Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-170/2023 29.03.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax ərazi idarəsinə qarşı “Yevlax şəhəri, C.Mustafayev küçəsi 106, mənzil 29-un daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli 2-1(116)-1863/2022 nömrəli qərarından iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehə qarşı birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Yevlax şəhəri, C.Mustafayev küçəsi 106, mənzil 29-un daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
2. İddianın əsaslarına görə İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən ağır döyüşlərdə oğlunu vətən uğrunda şəhid vermişdir. Beləliklə də şəhid anası kimi qeydiyyata alınmışdır. Sosial yaşayış durumunun yaxşılaşdırılması məqsədi ilə ünvan 1 ünvanda inşa olunan çox mənzilli yaşayış binasından Yevlax Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2010-cu il tarixli sərəncamı ilə Yevlax şəhəri C.Mustafayev küçəsi 106 mənzil 29 onun mülkiyyətinə verilmişdir. Buna dair xx.xx.2010-cu il tarixli 79 nömrəli order tərtib edilmişdir. Həmin mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün cavabdeh orqana müraciət etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli məktubla bildirmişdir ki, mənzilin qeydiyyata alınması mövcud qanunvericiliyin tələbinə əsasən mümkün deyil. Hesab edir ki, cavabdeh düzgün qərar qəbul etməmişdir. Həmin binadan bir çox mənzillər həm məhkəmə qərarı ilə həm də adi qaydada sənədləşdirilərək çıxarışlar verilmişdir.
3. Cavabdeh xx.xx.2022-ci il tarixli **********48 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11 maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il okyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi hüquqların qeydiyyatı üçün əsas hesab edilir. Mənzilə dair orderin surətindən görünüyü kimi, həmin 79 nömrəli order iddiaçıya xx.xx.2010-cu il tarixdə Yevlax Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2010-cu il tarixli, 126 nömrəli sərəncamı əsasında verilmişdir. xx.xx.2009-cu il tarixində qüvvəyə minmiş Azərbaycan Respublikasının Mənzil Məcəlləsində yaşayış mənzilinə order verilməsi isə nəzərdə tutulmamışdır.
4. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə orderə əsasən göstərilən ünvanda yaşayan X3, həmçinin Yevlax Şəhər İcra Hakimiyyəti hazırkı iş üzrə üçüncü şəxs qismində cəlb edilmişdir.
5. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçı 2010-cu ildən həmin mənzildə yaşadığını və tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
6. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdehin nümayəndəsi isə etiraz məktubunun məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
7. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 15 noyabr 2022-ci il tarixli 2- 1(116)-1863/2022 nömrəli qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır.
8. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
9. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən ağır döyüşlərdə oğlu vətən uğrunda şəhid olmuşdur. Beləliklə də şəhid anası kimi qeydiyyata alınmışdır. Sosial yaşayış durumunun yaxşılaşdırılması məqdəsi ilə Yevla şəhərində C.Mustafayev küçəsi 106 ünvanda inşa olunan çoxmənzilli yaşayış binasından Yevlax Rayon İcra Hakimiyyət başçısının xx.xx.2010-cu il tarixli sərəncamı ilə Yevlax şəhəri, C.Mustafayev küçəsi 106, mənzil 29 onun mülkiyyətinə verilmişdir. Buna dair xx.xx.2010-cu il tarixli 79 nömrəli order tərtib edilmişdir. Həmin mənzilin daşınmaz əmlakən dövlət reyestində qeydiyyata alınması üçün cavabdeh orqana müraciət etsə də cavabdeh xx.xx.2022-ci il tarixli məktubla bildirmişdir ki, mənzilin qeydiyyata alınması mövcud qanunvericiliyin tələbinə əsasən mümkünh deyildir. Cavabdeh düzgün qərar qəbul etməmişdir. Həmin binadan bir çox mənzillər həm məhkəmə qərarı ilə həm də adi qaydada sənədləşdirilərək çıxarışlar verilmişdir. Ona görə də Şəki İnzibati Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli 2-1(116)-1863/2022 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli 2-1(116)-1863/2022 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etdi.
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi.
12. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı, üçüncü şəxs X3 məhkəmə iclasına gəlməmiş, üçüncü şəxs Yevlax Şəhər İcra Hakimiyyəti nümayəndəsinin iştirakını təmin etməmişdir.
13. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi).
14. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - Cavabdehin xx.xx.2022-ci il tarixli **********00 nömrəli imtina məktubundan müəyyən olunur ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl cavabdehə müraciət etmişdir. - X9 filialının xx.xx.2022-ci il tarixli 65/10 nömrəli məktubuna əlavə olunmuş Yevlax ŞİH başçısının xx.xx.2010-cu il tarixli 126 sərəncamından çıxarışdan görünür ki, həmin sərəncamla binanın 3-cü girişi, 2-ci mərtəbə ümumi sahəsi 70.1 kv.m, yaşayış sahəsi 38,4 kv.m olan 2 otaqlı 29 nömrəli mənzil ailə tərkibi 9 nəfərdən ibarət olan şəhid ailəsi X6 verilmişdir. - Yevlax şəhəri C.Mustafayev küçəsi 106 nömrəli binanın 29 nömrəli mənzilinə dair tərtib edilmiş xx.xx.2010-cu il tarixli 79 nömrəli orderin təsdiq olunmuş surətindən görünür ki, order İH başçısının xx.xx.2010-cu il tarixli 126 nömrəli sərəncamı əsasında verilmişdir. Orderdə ailə tərkibi 3 nəfərdən ibarət olaraq göstərilmiş, order X2 verilmişdir. - Ölüm haqqında şəhadətnamədən görünür ki, X7 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
15. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
16. Mülki Məcəllə: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; Maddə 139-1.1.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
17. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 10.2 və 10.2.1-ci maddələrinə müvafiq olaraq qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri əlavə olunur. 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.
18. xx.xx.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 48-ci maddəsində nəzərdə tutulurdu ki, dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır.
19. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.
20. “Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanlarına və onların ailə üzvlərinə ayrılmış mənzillərin özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli Fərmanına əsasən müəyyən edilmişdir ki, 1.1. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 25 avqust tarixli 2871 nömrəli Sərəncamının 1.1-ci bəndinin icrası ilə əlaqədar Azərbaycan Respublikasının “X4” adı verilmiş şəxslərə, eləcə də ölümündən sonra həmin ad verilmiş şəxslərin ailə üzvlərinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ayrılmış mənzillər (bundan sonra – mənzillər) əvəzsiz olaraq həmin mənzilin ayrıldığı şəxslərin mülkiyyətinə verilməklə özəlləşdirilir; 1.2. mənzillərin özəlləşdirilməsi bu Fərmanın 1.1-ci bəndində nəzərdə tutulan şəxslərin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciəti əsasında bu Fərmanın 4.1-ci bəndi nəzərə alınmaqla həyata keçirilir. Fərmanın 4.1-ci bəndinə görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 25 avqust tarixli 2871 nömrəli Sərəncamına uyğun olaraq mənzil ayrılmış şəxslərin siyahısını (hər bir şəxsə ayrılmış mənzilə dair məlumatlar dəqiq göstərilməklə) və mənzilin ayrılmasına dair müvafiq təsdiqedici sənədin surətini bir ay müddətində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə təqdim etmək həvalə edilmişdir.
21. 1 oktyabr 2009-cu il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin Yekun müddəalarına əsasən: 146.1. Bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. 146.2. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanunu bu Məcəllə qanuni qüvvəyə mindikdən sonra vətəndaşlara bu Məcəllənin İİİ-İV bölmələrinə əsasən verilən sosial və xüsusi təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrinə şamil edilmir. 146.3. Bu Məcəllənin 146.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahələrinin özəlləşdirilməsi Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulduğu hallarda və qaydada həyata keçirilə bilər.
22. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
23. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.
24. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
25. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
26. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
28. Məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma zamanı müəyyən edildi ki, X9 filialının xx.xx.2022-ci il tarixli 65/10 nömrəli məktubuna əlavə olunmuş Yevlax ŞİH başçısının xx.xx.2010-cu il tarixli 126 sərəncamından çıxarışa əsasən həmin sərəncamla binanın 3-cü girişi, 2-ci mərtəbə ümumi sahəsi 70.1 kv.m, yaşayış sahəsi 38,4 kv.m olan 2 otaqlı 29 nömrəli mənzil ailə tərkibi 9 nəfərdən ibarət olan şəhid ailəsi X6 verilmişdir. Yevlax şəhəri C.Mustafayev küçəsi 106 nömrəli binanın 29 nömrəli mənzilinə dair tərtib edilmiş xx.xx.2010-cu il tarixli 79 nömrəli orderə əsasən, order İH başçısının xx.xx.2010-cu il tarixli 126 nömrəli sərəncamı əsasında verilmişdir. Orderdə ailə tərkibi 3 nəfərdən ibarət olaraq göstərilmiş, order X2 verilmişdir. Ölüm haqqında şəhadətnamədən görünür ki, X7 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir.
29. Məhkəmə kollegiyası qeyd edir ki, qanunverici daşınmaz əmlakın dövlət reyestrində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin əsası kimi, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamını, orderini və ya mənzil kirayəsi müqaviləsini göstərmişdir.
30. Hazırkı işdə isə, sözügedən mənzilin iddiaçıya 2010-cu il tarixdə verilmiş müvafiq sərəncamla verildiyi müəyyən edilir. Bu isə onu deməyə əsas verir ki, həmin mənzil iddiaçıya əvvəllər hər hansı hüquq müəyyənedici sənəd əsasında verilməmişdir. Mənzilin iddiaçıya ayrılmasını təsdiq edən yeganə sənəd Yevlax Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2010-cu il tarixli 126 nömrəli sərəncamı və onun əsasında verilmiş 79 nömrəli xx.xx.2010-cu il tarixli orderdir ki, həmin sənədlər də Mənzil Məcəlləsi qüvvəyə mindikdən sonra verildiyindən iddiaçının tələb hüququnun əsası kimi çıxış edə bilməzlər. Eyni zamanda həmin sərəncamda mənzillərin şəxslərin mülkiyyətinə verilməsi barədə göstəriş olmamışdır.
31. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-606/2020 saylı xx.xx.2020-ci il tarixli və 2-1(102)-636/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarlarında təsbit olunmuş hüquqi mövqeyə əsasən orderin verildiyi tarixlə bərabər iddiaçıların həmin mənzillərdə faktiki yaşamağa başlamaları da araşdırılmalıdır.
32. Yevlax Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2010-cu il tarixli 126 nömrəli Sərəncamından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi tərəfindən Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün Yevlax şəhərində inşa edlmiş 36 mənzilli binanın tikintisi 2009-cu ilin dekabr ayında başa çatmışdır.
33. 1 oktyabr 2009-cu il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin tələblərindən də göründüyü kimi “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunu vətəndaşlara 1 oktyabr 2009-cu il tarixdən sonra verilən dövlət mənzil fondunun yaşayış sahələrinə münasibətdə şamil olunmur. Belə yaşayış sahələrinin özəlləşdirilməsi yalnız qanunla nəzərdə tutulduğu hallarda mümkün ola bilər. Bu baxımdan, konkret halda, iddiaçının “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 1, 5 və 8-ci maddələrinə əsaslanaraq ünvan rayon icra hakimiyyətinin qeyd olunan sərəncamı (sərəncamları) əsasında özəlləşdirmək hüququ yoxdur.
34. Belə ki, Mənzil Məcəlləsi qüvvəyə mindikdən sonra verilmiş order yuxarıda adı çəkilən qanunda hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas kimi müəyyən edilməmişdir. Bundan əlavə, 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəllənin 146.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır.
35. Göründüyü kimi, hazırkı iş üzrə iddiaçı 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəllənin 146.1-ci maddəsinin tələblərinə əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan və öz hüquqlarını saxlayan şəxs deyildir. Yəni, iddiaçının 01 oktyabr 2009-cu il tarixədək belə hüququ olmamış, verilmiş order isə ona buna hüququ yaratmamışdır.
36. Qanunvericiliklə görülən tədbirlər, məhz əhalinin bu qrupunun sosial müdafiəsinə yönəlmiş, mənzillərin onların mülkiyyətinə verilməsi anlamını ifadə etməmişdir. Belə olan halda, qeyd olunan məsələnin tənzimlənməsi zərurəti yaranmaz, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli Fərmanı ilə “X4” adı verilmiş şəxslərə, eləcə də ölümündən sonra həmin ad verilmiş şəxslərin ailə üzvlərinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ayrılmış mənzillərin əvəzsiz olaraq həmin mənzilin ayrıldığı şəxslərin mülkiyyətinə verilməklə özəlləşdirilməsi mexanizmi müəyyən edilməz, mənzilləri özəllşdirmək hüququna malik olan şəxslərin qəti dairəsi təsbit edilməzdi.
37. Məhkəmə kollegiyasının qənaətinə görə qanunvericiliklə görülən tədbirlər, məhz əhalinin bu qrupunun sosial müdafiəsinə yönəlmiş, mənzillərin onların mülkiyyətinə verilməsi anlamını ifadə etməmişdir. Belə olan halda, qeyd olunan məsələnin tənzimlənməsi zərurəti yaranmaz, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli Fərmanı ilə “X4” adı verilmiş şəxslərə, eləcə də ölümündən sonra həmin ad verilmiş şəxslərin ailə üzvlərinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ayrılmış mənzillərin əvəzsiz olaraq həmin mənzilin ayrıldığı şəxslərin mülkiyyətinə verilməklə özəlləşdirilməsi mexanizmi müəyyən edilməz, mənzilləri özəlləşdirmək hüququna malik olan şəxslərin qəti dairəsi təsbit edilməzdi.
38. Beləliklə, iş materiallarına istinad etməklə birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbinin əsassız olması qənaətinə gəlir. İddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmaması ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan, habelə həmin mənzilin iddiaçının mülkiyyəti kimi dövlət qeydiyyatına alınması üçün "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 10-cu maddələrində nəzərdə tutulmuş qanuni əsas olmadığından iddia tələbi rədd edilməlidir.
39. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Yevlax şəhəri, C.Mustafayev küçəsi 106, mənzil 29-un daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsindən imtina ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Odur ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilməməlidir.
40. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli 2-1(116)-1863/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.