Məhkəmə qərarları › İş №2-1(107)-175/2022

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-175/2022

28.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-175/2022 28.09.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, İslamova Türkay Abdurəhim qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı İddiaçı MTK-nın şəxsi vərəqəsindən silinmiş 44.014,06 AZN vəsaitin geri qaytarılması barədə rəyin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 21 aprel 2022-ci il tarixli 2-1(116)-427/2022 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, İddiaçı MTK-nın şəxsi vərəqəsindən silinmiş 44.014,06 AZN vəsaitin geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

2. İddia ərizəsinin əsaslarına görə, cavabdeh iddiaçıya heç bir məlumat vermədən və xəbərdarlıq etmədən xx.xx.2020-ci il tarixində İddiaçı MTK-nın şəxsi vergi vərəqəsindən 44.014,06 AZN məbləğində sərbəst vəsaiti silmişdir. Həmin vəsait təsisçi tərəfindən bir neçə il öncə nağd qaydada gələcəkdə yaranan vergi borclarının ödənilməsi məqsədilə icra edilmişdir. Lakin müəyyən obyektiv və subyektiv səbəblərdən müəssisə işləmədiyi üçün həmin vəsaitdən az istifadə edildiyinə görə ondan 44.064 AZN artıq ödəmə kimi qalmışdır ki, həmin məbləğdən bu il istifadə edilməsi nəzərdə tutulmuşdur. Belə ki, müəssisə artıq fəaliyyətə başlayıb və həmin vəsaitə böyük ehtiyac yaranmışdır. Şəxsi vərəqədə olan artıq ödəmənin geri qaytarılması və ya vəsaitin MTK-nın DSMF-yə olan borcuna silinməsi üçün iddiaçı cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçıya nə məbləğ geri qaytarılmış, nə də əvəzləşdirmə aparılmışdır. Bu səbəblə də iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

3. İddiaçının vəkili Vəkil xx.xx.2022-ci il tarixdə keçirilən şifahi məhkəmə baxışı iclasında “iddia tələbinin dəqiqləşdirilməsinə dair” ərizə təqdim edərək İddiaçı MTK-nın şəxsi vərəqəsindən silinmiş 44.014,06 AZN vəsaitin geri qaytarılması barədə rəyin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasının qərardadı ilə ərizə icraata qəbul edilmişdir.

4. Cavabdeh xx.xx.2021-ci il tarixli **********629900 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, iddia olunan məbləğ vergi orqanı tərəfindən vergi ödəyicisinin şəxsi hesab vərəqəsindən silinməmişdir. Sözügedən məbləğ vergi qanunvericiliyinin tələbinə əsasən kooperativin şəxsi hesab vərəqəsində “Tələb etmə və əvəzləşdirmə müddəti bitmiş artıq ödəmə vərəqəsi”nə keçirilmişdir. Şəxsi hesab vərəqəsindən də göründüyü kimi 44.014,06 manat məbləğ hal-hazırda vergi ödəyicisinin şəxsi hesab vərəqəsində “Tələb etmə və əvəzləşdirmə müddəti bitmiş artıq ödəmə vərəqəsi”ndə mövcuddur.

5. Belə ki, Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir.

6. Kooperativin şəxsi hesab vərəqəsinə nəzər salsaq görərik ki, xx.xx.2012-ci il tarixdə vergi ödəyicisinin 103.692,50 manat məbləğində artıq ödəməsi yaranmış və həmin tarixdən sonra yaranmış vergi öhdəlikləri üzrə hesablamalar aparılmaqla xx.xx.2020-ci il tarixə 44.014,06 manat məbləğində artıq ödəmə qalmışdır. Həmin məbləğ də xx.xx.2020ci il tarixdə Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən “Tələb etmə və əvəzləşdirmə müddəti bitmiş artıq ödəmə vərəqəsi”nə keçirilmişdir.

7. Göründüyü kimi, vergi ödəyicisinin artıq ödəmə məbləği yarandığı tarixdən 9 ildən artıq vaxt keçməsinə baxmayaraq, qanunvericiliyin tələbinə zidd olaraq 44.014,06 manat məbləğin geri qaytarılması öhdəliyinin cavabdeh 11 saylı Ərazi Vergilər Baş İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi üçün məhkəməyə müraciət etmişdir.

8. Bundan başqa iddiaçı iddia ərizəsində artıq ödəmənin cavabdeh orqan tərəfindən digər borclarla əvəzləşdirmə aparmaması ilə bağlı fikir bildirmiş, lakin iddiaçının həmin iddia tələbi də qanunsuz və əsasızdır.

9. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 iyul tarixli 313 nömrəli Qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”nın 4.4-cü bəndinə əsasən vergilər, faizlər və maliyyə sanksiyaları üzrə artıq ödəmələrin məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə borc məbləğləri ilə əvəzləşdirilməsinə, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə artıq ödəmələrin vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borc məbləğləri ilə əvəzləşdirilməsinə yol verilmir.

10. Cavabdeh etiraz məktubunda iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

11. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-427/2022 nömrəli qərardadı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyi üçüncü şəxs qismində məhkəmənin icraatına cəlb edilmişdir.

12. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdehin nümayəndəsi cavabdehin etirazına uyğun izahat verərək, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

13. Şəki İnzibati Məhkəməsinin (hakim Fərid İsmayılzadə) 21 aprel 2022-ci il tarixli 2- 1(116)-427/2022 nömrəli qərarı ilə iddia təmin edilərək, İddiaçı MTK-nın şəxsi vərəqəsindən silinmiş 44.014,06 AZN vəsaitin geri qaytarılması barədə rəyin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinin üzərinə qoyulması qərara alınmışdır.

14. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsi həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

15. Cavabdehin apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, iddia olunan məbləğ vergi orqanı tərəfindən vergi ödəyicisinin şəxsi hesab vərəqəsindən silinməmişdir. Sözügedən məbləğ vergi qanunvericiliyinin tələbinə əsasən kooperativin şəxsi hesab vərəqəsində "Tələb etmə və əvəzləşdirmə müddəti bitmiş artıq ödəmə vərəqəsi"nə keçirilmişdir. Şəxsi hesab vərəqəsindən də göründüyü kimi 44.014,06 manat məbləğ halhazırda vergi ödəyicisinin şəxsi hesab vərəqəsində "Tələb etmə və əvəzləşdirmə müddəti bitmiş artıq ödəmə vərəqəsi"ndə mövcüddur. Kooperativin şəxsi hesab vərəqəsinə nəzər salsaq görərik ki, xx.xx.2012-ci il tarixdə vergi ödəyicisinin 103.692,50 manat məbləğində artıq ödəməsi yaranmış və həmin tarixdən sonra yaranmış vergi öhdəlikləri üzrə hesablamalar aparılmaqla xx.xx.2020-ci il tarixə 44.014,06 manat məbləğində artıq ödəmə qalmışdır. Həmin məbləğ də xx.xx.2020-ci il tarixdə Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən "Tələb etmə və əvəzləşdirmə müddəti bitmiş artıq ödəmə vərəqəsi"nə keçirilmişdir. Yuxarıda qeyd olunanlara əsasən bildiririk ki, işə baxan birinci instansiya məhkəməsi mübahisənin ədalətli həlli üçün zəruri olan mühüm xüsusatları nəzərdən qaçırmış, məhkəmə baxışı zamanı qanunvericiliyin tələblərini tam araşdırmamış, maddi və prosessual hüquq normalarını yanlış tətbiq etməklə iddia tələbinin təmin olunması üzrə qanuni və əsaslı olmayan qərar qəbul etmişdir. İddianı təmin etmiş birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh xx.xx.2012-ci il tarixdə vergi ödəyicisinin 103.692,50 manat məbləğdə artıq ödəməsinin yarandığını və həmin tarixdən sonra yaranmış vergi öhdəlikləri üzrə hesablaşmalar aparılmaqla xx.xx.2020-ci il tarixə iddiaçının 44.014,06 manat məbləğdə artıq ödəməsinin qaldığını və həmin məbləğin xx.xx.2020-ci il tarixdə Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən "Tələb etmə və əvəzləşdirmə müddəti bitmiş artıq ödəmə vərəqəsi" nə keçirildiyini bildirərək, xx.xx.2012-ci il tarixdən hesablanmaqla iddiaçının artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malik olduğunu, hazırda isə artıq ödəmə məbləğinin yarandığı tarixdən 9 ildən artıq müddət keçdiyini əsas gətirərək öz mövqeyini əsaslandırsa da, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş "xxxx" MTK-ya aid şəxsi hesab vərəqəsindən çıxarışa görə artıq ödəmənin yarandığı tarixdən 5 il keçdikdən, yəni xx.xx.2017-ci il tarixdən sonra, xx.xx.2017-ci ildən xx.xx.2020-ci ilədək müxtəlif tarixlərdə hesablama və azalma əməliyyatları aparıldığının və sonuncu tarixə 44.014,06 manat artıq ödəmə yarandığı müəyyən edilir. Yəni cavabdeh öz mövqeyini müddətin keçməsi ilə əsaslandırsa da, vergi orqanının özü tərəfindən müxtəlif tarixdə azalmalar verilməklə əvəzləşdirmə əməliyyatları həyata keçirilmiş, son nəticədə xx.xx.2020-ci il tarixə 44.014,06 manat artıq ödəmə yaranmışdır. Həmçinin, şəxsi hesab vərəqəsinə baxış zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixdə ödəniş edilmiş, həmin məbləğ də, iddiaçının şəxsi hesab vərəqəsində qeyd edilmiş artıq ödəmə məbləğinin üzərinə əlavə edilməklə 44.064,06 manat artıq ödəməsinin olduğu göstərilmişdir. Belə olan halda cavabdeh tərəfindən artıq ödəmənin yarandığı tarix düzgün müəyyən edilməmiş, bu isə əsassız olaraq müddət tətbiq edilməklə iddiaçının mülkiyyət hüququnun pozulmasına gətirib çıxarmışdır. Əgər cavabdeh müddətin keçdiyinə istinad edirsə, vergi orqanı tərəfindən də yaranmış artıq ödəməyə münasibətdə heç bir əməliyyat aparılmamalı idi. Birinci instansiya məhkəməsinin bu mövqeyi ilə bağlı bildiririk ki, xx.xx.2020-ci il tarixədək olan dövrdə vergi orqanının mövcud proqram təminatında vergi ödəyicisinin hesablamalarının və ödənişlərinin əks olunduğu şəxsi hesab vərəqəsinin forması imkan vermişdir ki, vergi ödəyicisinin yaranan vergi öhdəlikləri şəxsi hesab vərəqəsində mövcud olan artıq ödəmənin hesabına əvəzlənsin. Məhz proqram təminatında şəxsi hesab vərəqəsinin formasında qanunvericiliyin tələbinə uyğun müvafiq dəyişikliklərin edilməsindən sonra, vergi ödəyicisinin xeyrinə olan hal olduğundan məhz xx.xx.2020-ci il tarixinə vergi ödəyicisinin şəxsi hesab vərəqəsində mövcud olan və Vergi Məcəlləsinin 85.5-ci maddəsinin təsiri altına düşən artıq ödəmələr “Tələb etmə və əvəzləşdirmə müddəti bitmiş artıq ödəmə vərəqəsi"nə keçirilmişdir. Həmçinin, vergi ödəyicisi tərəfindən xx.xx.2020-ci il tarixdə 50 manat məbləğində ödənişin edilməsi birinci instansiya məhkəməsi tərəfindən tamamilə yanlış olaraq artıq ödəmənin yaranma tarixinin vergi orqanı tərəfindən düzgün müəyyən edilməməsi kimi qiymətləndirmişdir. Yəni məhkəmənin yanaşmasından belə çıxır ki, 5 illik tələb etmə müddəti keçmiş artıq ödəməsi olan vergi ödəyicisi hər hansı məbləğdə yeni ödəniş etməklə tələb etmə müddətini bərpa edə bilər. Əslində isə birinci instansiya məhkəməsi iddiaçıdan 44.014,06 manat artıq ödəməsi olduğu və həmin artıq ödəməni yeni yaranan vergi öhdəlikləri ilə əvəzləşdirmək niyyətində olduğu halda xx.xx.2020-ci il tarixdə 50 manat ödəniş etməsinin səbəbini izah etməsini tələb etməli idi. Vergi ödəyicisinin şəxsi hesab vərəqəsindən də göründüyü kimi, xx.xx.2020-ci il tarixdə edilmiş 50 manat ödəniş şəxsi hesab vərəqəsinin "Tələb etmə və əvəzləşdirmə müddəti bitmiş artıq ödəmə vərəqəsi"nə keçirilməmiş, yalnız 44.014,06 manat məbləğ həmin vərəqəyə keçirilmişdir. Yəni məhkəmənin cavabdeh tərəfindən artıq ödəmənin yarandığı tarixin düzgün müəyyən edilməməsi barədə mövqeyi iş materialları ilə təkzib olunan mövqe olmaqla məhkəmənin vergi ödəyicisinin şəxsi hesab vərəqəsindəki məlumatları düzgün müəyyən edə bilməməsinin nəticəsidir. Bundan başqa birinci instansiya məhkəməsi öz qərarında qeyd etmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Birinci instansiya məhkəməsinin yuxarıda göstərilən mövqeyi ilə bağlı bildiririk ki, Vergi Məcəlləsinin 11-ci maddəsinə əsasən Vergi - dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədi ilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində, bu Məcəllədə başqa hal nəzərdə tutulmamışdırsa, dövlət büdcəsinə və yerli büdcələrə köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir. Göründüyü kimi, birinci instasiya məhkəməsi publik hüquq sahəsinə aid vergi münasibətlərinə xüsusi hüquq sahəsinə aid olan mülki hüquq normalarını tətbiq etmiş və Vergi Məcəlləsinin 85.5-ci maddəsinin tələblərinə zidd qərar qəbul etdiyi halda həmin maddənin tələblərinə qərarında heç bir münasibət bildirməmişdir. Bununla bağlı qeyd etmək istəyirik ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin yanaşmasının yanlış olması Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.5-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 may 2019-cu il tarixli qərarında öz əksini tapmışdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi qərarında sahəvi qanunvericilik aktı olan, eyni zamanda publik hüquq sahəsinə aid vergi münasibətlərini tənzimləyən Vergi Məcəlləsinin 85.5-ci maddəsi ilə tam ziddiyyət təşkil edən nəticəyə gəlmiş və bu zaman qərarını Qanunun (Mülki Məcəllənin 2.5-ci maddəsi) qadağan etməsinə baxmayaraq xüsusi hüquq sahəsinə aid Mülki Məcəllənin normaları ilə əsaslandırmışdır. Məhkəmə inzibati mübahisə üzrə inzibati məhkəmə icraatı çərçivəsində publik sahəsini tənzimləyən normaların tələblərini bir kənara qoyaraq xüsusi hüquq sahəsinə aid Mülki Məcəllənin normalarına istinad etməklə, tətbiq edilməli maddi hüquq normalarını bir kənara qoymuş, tətbiq edilməli olmayan maddi hüquq normalarını tətbiq etməklə inzibati iş üzrə yanlış nəticəyə gəlmişdir. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Hesab edirik ki, məhkəmə üzərinə düşən vəzifələri icra etməmiş, iş materiallarında olan sübutları qiymətləndirməmiş, mötəbər hesab etdiyi sübutları qiymətləndirməyərək, sadəcə qərarda sadalamaqla kifayətlənmişdir. Məhkəmə tərəfindən qeyd olunan prosessual hüquq normalarının tətbiq edilməməsi nəticə etibarı ilə milli qanunvericiliyin yuxarıda qeyd olunan nomralarının və beynəlxalq hüquqi sənədlərin tələblərinin kobud şəkildə pozulması ilə müşayiət olunmuşdur. Belə ki, Şəki İnzibati Məhkəməsi tərəfindən cavabdeh tərəfindən təqdim olunmuş etirazın dəlillərinə, xüsusilə də Vergi Məcəlləsinin 85.5-ci maddəsinin tələblərinə heç bir münasibət bildirilməmişdir. Göstərilənlərə əsasən hesab edirik ki, məhkəmə qərarının əsası kimi istinad olunanlar və gətirilən dəlillər həm işin faktiki hallarına, həm də qanunvericiliyin tələblərinə uyğun olmadığından qərar tamamilə əsassızdır və ləğv olunmalıdır. Məhkəmə işin hərtərəfli araşdırılmasında üzərinə düşən vəzifələrini icra etməmişdir. Beləliklə, nəticə etibarı ilə bildiririk ki, birinci instansiya məhkəməsi İnzibati Prosessual Məcəlləsinin 12.1-ci və 58.7 maddəsinin tələblərini pozaraq mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmamış, sübutları tam və hərtərəfli araşdırmaqla qiymətləndiməmişdir. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 21 aprel 2022-ci il tarixli 2-1(116)-427/2022 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 21 aprel 2022-ci il tarixli 2-1(116)-427/2022 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi haqqında qərar qəbul edilməsini xahiş etdi.

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X1 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 21 aprel 2022-ci il tarixli 2-1(116)-427/2022 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.

18. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi nümayəndəsinin iştirakını təmin etməmişdir.

19. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi).

TƏTBİQ EDİLƏN HÜQUQ

20. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

21. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 85.5-ci maddəsinə görə vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. 87.1, 87.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 191.5-ci maddəsinə əsasən hesablanmış aksiz vergisinin icbari tibbi sığorta fonduna ödənilən hissəsi istisna olmaqla, vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilmiş məbləğləri onların hesablanmış məbləğlərindən artıq olduqda, artıq ödənilmiş məbləğlər vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilir.

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 fevral 2001-ci il tarixli, 48 nömrəli Qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”nın 1.1-ci və 1.2-ci bəndlərinə əsasən bu Qaydalar Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra – Vergi Məcəlləsi) 87.4-cü və 87.5-ci maddələrinə, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 9-1.2-ci maddəsinə, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 7-1-ci maddəsinə, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-24.1-ci maddəsinə əsasən hazırlanmışdır və vergi ödəyicisindən və ya sığortaedəndən, habelə sığortalıdan düzgün tutulmamış və ya onun tərəfindən artıq ödənilmiş, rekvizitlərin səhv göstərilməsi və (və ya) bank əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının, eyni zamanda Vergi Məcəlləsinin 199.12-ci maddəsinə uyğun olaraq özəlləşdirilməsi başa çatmış əmlaka görə ödənilmiş əmlak vergisinin (bundan sonra – büdcəyə artıq ödəmələr) məbləğlərinin qaytarılması qaydalarını müəyyən edir. Bu Qaydalarda “vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar” dedikdə, tutulması gömrük orqanlarının səlahiyyətlərinə aid edilmiş yol vergisinə, ƏDV və aksizlərə münasibətdə gömrük orqanları, digər vergilərə, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta, icbari tibbi sığorta üzrə sığorta haqlarına, hesablanmış faizlərə tətbiq edilmiş maliyyə sanksiyalarına münasibətdə vergi orqanları nəzərdə tutulur. 2.1-ci bəndinə görə Vergi ödəyicisi ondan düzgün tutulmamış və ya artıq ödənilmiş, habelə rekvizitlərin səhv göstərilməsi və (və ya) bank əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş verginin, faizlərin və maliyyə sanksiyasının məbləğinin qaytarılmasını və ya digər vergilərin, faizlərin maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilməsini, yaxud vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilməsini vergi hesabatı dövrü qurtardıqdan sonra 5 (beş) il müddətində tələb etmək hüququna malikdir. 3.1 və 3.2-ci bəndlərinə müvafiq olaraq vergi ödəyicisi artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (1 nömrəli əlavə) ilə bu Qaydaların 1.2.1-ci yarımbəndi nəzərə alınmaqla aidiyyəti üzrə vergi orqanlarına və ya gömrük orqanlarına, özəlləşdirilməsi başa çatmış dövlət əmlakına görə ödənilmiş əmlak vergisinin qaytarılması barədə ərizə (2 nömrəli əlavə) ilə vergi orqanına, sığortaedən artıq ödənilmiş məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (3 nömrəli əlavə) ilə vergi orqanına, sığortalı isə artıq ödənilmiş icbari tibbi sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (3 nömrəli əlavə) ilə vergi orqanına müraciət etməlidir. Büdcəyə artıq ödəmələrin qaytarılması üçün ərizə vergi ödəyicisinin sığortaedənin və ya sığortalının qeydiyyatda olduğu vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara təqdim olunmalıdır. 4.1-ci bəndinə əsasən, vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar Vergi Məcəlləsinin 191.5-ci maddəsinə əsasən hesablanmış aksiz vergisinin icbari tibbi sığorta fonduna ödənilən hissəsi istisna olmaqla, artıq ödənilmiş, habelə rekvizitlərin səhv göstərilməsi və (və ya) bank əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş vergilər, faizlər və maliyyə sanksiyaları ilə bağlı aşağıdakıları yerinə yetirirlər: 4.1.1. vergi ödəyicisinin büdcəyə artıq ödəmələrini digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsinə yönəldirlər; 4.1.2. vergi ödəyicisinin razılığı ilə büdcəyə artıq ödəmələri sonrakı öhdəliklər üzrə ödəmələrə yönəldirlər; 4.1.3. Bu Qaydaların 4.1.3-1-ci yarımbəndində və 4.8-ci bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla, büdcəyə artıq ödəmələrin qalan məbləğlərinin vergi ödəyicisinin yazılı ərizəsinə əsasən 45 gün müddətində vergi ödəyicisinə qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9-cu bəndində nəzərdən tutulmuş qaydada rəy tərtib edirlər; 4.1.3-1. Rekvizitlərin səhv göstərilməsi və (və ya) bank əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş vergilər, faizlər və maliyyə sanksiyaları üzrə məbləğlərin vergi ödəyicisinin borcu olmadığı halda 20 gün ərzində vergi ödəyicisinə qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş qaydada rəy tərtib edirlər... 4.4-cü bəndə görə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə artıq ödəmələrin məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə borc məbləğləri ilə əvəzləşdirilməsinə, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə artıq ödəmələrin vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borc məbləğləri ilə əvəzləşdirilməsinə yol verilmir. 4.4-1-ci bəndə əsasən, icbari tibbi sığorta haqları üzrə artıq ödəmələrin vergilər, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə borc məbləğləri ilə əvəzləşdirilməsinə, vergilər, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarıüzrə artıq ödəmələrin icbari tibbi sığorta haqları üzrə borc məbləğləri ilə əvəzləşdirilməsinə yol verilmir. 5.1, 5.2, 5.3 və 5.4-cü bəndlərinə müvafiq olaraq maliyyə orqanları, sosial təminatı və müdafiəni həyata keçirən orqanlar və icbari tibbi sığortanın tətbiqini təmin edən qurum vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar tərəfindən verilmiş rəyləri, ərizənin və şəxsi vərəqədən çıxarışın surətlərini qəbul edirlər. Mərkəzləşdirilmiş gəlirlərin qaytarılması tələb olunan zaman yerli maliyyə orqanlarına təqdim olunmuş rəylərin bir nüsxəsi, ərizələrin və şəxsi vərəqədən çıxarışın surətləri 5 (beş) və ya bu Qaydaların 4.1.3-1-ci yarımbəndində və 4.8-ci bəndində nəzərdə tutulmuş hallarda 3 (üç) gün müddətində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilməlidir. Maliyyə orqanları vergi ödəyicisinin vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlarda qeydiyyatından və vergilərin büdcə qanunvericiliyinə əsasən yerli və mərkəzləşdirilmiş gəlirlərə aid edilməsindən asılı olaraq, vəsaitin nağdsız qaydada qaytarılmasını təmin etməlidirlər. Sosial təminatı və müdafiəni həyata keçirən orqanlar və icbari tibbi sığortanın tətbiqini təmin edən qurum sığortaedənin və ya sığortalının müvafiq olaraq həmin orqanda (qurumda) qeydiyyatından asılı olmayaraq, vəsaitin daxil olduğu xəzinə hesabının məxsus olduğu sosial təminatı və müdafiəni həyata keçirən orqanlar və icbari tibbi sığortanın tətbiqini təmin edən qurum vəsaitin nağdsız qaydada qaytarılmasını təmin etməlidirlər. Maliyyə orqanları tərəfindən vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara artıq ödəmənin qaytarıldığı barədə 5 (beş) gün müddətində məlumat verilir...

23. Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

24. Mülki Məcəllənin 6-cı maddəsi mülki qanunvericiliyin mülki hüquq subyektlərinin bərabərliyi, mülki hüquq subyektlərinin iradə sərbəstliyi, mülkiyyətin toxunulmazlığı, müqavilələr azadlığı, mülki hüquqların məhkəmə müdafiəsi və s. prinsiplərini təsbit etmişdir. 6.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər. 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan həmin əmlak üzərində dövlət tərəfindən təminat altına alınmış üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. 152.5-ci maddəsində göstərilmişdir ki, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola, ondan istifadə edə və ona dair sərəncam verə bilər. Bununla bərəbar Konstitusiya hüquq və azadlıqlarla yanaşı, onlardan irəli gələn vəzifələri də müəyyən edir və hüquqların həyata keçirilməsinə mümkün qanuni və əsaslı müdaxilələri istisna etmir. Lakin hər hansı hüquqa, o cümlədən mülkiyyət hüququna qanuni müdaxilə mütənasib olmalı, cəmiyyətin və ya dövlətin ümumi maraqları ilə fərdin konstitusiya hüquqlarının qorunması arasında ədalətli tarazlığa nail olmaqla həyata keçirilməlidir.

25. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014cü il 4 aprel tarixli Qərarında göstərmişdir ki, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda hüquq və azadlıqların, o cümlədən mülkiyyət hüququnun ümumi məhdudiyyətlərinin hüdudları müəyyən olunmuşdur. Mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, qoyulan məhdudiyyətlər həmin hüququn mahiyyətini dəyişməməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır.

26. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarında göstərilmişdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya (bundan sonra – Konvensiya) tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır.

27. Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Qeyd olunan normanın məzmunundan görünür ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədi ilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

28. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 21 aprel 2022-ci il tarixli 2-1(116)-427/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

29. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

30. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər.

31. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

32. Birinci instansiya məhkəməsi iddianı təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

33. Məhkəmə kollegiyasının iclasında iş materiallarının tədqiqi və tərəflərin məhkəmə iclasında verdikləri izahatlarla müəyyən edildi ki, İddiaçı xx.xx.2006-cı il tarixdə VÖEN almaqla ********** VÖEN nömrəsi ilə qeydiyyatdan keçmişdir. Hüquqi ünvanı Yevlax rayonu ərazisində yerləşir.

34. İddiaçı tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş şəxsi kabinet üzərindən cavabdehə edilmiş xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021-ci il tarixli elektron müraciətlərə əsasən müəyyən edilmişdir ki, iddiaçı müxtəlif tarixlərdə həm artıq ödənilmiş məbləğ “Tələb etmə və əvəzləşdirmə müddəti bitmiş artıq ödəmə vərəqəsi”nə keçirilənədək, həm də ondan sonra mübahisəli məbləğin geri qaytarılması ilə bağlı tədbirlərin görülməsi və köməklik göstərilməsi ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh iddiaçının həmin müraciətlərini nəzərə almadan öz mövqeyini müddətin keçməsi ilə əsaslandırmağa çalışmışdır.

35. Cavabdeh xx.xx.2012-ci il tarixdə vergi ödəyicisinin 103.692,50 manat məbləğdə artıq ödəməsinin yarandığını və həmin tarixdən sonra yaranmış vergi öhdəlikləri üzrə hesablaşmalar aparılmaqla xx.xx.2020-ci il tarixə iddiaçının 44.014,06 manat məbləğdə artıq ödəməsinin qaldığını və həmin məbləğin xx.xx.2020-ci il tarixdə Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən “Tələb etmə və əvəzləşdirmə müddəti bitmiş artıq ödəmə vərəqəsi”nə keçirildiyini bildirərək, xx.xx.2012-ci il tarixdən hesablanmaqla iddiaçının artıq ödənilmiş vergilərin, fazilərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malik olduğunu, hazırda isə artıq ödəmə məbləğinin yarandığı tarixdən 9 ildən artıq müddət keçdiyini əsas gətirərək öz mövqeyini əsaslandırsa da, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş İddiaçı MTKya aid şəxsi hesab vərəqəsindən çıxarışa görə artıq ödəmənin yarandığı tarixdən 5 il keçdikdən, yəni xx.xx.2017-ci il tarixdən sonra, xx.xx.2017-ci ildən xx.xx.2020-ci ilədək müxtəlif tarixlərdə hesablama və azalma əməliyyatları aparıldığının və sonuncu tarixə 44.014,06 manat artıq ödəmə yarandığı müəyyən edilir. Yəni, cavabdeh öz mövqeyini müddətin keçməsi ilə əsaslandırsa da, vergi orqanının özü tərəfindən müxtəlif tarixdə azalmalar verilməklə əvəzləşdirmə əməliyyatları həyata keçirilmiş, son nəticədə xx.xx.2020-ci il tarixə 44.014,06 manat artıq ödəmə yaranmışdır. Həmçinin, şəxsi hesab vərəqəsinə baxış zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixdə ödəniş edilmiş, həmin məbləğ də, iddiaçının şəxsi hesab vərəqəsində qeyd edilmiş artıq ödəmə məbləğinin üzərinə əlavə edilməklə 44.064,06 manat artıq ödəməsinin olduğu göstərilmişdir. Belə olan halda cavabdeh tərəfindən artıq ödəmənin yarandığı tarix düzgün müəyyən edilməmiş, bu isə əsassız olaraq müddət tətbiq edilməklə iddiaçının mülkiyyət hüququnun pozulmasına gətirib çıxarmışdır. Əgər cavabdeh müddətin keçdiyinə istinad edirsə, vergi orqanı tərəfindən də yaranmış artıq ödəməyə münasibətdə heç bir əməliyyat aparılmamalı idi.

36. Eyni zamanda cavabdeh etirazında iddia olunan məbləğin vergi orqanı tərəfindən vergi ödəyicisinin şəxsi hesab vərəqəsindən silinmədiyini, şəxsi hesab vərəqəsindən də göründüyü kimi, 44.014,06 manat məbləğin hal-hazırda vergi ödəyicisinin şəxsi hesab vərəqəsində “Tələb etmə və əvəzləşdirmə müddəti bitmiş artıq ödəmə vərəqəsi”ndə mövcud olduğunu bildirmişdir.

37. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq və tərəflərin məhkəmə kollegiyasının iclasında verdikləri izahatları nəzərə alaraq qeyd etməyi zəruri hesab ki, göründüyü kimi, İddiaçı xx.xx.2012-ci il tarixdə 103.692,50 manat məbləğdə artıq ödəməsi yaranmış, həmin tarixdən sonra yaranmış vergi öhdəlikləri üzrə hesablaşmalar aparılmaqla xx.xx.2020-ci il tarixə iddiaçının 44.014,06 manat məbləğdə artıq ödəməsi qalmışdır. Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. Cavabdeh inzibati orqan iddia tələbinə etirazında və apellyasiya şikayətində vergi ödəyicisi olan İddiaçı 5 il ərzində artıq ödənilmiş vergilərin tələb edilməsi barədə müraciət etmədiyini əsas gətirsə də, işdən göründüyü kimi həm İddiaçı tərəfindən xx.xx.2020-ci il tarixdə 50 manat məbləğində ödəniş edilmiş, həmn də vergi orqanı iddia etdiyi xx.xx.2017-ci il tarixdən 3 il sonra (vergi ödəyicisinin artıq ödənilmiş vergilərin tələb edilməsi ilə bağlı müraciət müddətinin bitdiyi vaxt) qalan 44,014,06 manat məbləğin “Tələb etmə və əvəzləşdirmə müddəti bitmiş artıq ödəmə vərəqəsi”nə keçirildiyini bildirmişdir. Cavabdeh inzibati orqan tərəfindən xx.xx.2017-ci ildən xx.xx.2020-ci ilədək müxtəlif tarixlərdə hesablama və azalma əməliyyatları aparılmış və sonuncu tarixə 44.014,06 manat artıq ödəmə yarandığı müəyyən edilmişdir. Belə ki, cavabdeh inzibati orqan iddiaçının artıq ödənilmiş vergilərin tələb edilməsi ilə bağlı müəyyən edilmiş 5 il müddətin xx.xx.2017-ci il tarixdə bitdiyini göstərsə də, cavabdeh tərəfindən təqdim edilmiş arayışdan görünür ki, xx.xx.2018-ci il tarixdə səyyar vergi yoxlaması keçirilmiş və yoxlamanın nəticələri üzrə “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2018-ci il tarixdə qərar qəbul edilmişdir. Həmin qərar üzrə vergi ödəyicisinə əlavə vergi məbləğlərinin və maliyyə sanksiyaları hesablanmışdır.

38. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi kollegiya tərəfindən verilmiş vergi orqanı tərəfindən hansı səbəbə görə vergi ödəyicisinin artıq ödənilmiş vergi məbləğinin 2017-ci il tarixdə yox, 2020-ci il tarixdə “Tələb etmə və əvəzləşdirmə müddəti bitmiş artıq ödəmə vərəqəsi”nə keçirilməsi ilə bağlı sualına bu halın texniki səhvlə əlaqədar baş verdiyini bildirsə də, hansı texniki səhvə görə baş verdiyi ilə bağlı heç bir açıqlama verə bilməmişdir. Halbuki, cavabdeh tərəfindən xx.xx.2018-ci il tarixdə səyyar vergi yoxlaması keçirilmiş və bundan başqa 2019-cu il üzrə azalmalarla bağlı aparılan hesabatlar 2012-ci il tarixdə yaranmış artıq ödənilmiş vəsaitdən silinmişdir. Belə olan halda kollegiyanın qənaətinə görə, inzibati orqanın yuxarıda qeyd edilən hərəkəti ona əsas verir ki, iddiaçının son dövrdəki hesabatı üzrə artıq ödənilmiş məbləğ nəzərə alınaraq “Tələb etmə və əvəzləşdirmə müddəti bitmiş artıq ödəmə vərəqəsi”nə keçirilməmiş və bununla da vergi yoxlamaları və azalmalar üzrə ödənişlər 2012-ci il üzrə yaranmış artıq ödənişlərdən hesablanmışdır.

39. Belə ki, vergi dövrü dedikdə vergi öhdəliyinin subyektin maliyyə-təsərrüfat fəaliyyətinin müddət olaraq hansı hissəsi üzrə müəyyənləşdirilməsi (məsələn, il, rüb, ay) nəzərdə tutulur. Belə olan halda vergi orqanı tərəfindən sonuncu azalmanın xx.xx.2019-cu il tarixdə, iddiaçının xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli müraciətlərindən sonra verildiyi, artıq ödəmə üzrə son hesablama əməliyyatının isə xx.xx.2020-ci il tarixdə aparıldığı nəzərə alınmaqla, cavabdeh tərəfindən vergi dövrünün düzgün müəyyən edilmədiyi öz təsdiqini tapır.

40. Yuxarıda qeyd olunan işin hallarını, tərəflərin məhkəmə kollegiyasının iclasında verdikləri izahatları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi haqlı olaraq belə nəticəyə gəlmişdir ki, göstərilənlərlə yanaşı cavabdehin hərəkətləri məhkəmə tərəfindən faktiki olaraq iddiaçının mülkiyyət hüquqlarına müdaxilə kimi qiymətləndirilir, cavabdehin imtinası iddiaçının mülkiyyət hüququndan məhrum edilmədiyi maliyyə vəsaitləri üzərində sərbəst sahiblik, istifadə və sərəncam hüquqlarını həyata keçirməsini məhdudlaşdırır.

41. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

42. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası

QƏRАRА АLDİ:

Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinin apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 21 aprel 2022-ci il tarixli 2-1(116)-427/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar