Məhkəmə qərarları › İş №2-1(107)-170/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-170/2021

16.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-170/2021 16.03.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə (üçüncü şəxslər: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Şəki Regional Ədliyyə İdarəsi) qarşı "Cavabdeh xx xxxxxxx 2020-ci il tarixli ərizəyə cavab verməməsinin qanunsuz və əsassız hesab edilməsi və xx xxxxxxx 2020-ci il tarixli ərizəyə cavab verilməsi vəzifəsinin Cavabdehnə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2-1(116)-551/2021 nömrəli qərardadından iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "Zaqatala rayon İcra və Probasiya Şöbəsinin xx xxxxxxx 2020-ci il tarixli ərizəyə cavab verməməsinin qanunsuz və əsassız hesab edilməsi və xx xxxxxxx 2020-ci il tarixli ərizəyə cavab verilməsi vəzifəsinin Cavabdehnə həvalə edilməsi” barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli 2(033)-782/2016 saylı qətnaməsi ilə nümayəndəsi olduğu iddiaçı X7 cavabdeh X4 qarşı “pul tələbinə dair" iddia ərizəsi təmin edilərək cavabdeh X1 5000 manat pulun alınaraq iddiaçı X8 ödənilməsi qət edilmiş və məhkəmə qətnaməsi qanuni qüvvəyə minərək icraya yönəldilmişdir. Lakin göstərilən qətnamə icra məmurunun məsuliyyətsizliyi və korrupsiya elementlərinə yol verilməsi nəticəsində bu günədək icra edilməmiş, maddi və prosessual hüquq normalarının çoxsaylı pozuntularına yol verilmişdir. Cavabdehnə “dəqiqləşmiş məlumatın verilməsi barədə” xx xxxxxxx 2020-ci il tarixli ərizə ilə müraciət etmişdir. Qeyd edilən ərizə həmin tarixdə poçt xidmətinə təhvil verilmiş və “Poçt göndərişinin verilməsi haqqında” xəbərnaməyə əsasən xx xxxxxxx 2020-ci il tarixdə cavabdehin ünvanına daxil olmuşdur. Lakin cavabdeh orqan ərizəyə qanunla müəyyən edilmiş müddətdə və qaydada cavab verilməsini təmin etməmişdir. Şəki İnzibati Məhkəməsi xx xxxxxx 2021-ci il tarixli, 2-1(116)-551/2021 saylı qərardadı ilə İddiaçı Cavabdehnə (üçüncü şəxslər: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Şəki Regional Ədliyyə İdarəsi) qarşı "Cavabdeh xx xxxxxxx 2020-ci il tarixli ərizəyə cavab verməməsinin qanunsuz və əsassız hesab edilməsi və xx xxxxxxx 2020-ci il tarixli ərizəyə cavab verilməsi vəzifəsinin Cavabdehnə həvalə edilməsi” tələbinə dair iddiasının mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan İddiaçı apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Şəki İnzibati Məhkəməsinin qərardadı qanunsuz və əsassızdır. Belə ki, Azərbaycan Respublikası İPM-nin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.Lakin buna baxmayaraq birinci instansiya məhkəməsi qanunvericiliyin göstərilən tələblərini pozaraq icraat başlamadan, tərəflərin hazırkı iddia tələbinə münasibətini öyrənmədən, bu məqsədlə məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə bildiriş göndərmədən iddianın mümükünlük məsələsini həll etmişdir. Bununla da, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinin tələblərini də, pozmuşdur.Bundan başqa, birinci instansiya məhkəməsi ərizə ilə tələb edilən məlumatların ayrıca sorğu ilə müraciət edilməsinə ehtiyac olmamasını qərardadında qeyd edərək, bunun üçün məhkəmə iclas protokolu ilə tanış olmaq hüququnun olmasını bildirmişdir. Birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, sorğu ilə tələb edilən məlumatların əldə edilməsi üçün sorğu vermək və ya protokolla tanış olmaq üsulunun hansından istifadə etmək tərəflərin hüququdur. Bundan başqa, birinci instansiya məhkəməsi iddiaçının hazırkı iddia tələbləri ilə hansı məhkəməyə müraciət etməli olmasını mübahisələndirən qərardadında göstərməyib. Azərbaycan Respublikası İPMnin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Yuxarıda qeyd olunanlara əsasən Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2-1(116)-551/2021 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Tərəflər məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası iddiaçı və cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində tərəflər məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Əsaslandırma hissəsi Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 10 (on) gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2-1(116)-551/2021 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, hazırkı iş üzrə tələb Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli 2(033)-782/2016 saylı qətnaməsinin icrası ilə əlaqədardır. İddia ərizəsinə əlavə olunmuş xx.xx.2020-ci il tarixli dəqiqləşdirilmiş məlumat verilməsi barədə Cavabdehnə ərizəsindən görünür ki, borclu X5 qanunla müəyyən edilmiş qaydada və müddətdə tələbi icra etmədiyi üçün Cavabdeh icra məmuru X6 borclu X2 Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Zaqatala rayon Məhkəməsinə göndərilmişdir. Zaqatala rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 3(033)-99/2020 saylı inzibati xəta haqqında iş üzrə qərarı ilə borclu X2 barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibinin olmaması əsasları xitam verilmişdir. Məhkəmə inzibati xəta haqqında protokola baxarkən iş üzrə icra məmuru X3 məhkəmədə verdiyi izahatı xx xxxx 2020-ci il tarixli qərarda aşağıdakı formada əks etdirmişir: “...Qeyd olunan icra sənədi üzrə borclu X5 öhdəliklərini yerinə yetirməkdən qərəzli olaraq boyun qaçırmamış, əksinə, o, borcunu ödəməyə çalışaraq hazırda borcunun 2600 manatını ödəmiş, qalan borcunu isə yaxın müddət ərzində ödəməsinə söz vermişdir. Buna görə də, bunun nəzərə alınmasını xahiş edirəm ”. Lakin iş üzrə icra məmurunun tərtib etdiyi Lakin iş üzrə icra məmurunun tərtib etdiyi protokolu müdafiə etməməsi qanuni və əsaslı deyil, həmçinin məntiqi olmamaqla inandırıcı deyil. Göstərilənləri nəzərə alaraq borclu X2 barəsində inzibati xəta haqqında işə Zaqatala rayon Məhkəməsində baxılarkən Cavabdeh icra məmuru X3 məhkəmə izahatı barədə dəqiqləşmiş məlumatın verilməsinə dair xx xxx 2020-ci il tarixli ərizə ilə Cavabdehnə müraciət etmişdir. Lakin Cavabdeh tərəfindən “Vətandaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının qanununun tələbləri pozularaq xx xxx 2020-ci il tarixli ərizəyə bu günədək cavab verilməmişdir. Lakin iş üzrə icra məmurunun tərtib etdiyi protokolu müdafiə etməməsi qanuni və əsaslı deyil, həmçinin məntiqi olmamaqla inandırıcı deyil. Göstərilənləri nəzərə alaraq borclu X2 barəsində inzibati xəta haqqında işə Zaqatala rayon Məhkəməsində baxılarkən Zaqatala rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 məhkəmə izahatı barədə dəqiqləşmiş məlumatın verilməsinə dair xx xxx 2020-ci il tarixli ərizə ilə Zaqatala rayon İcra və Probasiya Şöbəsinə müraciət etmişdir. Lakin Cavabdeh tərəfindən “Vətandaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının qanununun tələbləri pozularaq xx xxx 2020-ci il tarixli ərizəyə bu günədək cavab verilməmişdir. İddiaçının qeyd olunan məzmununa münasibətdə məhkəmə haqlı olaraq qeyd etmişdir ki, icra məmurunun məhkəmə iclasında verdiyi izahatın dəqiqləşdirilməsi barədə məlumat verilməsi üçün ayrıca sorğu verilməsinə ehtiyac yoxdur.Belə ki, məhkəmə iclasının protokolu ilə işdə iştirak edən şəxslər tanış olmaq və ona dair qeydlər vermək hüququna malikdirlər. Ümumiyyətlə iddia ərizəsi və ona əlavə olunan sənədlərdən müəyyən olunur ki, iddiaçının və onun təmsil etdiyi şəxsin narazılığı məhkəmə qətnaməsinin icra edilməməsi ilə bağlıdır ki, bununla bağlı məhkəmə kollegiyası iddiaçının nəzərinə çatdırır ki, İcra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən məhkəməyə şikayət verilməsi “İcra haqqında” Qanunun 87.1-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddədə göstərilir ki, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair xx xxxxxxxx 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati məhkəmələr isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair xx xxxxxxx 2017-ci il tarixli qərarında isə göstərilmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. İcra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun icraata xitam verilməsi barədə qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər. Həmin qərarında Konstitusiya Məhkəməsi özünün aşağıdakı hüquqi mövqeyini ifadə etmişdir:“...Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) bir sıra normalarına əsaslanaraq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. Belə ki, “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Mülki Prosessual Məcəllədə olduğu kimi, “İcra haqqında” Qanunda da bu mövqedən çıxış edilərək qətnamənin icrasının təmin edilməsi və icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət məqsədilə icra məmurunun icra sənədini vermiş məhkəməyə müraciət etməsi müəyyən edilmişdir. Məsələn, “İcra haqqında” Qanunun 14.1-ci maddəsinə əsasən, icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir. Konstitusiya Məhkəməsinin Plenumu “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” x xxxxxxxx 2015-ci il tarixli Qərarında da bu mövqedən çıxış edərək qeyd etmişdir ki, məhkəmə aktı üzrə bir neçə borclu olduqda, eləcə də onların yaşadığı ərazi müxtəlif olduqda həmin aktı qəbul etmiş məhkəmə icra sənədini borcluların sayına uyğun və yaşadığı yer üzrə müvafiq icra qurumuna göndərməli və icra məmurunun icraata başlamaq haqqında qərarı vaxtında qəbul etməsinə nəzarət etməlidir. İcra sənədini vermiş məhkəmənin icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət etmək funksiyası, həmçinin “İcra haqqında” Qanunun 20-ci maddəsində nəzərdə tutulan icraata xitam verilməsinin əsasları və qaydalarından da irəli gəlir. İcra icraatının gedişində icra qurumu tərəfindən həyata keçirilən fəaliyyət şərti olaraq iki hissəyə ayrıla bilər: 1) icra sənədinin icra olunmasının təmin edilməsinə yönəlmiş fəaliyyət - bu zaman icra məmuru tərəfindən qəbul edilən qərarların və edilən hərəkətlərin qanuniliyinin və əsaslılığının qiymətləndirilməsi həmin fəaliyyətin icra sənədinin icrasının təmin edilməsi baxımından zəruri olub-olmaması meyarı üzrə aparılır. 2) icra sənədinin icrasının təmin edilməsi zamanı icra orqanı tərəfindən qanunsuz hərəkətlərə yol verilməklə ziyan vurulmasına gətirib çıxarmış hüquqazidd fəaliyyət - bu zaman isə icra sənədinin icrasının təmin edilməsindən kənara çıxan hərəkətlərin qanuniliyi yoxlanılır. “İcra haqqında” Qanunun 87.1-ci maddəsi birinci hal üzrə icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən verilən şikayətlərə dair məsələni tənzimləyir. Həmin halla bağlı aydınlaşdırılmalı məsələ isə ondan ibarətdir ki, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə məhkəmələrdə necə baxılmalıdır. Bunun üçün aşağıdakı məsələlər nəzərə alınmalıdır. “İcra haqqında” Qanunun 29.1-ci maddəsinə əsasən, icra icraatının tərəfləri olan borclu və tələbkar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn məsələləri mübahisələndirmək hüququna malikdirlər. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi belə mübahisənin predmetini təşkil edir. Tələbkar və borclu icra sənədinin icra olunması ilə bağlı məsələləri mübahisələndirmək hüququna malikdirlər. “İcra haqqında” Qanun icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət verilə biləcəyini təsbit edir. Məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edildiyindən, məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə də məhz icra sənədini vermiş və icraya nəzarət edən məhkəmə tərəfindən baxılmalıdır. Sözügedən şikayətlərə bu qaydada baxılmasının təmin edilməsi ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsi və prosessual qənaətə nail olunması baxımından da olduqca önəmlidir. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi ilə bağlı mübahisələrə inzibati qaydada baxılması üçün ilk növbədə münasibətlərin inzibati hüquqla bağlı yaranması tələb olunur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra Xidməti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 136 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın İİ hissəsinin 2.1.1-ci bəndinə müvafiq olaraq inzibati orqanlara aid edilsə də, bu xidmətin icra məmurlarının icra sənədlərinin icrası ilə əlaqədar həyata keçirdikləri fəaliyyət inzibati hüquq sahəsinə aid fəaliyyət kimi qəbul edilməməli, müvafiq olaraq həmin fəaliyyətin gedişində qəbul etdikləri qərarlar da inzibati akt hesab olunmamalı, eləcə də edilmiş hərəkətlər inzibati orqanın inzibati hüquq münasibəti ilə bağlı faktiki xarakterli hərəkəti kimi qiymətləndirilməməlidir. Sözügedən fəaliyyət zahirən inzibati hüquq sahəsinə aid fəaliyyət kimi görünsə də, belə deyildir. İcra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən həyata keçirilən fəaliyyətə və bu zaman qəbul edilən qərarlara məhkəmə müdafiəsi hüququnun reallaşdırılmasının tərkib hissəsi və davamı kimi yanaşılmalıdır. Çünki məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsidir. Qanunvericilik isə icra icraatının gedişində icra sənədinin icrası ilə bağlı yaranan mübahisələrə baxılmasının xüsusi qaydasını müəyyən etmişdir. MPM-in 228-232-ci maddələrindəki tənzimləmələr də bunu təsdiq edir. Beləliklə, icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən qəbul edilən qərarlar və hərəkətlər (o cümlədən hərəkətsizliklər) inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəlmədiyindən onların inzibati qaydada inzibati məhkəmə icraatında mübahisələndirilməsi mümkün deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: -16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. -35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa,iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında vəmüəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. -35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmış, iddia tələbini mümkün saymamaqla prosesual hüquq normalarının tətbiqində səhvə yol verməyərək inzibati iş üzrə düzgün nəticəyə gəlmişdir. Belə olan halda, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən, apellyasiya şikayətinin dəlilləri isə əsaslı olmadığından təmin edilməməlidir. İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqda haqlıdır. Ona görə də Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2-1(116)-551/2021 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalı, İddiaçı apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası Qərаrа аldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2-1(116)-551/2021 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun tam formada təqdim olunduğu gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar