Məhkəmə qərarları › İş №2-1(107)-173/2022

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-173/2022

21.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-173/2022 21.09.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, İslamova Türkay Abdurəhim qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı “xx.xx.1989-xx.xx.1999-cu illərdə Yevlax rayonlararası Kinovideo Birliyində, xx.xx.2000-xx.xx.2004-cü illərdə Ərəş Bələdiyyəsində işlədiyi illəri və xx.xx.1971-xx.xx.1975-ci illərdə X1 əyani təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilərək, hüququnun yarandığı –yəni, 65 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyini edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 5 aprel 2022-ci il tarixli 2-1(116)- 692/2022 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “1 mart 1989-cu ildən 12 noyabr 1999-cu ilədək Yevlax rayonlararası Kinovideo Birliyində kinomexanik vəzifəsində, "xxxx" MMC-də 15 yanvar 2020-ci ildən 19 yanvar 2021-ci ilədək texnik və 19 yanvar 2021-ci ildən hal-hazıradək mühəndis - iş icraçısı vəzifəsində işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)-11620/2021 nömrəli qərardadına əsasən inzibati iş baxılması üçün aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilmişdir.

3. İddiaçı daha sonra tələbini dəqiqləşdirərək “xx.xx.1989-xx.xx.1999-cu illərdə Yevlax rayonlararası Kinovideo Birliyində, xx.xx.2000-xx.xx.2004-cü illərdə Ərəş Bələdiyyəsində işlədiyi illəri və xx.xx.1971-xx.xx.1975-ci illərdə X1 əyani təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilərək, hüququnun yarandığı - yəni, 65 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.

5. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı, xx.xx.1975-ci il tarixli əmək kitabçasında qeyd edilmiş əmək fəaliyyəti müddətini, X4 Filialının xx.xx.2021-ci il tarixli 61 №-li arayışında qeyd edilən kolxozda işlədiyi müddəti, həmçinin, təhsil aldığı, hərbi xidmətdə olduğu müddəti nəzərə almaqla, 65 yaşının bitdiyi xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. İddiaçı, tələb hüququnu əmək fəaliyyəti ilə məşğul olduğu müddətin və digər müddətlərin təqdim etdiyi sənədlərlə (əmək kitabçası, arxiv arayışı, hərbi bilet, diplom) sübuta yetirilməsi ilə əsaslandırmışdır. Cavabdeh, iddiaçının əmək fəaliyyəti ilə məşğul olduğu dövrlərdən xx.xx.1989 xx.xx.1999-cu illər ərzində X3 Birliyində, xx.xx.2000 - xx.xx.2004-cü illər ərzində Yevlax Rayonu Ərəş Bələdiyyəsində və 1985-1986-cı illər ərzində Yevlax rayonu Ərəş kənd Füzuli kolxozunda işlədiyi müddəti mübahisələndirmiş, iddia tələbinə etirazını iddiaçının qeyd edilən müəssisələrdə işləməsinə dair əmək haqqı cədvəllərinin arxivdə mövcud olmaması ilə əsaslandırmışdır. Cavabdeh qeyd etmişdir ki, mübahisələndirdiyi dövrlər nəzərə alınmadan sosial sığorta stajı hesablandıqda iddiaçının yaşa görə əmək pensiyasının təyin edilməsi üçün azı 25 illik sığorta stajı yaranmır.

6. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.

7. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

8. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 5 aprel 2022-ci il tarixli 2- 1(116)-692/2022 nömrəli qərarı ilə iddia təmin edilmişdir.

9. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

10. Cavabdehin apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, Şəki İnzibati Məhkəməsi öz qərarını maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, iş üçün əhəmiyyətli halların tam hərtərəfli, obyektiv araşdırılmaması, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması şəraitində çıxarmışdır. Əvvəlcə məhkəmənin nəzərinə çatdırmaq istərdik ki, cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının xx.xx.2021-ci il tarixli **********8 nömrəli “yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması barədə” qərarında İddiaçı məxsus xx.xx.1975 və xx.xx.1984-cü il tarixlərdə tərtib edilmiş əmək kitabçalarına və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsinin xx.xx.2021-ci il tarixli 545 nömrəli arayışına müvafiq olaraq 15 il 07 av sosial sığorta stajı olmaqla qanunla tələb edilən müddətdən (25 il), eyni zamanda fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalının 15705,84 manat olmaqla qanunla tələb edilən məbləğdən (28800 manat) az olduğu qeyd edilmişdir. Həmçinin, xx.xx.1989xx.xx.1999-cu illər ərzində işlədiyi “Yevlax rayonarası Kinovideo Birliyi”nin və xx.xx.2000xx.xx.2004-cü illər ərzində işlədiyi “Yevlax Rayon Ərəş Bələdiyyəsi"nin əmək haqqı cədvəlləri saxlanılmadığı üçün sözügedən dövrlərin araşdırılaraq sosial sığorta stajına daxil edilməsinin mümkün hesab edilməməsi də qərarda öz əksini tapmışdır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi iddiaçıya yaşa görə əmək pensiyası 65 yaşdan təyin edilə bilər. Bunun üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq; 2) azı 25 il sığorta stajı olduqda. İddiaçı onun barəsində ikinci halın mövcudluğundan çıxış etməklə, yəni 25 il sığorta stajına malik olduğu nəzərə alınmaqla ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. İddiaçı ‘‘Əmək Pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə müvafiq olaraq 65 yasda, yəni xx.xx.2021-ci il tarixdə pensiya yaşına çatmışdır. Lakin yuxarıda qeyd olunan maddənin müddəalarına müvafiq olaraq İddiaçı həmin tarixə azı 25 il sosial sığorta stajının, yaxud fərdi hesabında 28800 manat pensiya kapitalının olması öz təsdiqini tapmamışdır. İşin mübahisələndirilməvən birinci halı İddiaçı hərbi xidmətdə olduğu dövrdür. Belə ki, is materiallarına əlavə edilən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsinin xx.xx.2021-ci il tarixli 545 nömrəli arayışına müvafiq olaraq onun xx.xx.1975 - xx.xx.1977-ci illər ərzində hərbi xidmətdə olduğu qeyd edilmişdir. İsin mübahisələndirilməvən ikinci halı İddiaçı təhsil aldığı dövrdür. Belə ki, iş materiallarına əlavə edilən İddiaçı məxsus 027615 №li diploma müvafiq olaraq onun 1971-1975-ci illər ərzində təhsil aldığı qeyd edilmişdir. İsin mübahisələndirilən halları aşağıdakılardan ibarətdir: - İddiaçı xx.xx.1989 - xx.xx.1999-cu illər ərzində “Yevlax rayonlararası Kinovideo Birliyi”ndə işlədiyi dövrlər; - İddiaçı xx.xx.2000 - xx.xx.2004-cü illər ərzində “Yevlax Rayon Ərəş Bələdiyyəsi”ndə işlədiyi dövrlər. AR Milli Arxiv İdarəsi X4 filialının xx.xx.2021-ci il tarixli, 63 nömrəli məktubunda “Yevlax ravonarası Kinovideo Birlivi”nin əmək haqqı cədvəlləri mühafizə üçün Yevlax rayon Dövlət Arxivinə təhvil verilməmişdir. AR Milli Arxiv İdarəsi X4 filialının xx.xx.2021-ci il tarixli, 61 nömrəli məktubunda ‘‘Yevlax rayon Füzuli kolxozu”nun minimum adam günü norması 240 olmuş və İddiaçı 1985 - 1986-cı illər ərzində normanı verinə yetirmişdir. Arxivdə İddiaçı əmək haqqı cədvəlləri aşkar edilmədiyindən belə olan halda iddiaçının sözügedən müəssisədə işləməsi faktı şübhə doğurur. Qeyd edilən qanunvericilik normalarının tələbləri və isin faktiki halları nəzərə alınaraq qeyd edilməlidir ki, İddiaçı “Əmək pensiyaları haqqında” AR Qanunun 7-ci maddəsinin tələblərinə müvafiq olaraq yaşa görə əmək pensiyası hüququ yarandığı 65 yasda, yəni xx.xx.2021-ci il tarixdə qanunla ona yasa görə əmək pensiyası təyin edilməsi üçün tələb edilən 25 il sosial sığorta stajına və 28800 manat pensiya kapitalına malik olmadığından iddia tələbi təmin edilməməlidir. Beləliklə, yuxarıda qeyd edilən qanunvericilik normalarının tələblərini və işin faktiki hallarını nəzərə alaraq hesab edirik ki, İddiaçı sözügedən müəssisələrdə - “Yevlax rayonarası Kinovideo Birliyi”ndə və “Yevlax Rayon Ərəş Bələdiyyəsi”ndə işlədiyi dövrlər ərzində müəssisələrin əmək haqqı cədvəlləri arxivə təhvil verilmədiyindən həmin dövrlərin sosial sığorta stajına daxil edilməsi və İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi qanunamüvafiq deyildir. Ona görə də Şəki İnzibati Məhkəməsinin 5 aprel 2022-ci il tarixli 2-1(116)- 692/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının nümayəndəsi X2 və X6 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 5 aprel 2022-ci il tarixli 2-1(116)-692/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etdi.

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 5 aprel 2022-ci il tarixli 2-1(116)-692/2022 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.

13. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının xx.xx.2021-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı analoji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - xx.xx.1975-ci il tarixli əmək kitabçasına əsasən iddiaçının əmək fəaliyyəti ilə məşğul olduğu müddət aşağıdakı kimidir: xx.xx.1975-xx.xx.1975 (26 gün), xx.xx.1984-xx.xx.1985 (4 ay, 13 gün), xx.xx.1977-xx.xx.1982 (4 il, 6 ay, 4 gün),xx.xx.1982-xx.xx.1982 (8 ay, 26 gün), xx.xx.1982-xx.xx.1983 (8 ay 1 gün), xx.xx.1983-xx.xx.1984 (1 il, 2 ay, 11 gün), xx.xx.1985-xx.xx.1987 (2 il, 25 gün), xx.xx.1987-xx.xx.1988 (1 il, 1 ay, 10 gün), xx.xx.1989-xx.xx.1999 (10 il 8 ay 11 gün),xx.xx.2000-xx.xx.2004 (4 il, 11 ay, 7 gün). - H3 ******* nömrəli hərbi biletdən görünür ki, iddiaçı xx.xx.1975 – xx.xx.1977-ci illərdə (2 il, 6 gün) hərbi xidmətdə olmuşdur. - Щ 027615 №-li diplomdan görünür ki, iddiaçı 1971-1975-ci illərdə (3 il, 6 ay) X1 təhsil almışdır. - X4 Filialının xx.xx.2021-ci il tarixli 61 №-li arayışından görünür ki, iddiaçı Yevlax rayonu Ərəş kənd Füzuli kolxozunda 1985-ci ildə 261 adam günü, 1986-cı ildə 249 adam günü işləmişdir. Kolxozda adam günü norması 240 gün olmuşdur. - cavabdeh tərəfindən təqdim edilən, DSMF-in PHŞ-in 17 saylı Regional Ərazi Filialı tərəfindən tərtib edilmiş, xx.xx.2020-ci il tarixli aktdan və X4 Filialının xx.xx.2021-ci il tarixli 63 №-li arayışından görünür ki, iddiaçı, X3 Birliyinin xx.xx.1989-cu il tarixli 01 saylı əmrilə 2№-li Səyyar kinovideo maşınının kinomexaniki vəzifəsinə təyin olunmuş, xx.xx.1999-cu il tarixli 22 №-li əmrlə işdən azad olunmuşdur. - Məhkəmə kollegiyası tərəfindən xx.xx.2022-ci il tarixdə Yevlax Rayonu Ərəş Bələdiyyəsinə İddiaçı xx.xx.2000 - xx.xx.2004-cü illər ərzində Yevlax Rayonu Ərəş Bələdiyyəsində işləyib-işləməməsi, əgər işləmişdirsə əmək haqqı alıb-almaması barədə sorğu edilmiş, Yevlax Rayonu Ərəş Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 18 nömrəli məktubuna əsasən, Yevlax rayonu Ərəş kənd sakini İddiaçı əmək kitabçasına əsasən xx.xx.2000-ci il tarixdə Ərəş Bələdiyyəsinin sədr müavini vəzifəsində işləmiş, xx.xx.2004cü il tarixdə keçirilən seçkilər əsasında bələdiyyə üzvlüyüyndən azad olmuşdur. Lakin İddiaçı əmək fəaliyyəti ilə məşğul olduğu xx.xx.2000-xx.xx.2004-cü illər ərzində Yevlax Rayonu Ərəş Bələdiyyəsində işləməsinə dair əmək haqqı cədvəlləri barədə heç bir rəsmi fakt mövcud deyildir.

TƏTBİQ EDİLƏN HÜQUQ

14. İnzibati Prosessual Məcəllə: Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

15. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Maddə 149. Vİİ hissə. Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.

16. İnzibati Prosessual Məcəllə: Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.

17. Mülki Prosessual Məcəllə: Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

18. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə: 1-ci bəndi. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bəndi. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

20. xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanun: Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1dək hər il 6 ay artırılır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyən hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 21.2.11. Sığorta stajına daxil edilən müddətlərdən biri də hərbi xidmət müddətidir (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla).

21. “Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiyaların təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı ilin 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir.

22. Əmək Məcəlləsinin: 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü ayı və ili barədə qeydlər göstərilir.

23. "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir.Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir.

24. "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin 1-ci hissəsində deyilir ki, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin maddənin 3-cü hissəsinin a) bəndinə əsasən, işçinin dövlət tərəfindən mütləq sosial sığorta edilməli olan hər hansı işinin müddəti də iş stajına daxil edilir. Həmin maddənin 8-ci hissəsinə əsasən, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci - yeddinci hissələrinə müvafiq olaraq hesablanır.

25. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 18 noyabr 2014-cü il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş "Məcburi dövlət sosial sığorta haqqının toplanması" Qaydaları: Maddə 1.2.1. Məcburi dövlət sosial sığorta haqqı - sığortalamaya görə sığortaçı təşkilata ödənilən pul vəsaitidir; Maddə 1.2.2. Sosial sığortanın iştirakçıları - sığortaçı, sığortaedənlər və sığortaolunanlardır; Maddə 1.2.3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığortası üzrə fəaliyyəti həyata keçirən sığortaçı hüquqi şəxsdir; Maddə 1.2.4. Sığortaedənlər - Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatlar, onların filial və nümayəndəlikləri, seçkili orqanlar, habelə özünü və ya başqasını sosial sığortaedən digər şəxslərdir; Maddə 1.2.5. sığortaolunan– xeyrinə sığorta fəaliyyəti həyata keçiriləndir.

26. "Sosial sığorta haqqında" Azərbaycan Respublikası Qanunu: Maddə 8. Sığortaolunanın sığorta stajı - sığortaolunanın xeyrinə məcburi dövlət sosial sığorta haqqı ödənilən əmək fəaliyyəti dövrlərinin ümumi müddətidir. Maddə 9. Sığortaçının hüquqları aşağıdakılardır: bütün sığortaedənlərdən məcburi dövlət sosial sığortası üzrə işçilərin sığorta edilməsini tələb etmək; sosial sığorta ödəmələrinin həcmi və verilmə əsasları barədə sığorta edənlərdən arayış almaq; məcburi dövlət sosial sığortası qaydalarına sığortaedənlər tərəfindən əməl edilməsinə nəzarət etmək; könüllü (əlavə) sosial sığorta müqaviləsi üzrə öhdəliklərin icrasını tələb etmək; qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək. Sığortaçının vəzifələri aşağıdakılardan ibarətdir: özünün müntəzəm ödəmə qabiliyyətini təmin edən tədbirlər görmək; sosial sığorta ödəmələrinin vaxtında hesablanıb ödənilməsini təmin etmək; könüllü (əlavə) sosial sığorta müqavilələri üzrə öhdəliklərini vaxtında və tam həcmdə icra etmək; qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək. Maddə 10. Sığortaedənlər aşağıdakı hüquqlara malikdirlər: - sosial sığortanın bütün formalarında iştirak etmək; könüllü (əlavə) sosial sığortanı həyata keçirmək üçün sığortaçı təşkilatı müstəqil seçmək; sosial sığorta qaydalarına və könüllü (əlavə) sosial sığorta üzrə müqavilələrə əməl edilməsini tələb etmək. Maddə 11. Sığortaedənlərin vəzifələri aşağıdakılardır: məcburi dövlət sosial sığortasını həyata keçirən sığortaçı təşkilatda uçota durmaq (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, xarici kommersiya hüquqi şəxsin nümayəndəlik və filialları, habelə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər istisna olmaqla); müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək; sosial sığorta haqlarının uçotunu aparmaq və bu barədə sığortaçıya hesabat vermək; hesabat dövründə fəaliyyət göstərmədiyi halda sığortaçıya hesabat əvəzinə hesabatın təqdim edilməsi üçün müəyyən edilmiş müddətdən gec olmayaraq fəaliyyətin olmaması barədə arayış təqdim etmək; qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

27. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Maddə 46.3. Maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

28. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 5 aprel 2022-ci il tarixli 2-1(116)-692/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

29. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

30. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər.

31. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

32. Məhkəmə kollegiyasının iclasında iş materiallarının tədqiqi və tərəflərin məhkəmə iclasında verdikləri izahatlarla müəyyən edildi ki, hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı onun iddia tələbində qeyd etdiyi müddətlərin sosial sığorta stajına daxil edilərək, sığorta stajının tamamlanması və hüququnun yarandığı gündən ona yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir.

33. İddiaçının yaşa görə əmək pensiyası almaq hüququ “Əmək Pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə müvafiq olaraq 65 yaşda, yəni xx.xx.2021-ci il tarixdə yaranmışdır (iddiaçı xx.xx.1956-cı ildə doğulub).

34. İş materiallarında olan, xx.xx.1975-ci il tarixdə tərtib edilmiş əmək kitabçasında iddiaçının 2006-cı ilədək ümumilikdə əmək stajı 26 il 4 ay 14 gün qeyd edilmişdir. Cavabdeh həmin müddətin xx.xx.1989 – xx.xx.1999-cu illər üzrə 10 il, 8 ay, 11 gün müddətini mübahisələndirir və bunu X3 Birliyinin əmək haqqı cədvəllərinin mühafizə edilməsi üçün Yevlax rayon Dövlət Arxivinə verilməməsi ilə əsaslandırır. Halbuki, işdə olan əmək kitabçası, cavabdehin özünün tərtib etdiyi akt və X4 Filialının arayışı ilə iddiaçının yuxarıda qeyd edilmiş dövr ərzində X3 Birliyində əmək fəaliyyəti ilə məşğul olması tam sübuta yetirilir.

35. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının əmək stajı işdə olan əmək kitabçası ilə müəyyən edildiyindən və həmin əmək kitabçalarında icra edilmiş qeydlərin həqiqətə uyğun olmaması cavabdeh tərəfindən müəyyən edilmədiyindən müvafiq qeydlərin mötəbərliyini şübhə altına almaq üçün heç bir əsas yoxdur. Odur ki, iddiaçı barəsində tərtib edilmiş əmək kitabçasını məhkəmə iddiaçının əmək stajını təsdiq edən sübut kimi qəbul edir və hesab edir ki, həmin sənədlərin yenidən digər sənədlərlə sübut olunmasına ehtiyac yoxdur (Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 21(102)- 1737/2021 nömrəli qərarında əks olunan hüquqi mövqe).

36. İstinad olunan əmək kitabçasında cavabdehin mübahisələndirdiyi digər dövr iddiaçının xx.xx.2000-xx.xx.2004-cü illər ərzində (4 il, 11 ay, 7 gün) Yevlax Rayonu Ərəş Bələdiyyəsində işlədiyi dövrdür. Həmin dövrə münasibətdə də cavabdehin apellyasiya şikayətinin dəlili müvafiq əmək haqqı cədvəllərinin arxivə təhvil verilməməsi ilə bağlıdır.

37. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçının 2 il 06 gün hərbi xidmətdə olması və 3 il 6 ay müddətində X1 təhsil alması işin mübahisəsiz halıdır və həmin müddət də sosial sığorta stajına daxil edilməlidir. Qeyd edilən müddətlər cavabdeh tərəfindən də mübahisələndirilməmişdir.

38. “Əmək pensiyaları haqqında” Qanunun 21.2.11, 23.2-ci maddələri, 1 yanvar 2006cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin və SSRİ Nazirlər Sovetinin 4 avqust 1956-cı il tarixli 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”n tələblərinə görə iddiaçının əmək kitabçasında qeyd edilən əmək fəaliyyəti, hərbi xidmət dövrü və əyani ali təhsil dövrü ümumi iş stajına daxil edilir.

39. Belə olan halda iddiaçının Yevlax Rayonu Ərəş Bələdiyyəsində işlədiyi müddəti nəzərə almadan, digər dövrlərlə (21 il 5 ay 7 gün) iddiaçının hərbi xidmətdə olduğu (2 il 06 gün) və təhsil aldığı (3 il 6 ay) müddəti topladıqda iddiaçının 26 il 11 ay 13 gün əmək stajı yaranmış olur ki, bu da ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət edir.

40. Həmçinin nəzərə alınmalıdır ki, cavabdehin mübahisələndirdiyi, arxiv arayışında əksini tapmış iddiaçının Yevlax rayonu Ərəş kənd Füzuli kolxozunda 1985-1986-cı illərdə işlədiyi və adam günü normasını tam yerinə yetirdiyi 2 il müddət də, yuxarıda qeyd edilən ümumi əmək stajına əlavə edilməlidir.

41. Cavabdehin apellyasiya şikayətində mübahisələndirdiyi digər dövr iddiaçının xx.xx.2000-xx.xx.2004-cü illər ərzində (4 il, 11 ay, 7 gün) Yevlax Rayonu Ərəş Bələdiyyəsində işlədiyi dövrdür. Həmin dövrə münasibətdə də cavabdehin etirazının dəlili müvafiq əmək haqqı cədvəllərinin arxivə təhvil verilməməsi ilə bağlıdır.

42. Bununla bağlı məhkəmə kollegiyası tərəfindən Yevlax Rayonu Ərəş Bələdiyyəsinə İddiaçı xx.xx.2000 - xx.xx.2004-cü illər ərzində Yevlax Rayonu Ərəş Bələdiyyəsində işləyib-işləməməsi, əgər işləmişdirsə əmək haqqı alıb-almaması barədə sorğu edilmiş, Yevlax Rayonu Ərəş Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 18 nömrəli məktubuna əsasən, Yevlax rayonu Ərəş kənd sakini İddiaçı əmək kitabçasına əsasən xx.xx.2000-ci il tarixdə Ərəş Bələdiyyəsinin sədr müavini vəzifəsində işləmiş, xx.xx.2004cü il tarixdə keçirilən seçkilər əsasında bələdiyyə üzvlüyündən azad olmuşdur. Lakin İddiaçı əmək fəaliyyəti ilə məşğul olduğu xx.xx.2000-xx.xx.2004-cü illər ərzində Yevlax Rayonu Ərəş Bələdiyyəsində işləməsinə dair əmək haqqı cədvəlləri barədə heç bir rəsmi fakt mövcud deyildir.

43. xx.xx.2002-ci ilədək olan dövrdə işçilər dövlət tərəfindən mütləq qaydada sosial sığorta ilə əhatə olunmalı olduqlarına görə həmin dövr üzrə işçilərin əmək fəaliyyəti ümumi iş stajına daxil edilməlidir. Bu isə o nəticəyə gəlməyə əsas verir ki, iddiaçının iş stajı əmək kitabçasına əsasən müəyyən edildiyindən və həmin dövrdə o, dövlət sosial sığortası ilə əhatə olunmalı olduğundan, həmin dövrə münasibətdə onun əmək haqqı alıb-almaması və işəgötürən tərəfindən sosial sığorta haqlarının ödənilib-ödənilməməsi iddiaçının əmək kitabçasında olan müddətin onun sosial sığorta stajına daxil edilməsinə təsir göstərmir.

44. Bu isə onu deməyə əsas verir ki, hər bir halda iddiaçının Yevlax Rayonu Ərəş Bələdiyyəsində işlədiyi müddətin xx.xx.2002-ci ilədək olan dövrü (1 il, 11 ay 21 gün) ümumi əmək stajına daxil edilməli və əmək kitabçasında öz əksini tapmış həmin müddət digər sənədlərlə yenidən sübut edilməməlidir.

45. Məhkəmə kollegiyasının qənaətinə görə iddiaçının, məhkəmə araşdırması zamanı müəyyən edilən əmək stajı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yetərli olduğundan, birinci instansiya məhkəməsi həmin illərin iddiaçının sığorta stajına daxil edilməsi ilə bağlı tələbinin əsaslı olması qənaətinə gəlməkdə haqlı olmuşdur.

46. İstinad olunan qanunvericilik normalarının məzmunundan göründüyü kimi, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması yoverilməzdir.

47. Yuxarıda qeyd olunan işin hallarını, tərəflərin məhkəmə kollegiyasının iclasında verdikləri izahatları, məhkəmə kollegiyası tərəfindən edilən sorğunu nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. İddiaçının məhkəmə araşdırması zamanı müəyyən edilən əmək stajı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yetərli olduğundan, məhkəmə kollegiyası həmin illərin iddiaçının sığorta stajına daxil edilməsi ilə bağlı tələbinin əsaslı olması qənaətinə gəlir.

48. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı iddiaçının xx.xx.1989-xx.xx.1999-cu illərdə Yevlax rayonlararası Kinovideo Birliyində, xx.xx.2000-xx.xx.2004-cü illərdə Ərəş Bələdiyyəsində işlədiyi illəri və xx.xx.1971-xx.xx.1975-ci illərdə X1 əyani təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilərək, hüququnun yarandığı –yəni, 65 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyini edilməsindən imtinası qanuni və əsaslı olmamışdır. Birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

49. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası

QƏRАRА АLDİ:

Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 5 aprel 2022-ci il tarixli 2-1(116)-692/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar