Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-169/2022 06.07.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, İslamova Türkay Abdurəhim qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı "müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin ödənilməyən xx.xx.2016-cı ildən xx.xx.2019-cu ilədək 36 ay fərq məbləğinin tam şəkildə birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 26 aprel 2022-ci il tarixli 2-1(116)-851/2022 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixli 085264 nömrəli müharibə veteranı vəsiqəsi verilmiş və həmin tarixdən ona müharibə veteranları üçün nəzərdə tutulan müavinət ödənilməyə başlamışdır.
2. Bundan sonra iddiaçı veteran vəsiqəsi aldığı gündən əvvəlki 3 il üçün ona müavinətin ödənilməsi məqsədilə cavabdehə müraciət etmiş, lakin sonuncu xx.xx.2022-ci il tarixli **********5 nömrəli məktubla bildirmişdir ki, veteran vəsiqəsi təqdim edildiyi tarixdən ona qanunvericiliyə uyğun olaraq müavinət təyin edilmiş və ödənilmişdir. Bundan sonra Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 641 nömrəli Fərmanı əsasında müharibə veteranlarına 80 manat məbləğində Prezident təqaüdü təsis edilmiş, xx.xx.2019-cu ildən sözügedən müavinət Prezident təqaüdü ilə əvəz edilərək iddiaçıya qanunvericiliyə uyğun olaraq Prezident təqaüdü təyin olunmuş və indiyədək ödənilməkdədir.
3. Bundan sonra iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı "müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin ödənilməyən xx.xx.2016-cı ildən xx.xx.2019-cu ilədək 36 ay fərq məbləğinin tam şəkildə birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir.
4. O, tələbini belə əsaslandırmışdır ki, cavabdehin imtina məktubu tam əsassızdır. Belə ki, onun "Veteranlar haqqında" Azərbaycan Respublikası Qanununa müvafiq olaraq müavinət almaq hüququ 2006-cı ildən yaranmışdır. Bu səbəbdən də "Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 311 nömrəli qərarının 1.3-cü maddəsinə əsasən, müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə qanuna müvafiq olaraq məhkəmə qaydasında xx.xx.2016-cı ildən xx.xx.2019-cu ilədək olan fərq məbləğinin tam şəkildə birdəfəlik ödənilməsi qanunla mümkündür.
5. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)-12171/2021 nömrəli qərardadı ilə inzibati iş baxılması üçün aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilmişdir.
6. Cavabdeh iddiaya qarşı xx.xx.2022-ci il tarixli **********8 nömrəli etiraz məktubunda imtina məktubunun dəlillərinə istinad etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
7. Şəki İnzibati Məhkəməsinin (hakim Vidadi Qasımov) 26 aprel 2022-ci il tarixli 2- 1(116)-851/2022 nömrəli qərarı ilə iddia təmin edilərək, İddiaçı müharibə veteranı üçün nəzərdə tutulmuş müavinətin xx.xx.2016-cı ildən xx.xx.2019-cu ilədək olan müddət üçün tam şəkildə birdəfəlik ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının üzərinə qoyulması qərara alınmışdır.
8. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı həmin qərardan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
9. Cavabdehin apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, iddiaçıya veteran vəsiqəsi təqdim olunmamışdan əvvəlki dövr üzrə müavinətlərin ödənilməsi qanunvericiliyə ziddir. Belə ki, iddiaçıya Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə “Müharibə veteranı” adı və vəsiqəsi verilmişdir və həmin vəsiqə əsasında Fondun müvafiq şöbəsi vətəndaşa veteran statusunu aldığı vaxtdan, yəni 15 mart 2019-cu il tarixindən ona sosial müavinət təyin etmişdir. İddiaçı daha sonra Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filiala müraciət edərək, ona 2019-cu ildən əvvəlki dövrlər üçün “veteran müavinəti”nin ödənilməsini tələb etmişdir. Şöbənin cavab məktubunda əvvəlki dövr üçün müavinətin hesablanaraq ödənilməsinin qanunauyğun olmadığı qeyd olunmuşdur. Ona görə də, bu qəbildən olan mübahisələrin həlli zamanı müvafiq maddi hüquq normasının düzgün tətbiqi üçün ilk növbədə bəhs edilən müavinəti almaq hüququnun nə vaxtdan etibarən yarandığını müəyyən etmək lazımdır. Qanunvericiliklə həmin güzəştlərin (yəni müavinətlərin) veteran vəsiqəsi təqdim olunduqda həyata keçirilməsi qaydası təsbit edilmişdir, deməli, məhz bu vəsiqənin verildiyi tarix həmin müavinətləri almaq hüququnun yaranma anı kimi hesab edilməlidir. Bu kimi işlərdə veteranların sosial müavinət almaq hüququnu onların veteran statusu almaq hüququndan fərqləndirməyə ehtiyac vardır. Veteran statusunu almaq hüququ o statusu almamışdan daha əvvəl yarana bilər, ancaq sosial müavinət almaq hüququ birbaşa statusun alınması ilə yaranır. Göründüyü kimi, iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsi xx.xx.2019-cu ildə verilmişdir. Yəni, müharibə veteranı kimi bu tarixdən sonra tanınır və belə bir adı təsdiq edən sənəd kimi isə qeyd olunan vəsiqə çıxış edir. Buna görə də, hüquqi olaraq veteran kimi tanınmadığı dövr üçün bu adla müavinətin verilməsi qanuni deyildir. İşə baxan məhkəmə adı çəkilən Qanunun 9.1 -ci maddəsində nəzərdə tutulan “ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə” müddəasına əsaslanmaqla, həmin müavinətlərin şəxsin müharibə veteranı statusunu aldığı vaxtdan, yəni müvafiq müavinəti almaq hüququnun yarandığı gündən əvvəlki üç il üçün də ödənilməli olmasını qət etmiş, bununla da sözügedən maddi hüquq normasını səhv təfsir və tətbiq edərək düzgün olmayan qərar çıxarmışdır. Qanunvericilik müharibə veteranları üçün aylıq müavinətlərin ödənilməsini buna görə nə vaxt müraciət edilməsindən asılı olmayaraq birmənalı şəkildə Qanunun qüvvəyə mindiyi gündən sonra həmin müavinəti almaq hüququnu yarandığı günlə şərtləndirmişdir. Bu mənada, iddiaçının müvafiq vəsiqənin verildiyi tarixdən əvvəlki üç illik dövrə görə də müavinət ödənilməsi barədə tələbi qanuni və əsaslı sayıla bilməz. Veteran vəsiqəsi təqdim olunmamışdan əvvəlki dövr üzrə müavinətlərin ödənilməsi konstitusion prinsiplərin pozulmasına gətirib çıxarır. Eyni zamanda, qərarda qeyd olunmuşdur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Göründüyü kimi, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının pozuntusuna, işdəki sübutların isə qiymətləndirilməsində səhvə yol vermişdir. Ona görə də Şəki İnzibati Məhkəməsinin 26 aprel 2022-ci il tarixli 2-1(116)-851/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Məhkəmə mübahisələri ilə iş üzrə mərkəzi filialının nümayəndəsi X1 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 26 aprel 2022-ci il tarixli 2-1(116)-851/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etdi.
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 26 aprel 2022-ci il tarixli 2-1(116)- 851/2022 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.
12. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli M/V seriyalı 085264 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüquqununa malikdir. - Cavabdehin xx.xx.2022-ci il tarixli **********5 nömrəli imtina məktubundan görünür ki, veteran vəsiqəsi təqdim edildiyi tarixdən ona qanunvericiliyə uyğun olaraq müavinət təyin edilmiş və ödənilmişdir. Bundan sonra Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 641 nömrəli Fərmanı əsasında müharibə veteranlarına 80 manat məbləğində Prezident təqaüdü təsis edilmiş, xx.xx.2019-cu ildən sözügedən müavinət Prezident təqaüdü ilə əvəz edilərək iddiaçıya qanunvericiliyə uyğun olaraq Prezident təqaüdü təyin olunmuş və indiyədək ödənilməkdədir.
TƏTBİQ EDİLƏN HÜQUQ
13. İnzibati Prosessual Məcəllə: Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
14. "Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanı: Maddə 2.1.1. Sözügedən təqaüd 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə, əmək pensiyası alan və döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə verilir. Maddə 2.1.2. Dövlət büdcəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə nəzərdə tutulmuş xərclər hesabına həmin nazirlik tərəfindən ödənilir.
15. xx.xx.2006-cı il tarixdən qüvvədə olan "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikasının Qanunu: Maddə 9.1. Ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq bu qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən aşağıdakı müddətlərə təyin edilir: Maddə 9.1.5. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət – onu almaq hüququ olan şəxs qanunvericiliklə müəyyən edilmiş hallarda bu hüququ itirənədək.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
16. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 26 aprel 2022-ci il tarixli 2-1(116)-851/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
17. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
18. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər.
19. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Məhkəmə kollegiyası tərəfindən iş materiallarında olan sənədlərin tədqiqi zamanı müəyyən edilmişdir ki, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və bu səbəbdən ona Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixli M/V seriyalı 085264 nömrəli müharibə veteranı vəsiqəsi verilmişdir.
21. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.2019-cu ildə, yəni Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilməmişdən əvvəl müharibə veteranı adı və vəsiqəsi almışdır. "Sosial müavinətlər haqqında" Qanun isə xx.xx.2006-cı ildə qüvvəyə minmişdir. Belə olan halda, "Sosial müavinətlər haqqında" Qanunun 9.1-ci maddəsinə əsasən, iddiaçının cavabdehə müraciət etməzdən əvvəlki 3 il üçün də müavinəti almaq hüququ vardır.
22. Məhkəmə kollegiyası ilk olaraq onu qeyd edir ki, iddiaçıya müharibə veteranı vəsiqəsinin verildiyi tarixdən etibarən cavabdeh tərəfindən müharibə veteranları üçün nəzərdə tutulan 80 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin olunmaqla ödənilməsi həyata keçirilir.
23. Lakin hazırkı mübahisə isə "Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanı qəbul olunanadək qanunvericilikdə müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin iddiaçıya əvvəlki üç il üzrə ödənilməsinin mümkünlüyü ilə bağlıdır.
24. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən gəldiyi nəticə ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
25. "Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanı qəbul edildikdən sonra müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmiş, onun aylıq məbləği 80 manat müəyyən olunmuş, eləcə də Fərmanın xx.xx.2019-cu il tarixindən tətbiq ediləcəyi təsbit edilmişdir.
26. Bundan başqa, ""Sosial müavinətlərin məbləğinin artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 640 nömrəli Fərmanına əsasən, "Sosial müavinətlərin məbləğinin artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli 973 nömrəli Fərmanın, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə 55 manat məbləğində sosial müavinət verilməsini nəzərdə tutan 1.1.7-ci yarımbəndi ləğv edilmişdir.
27. Azərbaycan Respublikası Prezidentinin yuxarıda göstərilən xx.xx.2019 cu il tarixli 640 nömrəli Fərmanının 3-cü bəndinə əsasən, bu Fərman xx.xx.2019-cu il tarixindən tətbiq edilir.
28. Beləliklə, xx.xx.2019-cu il tarixindən qüvvəyə minmiş qanunvericilikdəki yeni tənzimləmələrə görə, müharibə veteranlarına əvvəllər verilən sosial müavinətin əvəzinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmiş, bununla da, qeyd olunan tarixdən sonra müharibə veteranı adı və vəsiqəsi almış şəxslərə ünvanlı ödəniş kimi müavinət yox, Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilməyə başlanılmışdır.
29. Buna uyğun olaraq, məhkəmə kollegiyası hesab edir ki, yalnız 2019-cu il 1 aprel tarixdən sonra müharibə veteranı statusu almış şəxslərə münasibətdə Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilə bilər və bu təqaüd onu almaq hüququ yaranan gündən etibarən ödənilməlidir. Çünki təqaüdün təsis edilməsi ilə bağlı Fərmanda onu almaq hüququ yaranan gündən əvvəlki tarix üçün ödənilməsi ilə bağlı müddəa nəzərdə tutulmamışdır. 2019-cu il 1 aprel tarixdən əvvəl müharibə veteranı vəsiqəsi və statusu almış şəxslərə münasibətdə isə xx.xx.2006-cı il tarixdən qüvvədə olan “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsi tətbiq olunmaqla müavinətlər müharibə veteranı vəsiqəsinin alındığı gündən təyin edilməli, bu zaman həm də əvvəlki üç il üçün ödəmələr aparılmalıdır.
30. Yuxarıda sadalanan hüquq normalarını nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi iddianı təmin edərkən müəyyən olunmuş faktiki hallara uyğun hüquq normalarını düzgün tətbiq etmişdir.
31. Məhkəmə kollegiyası cavabdeh inzibati orqanın nəzərinə çatdırır ki, belə olan vəziyyətdə iddiaçının tələbinin təmin edilməməsi üçün heç bir hüquqi və faktiki əsas yoxdur. Belə ki, müraciət edilməzdən əvvəlki üç il üçün ödənilmə o halda tətbiq edilməyə bilər ki, şəxsə veteran vəsiqəsi 01 aprel 2019-cu il tarixdən sonra verilsin.
32. Ona görə də məhkəmə kollegiyası bu qənaətə gəlir ki, cavabdeh iddiaçıya veteran vəsiqəsi aldığı gündən əvvəlki 3 il üçün müavinət ödəməməkdə haqlı olmamışdır.
33. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmış, iddia tələbini təmin etməklə inzibati iş üzrə düzgün nəticəyə gəlmişdir. Belə olan halda, İPM-in 87.6-cı maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməlidir. 34 . Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası
QƏRАRА АLDİ:
Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 26 aprel 2022-ci il tarixli 2-1(116)-851/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.