Məhkəmə qərarları › İş №2-1(107)-168/2025

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-168/2025

19.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-168/2025 19.02.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və X3 ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2023-cü il tarixindən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 5 noyabr 2024-cü il tarixli 2-1(116)-1721/2024 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, xx.xx.2023-cü il tarixindən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsinə əsasən iddiaçı xx xxxxxxx 1958-ci ildə Göyçay şəhərində anadan olmuşdur. O, 1976-cı ildə X2 daxil olub qiyabi təhsil alaraq, 24 noyabr 1976-cı ildə həqiqi hərbi xidmətə getmişdir. 08 dekabr 1978-ci ildə hərbidən geri dönmüş, təhsilini qiyabi formada davam etdirərək 1983-cü ildə bitirmişdir. 16 yanvar 1979-cu ildə 6 nömrəli əmrə əsasən 9 nömrəli yeməkxanaya xörək daşıyan vəzifəsinə təyin edilmişdir. 10 noyabr 1980-ci il tarixli 126 nömrəli əmrlə iş yeri dəyişdirilmiş, 11 noyabr 1980-ci il tarixdən inkubator-quşçuluq stansiyasına mal daşıyan vəzifəsinə keçirilməklə yanaşı, ona müvəqqəti olaraq tədarükçülük vəzifəsi də həvalə olunmuşdur. 07 yanvar 1981-ci ildə 4 nömrəli əmrə əsasən inkubator-quşçuluq stansiyasının mal daşıyan vəzifəsindən azad edilərək, tədarükçü vəzifəsinə keçirilmişdir. 01 mart 1982-ci ildə 15 nömrəli əmrə əsasən iş yeri dəyişdirilərək X6 Müəssisələri Birliyinə iqtisadçı vəzifəsinə keçirilmişdir. Həmin ilin 22 mart tarixində 22 nömrəli əmrə əsasən müvəqqəti olaraq iqtisadçı vəzifəsindən əvvəllər işlədiyi tədarükçü vəzifəsinə geri göndərilmişdir. 04 aprel 1985-ci ildə 39 nömrəli əmrə əsasən ixtisasını və ərizəsini nəzərə alaraq işlədiyi tədarükçü vəzifəsindən azad edilərək iqtisadçı vəzifəsinə keçirilmişdir. 01 mart 1989-cu ildə 4 nömrəli əmrə əsasən Qarabaqqal kənd İctimai İaşə müəssisələri birliyinin yaradılması ilə əlaqədar İctimai iaşə müəssisələri birliyinin sərəncamına keçirilmişdir. Həmin tarixdə RİÇ-nin 23 fevral 1989-cu il tarixli 4 nömrəli əmrinə əsasən İctimai iaşə müəssisələri birliyinə istehsalat müdiri və direktor müavini təyin edilmişdir. 10 aprel 1990-cı ildə 58 nömrəli əmrə əsasən həmin müəssisənin istehsalat müdiri vəzifəsindən azad edilərək, 82 nömrəli əmrə əsasən Qaraməryəm KPTSB birliyinə direktor müavini vəzifəsinə keçirilmişdir. 28 fevral 1994-cü ildə 63 nömrəli əmrə əsasən tutduğu vəzifədən azad edilərək, həmin tarixdə 34 nömrəli əmrə əsasən Çərəkə KPTSB-yə direktor müavini təyin edilmişdir. Göyçay RİÇ-nin 28 fevral 1994-cü il tarixli 34 nömrəli əmrinə əsasən Çərəkə KPTSB-yi ləğv edildiyi üçün 01 sentyabr 1994-cü il tarixdən RİÇ-nin sərəncamına keçirilmişdir. 01 sentyabr 1994-cü ildə 533 nömrəli əmrlə 25 avqust 1994-cü il 99 nömrəli əmrinə əsasən Çərəkə KPTSB ləğv edilməsi ilə əlaqədar RİÇ-ə qəbul edilmişdir. 04 yanvar 2000-ci ildə 2 nömrəli əmrə əsasən işlədiyi idarənin maliyyə vəziyyəti ilə əlaqədar, idarədə iş olmadığı üçün daşıdığı vəzifədən azad edilmişdir.

3. Əmək kitabçasından və hərbi biletin surətindən görünür ki, ümumi əmək stajı 23 ildir. Həmçinin 2021-ci ilin yanvar ayından 2023-cü ilin avqust ayinədək olan dövr ərzində sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq, həmin dövr ərzində sosial ödənişlər etmişdir ki, həmin ödənişlərdə pensiya kapitalına daxil edilmişdir. İddiaçı yaşa görə əmək pensiyası təyin olunması üçün ərizə ilə cavabdehə müraciət etmiş, Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ona imtina məktubu göndərmişdir.

4. Cavabdeh orqan iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, cavabdehin imtinası qanuni və əsaslı olduğundan İddiaçı iddia tələbi aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

5. Qeyd edilən normanın məzmununa uyğun olaraq, xx.xx.1958-ci il təvəllüdlü İddiaçı yaşa görə əmək pensiyası hüququnun yaranması üçün qanunla nəzərdə tutulan yaş həddinə 65 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdə çatmışdır. İddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır:

1. fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq

2. azı 25 il sığorta stajı olduqda.

6. Lakin iddiaçının sosial sığorta stajı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində təsbit olunmuş normada müəyyən edilmiş şərtlərdən heç birini ödəmir. Qeyd edək ki, iddiaçının mübahisələndirilən sığorta stajı xx.xx.1994-cü il tarixdən xx.xx.2000-ci il tarixədək 05 il 10 ay 07 gün təşkil edir. Fondun 2 saylı Mərkəzi Aran regional filialının Göyçay rayon İstehsal-istehlak kooperativi ilə birgə tərtib etdiyi xx.xx.2024-cü il tarixli akta əsasən İddiaçı xx.xx.1994-cü il tarixdə Çərəkə KPTC Birliyinə qəbul edilmiş, sözügedən müəssisə xx.xx.1994-cü il tarixdə ləğv edildiyindən Göyçay rayon İstehlak Cəmiyyətinə qəbul edilmişdir.

7. Lakin diqqətinizə çatdırırıq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən əmək kitabçasının doldurulma qaydası pozulduğu üçün, yəni işə qəbul əmrində iddiaçının adının sonradan fərqli qələm və xətlə yazıldığı aşkarlanmış və 1994-cü ilin mart ayından dekabr ayınadək iddiaçının adına əmək haqqı hesablanmamışdır. Eyni zamanda 1995-2000-ci illərin əmək haqqı cədvəlləri təqdim edilmədiyindən həmin dövrlərin (xx.xx.1994-cü il tarixdən xx.xx.2000-ci il tarixədək) iddiaçının sığorta stajına daxil edilməsi mümkün hesab edilmir. Belə ki, adıçəkilən Qanunun 1.0.1-ci maddəsinə uyğun olaraq, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Əlavə olaraq Qanunun 22-1-ci maddəsinə əsasən, 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1,2-ci maddəsinə uyğun olaraq hesablanır. İddiaçının fərdi şəxsi hesabında xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək pensiya kapitalı qeydə alınmamışdır. Qeyd olunanları nəzərə alaraq, iddiaçının ümumi sığorta stajı 25 ildən az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələblərinə əsasən mümkün hesab edilməmiş və xx.xx.2023-cü il tarixdən ona 220 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. Beləliklə, yuxarıda qeyd edilən əsaslara görə və qanunvericiliyin tələbləri baxımından İddiaçı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməməlidir.

8. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.

9. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi etiraz məktubuna uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. Birinci instansiya məhkəməsinin iclasında məhkəmə tərəfindən iddiaçının şifahi vəsatəti əsasında çağırılmış şahidlər izahat verərək iddiaçının əmək fəaliyyəti dövrünə dair məlumat verdilər. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

11. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 5 noyabr 2024-cü il tarixli 2- 1(116)-1721/2024 nömrəli qərarı ilə iddia təmin edilmişdir.

12. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

13. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının təqdim etdiyi sənədlərə əsasən mübahisələndirilməyən ümumi sosial sığorta stajı (xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək hərbi xidmətdə olduğu müddət və xx.xx.1990-cı il tarixdən xx.xx.1994-cü il tarixədək Göyçay rayon İstehlak Cəmiyyətində olan əmək fəaliyyəti dövrü də nəzərə alınmaqla) 19 il 6 ay 26 gün təşkil edir. Eyni zamanda iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixədək 17 il 1 ay 26 gün sığorta stajına uyğun olaraq 15888,79 manat, xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixidək (2 il 5 ay sığorta stajına uyğun) 264,73 manat olmaqla, ümumilikdə 16153,52 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin qeyd edirik ki, iddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığından ona avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Qeyd etmək istərdik ki, iddiaçının xx.xx.1994-cü il tarixdən xx.xx.2000-ci il tarixədək Göyçay rayon istehlak cəmiyyətində işlədiyi dövrlər mübahisələndirilmiş və onun sosial sığorta stajına daxil edilməmişdir. İddiaçının təqdim etdiyi əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1990-cı il tarixdən xx.xx.2000-ci il tarixədək işlədiyi dövrün doldurulma qaydasının pozulduğu müəyyən edilmişdir. Belə ki, işə daxil olma və işdən çıxma qeydlərində səlahiyyətli şəxslərin ad və soyadlarının fərqli olmasına baxmayaraq imzalar eyni olması, həmçinin qeydlərin möhürlə təsdiqləndikdən sonra yazılması qeydlərin mötəbərliyinə əsaslı şübhələr yaratmışdır. Müvafiq dövrün araşdırılması məqsədilə Fondun 2 saylı Mərkəzi Aran regional filialının Göyçay rayon İstehsal-istehlak kooperativi ilə birgə tərtib etdiyi xx.xx.2024-cü il tarixli yoxlama aktına əsasən, iddiaçı xx.xx.1994-cü il tarixdə Çərəkə KPTC Birliyinə qəbul edilmiş, sözügedən müəssisə xx.xx.1994-cü il tarixdə ləğv edildiyindən Göyçay rayon istehlak cəmiyyətinə qəbul edilmişdir. Lakin işə qəbul əmrində iddiaçının adının sonradan fərqli qələm və xətlə yazıldığı aşkarlanmış və 1994-cü ilin mart ayından dekabr ayınadək adına əmək haqqı hesablanmamışdır. Həmçinin, 1995-2000-ci illərin əmək haqqı cədvəlləri təqdim edilməmişdir. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 5 noyabr 2024-cü il tarixli 2-1(116)-1721/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 5 noyabr 2024-cü il tarixli 2-1(116)-1721/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etdi.

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 5 noyabr 2024-cü il tarixli 2-1(116)- 1721/2024 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.

16. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər:

1. Göyçay rayon İstehsal-İstehlak Kooperativinin xx.xx.2024-cü il tarixli 01 nömrəli məktubu;

2. AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, iddiaçı xx.xx.1958-ci il təvəllüdlüdür;

3. İddiaçıya məxsus ИТ ******* nömrəli əmək kitabçasının əsli;

4. İddiaçıya məxsus НЗ seriyalı ******* nömrəli hərbi biletin surəti;

5. 04.12.2000-ci il tarixli “Yanğın haqqında” aktının surəti;

6. 9 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2024-cü il tarixli məktubu.

TƏTBİQ EDİLƏN HÜQUQ

17. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

18. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir.

19. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır.

21. xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 7ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyən hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2.11-ci maddəsinə əsasən Sığorta stajına daxil edilən müddətlərdən biri də hərbi xidmət müddətidir (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla).

22. “Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiyaların təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı ilin 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir.

23. Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü ayı və ili barədə qeydlər göstərilir.

24. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24-cü maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. 46.3-cü maddəsinə əsasən, maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

25. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 5 noyabr 2024-cü il tarixli 2-1(116)-1721/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

26. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

27. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər.

28. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

29. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

30. İşin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı - ona xx.xx.2023-cü il tarixindən yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir.

31. İddiaçının yaşa görə əmək pensiyası almaq hüququ “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər yerinə yetiriləcəyi halda müvafiq olaraq 65 yaşda, yəni xx.xx.2021-ci il tarixdə yaranır (iddiaçı xx.xx.1958-ci ildə doğulub).

32. Cavabdehin apellyasiya şikayətinin dəlili iddiaçının sosial sığorta stajı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsində təsbit olunmuş normada müəyyən edilmiş şərtlərdən heç birini ödəmir.

33. Cavabdeh tərəfindən qəbul edilən sosial sığorta stajı 19 il 6 ay 26 gün təşkil edir və xx.xx.1994-cü il tarixdən xx.xx.2000-ci il tarixinədək olan dövr mübahisələndirilmişdir.

34. Məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, iddiaçı xx.xx.1994-cü il tarixindən Çərəkə KPTC Birliyinin direktor müavini vəzifəsinə təyin edilmişdir. Bu barədə iddiaçıya məxsus ИТ ******* nömrəli əmək kitabçasının 52-53-cü səhifəsində qeydlər aparılmışdır. Birinci instansiya məhkəməsinin iclası zamanı həmin vaxt Göyçay RİC-in sədri olmuş S.Mahmudov izahatında əmrin onun tərəfindən verildiyini izahatı ilə bir daha təsdiq etmişdir.

35. İddiaçının həmin təşkilatda fəaliyyəti xx.xx.2000-ci il tarixinədək davam etmişdir. İddiaçı sözügedən tarixdə idarənin maliyyə vəziyyəti ilə əlaqədar olaraq vəzifədən azad edilmişdir. Bu barədə Əmək kitabçasının 56-57-ci səhifələrində qeydiyyat aparılmışdır. Birinci instansiya məhkəməsinin iclası zamanı həmin vaxt Göyçay RİC-in sədri olmuş A.Xəlilov izahatında əmrin onun tərəfindən verildiyini izahatı ilə bir daha təsdiq etmişdir.

36. Göyçay RİC-in sədri olmuş A.Xəlilov həmçinin izahatında Göyçay RİC-in inzibati binasında 2000-ci ildə yanğın baş verdiyini, əksər əmək haqqı cədvəllərinin yararsız hala düşdüyünü də bildirmişdir.

37. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının xx.xx.1994-cü il tarixindən xx.xx.2000-ci il tarixinədək 5 il 10 ay 4 gün müddətində həmin idarədə əmək fəaliyyəti olmuşdur. Bu isə iddiaçının hərbi xidmət dövrü daxil olmaqla cəmi 25 il 5 ay 29 gün sosial sığorta stajına malik olduğunu təsdiq edir.

38. Oxşar inzibati mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(102)-1737/2021 nömrəli qərarında əks olunan hüquqi mövqedə qeyd edilmişdir ki, “iddiaçının əmək stajı işdə olan əmək kitabçası ilə müəyyən edildiyindən və həmin əmək kitabçalarında icra edilmiş qeydlərin həqiqətə uyğun olmaması cavabdeh tərəfindən müəyyən edilmədiyindən müvafiq qeydlərin mötəbərliyini şübhə altına almaq üçün heç bir əsas yoxdur. Odur ki, iddiaçı barəsində tərtib edilmiş əmək kitabçasını məhkəmə iddiaçının əmək stajını təsdiq edən sübut kimi qəbul edir və hesab edir ki, həmin sənədlərin yenidən digər sənədlərlə sübut olunmasına ehtiyac yoxdur.

39. Belə ki, iddiaçının məhkəmə araşdırması zamanı arxiv sənədlərinə və iddiaçının əmək kitabçasına əsasən müəyyən edilən sosial sığorta stajı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yetərli olduğundan, cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır.

40. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

41. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası

QƏRАRА АLDİ:

Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 5 noyabr 2024-cü il tarixli 2-1(116)-1721/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar