Məhkəmə qərarları › İş №2-1(107)-174/2023

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-174/2023

06.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-174/2023 06.04.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil və cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndəsi X8 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilən 3.19 ha pay torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının müəyyən edilməklə mülkiyyət hüququnun qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli, 2- 1(116)-1749/2022 nömrəli qərarından cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilən 3.19 ha pay torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının müəyyən edilməklə mülkiyyət hüququnun qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-1749/2022 nömrəli qərardadı ilə Yevlax rayonu Tanrıqulular bələdiyyəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatında zəruri cəlb edilmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə cavabdeh DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsi – hüquq varisi “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsi ilə əvəz edilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, Yevlax Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 30 saylı qərarı ilə iddiaçının mərhum anası X2 Yevlax rayonu Tanrıqullar kəndi ərazisindən 3.19 ha kənd təsərrüfat məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmiş və “torpağın mülkiyyətə verilməsinə”dair JN 0038 kod 90110018 saylı dövlət aktı ilə adına rəsmiləşdirilmişdir. İddiaçı, valideynindən ona miras qalmış həmin miras əmlaka xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr almışdır. İddiaçı həmin şəhadətnamələr əsasında 2.92 ha və 0.27 ha torpaq sahələrinə dair çıxarışın və plan-ölçü sənədinin verilməsi üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina edərək bildirmişdir ki, naturada yerləşən torpaq sahəsinin döngə nöqtələrinin koordinatları ilə idarənin elektron xəritə bazasında (DWJ) göstərilən torpaq sahəsinin döngə nöqtələrinin koordinatları arasında uyğunsuzluq vardır. Belə ki, sənədləşdirmək istənilən torpaq sahəsinə dair DT və XK tərəfindən verilmiş “Dövlət Akt’ında qeyd olunan torpaq sahəsinin döngə nöqtələrinin koordinatları başqa mülkiyyətçiyə məxsus torpaq sahəsinin döngə nöqtələrinin koordinatları ilə üst-üstə düşür. Buna görə də hazırkı inzibati mübahisə yaranmışdır. İddiaçı, tələb hüququnu müvafiq torpaq sahəsinin Yevlax Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 30 saylı qərarı ilə ayrılması və ayrılmış torpaq sahəsinə dair Dövlət aktının tərtib edilməsi ilə əsaslandırmışdır. Cavabdeh orqan iddia tələbinə münasibətində qeyd etmişdir ki, naturada yerləşən torpaq sahəsinin döngə nöqtələrinin koordinatları ilə idarənin elektron xəritə bazasında (DWJ) göstərilən torpaq sahəsinin döngə nöqtələrinin koordinatları arasında uyğunsuzluq vardır. Belə ki, torpaq sahəsinə dair DT və XK tərəfindən verilmiş “Dövlət Akt”ında qeyd olunan torpaq sahəsinin döngə nöqtələrinin koordinatları başqa mülkiyyətçiyə məxsus torpaq sahəsinin döngə nöqtələrinin koordinatları ilə üst-üstə düşür. Belə olan halda torpaq sahəsinin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə ziddiyyət təşkil etdiyindən ərizənin icrası mümkün olmamışdır. Bildiririk ki, elektron xəritə baza məlumatlarına istinadən vətəndaşın mülkiyyətinə verilmiş torpaq sahəsinin korrdinatları bələdiyyə fondunun mülkiyyətinə verilmiş torpaq sahələrinin koordinatları ilə üst-üstə düşür. Üçüncü şəxs iddia tələbinə münasibətində qeyd etmişdir ki, Yevlax rayonu Tanrıqulular bələdiyyəsinin xəritə materiallarına (DWJ- torpaq islahatının nəticələrini özündə əks etdirən kompleks yerqruluşu layihəsi) əsasən sözü gedən 3.19 ha torpaq sahəsi Yevlax rayonu, Tanrıqulular kənd sakini X2 JN0038 saylı "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" ilə mülkiyyətinə verilmiş torpaq sahəsidir. Həmin torpaq sahəsinə üst-üstə yenidən JN-7960 saylı torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə ilə Yevlax rayonu Tanrıqulular kənd sakini X3 Yevlax rayonu Tanrıqulular bələdiyyəsinin xx.xx.2005ci il tarixli 18 nömrəli qərarı əsasında 15 il müddətinə icarəyə verilmişdir. Mülkiyyətə verilmiş torpaq sahəsinin icarəyə verilməsi barədə məlumatı olmamışdır. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi, iddia tələbi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi, iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın mümkün sayılmamasını xahiş etmişdir. Üçüncü şəxsin nümayəndəsi birinci instansiya məhkəməsinin iclasında izahat verərək iddianın qanunamüvafiq qaydada həll edilməsini xahiş etmişdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər birinci instansiya məhkəməsinə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - JN-0038 (kod ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktından görünür ki, Yevlax rayon AİK-nın xx.xx.1998-ci il tarixli 30 saylı qərarı ilə X1 təsərrüfatı məhsulları istehsalı üçün 3.19 ha torpaq sahəsi verilmişdir. - ********** qeydiyyat nömrəli, xx.xx.2015-ci il tarixli, Seriya RX ******* nömrəli çıxarışdan görünür ki, Yevlax rayonu Tanrıqullar kəndində yerləşən 0.2737 ha torpaq sahəsi üzərində X4 tam xüsusi mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. - ********** qeydiyyat nömrəli, xx.xx.2015-ci il tarixli, Seriya RX ******* nömrəli çıxarışdan görünür ki, Yevlax rayonu Tanrıqullar kəndində yerləşən 2.9187 ha torpaq sahəsi üzərində X4 tam xüsusi mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. - xx.xx.2022-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamələrdən görünür ki, X4 vərəsəsi İddiaçıdur və o miras əmlakdan tam pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ********** qeydiyyat nömrəli, xx.xx.2015-ci il tarixli, Seriya RX ******* nömrəli çıxarışa və ********** qeydiyyat nömrəli, xx.xx.2015-ci il tarixli, Seriya RX ******* nömrəli çıxarış əsasən Yevlax rayonu Tanrıqullar kəndində yerləşən 0.2737 ha və 2.9187 ha torpaq sahələridir. - AZ-İ 837712 №-li ölüm haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. - JN-7960 KOD 90110018 nömrəli “torpaqdan müvəqqəti istifadə hüququna dair” Şəhadətnamədən görünür ki, X3 Yevlax rayonu Tanrıqullar bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 16 №-li qərarı və xx.xx.2005-ci il tarixli 13 nömrəli icarə müqaviləsi ilə bələdiyyənin “Karçovka yeri” adlı sahədən 15 il müddətinə 2.3 ha torpaq sahəsi kənd təsərrüfatını inkişaf etdirmək şərti ilə verilmişdir. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 23 noyabr 2022-ci il tarixli, 2- 1(116)-1749/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin üzərinə JN-0038 (kod ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında göstərilən 3.19 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin döngə nöqtələrinin koordinatları müəyyən edilməklə həmin torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyinin qoyulması qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsi apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli, 2-1(116)- 1749/2022 nömrəli qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi apellyasiya şikayətində qeyd etmişdir ki, birinci instansiya məhkəməsi qərar qəbul edərkən iş üzrə cavadbeh qismində cəlb olunmuş 17 saylı Ərazi İdarəsinin etirazında qeyd olunan "koordinatların digər şəxsin istifadə və icarəsində olan torpaq sahəsi ilə üst-üstə düşmə məqamını" eyni zamanda, həmin halın 3-cü şəxs tərəfindən təsdiq edilməsi ifadəsini nəzərə almamıışdır. Halbuki belə məqamlarda məhkəmələr işə baxarkən obyektiv qərarın çıxarılması üçün texniki ekspertizanın keçirilməsini tələb edir və nəticəsinə əsaslanaraq qərar qəbul etməli idilər. İşin mahiyyəti ondan ibarətdir ki, məhkəmə qərar qəbul edərkən istinad etdiyi hüquqi sənəd torpağa mülkiyyət hüququna dair dövlət aktı olmuşdur, halbuki həmin sənəd əsasında mübahisə predmeti üzərində mülkiyyət hüquqlarının qeydiyyatı əməliyyatı aparılmışdır. Məlum olduğu kimi birinci instanisya məhkəməsinin qəbul etdiyi qərarda işin əasa mahiyyəti, yuxarıda qedy olunan amillər nəzərə alınmadan çıxarılmışdır. Ona görə də, iş üzrə tərəf olaraq birinci instansiya məhkəməsinin qərarının apellyasiya qaydasında mübahisələndirilməsi zərürəti yaranmışdır. Ona görə ki, birinci instanisya məhkəməsinin qərarının istinad nöqtəsi dövlət aktıdır və həmin sənəddə gösətərilən koordinatların bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi ilə üst-üstə düşməsi və həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması, mövcud torpaq qanunvericiliyinin tələblərinə ziddir. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini Şəki İnzibati Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli, 2-1(116)-1749/2022 nömrəli qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndəsi X10 apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli, 2-1(116)-1749/2022 nömrəli iş üzrə qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin 23 noyabr 2022ci il tarixli, 2-1(116)-1749/2022 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının hazırkı iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq üçüncü şəxs Yevlax rayonu Tanrıqulular bələdiyyəsinin nümayəndəsi məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası üçüncü şəxsin nümayəndəsi iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Lakin cavabdehin apellyasiya şikayəti uğurlu sayılmır. Belə ki, o, mahiyyət etibarı ilə əsaslı deyildir. Ona görə də, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununun: 12-ci maddəsinin 1-ci bəndinə əsasən, sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlər aşağıdakılardır: 1) sovxoz və kolxozlarda daimi işləyən şəxslər; 2) bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslər. 14-cü maddəsinə əsasən, hər bir subyekt yalnız bir dəfə torpaq payı ala bilər. Torpaq payları Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə əvəzsiz verilir. Azərbaycan Respublikasının vətəndaşları olmayan şəxslərə torpaq payları istifadəyə verilir. Sovxoz və kolxozların torpaqlarının özəlləşdirilməsi Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının təsdiq etdiyi əsasnaməyə uyğun həyata keçir. Bu maddələrin tələblərinə əsasən kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ istinad edilən Qanun qüvvəyə mindiyi günədək həmin kolxozun ərazisində daimi yaşayan şəxslərə məxsusdur və hər bir şəxs yalnız bir dəfə torpaq payı almaq hüququna malikdir. Torpaq payı almaq hüququ olanların siyahısı yerli aqrar islahatı komissiyası tərəfindən müəyyən edilməlidir. 21-ci maddəsinin 4-cü abzasına əsasən, qanunvericiliklə nəzərdə tutulan qaydada təsdiq edilmiş yerquruluşu layihələrinə uyğun olaraq yerquruluşu orqanları tərəfindən yerdə (naturada) torpaq sahələrinin sərhədləri ayrılır, torpağa mülkiyyət və ya torpaqdan istifadə hüququna dair müəyyən edilmiş formada sənədlər (nümunələri əlavə olunur) hazırlanır və 10 gün müddətində səlahiyyətli dövlət orqanlarında qeydiyyatdan keçirilir və həmin sənədlər müvafiq şəxslərə verilir. 21 aprel 2006-cı il tarixli 100-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 6, maddə 478) ilə 12-ci maddədə, beşinci hissədə "torpaq üzərində mülkiyyət və torpaqdan daimi istifadə hüququna dair dövlət aktlarının ... sözləri "torpaq üzərində hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ...” sözləri ilə əvəz edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 4.1-ci maddəsinə müvafiq olaraq, 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 8.0.3-cü maddəsinə əsasən ... vərəsəlik hüququ haqqında ... şəhadətnamələr ... daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. İşin hallarında göründüyü istinad olunan qanunun tələblərinə uyğun olaraq X2 Yevlax rayon AİK-nın xx.xx.1998-ci il tarixli 30 saylı qərarı ilə 3.19 ha torpaq sahəsi ayrılmış, ayrılmış torpaq sahəsi əvəzsiz olaraq onun mülkiyyətinə verilməklə bərabər, həmin torpaq sahələrinin onun mülkiyyətinə hansı ölçüdə verilməsi məsələsi də tərtib edilmiş JN-0038 nömrəli Dövlət Aktında öz əksini tapmışdır. Cavabdeh orqan sözügedən Dövlət Aktı əsasında ********** qeydiyyat nömrəli, xx.xx.2015-ci il tarixli və ********** qeydiyyat nömrəli, xx.xx.2015-ci il tarixli çıxarışlarla Yevlax rayonu Tanrıqullar kəndində yerləşən 2.9187 ha və 0.2737 ha torpaq sahələri üzərində X4 tam xüsusi mülkiyyət hüququnu dövlət qeydiyyatına almışdır. İddiaçı, xx.xx.2022-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamələrə istinad edərək həmin torpaq sahələri üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını tələb etmiş, cavabdeh orqan Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.3-cü maddəsinin tələblərini pozaraq iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. xx.xx.2022-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamələr iddia olunan torpaq sahələri üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas olduğundan iddiaçı haqlı olaraq cavabdeh orqana qarşı hazırkı tələblə müraciət etmişdir. Cavabdeh orqanın ilkin imtina cavabından və iddia tələbinə etirazdan görünür ki, iddia olunan torpaq sahəsinin başqa mülkiyyətçi ilə, həmçinin bələdiyyə mülkiyyəti ilə üstüstə düşdüyü bildirilir. Belə olan halda cavabdeh orqanın ********** qeydiyyat nömrəli, xx.xx.2015-ci il tarixli və ********** qeydiyyat nömrəli, xx.xx.2015-ci il tarixli çıxarışları üstüstə düşmə olduğu halda hansı qaydada tərtib etməsi aydın deyil. İddiaçının cavabdeh orqana qarşı tələbi də hər hansı digər torpaq sahəsi üzərində deyil, məhz həmin çıxarışlarda qeyd edilmiş torpaq sahələri üzərində mülkiyyət hüquqlarının JN-0038 (kod ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında qeyd edilmiş koordinatlara uyğun qeydiyyatı ilə bağlıdır. Digər tərəfdən üçüncü şəxsin təqdim etdiyi JN-7960 KOD 90110018 nömrəli “torpaqdan müvəqqəti istifadə hüququna dair” Şəhadətnamə ilə müəyyən edilir ki, həmin torpaq sahəsi X3 Yevlax rayonu Tanrıqullar bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 16 №-li qərarı ilə 15 il müddətinə verilsə də, artıq müddət bitmişdir və həmin torpaq sahəsi üzərində hər hansı digər şəxsin hüquqlarının mövcudluğundan söhbət gedə bilməz (müddət bitdiyinə görə İbrahim Allahverdiyev üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməmişdir). Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə:

3. Xidmətin vəzifələri 3.0 Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmət aşağıdakı vəzifələri yerinə yetirir: (-); 3.0.23. daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək; (-). Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi:

3. Xidmətin vəzifələri 3.0. Bu Əsasnamə ilə müəyyən olunmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Xidmətin vəzifələri aşağıdakılardır: (-); 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq; (-); 3.0.27. dövlət və yerli özünüidarəetmə orqanlarının, fiziki və hüquqi şəxslərin müraciətləri əsasında onlara müəyyən edilmiş qaydada daşınmaz əmlakın (torpaqların) elektron kadastr uçotu informasiya sistemindən yerquruluşu planına və kadastr məlumatlarına dair elektron və (və ya) kağız formatlarında çıxarışların verilməsini təmin etmək; (-). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (GashiXorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar).” İddiaçının mülkiyyət hüququnun qeydiyyatına alınmasını tələb etdiyi torpaq sahəsi cavabdeh inzibati orqanda onun mərhum anasının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığından və həmin qeyd hazırkı vaxta qədər mübahisə predmeti olmadığından, cavabdeh orqan yuxarıda sadalanan Əsasnamələrin tələbinə görə torpaq sahəsinin planı və ölçüsü sənədi sənədini tərtib etmək vəzifəsi daşıyır. Buna görə də iddiaçı torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilən 3.19 ha pay torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsini cavabdeh orqandan tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin 3.0.23- cü bəndinə əsasən, daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək xidmətin vəzifələrinə aid edilmişdir (oxşar inzibati mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının 2-1(102)-84/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqe).. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə kollegiyası inzibati mübahisə üzrə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır. Habelə cavabdehin nümayəndəsi apellyasiya məhkəməsinin iclasında apellyasiya şikayətində irəli sürdüyü dəlillərini təsdiq edəcək heç bir sübut təqdim edə bilmədi. İPM-in 87.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Apellyasiya şikayətinin dəlilləri isə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

Nəticəvi hissə

Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı:

Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli, 2-1(116)-1749/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar