Məhkəmə qərarları › İş №2-1(107)-169/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-169/2021

17.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-169/2021 17.05.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı "Azərbaycan Respublikası Müdafiə Nazirinin 13.12.2019-cu il tarixli, 0974 saylı əmrinin qanunsuz olduğuna görə məhkəmə qaydasında ləğv edilməsi və həqiqi hərbi xidmətdən qanunsuz tərxis edildiyi vaxtdan məhkəmə qərarının qəbul edildiyi günə kimi zabitlər üçün nəzərdə tutulmuş bütün təminat xərcliyi həddində dəymiş maddi ziyanın tam ödənilməsi tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 29 yanvar 2021-ci il tarixli, 2-1(116)-174/2021 nömrəli qərardadından iddiaçı X1 tərəfindən verilmiş аpellyаsiyа şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "Azərbaycan Respublikası Müdafiə nazirinin 13.12.2019-cu il tarixli, 0974 saylı əmrinin qanunsuz olduğuna görə məhkəmə qaydasında ləğv edilməsi və həqiqi hərbi xidmətdən qanunsuz tərxis edildiyi vaxtdan məhkəmə qərarının qəbul edildiyi günə kimi zabitlər üçün nəzərdə tutulmuş bütün təminat xərcliyi həddində dəymiş maddi ziyanın tam ödənilməsi" barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, 14 avqust 2009-cu ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuş, 27 iyun 2013-cü ildə həmin məktəbi bitirmişdir. 27 iyun 2013-cü ildən 23 iyun 2014-cü ilə kimi Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində dinləyici vəzifəsində kurs keçmişdir. 23 iyun 2014-cü ildə N nömrəli hərbi hissəyə tağım komandiri vəzifəsinə təyin edilmiş və 03 aprel 2015-ci ilə qədər həmin hərbi hissədə xidmət etmişdir. Xidmət etdiyi müddətdə kobud nizam-intizam pozuntusuna yol verməmiş və xidməti vəzifələrini daim layiqincə yerinə yetirməyə çalışmışdır. 09 aprel 2015- ci ildə xidməti zərurətlə əlaqədar N nömrəli hərbi hissəyə xidmət yeri dəyişdirilərək 25 iyul 2018-ci ilə kimi həmin hərbi hissədə tağım komandiri vəzifəsində xidmət etmişdir. 25 iyul 2018-ci ildə xidmət yeri növbəti dəfə N nömrəli hərbi hissəyə dəyişdirilmiş və N dekabr 2019-cu ilədək həmin hərbi hissədən tağım komandiri vəzifəsində xidmət etmişdir. Səhhəti ilə əlaqədar xidmət yerinin ön mövqedə yerləşən bölmələrdən ehtiyat bölmələrə dəyişdirilməsi barədə yazılı müraciət etsə də müraciətinə müsbət cavab verilməmiş və xəstə vəziyyətdə xidmət etmək məcburiyətində qalmışdır. Bir sıra hallarda xidməti vərəqəsinə heç bir əsas olmadan intizam cəzaları yazılmış, N nömrəli hərbi hissədə isə eyni intizam pozuntusuna görə bilavasitə rəisi və hərbi hissə komandiri tərəfindən iki dəfə intizam cəzası verilmişdir. Bu isə Silahlı Qüvvələrin İntizam Nizamnaməsinin tələblərinin kobud şəkildə pozulması hesab edilir. Şəki İnzibati Məhkəməsinin 29 yanvar 2021-ci il tarixli, 2-1(116)-174/2021 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı "Azərbaycan Respublikası Müdafiə Nazirinin 13.12.2019-cu il tarixli, 0974 saylı əmrinin qanunsuz olduğuna görə məhkəmə qaydasında ləğv edilməsi və həqiqi hərbi xidmətdən qanunsuz tərxis edildiyi vaxtdan məhkəmə qərarının qəbul edildiyi günə kimi zabitlər üçün nəzərdə tutulmuş bütün təminat xərcliyi həddində dəymiş maddi ziyanın tam ödənilməsi" tələbinə dair iddiasının mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan İddiaçı apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin 17.05.2021-ci il tarixli iclasında İddiaçı məhkəmə kollegiyasına teleqram göndərərək qeyd etmişdir ki, Müdafiə Nazirinin müvafiq əmrinə əsasən hərbi xidmətə bərpa olunduğum üçün Şəki İnzibati Məhkəməsinin 2-1(116)-174/2021 saylı, 29.01.2021-ci il tarixli qərardadından apellyasiya şikayətini geri götürmək istədiyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi). Azərbaycan Respublikasının İnzibаti Prosessuаl Məcəlləsinin: 88.1-ci mаddəsinə əsasən, şikаyət аpellyаsiyа instаnsiyаsı məhkəməsinin qərаrı qаnuni qüvvəyə minənədək geri götürülə bilər. 88.3-cü mаddəsinə görə, şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir. 88.4-cü maddəsində göstərilmişdir ki, şikayətin geri götürüldüyü hallarda məhkəmə xərcləri haqqında məhkəmə tərəfindən qərardad çıxarılır. İş materiallarından görünür ki, İddiaçı apellyasiya şikayətini geri götürməsi iş üzrə digər şəxslərin hüquq və maraqlarına toxunmur. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə İddiaçı Şəki İnzibati Məhkəməsinin 29 yanvar 2021-ci il tarixli, 2-1(116)-174/2021 nömrəli qərardadından vermiş olduğu apellyasiya şikayətini geri götürməsi barədə ərizəsi qəbul edilməli və iş üzrə apellyasiya icraatına xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 88.1-88.4-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Şəki İnzibati Məhkəməsinin 29 yanvar 2021-ci il tarixli, 2-1(116)-174/2021 nömrəli qərardadından vermiş olduğu apellyasiya şikayətini geri götürməsi barədə ərizəsi qəbul edilsin. Şəki İnzibati Məhkəməsinin 29 yanvar 2021-ci il tarixli, 2-1(116)-174/2021 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikayəti üzrə apellyasiya icraatına xitam verilsin. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərardadı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar