Məhkəmə qərarları › İş №2-1(107)-174/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-174/2021

18.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-174/2021 18.08.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik еdən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı "mərhum əri X1nun 20.10.1993-cü ildən 17.09.1995-ci ilədək X6 mühasib işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 17 iyun 2020-ci il tarixli, 2-1(116)-690/2020 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh tərəfindən verilmiş apellyasiya şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı xx.xx.1958-ci ildə anadan olmuş və hazırda Göyçay şəhərində yaşayır. O, 26.08.1980-ci ildə X1 ilə nikah bağlamışdır. İddiaçının əri X1 20.10.1993-cü ildən 17.09.1995-ci ilədək X6 mühasib işləmiş və 31.12.2016-cı ildə vəfat etmişdir. İddiaçı pensiya hüququ yarandığdan sonra 14.01.2020-ci ildə cavabdehə ərizə ilə müraciət edərək ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunmasını xahiş etmiş, lakin cavabdeh 22.01.2020-ci il tarixli ********** nömrəli cavab məktubu ilə bildirmişdir ki, tələb olunan sosial sığorta stajı mövcud olmadığından ona ailə başçısını itirən kimi əmək pensiyası hesablamaq mümkün deyil. Bundan sonra iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı öz tələbini belə əsaslandırmışdır ki, mərhum əri X1nun adına olan əmək kitabçasında 20.10.1993-cü ildən 17.09.1995-ci ilədək X6 mühasib işlədiyi illərə aid əmrlər tapılmadığı üçün cavabdeh ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunmasının qanuna müvafiq olmadığını bildirmişdir. Şəki İnzibati Məhkəməsinin 17.06.2020-ci il tarixli, 2-1(116)-690/2020 nömrəli qərarı ilə, iddia təmin edilmiş, İddiaçı mərhum əri X1nun 20.10.1993-cü ildən 17.09.1995-ci ilədək X6 mühasib işlədiyi müddətin onun sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 sentyabr 2020-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh həmin qərardan kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 10 fevral 2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 sentyabr 2020-ci il tarixli qərarı ləğv edilərək, iş apellyasiya qaydasında yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırılmışlar ki, birinci instansiya məhkəməsi tərəfindən qəbul olunmuş qərar qanunsuz və əsassızdır. Belə ki, iddiaçı X3 14.01.2020-ci il tarixdə ailə başçısını itirən kimi əmək pensiyası hüququ yarandığı üçün ƏƏSMN-i yanında DSMF-nun Göyçay rayon şöbəsinə ərizə ilə müraciət etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının (08.10.2010-cu ildə 4027 saylı şəhadətnamə ilə Ədliyyə Nazirliyindən qeydiyyatdan küçmişdir) İV fəslinin 4.2.7 maddəsinə əsasən Pensiya sektorunun məsləhətçisi, ərizəçi və ya onun nümayəndəsi tərəfindən təqdim olunan əmək kitabçası üzrə 01 yanvar 2006-cı il tarixədək olan dövrdə sığortaolunanın qeyri-dövlət müəssisələrində çalışmasını göstərən qeydlərin qarşılıqlı yoxlanılmasını həyata keçirir. X1nun 20.10.1993-cü il tarixdə 17.09.1995-ci il tarixədək X6 işlədiyi illər əmək kitabçasında qeyd edilsə də, həmin dövrə aid olan stajı müəssisə fəaliyyət göstərmədiyi və sənədləri Dövlət Arxivinə təhvil verilmədiyi üçün yoxlamaq mümkün olmamışdır. X1nun ümumi iş stajı 15 il 2 ay 19 gündür. Yuxarıda qeyd olunanlara əsasən Şəki İnzibati Məhkəməsinin 17 iyun 2020-ci il tarixli, 2-1(116)-690/2020 saylı qərarının ləğv edilməsini xahiş etmişdir Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh nümayəndəsi X4 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 17.06.2020-ci il tarixli, 2-1(116)-690/2020 saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 17.06.2020-ci il tarixli, 2- 1(116)-690/2020 saylı qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. Əsaslandırma hissəsi Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarına əlavə edilmiş və kollegiyanın iclasında tədqiq edilmiş: X1nun adına olan 04.12.1975-ci il tarixli əmək kitabçasından görünür ki, X1 20.10.1993-cü ildən 17.09.1995-ci ilədək X6 mühasib vəzifəsində işləmişdir. Göyçay Rayon Dövlət Arxivinin 09.09.2019-cu il tarixli 287 nömrəli arxiv arayışından görünür ki, X9 1978-1991-ci illər ərzində Göyçay rayonu Ləkçıplaq kənd N.Nərimanov adına kolxozda işləmişdir. AZ-İ seriyalı 841894 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X1 31.12.2016-cı ildə vəfat etmişdir. İİ-ЖГ seriyalı 344397 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı X1 ilə 26.08.1980-cı ildə nikah bağlamışlar. Hazırkı iddiada iddiaçı mərhum ərinin 20.10.1993-cü ildən 17.09.1995-ci ilədək (1 il 10 ay 27 gün) X6 işlədiyi müddətin sosial sığorta stajına daxil olunmasını tələb edir. Cavabdeh isə bundan imtinasını belə əsaslandırır ki, həmin müəssisə hazırda fəaliyyət göstərmədiyi və sənədləri dövlət arxivinə təhvil verilmədiyi üçün qarşılıqlı yoxlanılması mümkün olmamışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh 10.03.2020-ci il tarixli yazılı məlumatından görünür ki, X1nun 20.10.1993-cü ildən 17.09.1995-ci ilədək X6 mühasib işlədiyi illər əmək kitabçasında qeyd edilsə də, həmin dövrə aid sənədlər Dövlət Arxivinə təhvil verilmədiyindən həmin iş stajını yoxlamaq mümkün olmamışdır. Əgər X1nun 20.10.1993-cü ildən 17.09.1995-ci ilədək X6 mühasib işlədiyi illər onun sosial sığorta stajına daxil edilərsə, İddiaçı ailə başçısı itirən kimi əmək pensiyası təyin oluna bilər. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun: 14.1.2-ci maddəsinə əsasən, vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud İ və ya İİ qrup əlildirsə, ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. 17.1-ci maddəsinə əsasən, ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. 7-ci maddəsinə görə, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin "Qeyd" hissəsinə görə, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Sadalanan normalara uyğun olaraq, iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan şərtlərdən biri onun pensiya yaşına çatması, digəri isə mərhum ərinin əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajına malik olmasıdır. Müəyyən edildi ki, iddiaçı 01.01.2020-ci ildə pensiya yaşına (61 il 6 ay) çatmışdır. Onun əri 10.04.1956-cı il təvəllüdlü olmaqla, 31.12.2016-cı ildə 60 yaşında vəfat etmişdir. Belə olduqda, iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi üçün onun mərhum ərinin sosial sığorta stajının 15 ildən az olmaması (60 il - 15 il = 45 il x 4 ay = 180 ay = 15 il) tələb olunur. Mərhum X1nun adına olan əmək kitabçasından və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göyçay rayon şöbəsinin 09.01.2020-ci il tarixli arayışından görünür ki, o, 25.08.1975-ci ildən 12.04.1975-ci ilədək (3 ay 9 gün) Göyçay Məişət Xidməti Kombinatında işləmiş, 05.12.1975-ci ildən 14.11.1977-ci ilədək (1 il 11 ay 9 gün) hərbi xidmətdə olmuş, 28.11.1977-ci ildən 22.10.1981-ci ilədək (3 il 10 ay 24 gün) Göyçay Məişət Xidməti Kombinatında, 09.04.1982-ci ildən 19.06.1989-cu ilədək (7 il 2 ay 10 gün) Göyçay "Rayonkəndkimya" Birliyində, 27.06.1989-cu ildən 04.10.1993-cü ilədək (4 il 3 ay 7 gün) Göyçay rayonu "Əzəmət" kooperativində, 20.10.1993-cü ildən 17.09.1995-ci ilədək (1 il 10 ay 27 gün) X6, 01.05.2006-cı ildən 01.01.2009-cu ilədək (2 il 8 ay) Göyçay Kommunal Təsərrüfat İdarəsində işləmişdir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 21.2.3-cü maddəsinə əsasən, müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti sığortaolunanın sığorta stajına daxil edilir. Belə olan halda kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçının mərhum ərinin 05.12.1975-ci ildən 14.11.1977-ci ilədək (1 il 11 ay 9 gün) hərbi xidmətdə olduğu müddət onun sosial sığorta stajına daxil edilməlidir. Cavabdeh əmək kitabçasında göstərilən müddətlərdən iddiaçının 25.08.1975-ci ildən 12.04.1975-ci ilədək (3 ay 9 gün) Göyçay Məişət Xidməti Kombinatında işlədiyi, 05.12.1975-ci ildən 14.11.1977-ci ilədək (1 il 11 ay 9 gün) hərbi xidmətdə olduğu, 28.11.1977-ci ildən 22.10.1981-ci ilədək (3 il 10 ay 24 gün) Göyçay Məişət Xidməti Kombinatında və 09.04.1982-ci ildən 19.06.1989-cu ilədək (7 il 2 ay 10 gün) Göyçay "Rayonkəndkimya" Birliyində işlədiyi müddətləri sosial sığorta stajına daxil edir və bu müddətlərin cəmi 13 il 3 ay 22 gün təşkil edir. Mərhum X1nun X6 işlədiyi vaxt qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Həmin Qanunun 69-cu maddəsində isə deyilir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş "Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə" Əsasnamənin 1-ci bəndinə əsasən, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 10 fevral 2021-ci il tarixli qərarının məcburi göstərişləri istiqamətində araşdırma aparmış, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə və Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinə sorğular etmiş, X8 hansı illərdə fəaliyyət götərməsini və X1nun 1993-1995-ci illərdə həmin müəssisədə işləyib-işləməməsini araşdırmışdır. Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsi tərəfindən verilmiş 19.05.2021-ci il tarixli, 02/551 nömrəli məktubda 1993-1995-ci illərə aid sənədlər qanuna müvafiq qaydada Milli Arxiv İdarəsinə təhvil verildiyindən X8 1993-1995-ci illərdə fəaliyyət göstərməsi və X1nun həmin kombinatda işləməsi barədə Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsində rəsmi məlumatın olmadığı qeyd edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilmiş 17.05.2021-ci il tarixli, **********719600 nömrəli məktubdan görünür ki, arxiv sənədlərində X8 16.01.1993-cü il tarixdə 32 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınması barədə məlumat mövcuddur. Kombinat 2004-cü ildən hazırki dövrədək inventarlaşdırmadan keçərək yeni VÖEN almaq üçün vergi orqanına müraciət etməmişdir. Göründüyü kimi, X11 Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində 16.01.1993-cü il tarixdən 2004-cü ilədək 32 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır. Bu hal 20.10.1993-cü ildən 17.09.1995-ci ilədək X8 fəaliyyətdə olmasının göstəricisidir. Belə olan halda mərhum X1nun qeyd olunan 20.10.1993-cü ildən 17.09.1995-ci ilədək həmin müəssisədə işləməsi barədə onun əmək kitabçasında olan qeydin həqiqiliyinə şübhə etmək üçün hər hansı bir əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən kollegiya belə qənaətə gəlir ki, cavabdehin sosial sığorta stajı kimi mübahisələndirmədiyi 13 il 3 ay 22 gün müddətə həmin müddəti də əlavə etdikdə iddiaçının mərhum ərinin sosial sığorta stajı cəmi 15 ildən artıq olur ki, bu da iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi üçün kifayət edir. Ona görə də məhkəmə bu qənaətə gəlmişdir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Apellyasiya şikayətlərində göstərilən dəlillərlə razılaşmayan kollegiya qeyd edir ki, X1nun 20.10.1993-cü ildən 17.09.1995-ci ilədək X6 mühasib işlədiyi illər əmək kitabçasında qeyd edilmişdir. Həmin vaxt qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun müddəlarına əsasən əmək kitabçasında olan qeydlər həmin illərin X1nun sosial sığorta stajın daxil edilməsi üçün əsasdır. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmış, iddia tələbini təmin etməklə maddi və prossesual hüquq normalarının tətbiqində səhvə yol verməyərək inzibati iş üzrə düzgün nəticəyə gəlmişdir. İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlıdır. Ona görə də Şəki İnzibati Məhkəməsinin 17.06.2020-ci il tarixli, 2-1(116)-690/2020 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 17.06.2020-ci il tarixli, 2-1(116)-690/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun təqdim edildiyi gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar