Məhkəmə qərarları › İş №2-1(107)-171/2020

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-171/2020

19.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-171/2020 19.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı “xx.xx.1992-ci il tarixdən xx.xx.2014-cü il tarixədək olan müddətdə müharibə veteranları üçün nəzərdə tutulmuş sosial müavinətin hesablanıb birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibatiiş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-330/2020nömrəli qərarından cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh tərəfindən verilmiş аpelyаsiyа şikаyətinə açıq məhkəmə iclasında baxaraq Təsviri hissə: İddiaçıya Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən xx xxxx 2014-cü ildə 055374 saylı müharibə veteranı vəsiqəsi verilmişdir. İddiaçı xx.xx.1192-ci ildən xx.xx.2014-cü ilə qədər ödənilməmiş müavinətin ödənilməsi üçün cavabdehə yazılı müraciət etmiş, cavabdeh xx.xx.2019-cu il tarixli imtina məktubu ilə bundan imtina etmişdir. İddiaçı birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək xx.xx.1992-ci il tarixdən xx.xx.2014-ci il tarixədək müharibə veteranları üçün nəzərdə tutulmuş, lakin ödənilməmiş müavinətin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddia ərizəsi məhkəməyə daxil olduğu gün icraata qəbul edilmişdir. Cavabdehin etirazının dəlilləri: İddiaçının xx.xx.2014-cü il tarixli müraciəti əsasında ona xx.xx.2014-cü il tarixindən xx.xx.2019-cu il tarixinədək sosial müavinət, xx.xx.2019-cu il tarixdən Prezident təqaüdü təyin olunmuşdur. Vətəndaş əmək pensiyası almır. Odur ki, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianın təmin edilməməsini xahiş etmişdir. İddiaçının tələbinə dair sənədlər birinci instansiya məhkəməsinə təqdim olunmuşdur. Onlara AZE seriyalı 0******* nömrəli X1 surəti, xx.xx.2014-cü il tarixli M/V seriyalı 055374 nömrəli Azərbaycan Respublikasının müharibə veteranı vəsiqəsinin təsdiqlənmiş surəti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh xx.xx.2019-cu il tarixli **********0 nömrəli imtina məktubu və xx.xx.2019-cu il tarixli **********6 nömrəli məktubu aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-330/2020 saylı qərarı ilə (hаkim İlqar Cabbarov) iddia qismən təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh üzərinə İddiaçı müharibə veteranları üçün nəzərdə tutulmuş və xx.xx.2011-ci il tarixindən xx.xx.2014-cü il tarixinədək ödənilməmiş müavinətin bir dəfəyə ödənilməsi öhdəliyi qoyulması qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)- 330/2020 saylı qərarından apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri: Cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, Şəki İnzibati-İqtisadi məhkəməsi işə baxarkən bir sıra normaları səhv təfsir etmiş və nəticədə əsassız bir qərar çıxarmışdır. Belə ki, Məhkəmə hesab etmişdir ki, veteranların müavinət almaq hüququ “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunu və “ Müharibə veteranı,silahlı qüvvələr veteranı və əmək veterama adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə və “Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Azərbaycan Respublikasının 11,07.2005-ci il tarixli,257 nömrəli fərmanı ilə tənzimlənir. Məhkəmə hesab etmişdir ki, xx.xx.2006-cı il tarixdən qüvvədə olan “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının qanununun 9.1-ci maddəsinə əsasən ən çoxu müraciət etməzdən əvvəlki,üç il üçün ödənilməklə,aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayarq bu qanun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranangündən təyin edilir. Məhz buna görədə məhkəmə bu normanı səhv təfsir edərək iddiaçının iddiasını hüququ yaranmadığı halda ona əvvəlki dövrlər üçün müavinət hesablamışdır. Məhkəmənin gəldiyi bu nəticə ilə bağlı diqqətinizə çatdırmaq istəyirəm ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təqdim edildikdə veteranlar üçün nəzərdə tutulmuş güzəştlər həyata keçirilir. Yəni normanın açıqlamasına görə vəsiqə verilməmiş şəxslərə qeyd olunan güzəştlər tətbiq olunmur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı,silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri” haqqında əsasnamənin 1-ci bəndinə əsasən müharibə veteanı adı və vəsiqəsi Azərbaycan Respublikası Müdafiə Nazirliyi,Daxili İşlər Nazirliyi,Milli Təhlükəsizlik Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Yuxarıda qeyd etdiyimiz kimi, “ Sosial müavinətlər haqqında " Azərbaycan Respublikası Qanununun 9.1ci maddəsinə əsasən ən çoxu müraciət etməzdən əvvəlki, üç il üçün ödənilməklə,aylıq müavinətlər müraciət edilmə vaxtından aslı olmayaraq bu qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. Qanunun şərhinə görə müavinət şəxsin müraciət etdiyi dövrdə verilməlidir. Belə ki, Qanunun 9.1 maddəsinin müraciət edilmə vaxtından asılı olmayaraq əvvəlki üç il üçün müavinət almaq hüququ iki müddətlə, bu qanun qəbul edildiyi günlə və hüququ yarandığı günləməhdudlaşdırılır. Hüququn yarandığı gün Qanunun qəbul edildiyi gündən əvvələ təsadüf edirsə o zaman müavinət hüququ qanun qəbul edildty vaxtdan, yox əgər qanun qəbul edildikdən sonra yaranmışsa o zaman hüququ yarandığı andan müəyyən edilir. İddiaçının hüququ iş materiallarından göründüyü kimi, xx.xx.2017-ci il tarixdə “ Müharibə veteranı" adı və vəsiqəsi verilməklə yaranmışdır. Beləliklə onun müavinət almaq hüququda o zamandan yaranmışdır. Məhz buna görədə ona əvvəlki dövrlər üçün müavinət təyin edilməsi üçün heç bir əsas mövcud deyildir. Odur ki, Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1 (116)- 330/2020 saylı qərarını ləğv edib, iddia tələbinin rədd olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh nümayəndəsi X3 apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2- 1(116)-330/2020 saylı qərarının ləğv edilməsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Cavabdehin apelyasiya şikayəti uğurlu sayılmır. Belə ki, o, mahiyyət etibarı ilə əsaslı deyildir. Ona görə də, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, birinci instasniya məhkəməsi iddianı qismən təmin etməkdə haqlı olmuşdur. Belə ki, iddia mümkün iddia olmaqla mahiyyət etibarı ilə əsaslıdır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyanın 16-cı maddəsinin İ hissəsinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Konstitusiyanın 25-ci maddəsinin İ və İİİ hissələrində təsbit olunmuşdur ki, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Dövlət, irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. Həmçinin, həmin maddənin İV hissəsində qeyd olunur ki, heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununun: 3-cü maddəsinə əsasən, aşağıdakılar müharibə veteranları sayılırlar: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; 7-ci maddəsinin ikinci hissəsinə əsasən, veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Bu müddəalardan göründüyü kimi, müharibə veteranı adını almış şəxsin müəyyənləşdirilmiş məbləğdə aylıq sosial müavinət almaq hüququ veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Həmin vəsiqəni təqdim etməklə şəxs özünün müharibə veteranı olması faktının müəyyən ediməsinə əsaslanır. Yəni vəsiqə şəxsin yalnız müvafiq müharibə iştirakçısı olması faktını təsdiq edir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun: 4.0.1.6–ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinətlər təyin edilir; 7.0-ci maddəsinə əsasən, müavinətlər aşağıdakı hallarda təyin edilir: 7.0.6.müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət — onu almaq hüququ müəyyən edilmiş şəxslərin əmək pensiyası hüququ olmadıqda; 9.1-ci maddəsinə əsasən, ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (...) müraciət edilmə vaxtından asılı olmayaraq bu qanununqüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən aşağıdakı müddətlərə təyin edilir: 9.1.5. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət — onu almaq hüququ olan şəxs qanunvericiliklə müəyyən edilmiş hallarda bu hüququ itirənədək; 10.3-cü maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanlarına zəruri sənədlərlə (yaşı, əlilliyi, ailə başçısının itirilməsini və sairə təsdiq edən sənədlər) birlikdə ərizənin təqdim edildiyi gün müavinət təyin olunması üçün müraciət edilən gün hesab olunur. Göstərilmiş müddəaların mənasından bəlli olur ki, əgər həmin qanunun qüvvəyə minməsindən sonra şəxsin müvafiq müavinət almaq hüququ yaranırsa, bu halda onun müraciət etdiyi vaxtdan ən çoxu üç il üçün ödənilməmiş müavinətin (aylıq müavinətin) məbləği ona ödənilməlidir. İşin faktiki hallarından görünür ki, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və bu səbəbdən ona Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən xx.xx.2014-cü il tarixli M/V seriyalı 055374 nömrəli müharibə veteranı vəsiqəsi verilmişdir. İddiaçıya müharibə veteranı vəsiqəsi xx.xx.2014-cü il tarixində verilsə də, onun müharibə veteranı olması faktı həmin müddətdən əvvəldə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyinə görə müəyyən edilmişdir. Belə ki, Azərbaycanın Dağlıq Qarabağ vilayətinin və daha 7 rayonun erməni işğalçılarından azad edilməsi ilə və aparılan döyüş əməliyyatları ilə bağlı 1994-cü il may ayından tərəflər arasında atəşkəs razılaşması əldə edilməsi hamıya bəlli olan haldır. İddiaçılar da məhz həmin tarixədək olan döyüşlərdə iştiraklarına görə müharibə veteranı adı və vəsiqəsi almışlar. Bu halda iddiaçının yuxarıda istinad edilmiş qanunvericiliyin müddəalarına əsasən, cavabdehə müraciət etdiyi tarixdən əvvəlki üç il üçün müavinətin hesablanıb ödənilməsi hüququ yaranmış olur. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, artıq formalaşmış məhkəmə təcrübəsində də analoji mübahisələr üzrə aparılmış bu qiymətləndirməyə uyğun olaraq nəticə əldə edilir. Belə ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə müharibə veteranlarına nəzərdə tutulmuş müavinətin fərqli və daha əlverişsiz şərtlərlə təyin edilməsi Konstitusiyanın 12 və 16-cı maddələrində təsbit edilmiş Azərbaycan Respublikasının sosial dövlət kimi bəyan edilməsinə dair müddəaların, Konstitusiyanın 38-ci maddəsində təsbit edilmiş sosial təminat hüququnun, habelə Konstitusiyanın Preambulasından irəli gələn qanunun aliliyinin əsas elementlərindən biri olan hüquqi müəyyənlik, qanun qarşısında bərabərlik prinsiplərinin və vətəndaşların qanuna olan etimadının gözlənilməsi prinsipinin pozulmasına səbəb olar. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya müharibə veteranı vəsiqəsinin xx xxxx 2014-cü il tarixdə verilməsi onun “Veteranlar haqqında” Qanunun 3-cü maddəsinin 1-ci hissəsinin 2ci bəndindən irəli gələn hüquqlarına təsir etməli deyil. Başqa sözlə, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğurunda döyüş əməliyyatlarında iştirak etdiyindən, artıq “Veteranlar haqqında” Qanunun 3-cü maddəsinin 1-ci hissəsinin 2-ci bəndinə uyğun olaraq müharibə veteranıdır. Lakin o, müharibə veteranı kimi hüquqlarını həmin Qanunun 7-ci maddəsinə əsasən veteran vəsiqəsini əldə etdiyi vaxtdan həyata keçirdiyindən, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, müavinətin ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməsinə ümid edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, xx.xx.2019-cu il tarixindən 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilmişdir. Ona görə də iddiaçıya qeyd olunan tarixə qədər ödənilməmiş müavinət verilə bilər. “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin 641 nömrəli xx.xx.2019-cu il tarixli fərmanı ilə “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilmiş və onun aylıq məbləği 80 manat müəyyən olunmuşdur. Həmin Fərmanın 2-ci bəndinə əsasən müəyyən edilmişdir ki, təqaüd 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə, əmək pensiyası alan və döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə verilir. Göründüyü kimi, qanunverici orqan müəyyən etmişdir ki, sosial müavinət, ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq bu qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. Odur ki, iddiaçıya xx.xx.2011-ci il tarixdən xx.xx.2014-cü il tarixədək müavinət ödənilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun mötəbərlik prezumpsiyasından bəhs edən 19.1-ci maddəsində göstərilmişdir ki, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə görə, təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi qanuni və əsaslıdır. Apelyasiya şikayətinin dəlilləri isə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehn tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-330/2020 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar