Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-175/2023 13.04.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “xx.xx.2021-ci il tarixli 01619 nömrəli əmrinin ləğv edilməsi və N nömrəli hərbi hissənin rabitə rəisi-tağım komandiri vəzifəsinə bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 21 noyabr 2022-ci il tarixli, 2-1(116)- 669/2022 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “xx.xx.2021-ci il tarixli 01619 nömrəli əmrinin ləğv edilməsi və N nömrəli hərbi hissənin rabitə rəisi-tağım komandiri vəzifəsinə bərpa edilməsi barədə vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı, tələbini bununla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xx.xx.2021-ci il tarixli 01619 nömrəli əmri ilə iddiaçı Azərbaycan ordusundan həqiqi hərbi xidmətdən istefaya buraxılmışdır. Həmin əmrin verilməsi üçün əsas Hərbi vəzifə və hərbi xidmət haqqında Azərbaycan Respublikası Qanununun 42.0.2-ci maddəsi (xəstəliyə görə - hərbi həkim komissiyası tərəfindən həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız sayıldıqda) olmuşdur. Lakin, o, özünü xəstə hesab etmir və hərbi həkim komissiyasının rəyi ilə razı deyil. Ona görə də hərbi xidmətini davam etdirmək istəyir.
3. Cavabdeh inzibati orqan iddia tələbinə qarşı xx.xx.2022-ci il tarixli etirazında qeyd etmişdir ki, Azərbaycan Respublikasında ‘‘qismən səfərbərlik elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 sentyabr 2020-ci il tarixli Sərəncamına uğun olaraq Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar rayon şöbəsi tərəfindən göndərilmiş kapitan İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin 4-cü motoatıcı taborunun rabitə rəisi-rabitə taqım komandiri vəzifəsinə təyin edilmiş, N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 1120 göndərişi ilə xx.xx.2020-ci il tarixdə iddiaçı Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasına müraciət etmiş, həmin Poliklinikanın Hərbi Həkim komissiyası tərəfindən xx.xx.2020-ci il tarixdə iddiaçıya “keçrilmiş kəskin polimorf psixotik pozuntu” ekspert diaqnozu ilə şəhadətləndirilmiş və o “Xəstəliklər cədvəli”nin 15-ci maddəsinin İİİ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi Həkim ekspertizası haqqında Əsasnamə”yə) əsasən, həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yarasız hesab edilərək “Hərbi vəzifə və hərbi xidmət hqaqqında’’ Azərbaycan Respublikası Qanununun 42.0.02.-ci maddəsinə (xəstəliyə görə) müvafiq olaraq Azərbaycan Respublikasının müdafiə nazirinin xx.xx.2021-ci il tarixli 01619 nömrəli əmri ilə N nömrəli hərbi hissənin 4-cü motoatıcı taborunun rabitə rəisi-tağım komandiri kapitan İddiaçı həqiqi hərbi xidmətdən istefaya buraxılaraq qeydiyyat üçün Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar rayon şöbəsinə göndərilmişdir.
4. İddiaçı barəsində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi qərar qəbul edilərkən qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdir.
5. Birinci instansiya məhkəməsindən iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdi. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
7. Şəki İnzibati Məhkəməsinin 21 noyabr 2022-ci il tarixli, 2-1(116)-669/2022 nömrəli qərarı ilə (hakim Vüqar Musayev) İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “xx.xx.2021-ci il tarixli 01619 nömrəli əmrinin ləğv edilməsi və N nömrəli hərbi hissənin rabitə rəisi-tağım komandiri vəzifəsinə bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır.
8. İddiaçı apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 21 noyabr 2022-ci il tarixli, 2-1(116)-669/2022 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
9. İddiaçı apellyasiya şikayətini belə əsaslandırmışdır ki, onun barəsində sifarişli şəkildə Hərbi Həkim Komissiyasına Göndəriş tərtib edilərkən, həkim yoxlamasından keçmiş və heç bir şikayətinin olmadığını bildirmişdir. Müayinə edən həmin də bunu göndərişdə qeyd edərək imza atmışdır. Həmin göndərişə və adı çəkilən qeyd iş materiallarına əlavə edilsə də məhkəmə bu fakta göz yumaraq qanunsuz va əsassız qərar qəbul etmişdir. Cavabdeh öz etirazında, məhkəmə isə qanunsuz qərarında qeyd edir ki, o, xx.xx.2020-ci il tarixində Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasına müraciət etmiş və həmin Poliklinikanın Hərbi Həkim Komissiyası tərəfindən ona “keçirilmiş kəskin polimorf psixotik pozuntu diaqnozu” qoyulmuşdur. Bundan sonra cavabdeh onu 1 il 1 ay xidmətdə saxlamışdır. O, 16 oktyabr 2020-ci il tarixində sülh və müharibə dövründə hərbi xidmətə yararsız kimi qeyd edilsə də, müharibədə iştirak etmiş, müharibə veteranıdır, “Vətən Müharibəsinin iştirakçısı” medalı ilə təltif edilmişdir. Məhkəmə öz qanunsuz qərarında qeyd edir ki, mübahisələndirlən əmrə əsas olmuş HHK-nın qərarından şikayət edə bilər. Həmin qərarın surəti ona təqdim olunmayıb və o, həmin qərarın surətini yalnız 2022-ci ilin fevral ayının 17-də əldə etmişdir. Hazırkı iddia ilə isə məhkəməyə 2021-ci ilin dekabrında müraciət etmişdir. O ehtiyata buraxılarkən onunla heç bir fərdi söhbət aparılmamışdır. Halbuku «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 162-ci bəndinə əsasən, hərbi qulluqçularla onların həqiqi hərbi xidmətdən qarşıdakı buraxılışı (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) haqqında ən azı iki fərdi söhbət aparılmalı idi. Hərbi hissədə bununla bağlı tərtib olunmuş Akt saxtadır, o xidmət etdiyi zaman belə bir Akt olmayıb, məhkəmədə iddia qaldırdıqdan sonra tərtib olunub, onunla yalnız məhkəmə prosesində tanış olmuşdur. O ehtiyata buraxılarkən cavabdeh Müdafiə Nazirliyi qanunvericiliyə düzgün istinad etməyib, çünki, ona dair kadr zabiti olduğu üçün “Hərbi Xidmətkeçmə haqqında Əsasnamə”nin 157-ci maddəsinin “b) bəndi (xəstəliyə görə) tətbiq olunmalı olduğu halda, qanunsuz şəkildə “Hərbi xidmət və hərbi vəzifə haqqında” Qanunun 40.2 ci maddəsi tətbiq olunub. Halbiki, o, kadr zabitidir, bu maddə isə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına tətbiq olunur. “Hərbi xidmət və hərbi vəzifə haqqında” Qanunun 40.3-cü maddəsində qeyd olunur ki, zabitlər, gizirlər və miçmanlar, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılırlar. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının verdiyi Arayışın 6 ay müddəti var. Nə həmin zaman, nə də ondan sonra onun səhhətində hər hansı pozuntu olmayıb. Bu faktı Səhiyyə Nazirliynin “Psixi Sağlamlıq Mərkəzi” X1 verdiyi xx.xx.2023-cü il tarixli Rəyi də təsdiqləyir. Ölkədə profil üzrə bundan üstün rəy verən orqan yoxdur. O da təsdiq edir ki, 2019- cu ildə sağlamlığında epizodik pozulma olub və sağalma ilə nəticələnib. Bundan 2 il sonra, yəni 2021-ci ilin noyabrında onu saxta əsasla, özü də hərbi uçotdan birdəfəlik çıxarılmaqla istefaya göndərmək sifarişdir, cavabdeh inzibati orqan sifariş yerinə yetirərək onun barəsində əsassız və qanunsuz əmr imzalamışdır ki, o da haqlı olaraq həmin qanunsuz əmrin ləğvini tələb edir. xx.xx.2021-ci il tarixində cavabdeh onun barəsində qanunsuz və əsassız əmr imzalayarkən 19 il 6 ay xidmət etmişdi. Yəni, pensiya hüququnu qazanmağına cəmi 6 (altı) ay qalırdı. Əgər cavabdeh doğrudan da hesab edirdisə ki, onun sağlamlığı xidmət etməyə imkan vermir, o zaman onu profil üzrə xəstəxanalara göndərərək müalicə olunmağına şərait yarada bilərdi, lakin o bunu etməyərək tələsik şəkildə onun istefaya göndərilməyinə dair qanunsuz əmr imzalamışdır. Odur ki, Şəki İnzibati məhkəməsinin 21 noyabr 2022-ci il tarixli, 2-1(116)-669/2022 saylı qərarının ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin olunmasını və Şəki İnzibati Məhkəməsinin 21 noyabr 2022-ci il tarixli, 2-1(116)-669/2022 nömrəli qərarının ləğv edilməsini xahiş etdi.
11. Məhkəmə kollegiyasının hazırkı iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir.
12. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
13. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad olunur: - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2020-ci il tarixli 79 nömrəli qərarından görünür ki, Ucar RHK tərəfindən 1999-cu ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı hərbi xidmət dövründə aldığı və SQ BKH-da xx.xx.2013-cü ildən xx.xx.2013- cü ilə kimi müalicə olunduğu xəstəlik - diaqnoz:” Kəskin bel-oma radikuliti”, xx.xx.2013-cü ildən xx.xx.2013-cü ilə kimi müalicə olunduğu xəstəlik diaqnoz:" Vertebrogen mənşəli kəskin bel- oma radikuliti, xx.xx.2014-cü ildən xx.xx.2014cü ilə kimi müalicə olunduğu xəstəlik - diaqnoz: ‘‘Diskogen mənşəli bel-oma radikuliti. Kəskin faringit", xx.xx.2014-cü ildən xx.xx.2014-cü ilə kimi müalicə olunduğu xəstəlik diaqnoz:”Vertebrogen mənşəli lumbalgiya”, xx.xx.2015-ci ildən xx.xx.2015-ci ilə kimi müalicə olunduğu xəstəlik - diaqnoz: “ Diskogen mənşəli lumbalgiya. L4- L5, L5-S1 fəqərəarası disklərin protruziyası. Düyünlü ur, funksiyanın pozulmaması ilə. İkincili hissəvi adentiya, çənədə 2 dişin, əngdə 1 dişin olmaması ilə” 21,09.2015-ci ildən xx.xx.2015-ci ilə kimi müalicə olunduğu xəstəlik - diaqnoz: “L4-L5, L5-S1 fəqərəarası disklərin protruziyası. Onuğa sütununun bel şöbəsi funksiyasının pozulmaması ilə. Düyünlü ur, eutireoid forma. İkincili hissəvi adentiya, çənədə 2 dişin olmaması ilə" (Azərbaycan Respublikası SHXÇDXnin Ucar rayon şöbəsinin xx.xx.2020-ci il tarixli 164 nömrəli göndərişi, xx.xx.2020-ci il tarixli 189 nömrəli arayışı, SQ Baş Klinik Hospitalından verilmiş xx.xx.2013-cü il tarixli 4900 nömrəli, xx.xx.2013-cü il tarixli 88 nömrəli, xx.xx.2014-cü il tarixli 5788 nömrəli, xx.xx.2014cü il tarixli 7833 nömrəli, xx.xx.2015-ci il tarixli 6099 nömrəli çıxarış epikerizləri, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “XƏSTƏLİKDİR, HƏRBİ XİDMƏT DÖVRÜNDƏ ALİNMİŞDİR” və 2012-ci ildə aldığı və xx.xx.2019-cu ildə MN Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilən zamanı təyin edilmiş keçirilmiş travmanın nəticəsi diaqnoz: “Sol mil sümüyünün köhnə, kafi bitişmiş, sol dirsək sümüyünün bizəbənzər çıxıntısının oynaqaxili sınıqlıan” (MN Mərkəzi Hərbi Poliklinikasının xx.xx.2019-cu il tarixli 8881 ilə təsdiq edilir) “Travmadır, Hərbi Xidmət Dövründə Alnmışdır”. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Ucar Rayon Şöbəsinin xx.xx.2022-ci il tarixli 189 nömrəli arayışından görünür ki, verilir 1982-ci il təvəllüdlü Ucar rayon Bərgüşad kənd sakini ehtiyatda olan kapitan İddiaçı ondan ötrü ki, o xx.xx.1999-cu ildən xx.xx.2017-ci ilə qədər Azərbaycan Ordusunda xidmət etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirinin 0762 nömrəli xx.xx.2017-ci il tarixli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən Azərbaycan Ordusu sıralarından tərxis olunmuşdur və xx.xx.2017-ci il tarixdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar raon şöbəsində hərbi qeydiyyatdadır. - xx.xx.2021-ci il tarixli 21321 №-li xəstəlik haqqında şəhadətnamədən görünür ki, MN Mərkəzi Hərbi Poliklinikasının qərarı ilə iddiaçı, “Xəstəliklər cədvəli”nin 15-ci maddəsinin İİİ qrafasına və ƏTC-yə əsasən həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2021-ci il tarixli 01619 nömrəli əmrindən çıxarışdan görünür ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 42.0.2-ci maddəsinə (xəstəliyə görə) müvafiq olaraq, aşağıda adları çəkilən zabitlər həqiqi hərbi xidmətdən İstefaya Buraxılsınlar: Kapitan İddiaçı, N nömrəli hərbi hissənin 4-cü motoatıcı taborunun rabitə rəisi - rabitə taqımının komandiri.
TƏTBİQ EDİLƏN HÜQUQ
14. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
15. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanun: Maddə 40. Həqiqi hərbi xidmətdən buraxılma 40.1. Müvafiq icra hakimiyyəti orqanının müvafiq aktı əsasında ali zabit heyəti həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları isə həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar. 40.2 Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları bu Qanunun 41.0.3-cü, 41.0.5-ci, 41.0.8-ci, 42.0.2-ci və 42.0.3-cü maddələrində, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları isə həmçinin bu Qanunun 41.0.1-ci maddəsində nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən ehtiyata və ya istefaya buraxılırlar. 40.3. Zabitlər, gizirlər və miçmanlar, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılırlar. Maddə 41. Həqiqi hərbi xidmətdən ehtiyata buraxılma 41.0. Ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar: 41.0.3. xəstəliyə görə – hərbi həkim komissiyası tərəfindən həqiqi hərbi xidmətə yararsız sayıldıqda; 42.0. Hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən istefaya buraxılırlar: 42.0.2. xəstəliyə görə – hərbi həkim komissiyası tərəfindən həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız sayıldıqda; .
16. Azərbaycan Respublikasının 3 oktyabr 1997-ci il tarixli Qanunu ilə təsdiq edilmiş ”Hərbi xidmətkeçmə haqqında” Əsasnamə: Hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar: ... v) xəstəliyə görə — hərbi-həkim komissiyaları tərəfindən dinc dövrdə, müharibə dövründə isə 6 aydan, yaxud 12 aydan sonra yenidən müayinədən keçməklə hərbi xidmətə yararsız sayılanlar;
157. Hərbi qulluqçular həqiqi hərbi xidmətdən istefaya buraxılırlar: ... b) xəstəliyə görə - hərbi həkim komissiyaları tərəfindən həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız sayıldıqda. 162-ci bəndinə əsasən hərbi qulluqçularla onların həqiqi hərbi xidmətdən qarşıdakı buraxılışı (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) haqqında ən azı iki fərdi söhbət aparılır. Birinci söhbət buraxılmağa təqdim olunmazdan qabaq aparılır və onun gedişində buraxılmanın səbəbləri və vaxtı, işə düzəlmənin maddi-məişət təminatının güzəştləri və üstünlükləri izah olunur, digər məsələlər üzrə zəruri izahatlar və buraxılmadan sonra qeydiyyatın müəyyən edilmiş qaydasında hərbi qulluqçu tərəfindən yaşayış yeri müəyyənləşdirilir, hərbi qulluqçunun xahişləri aydınlaşdırılır. İkinci söhbət bilavasitə rəis tərəfindən buraxılma haqqında təqdimatın (raportun) göndərilməsi vaxtı aparılır. Onun gedişində hərbi qulluqçunun birinci söhbət zamanı verdiyi suallara və xahişlərə cavab verilir, buraxılma ilə bağlı hərbi-həkim komissiyasının rəyi və digər səbəblər nəzərə alınmaqla buraxılmanın səbəbləri dəqiqləşdirilir; 168-ci bəndinə əsasən hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmaları haqqında (bu Əsasnamənin 156–158-ci maddələri) şəxsi heyət üzrə əmrlərin verilməsindən sonra buraxılma zamanı qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdirsə və buraxılma ilə əlaqədar yeni hallar aşkar edilməmişdirsə, dəyişikliyə yol verilmir.
17. “İnzibati icraat haqqında” Qanun: Maddə 14.1 mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4 Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 67.1-67.3 İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
18. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.
19. İddiaçı tərəfindən qaldırılmış mübahisələndirmə haqqında iddia (İPM-in 32-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı ona münasibətdə əlverişsiz (yükləyici) inzibati aktın (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2, 2.0.11 və 57-ci maddələri) ləğv olunmasını tələb edir, eləcə də hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu iddia edir (İPM-in 35-ci maddəsi).
20. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır.
21. Hazırkı işdə iddianın mümkünlüyünə dair digər şərtlər də mövcuddur. Belə ki, iddiaçı cavabdehin qərarını aldıqdan sonra vaxtında məhkəməyə iddia vermişdir (İPM-in 38.1-ci maddəsi).
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və mövqeyini onunla əsaslandırmışdır ki, mübahisələndirmə haqqında iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin iddiaçının vəzifəsindən azad edilməsi və onun dövlət qulluğuna xitam verməsinə əsas olmuş hallar, yəni cavabdehin bu müdaxiləsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.1), cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin mübahisəli sərəncamı qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır (İPM-70.1), sərəncam cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 17-ci maddəsi).
23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
24. Məhkəmə kollegiyası İddiaçı o, ehtiyata buraxılarkən onunla söhbət aparılmaması, istefaya buraxılarkən əsassız olaraq ona “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 40.2-ci maddəsinin tətbiq edilməsi dəlillərini aşağıdakı şəkildə araşdıraraq qiymət veriri:
25. İş materiallarının 33-cü səhifəsində olan 12634 nömrəli, xx.xx.2021-ci il tarixli aktda qeyd edilmişdir ki, İddiaçılə söhbət aparılmağa cəhd edilsə də, o, müxtəlif bəhanələr gətirərək istefaya buraxılması barədə raportu və söhbət vərəqəsini yazmaqdan və imzalamaqdan imtina etmişdir.
26. O, istefaya buraxılarkən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 40.2-ci maddəsi deyil, əsaslı olaraq həmin qanunun 42.0.2-ci maddəsi tətbiq edilmişdir.
27. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, hərbi qulluqçu həm dinc dövrdə, həm də müharibə dövründə xəstəliyə görə hərbi xidmətə yararsız hesab edildiyi üçün istefaya buraxılarkən onun kadr zabiti olub-olmaması “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunu ilə fərqləndirilmir.
28. Məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma zamanı müəyyən edildi ki, mübahisələndirilən xx.xx.2021-ci il tarixli əmrin qəbul edilməsinə əsas xx.xx.2021-ci il tarixli 21321 №-li xəstəlik haqqında şəhadətnamə olmuşdur. Belə ki, sözügedən şəhadətnamə ilə müəyyən edilir ki, MN Mərkəzi Hərbi Poliklinikası iddiaçının həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilməsi ilə bağlı qərar qəbul etmişdir. İddiaçının iddia ərizəsinin dəlillərinin, iş üzrə verdiyi izahatların təhlili onu göstərir ki, iddiaçı “xəstəliyə görə” hərbi xidmətdən buraxılması ilə razılaşmır və bunu qanunsuz hesab edir və bunu özünü xəstə hesab etməməsi ilə əsaslandırır. Lakin, iddiaçı tərəfindən onun xəstəliyinə görə hərbi xidmətə yararsız hesab edilməsinə dair Şəhadətnamə mübahisələndirilməmişdir.
29. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün hesab etmişdir ki, şəhadətnamənin məzmununa istinad edilməklə cavabdeh orqan tərəfindən xx.xx.2021-ci il tarixli əmr verilərkən qanunvericiliyin tələblərinə əməl edilmişdir.
30. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.
31. Beləliklə, məhkəmə kollegiyası yuxarıda istinad olunan qanunvericilik normalarını və işin hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “xx.xx.2021-ci il tarixli 01619 nömrəli əmrinin ləğv edilməsi və N nömrəli hərbi hissənin rabitə rəisi-tağım komandiri vəzifəsinə bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasını təmin etməməkdə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.
32. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası
QƏRАRА АLDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 21 noyabr 2022-ci il tarixli, 2-1(116)-669/2022 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.