Məhkəmə qərarları › İş №2-1(107)-168/2022

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-168/2022

04.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-168/2022 04.08.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı və vəkili X13 və üçüncü şəxs X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı "İsmayıllı rayonu Talıstan kəndində yerləşən 2 ha torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 26 aprel 2022-ci il tarixli, 2-1(116)-74/2022 nömrəli qərarından üçüncü şəxs X5 və İddiaçı tərəfindən verilmiş apellyasiya şikаyətlərinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Bakı şəhər sakini X14 2004-cü ildə ərizə ilə Talıstan Bələdiyyəsinə müraciət edərək, 2 ha torpaq sahəsinin ona satılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon şöbəsi rəy verərək, X10 bələdiyyənin şərti-yararsız torpaq sahəsinin ona satılmasına etiraz etmədiyini bildirmişdir. İsmayıllı Rayon Talıstan Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 13 nömrəli qərarı ilə X10 Talıstan Bələdiyyəsinin mülkiyyətində olan şərti-yararsız torpaq sahəsindən kənd təsərrüfatı məhsullarının istehsalı üçün 2 ha torpaq sahəsinin ona satılması qərara alınmışdır. X14 tərəfindən Talıstan Bələdiyyəsinin bank hesabına xx.xx.2004-ci ildə ******* manat pul ödənilmişdir. Talıstan Bələdiyyəsi ilə X14 arasında 2 ha torpaq sahəsinin alqı-satqısına dair akt tərtib edilmiş və xx.xx.2004-cü ildə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon şöbəsində 437/22 nömrəsi ilə qeydiyyata alınmışdır. İsmayıllı Rayon Talıstan Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 13 nömrəli qərarına istinadən, həmin 2 ha torpaq sahəsi ilə bağlı X9 adına xx.xx.2005-ci il tarixli JN-700 kod 40724018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" tərtib edilmişdir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon şöbəsi tərəfindən həmin 2 ha torpaq sahəsinin əks olunduğu yerquruluşu layihəsindən çıxarış tərtib edilmiş və bu sənəd Talıstan Bələdiyyəsinin sədri tərəfindən təsdiq edilmişdir. X14 həmin 2 ha torpaq sahəsini xx.xx.2005-ci il tarixli alqısatqı müqaviləsi ilə Əliyev (hazırkı soyadı "Oğuz"dur) Yunus İsaxan oğluna satmış, müqavilə İsmayıllı Rayon Dövlət Notariat Kontorunda təsdiq edilmişdir. Həmin müqaviləyə əsasən, X12 adına 2 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi ilə bağlı xx.xx.2005-ci il tarixli JN701 kod 40724018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" verilmişdir. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək, JN-0701 kod 40724018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" əsasında verilmiş 2 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmiş, lakin sonuncu xx.xx.2021-ci il tarixli **********92 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, JN-0701 kod 40724018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" Ərazi İdarəsində mövcud olan elektron kadastr məlumat bazasında öz əksini tapmamışdır. Bundan sonra iddiaçı hazırkı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçı iddianı belə əsaslandırmışdır ki, cavabdeh inzibati orqanın imtinası əsassızdır. Belə ki, o, torpağı əldə edən zaman "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" barədə məlumatın elektron kadastr məlumat bazasına daxil edilməsi səlahiyyəti Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon şöbəsinə məxsus olmuş və ona təqdim edilən hüquq müəyyənedici sənədlərin hamısı qanunvericiliyə uyğun şəkildə tərtib olunmuşdur. Cavabdeh məhkəməyə göndərdiyi xx.xx.2021-ci il tarixli **********67 nömrəli etirazında imtinasının dəlillərinə istinad etmiş və bildirmişdir ki, torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. Torpaq sahəsinin 0,53 ha hissəsi başqa vətəndaşın istifadəsində, 0,1246 hissəsi başqa vətəndaşın mülkiyyətində olan torpaq sahəsi ilə, bir hissəsi kollu örüş ərazi ilə, bir hissəsi isə X28 torpaqları ilə üst-üstə düşür. Birinci instansiya məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə X6 və X20, xx.xx.2022-ci il tarixli qərardadı ilə X5 və X21, xx.xx.2022-ci il tarixli qərardadı ilə İsmayıllı Rayon Talıstan Bələdiyyəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmiş, eyni zamanda, sonuncu qərardadla X4 üçüncü şəxs qismində inzibati məhkəmə icraatında iştirakına xitam verilmişdir. Beləliklə, hazırkı iş üzrə üçüncü şəxslər X20, X5, X21 və İsmayıllı Rayon Talıstan Bələdiyyəsidir. Üçüncü şəxslər X5 və X21 birinci instansiya məhkəməsinə ərizələr göndərərək iddianın təmin olunmasına razı olmadıqlarını bildirmişlər. Digər üçüncü şəxslərə isə şifahi məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, gəlmədiklərinə görə işə onların iştirakı olmadan baxıldı. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: İşdə olan, İsmayıllı Rayon Talıstan Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 13 nömrəli qərarından görünür ki, Bakı şəhər sakini X10 Talıstan Bələdiyyəsinin mülkiyyətində olan şərti-yararsız torpaq sahəsindən kənd təsərrüfatı məhsullarının istehsalı üçün 2 ha torpaq sahəsinin ona satılması qərara alınmışdır. İşdə olan, torpaq sahəsinin alqı-satqısına dair aktdan görünür ki, Talıstan Bələdiyyəsi ilə X14 arasında 2 ha torpaq sahəsinin alqı-satqısına dair akt tərtib edilmiş və xx.xx.2004cü ildə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon şöbəsində 437/22 nömrəsi ilə qeydiyyata alınmışdır. İşdə olan, xx.xx.2005-ci il tarixli JN-700 kod 40724018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"ndan görünür ki, İsmayıllı Rayon Talıstan Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 13 nömrəli qərarı ilə X9 mülkiyyətinə 2 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi verilmişdir. İşdə olan, xx.xx.2005-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, X14 2 ha torpaq sahəsini X2. İşdə olan, xx.xx.2005-ci il tarixli JN-701 kod 40724018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"ndan görünür ki, İsmayıllı Rayon Dövlət Notariat Kontorunun xx.xx.2005-ci il tarixli 4Ə-1-90 nömrəli alqı-satqı müqaviləsinə əsasən, 2 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi X12 mülkiyyətinə keçmişdir. İşdə olan, cavabdehin xx.xx.2021-ci il tarixli **********92 nömrəli imtina məktubundan görünür ki, JN-0701 kod 40724018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" Ərazi İdarəsində mövcud olan elektron kadastr məlumat bazasında öz əksini tapmamışdır. İşdə olan, cavabdehin xx.xx.2021-ci il tarixli **********67 nömrəli etiraz məktubundan görünür ki, torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. Torpaq sahəsinin 0,53 ha hissəsi başqa vətəndaşın istifadəsində, 0,1246 hissəsi başqa vətəndaşın mülkiyyətində olan torpaq sahəsi ilə, bir hissəsi kollu örüş ərazi ilə, bir hissəsi isə X28 torpaqları ilə üstüstə düşür. Şəki İnzibati Məhkəməsinin (hakim Vidadi Qasımov) 26 aprel 2022-ci il tarixli, 2- 1(116)-74/2022 nömrəli qərarı ilə iddia qismən təmin edilmişdir, X12 adına olan xx.xx.2005-ci il tarixli JN-701 kod 40724018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nda göstərilmiş 2 ha torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid yaşayış məntəqəsi ərazisi ilə üst-üstə düşən 0,18 ha hissəsinə, JN-625B kod 40724018 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" ilə mülkiyyətə verilmiş həyətyanı torpaq sahəsi ilə üst-üstə düşən 0,06 ha hissəsinə, JN-625C kod 40724018 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" ilə mülkiyyətə verilmiş torpaq sahəsi ilə üst-üstə düşən 0,10 ha hissəsinə, yaşayış məntəqəsi daxilində bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi ilə üst-üstə düşən 0,05 ha hissəsinə, yaşayış məntəqəsi daxilində bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi ilə üst-üstə düşən 0,05 ha hissəsinə, yaşayış məntəqəsi daxilində bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi ilə üst-üstə düşən 0,02 ha hissəsinə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq ona reyestrdən çıxarış verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə qoyulması, iddia 2 ha torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı kollu örüş ərazisi ilə üstüstə düşən 1,03 ha hissəsində, RX seriyalı ******* nömrəli **********361 reyestr nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" əsasında X4 və X11 ümumi birgə mülkiyyətində olan 0,3665 ha həyətyanı torpaq sahəsi ilə üst-üstə düşən 0,13 ha hissədə, kənd daxili yol ilə üst-üstə düşən 0,38 ha hissədə təmin edilməməsi, Prosessual xərclərin 73,83 manat hissəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə aid edilməsi və həmin məbləğin ondan alınaraq İddiaçı ödənilməsi, prosessual xərclərin qalan 247,17 manat hissəsi İddiaçı aid edilməsi qərara alınmışdır. Üçüncü şəxs X5 və iddiaçı Oğuz X22 İnzibati Məhkəməsinin 26 aprel 2022-ci il tarixli, 2- 1(116)-74/2022 nömrəli qərarından apellyasiya şikayətləri vermişlər. Apellyasiya şikayətlərinin dəlilləri: Üçüncü şəxs X5 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Şəki İnzibati Məhkəməsi onun iş üzrə üçüncü şəxs olaraq istifadəsində olmaqla bələdiyyə mülkiyyətində olan 0,05 ha torpaq sahəsi ilə üst-üstə düşən hissədə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi hissəsində Şəki İnzibati Məhkəməsinin 26 aprel 2022-ci il tarixli, 2-1(116)- 74/2022 nömrəli qərarının qismən ləğv edilməsinə dair yeni qərar qəbul edilmisini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin təmin edilməsini Şəki İnzibati Məhkəməsinin 26 aprel 2022-ci il tarixli, 2-1(116)-74/2022 nömrəli qərarı iddianın ləğv edilmiş hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X5 izahatlarında bildirdilər ki, mübahisəli ərazidə xx.xx.2014-cü də daşınmaz əmlakın dövlət reyestrində alınmış RX seriyalı 375627 nömrəli çıxarış üzrə anası Fərzaliyeva Sitarə və bacısı oğlu Qurbanov Söhbətin ümumi birgə mülkiyyətlərində 0,3665 ha həyətyanı torpaq sahəsi vardır. Anasına həmin torpaq sahəsi həyətyanı kimi vaxtilə Lenin ordenli Talıstan Nizami adına kolxoz təfindən qabaqcıl tütünçü kimi verilmiş, torpaq islahatları zamanı anasının əvəzsiz mülkiyyətinə keçmişdir. Anası Sitarə xx.xx.2013-cü ildə vəfat etmişdir. Birinci instansiya məhkəməsi anası Sitarənin üçüncü şəxs qismində məhkəmədə iştirakına xx.xx.2022-ci il tarixli qəradadla xitam vermişdir. Şəki İnzibati Məhkəməsi sözü gedən 26 aprel 2022-ci il tarixli, 2-1(116)-74/2022 nömrəli qərarın əsaslandırıcı hisəsində RX seriyalı ******* nömrəli çıxarış üzrə anası X7 və bacısı oğlu Qurbanov Söhbətin ümumi birgə ülkiyyətlərində 0,3665 ha həyətyanı torpaq sahəsinə dair hüquqi qiymət verərək qeyd etmişdir ki, iddiaçıya məxsus 2 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,13 ha hissəsi anası X7 və bacısı oğlu Qurbanov Söhbətin ümumi birgə mülkiyyətlərində 0,3665 ha həyətyanı torpaq sahəsi ilə üst-üstə düşür. Lakin anasının və Söhbət Qurbanovun artıq mülkiyyət hüququqları daşınmaz əmlakın dövlət qeydiyyatına alındığından eyni torpaq sahəsinə dair təkrarən iddiaçının mülkiyyət hüququ qeydə alına bilməz. Beləliklə də tələbin həmin hissəsi təmin edilməmişdir, bütün bunlara baxmayaraq məhkəmə onu üçüncü şəxs qismində tanımaqla mövcud olmayan, güya onun istifadəsində olan torpaq sahəsinin də 0,05 ha hissəsi ilə üst-üstə düşən səhdə iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət restrində qeydə alınması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Odur ki, apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin 26 aprel 2022-ci il tarixli, 2-1(116)-74/2022 nömrəli qərarının qismən ləğv edilməsinə dair yeni qərar qəbul edilmisini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və vəkili X13 izahatlarında bildirdilər ki, torpaq sahəsi iddiaçı tərəfindən özgəninkiləşdirilən zaman onun kənd təsərrüfatı üçün şərti-yararsız kateqoriyaya aid olmuşdur. Yəni faktiki olaraq dövlət orqanı əsaslı və qanuni şəkildə həmin torpaq sahəsini iddiaçının mülkiyyətimə vermişdir. Odur ki, apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin 26 aprel 2022-ci il tarixli, 2-1(116)-74/2022 nömrəli qərarı iddianın ləğv edilmiş hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etdilər. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin nümayəndəsi və üçüncü şəxslər İsmayıllı Rayon Talıstan Bələdiyyəsinin nümayəndəsi, X20 və X21 məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İşdən göründüyü kimi, İddiaçı iddia tələbi X8 xx.xx.2005-ci ildə aldığı və xx.xx.2005ci il tarixli JN-701 kod 40724018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nda göstərilmiş 2 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından ibarətdir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə görə, 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 4.2-ci maddəsinə görə, bu qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. Həmin Qanunun 8.0.5-ci maddəsinə görə, 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biridir. Göründüyü kimi, sadalanan normalara görə, İddiaçı adına olan xx.xx.2005-ci il tarixli JN-701 kod 40724018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" torpaq sahəsinə onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət qeydiyyatına alınması üçün əsas hesab edilir və həmin "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nın mövcud elektron kadastr məlumat bazasında öz əksini tapmaması özü-özlüyündə qeydiyyat aparmaqdan imtina olunmasına əsas vermir. Lakin bununla yanaşı, sözügedən 2 ha torpaq sahəsi ilə bağlı müəyyən edilmiş aşağıdakı hallar həmin sahənin bir hissəsinə iddiaçının mülkiyyət hüququnun qeydiyyatını mümkünsüz edir. Birinci instansiya məhkəməsinin xx.xx.2021-ci il tarixli məktubu ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə sorğu edilərək, iddiaçının adına olan JN-0701 kod 40724018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nda göstərilmiş koordinatlarda (sənəd üzrə) yerləşən torpaq sahəsinin elektron bazada kimin mülkiyyəti kimi göstərilməsi, təyinatı, uqodiyası, meşə fonduna aid olubolmaması barədə məlumat tələb olunmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2021-ci il tarixli məktubu ilə məhkəməyə göndərilmiş mütəxəssis rəyində göstərilmişdir ki, JN-0701 kod 40724018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nda göstərilmiş 2 ha torpaq sahəsi həmin Xidmətin "xxxx" MMC-nin elektron məlumat bazasında öz əksini tapan Talıstan kəndi ərazisində aparılmış torpaq islahatına dair kompleks yerquruluşu xəritəsinə əsasən İsmayıllı rayonu Talıstan kənd inzibati ərazi vahidinin sərhədləri daxilində yerləşir, sözügedən 2 ha torpaq sahəsinin aşağıdakı hissələri başqa torpaq sahələri ilə üst-üstə düşür: 0,18 ha hissəsi bələdiyyə mülkiyyətinə aid yaşayış məntəqəsi ərazisi ilə, 0,06 ha hissəsi JN-625B kod 40724018 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" ilə mülkiyyətə verilmiş həyətyanı torpaq sahəsi ilə, 0,10 ha hissəsi JN-625C kod 40724018 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" ilə mülkiyyətə verilmiş torpaq sahəsi ilə, 0,05 ha hissəsi yaşayış məntəqəsi daxilində bələdiyyə mülkiyyətinə aid digər vətəndaşın istifadəsində olan torpaq sahəsi ilə, 0,05 ha hissəsi yaşayış məntəqəsi daxilində bələdiyyə mülkiyyətinə aid digər vətəndaşın istifadəsində olan torpaq sahəsi ilə, 0,02 ha hissəsi yaşayış məntəqəsi daxilində bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi ilə, 1,03 ha hissəsi kənd təsərrüfatı təyinatlı kollu örüş ərazisi ilə (həmin 1,03 ha ərazinin 0,46 ha hissəsi digər vətəndaşın istifadəsindədir), 0,13 ha hissəsi **********361 nömrəli çıxarışla mülkiyyətə verilmiş həyətyanı torpaq sahəsi ilə, 0,38 ha hissəsi kənd daxili yol ilə, Birinci instansiya məhkəməsinin xx.xx.2021-ci il tarixli məktubu ilə cavabdehə sorğu edilərək, **********361 nömrəli çıxarışın, JN-625B kod 40724018 nömrəli şəhadətnamənin və JN-625C kod 40724018 nömrəli şəhadətnamənin surətləri tələb olunmuş, cavabdehin xx.xx.2021-ci il tarixli məktubu ilə **********361 reyestr nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" məhkəməyə təqdim olunmuş, eyni zamanda, bildirilmişdir ki, JN-625B kod 40724018 nömrəli və JN-625C kod 40724018 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" aşkar edilməmişdir. Təqdim olunmuş RX seriyalı ******* nömrəli **********361 reyestr nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan görünür ki, İsmayıllı rayonu Talıstan kəndində yerləşən 0,3665 ha həyətyanı torpaq sahəsinə X4 və X11 ümumi birgə mülkiyyət hüququ xx.xx.2014-cü ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bununla yanaşı, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş mütəxəssis rəyi natamam olduğuna görə məhkəmənin xx.xx.2021-ci il tarixli məktubu ilə həmin orqana sorğu edilərək, **********361 nömrəli çıxarışda, JN625B kod 40724018 nömrəli və JN-625C kod 40724018 nömrəli şəhadətnamələrlə göstərilmiş mülkiyyətçilərin, bələdiyyə mülkiyyətində olan 0,05 ha və 0,05 ha torpaq sahələrini istifadə edən şəxslərin soyadı, adı, atasının adı və onların istifadə hüququnu təsdiq edən hüquq müəyyənedici sənədlərinin nədən ibarət olması, eləcə də 1,03 ha kənd təsərrüfatı təyinatlı kollu örüş ərazisinin kənd təsərrüfatına yararlı, azyararlı və ya yararsız olması barədə məlumatlar tələb olunmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, **********61 reyestr nömrəli çıxarış əsasında 0,3665 ha həyətyanı torpaq sahəsinə X4 və X11 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2014-cü ildə qeydiyyata alınmış, JN-625B kod 40724018 nömrəli və JN- 625C kod 40724018 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"lərə dair isə məlumat arxivdə aşkar edilməmişdir. Bundan başqa, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli məktubu ilə birinci instansiya məhkəməsinə göndərilmiş əlavə mütəxəssis rəyində isə göstərilmişdir ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş 363418 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"nə əsasən 0,3665 ha torpaq sahəsi **********61 nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" ilə X4 və X11 adına qeydiyyata alınmış, İsmayıllı rayonu Talıstan kəndində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsində JN-625B və JN625C nömrəli şəhadətnamələr əksini tapsa da, Mərkəzin arxivində həmin şəhadətnamələr haqqında məlumat aşkar edilmədi, bundan başqa, yerquruluşu planı 8-də göstərilmiş bələdiyyə mülkiyyətinə aid 0,05 ha torpaq sahəsi X3 istifadəsindədir və istifadəçi tərəfindən həmin torpaq sahəsinə dair hüquq müəyyənedici və ya texniki sənəd (çıxarış, plan-ölçü) təqdim edilməmişdir, yerquruluşu planı 9-da göstərilmiş bələdiyyə mülkiyyətinə aid 0,05 ha torpaq sahəsi X16 istifadəsindədir və istifadəçi tərəfindən həmin torpaq sahəsinə dair hüquq müəyyənedici və ya texniki sənəd (çıxarış, plan-ölçü) təqdim edilməmişdir, yerquruluşu planı 2-də göstərilmiş 1,03 ha kənd təsərrüfatı təyinatlı kollu örüş sahəsi İİİ keyfiyyət qrupuna aiddir, bonitet balı 51 olmaqla kənd təsərrüfatına yararlıdır. Göründüyü kimi, mütəxəssis rəylərində göstərilmiş 0,18 ha, 0,06 ha, 0,10 ha, 0,05 ha, 0,05 ha və 0,02 ha torpaq sahələrinə (cəmi 0,46 ha) iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınmasına mane olan hal yoxdur. Belə ki, elektron xəritə bazasında 0,18 ha, 0,05 ha, 0,05 ha və 0,02 ha torpaq sahələri əvvəlki mülkiyyətçisinin, yəni Bələdiyyənin mülkiyyəti kimi görünməkdə davam edir. Göstərilən 0,05 ha ölçüdə iki torpaq sahəsindən biri X3, digəri isə X16 faktiki istifadəsində olsa da, onların həmin torpaq sahələrinə hüquqlarını təsdiq edən sənəd mövcud deyil, bundan başqa, elektron bazada 0,06 ha torpaq sahəsinin JN-625B kod 40724018 nömrəli, 0,10 ha torpaq sahəsinin isə JN-625C kod 40724018 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" ilə mülkiyyətə verildiyi göstərilsə də, belə sənədlərin mövcud olmadığı müəyyən edildi. İddiaçının iddia etdiyi 2 ha torpaq sahəsinin qalan hissələri (1,03 ha, 0,13 ha, 0,38 ha) ilə bağlı isə məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 47-ci maddəsinin 3-cü bəndinin sözügedən 2 ha torpaq sahəsi İsmayıllı Rayon Talıstan Bələdiyyəsi tərəfindən X1 zaman qüvvədə olmuş redaksiyasına əsasən, ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin - küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir. Həmin Məcəllənin 16-cı maddəsinin 3-cü bəndində deyilir ki, bələdiyyələrin mülkiyyətində olan torpaqlardan əhalinin mal-qarası üçün örüş sahələri ümumi istifadəyə ayrılır, ehtiyat torpaq fondunda qalan örüş və biçənək sahələri qanunvericiliklə müəyyən edilmiş qaydada isə hüquqi və fiziki şəxslərin icarəsinə verilir. Həmin Məcəllənin 86-cı maddəsinin 2-ci bəndində deyilir ki, bu Məcəllədə nəzərdə tutulmuş dövlət torpaqları, ümumi istifadədə olan, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatına yararlı torpaqları alqısatqı obyekti ola bilməz. "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 6.3-cü maddəsinin sözügedən 2 ha torpaq sahəsi İsmayıllı Rayon Talıstan Bələdiyyəsi tərəfindən X1 zaman qüvvədə olmuş redaksiyasına əsasən, bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə istifadəyə və icarəyə verilir. Qanunun 7.1-ci maddəsinin həmin vaxt qüvvədə olmuş redaksiyasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər: 7.1.1. yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; 7.1.2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar; 7.1.3. hüquqi və fiziki şəxslərin istifadəsinə və icarəsinə verilmiş kənd təsərrüfatına az yararlı və yararsız torpaqların öz vəsaiti hesabına yararlı hala salınmış kənd təsərrüfatı təyinatlı torpaqlar; məqsədləri üçün istifadəyə və icarəyə verilmiş torpaqlar. Qanunun 7.2-ci maddəsinin həmin vaxt qüvvədə olmuş redaksiyasına görə, ümumi istifadədə olan, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2017-ci il tarixli Qərarı ilə aşağıdakılar müəyyən edilmişdir: Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİ hissəsi baxımından "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunun 15-ci maddəsində nəzərdə tutulan hüquqların dövlət qeydiyyatına alınmasından imtina hallarının bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqeyə uyğun təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin. Məsələ qanunvericilik qaydasında həll edilənədək torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərdə torpağın kateqoriyası (məqsədli təyinatı) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş kateqoriyaya uyğun gəlmədikdə, həmin torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina edilə bilər. Torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyatına alınmasından imtina edilən maraqlı şəxs "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq məhkəməyə müraciət edə bilər. Torpaq sahəsi üzərində hüquqlar dövlət qeydiyyatına alınarkən torpağın kateqoriyasının (məqsədli təyinatının) müəyyən edilməməsi aşkar olunduqda, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə uyğun olaraq qeydiyyat dayandırıla bilər. Torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün ərizənin baxılmamış saxlanılmasına və ya hüquqların dövlət qeydiyyatının dayandırılmasına səbəb olan hallar aradan qaldırıldıqda, qeydiyyat orqanı müvafiq qərar qəbul etməkdə haqlıdır". Həmin normaların tələblərinə uyğun olaraq, birinci instansiya məhkəməsi düzgün olaraq qənaətə gəlmişdir ki, iddiaçının tələb etdiyi torpaq sahəsinin 1,03 ha hissəsi kənd təsərrüfatına yararlı kollu örüş olduğuna, 0,38 ha hissəsi isə kənd daxili yol olduğuna görə alqı-satqı obyekti ola və Bələdiyyənin mülkiyyətindən çıxarıla bilməzdi. Bu səbəbdən də hazırkı iddianın həmin 1,03 ha və 0,38 ha ilə bağlı hissələri təmin edilə bilməz. Analoji hüquqi mövqe oxşar məzmunlu 2-1(102)-1875/2019 nömrəli başqa bir inzibati iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli qərarında da ifadə edilmişdir. Bundan başqa müəyyən edilmişdir ki, 2 ha torpaq sahəsinin 0,13 ha hissəsi RX seriyalı ******* nömrəli **********361 reyestr nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" əsasında X4 və X11 ümumi birgə mülkiyyətində olan 0,3665 ha həyətyanı torpaq sahəsi ilə üst-üstə düşür. Belə olan halda, eyni torpaq sahəsinə yenidən həm də iddiaçının mülkiyyət hüququ qeydiyyata alına bilməz. Məhkəmə kollegiyası şərh edilən hallara görə bu qərara gəlir ki, iddianın 0,46 ha torpaq sahəsi ilə bağlı hissəsi təmin etməklə, qalan 1,54 ha torpaq sahəsi ilə bağlı hissəsini isə təmin etməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası inzibati mübahisə üzrə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır. Habelə üçüncü şəxs X5 və İddiaçı apellyasiya məhkəməsinin iclasında apellyasiya şikayətində irəli sürdüyü dəlillərini təsdiq edəcək heç bir sübut təqdim edə bilmədi. İPM-in 87.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Apellyasiya şikayətinin dəlilləri isə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya şikayətləri təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Üçüncü şəxs X5 və İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 26 aprel 2022-ci il tarixli, 2-1(116)-74/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar