Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-173/2021 09.04.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı "hüququnun yarandığı tarixdən xx.xx.2020-ci ildən əmək pensiyası təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dаir inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 2-1(116)-164/2021 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə dair işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə qarşı "xx.xx.1984-cü ildən xx.xx.1987-ci ilədək Ağdam rayonu 1 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsində işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi" barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, xx.xx.1984-cü ildən xx.xx.1987-ci ilədək Ağdam rayonu 1 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsində məhkum kimi cəza çəkdiyi müddətdə Ağdam Rayonu Üzümçülük Sovxozunda işləmişdir. O, pensiya yaşına çatdıqda yaşa görə əmək pensiyasının təyin olunması üçün müraciət etmiş, lakin onun əmək stajı 25 ildən az olduğu üçün ona pensiyanın təyin edilməsi mümkün olmamış, bildirilmişdir ki, xx.xx.1984-cü ildən xx.xx.1987-ci ilədək işlədiyi illərə görə əmək haqqının verilməsi barədə arayış təqdim edərsə ona yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olacaqdır. İddiaçı Ağdam rayonu 1 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsində işləməsini təsdiq edən arayışın verilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə müraciət etmiş, lakin sonuncu xx.xx.2020-ci il tarixli məktubla bildirmişdir ki, xx.xx.1993-cü ildə Ağdam şəhəri bombalandığından şəhərin əksəriyyəti dağıdıldığından həmin müəssisəyə aid sənədlər oradan çıxarıla bilməmişdir. Buna görə də onun müraciətinin icrası mümkün olmamışdır. Bundan sonra, iddiaçı birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək xx.xx.1984-cü ildən xx.xx.1987-ci ilədək Ağdam rayonu 1 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsində işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Şəki şəhər filialının üzərinə qoyulmasını xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə xx.xx.2020-ci il tarixli iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək hüququnun yarandığı tarixdən xx.xx.2020-ci ildən əmək pensiyası təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin şifahi məhkəmə baxışı zamanı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Şəki şəhər filialı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı ilə əvəz edilmişdir. Şəki İnzibati Məhkəməsinin (hakim Vidadi Qasımov) xx xxxxxx 2021-ci il tarixli 2- 1(116)-164/2021 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı "hüququnun yarandığı tarixdən xx.xx.2020-ci ildən əmək pensiyası təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddiası mümkün sayılmamışdır. İddiaçı Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 2-1(116)-164/2021 nömrəli qərardadından apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 2-1(116)-164/2021 saylı qərardadını ləğv edəsini və iddia tələbinin təmin edilməsini xahiş edir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 2-1(116)-164/2021 nömrəli qərardadının ləğv edilməsi və iddia tələbinin mümkün sayılması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbdən olması barədə məlumat verilməmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi: “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində deyilir ki, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin "Qeyd" hissəsində deyilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İddiaçı xx.xx.1955-ci il təvəllüdlü olmaqla, yaşa görə əmək pensiyası yaşına (64 il 6 ay) xx.xx.2020-ci ildə çatmışdır. Qanunun tələbinə əsasən, ona həmin yaşa çatdığı vaxt yaşa görə əmək pensiyası təyin edilməsi üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi, yaxud da onun azı 25 il sığorta stajına malik olması tələb olunur. İddiaçının sığorta stajı hesablanarkən müəyyən edildi ki, onun əmək kitabçasında göstərilən müddətlər və hərbi xidmət keçdiyi müddət cavabdeh tərəfindən mübahisələndirilmir, məhkəmə də həmin müddətlərin sığorta stajına daxil edilməməsi üçün heç bir səbəb görmür. İşdə olan, NT-İ seriyalı ******* nömrəli əmək kitabçasının və НЗ seriyalı ******* nömrəli hərbi biletin surətlərindən görünür ki, iddiaçının iş illəri ümumilikdə 22 il 4 ay 15 gün, hərbi xidmət keçdiyi müddət isə ümumilikdə 2 il 3 ay təşkil edir. Göründüyü kimi, iddiaçının sosial sığorta stajının cəmi (22 il 4 ay 15 gün+2 il 3 ay) 24 il 7 ay 15 gün təşkil edir ki, bu da yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 25 il müddətdən azdır. Onun iddia etdiyi kimi, xx.xx.1984-cü ildən xx.xx.1987-ci ilədək Ağdam rayonu 1 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsində işlədiyi müddət sosial sığorta stajına daxil ediləcəyi halda, onun sığorta stajının cəmi 25 ildən artıq olar və bu ona yaşa görə əmək pensiyası təyin edilməsinə imkan yaradar. Lakin hazırda iddiaçının xx.xx.1984-cü ildən xx.xx.1987-ci ilədək Ağdam rayonu 1 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsində işləməsini təsdiq edən heç bir sənəd yoxdur. Məhkəmə tərəfindən bu məqsədlə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə və Ağdam Rayon Dövlət Arxivinə edilmiş xx.xx.2021-ci il tarixli sorğular da səmərə verməmişdir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 25.2-ci maddəsinə görə, ümumi məhkəmələr bu Məcəllənin 26.2ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. "Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli 03 nömrəli Qərarının 13.1-ci bəndinə əsasən, nəzərə alınmalıdır ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 31.2-1ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi" Qaydalarının 3.2, 3.2.2-ci bəndinin tələblərinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. İddiaçı xx.xx.1984-cü ildən xx.xx.1987-ci ilədək əmək fəaliyyəti barəsində sənədləri əldə edə bilmədiyinə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadığına görə yuxarıda göstərilən normalara uyğun olaraq, o, həmin müddətdə işləməsi faktının müəyyən edilməsi barədə ərizə ilə Şəki Rayon Məhkəməsinə müraciət edə bilər. Onun həmin ərizəsi təmin ediləcəyi halda, qeyd olunan müddətin sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yenidən müvafiq inzibati orqana müraciət edə bilər. Göründüyü kimi, iddiaçının yaşa görə əmək pensiyasının təyin edilməsinə nail olmaq üçün hüquqi müdafiə vasitələri tükənməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 2-1(116)-164/2021 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 2- 1(116)-164/2021 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərardadı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(107)-173/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-173/2021
09.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver