Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-168/2024 15.05.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və X4 ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “İddiaçı1 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyesrtində qeydiyyata alınmış Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən əmlak kompleksi kimi müəssisənin (qeydiyyat nömrəsi – **********, qeydiyyat tarixi – xx.xx.2019) yerləşdiyi 0,15 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 6 dekabr 2023-cü il tarixli 2-1(116)-1147/2023 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsi və üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş аpellyаsiyа şikаyətlərinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək “İddiaçı1 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən əmlak kompleksi kimi müəssisənin (qeydiyyat nömrəsi – **********, qeydiyyat tarixi – xx.xx.2019) yerləşdiyi 0,15 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Sonradan iddia tələbi “cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinin üzərinə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən əmlak kompleksi kimi müəssisənin (qeydiyyat nömrəsi – **********, qeydiyyat tarixi – xx.xx.2019) yerləşdiyi 0,15 ha torpaq sahəsi üzərində İddiaçı2 mülkiyyət hüququnun qeydiyyata alınması öhdəliyinin qoyulması” barədə qərar qəbul edilməsi kimi dəqiqləşdirilmişdir.
3. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-170/2022 nömrəli qərardadı “İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “İddiaçı1 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən əmlak kompleksi kimi müəssisənin (qeydiyyat nömrəsi – **********, qeydiyyat tarixi – xx.xx.2019) yerləşdiyi 0,15 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasıİddiaçı1 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən əmlak kompleksi kimi müəssisənin (qeydiyyat nömrəsi – **********, qeydiyyat tarixi – xx.xx.2019) yerləşdiyi 0,15 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia mümkün sayılmamışdır.
4. İddiaçıların xx.xx.2022-ci il tarixdə Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-170/2022 nömrəli qərardadından apellyasiya şikayəti vermiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(107)-71/2023 nömrəli qərardadı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(116)-170/2022 nömrəli qərardadı ləğv edilmiş, inzibati iş bakılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılmışdır.
5. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(116)-1147/2023 nömrəli qərardadı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.
6. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Zaqatala Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli, 540 saylı sərəncamına əsasən, İddiaçı2 0.15 ha torpaq sahəsi ayrılmış və 29 noyabr 1999-cu il tarixdə bağlanmış “Torpaqların alqı-satqısına dair” Akta əsasən dəyəri ödənilməklə sonuncuya satılmışdır. Həmin akt xx.xx.1999-cu il tarixdə, 266 nömrəli keçmiş Zaqatala rayon Torpaq şöbəsində qeydiyyata alınmışdır. Qeyd olunan torpaq sahəsi üzərində yerləşən əmlak kompleksi kimi müəssisə ilə birlikdə 04 aprel 2013cü iltarixdə X5 bağışlanılmış və sonuncunun əmlak kompleksi kimi müəssisə üzərində hüquqları xx.xx.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”la rəsmiləşdirilmişdir. X7 xx.xx.2018-ci il tarixdə vəfat etdiyi üçün, ondan miras qalmış həmin əmlak xx.xx.2019-cu il tarixli, 2V-921 nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnaməyə və eyni tarixli, 3M-374 nömrəli “Miras payın bağışlanması” haqqında müqaviləyə əsasən İddiaçı1 adına keçmişdir. İddiaçı1 qeyd olunan daşınmaz əmlak üzərində hüquqları xx.xx.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində reyestrində qeydiyyata alınaraq, “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”la rəsmiləşdirilmişdir. İşdən də göründüyü kimi, üzərində İddiaçı1 mülkiyyət hüququ qeydiyyata alınmış “Əmlak kompleksi kimi müəssisə”nin altında yerləşən 0.15 ha torpaq sahəsi qanuni əsaslara görə iddiaçıların mülkiyyətində olduğu halda, onların həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. İddiaçılar 0.15 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və çıxarışın verilməsi barədə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Lakin, cavabdeh xx.xx.2021-ci il tarixli **********56 №-li məktubla ərizənin təmin edilməsindən imtina etmişdir.
7. Cavabdeh iddiaya qarşı münasibətində bildirmişdir ki, dövlətə məxsus olan qeyd olunan torpaq sahəsini xx.xx.1999-cu il tarixdə bələdiyyə mülkiyyəti kimi özgəninkiləşdirilməsi barədə səlahiyyətsiz şəxs Zaqatala Rayon İcra Hakimiyyəti tərəfindən sərəncam qəbul edilmişdir. Belə ki, aparılan araşdırma zamanı məlum olmuşdur ki, həmin torpaq sahəsi üzərində yerləşən 1961-ci ildə inşa edilmiş “taxıl anbarı”, 1961-ci ildə inşa edilmiş “taxıl navesi” və 1983-cü ildə inşa edilmiş “taxıl navesi” YAİK-nın xx.xx.1998-ci il tarixli, 08 saylı qərarı ilə əmlak payı kimi X2 mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikasında torpaq islahatı zamanı aparılan islahat zamanı qeyd olunan dövlətə məxsus olmuş əmlakların yerləşdiyi torpaq sahələri dövlət mülkiyyətində saxlanılmış və həmin torpaq sahəsi dövlət mülkiyyətinə aid olduğu üçün onun barəsində sərəncam vermək hüququ həmin dövrdən Azərbaycan Respublikasının Dövlət Əmlak Komitəsinə məxsus olmuşdur. Hal-hazırda da həmin səlahiyyətləri Azərbaycan Respublikasının Dövlət Əmlak Komitəsi həyata keçirir. Yuxarıda qeyd edilən səbəblərə görə iddia tələbinin icrası olunması tərəfimizdən mümkün olmamışdır.
8. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının vəkili ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.
9. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi etiraz ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
10. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 6 dekabr 2023-cü il tarixli 2- 1(116)-1147/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir.
11. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsi və üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti həmin qərardan apellyasiya şikayəti vermişlər.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
12. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddia olunan 0,15 ha torpaq sahəsinin mövcud olan TEKUİS xəritələrinə əsasən dövlət mülkiyyətinə aid olduğunu nəzərə almamışdır. Bu məsələni aydınlaşdırmaq üçün məhkəmə xidməti vəzifəsinə görə araşdırma aparmamışdır (yəni, əsasnamə ilə hüquq, vəzifələrinə toxunulan Əmlak Məsələləri Dövlət Xidmətinə bununla bağlı müvafiq sorğular göndərilməmişdir və sair). Həmin məlumatlarda düzəlişə nail olmadan birbaşa sənədin işlənməsi mümkün deyildir (əlverişsiz, icrası mümkün olmayan qərardır). Həmin məlumatlarda isə düzəlişin edilməsi ərazi idarəsinin səlahiyyətlərinə aid deyildir. Eləcə də, cavabdeh tərəfindən iddiaçıya verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli çıxarışda da torpaq sahəsinin mülkiyyət növü – dövlət (hüququn növü isə istifadə) kimi göstərilmişdir. Həmin çıxarışın torpağa aid hissəsi dəyişdirilmədən və ya ləğv edilmədən üzərinə yeni çıxarışın işlənməsi mümkünsüzdür. Bundan başqa, məhkəmə qərarının əsaslandırılma hissəsində qeyd olunmuşdur ki, “Göründüyü kimi cavabdehin kadastr baza məlumatları iddia olunan torpaq sahəsinin real hüquqi statusu təsbit etməmişdir. Təqdim edilmiş mütəxəssis rəyinə əlavə olunan yerquruluşu planından da görünür ki, həmin ərazi bələdiyyə mülkiyyətidir”. Lakin cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2023-cü il tarixli, 3-21-3-47/2-4017/2023 nömrəli mütəxəssis rəyində belə (həmin ərazinin bələdiyyə mülkiyyəti olması barədə) qeyd yoxdur. Məhkəmə hansı məlumata əsasən bunu qeyd etmişdir, məlum deyildir. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 6 dekabr 2023-cü il tarixli 2-1(116)-1147/2023 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Üçüncü şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, hazırkı işin araşdırılmış halları ilə müəyyən olunmuşdur ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, ********** nömrəli çıxarışa əsasən mübahisə predmeti olan torpaq sahəsi üzərində yerləşən əmlak kompleksi kimi müəssisə üzərində İddiaçı1 mülkiyyət hüququ qeydiyyata alınmışdır. Qeyd olunan çıxarışda əmlaka dair qeydlərdən görünür ki, əmlak kompleksinin yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətində olmaqla İddiaçı1 istifadəsindədir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki ərazi şöbəsi tərəfindən hazırkı işin araşdırılması ilə əlaqədar Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin sorğusuna cavab olaraq ünvanlanmış xx.xx.2021-ci il tarixli, ********** nömrəli məktubun məzmununu yanlış şərh edərək, cavabdeh qurumun kadastr baza məlumatlarının təhlili zamanı mübahisə predmeti olan torpaq sahəsinin real hüquqi statusunun təsbit edilmədiyini qeyd etmişdir. Halbuki, qeyd olunan məktubdan məzmunundan görünür ki, Xidmətin Şəki ərazi şöbəsi tərəfindən registr məlumatları əsasında mübahisə predmeti olan torpaq sahəsi üzərində dövlətə məxsus əmlakın olmamasını qeyd etmiş, eyni zamanda torpaq sahənin elektron kadastr baza məlumatları əsasında dövlət mülkiyyətində olması barədə rəy bildirilmişdir. Belə ki, məhkəmə qərar qəbul edərkən, Zaqatala Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli, 540 nömrəli sərəncamı və xx.xx.1999-cu il tarixli, 266 nömrəli torpaqların alqı-satqısına dair akt əsasında iddianın predmeti olan torpaq sahəsinin iddiaçının mülkiyyətinə ayrıldığını qeyd etmişdir. Bununla bağlı bildiririk ki, məhkəmə tərəfindən qeyd olunan sərəncam qəbul olunan zaman, Zaqatala Rayon İcra Hakimiyyətinin başçısının sərəncam vermək hüququnun hansı əsaslardan (subyektiv hüquq) yaranması, qüvvədə olan yerli icra hakimiyyəti orqanlarının fəaliyyətini tənzimləyən müvafiq normativ hüquqi aktlarda yerli icra hakimiyyətləri başçılarına və ya icra hakimiyyəti başçılarının qəsəbə nümayəndəliklərinə torpaq sahəsinin özəlləşdirilməsi və alqı-satqı müqaviləsinin bağlanması ilə bağlı hər hansı səlahiyyətin verilib-verilməsi ilə bağlı hallar araşdırılmamış, nəticədə işin müəyyən edilmiş faktiki hallarına uyğun tətbiq edilməli olan normaların düzgün seçilməməsi səbəbindən yanlış nəticəyə gəlinmişdir. Bununla bağlı bildiririk ki, Azərbaycan Respublikasının Konstitusiyasının 124-cü maddəsinin üçüncü hissəsinə əsasən yerli icra hakimiyyətlərinin səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti müəyyən edir. Belə ki, mübahisə predmeti olan torpaq sahəsi ilə bağlı Zaqatala Rayon İcra Hakimiyyəti başçısı tərəfindən xx.xx.1999-cu il tarixli, 540 nömrəli sərəncam qəbul edilən tarixə qüvvədə olan Azərbaycan Respublikası Prezidentinin 16 iyun 1999-cu il tarixli, 138 nömrəli fərmanı ilə təsdiq edilmiş “Yerli İcra Hakimiyyətləri haqqında” Əsasnamədə icra hakimiyyəti başçılarına və ya icra hakimiyyəti başçısının qəsəbə nümayəndəsinə torpaq sahəsinin özəlləşdirilməsi ilə bağlı hər hansı sərəncam qəbul etmək səlahiyyəti verilməmişdir. Belə ki, qeyd olunan əsasnamədə icra hakimiyyəti başçılarına yalnız torpaq sahəsinin istifadəyə verilməsi bağlı səlahiyyət verilmiş, icra hakimiyyəti başçısının qəsəbə nümayəndəsinin isə torpaq sahəsinə dair sərəncam verilməsi ilə hər hansı səlahiyyəti müəyyən edilməmişdir (Əsasnamənin 28 və 36-cı maddələri). Şəki İnzibati Məhkəməsi Zaqatala Rayon İcra Hakimiyyəti başçısı tərəfindən xx.xx.1999-cu il tarixli, 540 nömrəli sərəncamla iddianın predmeti olan torpaq sahəsinin iddiaçının mülkiyyətinə verildiyini və xx.xx.1999-cu il tarixli, 266 nömrəli torpaqların alqısatqısına dair akt əsasında həmin torpaq sahəsinin iddiaçıya təhvil verildiyini qeyd etmişdir. Halbuki, qeyd olunan xx.xx.1999-cu il tarixli, 266 nömrəli torpaqların alqısatqısına dair aktdan görünür ki, qeyd olunan akt torpaq sahəsinin satılması barədə 22 noyabr 1999-cu il tarixli, 53 nömrəli qərar əsasında tərtib olunmuşdur. İş materiallarından isə görünür ki, 22 noyabr 1999-cu il tarixli, 53 nömrəli qərar Zaqatala rayon Əliabad qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən qəbul olunmaqla, torpaq sahəsinin satılması barədə deyil, icarəyə verilməsi barədədir. Buna baxmayaraq birinci instansiya bir biri ilə uzlaşmayan qeyd olunan sübutlara əsaslanmaqla iş üzrə yanlış nəticəyə gəlmişdir. Göründüyü kimi, qeyd olunan sənədlər iddiaçının mübahisə predmeti olan torpaq sahəsi üzərində hər hansı hüququnun yaranmasına əsas ola bilmədiyindən, cavabdeh qurum tərəfindən əsaslı olaraq “Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında” Qanunun 15.1.5ci maddəsinə uyğun olaraq iddiaçının torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatından imtinası tam əsaslı olmuşdur. Ona görə də Şəki İnzibati Məhkəməsinin 6 dekabr 2023-cü il tarixli 2-1(116)-1147/2023 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X11 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 6 dekabr 2023-cü il tarixli 2-1(116)-1147/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etdi.
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 6 dekabr 2023-cü il tarixli 2- 1(116)-1147/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
15. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X8 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 6 dekabr 2023-cü il tarixli 2-1(116)-1147/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etdi.
16. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçılar məhkəmə iclasına gəlməmişlər.
17. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi).
18. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: cavabdehin xx.xx.2021-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-47/2-730/2023 nömrəli məktubuna əlavə edilmiş ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il tarixli Çıxarışın təsdiqlənmiş surətlərindən görünür ki, Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 0.10419 ha torpaq sahəsi İddiaçı1 Nurəddin oğlunun adına qeydiyyata alınmışdır. ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il tarixli Çıxarışın təsdiqlənmiş surətlərindən görünür ki, Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 0.10419 ha torpaq sahəsi X2 oğlunun adına qeydiyyata alınmışdır. xx.xx.2019-cu il tarixli “Vərəsəlik hüququ haqqında Şəhadətnamə”dən görünür ki, X12, İddiaçı1 Nurəddin oğlu, X9, X1 Nurəddin Qasım oğlunun vərəsələridir. xx.xx.2019-cu il tarixli miras payının bağışlanması haqqında müqavilənin surəti; xx.xx.1999-cu il tarixli ödəniş qəbzinin surəti; Zaqatala rayon Əliabad qəsəbəsi üzrə nümayəndəsinin xx.xx.1999-cu il tarixli sərəncamının surəti; Zaqatala Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli, 540 saylı sərəncamından çıxarışın surəti; xx.xx.1999-cu il tarixli 266 nömrəli Torpaqların alqı-satqısına dair Aktın surəti; 28 aprel 1996-cı il tarixdə Zaqatala rayon AİK-nın 14 saylı qərarı ilə təsdiqlənmiş Torpağa Mülkiyyət və X13 dair Şəhadətnamənin surəti; xx.xx.2019-cu ildə tərtib edilmiş Texniki Pasportun surəti; A seriyalı 254008 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təsdiqlənmiş surətindən görünür ki, 1500 kv. metr torpaq sahəsi Zaqatala RİHBnın xx.xx.1999-cu il tarixli 540 nömrəli sərəncamı ilə sahibkarlıq fəaliyyəti üçün İddiaçı2 mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 Saylı Zaqatala Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-47/2-4017/2023 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, iddia olunan torpaq sahəsinin naturada ölçüləri 0.19 ha olmaqla idarənin xidməti istifadəsində olan TEKUİS məlumat bazasında kateqoriyası yaşayış məntəqələri torpaqları, uqodiyası tikinti altında olan torpaqlar, mülkiyyət növü isə dövlət mülkiyyəti işlənilmişdir. Əmlak kompleksinin yerləşdiyi torpaq sahəsinin ümumi sahəsi 0.19 ha və tikintialtı torpaq sahəsi isə 911.3 kv.m-dir. Məhkəmə kollegiyasının sorğusuna cavab olaraq cavabdeh orqan tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli məktubuna əsasən, mübahisə predmeti olan torpaq sahəsi Zaqatala RİHB-nın xx.xx.1999-cu il tarixli 540 saylı sərəncamı ilə sahibkarlıq fəaliyyəti üçün İddiaçı2 ayrılmışdır. Torpaq sahəsi satılan zaman həmin dövrdə 18 saylı Zaqatala Ərazi İdarəsinin xidməti istifadəsində olan elektron məlumat bazasında Əliabad qəsəbəsinin kompleks yerquruluşu layihəsi (DWG baza məlumatları) mövcud olmadığından sözügedən torpaq sahəsinin hansı kateqoriyaya aid olması və hüquqi statusu barədə məlumatların verilməsi mümkün olmamışdır. Məktubda qeyd edilən mübahisə predmeti olan 0.15 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 911.3 kv.m olan əmlak kompleksi kimi müəssisə xüsusi mülkiyyət, 0.10419 ha tikintialtı torpaq sahəsi isə dövlət mülkiyyəti olmaqla vahid daşınmaz əmlak kimi Zaqatala rayonu 2 saylı Notariat Ofisinin xx.xx.2019-cu il tarixli 3M-374 reyestr nömrəli bağışlanma müqaviləsi əsasında İddiaçı1 adına daşınmaz əmlakın dövlət reyestrində **********07-12301 reyestr nömrəsi ilə qeydiyyata alınaraq çıxarışla rəsmiləşdirilmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
19. İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 48. Məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. 48.2. İnzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. 48.3. Yazılı vəsatətlərə, etirazlara, izahatlara onlarda istinad olunan sənədlərin əsli və ya surəti tam və ya çıxarışlar şəklində əlavə edilməlidir. Həmin sənədlər qarşı tərəfə məlum olduğu və ya həcmcə çox böyük olduğu hallarda, onların əlamətlərini dəqiq göstərməklə, qarşı tərəfin həmin sənədlərlə məhkəmədə tanış olmasının mümkünlüyünü qeyd etmək kifayətdir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
20. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar: 8.0.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
21. Torpaq Məcəlləsi: M a d d ə 5 . Torpaq sahəsi üzərində mülkiyyət və onun növləri
1. Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur.
2. Mülkiyyət hüququnun subyektləri — dövlət mülkiyyətində olan torpaq sahələri üzərində — Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində — bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində — Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir.
3. Torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. M a d d ə 4 6 . Dövlətin torpaq üzərində mülkiyyət hüququ
3. Dövlət mülkiyyətində olan torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsi qanunla müəyyən edilir.
4. Dövlət mülkiyyətində olan torpaqların istifadəsi və mühafizəsi sahəsində dövlət idarəetməsini öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər.
22. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
23. Apellyasiya şikayətləri vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPMin 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayətləri mümkündür və əsaslıdır, ona görə də apellyasiya şikayətləri uğurlu olacaqdır.
24. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavadehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
25. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər.
26. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərək mövqeyini onunla əsaslandırmışdır ki, Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki ərazi şöbəsinin cavabdehin sorğusuna əsasən cavab məktubunda qeyd edilir: “Zaqatala Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli, 540 saylı sərəncamı ilə alqı-satqı predmeti olan 0,15 ha torpaq sahəsi İddiaçı2 ayrılmışdır.Lakin sənədlərin və dövlət Registr məlmatlarının təhlili zamanı həmin torpaq sahələrində dövlət əmlakının olmasına dair heç bir məlumat yoxdur.Kadastr baza məlumatlarının təhlili zamanı isə torpaq sahəsinin dövlət mülkiyyəti kimi qeyd olunduğu aşkar olunmuşdur”. Göründüyü kimi cavabdehin Kadastr baza məlumatları iddia olunan torpaq sahəsinin real hüquqi statusu təsbit etməmişdir. Təqdim edilmiş mütəxəssis rəyinə əlavə olunan yerquruluşu planından da görünür ki, həmin ərazi bələdiyyə mülkiyyətidir.
28. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
29. Hazırkı iş üzrə iki məsələ məhkəmə araşdırmasının predmeti olmuşdur.
1. iddia olunan torpaq sahəsinin ayrıldığı zaman inzibati orqanın belə bir səlahiyyətinin olub-olmaması;
2. həmin torpaq sahəsinin ayrıldığı zaman mülkiyyət növü, hüquqi statusu.
30. Məhkəmə kollegiyası iddia olunan torpaq sahəsinin ayrıldığı zaman inzibati orqanın belə bir səlahiyyətinin olub-olmamasına münasibətdə qeyd edir ki, iş materiallarına əlavə edilmiş Zaqatala Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli, 540 saylı sərəncamına əsasən, İddiaçı2 fermer təsərrüfatı yaratmaq üçün alqı-satqı yolu ilə 0.15 ha bələdiyyə torpağının alqı-satqı yolu ilə verilməsi barədəki xx.xx.1999-cu il tarixli ərizəsi və RİHB-nın Əliabad qəsəbə nümayəndəliyinin xx.xx.1999-cu il tarixli sərəncamı nəzərə alınmış, Əliabad qəsəbəsi ərazisindən bələdiyyə mülkiyyətinə ayrılmış torpaq sahəsindən İddiaçı2 fermer təsərrüfatı yaratmaq üçün alqı-satqı yolu ilə 0.15 ha torpaq sahəsi ayrılması qərara alınmışdır.
31. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu xx.xx.2001-ci il tarixdə qəbul edilməsinə və həmin dövrdə bələdiyyənin belə bir səlahiyyətinin olmamasına baxmayaraq, İddiaçı2 bələdiyyə mülkiyyətinə ayrılmış torpaq sahəsindən fermer təsərrüfatı yaratmaq üçün alqı-satqı yolu ilə 0.15 ha torpaq sahəsi ayrılması qərara alınmışdır.
32. Bununla yanaşı məhkəmə kollegiyası Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə mübahisə predmeti olan 0,15 ha torpaq sahəsinin iddiaçılar İddiaçı1 və İddiaçı2 satılan zaman DWG baza məlumatlarına əsasən hansı kateqoriyaya aid olması, hüquqi statusu haqqında məlumatın əldə edilməsi üçün sorğu göndərmiş, məhkəmə kollegiyasının sorğusuna cavab olaraq cavabdeh orqan tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli məktubda göstərilmişdir ki, mübahisə predmeti olan torpaq sahəsi Zaqatala RİHB-nın xx.xx.1999-cu il tarixli 540 saylı sərəncamı ilə sahibkarlıq fəaliyyəti üçün İddiaçı2 ayrılmışdır. Torpaq sahəsi satılan zaman həmin dövrdə 18 saylı Zaqatala Ərazi İdarəsinin xidməti istifadəsində olan elektron məlumat bazasında Əliabad qəsəbəsinin kompleks yerquruluşu layihəsi (DWG baza məlumatları) mövcud olmadığından sözügedən torpaq sahəsinin hansı kateqoriyaya aid olması və hüquqi statusu barədə məlumatların verilməsi mümkün olmamışdır. Məktubda qeyd edilən mübahisə predmeti olan 0.15 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 911.3 kv.m olan əmlak kompleksi kimi müəssisə xüsusi mülkiyyət, 0.10419 ha tikintialtı torpaq sahəsi isə dövlət mülkiyyəti olmaqla vahid daşınmaz əmlak kimi Zaqatala rayonu 2 saylı Notariat Ofisinin xx.xx.2019-cu il tarixli 3M-374 reyestr nömrəli bağışlanma müqaviləsi əsasında İddiaçı1 adına daşınmaz əmlakın dövlət reyestrində **********07- 12301 reyestr nömrəsi ilə qeydiyyata alınaraq çıxarışla rəsmiləşdirilmişdir.
33. Göründüyü kimi, mübahisə predmeti olan torpaq sahəsi iddiaçıya ayrılan zaman bələdiyyələrə torpaq sahəsinin ayrılmasını tənzimləyən “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvədə olmadığından, iddia olunan torpaq sahəsinin ayrıldığı zaman bələdiyyə torpağı ilə bağlı hər hansı bir hüquqmüəyyənedici sənəd mövcud olmamış, eyni zamanda məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma nəticəsində həmin torpaq sahəsinin həm DWG həm də TEKUİS baza məlumatlarına əsasən dövlət mülkiyyətinə aid olması müəyyən edildiyindən iddiaçıların hüquqlarının dövlət qeydiyyatına alınmaması ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan, habelə mübahisə predmeti olan torpaq sahəsinin iddiaçının mülkiyyəti kimi dövlət qeydiyyatına alınması üçün "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş qanuni əsas olmadığından cavabdehin və üçüncü şəxsin apellyasiya şikayətinin dəlilləri əsaslıdır. Belə ki, iddiaçıların öz tələbini əsaslandırmaq üçün gətirdiyi dəlillər, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır.
34. Bundan başqa məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab ki, Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli, 383 nömrəli Fərmanı ilə Təsdiq edilmiş, Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət proqramının 9.1-ci bəndinə əsasən özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilən müəssisə və obyektlərin yerləşdiyi dövlət mülkiyyətində olan torpaq sahələri qanunvericiliyə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həmin müəssisə və obyektlərin mülkiyyətçilərinə satılır. Bu sahədə məhdudiyyətlər olduqda torpaq sahələrinin verilməsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada həyata keçirilir.
35. Əmlak Məsələləri Dövlət Komitəsi fiziki və hüquqi şəxslərin müraciəti əsasında onlara məxsus torpaq sahələrinin satışını həyata keçirə bilər. Üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaq sahələri satın alınması üçün ilk növbədə həmin müəssisə və obyektlərin mülkiyyətçilərinə təklif edilir. Mülkiyyətçilər təklifdən imtina etdikdə həmin torpaq sahəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada onların icarəsinə verilməlidir.
36. Bununla yanaşı, dövlət mülkiyyətində olan torpaq sahələri üzərində yalnız istifadə və icarə hüquqları alqı-satqı obyekti olduğundan və yerli icra hakimiyyəti orqanlarının yalnız torpaq sahəsini istifadəyə vermək səlahiyyəti olduğundan, istinad olunan Sərəncam 0.15 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydə alınması üçün əsas ola bilməz.
37. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən normaların tələblərini hazırkı iddia tələbi üzrə işin hallarına tətbiq edərək və apellyasiya şikayətlərinin dəlillərini əsaslı hesab edərək belə qənaətə gəlir ki, iddiaçıların tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur.
38. Məhkəmə kollegiyası iş materiallarını, kollegiya tərəfindən edilən sorğunun nəticələrini nəzərə alaraq hesab edir ki, apellyasiya şikayətləri əsaslıdır. Birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12 və 48-ci maddələrində müəyyən edilmiş “İşin hallarının araşdırılması prinsipi”, “Məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri”nin tələbləri pozulmuş, məhkəmə inzibati işin faktiki hallarını tam araşdırmadan, sübutları maddi və prossesual normalara uyğun qiymətləndirmədən iddia tələbini təmin etməkdə səhv nəticəyə gəlmişdir.
39. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi baxılan mübahisə üzrə düzgün nəticəyə gəlməmişdir. Buna görə də apellyasiya şikayətləri təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən ləğv edilməli, iddia təmin edilməməlidir.
40. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:
Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsi və üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 6 dekabr 2023-cü il tarixli 2-1(116)-1147/2023 nömrəli qərarı ləğv edilsin. İnzibati iş üzrə yeni qərar çıxarılsın. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “İddiaçı1 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyesrtində qeydiyyata alınmış Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən əmlak kompleksi kimi müəssisənin (qeydiyyat nömrəsi – **********, qeydiyyat tarixi – xx.xx.2019) yerləşdiyi 0,15 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.