Məhkəmə qərarları › İş №2-1(107)-169/2024

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-169/2024

24.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-169/2024 24.04.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2012-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ilkin müraciətin xx.xx.2019-cu il tarixindən əvvəlki üç illik dövrün ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 19 dekabr 2023-cü il tarixli 2-1(116)-1404/2023 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək “xx.xx.2012-ci ildən xx.xx.2020-ci ilə kimi olan dövrü güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “xx.xx.2012-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ilkin müraciətin xx.xx.2019-cu il tarixindən əvvəlki üç illik dövrün ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş emişdir.

3. İddia ərizəsinə əsasən iddiaçı bütün zəruri sənədləri toplayaraq güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etmişdir. Cavabdeh orqan ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsindən imtina etmiş və xx.xx.2023-cü il tarixli məktubla bildirmişdir ki, Mərkəzi Filiala təqdim olunan sənədlərdə xx.xx.1974-xx.xx.1998-ci illər ərzində Jdanov adına kolxozda qaynaqçı peşəsində işlədiyi qeyd edilmişdir. Lakin sözügedən sənədlərdə işlədiyi peşənin yuxarıda qeyd olunan peşələrə aid olub-olmamasına dair məlumat göstərilməyib. Buna görə də həmin dövrün güzəştli iş stajına aid olub-olmamasını müəyyən etmək mümkün olmayıb.

4. Cavabdeh orqan tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunmuş iddia tələbinə etirazında bildirmişdir ki, Mərkəzi Filiala təqdim olunan sənədlərdə xx.xx.1974-xx.xx.1998-ci illər ərzində Jdanov adına kolxozda qaynaqçı peşəsində işlədiyi qeyd edilmişdir. Lakin, sözügedən sənədlərdə işlədiyi peşənin yuxarıda qeyd olunan peşələrə aid olub-olmamasına dair məlumat göstərilməyib. Buna görə də həmin dövrün güzəştli iş stajına aid olub-olmamasını müəyyən etmək mümkün olmayıb.

5. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia ərizəsinə və iş materiallarına uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

6. Cavabdehin nümayəndəsi birinci instasiya məhkəməsinin iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

7. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 19 dekabr 2023-cü il tarixli 2- 1(116)-1404/2023 nömrəli qərarı ilə iddia təmin edilmişdir.

8. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

9. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Mərkəzi Filiala təqdim olunan sənədlərdə xx.xx.1974-xx.xx.1998-ci illər ərzində Jdanov adına kolxozda qaynaqçı peşəsində işlədiyi qeyd edilmişdir. Lakin sözügedən sənədlərdə işlədiyi peşənin yuxarıda qeyd olunan peşələrə aid olub-olmamasına dair məlumat göstərilməyib. Buna görə də həmin dövrün güzəştli iş stajına aid olub-olmamasını müəyyən etmək mümkün olmayıb. Ona görə də Şəki İnzibati Məhkəməsinin 19 dekabr 2023-cü il tarixli 2-1(116)-1404/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 19 dekabr 2023-cü il tarixli 2-1(116)-1404/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etdi.

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 19 dekabr 2023-cü il tarixli 2-1(116)- 1404/2023 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.

12. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. - Zaqatala rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli arayışında qeyd edilmişdir ki, iddiaçı Zaqatala SMD-10un “Elektromexanizasiya” Trestinin xx.xx.1974-cü il tarixli 54 №-li əmri ilə işə qəbul edilmiş, xx.xx.1974-cü il tarixli 82 №-li əmrlə işdən azad edilmişdir. xx.xx.1976-cı ildə 132 №-li əmrlə işə qəbul edilmiş, xx.xx.1977-ci ildə işdən azad edilmişdir. - Peşə Təhsili üzrə X2 və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzinin xx.xx.2021-ci il tarixli 347 №-li arayışından görünür ki, iddiaçı, xx.xx.1970xx.xx.1972-ci illərdə (1 il, 9 ay 19 gün) Sumqayıt 7 №-li Texniki Peşə Məktəbinin “əl ilə elektrik qaz qaynaqçısı” ixtisasını əyani bitirmişdir. - SHXÇDX-nin xx.xx.2020-ci il tarixli 51 №-li arayışından görünür ki, iddiaçı xx.xx.1974-xx.xx.1976-cı illərdə (2 il 8 gün) keçmiş SSRİ SQ-də müddətli həqiqi hərbi xidmət keçmişdir. - Apanasenko adına Kənd təsərrüfatı İstehsalat Kooperativinin xx.xx.2019-cu il tarixli 233 №-li arayışından görünür ki, iddiaçı 1980-cı ildə 267 gün, 1981-ci ildə 203 gün olmaqla Apanasenko adına kolxozda işləmişdir. Arayışda minimum adam günü norması barədə məlumat qeyd edilməmişdir. - İddiaçının AЗЕ-0100735 nömrəli əmək kitabçası; - Zaqatala rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli, 06 №-li arayışından görünür ki, iddiaçı Zaqatala rayonu “Muxax” kolxozunda 1973, 1977-1980, 1982-1998-ci illərdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. 1977-1980-cı illər üzrə minimum adam günü norması 200 gün, 1982-1985-ci illər üzrə 220 gün, 1986-1989-cu illər üzrə 250 gün, 19901998-ci illər üzrə isə 220 gün müəyyən edilmişdir. - cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir. - AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, iddiaçı xx.xx.1955-ci ildə doğulmuşdur. - Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(107)-334/2022 nömrəli qərarı.

TƏTBİQ EDİLƏN HÜQUQ

13. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

14. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Maddə 13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar-45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa... 13 iyun 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır.

15. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 5.3. Əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 9.1 Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.

16. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir.

17. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. 21.2.11-ci maddəsinə əsasən Sığorta stajına daxil edilən müddətlərdən biri də hərbi xidmət müddətidir (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla).

18. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

19. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 19 dekabr 2023-cü il tarixli 2-1(116)-1404/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

20. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

21. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər.

22. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Birinci instansiya məhkəməsi iddianı təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

24. İş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı 57 yaşdan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ilkin müraciətindən əvvəlki 3 illkin dövrün ödənilməsidən ibarətdir. İddiaçının xx.xx.2006-cı ilədək ümumilikdə iş stajı 25 ildən, güzəştli şərtlərlə pensiya hüququ verən peşədə işlədiyi müddət 12 il 6 aydan çox olmaqla aşağıdakı kimi hesablanmalıdır.

25. İddiaçı Zaqatala rayonu Muxax kolxozunda 1977-1979, 1983-1989, 1991-1998-ci illərdə minimum adam günü normasını yerinə yetirmişdir ki, həmin müddət bütövlükdə 18 ilə bərabərdir.

26. Həmin kolxozda iddiaçı 1973-cü ildə - 62, 1980-ci ildə - 10 gün işləmişdir. Həmin illər üzrə minimum adam günü norması 200 gün olduğundan iddiaçının minimum adam günü normasından az işlədiyi müəyyən olunur və əmək stajı faktiki müddətə uyğun hesablanaraq, 4 ay 9 gün müəyyən edilir (62+10=72/200=0.36).

27. 1982-ci ildə iddiaçı 172 gün, 1990-cı ildə 216 gün işləmişdir. Həmin il üzrə minimum adam günü norması 220 gün olduğundan iddiaçının minimum adam günü normasından az işlədiyi müəyyən olunur və əmək stajı faktiki müddətə uyğun hesablanaraq, 1 il 9 ay 3 gün müəyyən edilir (+216=388/220=1.76).

28. Beləliklə, iddiaçının “Muxax” kolxozunda cəmi əmək stajı – 20 il 1 ay 12 günə (18 il+4 ay 9 gün +1 il 9 ay 3 gün) bərabər olur.

29. Həmin müddətin üzərinə iddiaçının Zaqatala SMD-10un “Elektromexanizasiya” Trestində əmək fəaliyyəti ilə məşğul olduğu müddət də əlavə edilməlidir. İddiaçının kolxoz arayışına əsasən 1977-ci il bütövlükdə onun əmək stajına daxil edildiyindən, Zaqatala SMD-10un “Elektromexanizasiya” Trestində xx.xx.1976-xx.xx.1977-ci illər üzrə əmək fəaliyyəti müddətinin üst-üstə düşən 1977-ci ilə aid hissəsi nəzərə alınmır. Belə olan halda iddiaçının qeyd edilən qurumda əmək stajı 6 ay 27 gün müəyyən edilir.

30. İddiaçının 1980-ci ildə 267 gün, 1981-ci ildə 203 gün olmaqla Apanasenko adına kolxozda işlədiyi müddətlərdə minimum adam günü norması haqqında məlumat olmasa da, həmin müddət ən minimum həddə (365 günə bərabər hesablanmaqla) qəbul edildikdə 1 il 3 ay 15 günə bərabər olur ki, həmin müddət də, iddiaçının sosial sığorta stajına hesablanmalıdır.

31. İddiaçının mübahisəsiz sosial sığorta stajı: 1 il, 9 ay 19 gün təhsil və 2 il 8 gün hərbi xidmət müddəti, yuxarıda hesablanmış əmək fəaliyyəti müddətləri ilə toplandıqda, iddiaçının ümumi sosial sığorta stajı 25 il 8 ay 21 günə bərabər olur ki, bu da onun tələb oluna sığorta stajına malik olduğunu təsdiq edir.

32. İddiaçının yaşa görə əmək pensiyası tələbinə dair qanuni qüvvəyə minmiş məhkəmə qərarına əsasən müəyyən edilir ki, onun ümumi iş stajı 25 il 8 ay 21 gün olmaqla tələb olunan 25 ildən çoxdur. Cavabdeh orqan iddiaçının işlədiyini peşənin Siyahıda qeyd olunan peşələrə aid olub-olmamasına dair məlumat göstərilmədiyini, buna görə də həmin dövrün güzəştli iş stajına aid olub-olmamasını müəyyən etmək mümkün olmadığını qeyd etmişdir.

33. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, 2 nömrəli Siyahıda nəzərdə tutulan (23200000 - XXXİİİ. Ümumi peşələr) - 23200000-19906 kodunda qeyd edilmiş - əl ilə qaynaq aparan elektrik qaynaqçıları, və 23200000—11620 kodunda qeyd edilmiş - qaz qaynaqçıları güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşələrin siyahısındadır. Belə olan halda hər bir halda iddiaçının əmək kitabçasında qaynaqçı vəzifəsinin qeyd edilməsi ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yetərli olduğundan birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır.

34. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddələrinə uyğun olaraq iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 2 element mövcud olmalıdır: 1) xx.xx.2006-cı ilə qədər 25 ildən az olmayan ümumi iş stajının mövcud olması; 2) xx.xx.2006-cı ilə qədər azı 12 il 6 aydan artıq güzəştli iş stajının mövcud olması.

35. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair 03/2020 saylı 8 oktyabr 2020-ci il tarixli qərardadı: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir.

36. İddiaçı 2012-ci ilin avqust ayına qədər pensiyanın təyin edilməsi üçün cavabdehə müraciət etmədiyindən əvvəlki illərin pensiya məbləği müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilə bilər.

37. İddiaçı özü də cavabdehə ilkin müraciətinin 2018-ci ilin dekabr ayında olduğunu və cavabın 11 yanvar 2019-cu il tarixində verildiyini bildirir, əvvəlki 3 illik dövr üçün ödənilməsini tələb edir. İş materiallarında olan cavabdehin imtina məktubundan da müəyyən edilir ki, iddiaçının ilkin müraciəti 2019-cu ilin yanvar ayında olmuşdur.

38. Odur ki, iddiaçının güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ olduğuna görə ona cavabdehə müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün pensiya hesablana bilər. Göstərilən qaydada iddiaçıya ödəniləcək pensiyanın hesablanmasının əvvəli xx.xx.2016-cı ildən sayılmalıdır.

39. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya xx.xx.2012-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ilkin müraciətin xx.xx.2019-cu il tarixindən əvvəlki üç illik dövrün ödənilməsindən imtinası qanuni və əsaslı olmamışdır. Birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

40. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası QƏRАRА АLDİ:

Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 19 dekabr 2023-cü il tarixli 2-1(116)-1404/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar