Məhkəmə qərarları › İş №2-1(107)-171/2023

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-171/2023

06.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-171/2023 06.04.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “Cavabdeh Başçısının xx.xx.1994-cü il tarixli 1/328 nömrəli Sərəncamı ilə mərhum X1na şəhərin 6-cı kvartalından ayrılmış 600 kv metr torpaq sahəsinin yerinin müəyyənləşdirilməsi və həmin torpaq sahəyə sxematik planın işlənib hazırlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli, 2-1(116)-1818/2022 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia ərizəsinə əsasən, Cavabdeh Başçısının 15 iyun 1994-cü il tarixli 1/328 nömrəli Sərəncamı ilə Şəki şəhəri, 12-ci rayon, Ağvanlar küçəsi 52 nömrəli evdə yaşayan iddiaçının mərhum X1na şəhərin 6-cı kvartalından 600 kv m torpaq sahəsi ayrılmış və 3 otaqlı ev tikilməsinə icazə verilmişdir. X1 16 dekabr 2008-ci il tarixdə vəfat etmişdir. İddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 12 saylı Şəki Ərazi İdarəsinə müraciət edərək mərhum X1na məxsus 0,06 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına köməklik göstərilməsini xahiş etmişdir. 12 saylı Şəki Ərazi İdarəsinin 26 iyul 2022-ci il tarixli məktubu ilə bildirilmişdir ki, müraciətə Cavabdeh Başçısının xx.xx.1994cü il tarixli 1/328 saylı Sərəncamından arxiv çıxarışının surəti əlavə edilsə də, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10.2.2-ci bəndində göstərilən torpaq sahəsinin planı və ölçüsü və ya torpaq sahəsinin yerləşmə sxemi təqdim edilmədiyindən müraciətinin icrası mümkün olmamışdır. Torpaq sahəsinin yerləşmə sxemi onlarda olmadığı üçün (mərhum atasının istifadəsinə torpaq sahəsinin ayrılması ilə bağlı Sərəncam verilərkən torpaq sahəsinin yerləşmə sxemi verilməmişdir) o, Cavabdehnə rəsmi qaydada müraciət edərək, Şəki şəhər İcra Hakimiyyət Başçısının 15 iyun 1994-cü il tarixli 1/328 nömrəli Sərəncamı ilə mərhum X1na şəhərin 6-cı kvartalından ayrılmış 600 kv m torpaq sahəsinin yerinin müəyyənləşdirilərək, həmin torpaq sahəsi ilə bağlı sxematik planın işlənib hazırlanmasına köməklik edilməsini xahiş etmişdir. Lakin Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli məktubla bildirilmişdir ki, fərdi yaşayış evinin tikinti üçün vətəndaşların istifadəsinə həyətyanı torpaq sahələri ayrılarkən vətəndaşlara bir qayda olaraq torpaq sahəsinin ayrılmasına dair müvafiq təsdiqedici sənədə (icra hakimiyyəti başçısının sərəncamı) torpaq sahəsinin yerləşdiyi ərazinin baş memar tərəfindən təsdiq edilmiş sxematik planı da əlavə olunur. Hazırda mərhum atasının istifadəsinə ayrılmış torpaq sahəsinin yerləşdiyi ərazinin sxematik planı onun tərəfindən təqdim edilmədiyindən həmin torpaq sahəsinin yerləşdiyi ərazinin şəhər icra hakimiyyətinin mütəxəssisləri tərəfindən aydınlaşdırılması mümkün deyildir. Bundan sonra o, yenə də Cavabdehnə müraciət etsə də, heç bir nəticəsi olmamışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli məktubu ilə bildirilmişdir ki, Cavabdehnə təkrar ünvanladığı xx.xx.1994-cü ildə şəhərin 6-cı kvartalından mərhum atasının istifadəsində ayrılmış 600 kv m torpaq sahəsinin yerinin müəyyənləşdirilməsi barədə müraciətinə xx.xx.2022-ci il tarixli 2/5-66091 nömrəli məktubla cavab verilmişdir. Cavabdeh cavablarını və imtinasını qanunsuz və əsassız hesab edir. Belə ki, Cavabdeh Başçısının 15 iyun 1994-cü il tarixli 1/328 nömrəli Sərəncamı ilə mərhum atası torpaq sahəsi ayrılan zaman qüvvədə olmuş (1971-ci il yanvar ayının 1-dən qüvvəyə minmiş) Torpaq Məcəllsinin 23-cü maddəsində göstərilmişdir ki, torpaq sahəsinin ayrılması o deməkdir ki, naturada (yerində) torpaq sahəsinin hüdudları müəyyən edilir, həmin sahə digər sahədən mərzlə və ya sərhəd nişanları ilə ayrılır. Göründüyü kimi mərhum atasına şəhərin 6-cı kvartalından ev tikmək üçün 600 kv m torpaq sahəsi ayrılan zaman həmin dövrün qanunvericiliyə uyğun olaraq ayrılan torpaq sahəsinin hüdudları müəyyən edilməli, həmin sahə digər sahədən mərzlə və ya sərhəd nişanları ilə ayrılmalı və şəhərin baş memarı tərəfindən sxematik plan təsdiqlənməli idi. Lakin belə bir sxematik plan həmin vaxt hazırlanmamış və onlara verilməmişdir. Əgər həmin sxematik plan işlənmişdirsə, onda onun bir nüsxəsi icra hakimiyyətində saxlanılmalı idi. Mərhum atasına ayrılan torpaq sahəsi ilə bağlı sxematik plan işlənməmiş və atasına təqdim edilməmişdir. Hazırkı işdə mərhum atası torpaq sahəsini dövlət qurumlarının hərəkətlərinə etimad göstərməklə vicdanlı şəkildə əldə etmişdir. Sxematik planın olmaması isə dövlət qurumlarının öz səhvləridir. Sxematik planın olmaması məsələsi isə inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. Sözügedən torpaq sahəsi Cavabdeh Başçısının 15 iyun 1994-cü il tarixli 1/328 nömrəli Sərəncamı ilə mərhum atasına ayrıldığından və 3 otaqlı evin tikintisinə icazə verildiyindən onun qanuni istifadəsində və sahibliyində olmuş və bu günədək də həmin torpaq sahəsinin vergisini Şəki bələdiyyəsinə ödəyirlər. Torpaq islahatı aparılan zaman mərhum atasının qanuni istifadəsində və sahibliyində olan Səki şəhər İcra Hakimiyyəti Başçısının 15 iyun 1994-cü il tarixli 1/328 nömrəli Sərəncamı ilə şəhərin 6-cı kvartalından fərdi yaşayış evi tikmək üçün mərhum atasına ayrılmış 600 kv m torpaq sahəsi əvəzsiz olaraq onun mülkiyyətinə verilmiş və bu günədək də həmin torpaq sahəsinin vergisini Şəki Bələdiyyəsinə ödəyir. Lakin həmin torpaq sahəsi ilə bağlı sxematik planın olmaması, verilməməsi dövlət orqanının səhvi olmuşdur. Hazırda sözügedən həmin torpaq sahəsinin ayrılması ilə bağlı Sərəncam qüvvədədir. Cavabdeh xx.xx.2022-ci il tarixli 2/1359 nömrəli etirazında bildirmişdir ki, İddiaçı yuxarıda qeyd edilən məsələ ilə bağlı Cavabdehnə müraciət etmiş, ona, həmin dövrdə fərdi yaşayış evinin tikintisi üçün vətəndaşların istifadəsinə həyətyanı torpaq sahələri ayrılarkən vətəndaşlara bir qayda olaraq torpaq sahəsinin ayrılmasına dair müvafiq təsdiqedicı sənədə, torpaq sahəsinin yerləşdiyi ərazinin baş memar tərəfindən təsdiq edilmiş sxematik planı da əlavə olunduğu bildirilmiş, mərhum atasının istifadəsinə ayrılmış torpaq sahəsinin yerləşdiyi ərazinin sxematik planı onun tərəfindən təqdim edildiyi halda həmin torpaq sahəsinin yerləşdiyi ərazinin şəhər icra hakimiyyətinin mütəxəssisləri tərəfindən göstərilə biləcəyi izah edilmişdir. İddiaçı atasının istifadəsinə ayrılan torpaq sahəsi yerləşən ərazidən eyni vaxtda digər yaxın qohumlarına da torpaq sahəsi ayrıldığını bildirsə də qohumları vasitəsilə atasının istifadəsinə ayrılmış torpaq sahəsinin yerinin müəyyənləşdirilməsinin mümkünlüyü ona bildirilmiş, lakin, İddiaçı, bizə məlum olmayan səbəblərdən bunu etmək istəmədiyini bildirmişdir. Həmçinin ona bildirilmişdir ki, ola bilsin ki, atası sağ ikən həmin torpaq sahəsini digər şəxsə satmış və ya uzun müddət təyinatı üzrə istifadə etmədiyindən həmin torpaq sahəsi ondan geri alınmışdır. 1994-cü ildən sonra Azərbaycan Respublikasında torpaq islahatı həyata keçirilmiş, yerli özünüidarəetmə orqanları (bələdiyyələr) yaradılmış və torpaq sahələrinin bir hissəsi bələdiyyə mülkiyyətinə verilmiş və 2000-ci ildən sonra Şəki bələdiyyəsi tərəfindən şəhərin digər ərazilərindən olduğu kimi 6-cı kvartalında da yaşayış məntəqələrinin torpaqlarına aid olub, həyətyanı məqsədilə satılması mümkün olan torpaqlar satışa çıxarılaraq ayrı-ayrı vətəndaşlara fərdi yaşayış evi tikintisi üçün satılmışdır. Cavabdeh şifahi sorğusuna cavab olaraq Şəki bələdiyyəsi tərəfindən şəhər icra hakimiyyətinə təqdim edilmiş, xx.xx.2022-ci il tarixli, 800 nömrəli məktubundan da göründüyü kimi şəhərin 6-cı kvartalında həyətyanı məqsədilə boş torpaq sahələri olmadığından hazırkı məqamda X3 istifadəsinə ayrılmış torpaq sahəsinin yerinin müəyyənləşdirilməsi qeyri-mümkündür. İddiaçı, 1994-cü ildə Cavabdeh tərəfindən mərhum X1nun istifadəsinə ayrılmış torpaq sahəsinin yerinin üzərindən 28 il keçdikdən sonra, 2022-ci ildə müəyyənləşdirilməsi məqsədilə məhkəməyə müraciət etməsi təəccüblüdür. Odur ki, yuxarıda qeyd edilənləri, Cavabdeh başçısının xx.xx.1994-cü il tarixli, 1/328 nömrəli sərəncamı ilə şəhərin 6-cı kvartalından X3 istifadəsinə 600 kv.metr həyətyanı torpaq sahəsi ayrılması barədəki sərəncamından sonra torpaq sahəsinin ətrafının çəpərlənərək mühafizə edilmədiyini, respublikada torpaq islahatı aparılaraq qalan torpaqların Şəki bələdiyyəsinin mülkiyyətinə verildiyini, hazırda şəhərin 6-cı kvartalında həyətyanı torpaq sahələrinin olmadığını, İddiaçı tərəfindən torpaq sahəsinin yerləşdiyi ərazinin sxematik planının təqdim edilmədiyini və hazırda mərhum X3 istifadəsinə ayrılmış torpaq sahəsinin yerinin müəyyənləşdirilməsinin qeyri-mümkün olduğunu nəzərə alaraq İddiaçı iddiasının rədd edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi etirazın məzmununa uyğun izahat verərək iddianın təmin olunmamasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iş materiallarında olan aşağıdakı sənədlərə istinad etmiş və həmin sənədlər birinci instansiya məhkəməsinin araşdırmasının predmetini təşkil etmişdir. İş materiallarında olan: Cavabdehin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, iddiaçının inzibati orqana müraciəti təmin edilməmişdir. Şəki Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 800 nömrəli məktubundan görünür ki, bələdiyyələr fəaliyyətə başlayan zaman Şəki şəhəri daxilində yerləşən və eyni zamanda şəhərin 6-cı kvartalında yerləşən Dövlət fondunda saxlanılan, xüsusi nülkiyyətə verilən torpaqlar çıxıldıqdan sonra qalan boş torpaq sahələri 01 mart 2000-ci il tarixli, “Bələdiyyə torpaqlarının təhvil verilməsi haqqında protokol”la Şəki Bələdiyyəsinə təhvil verilmişdir. Şəhərin 6-cı kvartalında yerləşən bələdiyyə torpaqları müraciət edən vətəndaşların mülkiyyətinə qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq verilmişdir. Hazırda şəhərin 6-cı kvartalında Şəki Bələdiyyəsinin mülkiyyətində olan boş torpaq sahəsi yoxdur. Milli Arxiv İdarəsi Respublika Dövlət Arxivinin Şəki filialının xx.xx.2022-ci il tarixli 271 nömrəli məktubuna X4 şəhərin 6-cı kvartalndan 600 kv. metr torpaq sahəsi ayrılması barədə Cavabdeh başçısının xx.xx.1994-cü il tarixli 1/328 nömrəli sərəncamı əlavə olunmudur. Şəki İnzibati Məhkəməsinin (hakimi Fəxri Hacızadə) 15 dekabr 2022-ci il tarixli, 2- 1(116)-1818/2022 nömrəli qərarı ilə İddiaçı Cavabdehnə qarşı “Cavabdeh Başçısının xx.xx.1994-cü il tarixli 1/328 nömrəli Sərəncamı ilə mərhum atanız X4 şəhərin 6-cı kvartalından ayrılmış 600 kv metr torpaq sahəsinin yerinin müəyyənləşdirilməsi və həmin torpaq sahəyə sxematik planın işlənib hazırlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının təmin olunmaması qərara alınmışdır. Şəki İnzibаti Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli, 2-1(116)-1818/2022 saylı qərarından İddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikаyəti onunla əsaslandırılmışdır ki, Cavabdeh Başçısının 15 iyun 1994-cü il tarixli 1/328 nömrəli Sərəncamı ilə Şəki şəhəri, 12-ci rayon, Ağvanlar küçəsi 52 nömrəli evdə yaşayan mərhum X1na şəhərin 6-cı kvartalından 600 kv m torpaq sahəsi ayrılmış və 3 otaqlı ev tikilməsinə icazə verilmişdir. X2 16 dekabr 2008-ci il tarixdə vəfat etmişdir. Cavabdeh Başçısının 15 iyun 1994-cü il tarixli 1/328 nömrəli sərəncamı ilə mərhum atasına torpaq sahəsi ayrılan zaman qüvvədə olmuş (1971-ci il yanvar ayının 1dən qüvvəyə minmiş) Torpaq Məcəllsinin 23-cü maddəsində göstərilmişdir ki, torpaq sahəsinin ayrılması o deməkdir ki, naturada (yerində) torpaq sahəsinin hüdudları müəyyən edilir, həmin sahə digər sahədən mərzlə və ya sərhəd nişanları ilə ayrılır. Hazırda qüvvədə olan Torpaq Məcəlləsinin 65-ci maddəsinin 2-ci bəndinə əsasən torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Həmin maddənin 6-cı bəndinə əsasən torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir. Göründüyü kimi mərhum atasına şəhərin 6-cı kvartalından ev tikmək üçün 600 kv m torpaq sahəsi ayrılan zaman həmin dövrün qanunvericiliyə uyğun olaraq ayrılan torpaq sahəsinin hüdudları müəyyən edilməli, həmin sahə digər sahədən mərzlə və ya sərhəd nişanları ilə ayrılmalı və şəhərin baş memarı tərəfindən sxematik plan təsdiqlənməli idi. Lakin belə bir sxematik plan həmin vaxt hazırlanmamış və onlara verilməmişdir. Əgər həmin sxematik plan işlənmişdirsə, onda onun bir nüsxəsi icra hakimiyyətində saxlanılmalı idi. Mərhum atasına ayrılan torpaq sahəsi ilə bağlı sxematik plan işlənməmiş və atasına təqdim edilməmişdir. Hazırkı işdə mərhum atası torpaq sahəsini dövlət qurumlarının hərəkətlərinə etimad göstərməklə vicdanlı şəkildə əldə etmişdir. Sxematik planın olmaması isə dövlət qurumlarının öz səhvləridir. Sxematik planın olmaması məsələsi isə inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. Torpaq islahatı aparılan zaman mərhum atasının qanuni istifadəsində və sahibliyində olan Səki şəhər İcra Hakimiyyəti Başçısının 15 iyun 1994-cü il tarixli 1/328 nömrəli Sərəncamı ilə şəhərin 6-cı kvartalından fərdi yaşayış evi tikmək üçün mərhum atasına ayrılmış 600 kv m torpaq sahəsi əvəzsiz olaraq onun mülkiyyətinə verilmiş və bu günədək də həmin torpaq sahəsinin vergisini Şəki Bələdiyyəsinə ödəyir. Lakin həmin torpaq sahəsi ilə bağlı sxematik planın olmaması, verilməməsi dövlət orqanının səhvi olmuşdur. Hazırda sözügedən həmin torpaq sahəsinin ayrılması ilə bağlı Sərəncam qüvvədədir. O, dəfələrlə cavabdehin və bələdiyyənin nümayəndələrinə mərhum atasına ayrılmış sözügedən torpaq sahəsini göstərə biləcəyini və yerində baxış keçirilməsinin lazım olduğunu desə də, heç bir nəticəsi olmamışdır. Hətta bu halı məhkəmənin nəzərinə də çatdırmış və sözügedən torpağa yerində baxış keçirilməsini xahiş etmişdir. Eyni zamanda onu da bildirmişdir ki, bizə məxsus həmin torpaq sahəsi üçüncü şəxslər tərəfindən hasarlanaraq zəbt edilmişdir. Lakin məhkəmə tərəfindən işin faktiki halları tam araşdırılmamış, işin tam, obeyktiv və hərtərəfli araşdırılaraq həqiqətin üzə çıxarılması məqsədilə torpaq sahəsinə yerində baxış keçirilməmiş, cavabdehdən torpaq sahəsinin ayrılması ilə bağlı zəruri sənədlər tələb edilməmiş, iddia ərizəsində qeyd etiyi dəlilləri məhkəmə tərəfindən nəzərə alınmamış, hüquqi qiymət verilməmiş, nəticədə qanunsuz və əsassız qərar qəbul edilmşdir. Odur ki, Şəki İnzibati məhkəməsinin 15 dekabr 2022-ci il tarixli, 2-1(116)-1818/2022 saylı qərarının ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibаti Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli, 2-1(116)-1818/2022 saylı qərarının ləğv edilərək iddianın təmin edilməsi xahiş etdi. Məhkəmə kollegiyasının hazırkı iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh nümayəndəsi, üçüncü şəxslər Şəki şəhər bələdiyyəsinin nümayəndəsi və X5 məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə kollegiyasının iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və qanunamüvafiq qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi: İddiaçının apellyasiya şikayəti uğurlu sayılır. Belə ki, o, mahiyyət etibarı ilə əsaslıdır. Ona görə də, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməlidir. Məhkəmə kollegiyası işdə olan sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdeh inzibati orqanın hərəkətləri qanunsuzdur. İddia mümkün iddia olduğuna görə birinci instansiya məhkəməsi iddiaya mahiyyət üzrə baxmışdır. Belə ki, baxılan işdə söhbət Azərbaycan Respublikası İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı Azərbaycan Respublikası İPM-in 2.2.3 və 34.1-ci maddələrinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Həmin iddia növü üçün qanunda nəzərdə tutulmuş xüsusi mümkünlük şərti təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməsi, sonuncu tərəfindən müraciətinin qanunla müəyyən edilmiş müddət ərzində müraciətinin təmin edilməməsidir. İddiaçı hazırkı tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Apellyasiya şikayəti vaxtında, birinci instansiya məhkəməsinin qərarı iddiaçıya təqdim olundugu gündən İPM-in 85.1-ci maddəsində müəyyən edilmiş 30 gün müddətində verilmiş, İPM-in 85.1-ci, 85.2 -ci və 85.3-cü maddələrinə uyğun olaraq şikayət formal baxımından lazımi qaydada əsaslandırılmış, əsaslandırma hissəsində iddiaçının tələbi göstərilmişdir. İşin faktiki halı ondan ibatrətdir ki, iddiaçının mərhum X1na Cavabdeh başçısının xx.xx.1994-cü il tarixli 1/328 nömrəli sərəncamı ilə yaşayış evi tikmək məqsədi ilə torpaq sahəsi ayrılmışdır. Lakin, torpaq sahəsinin yerləşdiyi ərazinin, koordinatların müəyyən edilməsi məqsədi ilə sxemtik plan tərtib olunmamışdır. Həmin sərəncam hal-hazırda da qüvvədədir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə qərarında qeyd etmişdir ki, hazırda iddiaçının qanuni istifadəsində torpaq sahəsi olmadığından və faktiki olaraq torpaq sahəsinin naturada yerinin müəyyən edilməsi mümkün olmadığından müvafiq sxmetaik planın, plan-ölçünün hazırlanması tələbi təmin oluna bilməz. Lakin məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin yuxarda qeyd olunan mövqeyi ilə razılaşmır. Hazırda qüvvədə olan Torpaq Məcəlləsinin 65-ci maddəsinin 2-ci bəndinə əsasən torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Həmin maddənin 6-cı bəndinə əsasən torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir. Göründüyü kimi iddiaçının mərhum atasına səhərin 6-cı kvartalından ev tikmək üçün 600 kv.m torpaq sahəsi ayrılan zaman həmin dövrün qanunvericiliyə uyğun olaraq ayrılan torpaq sahəsinin hüdudları müəyyən edilməli, həmin sahə digər sahədən mərzlə və ya sərhəd nişanları ilə ayrılmalı və şəhərin baş memarı tərəfindən sxematik plan təsdiqlənməli idi. Lakin belə bir sxematik plan həmin vaxt hazırlanmamış və iddiaçı tərəfə verilməmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, § 40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, § 49 Qərarlar). Seryoqin və digərləri Rusiyaya qarşı iş üzrə 2021-ci il 16 mart tarixli Qərarında Avropa Məhkəməsinin ifadə etdiyi mövqeyə əsasən torpaqların əldə edilməsinə maneə törədə biləcək mümkün pozuntuların üzə çıxarılmasında məhdud imkanlara malik olan, qanuni əsaslara və öz hərəkətlərinin qanunauyğunluğunun, həmçinin dövlət orqanlarının hərəkətləri ilə inkar edilməməsinə də güvənən şəxslər vicdanlı və qanun çərçivəsində davranan hesab edilir. Azərbaycan Respublikasının torpaq islahatlarının aparılmasının hüquqi əsaslarını və qaydalarını müəyyən edən “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqların qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilməsi müəyyənləşdirilmişdir. Həmin Qanunun 10-cu maddəsində isə vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirlməsi qaydası nəzərdə tutulmuş və göstərilmişdir ki, fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin yuxarda göstərilən faktiki hallarını düzgün araşdırmayaraq iddia tələbini təmin etməməklə səhv nəticəyə gəlmişdir. Odur ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Şəki İnzibati Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli, 2-1(116)-1818/2022 nömrəli qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iş üzrə iddia tələbi təmin edilməli, Cavabdeh Başçısının xx.xx.1994-cü il tarixli 1/328 nömrəli Sərəncamı ilə İddiaçı mərhum X1na şəhərin 6-cı kvartalından ayrılmış 600 kv metr torpaq sahəsinin yerinin müəyyənləşdirilməsi və həmin torpaq sahəyə sxematik planın işlənib hazırlanması öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır. Azərbаycаn Respublikаsı İnzibаti Prosessuаl Məcəlləsinin 87.6-cı mаddəsinə əsаsən iddiaçının apellyasiya şikayəti təmin edilərək, birinci instаnsiyа məhkəməsinin qərаrı ləğv edilməli, yeni qərar qəbul edilərək iddia təmin edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və İPM-in 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli, 2-1(116)-1818/2022 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İş üzrə iddia tələbi təmin edilsin. İddiaçı Cavabdeh Başçısının xx.xx.1994-cü il tarixli 1/328 nömrəli Sərəncamı ilə İddiaçı mərhum X1na şəhərin 6-cı kvartalından ayrılmış 600 kv metr torpaq sahəsinin yerinin müəyyənləşdirilməsi və həmin torpaq sahəyə sxematik planın işlənib hazırlanması öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar