Məhkəmə qərarları › İş №2-1(107)-17/2024

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-17/2024

24.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-17/2024 24.01.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “Balakən şəhəri, R.Səmədov küçəsində yerləşən 30 kv.m torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədinin hazırlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 11 may 2023-cü il tarixli 2-1(116)-469/2023 nömrəli qərarından iş üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Balakən şəhəri, R.Səmədov küçəsində yerləşən 30 kv.m torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədinin hazırlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsinin əsaslarına görə, Balakən bələdiyyəsinin 17 sentyabr 2004-cü il tarixli qərarına əsasən, şəhərin Rafiq Səmədov küçəsinin cənub-qərb tərəfində yerləşən 30 kv.m ölçüdə torpaq sahəsi mağaza tikmək üçün iddiaçıya hər kv.m 8000 manata satılmış, tərəflər arasında 26 oktyabr 2004-cü il tarixdə torpaqların alqı-satqısına dair akt tərtib olunmuş, həmin akt tərəflərin və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsinin müdiri tərəfindən imzalanmaqla, həmin orqanların möhürü ilə təsdiq olunmuş, 271 nömrə ilə DTXK Balakən rayon şöbəsində qeydiyyata alınmış, torpaq sahəsinin dəyəri alıcı tərəfindən bələdiyyənin hesabına ödənilmişdir. Satılmış torpaq sahəsinin naturada yerləşməsini əks etdirən torpaq sahəsinin yerquruluşu planı bələdiyyə və DTXK-nın Balakən rayon şöbəsinin imza və möhürləri ilə təsdiq edilmiş, eləcə də həmin torpaq sahəsinin situasiya planı aidiyyəti dövlət orqanlarının imza və möhürləri ilə təsdiq edilmiş, torpaq sahəsinin qonşuları qeyd olunmaqla iddiaçıya naturada tanıdılmışdır. İddiaçı həmin torpaq sahəsində qeyri-yaşayış binası inşa etmiş, cavabdeh inzibati orqanın hüquqi varisi olduğu Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən iddiaçının adına 390 qeydiyyat, 602 inventar nömrəli texniki pasport tərtib edilmiş, həmin texniki pasportda sənədin hazırlanma əsası kimi, mübahisəli torpaq sahəsinin iddiaçıya satılmasına dair bələdiyyənin 26 oktyabr 2004-cü il tarixli qərarına istinad edilmişdir. Bununla yanaşı, mübahisə predmeti olan torpaq sahəsinə dair iddiaçının adına torpağa mülkiyyət hüququna dair JN-0016 nömrəli dövlət aktı tərtib edilmiş, həmin dövlət aktı dövlət qeydiyyatına alınmaqla DTXK-nın Balakən rayon şöbəsinin və Dövlət Yerquruluşu və Layihə İnstitutunun imza və möhürü ilə təsdiq edilmişdir. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********75 nömrəli imtina məktubunda qeyd etmişdir ki, ərizənin icrası ilə bağlı aparılmış texniki inventarlaşdırma işləri, kadastr ekspertizası və daşınmaz əmlaka yerində baxış keçirilən zaman məlum olmuşdur ki, qeydiyyata alınması nəzərdə tutulan 0,003 ha torpaq sahəsi məktəb ərazisi ilə prospekt arasında yerləşir. Həmin torpaq sahəsi baza xəritələrində iddiaçıya məxsus qeyri-yaşayış binasının yerləşdiyi dövlət mülkiyyəti torpaq sahəsi kimi öz əksini tapıb. Eyni zamanda “Dövlət Aktı” sənədində göstərilən koordinatlara əsasən torpaq sahəsinin yerləşdiyi ərazi DWG xəritələrində məktəb ərazisi kimi göstərilib. Torpaq sahəsinin üzərindəki qeyriyaşayış binası iddiaçı tərəfindən notariat qaydada satılmış və alıcının adına qeydiyyata alınmışdır. Qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 15.1.1-ci maddəsinə əsasən müraciətin təmin olunmasından imtina edilmişdir.

3. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********34 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, qeydiyyata alınması nəzərdə tutulan 0,003 ha torpaq sahəsi məktəb ərazisi ilə prospekt arasında yerləşir. Həmin torpaq sahəsi baza xəritələrində iddiaçıya məxsus olmuş qeyri-yaşayış binasının yerləşdiyi dövlət mülkiyyəti torpaq sahəsi kimi öz əksini tapıb. Eyni zamanda “Dövlət Aktı” sənədində göstərilən koordinatlara əsasən torpaq sahəsinin yerləşdiyi ərazi DWG xəritələrində məktəb ərazisi kimi göstərilib. Torpaq sahəsinin üzərindəki qeyri-yaşayış binasını iddiaçı notariat qaydada satmış və alıcı X2 adına qeydiyyata alınmışdır. Məlumat üçün bildirilir ki, sözügedən qeyri-yaşayış binasının yerləşdiyi 0,003 ha torpaq sahəsinin mülkiyyət növü dövlət olmaqla X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və xx.xx.2022-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla rəsmiləşdirilmişdir.

4. Cavabdeh etiraz məktubunda iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

5. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-1(116)-2355/2022 nömrəli qərardadı ilə Balakən bələdiyyəsi hazırkı iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində adi qaydada cəlb edilmişdir.

6. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-1(116)-469/2023 nömrəli qərardadı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti hazırkı iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb edilmişdir.

7. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-1(116)-469/2023 nömrəli qərardadı ilə X4 hazırkı iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri qaydada cəlb edilmişdir.

8. İddiaçının nümayəndəsi və vəkili Vəkil xx.xx.2023-cü il tarixdə Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə məhkəməyə iddianın dəyişdirilməsi barədə ərizə ünvanlayaraq, yeni tələbində “TEKUİS məlumat bazasında dəyişiklik edilərək, torpağa mülkiyyət hüququna dair JN seriyalı 0016 nömrəli (kod ********) Dövlət Aktı barədə məlumatların daşınmaz əmlakın dövlət reyestrinə daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-1(116)-469/2023 nömrəli qərardadı ilə iddianın dəyişdirilməsi barədə ərizənin qəbulundan imtina edilmişdir.

9. Şəki İnzibati Məhkəməsinin 11 may 2023-cü il tarixli 2-1(116)-469/2023 nömrəli qərardadından iş üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən apellyasiya şikayəti verilmişdir.

10. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçının nümayəndəsi və vəkili Vəkil Şəki İnzibati Məhkəməsinin 11 may 2023-cü il tarixli 2-1(116)-469/2023 nömrəli qərardadından verdiyi apellyasiya şikayəti mümkün sayılmamış və şikayətin icraata qəbulundan imtina edilmişdir.

11. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdehin nümayəndəsi cavabdehin etiraz məktubunun məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

12. Şəki İnzibati Məhkəməsinin (hakim Fərid İsmayılzadə) 11 may 2023-cü il tarixli 2- 1(116)-469/2023 nömrəli qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır.

13. İddiaçının nümayəndəsi və vəkili Vəkil həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsində ilkin iddianın perspektivi müzakirə edilərkən müəyyən edilmişdir ki, cavabdeh inzibati orqanın istifadəsində olan TEKUİS məlumat bazasında mübahisəli 30 kv.m ölçüdə torpaq sahəsi dövlət mülkiyyətində saxlanılan torpaqlara aid edilmişdir. İddiaçıya məxsus torpağa mülkiyyət hüququna dair JN seriyalı 0016 nömrəli (kod ********) dövlət aktı barədə məlumatlar cavabdeh inzibati orqanda mövcud olmamış və daşınmaz əmlakın dövlət reyestrinə daxil edilməmişdir. İddiaçı tərəf arzu etdiyi nəticəni, daha qısa vaxtda əldə etmək məqsədilə müzakirəyə uyğun iddia tələbini dəyişdirmiş, birinci instansiya məhkəməsi inzibati məhkəmə araşdırmasının məhdudlaşdırılmasına yönəlməsi əsası ilə ərizənin qəbulundan imtina etmişdir. Birinci instansiyası məhkəməsi işi hərtərəfli araşdırmamış, ehtimallara əsaslanaraq qərar qəbul etmişdir ki, bununla da hüquq və azadlıqlarının inzibati və məhkəmə təminatı, ədalətli məhkəmə hüququ pozulmuşdur. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi əsaslarını müəyyən edərək göstərmişdir ki, dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina verilə bilər. Cavabdeh inzibati orqan yalnız TEKUİS məlumat bazasına istinadən mübahisəli torpaq sahəsinin dövlət mülkiyyətinə aid olmasını bildirir. Halbuki, mübahisəli torpaq sahəsi bələdiyyə qərarı ilə iddiaçıya satıldıqdan sonra, iddiaçı zəruri sənədləşmə apararaq həmin torpaq sahəsində qeyri-yaşayış binası inşa etmiş, cavabdeh inzibati orqanın hüquqi varisi olduğu Baş Dövlət texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən iddiaçının adına 390 qeydiyyat, 602 inventar nömrəli texniki pasport tərtib edilmiş, həmin texniki pasportda sənədin hazırlanma əsası kimi, mübahisəli torpaq sahəsinin iddiaçıya satılmasına dair bələdiyyənin 26 oktyabr 2004-cü il tarixli qərarına istinad edilmişdir. Göründüyü kimi, cavabdeh inzibati orqan arxiv sənədlərinə istinad etmədən son bir neçə ildə yaradılmış TEKUİS məlumat bazasına istinad etməklə qanunvericiliyin tələblərini kobud şəkildə pozmuş, birinci instansiya məhkəməsi bu hala hüquqi qiymət verməmişdir. Sadalanan maddi hüquq normaları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasları tənzimləyərək müəyyən etmişdir ki, 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Yəni, 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır və Qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. İddiaçının iddia tələbinin əsasını təşkil edən mübahisəli torpaq sahəsinə dair hazırlanmış torpağa mülkiyyət hüququna dair JN-0016 nömrəli dövlət aktı ilə müəyyən olunur ki, mübahisəli torpaq sahəsi əvvəlki qeydiyyat orqanı tərəfindən bələdiyyə mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. Bələdiyyənin qərarına əsasən tərtib edilmiş dövlət aktı dövlət qeydiyyatına alınmaqla DTXK-nin Balakən rayon şöbəsinin və Dövlət Yerquruluşu və Layihə İnstitutunun imza və möhürü ilə təsdiq edilmişdir. Birinci instansiya məhkəməsi hüquqların dövlət qeydiyyatı üçün əsas olan dövlət aktına sübut kimi qiymət verməyərək maddi hüquq normalarının tələblərini pozmuşdur. Halbuki, dövlət aktı iddiaçının tələbinin təmin olunması üçün kifayət qədər mötəbər sənəddir. Göründüyü kimi, müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur və həmin vədlər və ya bəyanatlar yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən iddiaçının adına tərtib edilmiş 390 qeydiyyat, 602 inventar nömrəli texniki pasport mübahisəli torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid olması təsdiq olunmuşdur. Cavabdeh inzibati orqan hüquqi varisinin mübahisəli torpaq sahəsini bələdiyyə mülkiyyəti kimi qeydiyyata alınmasına əhəmiyyət verməmiş, yazılı bəyənatın ziddinə olaraq torpaq sahəsinin dövlət mülkiyyətinə aid olmasını iddia etmişdir. Halbuki, mübahisəli torpaq sahəsinin daha sonra dövlət əmlakına verilməsini təsdiq edən hüquqi əsas mövcud olmamışdır. Göründüyü kimi, inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Cavabdeh inzibati orqan TEKUİS məlumat bazasına əsasən, mübahisəli torpaq sahəsinin dövlət mülkiyyətinə aid olmasını əsaslandırır. Halbuki, torpağa mülkiyyət hüququna dair JN-0016 nömrəli dövlət aktı bu halı təkzib edir. Eyni zamanda, keçmiş Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi də həmin torpaq sahəsini bələdiyyə mülkiyyəti kimi dövlət qeydiyyatına almış, 390 qeydiyyat, 602 inventar nömrəli texniki pasportu da məhz bələdiyyə qərarına istinad etməklə tərtib etmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi işdə olan sübutları müqayisəli şəkildə araşdırmamış, cavabdeh inzibati orqanın imtina əsasının hüquqmüəyyənedici sənədlərlə və əvvəlki aparılmış qeydiyyatla təkzib olunduğu halda, imtina qanuni hesab edilmişdir. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 11 may 2023-cü il tarixli 2-1(116)-469/2023 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin 11 may 2023cü il tarixli 2-1(116)-469/2023 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etdi.

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 11 may 2023-cü il tarixli 2-1(116)-469/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

17. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı və üçüncü şəxs X4 məhkəmə iclasına gəlməmiş, digər üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Balakən bələdiyyəsi nümayəndəsinin iştirakını təmin etməmişdir.

18. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi).

19. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: Cavabdehin etiraz məktubuna əlavə olunmuş: Balakən bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 10 nömrəli iclasının protokolundan çıxarışın təsdiq olunmuş arxiv nüsxəsindən görünür ki, iddiaçı xx.xx.2004-cü ildə bələdiyyəyə ərizə ilə müraciət edərək, R.Səmədov küçəsində mağaza tikmək üçün ona torpaq sahəsinin ayrılmasını xahiş etmişdir. Bələdiyyənin həmin qərarı ilə iddiaçının ərizəsi nəzərə alınaraq, R.Səmədov küçəsinin cənub-qərb tərəfində iddiaçıya mağaza tikmək üçün 6x5 metr ölçüdə 30 kv.m torpaq sahəsinin satılması qərara alınmışdır. Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.2004-cü il tarixdə 1 nömrəli reyestr kitabının 47-ci səhifəsində 390 reyestr nömrəsi ilə qeydiyyata alınmış 390 nömrəli Qeydiyyat vəsiqəsinin təsdiq olunmuş arxiv nüsxəsindən görünür ki, Balakən şəhəri, R.Səmədov küçəsində yerləşən qeyriyaşayış binası iddiaçının mülkiyyətində olmuşdur. xx.xx.2022-ci il tarixli, ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin təsdiq olunmuş arxiv nüsxəsindən görünür ki, iddiaçı Balakən şəhəri, R.Səmədov küçəsində yerləşən, ümumi sahəsi 30 kv.m olan qeyri-yaşayış binasını alıcı X1. xx.xx.2022-ci qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Balakən şəhəri, H.Əliyev prospektində (əvvəlki ünvanı R.Səmədov küçəsi) yerləşən qeyriyaşayış binası üçüncü şəxs Sevda Çantayevanın xüsusi mülkiyyətindədir. Qeyri-yaşayış binasının yerləşdiyi 0,0034 ha torpaq sahəsi isə dövlət mülkiyyətində olmaqla S.Çantayevanın istifadəsindədir. Cavabdehin xx.xx.2023-cü il tarixli, 3-21-3-47/2-382/2023 nömrəli məktubuna əlavə olunmuş mütəxəssis rəyində qeyd olunur ki, Balakən rayonu Balakən bələdiyyəsinin xx.xx.2004-cü il tarixli qərarı əsasında İddiaçı Balakən şəhəri R.Səmədov küçəsindən ayrılmış 30 kv.m torpaq sahəsi 18 saylı Ərazi İdarəsinin xidməti istifadəsində olan TEKUİS məlumat bazasına əsasən iddia olunan ərazi dövlət mülkiyyətində saxlanılan torpaqlara aiddir və naturada ölçüləri 34 kv.m olmaqla başqa şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşmür. Həmin torpaq sahəsinin istifadəçisi İddiaçıdur. Torpaq sahəsinin üzərində mağaza binası yerləşir və sənəd üzrə ayrılmış torpaq sahəsi ilə faktiki istifadə vəziyyəti üst-üstə düşür. İddia olunan torpaq sahəsinin naturada yerləşmə vəziyyəti, ölçüləri, sahəsi, koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Lakin məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, torpaq sahəsinin üzərində yerləşən tikilinin ölçüsü 34 kv.m təşkil edir. Belə olan halda tikilinin S.Çantayevanın adına rəsmiləşdirilməsini nəzərə alsaq, mütəxəssis rəyində torpaq sahəsinin İddiaçı istifadəsində olmasının göstərilməsi əsassızdır. Balakən rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli, 3-48-7RA/2-43/2023 nömrəli məktubuna əlavə olunmuş Balakən bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 10 nömrəli iclasının protokolunun arxiv nüsxəsindən görünür ki, iclasın gündəliyindəki 2-ci məsələ bələdiyyəyə daxil olmuş ərizə və şikayətlərə baxılması barədə olmuşdur. Protokolda olan siyahıda 6-cı sırada İddiaçı adının yazıldığı və ona azad sahibkarlıqla məşğul olması üçün torpaq sahəsinin satıldığı müəyyən olunur. İddiaçının nümayəndəsi və vəkili tərəfinən təqdim olunmuş: Balakən bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 10 nömrəli iclasının protokolundan çıxarışından görünür ki, iddiaçı xx.xx.2004-cü ildə bələdiyyəyə ərizə ilə müraciət edərək, R.Səmədov küçəsində mağaza tikmək üçün ona torpaq sahəsinin ayrılmasını xahiş etmişdir. Bələdiyyənin həmin qərarı ilə iddiaçının ərizəsi nəzərə alınaraq, R.Səmədov küçəsinin cənub-qərb tərəfində iddiaçıya mağaza tikmək üçün 6x5 metr ölçüdə 30 kv.m torpaq sahəsinin satılması qərara alınmışdır. xx.xx.2004-cü il tarixdə tərtib edilmiş Torpaqların alqı-satqısına dair aktdan görünür ki, Balakən bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 10 nömrəli qərarı ilə 30 kv.m torpaq sahəsi satılmışdır. İddiaçı tərəfindən torpaq sahəsinin dəyəri bələdiyyənin bank hesabına ödənilmişdir. JN-0016 kod 40100001 nömrəli Dövlət Aktından görünür ki, Balakən bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 10 nömrəli qərarı ilə 0,003 ha torpaq sahəsi mağaza tikintisi üçün İddiaçı satılmışdır. xx.xx.2004-cü il tarixli, 118 nömrəli kassa mədaxil orderindən görünür ki, iddiaçı tərəfindən torpaq sahəsinin dəyəri bələdiyyəyə ödənilmişdir. Məhkəmə kollegiyasının xx.xx.2023-cü il tarixli sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli məktubuna əsasən, idarənin xidməti istifadəsində olan elektron məlumat bazasında öz əksini tapan kompleks yerquruluşu layihələrində Balakən bələdiyyəsinin xx.xx.2004-cü il tarixli qərarı əsasında iddiaçıya ayrılmış 30 kv.m torpaq sahəsi Balakən şəhərinin hüdudları daxilində kateqoriyası yaşayış məntəqələri torpaqları, mülkiyyət növü isə dövlət mülkiyyətinə aid ərazi kimi işlənilmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

20. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

19. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139.3-cü maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

20. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli 713-İİQ nömrəli Qanununa əsasən, qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1). 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar, 8.0.3-cü maddəsinə görə daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 11.1-ci maddəsinə görə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər; 23.2-ci maddəsinə görə isə daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər.

21. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaqlar onun vahid torpaq fondunu təşkil edir. Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar, yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar, xüsusi qorunan ərazilərin torpaqları, meşə fondu torpaqları, su fondu torpaqları, ehtiyat fondu torpaqları.( 9-cu maddə). 66.1-ci maddəsinə əsasən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur; 67.1-ci maddəsinə görə torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır; 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur; 111.2-ci maddəsinə görə özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.

22. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

23. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.

24. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

25. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.

26. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

28. İş materialları ilə müəyyən edilmişdir ki, Balakən bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 10 nömrəli iclasının protokoluna əsasən, iddiaçı xx.xx.2004-cü ildə bələdiyyəyə ərizə ilə müraciət edərək, R.Səmədov küçəsində mağaza tikmək üçün ona torpaq sahəsinin ayrılmasını xahiş etmişdir. Bələdiyyənin həmin qərarı ilə iddiaçının ərizəsi nəzərə alınaraq, R.Səmədov küçəsinin cənub-qərb tərəfində iddiaçıya mağaza tikmək üçün 6x5 metr ölçüdə 30 kv.m torpaq sahəsinin satılması qərara alınmışdır. Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.2004-cü il tarixdə 1 nömrəli reyestr kitabının 47-ci səhifəsində 390 reyestr nömrəsi ilə qeydiyyata alınmış 390 nömrəli Qeydiyyat vəsiqəsinə əsasən, Balakən şəhəri, R.Səmədov küçəsində yerləşən qeyri-yaşayış binası iddiaçının mülkiyyətində olmuşdur. xx.xx.2022-ci il tarixli, ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən, iddiaçı Balakən şəhəri, R.Səmədov küçəsində yerləşən, ümumi sahəsi 30 kv.m olan qeyriyaşayış binasını alıcı X1. xx.xx.2022-ci qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışla Balakən şəhəri, H.Əliyev prospektində (əvvəlki ünvanı R.Səmədov küçəsi) yerləşən qeyri-yaşayış binası üçüncü şəxs Sevda Çantayevanın xüsusi mülkiyyətinə verilmişdir. Qeyri-yaşayış binasının yerləşdiyi 0,0034 ha torpaq sahəsi isə dövlət mülkiyyətində olmaqla S.Çantayevanın istifadəsindədir. Cavabdehin xx.xx.2023-cü il tarixli, 3-21-3-47/2-382/2023 nömrəli məktubuna əlavə olunmuş mütəxəssis rəyində isə qeyd olunur ki, Balakən rayonu Balakən bələdiyyəsinin xx.xx.2004-cü il tarixli qərarı əsasında İddiaçı Balakən şəhəri R.Səmədov küçəsindən ayrılmış 30 kv.m torpaq sahəsi 18 saylı Ərazi İdarəsinin xidməti istifadəsində olan TEKUİS məlumat bazasına əsasən iddia olunan ərazi dövlət mülkiyyətində saxlanılan torpaqlara aiddir və naturada ölçüləri 34 kv.m olmaqla başqa şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşmür. Həmin torpaq sahəsinin istifadəçisi İddiaçıdur. Torpaq sahəsinin üzərində mağaza binası yerləşir və sənəd üzrə ayrılmış torpaq sahəsi ilə faktiki istifadə vəziyyəti üst-üstə düşür. İddia olunan torpaq sahəsinin naturada yerləşmə vəziyyəti, ölçüləri, sahəsi, koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Lakin məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, torpaq sahəsinin üzərində yerləşən tikilinin ölçüsü 34 kv.m təşkil edir. Belə olan halda tikilinin S.Çantayevanın adına rəsmiləşdirilməsini nəzərə alsaq, mütəxəssis rəyində torpaq sahəsinin İddiaçı istifadəsində olmasının göstərilməsi əsassızdır.

28. Bundan əlavə məhkəmə kollegiyasının xx.xx.2023-cü il tarixli sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli məktubuna əsasən, idarənin xidməti istifadəsində olan elektron məlumat bazasında öz əksini tapan kompleks yerquruluşu layihələrində Balakən bələdiyyəsinin xx.xx.2004-cü il tarixli qərarı əsasında iddiaçıya ayrılmış 30 kv.m torpaq sahəsi Balakən şəhərinin hüdudları daxilində kateqoriyası yaşayış məntəqələri torpaqları, mülkiyyət növü isə dövlət mülkiyyətinə aid ərazi kimi işlənilmişdir.

29. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək bildirir ki, iddiaçının tələbinin təmin olunmasını istisna edən hallar iş materialları ilə öz təsdiqini tapır. Belə ki, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma nəticəsində müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsi dövlət mülkiyyətinə aid olan torpaq sahəsidir. İddiaçı tələbini əsaslandırmaq üçün bələdiyyə qərarı əsasında mübahisəli torpaq sahəsinin onun adına satılmasına istinad etsə də, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, torpaq sahəsi dövlət mülkiyyətində olan torpaqlar dairəsinə aid olduğundan, bələdiyyənin həmin torpaq sahəsinə münasibətdə sərəncam vermək hüququ olmamışdır.

30. Eyni zamanda torpaq sahəsinin üzərində yerləşən tikiliyə, qeyri-yaşayış sahəsinə münasibətdə iddiaçının adına qeydiyyat vəsiqəsi tərtib edilmiş, həmin qeydiyyat vəsiqəsi əsasında qeyri-yaşayış sahəsi iddiaçı tərəfindən özgəninkiləşdirilmiş, özgəninkiləşdirilmiş əmlaka münasibətdə tərtib edilmiş çıxarışda da torpaq sahəsinin mülkiyyətçisi kimi dövlət qeyd olunmuşdur.

31. Həmçinin, mübahisəli torpaq sahəsi üçüncü şəxsə məxsus qeyri-yaşayış obyektinin altında yerləşir. Odur ki, səlahiyyəti olmadığı halda bələdiyyə tərəfindən dövlət mülkiyyətində olan torpaq sahəsinin iddiaçıya satılmasına dair qəbul edilmiş qərara əsaslanan iddia tələbi əsassız olmuşdur.

32. Belə olan halda məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin olunmasından imtina etməsi qanuni olmuşdur.

33. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur.

34. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Balakən şəhəri, R.Səmədov küçəsində yerləşən 30 kv.m torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədinin hazırlanmasından imtina ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Odur ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilməməlidir.

35. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:

İddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 11 may 2023-cü il tarixli 2-1(116)-469/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar