqsədlə müvafiq müddət təyin oluna bilər. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda. 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
12. Əmək Məcəlləsi Maddə 83. Əmək müqaviləsinə xitam verilməsinin sənədləşdirilməsi qaydası
1. Əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.
2. Elektron sənəd formasında bağlanılmış əmək müqavilələrinə xitam verilən zaman bu barədə işəgötürənin əmri (sərəncamı, qərarı) elektron informasiya sistemində gücləndirilmiş elektron imza ilə imzalanaraq işçinin informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirilir.
3. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda müvafiq əmr (sərəncam, qərar) işəgötürən tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Əmrin surəti işçinin əmək kitabçası ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.
4. Əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir. Maddə 296. Fərdi əmək mübahisələrinin həllində iddia müddətləri
1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.
2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
3. Hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. ....
13. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 25.1. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Maddə 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Maddə 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Maddə 62.2. Poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Maddə 62.3. Bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür.
14. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının:
Apellyasiya şikayətinin mümkünlüyü
15. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
16. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, iddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür və əsaslıdır. Ona görə də apellyasiya şikayəti təmin ediləcəkdir. Birinci instansiya məhkəməsi iddianı əsassız olaraq mümkün hesab etməmişdir. Bu aşağıdakı mülahizələrdən irəli gəlir.
17. Belə ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymayaraq göstərmişdir ki, iddiaçının xx.xx.2023-cü il tarixdən işdən azad edilməsindən məlumatının olması aşkar göründüyündən, həmin əmrlə bağlı məlumatın iddiaçıya xx.xx.2024-cü il tarixdə verilməsi iddia müddətinin axımının həmin tarixdən hesablanmasına səbəb olmur. Buna görə məhkəmə hesab etmişdir ki, hətta iddia tələbi cavabdeh orqanın xx.xx.2023-cü il tarixli əmrinin ləğv edilməsi şəklində ifadə edilsə belə, yenə də, İnzibatı Prosessual Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulmuş 30 günlük iddia müddəti buraxılmış olacaqdır. Bu isə iddia tələbinin qeyri-mümkün sayılması üçün əsasdır.
18. Məhkəmə kollegiyası iş materiallarını tədqiq edərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək, inzibati iş baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir.
19. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərardadının ləğvini şərtləndirən aşağıdakı halların qeyd olunmasını zəruri sayır.
20. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur.
21. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır.
22. Kollegiya bildirir ki, obyektiv araşdırma prinsipi iddianın mümkünlüyünün və əsaslılığının yoxlanılması zamanı tətbiq olunmalıdır. İnzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılılq.
23. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır.
24. Belə ki, iş materiallarından müəyyən edilir ki, iddiaçı ərizə ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə müraciət etmiş, cavabdehin xx.xx.2024-cü il tarixli iddiaçıya ünvanladığı məktubunda xidməti davranışlarında yol verdiyi nöqsanlarla əlaqədar xx.xx.2023-cü ildə ədliyyə orqanlarından xaric edildiyi qeyd edilmişdir.
25. Məhkəmənin sorğusuna cavab olaraq Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə Penitensiar xidmətinin inzibati binasında qəbul edilərək xidmət üzrə xx.xx.2023-cü il tarixli 34/i nömrəli əmrlə tanış olmuşdur. Məmmədov X3 xidmətə qulluğa qəbul olunmazdan əvvəl 2007-2010-cu illərdə Qəbələ rayonu Təhsil şöbəsi Həmkarlar təşkilatında mühasib, 2010- 2013-cü illərdə Qızıl Aypara Cəmiyyətinin Qəbələ rayon Qızıl Aypara bölməsində mühasib vəzifəsində işləmiş, qulluğa qəbul edilərkən ona məxsus əmək kitabçası İnsan Resursları idarəsinə təqdim edilməmişdir.
26. Araşdırma zamanı müəyyən edilir ki, iddiaçının barəsində qəbul edilən xx.xx.2023-cü il tarixli 34/i nömrəli əmrdən məlumatı olmamış, həmin əmrlə tanış edilməmişdir. Buna baxmayaraq cavabdeh orqan 03 iyul 2023-cü il tarixdə tərtib olunmuş aktı kollegiyaya təqdim etmişdir. Həmin aktda da göstərilmişdir ki, 11 saylı cəzaçəkmə müəssisəsinin Rejim-nəzarət şöbəsinin inspektoru, ədliyyə kapitanı İddiaçı Penitensiar Xidmətin inzibati binasında qəbul etdik və Xidmət üzrə xx.xx.2023-cü il tarixli 34/i nömrəli əmrlə onu tanış etdik. İddiaçı bundan narazı qalaraq əmrin surətini imzalamaqdan imtina etmiş, kobudcasına və səs-küylə nalayiq ifadələr işlədərək şikayət edəcəyi barədə hədə qorxu gəlmişdir.
27. Bundan sonra məhkəmənin sorğusuna əsasən cavabdeh orqan tərəfindən 10 fevral 2025-ci il tarixdə akt tərtib edilərək kollegiyaya təqdim edilmişdir. Həmin aktda da göstərilmişdir ki, 10 fevral 2025-ci il tarixdə növbətçi hissədə quraşdırılmış videomüşahidə sisteminin arxivinə baxış keçirilmişdir. Müraciətdə qeyd olunan xx.xx.2023-cü il tarixə olan görüntülər videomüşahidə sisteminin videoqeydiyyat cihazının arxivində aşkar olunmadı. İstehsalçı tərəfindən quraşdırılmış videoqeydiyyat cihazının yaddaş diskinin (HDD) tutumuna əsasən məlumatlar avtomatik olaraq yenilənir. Müddətin uzun olduğunu nəzərə alaraq qeyd olunan tarixə olan görüntülər videoqeydiyyat cihazının arxivində qalmamışdır.
28. Əmək Məcəllənin 296-cı maddəsinin 3-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.
29. Hüquq normanın məzmununa görə işçinin hüququnun pozulmasının aşkar edildiyi günün müəyyən edilməsi üçün həmin maddədə sadalanan bütün halların (işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verilməsi) deyil, bir halın mövcud olması kifayətdir.
30. Göründüyü kimi, iddiaçının hüququnun pozulduğunu aşkar etdiyi günün müəyyən edilməsini sübutetmə yükü cavabdeh orqanın üzərinə düşür. Hazırda isə qeyd olunan maddədə istinad olunan hər hansı bir sənədin iddiaçıya rəsmi qaydada təqdim edilməsi, təqdim edildiyi halda isə iddiaçının onu qəbul etməkdən imtina etməsi öz təsdiqini tapmır.
31. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilik mülki hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni, iddia müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə blər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur.
32. O, da qeyd olunmalıdır ki, Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Əmək kitabçasında işdən azad edilmənin səbəbi tam olaraq əks edilməlidir.
33. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir.
34. Cavabdeh orqan isə iddiaçıya qeyd olunan əmrlə bağlı məlumat verildiyini, iddiaçının isə əmrlə tanış olmaqdan imtina etdiyini bildirir. Lakin inzibati aktın iddiaçıya təqdim olunması faktını sübut etmə vəzifəsi cavabdeh orqanın üzərinə düşsə də, cavabdeh bunu mötəbər sübutlarla təsdiq edə bilmir. Belə ki, maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür.
35. İş materiallarından da görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsinin verilməsi üçün iddia müddəti ötürülməmişdir.
36. Məhkəmə kollegiyası qeyd edir ki, bir qayda olaraq rəsmi məlumat verilmə anı kimi inzibati aktın çatdığı an hesab olunur. Hər hansı bir inzibati aktın təqdim edilməsi barəsində mübahisə mövcuddursa, onda rəsmi məlumat verilmənin sübut edilməsi vəzifəsi inzibati orqanın üzərinə düşür. İnzibati orqan isə İnzibati İcraat haqqında qanuna əsasən yol verilən bütün sübut vasitələri ilə sübutetməni həyata keçirə bilər.
37. Məhkəmə kollegiyasının qənaətinə görə, mübahisələndirmə haqqında iddia, iddiaçıya müvafiq inzibati aktın, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın İnzibati İcraat haqqında Azərbaycan Respublikası Qanununun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada təqdim edildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Buna baxmayaraq cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyin qeyd edilən tələblərinə riayət edilməmiş, iddiaçıya Əmək Məcəllənin 296-cı maddəsinin 3-cü hissəsində göstərilmiş sənədlərdən hər hansı birini göndərməmiş (göndərilməsini və ya təqdim edilməsini sübut edə bilmir), həmçinin mübahisələndirilən 03 iyul 2023-cü il tarixli, 34/i nömrəli əmrdə isə inzibati akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti də göstərilməmişdir.
38. Göründüyü kimi, hazırkı iş üzrə cavabdeh orqan tərəfindən qəbul edilmiş inzibati aktın iddiaçıya hansı tarixdə verilməsinə dair sübut təqdim edilmədiyindən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsinin verilməsi üçün iddia müddəti ötürülməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının “əmrlə tanış edilməsi üçün çağırılması və onun əmrin surətini imzalamaqdan imtina etməsi” barədə tərtib edilmiş akt iddiaçıya müvafiq inzibati aktın rəsmi qaydada təqdim edilməsi sayıla bilməz. Ən azından həmin əmrin özündə imtina barədə qeydlər edilməklə məhkəməyə göndərilmiş olsa idi, cavabdehin bu dəlilini əsaslı hesab etmək olardı.
39. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir.
40. Eyni zamanda o da qeyd olunmalıdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. İddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər.
41. Kollegiya daha sonra qeyd edir ki, işə baxacaq birinci instansiya məhkəməsi İPM-nin 13-cü maddəsinin tələbləri baxımından yardım etmə vəzifəsini də həyata keçirməli, iddiaçıya yardım edilməklə hazırkı mübahisə ilə bağlı ilk növbədə irəli sürülməli olan düzgün tələb kimi “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xx.xx.2023-ci il tarixli, 34/i saylı əmrinin ləğv edilməsi” ilə bağlı iddia tələbinin mümkünlüyü məsələsinə baxmalıdır.
42. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, hazırkı mübahisəyə münasibətdə apelyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş təkrar baxılması və sonrakı prosessual hərəkətlərin davam etdirilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir.
43. İşə baxacaq birinci instansiya məhkəməsi hazırkı mübahisəyə münasibətdə işin hallarını bu qərarın əsaslandırma hissəsində qeyd edilən xüsusatlar baxımından tam və hərtərəfli araşdırmalı və yalnız bundan sonra araşdırmanın nəticələrinə qiymət verməlidir. Bu, məhkəmə tərəfindən düzgün və əsaslı qərarın qəbulu üçün xüsusi əhəmiyyət daşıyır.
44. Beləliklə, məhkəmə kollegiyаsı bu qənаətə gəlir ki, birinci instаnsiyа məhkəməsi İPM-in 12 və 48-ci maddələrinə əsasən, yuxаrıdа sаdаlаnаn hаllаrı аrаşdırmаdаn və işin faktiki hallarına düzgün hüquqi qiymət vermədən iddiаnı mümkün saymamaqda səhv nəticəyə gəlmişdir. Оnа görə də Аzərbаycаn Respublikаsı İnzibаti Prоsessuаl Məcəlləsinin 87-ci mаddəsinə əsаsən, şikаyət təmin edilməli və birinci instаnsiyа məhkəməsinin qərаrdаdı ləğv edilərək işin baxılması üçün Şəki İnzibаti Məhkəməsinə göndərilməsi bаrədə qərаrdаd qəbul edilməlidir.
45. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası
Qərara aldı:
İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 21 noyabr 2024-cü il tarixli 2-1(116)-2680/2024 nömrəli qərardadı ləğv edilsin. İnzibati iş baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.