Məhkəmə qərarları › İş №2-1(107)-170/2024

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-170/2024

07.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-170/2024 07.03.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı, onun vəkili Vəkil, cavabdehin nümayəndəsi Hacı-X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “iddiaçının mərhum atasına A seriyalı 195500 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən verilmiş 1226 kv.m torpaq sahəsinin X3 məxsusluğu haqqında elektron arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 6 dekabr 2023-cü il tarixli 2-1(116)-319/2023 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “cavabdehin 27 oktyabr 2021-ci il tarixli **********48 nömrəli məktubu və 18 oktyabr 2021-ci ildə tərtib edilmiş akta əsasən torpaq sahəsinin müasir ölçü aləti (GPS) vasitəsi ilə ölçülərək həmin sahənin müəyyənləşdirilmiş faktiki koordinatlarının verilməsi, həmçinin Şəki rayonu İkinci Biləcik kəndində yerləşən 0.1226 ha torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə hazırkı iş üzrə icraat 2-1(116)- 1155/2022 nömrəli inzibati iş həll edilənədək dayandırılmışdır. Sözügedən iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-1540/2023 nömrəli qərarı qəbul edilmişdir.

3. İddiaçı 06 dekabr 2023-cü il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “mərhum atası X3 A seriyalı 195500 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən verilmiş 1226 kv.m torpaq sahəsinin atasına məxsusluğu haqqında elektron arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etdi.Məhkəmənin həmin tarixli iclas protokolunun qərardadı ilə ərizə icraata qəbul edilmişdir.

4. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, mərhum atası X11 xx.xx.2003-cü il tarixdə vəfat etmişdir. Bununla bağlı 038298 nömrəli “Ölüm haqqında” şəhadətnamə verilmişdir. Bundan sonra xx.xx.2012-ci il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. İddiaçı Şəki rayonu İkinci Biləcik kəndi ərazisində yerləşən 0.1226 ha torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və torpaq sahəsinin plan ölçü sənədi almaq üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X19 12 saylı Şəki Ərazi İdarəsinə dəfələrlə müraciət etmişdir. Cavabdeh orqan ona 08 iyun 2022-ci il tarixli **********67 nömrəli imtina məktubu verilmişdir.

5. Cavabdeh iddiaya münasibətində bildirmişdir ki, təqdim olunan sənədlərə əsasən aparılmış müayinə işləri nəticəsində məlum olmuşdur ki, iddiaçının iddia etdiyi torpaq sahəsi X15 tərəfindən çoxillik əkmələr kimi istifadə olunan ərazinin daxilində yerləşir. Həmin torpaq sahəsi “X13 İnformasiya Sistemi” proqramında X7 istifadəsində göstərilmişdir.Belə ki, AN-195500 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən torpaq sahəsinə bitişik Baqqal kənd sakini X12 məxsus AN 195501 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi ilə qonşu olan torpaq sahəsi vardır.Torpaq sahəsinin coğrafi yerləşməsi tərtib edilmiş yerquruluşu planında göstərilmişdir.

6. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.

7. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının vəkili (nümayəndəsi) iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.

8. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

9. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 6 dekabr 2023-cü il tarixli 2- 1(116)-319/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir.

10. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsi həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

11. Cavabdeh orqan apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Şəki İnzibati Məhkəməsi hazırkı iş üzrə iddia tələbini təmin edərkən Şəki inzibati Məhkəməsinin icraatında olmuş iddiaçı X8 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X19 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “istifadəsində olan torpaq sahəsinin üzərində işlənmiş A seriyalı 195500 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi” tələbinə dair 2-1(116)-1155/2023 nömrəli iş üzrə 12 saylı Şəki Ərazi idarəsi tərəfindən verilmiş mütəxəssis rəyində A 195500 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən koordinatlarda qeyd olunan torpaq sahəsi ilə A 195501 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən koordinatlarda qeyd olunan torpaq sahəsinin sənəd üzrə üst-üstə düşmədiyinin göstərildiyinə istinad edərək, həmin torpaq sahələrinin sənəd üzrə deyil faktiki üst-üstə düşüb-düşmədiyini araşdırmadan, habelə iddiaçının iddia etdiyi torpaq sahəsinin ərazi idarəsinin elektron baza kadastr xəritə məlumatlarına əsasən X16 tərəfindən çoxillik əkmələr kimi istifadə olunan ərazinin daxilində yerləşməsini, həmin torpaq sahəsinin X5 X14, yəni “TEKUİS” məlumatlarına əsasən faktiki olaraq X9 istifadəsində görsənməsini nəzərə almadan, qeyd olunan ziddiyətlərə aydınlıq gətirmək üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X19 tabeliyində “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi’’ MMC-yə sorğu vermədən mübahisəli torpaq sahəsinin başqa torpaq sahəsi ilə üst-üstə düşmədiyi qənaətinə gəlmişdir. Halbuki, İddiaçı iddia etdiyi 1226 kv.metr torpaq sahəsi X6 X14 yəni, “TEKUİS" məlumatlarına əsasən faktiki olaraq X16 tərəfindən çoxillik əkmələr kimi istifadə olunan torpaq sahəsi ilə üst-üstə düşür və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki rayon şöbəsi tərəfindən tərtib edilmiş A 195500 və 195501 nömrəli plan-ölçülərin sənəddə əks olunmuş koordinatlar üzrə üst- üstə düşməməsi həmin torpaq sahələrinin ümumiyyətlə üst-üstə düşmədiyi qənaətinə gəlmək üçün əsas deyil. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 6 dekabr 2023-cü il tarixli 2-1(116)-319/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 oğlu apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 6 dekabr 2023-cü il tarixli 2-1(116)-319/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etdi.

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 6 dekabr 2023-cü il tarixli 2-1(116)-319/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

14. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - Az-İİ 770909 seriya nömrəli “Ölüm haqqında şəhadətnamə”nin surətindən müəyyən olunur ki, X11 xx.xx.2015-ci il tarixdə vəfat etmişdir; - İİİ-ЖГ 439430 seriya nömrəli iddiaçıya aid “Doğum haqqında Şəhadətnamə”in surəti; - Şəki Regional “ASAN XİDMƏT” Notariat ofisinin xx.xx.2021-ci il tarixli 4613 nömrəli məktubu; - xx.xx.2012-ci il tarixli “Vərəsəlik hüququ haqqında Şəhadətnamə”dən görünür ki, İddiaçı X2 vərəsəsidir. - A seriyalı 195500 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən görünür ki, 1226 kv. metr torpaq sahəsi Şəki rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli 06 nömrəli qərarı ilə X2 mülkiyyətinə verilmişdir. - 18 oktyabr 2021-ci il tarixli aktın surəti.

TƏTBİQ EDİLƏN HÜQUQ

15. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

16. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.0.4. qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır. Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Maddə 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 4. Əvvəllər yaranmış hüquqların tanınması 4.1. 2006-cı il iyulun 6dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 8.0-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunnan halları müəyyən edilmiş, 15-ci maddəsində isə hüquqların qeydə alınmasından imtina oluna bilən hallar öz təsbitini tapmışdır. 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 11.1-ci maddəsinə görə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır;

17. “Torpaq islahatı haqqında” Qanun: Maddə 9. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə 10. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi qaydası Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.

18. 21 iyun 2023-cü il tarixli 202 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə 2 nömrəli əlavə - “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7-ci hissəsi yeni redaksiyada verilmişdir:

7. Hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə arayışın verilməsi 7.1. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqları əldə etmiş şəxs həmin hüququ təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış (bundan sonra – çıxarış) almadan öldükdə onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında hüququn ölmüş şəxsə məxsus olması haqqında bu Təlimatın 7.3-cü bəndində göstərilən məzmunda ərazi idarəsinin rəhbərliyi tərəfindən müvafiq elektron imza ilə təsdiqlənmiş elektron arayış verilir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədlərini təqdim edən vərəsənin adına rəsmiləşdirilir. 7.2. Bu Təlimatın 7.1-ci bəndində nəzərdə tutulmuş elektron arayış “Elektron hökumət” portalında yerləşdirilir və həmin arayış notariusun və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etmələri imkanı təmin olunur. 7.3. Elektron arayışda aşağıdakılar göstərilir: 7.3.1. ərizəçinin soyadı, adı, atasının adı; 7.3.2. ərizəçinin təqdim etdiyi hüquqmüəyyənedici sənədlər haqqında məlumat; 7.3.3. mərhumun soyadı, adı, atasının adı; 7.3.4. daşınmaz əmlakın ünvanı; 7.3.5. daşınmaz əmlakın əsas göstəriciləri; 7.3.6. daşınmaz əmlakın adı; 7.3.7. daşınmaz əmlak üzərində hüququn növü; 7.3.8. arayışın notariat ofisində vərəsəliyin rəsmiləşdirilməsi üçün tərtib olunduğu barədə qeyd; 7.3.9. dövlət reyestrində elektron arayışı təsdiq edən vəzifəli şəxsin vəzifəsi, gücləndirilmiş elektron imzası, soyadı və adı.

19. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

20. Cavabdeh orqanın apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.

21. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

22. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.

23. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Birinci instansiya məhkəməsi iddianı təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

25. Cavabdeh orqanın dəlili iddiaçının iddia etdiyi torpaq sahəsi X15 tərəfindən çoxillik əkmələr kimi istifadə olunan ərazinin daxilində yerləşir. Həmin torpaq sahəsi “X13 İnformasiya Sistemi” proqramında X7 istifadəsində göstərilmişdir. Belə ki, AN195500 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən torpaq sahəsinə bitişik Baqqal kənd sakini X12 məxsus AN 195501 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi ilə qonşu olan torpaq sahəsinin varlığı ilə bağlıdır.

26. İddiaçı X9 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X19 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “istifadəsində olan torpaq sahəsinin üzərində işlənmiş AN:195500 saylı xx.xx.2009-cu il tarixdə 2420 uçot nömrəsi ilə qeydə alınmış “Torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi” barədə iddia tələbi Şəki İnzibati Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli qərarı ilə təmin edilməmişdir. Həmin iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-1540/2023 nömrəli qərarı qəbul edilmişdir.

27. İş materiallarına əsasən Şəki rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli 06 nömrəli iclasının qərarı əsasən torpaq sahəsinin müvafiq qaydada ayrıldığı təsdiqini tapmışdır.

28. Yuxarıda qeyd olunan qərardan göründüyü kimi X16 195501 nömrəli plan-ölçü sənədi ilə istifadəsində olan torpaq sahəsi ilə bərabər, ona ayrılmamış qonşu torpaq sahəsini,yəni X3 ayrılan torpaq sahəsini də faktiki olaraq zəbt etmişdir.

29. Qeyd olunanlara əsasən iddia təmin edilməli, torpaq sahəsi üzərində A seriyalı 195500 nömrəli “Torpaq sahəsinin plan və ölçü” sənədinə əsasən verilmiş 1226 kv. metr torpaq sahəsinin atasına məxsusluğu haqqında elektron arayışın verilməsi öhdəliyi qoyulmalıdır.

30. Yuxarıda qeyd edilmiş işin hallarından göründüyü kimi, iddia olunan torpaq sahəsi aqrar islahat zamanı iddiaçının mərhum atası X2 mülkiyyətinə verilmişdir.İddiaçı tərəfindən torpaq sahəsindən faktiki istifadə edilə bilməməsi onun həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasından imtina kimi əsaslandırıla bilməz. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində nəzərdə tutulan hüquqların dövlət qeydiyyatına alınmasından imtina əsaslarında şəxsin həmin torpaq sahəsindən istifadə etməməsi nəzərdə tutulmamışdır.

31. Hazırda həmin torpaq sahəsinin mərhuma məxsusluğunun müəyyən edilməsi zərurəti yaranmışdır. İstinad olunan Fərmanın 2.5-ci bəndində müvafiq normalar təsbit olunduğundan iddia olunan torpaq sahəsinə münasibətdə iddiaçının torpaq üzərində mərhumun mülkiyyət hüququnun qeydə alınması tələbi, hüquqi baxımdan isə torpaq sahəsinin mərhuma məxsusluğunun təsdiq edilməsinə dair elektron arayışın verilməsi tələbi haqlı olmuşdur.

32. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur, cavabdehin imtinası əsassız olmuş, iddianın təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. Cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla və iddiaçının hüquqlarını pozmuşdur. Ona görə də cavabdehin apellyasiya şikayətinin dəlilləri, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır.

33. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “iddiaçının mərhum atasına A seriyalı 195500 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən verilmiş 1226 kv.m torpaq sahəsinin X3 məxsusluğu haqqında elektron arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Odur ki, cavabdeh orqanın apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilməməlidir.

34. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası

QƏRАRА АLDİ:

Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 6 dekabr 2023-cü il tarixli 2-1(116)-319/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar